Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-70/2024 30.10.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxxxx 1983-cü ildə Neftçala rayonu Kürqarabucaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Neftçala rayonu Kürqarabucaq kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, Neftçala Rayon Məhkəməsinin 4(053)- 22/2024 nömrəli iş üzrə 05 may 2024-cü il tarixli qərarı ilə barəsində əvvəli 03 may 2024-cü il tarixindən hesablanmaqla «həbs» növündə qətimkan tədbiri seçilmiş, Neftçala Rayon Məhkəməsinin 4(053)-27/2024 nömrəli iş üzrə 04 iyun 2024-cü il tarixli qərarına əsasən «həbs» növündə qətimkan tədbiri «ev dustaqlığı» növündə qətimkan tədbiri ilə əvəz edilmiş (Neftçala Rayon Məhkəməsinin müvafiq qərarlarına əsasən təqsirləndirilən şəxsin «ev dustaqlığı»nda saxlanması müddəti uzadılıb) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq 21,7 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində daşıyaraq saxlamış, 2024-cü ilin aprel ayının ortalarında, günü istintaqa məlum olmayan tarixdə saat 19 radələrində tanışı Şahid4 ilə Neftçala rayonu, Kürqarabucaq kəndi ərazində görüşüb 6,90 qram çəkidə, xeyli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı 50 (əlli) manat pul müqabilində ona satmış, Şahid4 Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 03 may 2024-cü il tarixdə saat 14.30 radələrində Neftçala şəhəri, 20 Yanvar küçəsinin ərazisində saxlanılaraq rayon polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılarkən əynindəki ağ rəngli cins şalvarının sağ yan cibindən sellofan bükülünün içərisində olan 1 ədəd kibrit qutusunda təmiz çəkisi 6,90 qram, xeyli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, Təqsirləndirilən şəxs isə 03 may 2024-cü il tarixdə saat 18.20 radələrində Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Neftçala rayonu Kürqarabucaq kəndi ərazisində yaşadığı evin yaxınlığında küçədə saxlanılaraq rayon polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılarkən əynindəki boz rəngli şalvarının sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxladığı 1 ədəd sellofan bükümdə təmiz çəkisi 14,80 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək əvvəlki məhkəmə iclaslarında göstərmişdir ki, narkotik vasitə olan marixuanadan arabir istifadə edir. Şahid4 onun tanışıdır. Onunla münasibətləri həmişə normal olub. 2024-cü ilin fevral ayının sonlarında Kür çayının sahilində heyvan otararkən yerdə olan 1 ədəd polietilen büküm diqqətini cəlb etmişdir. Həmin polietilen bükümü götürüb baxdıqda içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu görmüş və həmin bükümdə olan qurudulmuş marixuananı şəxsi istifadəsi üçün cibinə qoymuşdur. Həmin vaxt qurudulmuş marixuanadan siqaretə doldurub çəkməklə bir qədər istifadə edib. 2024-cü ilin aprel ayının ortalarında Əli mobil telefonla ona zəng edib öz şəxsi istifadəsi üçün narkotik vasitə marixuana istəmiş, o da Əliyə qurudulmuş marixuananı verə biləcəyini bildirmişdir. Aralarında qiymətlə bağlı heç bir danışıq olmamış, qurudulmuş marixuananı Əliyə pay verməyi düşünmüşdür. Əli həmin gün saat 19 radələrində tanımadığı bir avtomobillə onun yaşadığı kəndə gəlmiş, o, tapdığı polietilen bükümdə olan qurudulmuş marixuananın bir qədərini kibrit qutusuna qoyaraq Əliyə vermişdir. Əli bu zaman borclu olduğu 50 manat pulu ona vermiş və daha sonra çıxıb getmişdir. Qurudulmuş marixuananın qalan hissəsini isə özündə saxlamışdır. 03 may 2024-cü il tarixdə saat 18.20 radələrində polis əməkdaşı ona zəng vurmuş və küçəyə çıxmasını xahiş etmişdir. O, da küçəyə çıxmışdır. Bu zaman polietilen bükülüdəki narkotik vasitə qurudulmuş marixuana onun əynindəki şalvarının sağ yan cibində olub. Daha sonra polis əməkdaşları gəlmiş, üzərində qanunsuz narkotik vasitə saxlamağı barədə məlumatları olduğu üçün onu Neftçala Rayon Polis Şöbəsinə aparacaqlarını deyərək avtomobilə əyləşdirib rayon polis şöbəsinə aparmışlar. Neftçala Rayon Polis Şöbəsində təhqiqatçı tərəfindən barəsində tutma qərarı qəbul edilmiş, ona hüquq və vəzifələri izah edilərək Müdafiəçi təqdim edilmişdir. Daha sonra videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmiş və ona təklif olunmuşdur ki, üzərində narkotik vasitə və ya cinayət xarakterli hər nə varsa təqdim etsin. Bu zaman o, əynində olan şalvarının sağ yan cibində polietilen bükülüdəki narkotik vasitə olan qurudulmuş marixuananı təqdim etmək istədiyini bildirmiş və onu təqdim etmişdir. Aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuana qablaşdırılaraq möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, digər iştirakçılar kimi, o da protokola imza etmişdir. Əməlindən peşmandır. 30 oktyabr 2024-cü il tarixli məhkəmə iclasında Şahid1 dindirildikdən sonra təqsirləndirilən şəxs əvvəlki ifadəsindən fərqli olaraq bildirmişdir ki, narkotik vasitə qurudulmuş marixuananı Şahid4 həqiqətən də verdiyinə baxmayaraq, polis əməkdaşları tərəfindən Neftçala Rayon Polis Şöbəsinə gətirildiyi vaxt üzərində hər hansı narkotik vasitə olmayıb. Polis əməkdaşı Şahid1 14,80 qram narkotik vasitə qurudulmuş marixuananı polis şöbəsində ona verərək narkotik vasitənin onun üzərindən çıxdığını və ona məxsus olduğunu çəkiliş vaxtı deməsini tapşırmış, razılaşmayacağı təqdirdə narkotik vasitəni onun nişanlı qızının paltarlarının arasından çıxaracağı ilə hədələmişdir. O, da məcbur olub həmin narkotik vasitəni götürmüş və narkotik vasitənin ona məxsus olduğunu bildirmişdir. Şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Neftçala Rayon Polis Şöbəsində narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Son vaxtlar Neftçala rayonu, Kürqarabucaq kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitələr satması və onların qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı mütəmadi olaraq əməliyyat məlumatları daxil olurdu. 03 may 2024-cü il tarixdə Neftçala şəhər sakini Şahid4 üzərində narkotik vasitə olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin gün saat 14.30 radələrində Şahid4 Neftçala şəhəri, 20 Yanvar küçəsində saxlanıralaq rayon polis şöbəsinə gətirilmişdir. Şəxsi axtarış zamanı onun üzərindən 1 ədəd kibrit qutusunda olan qurudulmuş marixuana aşkar edilmişdir. Əməliyyat tədbirləri əsasında müəyyən olunmuşdur ki, Şahid4 narkotik vasitəni 2024-cü ilin aprel ayında Neftçala rayonu, Kürqarabucaq kənd sakini Təqsirləndirilən şəxs 50 manat pul müqabilində alıb. 03 may 2024-cü il tarixdə saat 18.20 radələrində keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs Neftçala rayonu, Kürqarabucaq kəndinin ərazisində yaşadığı evinin yaxınlığındakı küçədə saxlanılaraq rayon polis şöbəsinə gətirilmişdir. Təqsirləndirilən şəxs saxlanılaraq Neftçala Rayon Polis Şöbəsinə gətirilməsində onunla birlikdə şöbənin əməkdaşları Şahid3 və Şahid2 da iştirak etmişlər. Təhqiqat bölməsinin rəisi Nicat Sadıqovun rəhbərliyi altında şöbənin növbətçi hissəsində polis əməkdaşları və Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki boz rəngli şalvarın sağ yan cibindən 1 ədəd sellofan bükülünün içərisindən narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Aşkar edilmiş narkotik vasitə ağ zərfə qoyulub qablaşdırılaraq Azərbaycan Respublikası DİN-nə aid Neftçala Rayon Polis Şöbəsinin «203» saylı möhürü ilə möhürlənmişdir. Həmin ağ zərfi digər iştirakçılarla yanaşı Müdafiəçi və şübhəli şəxs Təqsirləndirilən şəxs də öz imzaları ilə təsdiqləmişlər. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitənin qurudulmuş marixuana olduğunu, onu 2024cü ilin fevral ayının ortalarında yaşadığı kənddəki Kür çayının sahilində heyvan otararkən yerdən tapdığını bildirmiş, həmçinin qeyd etmişdir ki, narkotik vasitənin bir hissəsini kibrit qutusunda 2024-cü ilin aprel ayının ortalarında tanışı Şahid4 50 manat pul müqabilində satmış, qalan hissəsini isə öz şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Şahid həmçinin bildirir ki, polis əməkdaşlarının təqsirləndirilən şəxsə zəng vurub onu küçəyə çağırmaları, həmçinin üzərindən aşkar olunmuş narkotik vasitənin əslində onun tərəfindən təqsirləndirilən şəxsə verilməsi, bu vasitənin ona (təqsirləndirilən şəxsə) məxsus olduğunu deməsini tapşırması, razılaşmayacağı təqdirdə isə narkotik vasitəni onun nişanlı qızının paltarlarının arasından çıxaracağı ilə hədələməsi barədə təqsirləndirilən şəxsin məhkəməyə bildirdikləri həqiqətə uyğun deyil. Əksinə təqsirləndirilən şəxsə qarşı istər bilavasitə əməliyyat tədbiri zamanı, istərsə də bundan sonra hər hansı qeyri-qanuni təzyiq göstərilməmiş, müvafiq narkotik vasitə təqsirləndirilən şəxsin üzərində aşkar olunmuş və sonuncunun özü tərəfindən təqdim edilmiş, ona qarşı hər hansı hədələmə hallarına yol verilməmişdir. Şahid qismində dindirilmiş Şahid3 və Şahid2 ibtidai istintaq dövründə verdikləri yazılı ifadələrə, həmçinin Şahid1 məhkəməyə bildirdiklərinə uyğun məzmunlu ifadələr vermişlər. Şahidlər bildirirlər ki, müvafiq narkotik vasitə təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuşdur ki, bu fakt da müdafiəçinin iştirakı ilə aparılmış videoçəkilişlə də təsdiq olunur. Təqsirləndirilən şəxsə qarşı polis əməkdaşları tərəfindən hər-hansı qeyri-qanuni təzyiq göstərilməyib. Şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, narkotik vasitə olan qurudulmuş marixuanadan arabir istifadə edir. Təqsirləndirilən şəxs onun tanışıdır və aralarında hər hansı ədavət və ya qərəzli münasibət yoxdur. Həmişə münasibətləri normal olub. Arif də ara-sıra narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. 2024-cü ilin aprel ayının ortalarında Arifə zəng edib özü üçün narkotik vasitə marixuana istəmiş, Arif də verə biləcəyini demişdir. O, Ariflə razılaşaraq həmin gün tanımadığı bir taksi ilə Neftçala rayonu, Kürqarabucaq kəndinə getmiş və saat 19 radələrində Ariflə görüşmüşdür. Görüş zamanı Arif 1 ədəd kibrit qutusundakı narkotik vasitə qurudulmuş marixuananı ona vermiş, o da Arifə bunun müqabilində 50 manat pul vermişdir. Daha sonra evə getmiş və həmin müddətdən sonra qurudulmuş marixuanadan bir qədər istifadə etmişdir. 03 may 2024-cü il tarixdə saat 14.30 radələrində o, Neftçala şəhəri, 20 Yanvar küçəsində piyada gəzərkən həmin 1 ədəd kibrit qutusundakı narkotik vasitə qurudulmuş marixuana əynindəki şalvarının sağ yan cibində olmuşdur. Bu zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşmış və özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Daha sonra onun üzərində narkotik vasitə saxlaması barədə məlumatlar olduğu üçün onu Neftçala Rayon Polis Şöbəsinə aparacaqlarını deyərək avtomobilə əyləşdirib rayon polis şöbəsinə aparmışlar. Neftçala Rayon Polis Şöbəsində təhqiqatçı tərəfindən barəsində tutma qərarı qəbul edilmiş, ona hüquq və vəzifələri izah edilərək Müdafiəçi təqdim edilmişdir. Daha sonra videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmiş və ona təklif olunmuşdur ki, üzərində narkotik vasitə və ya cinayət xarakterli hər nə varsa təqdim etsin. Bu zaman o, əynində olan şalvarının sağ yan cibində 1 ədəd kibrit qutusundakı narkotik vasitə olan qurudulmuş marixuananı təqdim etmək istədiyini bildirmiş və onu təqdim etmişdir. Aşkar edilmiş narkotik vasitə qablaşdırılaraq möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, iştirakçılar kimi o, da protokola imza etmişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. 04 may 2024-cü il tarixli 3-16-16/2-18/462 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «Tədqiqata təqdim olunmuş üzərində: “...Şahid4 üzərindən...» sözləri və imzalar olan kağız paketdə 01 ədəd polietilen bükümdə olan 01 ədəd kibrit qutusunda təmiz çəkisi – 6,90 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır”. 04 may 2024-cü il tarixli 3-16-16/2-18/463 nömrəli digər ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «Tədqiqata təqdim olunmuş üzərində: «...Təqsirləndirilən şəxs üzərindən...» sözləri və imzalar olan kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi – 14,80 qram olan bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə marixuana ilə Şahid4 aşkar edilmiş narkotik vasitə marixuana orqanoleptik əlamətlərinə və bioloji tərkiblərinə görə eyni tərkiblidir». 27 iyun 2024-cü il tarixli 563 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan kannabinoidlərdən istifadə halları olub. Lakin asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür». Təqsirləndirilən şəxsin məhkəməyə bildirdikləri ilə bağlı aşağıdakılar qeyd olunur. O, sonuncu məhkəmə iclasında qeyd etmişdir ki, polis əməkdaşları tərəfindən rayon polis şöbəsinə aparılan zaman üzərində narkotik vasitə olmamış, üzərindən aşkar olunduğu bildirilən narkotik vasitə isə ona polis əməkdaşı Şahid1 tərəfindən verilərək, ona məxsus olmasını deməsi tapşırılmışdır. Təqsirləndirilən şəxsin həmin ifadəsi Şahid1 və digər şahidlərin ifadələri ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla da təkzib olunur. Belə ki, o, ibtidai istintaq zamanı, həmçinin əvvəlki məhkəmə iclaslarında müdafiəçisinin iştirakı ilə verdiyi ifadələrində çəkisi 14,80 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuananın onun özündən aşkar olunduğunu etiraf etmişdir. Narkotik vasitənin məhz təqsirləndirilən şəxsin özündən aşkar olunması faktı cinayət işinin materiallarına əlavə edilmiş kompakt diskdəki videoçəkiliş, habelə “şəxsi axtarış və götürmə barədə” 03 may 2024-cü il tarixli protokolla da təsdiq olunur. Bunlarla yanaşı, 04 may 2024-cü il tarixli 3-16-16/2-18/463 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə marixuana ilə Şahid4 aşkar edilmiş narkotik vasitə marixuana orqanoleptik əlamətlərinə və bioloji tərkiblərinə görə eyni tərkiblidir. Göstərilənləri və işin s. faktik hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəməyə bildirdikləri işin həqiqi hallarını təhrif etməklə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətdiyini, öz əməlini əsasən etiraf etdiyini və peşman olduğunu, arvadının və anasının müvafiq olaraq böyrək və qaraciyər xəstəliklərindən əziyyət çəkdiklərini, həmçinin himayəsində bir nəfər yetkinlik yaşına çatmamış uşağının olmasını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Neftçala Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 14,70 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə – qurudulmuş marixuana məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 03 may 2024-cü il tarixindən 30 oktyabr 2024-cü il tarixinədək tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı 05 (beş) ay 27 (iyirmi yeddi) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 03 (üç) il 06 (altı) ay 03 (üç) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasının əvvəli 30 oktyabr 2024-cü ildən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «ev dustaqlığı» növündə qətimkan tədbiri dəyişdirilərək «həbs» növündə qətimkan tədbiri seçilsin və o, hazırkı hökm elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Neftçala Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 14,70 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə – qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №1(053)-70/2024
Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-70/2024
30.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver