Məhkəmə qərarları › İş №1(053)-71/2024

Neftçala Rayon Məhkəməsi Qərar — İş №1(053)-71/2024

27.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 1(053)-71/2024 27.09.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X1 nümayəndəsi, vəkil Müdafiəçi iştirakı ilə X2 Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı X1 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X2 Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmaqla cəzalandırılmasına dair hökm çıxarılmasını xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 öz şikayətində bildirir ki, Azərbaycan Respublikasının Milli Məclisinə 01 sentyabr 2024-cü ildə keçirilmiş seçkilərdə 70 saylı X5 deputatlığa namizəd kimi iştirak edib. Səsvermə günü, yəni 01 sentyabr 2024cü ildə saat 09.30 radələrində 70 saylı X6 Neftçala rayonu, Qaçaqkənd kəndində yerləşən 40 saylı seçki məntəqəsində olduğu vaxt seçki komissiyasının üzvləri üstünə hücum çəkərək onu təhqir etməyə başlamışlar. Bu zaman deputatlığa namizəd Tənzilə Rüstəmxanlının vəkili X4 onlarla insanın içində ona “tula” deyərək təhqir etmişdir. Bu hadisə çəkiliş aparan jurnalistlərin iştirakı ilə baş vermiş və həmin görüntülər media vasitəsilə geniş cəmiyyətdə yayılmışdır. X2 bu əməli CM-nin 148-ci maddəsi ilə nəzərdə tutulan ictimai təhlükəli əməldir. X3 göstərilənlərə əsasən X2 Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmaqla cəzalandırılmasına dair hökm çıxarılmasını xahiş edir. Hazırkı iş üzrə məhkəmənin hazırlıq iclasları 20, 24 və 27 sentyabr 2024-cü il tarixlərinə təyin olunmuş, həmin iclasların vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış X3 məhkəməyə gəlməmişdir (nümayəndəsi onun ölkə xaricində olduğunu bildirir). Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X1 27 sentyabr 2024-cü il tarixli məhkəmə iclasında iştirak etmiş nümayəndəsi, vəkil Müdafiəçi şikayətdə göstərilənlərə uyğun məzmunlu izah verərək şikayətin məhkəmənin icraatına qəbul olunmasını xahiş etmişdir. Məhkəmə nümayəndə Müdafiəçi 27 sentyabr 2024-cü il tarixli məhkəmə iclasında iştirak etdiyini nəzərə alaraq hazırlıq iclasının xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X1 bilavasitə iştirakı olmadan keçirilməsini mümkün saymışdır. Məhkəmənin 20, 24 və 27 sentyabr 2024-cü il tarixlərinə təyin olunmuş hazırlıq iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış X4 da gəlməmişdir. O, 19 sentyabr 2024-cü il tarixində “Elektron Məhkəmə” mobil tətbiqi vasitəsilə ərizə göndərərək, 20 sentyabr 2024-cü il tarixinə təyin olunmuş məhkəmə iclasında ailə vəziyyəti ilə əlaqədar iştirak edə bilməyəcəyini bildirmiş və növbəti məhkəmə iclasının 28 sentyabr 2024-cü il tarixindən öncəyə təyin olunmamasını xahiş etmişdir. X2 ərizəsinin məzmunundan həmçinin görünür ki, o, məhkəmə iclasının 28 sentyabr 2024-cü il tarixindən sonraya təyin edilməsi mümkün olmayacağı təqdirdə, iclasın onun iştirakı olmadan keçirilməsinə etiraz etmir. Qeyd olunmalıdır ki, X4 öz ərizəsində məhkəməyə gəlməməsinin səbəbi kimi sadəcə ailə vəziyyətini göstərməklə kifayətlənmiş, ailə vəziyyətində çətinliyin nədən ibarət olduğunu və bu vəziyyətin onun məhkəmədə iştirakına nə kimi maneə törətdiyini ümumiyyətlə bildirməmiş və əsaslandırmamışdır (məsələ ilə bağlı məhkəməyə hər hansı bir sübut da təqdim edilməyib). Yuxarıda göstərilənləri, o cümlədən X2 məhkəmənin hazırlıq iclasının onun iştirakı olmadan keçirilməsinə etiraz etmədiyini nəzərə alaraq, məhkəmə iclasın barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin iştirakı olmadan keçirilməsini mümkün saymışdır. Məhkəmə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin nümayəndəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, işin faktik hallarını araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında məhkəmə baxışının keçirilməsindən aşağıda göstərilənlərə əsasən imtina olunmalıdır. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 məhkəməyə hadisənin videoyazısını özündə əks etdirən fayl təqdim edib. Həmin fayla məhkəmənin hazırlıq iclasında baxış keçirilmişdir. Videoyazıdan görünür ki, Vəfa Nağıyeva tərəfindən təyin edilmiş müşahidəçinin məntəqə seçki komissiyasının üzvləri üçün ayrılmış masanın arxasında oturması, habelə məntəqə seçki komissiyasının sədrinin tələbinə baxmayaraq müşahidəçilər üçün ayrılmış yerə getməkdən imtina etməsi səbəbindən komissiya sədri ilə həmin müşahidəçi və Vəfa Nağıyeva arasında sözlə mübahisə yaranmışdır. Bu ərəfədə Hüseyin Qurbanov məntəqəyə gələrək seçki komissiyasının üzvlərindən müşahidəçi qismində qeydə alınmasını xahiş etmişdir. Daha sonra Vəfa Nağıyeva ilə bir kənd sakini arasında mübahisə yaranmış, eyni vaxtda X10 Nağıyevaya “tərbiyəsizlik eləmə Vəfa” demiş, cavabında X11 Qurbanova münasibətdə “sən səsini kəs” ifadəsini işlətmişdir. Sonra həmin kənd sakini Vəfa Nağıyevanın hərəkətləri, o cümlədən sonuncunun komissiya üzvlərinin şərəf və ləyaqətini alçaltması, təhqiramiz ifadələr işlətməsi, komissiya sədrinin başına kitab vurması və s. hərəkətləri ilə bağlı irad bildirmiş, mübahisənin davamı olaraq Vəfa Nağıyeva saxtakarlıq edildiyini bildirmiş, bu zaman X10 Nağıyevaya müraciət edərək “heç bir formada saxtakarlıq olunmur”, “şəffaf şəkildə insanlar gəlib burada səs verir. Sən isə ilk gündən bu günədək “provokasiya” ilə məşğulsan, tula” ifadəsini işlətmişdir. X8 Nağıyevanın mübahisəsi davam etmiş, X10 Nağıyevaya irad bildirərək sonuncunun Qarabağ Müharibəsi vaxtı “Azərbaycan Ermənistana təcavüz edib” məzmunlu “status paylaşdığını” söyləmiş və bu zaman X11 Qurbanova “sən şərəfsizsən”, “sən vicdansızsan”, “sən şərəfini satan adamsan” sözlərini demişdir. Mübahisə vaxtı X11 Qurbanovun əlindən tutmuş, bununla əlaqədar X10 Nağıyevaya “xahiş edirəm mənə toxunma” sözlərini demişdir. Eyni zamanda X11 Qurbanova münasibətdə “sən mənə toxuna bilmərsən” sözlərini işlətmişdir. Yaranmış münaqişə zamanı Vəfa Nağıyeva əlindəki mobil telefon aparatını Hüseyin Qurbanovun alnına vurmuş, daha sonra isə sol əli ilə Hüseyin Qurbanovun sağ üz nahiyəsinə şillə vurmuşdur. Bundan sonra Hüseyin Qurbanov sağ əli ilə Vəfa Nağıyevanın sol üz nahiyəsinə şillə vurub. Sonradan ətrafdakı adamlar X8 Nağıyevanı ayırmışlar. Bundan sonra da seçki məntəqəsində müxtəlif şəxslər arasında sözlə mübahisə davam edib. Qeyd olunur ki, hadisə vaxtı seçki məntəqəsində xeyli sayda insan olmuşdur. Məsələ ilə bağlı qeyd edilir ki, Azərbaycan Respublikası CM-nin 148-ci maddəsində nəzərdə tutulan “təhqir” cinayəti obyektiv cəhətdən «...kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma»da ifadə olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli Plenum Qərarının 2-ci bəndində əks olunmuş hüquqi mövqeyə görə “...cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür”. X12 5-ci bəndində vurğulanır ki, “Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür”. İşin faktik hallarından görünür ki, seçki məntəqəsində baş vermiş mübahisə və münaqişə vaxtı X4 ilə X3 bir-birinə qarşı müvafiq olaraq “tərbiyəsizlik eləmə”, “tula”, “sən səsini kəs”, “sən şərəfsizsən”, “sən vicdansızsan”, “sən şərəfini satan adamsan” və s. bu kimi ifadələr işlətmişlər. Bu ifadələr xeyli sayda, yəni Plenum Qərarında göstərildiyi kimi iki nəfərdən daha çox insanın gözü qarşısında, həmin insanların eşidə və qavraya biləcəyi formada səsləndirilib. Qeyd olunanlar ilk baxışdan müvafiq əməldə ayrıca cinayət kimi Azərbaycan Respublikası CM-nin 148-ci maddəsinin ilkin tərkib əlamətlərinin mövcud olması təsəvvürünü yarada bilər. Lakin hadisənin bütöv mənzərəsini nəzərdən keçirdikdə görünür ki, əməlin Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə tövsif edilməsi mümkün deyil. Məhkəmənin hazırlıq iclasında tədqiq olunmuş videoyazıdan görünür ki, hadisə xeyli sayda insanın qarşısında (X1 videoyazıda bildirdiklərindən həmçinin aydın olur ki, baş verənlər sosial şəbəkə vasitəsilə canlı yayımlanıb), seçki məntəqəsində, Milli Məclisə seçkilər üzrə səsvermə prosesi zamanı baş vermiş, hər iki şəxs bir-birinə qarşı xoşagəlməz ifadələr işlətmiş, lakin münaqişə bununla, yəni xoşagəlməz ifadələrin işlədilməsi ilə tamamlanmamışdır. Belə ki, X4 və X3 münaqişənin bilavasitə davamı kimi bir-birinə zərbələr vuraraq fiziki ağrı yetirmişlər. Bunu, yəni mübahisənin xoşagəlməz ifadələrin (xüsusi ittiham qaydasında şikayət vermiş şəxs bu ifadələri təhqir kimi qiymətləndirir) işlədilməsi ilə tamamlanmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, verilmiş şikayətdə ayrıca cinayət əməli kimi Azərbaycan Respublikası CM-nin 148-ci maddəsinin ilkin əlamətləri belə mövcud deyil. Bununla bağlı məhkəmə qeyd edir ki, Cinayət Qanununun xüsusi hissəsində nəzərdə tutulan bəzi cinayət əməllərinin törədilməsi zamanı təqsirkar ətrafdakılara, o cümlədən zərərçəkmişə münasibətdə təhqir xarakterli ifadələr işlətsə belə, bu əməllər (təhqir xarakterli ifadələrin işlədilməsi) Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə ayrıca tövsif olunmur (məsələn, Azərbaycan Respublikası CM-nin 221-ci maddəsində nəzərdə tutulan xuliqanlıq cinayəti). Beləliklə, məhkəmə hadisənin təfərrüatını nəzərdən keçirərək hesab edir ki, şikayət olunan əməldə ictimai və ya ictimai-xüsusi ittiham qaydasında təqib olunan başqa bir əməlin və ya inzibati xətanın tərkibini formalaşdıran hərəkətlərin olub-olmaması məsələsi araşdırılmalıdır. Hər bir halda mövcud əməldə ayrıca (müstəqil) cinayət kimi Azərbaycan Respublikası CM-nin 148-ci maddəsinin ilkin tərkib əlamətləri yoxdur. Azərbaycan Respublikası CPM-nin 302.1.5-ci maddəsinə əsasən “barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda” məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli Plenum Qərarının 13-cü bəndində aşağıdakılar qeyd olunur: “Məhkəmələrə izah edilsin ki, xüsusi ittiham qaydasında məhkəməyə verilmiş şikayətdə xüsusi ittiham qaydasında cinayət təqibi ilə yanaşı, həmçinin ictimai və ya ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb ola bilən cinayətlər haqqında da məlumatlar olduqda məhkəmə hazırlıq iclasının qərarı ilə CPM-nin 207.6-cı maddəsinə əsasən onda olan bütün məlumatları dərhal baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir”. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 302.1.5-ci maddəsinin tələbi rəhbər tutulmaqla X1 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul olunmasından məhkəmənin hazırlıq iclasının nəticələri əsasında imtina edilməli, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olan əməlin mövcud olub-olmaması məsələsinin araşdırılması məqsədilə iş üzrə toplanmış zəruri materiallar Neftçala Rayon Prokurorluğuna göndərilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 300, 302, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı X1 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul olunmasından məhkəmənin hazırlıq iclasının nəticələri əsasında imtina edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar