Məhkəmə qərarları › İş №1(053)-74/2025

Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-74/2025

29.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-74/2025 29.10.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1992-ci ildə Neftçala şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Neftçala rayonu, Kürkənd kəndində qeydiyyatda olan, Abşeron rayonu, Masazır qəsəbəsində yaşayan, 17 – 19 iyul 2025-ci il tarixləri üzrə tutulmuş, 19 iyul 2025-ci ildə barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq 13,20 qram çəkidə, yəni xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuana əldə edib üzərində daşıyaraq saxlamış, 17 iyul 2025-ci il tarixdə saat 14.15 radələrində Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Neftçala rayonu, 2-ci Mayak kəndində piyada hərəkət edən zaman saxlanılıb üzərində şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli cins şalvarının sol arxa cibindən 01 ədəd bükümdə təmiz çəkisi 13,20 qram təşkil edən xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, fərdi əməklə məşğul olur. Narkotik vasitə qurudulmuş marixuanadan arabir istifadə edir. Polis əməkdaşları tərəfindən saxlanılmazdan 4 gün əvvəl, yəni 13 iyul 2025-ci ildə Neftçala rayonu ərazisində Kür çayının sahilində olarkən yerdə 01 ədəd büküm diqqətini cəlb etmişdir. Həmin bükümü götürüb baxdıqda içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olduğunu görmüşdür. Bükümdə olan qurudulmuş marixuananı şəxsi istifadəsi üçün cibinə qoymuşdur. 17 iyul 2025-ci il tarixdə saat 14 radələrində Neftçala rayonu, 2-ci Mayak kəndində piyada hərəkət edən zaman bükümdə olan qurudulmuş marixuana əynindəki şalvarının sol arxa cibində olmuşdur. Bu vaxt polis əməkdaşları onu saxlayıb özlərini təqdim etdikdən sonra videoçəkilişlə üzərinə baxış keçiriləcəyini demişlər. Baxış zamanı əynindəki qara rəngli şalvarının sol arxa cibindən 01 ədəd bükümdə qurudulmuş marixuanaya bənzər kütləni polis əməkdaşlarına təqdim etmişdir. Bundan başqa, üzərindən 01 ədəd “Keno” markalı siqaret qutusu və 01 ədəd alışqan aşkar edilmişdir. “Keno" markalı siqaret qutusu və alışqan ona geri qaytarılmışdır. Daha sonra sənədləşmə işləri üçün onu Neftçala Rayon Polis Şöbəsinə aparmışlar. Rayon polis şöbəsində ona müdafiəçi təqdim edildikdən sonra videoçəkilişlə üzərində şəxsi axtarış keçiriləcəyi bildirilib üzərində narkotik vasitə və sair cinayət xarakterli nə isə varsa təqdim etməsi təklif edilmişdir. O, üzərində narkotik vasitə olmadığını bildirmişdir. Üzərinə keçirilən şəxsi axtarış zamanı heç bir cinayət xarakterli əşya və ya predmet aşkar edilməmişdir. Həmçinin, üzərindən aşkar edilmiş qurudulmuş marixuanaya baxış keçirilib elektron tərəzidə ölçüldükdən sonra həmin narkotik vasitə qablaşdırılıb möhürlənmişdir. Daha sonra orada protokol tərtib olunmuş, digər iştirakçılar kimi o, da protokola imza etmişdir. Əməlindən peşmandır. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Neftçala Rayon Polis Şöbəsinin cinayət-axtarışı bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 17 iyul 2025-ci il tarixdə Neftçala rayonu, Kürkənd kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatı yoxlanıldıqdan sonra Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinin keçirilməsi məqsədilə şöbə rəhbərliyinə raportla məruzə etmiş və alınmış icazədən sonra əməliyyat tədbirinin keçirilməsi barədə qərar qəbul edilərək rəhbərlik tərəfindən təsdiqlənmişdir. Daxil olan əməliyyat məlumatı əsasında 17 iyul 2025-ci il tarixdə saat 14.15 radələrində Təqsirləndirilən şəxs Neftçala rayonu, 2-ci Mayak kəndində yol kənarında piyada hərəkət edən zaman görüb videoçəkilişlə saxlamışlar. Ona özlərini təqdim etdikdən sonra üzərində qanunla qadağan edilmiş narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu izah edərək üzərində qanunla qadağan edilmiş predmet olub-olmadığını soruşmuşlar. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu deyərək əynindəki qara rəngli cins şalvarının sol arxa cibindən 01 ədəd sellofan bükümü təqdim edib içərisində narkotik vasitə olduğunu bildirmişdir. Həmin bükümü açıb içərisinə baxdıqda narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olduğu müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, onun üzərindən 01 ədəd “Keno” markalı siqaret qutusu və 01 ədəd alışqan aşkar edilmiş və onların iş üçün əhəmiyyəti olmadığından Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə kağız zərfdə qablaşdırılaraq “203” saylı möhürlə möhürlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs polis şöbəsinə gətirmişlər. Polis şöbəsində protokol tərtib edilmiş və aşkar edilmiş narkotik vasitəyə bənzər kütlə ilə birlikdə Təqsirləndirilən şəxs təhqiqat bölməsinə təhvil verilmişdir. Təhqiqatçı tərəfindən tutma qərarı qəbul edildikdən sonra Təqsirləndirilən şəxs tutulmuş, hüquq və vəzifələri izah edilmiş və ona müdafiəçi təyin edilmişdir. Rayon polis şöbəsinin növbətçi hissəsində polis əməkdaşları və Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış keçirilmiş və aşkar edilmiş kütləyə baxış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş sellofan büküm açılıb baxıldıqda içində qurudulmuş marixuanaya bənzər kütlə olduğu müəyyən edilmişdir. Aşkar edilmiş həmin kütlə elektron tərəzidə çəkisi ölçüldükdən sonra aşkar olunduğu bükümdə zərfə qoyularaq ekspertizaya göndərilməsi məqsədilə qablaşdırılaraq möhürlənmişdir. Daha sonra təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, protokol iştirakçılara ucadan oxunmuş, digər iştirakçılar kimi o da həmin protokola imza etmişdir. Şahid qismində dindirilmiş Şahid2 Şahid1 məhkəməyə bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün etirafı və şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da, o cümlədən ekspert rəyləri və s. təsdiq olunur. 18 iyul 2025-ci il tarixli, 18/530 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, tədqiqata təqdim olunmuş, üzərində: «...Təqsirləndirilən şəxs üzərindən...» sözləri və imzalar olan kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi – 13,20 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. 21 avqust 2025-ci il tarixli 466 nömrəli ekspert rəyinin nəticəvi hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətdiyini, öz cinayətini etiraf etdiyini və peşman olduğunu və bir nəfər azyaşlı uşağının olmasını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə yuxarıda qeyd olunanları məcmu şəkildə qiymətləndirib cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilmədən islah olunması mümkün deyil və bu səbəbdən ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Neftçala Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 13,10 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə – qurudulmuş marixuana məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd kompakt disk iş materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 05 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 17 – 19 iyul 2025-ci il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 04 (dörd) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasının əvvəli 29 oktyabr 2025-ci ildən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri dəyişdirilərək «həbs» növündə qətimkan tədbiri seçilsin və o, hazırkı hökm elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunsun. İş üzrə maddi sübut kimi tanınmış və Neftçala Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 13,10 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə – qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar