Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-75/2024 30.10.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, zərərçəkmiş şəxs və mülki iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin nümayəndəsi Nümayəndə, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxxxx 1991-ci ildə Neftçala rayonu, 2-ci Mayak kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Neftçala rayonu, 2-ci Mayak kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 256.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli 243 nömrəli qərarı ilə təsdiq edilmiş «Balıq və digər su bioresurslarının sənaye ovu qaydaları»nın 2-ci bəndinin 2.5.1 və 2.5.6-ci hissələrinin tələblərini pozaraq, yəni balıqovlama bileti olmadan qanunsuz balıq və digər su bioresurslarını tutmaq məqsədi ilə qadağan edilmiş vaxtda – 12 iyun 2024-cü il tarixdə saat 16 radələrində Neftçala rayonu, 2-ci Mayak kəndi istiqamətində Kür çayına gəlib orada özü ilə gətirdiyi 01 ədəd «venter» adlandırılan balıqovlama vasitəsindən istifadə edərək 32 ədəd hər biri 33 manat olmaqla 1.056 manat dəyərində şamayı balıqlarını qanunsuz tutmaqla balıq ehtiyatlarına xeyli miqdarda, yəni ümumilikdə 1.056 (min əlli altı) manat məbləğində maddi ziyan vurmuş və həmin tarixdə saat 18.30 radələrində X3 İdarəsinin Neftçala XPM-nin əməkdaşları tərəfindən ekoloji cinayətləri törədənlərə qarşı keçirilmiş mübarizə xarakterli tədbirlər nəticəsində saxlanılmış, yoxlama zamanı ondan 01 cüt rezin çəkmə, 01 ədəd «venter» adlandırılan balıqovlama vasitəsi və 32 ədəd şamayı balığı aşkar edilərək götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, 12 iyun 2024-cü il tarixdə saat 16 radələrində balıq tutmaq üçün Neftçala rayonu, 2-ci Mayak kəndi istiqamətində Kür çayının sahilinə gəlmiş, orada 01 cüt rezin çəkməsini geyinib çaya girmiş və özünə məxsus olan 01 ədəd «venter» adlandırılan balıqovlama vasitəsi ilə çayda balıq tutmağa başlamışdır. Xeyli sayda balıq tutduqdan sonra həmin gün saat 18.30-da sahilə çıxarkən X3 İdarəsinin Neftçala xətt polis məntəqəsinin əməkdaşları onu saxlamışlar. Sorğu zamanı polis əməkdaşlarına bildirmişdir ki, balıq ovlamaq üçün rəsmi icazəsi yoxdur. Polis əməkdaşları ona məxsus olan balıqovlama vasitəsinə və tutduğu balıqlara videoçəkilişlə baxış keçirən zaman məlum olmuşdur ki, balıqların növü şamayı, sayı isə 32 ədəddir. Baxış keçirilməsi ilə bağlı polis əməkdaşları tərəfindən protokol tərtib edilmiş və baxışdan sonra ona məxsus olan 01 cüt rezin çəkmə, 01 ədəd «venter» adlandırılan balıqovlama vasitəsi və tutduğu 32 ədəd şamayı balığı götürülmüşdür. Qeyd edir ki, qanunsuz balıq ovu nəticəsində dövlət balıq ehtiyatlarına dəymiş zərərdən 20 manat ödəniş edib. Qalan zərəri də ödəyəcək. Törətdiyi cinayət əməlinə görə peşmandır. Mülki iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin nümayəndəsi qismində dindirilmiş Nümayəndə məhkəmə baxışı zamanı bildirmişdir ki, 12 iyun 2024-cü il tarixdə saat 18 radələrində X3 İdarəsinin Neftçala xətt polis məntəqəsinin əməkdaşları tərəfindən ekoloji cinayətləri törədənlərə qarşı mübarizə xarakterli tədbirlər həyata keçirilmişdir. Həmin tədbir nəticəsində Neftçala rayonu, 2-ci Mayak kəndində yaşayan Əzimov X2 rayonu, 2-ci Mayak kəndindən keçən Kür çayında qanunsuz balıq ovu ilə məşğul olarkən saxlanılmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs 01 cüt rezin çəkmə, 01 ədəd «venter» adlandırılan balıqovlama vasitəsi və 32 ədəd şamayı balığı aşkar edilərək götürülmüşdür. Neftçala rayonu, 2-ci Mayak kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz balıq tutması nəticəsində balıq ehtiyatlarına 1.056 manat miqdarında zərər dəyib. Təqsirləndirilən şəxs bu günədək maddi ziyandan 20 manat ödəmiş, qalan məbləği isə ödəməmişdir. Ona görə də mülki iddianın təmin olunmasını məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, X3 İdarəsinin Neftçala xətt polis məntəqəsinin rəisidir. 12 iyun 2024-cü il tarixdə X3 İdarəsinin Neftçala xətt polis məntəqəsinin əməkdaşları ilə birlikdə xidməti ərazidə qanunsuz balıq tutanlara qarşı mübarizə xarakterli tədbir keçirmişlər. Həmin tarixdə saat 18 radələrində Neftçala rayonu, 2-ci Mayak kəndindən keçən Kür çayında balıq tutmaqla məşğul olan Təqsirləndirilən şəxs saxlamışlar. Bununla bağlı videoçəkilişlə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs 01 cüt rezin çəkmə, 01 ədəd «venter» adlandırılan balıqovlama vasitəsi və 32 ədəd şamayı balığı aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, 32 ədəd şamayı balığını 01 ədəd «venter» adlandırılan balıqovlama vasitəsi ilə Neftçala rayonu, 2-ci Mayak kəndindən keçən Kür çayından ovlamışdır. O, həmçinin bildirmişdir ki, Kür çayında balıq ovu ilə məşğul olması üçün rəsmi icazəsi yoxdur. Baxış keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş və həmin protokol tədbir iştirakçıları tərəfindən imzalanmışdır. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 və Şahid1 Şahid2 bildirdiklərinə uyğun məzmunlu ifadələr vermişlər. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün səmimi etirafı, mülki iddiaçının və şahidlərin ifadələri ilə yanaşı iş materiallarına əlavə olunmuş digər sübutlarla da tam təsdiq edilir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 256.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması halı sübuta yetirilmiş sayılmalıdır. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 256.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin himayəsində üç nəfər azyaşlı uşağının və şəkərli diabet xəstəsi olan anasının olmasını, öz cinayət əməlini səmimi etiraf etdiyini və peşman olduğunu, mülki tələbin az bir qismini də olsa ödədiyini iş üzrə cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin olunması məsələsinə qiymət verərkən həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs daha əvvəllər də Cinayət Məcəlləsinin eyni, yəni 256.1-ci maddəsi ilə iki dəfə cinayət məsuliyyətinə cəlb edilərək məhkum olunmuş, cinayət cəzası çəkmişdir. Beləliklə, məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən onun əvvəllər də eyni cinayət əməlini törətdiyinə görə cinayət məsuliyyətinə cəlb olunduğunu, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 256.1-ci maddəsinin sanksiyası daxilində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.30-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış, X3 İdarəsinin Neftçala xətt polis məntəqəsində saxlanılan 01 cüt rezin çəkmə, 01 ədəd «venter» adlandırılan balıqovlama vasitəsi dövlət nəfinə keçirilməli, qanunsuz olaraq tutulmuş 32 (otuz iki) ədəd şamayı balığının ibtidai araşdırma dövründə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs X1 təhvil verildiyi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin təqsirləndirilən şəxsə qarşı mülki iddiasına münasibət bildirərək, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 179.1, 179.2 və 179.3-cü maddələrinə əsasən «Cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur», «Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir» və «Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir». Azərbaycan Respublikası MPM-nin 77.1, 14.2 və 217.4-cü maddələrinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir», «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir», «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». İşin məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, törədilmiş cinayət nəticəsində balıq ehtiyatlarına 1.056 manat miqdarında ziyan vurulub. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ibtidai istintaq dövründə təqdim etdiyi 28 iyun 2024-cü il tarixli mütəxəssis arayışından görünür ki, 1 ədəd şamayı balığının qanunsuz tutulması ilə vurulan ziyanın miqdarı 33 manat, 32 ədəd şamayı balığının qanunsuz tutulması ilə vurulan ziyanın məbləği isə 1.056 manat təşkil edir (33 manat x 32 ədəd = 1.056 manat). Beləliklə, cinayət nəticəsində balıq ehtiyatlarına vurulmuş ziyanın ümumi məbləği 1.056 manat təşkil edir. Təqsirləndirilən şəxs balıq ehtiyatlarına vurulmuş ziyandan 20 manat məbləğində ödəniş etmiş, qalan 1.036 manat ödənilməmişdir. Azərbaycan Respublikası MM-nin 21.1 və 21.2-ci maddələrinə əsasən «Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın», «Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktik hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, mülki iddia qismən təmin olunmalı, Təqsirləndirilən şəxs cinayət nəticəsində vurduğu zərərin əvəzi kimi 1.036 (min otuz altı) manat tutularaq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı regional ekologiya və təbii sərvətlər idarəsinə ödənilməli, mülki iddia qalan hissədə rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 354, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 256.1-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.30-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və X3 İdarəsinin Neftçala XPM-də saxlanılan 01 (bir) cüt rezin çəkmə, habelə 01 (bir) ədəd «Venter» adlandırılan balıqovlama vasitəsi dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış 32 (otuz iki) ədəd şamayı balığının hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs X1 iş üzrə ibtidai araşdırma dövründə təhvil verildiyi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlansın. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin Təqsirləndirilən şəxs qarşı mülki iddiası qismən təmin edilsin, Təqsirləndirilən şəxs cinayət nəticəsində vurduğu zərərin əvəzi kimi 1.036 (min otuz altı) manat tutularaq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı regional ekologiya və təbii sərvətlər idarəsinə ödənilsin. Mülki iddia qalan hissədə rədd olunsun. Hökmdən 20 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №1(053)-75/2024
Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-75/2024
30.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver