Məhkəmə qərarları › İş №1(053)-7/2025

Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-7/2025

08.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-7/2025 08.01.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxx 1969-cu il tarixdə Neftçala rayonu, Böyük Oryad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və orada yaşayan, 19–21 sentyabr 2024-cü il tarixləri üzrə tutulmuş, 21 sentyabr 2024-cü il tarixdə barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında audio video yazı istifadə edilməklə baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi 16,08 qram olan xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana əldə edib üzərində daşıyaraq saxlamış, 19 sentyabr 2024-cü il tarixdə saat 12:10 radələrində Neftçala rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində fərdi yaşayış evlərinin yaxınlığındakı Neftçala şəhəri, S.Bayramov küçəsində saxlanılaraq üzərində şəxsi axtarış keçirilərkən, əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 16,08 qram olan xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar edilǝrǝk götürülmüşdür. Məhkəmə baxışı iclası zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Neftçala şəhəri, E.Bağırov küçəsində arvadı ilə birlikdə yaşayır. İkinci qrup əlildir, astma xəstəliyi vardır, ağciyərinin biri də işləmir, bu səbəbdən də ara-sıra narkotik vasitələrdən istifadə edir. 2023-cü ilin təxminən iyun ayında “Qobu qırağı” adlanan yerdə, axmaz gölün kənarında bir ədəd polietilen torbada narkotik vasitə olan qurudulmuş marixuana tapmış, torbanı açan kimi marixuananı tanıyıb evə gətirmiş və bir neçə dəfə istifadə etmişdir. 19 sentyabr 2024-cü il tarixdə, saat 12 radələrində narkotik vasitədən istifadə etmək üçün həmin torbanı cibinə qoyub, öz küçələri ilə hərəkət edərək Kür çayı istiqamətində getmişdir. Yaşadığı küçənin yaxınlığında, S.Bayramov küçəsində hərəkət edən zaman, 2 nəfər polis əməkdaşı ona yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər və üstündə qanunsuz narkotik vasitə saxlaması barədə məlumatları olduğu üçün üzərinə baxış keçirəcəklərini bildirmişlər. Videoçəkilişlə ona təklif olunmuşdur ki, üstündə narkotik vasitə varsa təqdim etsin. O da üzərində olan narkotik vasitəni təqdim etmək istədiyini bildirmişdir. Ondan sonra əynindəki göy rəngli cins şalvarın sağ yan cibində saxladığı, içərisində marixuana olan həmin sellofan bükümü polis əməkdaşına təqdim etmişdir. Orada üzərinə baxış keçirilmiş, şəxsi əşyalarından başqa cinayət xarakterli predmet aşkar olunmamışdır. Daha sonra onu Neftçala Rayon Polis şöbəsinə gətirmişlər. Burada da videoçəkilişlə barəsində şübhəli şəxsi tutma qərarı tərtib olunmuş, ona müdafiəçi barədə hüquqları izah olunmuş, müdafiəçi siyahısı və Müdafiəçi ona təqdim edilmiş, maddi imkanı olmadığından Müdafiəçi hüquqlarını dövlət vəsaiti hesabına müdafiə etməsini xahiş etmiş, sonra barəsində şübhəli şəxs kimi tutma protokolu tərtib olunmuşdur. Bundan sonra üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmiş, üzərində şəxsi axtarış zamanı digər cinayət xarakterli əşya və predmet aşkar olunmamışdır. Üzərindən aşkar edilmiş narkotik vasitə olan marixuananı özü istifadə etdiyini, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Bundan əlavə o, xx.xx.2024-cü il tarixdə Neftçala rayon prokuroruna ərizə ilə müraciət edərək, 19 sentyabr 2024-cü il tarixdə üzərindən aşkar olunmuş narkotik vasitənin özünə məxsus olduğunu, istifadəsi üçün saxladığını, satış məqsədinin olmadığını bildirmişdir. Əməlindən peşmandır. Şahid qismində dindirilmiş polis əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, o, Neftçala RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 19 sentyabr 2024cü il tarixdə Neftçala şəhəri, E.Bağırov küçəsində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etdiyi və üzərində daşıması barədə ona əməliyyat məlumatı daxil olmuş, bununla bağlı olaraq raportla polis şöbəsinin rəisinə məruzə etmişdir. Raport üzrə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ona həvalə olunmuşdur. Tərəfindən təxirəsalınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş və əməliyyat-axtarış tədbirində iştirak edəcək polis əməkdaşlarının tərkibi müəyyən olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs Neftçala rayonu ərazisində ola biləcəyi ehtimal olunan yerlər əməliyyat nəzarətinə götürmüşlər. Həmin gün saat 12:10 radələrində Təqsirləndirilən şəxs Neftçala şəhəri, S.Bayramov küçəsində piyada hərəkət etdiyi vaxt müşahidə edib, videoçəkilişlə ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra ona narkotik vasitə istifadə etməsi və üzərində daşımasında şübhəli olduğunu izah etdikdən sonra üzərində narkotik vasitə olub-olmadığını soruşmuşlar. Təqsirləndirilən şəxs onlara üzərində narkotik vasitə olduğunu və təqdim edə biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədǝd polietilen bükülü çıxarıb içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmiş və onlara təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd polietilen bükümdə olan kütləyə baxış keçirilmişdir. Baxış zamanı həmin kütlənin narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin kütləni 2023-cü ilin iyun ayında “Qobu qırağı” adlanan yerdə, axmaz gölün kənarında bir ədəd polietilen torbada tapdığını, həmin kütlədən yalnız özü istifadə etdiyini, heç kimə pul müqabilində və pay olaraq vermədiyini bildirmişdir. Bundan sonra bir ədəd polietilen bükümdə aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə 01 ədəd zərfdə qablaşdırılıb DİN-in “203” saylı möhürü ilə möhürlənib götürülmüşdür. Tərəfindən protokol tərtib edilmiş, Təqsirləndirilən şəxs və polis əməkdaşları protokola imza çəkmişlər. Təqsirləndirilən şəxs aşkar edilmiş kütlə ilə birlikdə rayon polis şöbəsinə gətirib növbətçi hissəyə təhvil vermişlər. Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, ona müdafiəçi təyin edilmiş, daha sonra müdafiəçinin və Təqsirləndirilən şəxs iştirakı ilə videoçəkilişlə onun üzərində şəxsi axtarış keçirilmiş, eləcə də aşkar edilmiş kütləyə baxış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən digər narkotik vasitə və qanunla dövriyyəsi qadağan edilmiş hər hansı predmet, əşya aşkar edilməmişdir. Həmin vaxt da təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlənin narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olması aşkar edilmişdir. Daha sonra təhqiqatçı tərəfindən aşkar edilmiş kütlə təkrar qablaşdırılmışdır. Bununla bağlı protokol tərtib edilmiş, protokol düzgün yazıldığı üçün o da digər iştirakçılar kimi protokola imza çəkmişdir. Şahid qismində dindirilmiş Şahid2 Şahid1 bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün səmimi etirafı və şahid ifadələri ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. Belə ki, xx.xx.2024-cü il tarixli, 18/816 nömrəli Məhkəmə-bioloji ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, tədqiqata təqdim edilmiş, üzərində: «...Təqsirləndirilən şəxs üzərindən....» sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd polietilen kəsiyi bükülüdə təmiz çəkisi – 16,08 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuana (kannabis) 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısına” na daxildir (İ siyahı). xx.xx.2024-cü il tarixli, 778 nömrəli narkoloji ekspert rəyinin nəticəvi hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Bağırov X1 Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 76-cı maddəsinə əsasən 05 ay 20 gün müddətinə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Məhkumluğu ödənilmişdir. “Neftçala rayon Mərkəzi Xəstəxanası” X2 xx.xx.2024-cü il tarixli, 1337 nömrəli arayışından görünür ki, 1969-cu il təvəllüdlü Təqsirləndirilən şəxs həqiqətən 2002-ci ildən hal-hazıra kimi “Neftçala RMX” PHŞ-nın Vərəm əleyhinə kabinetində “Ağ ciyərinlərin fibroz-kavernoz vərəmi, infiltrasiya mərhələsi.BK(+) müsbət, MDR forma. Ağ ciyərin xr.obstruktiv xəstəliyi ağır gedişli, kəskinləşmə mərhələsi.qarışıq tipli kəskin vetilyasiya pozğunluğu” diaqnozu ilə dispanser qeydiyyatdadır və İİ (ikinci) qrup əlildir. “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli Qərarının 3.2-ci bəndində göstərilmişdir ki, əlilliyi olan şəxslərə narkomaniyadan məcburi müalicə tətbiq oluna bilməz. Odur ki, Təqsirləndirilən şəxs 2-ci qrup əlil olması ilə əlaqədar olaraq barəsində narkomaniyadan məcburi müalicə tətbiq edilə bilməz, yalnız ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs öz cinayətini səmimi etiraf etdiyini və peşman olduğunu, İİ qrup əlil olduğunu iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış və Neftçala Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 16,06 qram təşkil edən, bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd kompakt disk iş materiallarında saxlanılmalı və iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347–349, 351– 353, 356, 358, 381, 383–385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 19 – 21 sentyabr 2024-cü il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Neftçala Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 16,06 qram təşkil edən, bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar