Məhkəmə qərarları › İş №1(053)-76/2023

Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-76/2023

27.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-76/2023 27.12.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxx 1990-cı il tarixdə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Salyan rayonu, Aşağı Kürkənd kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, 09 -11 sentyabr və 21 – 23 sentyabr 2023-cü il tarixləri üzrə şübhəli şəxs qismində tutulmuş, 23 sentyabr 2023-cü il tarixdə barəsində «Başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 0,543 qram çəkidə narkotik vasitə olan heroini əldə edib üzərində daşıyaraq saxlamış, 09 sentyabr 2023-cü il tarixdə, saat 15 radələrində Salyan rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Salyan rayonu, Aşağı Kürkənd kəndi ərazisində, yaşadığı evin yaxınlığında saxlanılaraq Salyan rayon polis şöbəsinə gətirilib, üzərində şəxsi axtarış keçirilərkən, əynindəki göy rəngli cins şalvarın sol ön cibindən bir ədəd bükülüdə, təmiz çəkisi 0,543 qram olan narkotik vasitə heroin aşkar edilǝrǝk götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs Camǝləddin oğlu təkrar olaraq istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 0,955 qram çəkidə narkotik vasitə olan heroini əldə edib üzərində daşıyaraq saxlamış, 21 sentyabr 2023-cü il tarixdə, saat 18:20 radələrində Neftçala rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Salyan - Neftçala avtomobil yolunun Neftçala rayonu, Aşağı Surra kəndindən keçən hissəsində, yolun kənarında saxlanılaraq, Neftçala rayon polis şöbəsinə gətirilib, üzərində şəxsi axtarış keçirilərkən, əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən siqaretin sellofanına bükülmüş, bir ədəd bükülüdə təmiz çəkisi 0,955 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməllərini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, Salyan rayonu, Aşağı Kürkənd kəndində ailəsi ilə yaşayır. 2 azyaşlı övladı var. Özü usta kimi fəaliyyət göstərir. Kafel-metlax ustasıdır. Narkotik vasitə heroindən təxminən 2 ildir ki, istifadə edir. xx.xx.2023-cü il tarixdə günorta saatlarında yaşadığı Aşağı Kürkənd kəndində, Kür çayının sahilində gəzişərkən yerdəki sellofan bükülü diqqətini cəb etmişdir. Həmin bükümü açıb baxdıqda içərisində "kakos" adlanan heroini görmüşdür. Büküb cibinə qoymuşdur ki, istifadə edər. Həmin heroindən 2 gün istifadə edib, qalanın da cibinə qoymuşdur. xx.xx.2023-cü il tarixdə, saat 15 radələrində Salyan rayonu, Aşağı Kürkənd kəndində yaşadığı evin yanında olarkən mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirdirib, onu Salyan RPŞ-yə gətirmişlər. Polis şöbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində tutulduğu ona elan olunmuşdur. Müdafiəçinin iştirakı ilə hüquq və vəzifələri izah edilərək, bu barədə ona bildiriş təqdim edilmişdir. Bundan sonra videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Ona təklif olunmuşdur ki, üzərində hər hansı qadağan edilmiş əşya varsa təqdim etsin. O, üzərində "kakos" kimi tanınan heroin olduğunu bildirib, əynindəki göy rəngli cins şalvarın sol qabaq cibindən çıxarıb bükülüdə təqdim etmişdir. Bildirmişdir ki, həmin heroini Kür çayının sahilində, 2 gün öncə yerdən tapmışdır. Öz istifadəsi üçün üzərində saxlamışdır. Heç kimə satmamışdır və belə niyyəti olmayıb. Həmin büküm elektron tərəzidə çəkildikdə 0,63 qram göstərmişdir. Aşkar edilmiş bükümdə olan heroin zərfə qoyulub qablaşdırılmışdır. Möhürlü kağızla möhürlənmişdir. O və iştirakçılar həmin zərfin üzərini imzaladıqdan sonra zərf götürülmüşdür. Bu barədə tərtib edilmiş protokol ona ucadan oxunmuş, o da protokolu imzalamışdır. Barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. O, yenə çölə buraxılmışdır. Bundan sonra xx.xx.2023-cü il tarixdə, səhər saatlarında, Kür çayının Salyan rayonundan keçən hissəsində, bəndin üzərində gəzən zaman yerdə diqqəti cəlb edən bir bükülü görmüşdür. Həmin bükülünü götürmüşdür. Açıb baxdıqda görmüşdür ki, içərisində yenə də narkotik vasitə heroin vardır. Ətrafda kimsənin olmadığını görüb, həmin heroini tapdığı bükülüdə büküb əynindəki göy rəngli şalvarın sağ cibinə qoymuşdur. Düşünmüşdür ki, axşam istifadə edər. Xəstə olduğu üçün ondan imtina edə bilmir. Ondan bir gün qabaq, xx.xx.2023-cü il tarixdə Neftçala rayonu, Xıllı qəsəbəsində olan tanışı mənə xəbər göndərmişdir ki, gəlib bizim evdə təmir işləri görmək üçün baxarsan. O da demişdim ki, sabah günortadan sonra gələrəm. Həmin günü səhər çıxıb Kür çayının sahilində gəzəndə həmin narkotik vasitəni tapıb cibinə qoymuşdur. Günorta vaxtı nahar etdikdən sonra Neftçala taksilərinin olduğu dayanacağa gəlmişdir. Orada köhnə bir "Vaz-2107" markalı taksiyə minmişdir. Maşınla gələrkən Neftçala rayonu, Aşağı Surra kəndində tanımadığı yerdə, yolun kənarında maşın xarab olmuşdur. Sürücü bildirmişdir ki, bu maşınla axıra kimi gedə bilməyəcəydir. O, bir qədər kənarlaşıb başqa bir nəqliyyat vasitəsi gözləyirmiş. Təxminən 5-10 dəqiqə sonra mülki geyimdə olan şəxslər yolda ona yaxınlaşıb, özlərini təqdim edib, polis əməkdaşları olduqlarını bildirmiş və üstündə qanunsuz narkotik vasitə saxlamağı barədə məlumatları olduğu üçün onu Neftçala rayon polis şöbəsinə aparacaqlarını deyərək avtomobilə əyləşdirmiş və Neftçala rayon polis şöbəsinə aparmışlar. Neftçala rayon polis şöbəsinin inzibati binasında, növbətçi hissədə video çəkilişlə təhqiqatçı tərəfindən ona bildirilmişdir ki, üzərində qanunsuz narkotik vasitə saxlamağı barədə məlumat daxil olduğu üçün barəsində şübhəli şəxsi tutma qərarı tərtib edilmiş, müdafiəçi barədə hüquqları izah olunmuş, müdafiəçi siyahısı və Müdafiəçi ona təqdim edilmiş, maddi imkanı olmadığından Müdafiəçi hüquqlarını dövlət vəsaiti hesabına müdafiə etməsini xahiş etmiş, daha sonra barəsində şübhəli şəxs kimi tutma protokolu tərtib olunmuşdur. Bundan sonra üstündə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Ona təklif olunmuşdur ki, üzərinizdə hər hansı qanunsuz əşya və ya predmet varsa təqdim etsin. Video çəkliş zamanı əynindəki göy rəngli şalvarın sağ cibinə qoyduğu 01 (bir) ədəd bükülüdə narkotik vasitə heroini təhqiqatçıya təqdim etmişdir. Sonra isə polis əməkdaşları üstündə şəxsi axtarış aparmışlar və üzərindən heç bir narkotik vasitə və ya cinayət xarakterli predmet aşkar olunmamışdır. Üzərində saxladığı, şəxsi axtarış zamanı aşkar edilmiş, sellofan bükülüdə bükülmüş olan narkotik vasitə kağız zərfdə qablaşdırılaraq möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, o da protokola və narkotik vasitə qoyulan kağız zərfə imza etmişdir. Hazırda əməlindən peşmandır. Qeyd edir ki, üzərindən aşkar edilmiş narkotik vasitə olan heroini özü qəbul edəcəkmiş. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış, yalnız istifadəçisidir. Əməlindən peşmandır. Şahid qismində dindirilmiş polis əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, Salyan RPŞ-nin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx.xx.2023-cü il tarixdə Salyan rayonu, Aşağı Kürkənd kənd sakini Təqsirləndirilən şəxs Camǝləddin oğlunun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu və üzərində narkotik vasitə saxladığı barədə rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Alınmış məlumatın yoxlanılması üçün yaradılmış əməliyyat qrupunun tərkibində Təqsirləndirilən şəxs ola biləcəyi ehtimal olunan yerləri əməliyyat nəzarətinə götürmüşlər. Həmin tarixdə, saat 15:00-da Təqsirləndirilən şəxs Salyan rayonu, Aşağı Kürkənd kəndi ərazisində, yaşadığı evin yaxınlığında müşahidə edib, yaxınlaşıb özlərini təqdim edərək, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib, birlikdə rayon polis şöbəsinə getməyi təklif etmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs müstəntiq tərəfindən şübhəli şəxs qismində tutulmuş, təqdim olunmuş müdafiəçinin iştirakı ilə hüquq və vəzifələri izah edildikdən sonra videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində narkotik vasitə, psixotrop maddə və qadağan olunmuş digər əşya və ya predmet varsa təqdim etsin. Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində "kakos" kimi tanıdığı narkotik vasitə olan heroin vardır və əynindəki göy rəngli cins şalvarın qabaq sol cibindən bir ədəd sellofan büküm çıxardıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin bükümün içərisinə baxıldıqda orada narkotik vasitə heroinə oxşar kütlə olduğu məlum olmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, onun üzərində aşkar edilmiş bir bükümdə olan kütlə "kakos" kimi tanıdığı narkotik vasitə heroindir, özünə məxsusdur. Həmin heroini 2 gün əvvəl yaşadığı kənddə, Kür çayının sahilində yerdən tapmış, heroin olduğunu bilib özü qəbul etmək üçün cibinə qoyub, üzərində saxlamış, həmin heroindən özü qəbul etmiş, lakin heç kimə satmamışdır. Satmaq niyyəti və məqsədi olmamışdır. Təqsirləndirilən şəxs aşkar edilmiş həmin büküm elektron tərəzidə çəkildikdə çəkisi 0,63 qram təşkil etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilmiş həmin büküm kağız zərfə qoyulub qablaşdırılmış, möhürlü kağızla möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra müstəntiq tərəfindən götürülmüşdür. Keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən digər əşya və pul aşkar edilməmişdir. Bu barədə müstəntiq tərəfindən tərtib edilmiş protokol ucadan oxunduqdan sonra protokolu imzalamışdır. Şahid qismində dindirilmiş X7 Şahid1 bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Şahid qismində dindirilmiş polis əməkdaşı Şahid3 ifadəsində göstərmişdir ki, hazırda Neftçala RPŞ-nin X1 baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Hadisə ilə əlaqədar qeyd etmişdir ki, Salyan şəhər sakini Təqsirləndirilən şəxs Neftçala rayonu ərazisinə gələrək, qanunsuz olaraq narkotik vasitəni üzərində saxlaması və qəbul etməsi barədə daxil olmuş əməliyyat məlumatı yoxlanıldıqdan sonra onun ətrafında əməliyyat tədbirlərinin keçirilməsi məqsədilə tərəfindən şöbə rəhbərliyinə raportla məruzə edilmiş və icazədən sonra əməliyyat tədbirinin keçirilməsi barədə qərar qəbul edilərək rəhbərlik tərəfindən təsdiqlənmişdir. Daxil olan əməliyyat məlumatı əsasında 21 sentyabr 2023-cü il tarixdə, saat təxminən 18:20 radələrində Təqsirləndirilən şəxs Camǝləddin oğlu Neftçala rayonu, Aşağı Surra kəndi ərazisində Salyan- Neftçala avtomobil yolunun kənarında saxlanılmışdır. Həmin zaman ətrafda kənar şəxslərin çox olması, sənədləşmə işlərinin aparılmasına münasib yer olmadığına görə o, polis şöbəsinə gətirilmişdir. Şöbə rəhbərliyinə raportla məruzə edildikdən sonra o, təhqiqat qrupuna təhvil verilmişdir. Təhqiqatçı tərəfindən tutma qərarı qəbul edildikdən sonra Təqsirləndirilən şəxs tutulmuş, hüquq və vəzifələri ona izah edilmiş və ona müdafiəçi təyin edilmişdir. RPŞ-nin növbətçi hissəsində polis əməkdaşları və Müdafiəçi iştirakı ilə onun üzərində videoçəkilişlə şəxsi axtarış keçirilən zaman təhqiqatçı Rauf Səmədov Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməzdən əvvəl üzərində narkotik vasitə və ya hər hansı başqa cinayət xarakterli predmet varsa təqdim etməsini təklif etmişdir. Bu vaxt Təqsirləndirilən şəxs Camǝləddin oğlu əynindəki göy rəngli cins şalvarın sağ cibindən, siqaretin sellofanına bükülmüş, bir ədəd bükülüdə narkotik vasitə olduğunu və təqdim etmək istədiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs Camǝləddin oğlunun təqdim etdiyi büküm açılıb-baxıldıqda, içində heroinə bənzər kütlə aşkar olunmuşdur. Aşkar edilmiş kütlələr aşkar olunduğu bükümdə zərfə qoyularaq ekspertizaya göndərilməsi məqsədilə qablaşdırılaraq möhürlənmişdir. Orada təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, protokol iştirakçılara ucadan oxunmuş, digər iştirakçılar kimi o da həmin protokola imza etmişdir. Şahid qismində dindirilmiş Şahid4 Şahid3 bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün səmimi etirafı və şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. 10 sentyabr 2023-cü il tarixli, 18/897 nömrəli Ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “Tədqiqata təqdim edilmiş, üzərində: “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi -0,543 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Heroin- 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na (siyahı İ) daxildir”. 22 sentyabr 2023-cü il tarixli, 18/935 nömrəli Ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “Tədqiqata təqdim edilmiş, üzərində: “.../imza var/ Təqsirləndirilən şəxs Camaləddin...” sözləri və imzalar olan kağız paketdəki 1 ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi-0,955 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir (İ siyahı)”. 13 sentyabr 2023-cü il tarixli, 882 saylı Ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs Asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən, Salyan Rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli hökmünün surətindən və Salyan rayon İcra və probasiya şöbəsinin 31 oktyabr 2023-cü il tarixli, 149110/04 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə üzərində qəti olaraq 20%-i dövlət nəfinə tutulmaqla 08 ay 22 gün müddətinə islah işləri cəzası saxlanılmiş, “8 Noyabr - Zəfər Günü münasibətilə Amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli qərarının 2.8-ci bəndinə əsasən cəzadan azad edildiyi üçün hökm 27 yanvar 2022-ci il tarixdə şöbənin qeydiyyatından çıxarılmışdır. “Salyan RMX” X9 verilmiş xx.xx.2023-cü il tarixli, 18-1-68/2- 2307/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 2021-ci ildən “Opiyatların qəbulu F19x2” diaqnozu ilə qeydiyyatdadır. Psixonevroloji qeydiyyatda yoxdur. Salyan rayon İHB-nin Arbatan İƏDÜN-dən daxil olmuş xx.xx.2023-cü il tarixli, 844 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Salyan rayonu, Aşağı Kürkənd kəndində həyat yoldaşı X5, oğlu - 2012-ci il təvəllüdlü X4 və qızı - 2016-cı il təvəllüdlü X3 ilə qeydiyyatda olmaqla orada yaşayır. Yaşayış yerindən verilən xasiyyətnamədə müsbət xarakterizə olunur. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs öz cinayətini səmimi etiraf etdiyini və peşman olduğunu, himayəsində iki nəfər azyaşlı uşağının olduğunu iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə eyni zamanda qeyd edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini iki dəfə, yəni 09 sentyabr 2023-cü il və 21 sentyabr 2023-cü il tarixlərində törədib. Ona görə də Təqsirləndirilən şəxs əməlində CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilməlidir. İş üzrə cəzanı ağırlaşdıra biləcək başqa hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Neftçala Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,493 qram və 0,905 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd kompakt disk iş materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 81 (səksən bir) manat 69 (altmış doqquz) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 09 -11 sentyabr və 21 – 23 sentyabr 2023-cü il tarixləri üzrə tutulduğu 04 (dörd) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasının əvvəli 27 dekabr 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «Başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri dəyişdirilərək «Həbs» növündə qətimkan tədbiri seçilsin və o, hazırkı hökm elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «Həbs» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Neftçala Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,493 qram və 0,905 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 81 (səksən bir) manat 69 (altmış doqquz) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan edildiyi, həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi tarixdən 20 (iyirmi) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar