Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-72/2025 04.03.2026 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxx 1988-ci ildə Neftçala rayonu, Neftçala şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Neftçala rayonu, Mirqurbanlı kəndində qeydiyyatda olan, Neftçala şəhəri, M.Ə.Rəsulzadə küçəsində yaşayan, 10 – 12 mart 2025-ci il tarixləri üzrə tutulmuş, 12 mart 2025-ci ildə barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Vahidov X1 Ağır Cinayətlər Məhkəməsinin 26 iyul 2022-ci il tarixli qərarı ilə dövlət nəfinə xüsusi müsadirə edilmiş və nəzarət etməsi üçün Neftçala rayon İcra və probasiya şöbəsi tərəfindən ona həvalə edilmiş Neftçala şəhəri, M.Ə.Sabir küçəsində yerləşən “Yurdum” adlı kafenin ərazisində mövcud olan və içərisində yataqlar olan kottecləri tamah məqsədi ilə fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuva kimi saxlayaraq 09 mart 2025-ci il tarixdə saat 23 radələrində tanışları Şahid4 və Şahid3 Şahid5 və Şahid6 ilə pul qarşılığında qeyd olunan obyektdə yerləşən, içərisində yataqlar olan kottecdə cinsi əlaqədə olmalarına şərait yaratmaqla əxlaqsız yuva təşkil etmişdir. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilməyərək qeyd etmişdir ki, uzun müddət Neftçala Rayon İcra Hakimiyyətinin sabiq başçısı İsmayıl Vəliyevin sürücüsü işləyib. İsmayıl Vəliyev həbs olunduqdan sonra guya ona məxsus olduğu deyilən “Yurdum” adlı kafe dövlət tərəfindən müsadirə edilmiş və fəaliyyət göstərməsinə icazə verilməmişdir. Həmin kafeyə nəzarət Neftçala rayon İcra və probasiya şöbəsinə tapşırılmışdır. Bir müddət sonra nəzarətsiz qaldığı üçün kafedən oğurluq hadisəsi olmuşdur. Buna görə də Neftçala rayon İcra və probasiya şöbəsinin əməkdaşı Mübariz kafeyə nəzarət etməyi ona tapşırmışdır. O da kafenin kotteclərindən otel kimi istifadə edərək qaz və işıq pulunu verməyə başlayıb. Təxminən bir il olar ki, həmin kafenin kotteclərini otel kimi istifadə edərək hər bir kottecin gecəsi 10 manat olmaqla müştərilərə verirmiş. Həmin kotteclərdə əsasən sürücülər və bura işləməyə gələn şəxslər qalıblar. 09 mart 2025-ci il tarixdə saat 19 radələrində rayon sakini kimi tanıdığı Əmrah ona zəng edərək Bakı şəhərindən qonaqlarının gəldiyini, onların kottecdə qalacaqlarını, buna görə də kottecləri göstərməsini demişdir. O da kafeyə getmiş və bir qədər sonra Əmrah və yanında bir nəfər şəxs kafeyə gəlmişlər. Əmrah və həmin şəxsə kotteci və kafeni göstərib. Əmrahgil ona stolun üzərinə viski bakalları qoymasını demişlər. Əmrahgilə həmin zalı və kottecləri istifadə etdiklərinə görə 60 manat verməli olduqlarını desə də, Əmrah baha olduğunu bildirdikdən sonra 40 manata razılaşmışlar. Əmrahın yanında olan oğlan ona 40 manat pul vermişdir. O da kafenin və kottecin açarlarını Əmrahgilə verib getmişdir. Bir qədər sonra Əmrah ona zəng edərək kafeyə gəlməsini istəmişdir. Kafeyə getdikdə orada polis əməkdaşlarının, Əmrah və yanındakı oğlanın, həmçinin 3 nəfər qadının olduğunu görmüşdür. Bu zaman Əmrahın kottecdə qalmaq üçün pul ilə görüşən qadınlar gətirdiyi ona məlum olmuşdur. Onun həmin kotteclərə qızların gələcəyindən ümumiyyətlə məlumatı olmayıb. Lakin özü nəzarət etməli olduğu halda işi çıxdığı üçün həmin kafedən getdiyindən qadınların ora gəldiklərini görməyib. Göstərilənlərə əsasən ona bəraət verilməsini məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 Nazim oğlu bildirmişdir ki, Neftçala Rayon Polis Şöbəsinin cinayət axtarışı bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 09 mart 2025-ci il tarixdə Neftçala şəhəri, M.Ə.Sabir küçəsində yerləşən “Yurdum” adlı kafenin əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərdiyi, Neftçala şəhər sakini Təqsirləndirilən şəxs pul müqabilində müxtəlif şəxslərin həmin kafedə əxlaqsızlıqla məşğul olmalarına şərait yaratması barədə Neftçala Rayon Polis Şöbəsinə raport daxil olmuşdur. Şöbə rəhbərliyi tərəfindən həmin məlumat əsasında əməliyyat tədbirlərinin keçirilməsi ona həvalə olunmuşdur. Tərəfindən bu barədə qərar qəbul edilərək rəhbərlik tərəfindən təsdiqlənmişdir. Bundan sonra Neftçala Rayon Polis Şöbəsinin cinayət axtarışı bölməsinin əməliyyat müvəkkili Şahid2la birlikdə Neftçala şəhəri, M.Ə.Sabir küçəsində yerləşən “Yurdum” kafesinə getmişlər. Videoçəkilişlə kafeyə daxil olduqda salonda bir qadının əyləşdiyini görmüşlər. Həmin qadın onları görüb özünü itirmiş və “nə olub, niyə gəlmisiniz” demişdir. Onlar həmin qadına özlərini təqdim edərək polis əməkdaşları olduqlarını, kafedə əxlaqsızlıqla məşğul olunması barədə məlumat daxil olduğunu, buna görə də kafeyə baxış keçirtmək üçün gəldiklərini bildirmişlər. Salondan başqa bir otağa daxil olmuşlar. Orada bir kişi və bir qadının çılpaq vəziyyətdə olduqlarını görmüşlər. Sonra digər otağa daxil olmuşlar. Orada da bir kişi və bir qadının çılpaq halda yataqda uzandıqlarını və həmin otaqda rəfin üzərində bir ədəd 20 manatlıq və bir ədəd 5 manatlıq pul əsginaslarının olduğunu görmüşlər. Həmin pul əsginaslarını götürüb, onlara paltarlarını geyinib salona gəlmələrini bildirmişlər. Həmin şəxslər salona gəldikdən sonra salonda əyləşən qadının Şahid7, birinci daxil olduqları otaqdakı qadının Şahid5, oğlanın isə Şahid4, 2-ci daxil olduqları otaqdakı qadının Şahid6 və oğlanın Şahid3 olduğu onlara məlum olmuşdur. Onlar pul əsginaslarının kimə məxsus olduğunu soruşmuşlar. Şahid6 həmin pul əsginaslarının onunla cinsi əlaqədə olmasının qarşılığında Şahid3 verdiyini bildirmişdir. Pul əsginasları tərəfindən qablaşdırılmış və zərflər üçün “203” saylı möhürlə möhürlənmişdir. Onlar kafedə olan şəxslərin kimliyini müəyyən edən vaxt kafeni işlədən və adları qeyd olunan şəxslərin əxlaqsızlıqla məşğul olmaları üçün şərait yaradan Təqsirləndirilən şəxs da kafeyə gəlmişdir. Amil onlardan nə baş verdiyini soruşmuşdur. Onlar Amilə özlərini təqdim etdikdən sonra Amili də digər şəxslər ilə birlikdə Neftçala Rayon Polis Şöbəsinə gətirib polis şöbəsində protokol tərtib edərək imza çəkmişlər. Daha sonra pul əsginasları olan zərfi və kafedə olan şəxsləri növbətçi hissəyə təhvil vermişlər. Şahid qismində dindirilmiş Şahid2 Şahid1 Nazim oğlunun bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Şahid3 məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Şahid3 məhkəməyə məcburi gətirilməsi barədə qərar qəbul edilərək aidiyyəti polis şöbəsinə göndərilmiş, lakin qərarın icrası təmin edilmədiyindən, onun məhkəmədə dindirilməsi mümkün olmamışdır. İşin ibtidai istintaqı zamanı Şahid3 09 mart 2025-ci il tarixdə saat 18 radələrində dostu Əmrahla kafedə çay içdiyini, Əmraha pul müqabilində görüşən bir qadın tapmasını dediyini, Əmrahın da Sevinc adlı qadına zəng etdiyini, Sevincin maraqlanıb ona deyəcəyini, təxminən 1 saat sonra onun Əmraha Sevincə təkrar zəng etməsini dediyini, Əmrahın da Sevincə yenidən zəng etdiyini, Sevincin 2 nəfər qadın olduğunu və 25 manat müqabilində bir dəfə cinsi əlaqədə olacaqlarını dediyini, onların da Sevinclə razılaşdıqlarını, Əmrahın kiməsə zəng edərək qızlarla gələcəyini, onlar üçün yer təşkil etməsini dediyini, həmin şəxsin nə dediyini eşitməsə də, Əmrahın ona “gəl gedək yerə baxaq” dediyini, Əmrahla birlikdə “Yurdum” adlı kafeyə getdiklərini, orada olan kotteclərin şəraitlərinə baxdıqlarını, yaxşı olduğu üçün həmin kottecləri kirayə götürmək qərarına gəldiklərini, kafenin sahibinin əvvəl onlardan 60 manat pul istədiyini, Əmrah baha olduğunu bildirdikdən sonra 40 manata razılaşdıqlarını, orada həmin şəxsin adının Amil olduğunu öyrəndiyini, geri qayıdaraq Əmrahın təkrar Sevincə zəng etdiyini və harada olduqlarını soruşduğunu, Sevincin də Bankə qəsəbəsində küçəyə çıxdıqlarını, gəlib onları götürmələrini dediyini, Əmrahla birlikdə ona məxsus avtomobillə Bankə qəsəbəsinə getdiklərini, orada Sevinc və adını bilmədiyi 1 nəfər qadının avtomobilə əyləşdiklərini, oradan Həsənabad qəsəbəsinə gedib digər qızı götürdüklərini və daha sonra kafeyə getdiklərini, kafenin həyətinə daxil olduqda Amilin orada onları gözlədiyini, onların avtomobildən aşağı düşdükdən sonra Əmrahın ona 20 manat pul verdiyini və üzərinə də 20 manat əlavə edərək Amilə verməsini bildirdiyini, Əmrahın qızlarla birlikdə kafeyə daxil olduğunu, o da 40 manat pulu Amilə verdiyini, Amilin də kafenin açarlarını ona verdiyini və getdiyini, daha sonra kafeyə daxil olduğunu, qızlara verməsi üçün 25 manat pulu Əmraha verdiyini, Əmrahın da üzərinə 25 manat əlavə edib görüşə gələn qadınlara verdiyini, əvvəlcə “Go” adlanan enerji içkisi içdiklərini, daha sonra o və Əmrahın hərəsinin bir qadını götürüb otaqlara daxil olduqlarını, onunla birlikdə olan qadının paltarlarını soyunduqdan sonra polis əməkdaşlarının otağa daxil olduqlarını və onları polis şöbəsinə gətirdiklərini bildirmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid4 bildirmişdir ki, rayon ərazisində etibarnamə əsasında idarə etdiyi “Mercedes Benz” markalı 10OP832 dövlət qeydiyyat nişanlı avtomobillə taksi kimi fəaliyyət göstərir. 09 mart 2025-ci il tarixdə saat 18.00 radələrində tanışı Xətai ilə kafedə oturub çay içirmişlər. Xətai ona taksi kimi fəaliyyət göstərdiyini, buna görə də pul müqabilində görüşən qadınları tanıya biləcəyini, onun üçün pul ilə görüşən bir qadın tapmasını demişdir. O da Xətaiyə belə bir qadın tanımadığını bildirmişdir. Bir müddət sonra rayon sakini kimi tanıdığı və münasibəti olduğu Sevinc adlı qadına zəng edərək pul ilə görüşən qadın tanıyıb-tanımadığını soruşmuşdur. Sevinc də ona zəng edib maraqlanacağını, əgər olsa deyəcəyini bildirmişdir. Təxminən bir saat sonra Xətai ona təkrar onun üçün pul ilə görüşən bir qadın tapmasını demişdir. O da təkrar Sevincə zəng etmiş, Sevinc də ona 2 nəfər qadının olduğunu demişdir. O, bundan sonra rayon ərazisində otel kimi fəaliyyət göstərən Amil adlı şəxsin işlətdiyi “Yurdum” adlı yerə getmişdir. Yolda Amilə zəng edərək oraya gəldiyini demişdir. O, otelə gəlib çatdıqda Amil də özünə məxsus avtomobillə kafeyə gəlmişdir. O, Amillə görüşüb otelə baxmaq istədiyini, otelə gələcəyini demişdir. Amil də onunla razılaşaraq otelə baxmasına etiraz etməmişdir. O, otelin şəraitinə baxıb yaxşı olduğunu gördükdən sonra kafeyə qayıtmışdır. Orada təkrar Sevincə zəng etmişdir. Sevincdən qadınların neçəyə görüşdüyünü soruşmuş, Sevinc əvvəl bilmədiyini demiş, o da Sevincə soruşub ona deməsini bildirmişdir. Sevinc ona zəng edərək qadınların 20 manat müqabilində görüşdüklərini demişdir. O da Sevinclə razılaşmış və harada olduqlarını soruşmuş, Sevinc ona Bankə qəsəbəsində küçəyə çıxdıqlarını, gəlib onları götürməsini demişdir. Daha sonra Xətai ilə birlikdə özünə məxsus avtomobillə Bankə qəsəbəsinə getmişdir. Orada Sevinc və adını bilmədiyi 1 nəfər qadın onun avtomobilinə əyləşmişdir. Daha sonra Neftçala rayonu, Həsənabad qəsəbəsinə gedərək oradan da bir nəfər qadını götürmüş və kafeyə getmişlər. O, avtomobildən aşağı düşəndə 20 manat pulu Xətaiyə vermiş və üzərinə 20 manat əlavə edib Amilə verməsini demişdir. Onlar içəri daxil olub qızları kafeyə aparmışlar. Xətai də geri qayıdıb pulu Amilə vermişdir. Daha sonra 25 manat Xətaidən alıb üzərinə də 25 manat əlavə edib görüşə gələn qadınlara vermişdir. Onlar əvvəl “Go” adlanan enerji içkisi içmişlər. Daha sonra Xətai və o hərəsi bir qadını götürüb otaqlara daxil olmuşlar. O və onunla birlikdə olan qadın paltarlarını soyunduqdan sonra polis əməkdaşları otağa daxil olublar. Bundan sonra onları polis şöbəsinə aparmışlar. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid5 bildirmişdir ki, Bankə qəsəbəsində qızı ilə birlikdə yaşayır. Sevinc onun qonşusudur və onunla münasibəti yaxşıdır. Sevinc onun pula ehtiyacı olduğunu bilirmiş. 09 mart 2025-ci il tarixdə saat 19 radələrində Sevinc ona zəng edərək onu evinə çağırmış və o da Sevincgilə getmişdir. Sevinc ona görüşmək istəyən adam olduğunu, görüşə bilib-bilməyəcəyini soruşmuşdur. O da görüşə biləcəyini demişdir. Sevinc ona pulu danışdığını, 20 manat müqabilində bir dəfə cinsi əlaqədə olacağını demiş, o da Sevinclə razılaşmışdır. Sevinc ona aldığı 20 manatdan heç nə almayacağını, lakin digər qızdan görüş təşkil etdiyinə görə pul alacağını demişdir. Bir qədər sonra tanımadığı bir avtomobil gələrək onları küçələrindən götürmüşdür. O, Sevinclə birlikdə avtomobilə əyləşmişdir. Avtomobildə 2 nəfər tanımadığı şəxs də olmuşdur. Onlar oradan Həsənabad qəsəbəsinə gedib digər qızı da götürmüş və daha sonra kafeyə getmişlər. Kafedə oğlanlar meyvə ilə spirtli içki qəbul etmişlər. Əmrah adlı oğlan ona 25 manat pul vermişdir. Sonra o, Əmrahla otağa keçmişdir. Paltarlarını soyunduqdan sonra polis əməkdaşları otağa daxil olmuşlar. Daha sonra onları polis şöbəsinə aparmışlar. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid6 bildirmişdir ki, rayon ərazisindəki kafelərdə ofisiant işləyir. Sevinci də Dürdanə adlı qadının kafesində işlədiyi vaxtdan tanıyır. Sevinclə münasibəti normaldır. Sevinc onun pula ehtiyacı olduğunu bilirmiş. 08 mart 2025-ci il tarixdə Sevinclə söhbət əsnasında Sevinc ona əgər adam olarsa, pul müqabilində görüşə bilib-bilməyəcəyini soruşmuşdur. O da Sevincə görüşə biləcəyini demişdir. 09 mart 2025-ci il tarixdə saat 19 radələrində Sevinc ona zəng edərək görüşmək istəyən adam olduğunu, görüşə bilib-bilməyəcəyimi soruşmuş, o da görüşə biləcəyini demişdir. Sevinc ona pulu danışdığını, 20 manat müqabilində bir dəfə cinsi əlaqədə olacağını, aldığı 20 manat pulun 10 manatını ona verəcəyini demişdir. O da Sevinclə razılaşmışdır. Bir qədər sonra Sevinc tanımadığı bir avtomobillə yaşadığı küçəyə gəlmişdir. O, avtomobilə əyləşdikdə orada tanımadığı 2 nəfər oğlan, Sevinc və bir nəfər qadının olduğunu görmüşdür. Avtomobilə əyləşdikdən sonra onlar kafeyə getmişlər. Orada digərləri meyvə ilə spirtli içki qəbul ediblər. Əmrah adlı oğlan ona 25 manat pul vermişdir. Sonra o, Xətai adlı oğlanla birlikdə otağa keçmişdir. O da pulu otaqdakı rəfin üzərinə qoymuşdur. Paltarlarını soyunduqdan sonra polis əməkdaşları otağa daxil olmuşlar. Polis əməkdaşları 25 manat pulu götürüb, paltarlarını geyinib salona gəlmələrini demişlər. Onlar paltarlarını geyinib salona keçdikdən sonra polis əməkdaşları pulun kimə məxsus olduğunu soruşmuşlar. O da həmin pulu Şahid3 cinsi əlaqədə olması qarşılığında ona verdiyini bildirmişdir. Polis əməkdaşları həmin pulu içi boş zərfdə qablaşdırıb “203” saylı möhürlə möhürləmişlər. Daha sonra onları polis şöbəsinə aparmışlar. Polis şöbəsində protokol tərtib edilmiş və o da protokola imza çəkmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid7 bildirmişdir ki, rayon ərazisində kafelərdə ofisiant kimi işləyir. Güneli də Dürdanə adlı qadının kafesində işlədiyi vaxtdan tanıyır. İlahə isə onun qonşusudur. Onlarla münasibəti normaldır. Günelin və İlahənin pula ehtiyacları olduğunu bilirdi. Günelin də pul müqabilində görüşdüyünü eşitmişdir. İlahə isə onun evinə gələrək pula ehtiyacı olduğunu, əgər adam, yəni müştəri olarsa, pul müqabilində görüşə biləcəyini demişdir. O, həmişə Əmrah adlı taksi sürücüsü ilə evinə gedirdi. Buna görə də Əmrahla münasibəti yaranmışdır. 09 mart 2025-ci il tarixdə Əmrah ona zəng edərək qonağı olduğunu, pul müqabilində görüşən qadın tapmasını demişdir. O da Əmraha maraqlanıb zəng edəcəyini bildirmişdir. Bundan sonra Günelə zəng edib pul müqabilində görüşüb-görüşməyəcəyini soruşmuş, Günel də görüşə biləcəyini demişdir. Daha sonra İlahəni evinə çağırmışdır. İlahəyə də müştəri olduğunu və pul müqabilində görüşmək istəyib-istəmədiyini soruşmuşdur. İlahə də ona görüşmək istədiyini demişdir. Daha sonra o da Əmraha zəng edərək qadınları tapdığını bildirmiş, Əmrah ondan nə qədər pul istədiklərini soruşduqda hər birinə 20 manat verməli olduqlarını demişdir. Əmrah da onunla razılaşmışdır. Bir qədər sonra Əmrah ona zəng edib harada olduqlarını soruşub. O, küçəyə çıxdıqlarını, gəlib onları aparmasını demişdir. Əmrah özünə məxsus avtomobillə Bankə qəsəbəsinə gəlib onu və İlahəni götürmüşdür. Oradan da Həsənabad qəsəbəsinə gedib Güneli götürmüşlər. Daha sonra kafeyə gediblər. Əmrah kafedə İlahəyə və Günelə 25 manat pul vermişdir. Daha sonra Günel Xətai adlı oğlanla, İlahə isə Əmrahla otaqlara keçmişlər. Təxminən 10 dəqiqə sonra polis əməkdaşları gəlib onları polis şöbəsinə aparmışdır. Təqsirləndirilən şəxs özünü təqsirli bilmədiyinə baxmayaraq, onun müvafiq cinayət əməlini törətməsi faktı şahidlərin ifadələri ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsi, habelə şahidləri dinləyib, iş üzrə toplanmış digər sübutların cəminə qiymət verərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin bildirdikləri hadisənin real hallarını təhrif etməklə təqsirləndirilən şəxsi cinayət məsuliyyətindən yayındırmaq məqsədi güdür. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətdiyini, həmçinin himayəsində iki nəfər yetkinlik yaşına çatmamış uşaqlarının olmasını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin sanksiyası daxilində islah işləri növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılmalı, həmçinin iş üzrə maddi sübut kimi tanınmış və Neftçala Rayon Polis Şöbəsində saxlanılan 25 manat məbləğində pul vəsaiti qanuni sahibi Şahid3 qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsi ilə təqsirli bilinərək qazancının 15 (on beş) faizi məbləğində dövlət nəfinə pul tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 10 – 12 mart 2025-ci il tarixləri üzrə tutulduğu 02 (iki) gün müddəti islah işləri növündə cəzanın müddətinə Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bir günə dörd gün hesabı ilə hesablansın və alınan 08 (səkkiz) gün yuxarıda qeyd olunan qazancın 15 (on beş) faizi məbləğində dövlət nəfinə pul tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasından çıxılmaqla ona qəti olaraq qazancının 15 (on beş) faizi dövlət nəfinə tutulmaqla 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətinə islah işləri cəzası təyin edilsin. Cəzasını iş yeri üzrə çəksin. Cəzasının əvvəli qazancından tutmaların aparılmasına başlandığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Neftçala Rayon Polis Şöbəsində saxlanılan 25 manat məbləğində pul vəsaiti qanuni sahibi Şahid3 qaytarılsın. Hökmdən 20 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №1(053)-72/2025
Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-72/2025
04.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver