Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-70/2025 08.10.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə 04 avqust 1983-cü ildə Neftçala rayonu, Bankə qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Nəsimi rayonunda yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 05 sentyabr 2025-ci ildə saat 17.35 radələrində Neftçala rayonu Kürkənd kəndində yerləşən və qeyri-rəsmi münasibətdə olmaqla birlikdə yaşadığı Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evində Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş şəxsi münasibətlər zəminində mübahisə zamanı sonuncunun üz nahiyəsinə yumruqla, müxtəlif bədən nahiyələrinə isə yumruq və təpiklə vurub döyərək ona sağ bazunun, sol bazunun yuxarı 1/3-nin bayır səthlərinin qançırları, üst çənədə ön kəsici dişlərinin laxlaması, diş dibinin qansızması ilə nəticələnən, qəsdən sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, müvəqqəti olaraq Bakı şəhərində yaşayır. Hal-hazırda usta işləyir. Təxminən 10 ildir ki, ailəsindən boşanmış və Zərərçəkmiş şəxs ilə qeyri-rəsmi olaraq eyni evdə yaşayırlar. 29 avqust 2025-ci il tarixdə Zülfiyyə ondan 800 manat borc pul istəmiş, o, da 800 manat pulu ona göndərmişdir. 05 sentyabr 2025-ci il tarixdə saat 12.30 radələrində Bakı şəhərindən Zərərçəkmiş şəxs ilə birgə yaşadığı Neftçala rayonu, Kürkənd kəndinə gəlmişdir. Daha sonra evdən getmiş və 16.35 radələrində yenidən evə gəlmişdir. Evə gəldikdən sonra Zərərçəkmiş şəxs ilə aralarında saat 17.35 radələrində mübahisə yaranmışdır. Mübahisə zamanı Zərərçəkmiş şəxs boşandığı arvadı və uşaqları haqqında nalayiq sözlər demişdir. O, Zərərçəkmiş şəxs sözlərindən hirslənmiş, sillə ilə 1 dəfə onun üz nahiyəsinə vurmuş və Zərərçəkmiş şəxs xəsarət almışdır. Hadisə Neftçala rayonu, Kürkənd kəndində Zərərçəkmiş şəxs ilə birgə yaşadığı evdə baş vermişdir. Hadisə zamanı onların yanında heç kim olmamışdır. Zərərçəkmiş şəxs hadisə zamanı onu döyməmiş, vurmamış və söyməmişdir. Hadisə təxminən 2-3 dəqiqə ərzində baş vermişdir. Əməlindən peşmandır. Hazırda zərərçəkmiş şəxslə barışdığını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, Neftçala rayonu, Kürkənd kəndində yaşayır. Hal-hazırda işləmir. Təxminən 10 ildir ki, Təqsirləndirilən şəxs ilə qeyri-rəsmi münasibətdə olmaqla eyni evdə yaşayır. Taleh ailəsindən boşanmış və onun evində qalır. 29 avqust 2025-ci il tarixdə o, Talehdən 800 manat borc pul istəmiş, Taleh də ona 800 manat pul göndərmişdir. Talehə olan borcundan 150 manatını oğluna vermiş, 200 manatını Talehin kart hesabına göndərmişdir. 100 manat pulu isə 05 sentyabr 2025-ci il tarixdə yaşadığı evdə ona vermişdir. Talehə 350 manat borcu qalmışdır. Taleh 40 gün Bakı şəhərində rəngsaz işləmiş, 05 sentyabr 2025-ci il tarixdə saat 12.30 radələrində Bakıdan evinə gəlmişdir. Sonradan evdən getmiş və 16.45 radələrində sərxoş halda yenidən evə gəlmişdir. Taleh evdə olan vaxt saat 17.35 radələrində pul məsələsi ilə bağlı mübahisə yaratmışdır. Mübahisə zamanı Taleh yumruqla onun ağız nahiyəsinə vuraraq 2 dişini sındırmış, həmçinin bədəninin müxtəlif nahiyələrinə yumruq və təpiklə xəsarət yetirmişdir. Bundan sonra Taleh evdən çıxıb getmişdir. Bu barədə DİN-nin “102” xidmətinə və Neftçala Rayon Polis Şöbəsinə müraciət etmişdir. Hadisə Neftçala rayonu, Kürkənd kəndində yaşadığı evdə baş vermişdir. Hadisə zamanı onların yanında heç kim olmamışdır. O, hadisə zamanı Talehi döyməmiş, vurmamış və söyməmişdir. Hadisə təxminən 5 dəqiqə ərzində baş vermişdir. Zərərçəkmiş şəxs həmçinin bildirir ki, hazırda təqsirləndirilən şəxslə barışıb, ona qarşı şikayəti və tələbi yoxdur. Göstərilənlərə əsasən təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün etirafı və zərərçəkmiş şəxsin ifadəsi ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla da təsdiq edilir. 12 sentyabr 2025-ci il tarixli 154 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «1974-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – sağ bazunun, sol bazunun yuxarı 1/3-nin bayır səthlərinin qançırları, üst çənədə ön kəsici dişlərinin laxlaması, diş dibinin qansızması küt əşya (əşyaların) təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə yumruqla vurma nəticəsində əmələ gələ bilərdi. Sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan yüngül zərərvurmaya aiddir». Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Qeyd olunur ki, Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan ödənilmiş və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə həmin ərizəyə münasibət bildirərək aşağıdakıları qeyd edir. Neftçala Rayon Məhkəməsinin 1(053)-10/2020 nömrəli iş üzrə 11 fevral 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs daha əvvəl də Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməli törətmiş, Azərbaycan Respublikası CM-nin 73-cü və Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən o, cinayət məsuliyyətindən azad edilərək cinayət təqibinə xitam verilmişdir. Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin «Qeyd» hissəsinə əsasən «Şəxs bu Məcəllənin 72 – 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir». Cinayət Qanununun yuxarıda göstərilən normasını rəhbər tutaraq məhkəmə hesab edir ki, mövcud vəziyyətdə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunması və cinayət təqibinə xitam verilməsi mümkün deyil. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası çərçivəsində cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin öz cinayət əməlini səmimi etiraf etdiyini və peşman olduğunu, 2 nəfər yetkinlik yaşına çatmamış uşağının olmasını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailə vəziyyətinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyası daxilində islah işləri növündə cəza təyin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək qazancının 15 (on beş) faizi məbləğində dövlət nəfinə pul tutulmaqla 06 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəzasını iş yeri üzrə çəksin. Cəzasının əvvəli qazancından tutmaların aparılmasına başlandığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən 20 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №1(053)-70/2025
Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-70/2025
08.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver