Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-72/2024 23.10.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxx 1994-cü ildə Neftçala şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Neftçala şəhəri, Məhəllə 5 ünvanı üzrə qeydiyyatda olan və həmin ünvanda yaşayan, 25 – 26 iyun 2024-cü il tarixləri üzrə tutulmuş, 26 iyun 2024-cü ildə barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2024-cü ilin may ayının əvvəllərində yaşadığı Neftçala şəhəri, 5-ci Məhəllədəki evin həyətyanı sahəsində 1 ədəd plastik qabın içərisində 10 ədəd, xeyli miqdarda əkib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərini qanunsuz olaraq əkib yetişdirərək onlara aqrotexniki qaydada qulluq etməklə kultivasiya etmiş, 25 iyun 2024-cü il tarixdə saat 03 radələrində Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həyətyanı sahəsinə baxış keçirilən zaman yaşadığı evin həyətyanı sahəsindəki yarımçıq tikilinin yaxınlığındakı nar ağacının altında plastik qabda olan 10 ədəd, xeyli miqdarda narkotik tərkibli aqrotexniki qaydada qulluq edilmiş çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, yaşadığı qəsəbədə fəhləliklə məşğul olmaqla dolanır. Təxminən 2 ildir ki, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. 2024-cü ilin mart ayının sonlarında yaşadığı Neftçala şəhəri, Məhəllə 5 ərazisində marixuana qəbul edərkən onun içərisində olan toxumların böyüklərini seçib götürmüş və özündə saxlamışdır. Fikirləşmişdir ki, havalar isinəndən sonra yaşadığı evin həyətyanı sahəsində həmin toxumları əkər və toxumları yetişdirib böyütdükdən sonra lazım olduqca özü istifadə edər. 2024-cü ilin may ayının əvvəllərində evinin həyətyanı sahəsindəki yarımçıq tikilinin yaxınlığında olan nar ağacının altında plastik qabın içərisində 10 ədəd narkotik maddə olan çətənə bitkilərini əkmişdir. Bitkiləri əkdikdən sonra onlara qulluq etmiş, suvarmış və təmizliyinə baxmışdır. 25 iyun 2024-cü il tarixdə saat 03 radələrində Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları onun yaşadığı evə gəlmişlər. Videoçəkilişlə onun həyətyanı sahəsinə baxış keçirilmiş, o, baxışın keçirilməsinə heç bir etiraz etməmiş və bununla bağlı polis əməkdaşlarına ərizə də təqdim etmişdir. Baxış zamanı yaşadığı evin həyətyanı sahəsindəki yarımçıq tikilinin yaxınlığında olan nar ağacının altındakı plastik qabın içərisində həmin 10 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar olunaraq götürülmüşdür. Götürülmüş çətənə bitkiləri qablaşdırılmış, həmin qablaşdırmanı o, və müdafiəçisi imzalamışlar. Əməlindən peşmandır. Şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Neftçala Rayon Polis Şöbəsində narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Neftçala Rayon Polis Şöbəsinin əməliyyat aparatına daxil olmuş əməliyyat məlumatları əsasında 25 iyun 2024-cü il tarixdə saat 03 radələrində Neftçala şəhəri, Məhəllə 5 sakini Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə bitkilərinin əkilib-becərilməsində və aqrotexniki qaydada kultivasiya edilməsində şübhəli bilinərək Neftçala şəhəri, Məhəllə 5 ərazisində saxlanılmış və Neftçala Rayon Polis Şöbəsinə gətirilmişdir. Təqsirləndirilən şəxs saxlanılaraq Neftçala Rayon Polis Şöbəsinə gətirilməsində onunla birlikdə şöbənin əməkdaşı Şahid2 iştirak etmişdir. X1 rəhbərliyi altında polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindəki yarımçıq tikilinin yaxınlığında olan nar ağacının altındakı plastik qabın içərisində əkib-becərərək aqrotexniki qaydada qulluq etməklə kultivasiya edib yetişdirdiyi 10 ədəd çətənə, yəni kannabis bitkiləri aşkar olunaraq götürülmüşdür. Götürülmüş 10 ədəd çətənə bitkisi qablaşdırılaraq Azərbaycan Respublikası DİN-nə aid Neftçala Rayon Polis Şöbəsinin «203» saylı möhürü ilə möhürlənmişdir. Həmin qablaşdırmanı Müdafiəçi və şübhəli şəxs Təqsirləndirilən şəxs imzalarla təsdiq etmişlər. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bitkilərin çətənə, yəni kannabis olduğunu, 2024-cü ilin may ayının əvvəllərində öz şəxsi istifadəsi üçün 10 ədəd toxumu yaşadığı Neftçala şəhəri, Məhəllə 5 ərazisindəki evinin həyətyanı sahəsindəki yarımçıq tikilinin yaxınlığında olan nar ağacının altındakı plastik qabın içərisində əkməklə yetişdirdiyini bildirmişdir. Şahid qismində dindirilmiş Şahid2 Şahid1 bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün səmimi etirafı və şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. 25 iyun 2024-cü il tarixli 3-16-16/2-18/612 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, tədqiqata təqdim olunmuş, üzərində: «Təqsirləndirilən şəxs həyətyanı sahəsindən..10 ədəd…» sözləri və imzalar olan kağız paketdə ümumi sayı 10 ədəd, yaş vəziyyətdə, ümumi çəkisi – 4,12 qram olan bitki nümunələri əkib-becərilməsi qadağan olunmuş orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eyni tərkibli olan narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronomun rəyinə əsasən təqdim olunmuş 10 ədəd çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Bitkilər torpaqda toxumdan cücərərək yetişmiş, hər hansı üsulla hazırlanmamışdır. 27 avqust 2024-cü il tarixli 669 nömrəli ekspert rəyinin nəticəvi hissəsindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətdiyini, 2 nəfər yetkinlik yaşına çatmamış uşağının olmasını, öz cinayətini səmimi etiraf etdiyini və peşman olduğunu iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsinin sanksiyası daxilində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.30-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalı, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Neftçala Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3,12 qram təşkil edən, 10 (on) ədəd çətənə (kannabis) bitkisi məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılmalı və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 25 – 26 iyun 2024-cü il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın, alınan 04 (dörd) gün yuxarıda qeyd olunan 02 (iki) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla ona qəti olaraq 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.30-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunsun. İş üzrə maddi sübut kimi tanınmış və Neftçala Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3,12 qram təşkil edən, 10 (on) ədəd çətənə (kannabis) bitkisi məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №1(053)-72/2024
Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-72/2024
23.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver