Məhkəmə qərarları › İş №1(053)-76/2024

Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-76/2024

27.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-76/2024 27.11.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxx 2001-ci il tarixdə Neftçala şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, “Vətən Müharibəsi” iştirakçısı, Neftçala şəhəri, 6-cı məhəllədə qeydiyyatda olan və orada yaşayan, 07 – 09 iyun 2024-cü il tarixləri üzrə tutulmuş, Şirvan Apellyasiya Məhkəməsinin 14 iyun 2024-cü il tarixli qərarı ilə barəsində əvvəli 14 iyun 2024-cü il tarixdən hesablanmaqla 02 ay 28 gün müddətinə «həbs» növündə qətimkan tədbiri seçilmiş, Neftçala Rayon Məhkəməsinin 04 sentyabr 2024cü il tarixli qərarı ilə barəsində əvvəli 04 sentyabr 2024-cü il tarixdən hesablanmaqla «ev dustaqlığı» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında audio video yazı istifadə edilməklə baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 07 iyun 2024-cü il tarixdə, saat 02:30 radələrində Neftçala şəhəri, Nizami Gəncəvi küçəsində yerləşən E.Həbibov adına Neftçala şəhəri 4 saylı tam orta məktəbin yaxınlığında şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı tanışları Şahid2 və Şahid5 yumruq və təpiklə bədəninin müxtəlif nahiyələrinə vuraraq Şahid2 alının sol nahiyəsinin sıyrığı, dərialtı hematoması, sol göz orbitasının qançırı, gözün ağlı qişasının qansızması, döş qəfəsinin sol arxa nahiyəsinin, sol saidin orta 1/3-nin sıyrıqları ilə müşayiət olunan sağlamığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmaya, Adıgözəl Astanova alının sol nahiyəsinin sıyrığı, dərialtı hematoması, sol gözün üst qapağının qançırı ilə müşayiət olunan sağlamığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmaya aid xəsarətlər yetirdiyi üçün Şahid2 hadisə barədə qohumu Zərərçəkmiş şəxs məlumat vermiş, birlikdə dərhal hadisə yerinə gəldikdən sonra Zərərçəkmiş şəxs qohumu Şahid2 döydüyü üçün ona iradını bildirdikdə, o, heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs sifətinə yumruqla vuraraq, sonuncuya sağ göz orbitasının qançırı, şişkinliyi, sağ almacıq sümüyünün orbit ucunun qəlpəli sınığı, kəllə beyin travması, beyin silkələnməsi ilə müşayiət olunan sağlamlığının uzun müddətə pozulmasına səbəb olub qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, 07 iyun 2024-cü il tarixdə, gecə saatlarında Kənan Xanşikiyev, Şahid5 və Zərərçəkmiş şəxsla aralarında dava-dalaş baş vermişdir. Belə ki, hadisədən təxminən 10 gün əvvəl dostu Şahid1lə birlikdə Neftçala şəhəri ərazisində “Bayraq Meydanı” deyilən yerdə çay içən zaman, Şahid2 və Şahid5 da oraya gəlmiş, gələrkən onların çay içdikləri masaya toxunmuşlar. O da Kənan və Adgözələ asta olmalarını, düz yerimələrini deyəndə, aralarında sözlə mübahisə yaranmış, bir-birlərinə nalayiq sözlər desələr də orada olan tanımadıqları şəxslər onları aralaşdırıb dava olmasının qarşısını almışlar. O da Kənan və Adgözələ “bu söhbəti başqa vaxt həll edərik” demiş, sonuncular onların oturduqları yerdən uzaqlaşmışlar. Həmin vaxtdan Kənan və Adgözəlin səhv hərəkətlərinə görə onlarla yarım qalmış söhbətlərini həll etmək üçün məqam axtarmışlar. 07 iyun 2024-cü il tarixdə, gecə saat 01 radələrində yaşadığı Neftçala şəhəri, Qoltuq məhəlləsindən dostu Şahid1 idarə etdiyi avtomobillə “Oryat Market”ə tərəf gedən zaman, qazi yoldaşları Ağaəli, Vüsal, Ceyhun, Əlniyaz və Allahyar da onların yanına gəlmiş və M.Ə.Rəsulzadə küçəsində dayanıb söhbət etmişlər. Bu zaman Şahid2lə Şahid5 həmin yerdən keçdiyini görmüş və onlara söz atmağa başlamışdır. Kənan və Adgözəl nə səbəbə onlara söz atdığını soruşduqda, o, keçən dəfə söhbətlərinin yarım qaldığını demiş və ünvanlarına nalayiq sözlər deməyə başlamışdır. Həmin vaxt aralarında sözlə mübahisə yaranmış, onların ünvanına nalayiq sözlər deməyə başlamışdır. Onlar Kənan və Adgözəli vurmaq istəyən zaman, Kənan və Adgözəl qaçaraq oradan uzaqlaşmışdır. O da Şirxana yenə Kənangili əllərindən qaçırmaları barədə məyusluğunu bildirmiş və qazi yoldaşlarından ayrılıb Şirxanla birlikdə gəzməyə davam etmişdir. Həmin gün saat 02:30 radələrində Şirxanla birlikdə olan zaman, Neftçala şəhəri, Nizami küçəsində yerləşən 4 saylı orta məktəbin yaxınlığında yenidən Kənan və Adgözəllə rastlaşmışlar. Həmin vaxt da qarşılıqlı olaraq bir-birlərinə söyüş söyməyə başlamış və Şirxanla birlikdə Kənan və Adgözəlin baş və bədəninin müxtəlif nahiyələrindən yumruq və təpiklə vurub onlara xəsarət yetirmişlər. Həmin vaxt Kənan hadisə yerindən kənara çəkilib qohumu Zərərçəkmiş şəxs zəng vurmuş və qısa bir müddət ərzində Cabbar Kənanla birlikdə hadisə yerinə gəlmişdir. Cabbar Kənan və Adgözəli kimin vurmasını soruşduqda, o, Adgözəl və Şirxanın yanından qabağa çıxıb Cabbara “onları mən vurmuşam” demiş, Cabbar da onu söymüşdür. Bu zaman o, sol əli ilə Cabbarın sifətindən yumruqla bir dəfə vuraraq ona bədən xəsarəti yetirmiş, Cabbar zərbənin təsirindən yerə əyilmişdir. Həmin vaxt polis əməkdaşları gəlib onları polis şöbəsinə gətirmişlər. 07 iyun 2024-cü il tarixdə Kənan və Adgözəllə ilk rastlaşdıqları vaxtdan 4 saylı orta məktəbin yanında baş vermiş dava- dalaş birlikdə təxminən 30 dəqiqə ərzində baş vermişdir. Məktəbin qarşısında baş vermiş dava-dalaş isə 2-3 dəqiqə baş vermiş, sonradan Cabbar da gəldikdən sonra bir-iki dəqiqə onunla mübahisələri olmuş, o, Cabbarı vurub xəsarət yetirmişdir. Hadisə baş verən zaman orada o, Şirxan, Kənan və Adgözəl olmuş, sonradan oraya Cabbar gəlmiş, başqa şəxs olmamışdır. Belə ki, hava qaranlıq və gecə saatları olduğundan ətrafda heç kim olmamış, Cabbar gəldikdən sonra o, Cabbarla dava edib onu vurmuşdur. O, Cabbarı vuranda Adgözəl və Şirxan kənarda dayanmış, sonuncular onun Cabbarla davasına qarışmamışlar. Kənan və Adgözəllə Neftçala şəhəri, M.Ə.Rəsulzadə küçəsində ilk rastlaşdıqları vaxtda onun yanında Şirxanla birlikdə digər qazi yoldaşları Ağaəli, Vüsal, Ceyhun, Əlniyaz və Allahyar olmuş, lakin qazi yoldaşları həmin vaxt onların söhbətinə qarışmamışlar. Həmin gün saat 02:30 radələrində Nizami küçəsində yerləşən 4 saylı orta məktəbin qarşısında baş vermiş dava-dalaş zamanı isə qazi yoldaşları artıq onlardan ayrılmış, o, Şirxanla birlikdə olmuşdur. Orada Kənan və Adgözəllə aralarında dava- dalaş olmuş, onlara xəsarət yetirmişlər. Sonra Kənan qohumu Zərərçəkmiş şəxs zəng edib köməyə çağırmış, Cabbar da gəldikdən sonra onunla aralarında dava-dalaş olmuşdur. Həmin vaxt qeyd etdiklərindən başqa hadisə yerində heç kim olmamış, sonra polis əməkdaşları gəlmiş və onları polis şöbəsinə aparmışlar. Əvvəlki ifadələrində çoxlu polis əməkdaşlarının hadisə yerinə gəlməsini demiş, müstəntiq də onu səhv anlayaraq hadisə yerində adamların çox olmasını ifadəsində qeyd etdiyini bildirmişdir. Göstərilənləri nəzərə almağı məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəmənin 20 noyabr 2024-cü il tarixə təyin edilmiş məhkəmə baxışı iclasında bildirmişdir ki, Şahid2 bibisi nəvəsidir. 07 iyun 2024cü il tarixdə, gecə saat təxminən 02:30 radələrində Neftçala şəhərində yaşadığı evdə yatdığı zaman, istifadə etdiyi mobil nömrəyə zəng gəlmiş və bundan sonra yuxudan oyanmışdır. Mobil telefonuna baxanda Kənanın ona zəng vurduğunu görmüş və telefonunu açmışdır. Kənan ona telefonda bildirmişdir ki, onu və onun dostu Neftçala şəhər sakini Adgözəli Neftçala şəhəri, Nizami küçəsində yerləşən 4 saylı məktəbin yaxınlığında “Vətən Müharibəsi” iştirakçıları olan qazilər Ədalət və Şirxan yumruq və təpiklə döyüb vurmaqla onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirmişlər. O da həmin vaxt xidmətdə olmamış, telefonda Kənana demişdir ki, “məni gözlə gəlirəm və birlikdə onların yanına gedib nə üçün sizləri vurub bədən xəsarətləri yetirdiklərini öyrənək”. O, evdən çıxmış, yaşadığı evin yaxınlığında olan qohumu Şahid2lə birlikdə idarə etdiyi “VAZ-2109” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Neftçala şəhərindəki sökülmüş 4 saylı məktəbin yaxınlığına gəlmiş, avtomobildən Kənanla birlikdə aşağı düşəndə Ədaləti görmüşdür. Həmin vaxt Adgözəl və Şirxan da kənarda dayanmışlar. O, həmin yerə yaxınlaşıb kimin Kənanı vurub xəsarət yetirməsi ilə maraqlanmış, bu zaman Təqsirləndirilən şəxs irəli çıxmış və uşaqları döydüyünü, əcəb edib vurduğunu bildirmişdir. O da cavabında Ədalətə “sən qələt edib belə bir iş görmüsən” demişdir. Bu zaman Təqsirləndirilən şəxs ani olaraq ona sol əli ilə iki dəfə yumruq atmış, həmin yumruqların biri onun sağ gözünə dəymişdir. Bu zaman sifətində bərk ağrı hiss edib yerə əyilmiş, Ədalətdən nə üçün onu belə qəfil və ani olaraq vurmasını soruşmuşdur. Həmin vaxt polis əməkdaşları gəlib onları polis şöbəsinə gətirmişlər. Hadisə təxminən 2-3 dəqiqə ərzində baş vermiş, hadisə yerində o, Kənan, Kənanın dostu Adgözəl, Ədalət və Şirxan olmuşdur. Hadisə zamanı Ədalət yumruqla onun sifət nahiyəsindən vuran zaman, sifətində bərk ağrı hiss etdiyindən yerə əyilmiş, həmin vaxt Adgözəl, Kənan və Şirxan da orada olsalar da, onlar hadisəyə qarışmamış, kənardan durub hadisəni izləmişlər. O, hadisə yerinə gələndə Şirxan və Adgözəl kənarda dayanmış, o, gələndən sonra Ədalət həmin şəxslərdən ayrılıb ona tərəf gəlmiş və Ədalətlə aralarında dava-dalaş baş vermişdir. Orada başqa şəxs olmamış, sonradan polis əmkdaşları gəlmiş və onları polis şöbəsinə gətirmişlər. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tamamilə ödənilmişdir. Bu səbədən ona qarşı heç bir şikayət və tələbi yoxdur. Qeyd etdikləri ilə bağlı ərizəsini məhkəməyə təqdim edir. Əlavə olaraq qeyd edir ki, növbəti məhkəmə iclaslarında iştirak edə bilməyəcəkdir. İşə onun iştirakı olmadan baxılmasını və ərizəsinin nəzərə alınmasını məhkəmədən xahiş edir. Şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, Neftçala rayonu, Həsənabad qəsəbəsində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, İİ Qarabağ döyüşlərində iştirak etdiyi üçün qazidir. Baş vermiş məlum hadisə ilə əlaqədar qeyd edir ki, 07 iyun 2024-cü il tarixdə, gecə saat 01 radələrində qazi yoldaşları Ədalət, Şirxan, Ağaəli, Vüsal, Əliniyaz və Allahyarla birlikdə M.Ə.Rəsulzadə küçəsində dayanıb söhbət etmişlər. Bu zaman sonradan adlarını bildiyi Şahid2lə Şahid5 həmin yerdən keçdiyini görmüş və Ədalət həmin şəxslərə söz atmağa başlamışdır. Kənan və Adgözəl Ədalətdən nə səbəbə onlara söz atdığını soruşduqda, Ədalətlə onların arasında mübahisə yaranmış və ünvanlarına nalayiq sözlər deməyə başlamışdır. Həmin vaxt Şirxan da Ədalətin yanında olmuş, onların aralarında sözlə mübahisə yaranmışdır. O isə qazi yoldaşları ilə kənarda dayanmış, söhbətə qarışmamışlar. Ədalət və Şirxan həmin uşaqları vurmaq istəmiş, həmin vaxt uşaqlar qaçıb getmişlər. Ədalət və Şirxan da yenidən onların yanlarına gəlmiş və bir qədər də söhbət etdikdən sonra, Ədalət və Şirxan onlardan ayrılmış, onlar da oradan uzaqlaşıb evlərinə getmişlər. Həmin vaxt qazi yoldaşları ilə kənarda dayanıb öz söhbətini etmiş, Ədalət və Şirxan onlardan ayrılıb Kənan və Adgözəllə sözlə mübahisə etməyə başlamışlar, sonra da Kənan və Adgözəl qaçıb getmişlər, yəni orada heç bir dava-dalaş olmamışdır. Həmin vaxt Ağaəli Kənan və Adgözələ heç bir söz atmamış, onlara sözü Ədalət atmışdır. Sözlə mübahisədən sonra isə onlar çıxıb evlərinə getmişlər. Neftçala şəhəri, Nizami küçəsində yerləşən 4 saylı orta məktəbin yaxınlığında baş vermiş dava-dalaşdan hadisənin səhəri günü xəbəri olmuşdur. Şahid qismində dindirilmiş Şahid4 tanışı Şahid3 bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, 07 iyun 2024-cü il tarixdə, gecə saatlarında Kənan Xanşikiyev, Şahid5 və Zərərçəkmiş şəxsla aralarında dava-dalaş baş vermişdir. Belə ki, hadisədən təxminən 10 gün əvvəl dostu Təqsirləndirilən şəxsla birlikdə Neftçala şəhəri ərazisində “Bayraq Meydanı” deyilən yerdə çay içən zaman, Şahid2 və Şahid5 da oraya gəlmiş, gələrkən onların çay içdikləri masaya toxunmuşlar. Ədalət də onlara asta olmalarını, düz yerimələrini deyəndə, aralarında sözlə mübahisə yaranmış, bir-birlərinə nalayiq sözlər desələr də orada olan tanımadıqları şəxslər onları aralaşdırıb dava olmasının qarşısını almışlar. Ədalət də onlara “bu söhbəti başqa vaxt həll edərik” demiş, Kənan və Adgözəl də onların oturduqları yerdən uzaqlaşıb getmişlər. Həmin vaxtdan Kənan və Adgözəlin səhv hərəkətlərinə görə onlarla yarım qalmış söhbətlərini həll etmək üçün məqam axtarmışlar. 07 iyun 2024-cü il tarixdə, gecə saat 01 radələrində dostu Təqsirləndirilən şəxsla “Oryat Market”ə tərəf gedən zaman, qazi yoldaşları Ağaəli, Vüsal, Ceyhun, Əlniyaz və Allahyar da onların yanlarına gəlmiş və M.Ə.Rəsulzadə küçəsində dayanıb söhbət etmişlər. Bu zaman Şahid2lə Şahid5 həmin yerdən keçdiyini görmüş və onlara söz atmağa başlamışlar. Kənan və Adgözəl nə səbəbə onlara söz atdıqlarını soruşduqda, Ədalət keçən dəfə söhbətlərinin yarım qaldığını demiş və ünvanlarına nalayiq sözlər deməyə başlamışdır. Həmin vaxt aralarında sözlə mübahisə yaranmış, Kənan və Adgözəl də onların ünvanına nalayiq sözlər deməyə başlamışdır. Onlar Kənan və Adgözəli vurmaq istəyən zaman, sonuncular qaçaraq oradan uzaqlaşmışlar. Ədalət də ona yenə də Kənangili əllərindən qaçırmaları barədə məyusluğunu bildirmiş və qazi yoldaşlarından ayrılıb Ədalətlə birlikdə gəzməyə davam etmişlər. Həmin gün saat 02:30 radələrində Ədalətlə birlikdə olan zaman, Nizami küçəsində yerləşən 4 saylı orta məktəbin yaxınlığında yenidən Kənan və Adgözəllə rastlaşmışlar. Həmin vaxt da qarşılıqlı olaraq bir-birlərinə söyüş söyməyə başlamış və Ədalətlə birlikdə Kənan və Adgözəlin baş və bədəninin müxtəlif nahiyələrindən yumruq və təpiklə vurub onlara xəsarət yetirmişlər. Həmin vaxt Kənan hadisə yerindən uzaqlaşıb qohumu Zərərçəkmiş şəxs zəng vurmuş və qısa bir müddət ərzində Cabbarla Kənan hadisə yerinə gəlmişdir. Həmin vaxt o, Adgözəllə kənarda dayanmış, Ədalət də onlara tərəf getmişdir. Cabbar, Kənan və Adgözəli kimin vurmasını soruşduqda, Ədalət Cabbara “onları mən vurmuşam” demiş, Cabbar da Ədalətin ünvanına söyüş söymüşdür. Bu zaman Ədalət sol əli ilə Cabbarın sifətindən yumruqla bir dəfə vuraraq ona bədən xəsarəti yetirmiş, Cabbar yerə əyilib sifətini tutmuşdur. Hadisədən sonra polis əməkdaşları gəlmiş və onları polis şöbəsinə aparmışlar. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. 07 iyun 2024-cü il tarixli, 109 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, 1991-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər sağ göz orbitasının qançırı, şişkinliyi sağ almacıq sümüyünün orbit ucunun qəlpəli sınığı, kəllə beyin travması, beyin silkələnməsi küt əşya (əşyalar) təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə yəni xx.xx.2024-cü il tarixdə yumruqla vurma nəticəsində əmələ gəl bilərdi. Dərəcələrinə görə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan az ağır zǝrǝrvurmaya aiddir. 22 iyul 2024-cü il tarixli, 2117 nömrəli ambulator məhkəmə psixiatrik ekspertizanın ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs üzvi (kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu aşkar olunur, "üzvi şəxsiyyət pozuntusu" hal-hazırda kompensasiya vəziyyətindədir. Onda hal- hazırda özünə və ətrafdakılara psixi vəziyyətinə görə sosial təhlükə kəsb etmir, hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs aşkar edilən üzvi şəxsiyyət pozuntusu törətdiyi əməl dövründə onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur, o, hazırki psixi vəziyyətinə görə prosessual hüquqlarını şəxsən həyata keçirmək qabiliyyətinə malikdir. İş materiallarına əlavə edilmiş vəsiqələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli, 2353 nömrəli Sərəncamı ilə “Cəsur döyüşçü”, xx.xx.2020-ci il tarixli, 2364 nömrəli Sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 250 s nömrəli Sərəncamı ilə “Vətən Müharibəsi iştirakçısı”medalları ilə təltif olunmuşdur. 08 iyun 2024-cü il tarixli əməlin tövsif edilməsi haqqında qərarın surətindən görünür ki, Azərbaycan Respublikası CM-nın 127.2.3-cü maddəsi ilə ibtidai istintaqı aparılan ********* saylı cinayət işi həmin Məcəllənin 221.2.1 və 127.2.3-cü maddələrinə tövsif edilməklə ibtidai istintaqın aparılması davam etdirilmişdir. Neftçala Rayon Məhkəməsinin 4(053)-28/2024 nömrəli iş üzrə 09 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «həbs» növündə qətimkan tədbiri seçilməsinə dair Neftçala rayon prokurorunun təqdimatı təmin edilməmiş, Təqsirləndirilən şəxs hazırkı qərar elan olunduqdan dərhal sonra məhkəmə iclası zalından azadlığa buraxılmışdır. 09 iyun 2024-cü il tarixli təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nın 127.2.3 və 221.2.1-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. “Neftçala RMX” X5 verilmiş xx.xx.2024-cü il tarixli, 18-1-63/2-522/2024 nömrəli məktubdan görünür ki, Neftçala şəhəri, 6-cı məhəllədə qeydiyyatda olmaqla orada yaşayan Təqsirləndirilən şəxs “Neftçala RMX” PHŞ-nin Poliklinika şöbəsində xx.xx.2023cü ildən F07.0 şəxsiyyət pozuntusu depressiv daxilolmalar və özünə xəsarət hərəkətləri ilə diaqnozu ilə əsəb-ruhi qeydiyyatındadır. Narkoloji dispanser qeydiyyatında yoxdur. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4(106)-73/2024 nömrəli iş üzrə 14 iyun 2024-cü il tarixli qərarı ilə apellyasiya protesti təmin edilmiş, Neftçala Rayon Məhkəməsinin 4(053)-28/2024 saylı, 09 iyun 2024-cü il tarixli qərarı ləğv edilmiş, Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə «həbs» növündə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs 07 iyun 2024-cü il tarixdən 09 iyun 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulması nəzərə alınmaqla həbs qətimkan tədbirinin müddəti 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müəyyən edilmiş, həbs etmənin əvvəli 14 iyun 2024-cü ildən hesablanmış və Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından həbs olunmuşdur. Neftçala Rayon Məhkəməsinin 4(053)-33/2024 nömrəli iş üzrə 06 avqust 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbirinin «ev dustaqlığı» növündə qətimkan tədbiri ilə əvəz edilməsinə dair təqsirləndirilən şəxsin müdafiəçisi X1 vəsatəti rədd edilmişdir. Qərardan müdafiəçi X3 apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4(106)-102/2024 nömrəli iş üzrə 15 avqust 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisi X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. İşdə olan cinayət işi üzrə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs Neftçala Rayon Polis Şöbəsinin İQ-nın baş müstəntiqi İsmayıl Zeynalova ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizəsinin məzmunundan görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş ziyanın təqsirləndirilən şəxsin dayısı X2 tərəfindən tam şəkildə ödənildiyini, ondan heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İşdə olan Neftçala Rayon Məhkəməsinin 4(053)-34/2024 nömrəli iş üzrə 04 sentyabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbirinin müddətinin uzadılmasına dair Neftçala rayon prokurorunun təqdimatı təmin edilməmiş, Azərbaycan Respublikası CPM-nin 448.7-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı qərar elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsdən azad edilməsi, Təqsirləndirilən şəxs barəsində əvvəli 04 sentyabr 2024-cü il tarixindən hesablanmaqla 07 noyabr 2024-cü il tarixinədək «ev dustaqlığı» növündə qətimkan tədbirinin seçilməsi qərara alınmış, «Ev dustaqlığı»nın tətbiqi dövründə Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 21:00-dan ertəsi gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək (elektron nəzarət vasitəsinin tətbiqinə başlandıqdan sonra), Neftçala şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, təqsirləndirilən şəxs qismində cəlb olunduğu iş üzrə digər təqsirləndirilən (iş üzrə digər şəxslər də təqsirləndirilən şəxs qismində cəlb edilərsə) və zərərçəkmiş şəxslərlə ünsiyyətdə olmamaq vəzifəsi qoyulmuş, qərarın icrasına nəzarət Neftçala Rayon Polis Şöbəsinə həvalə olunmuşdur. 11 oktaybr 2024-cü il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi və iş üzrə icraata hissəvi xitam verilməsi haqqında qərardan görünür ki, Şahid1 və Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Şahid2 və Şahid5 yetirmiş olduğu bədən xəsarətlərinə görə əməllərində Azərbaycan Respublikası CM-in 128-ci maddəsinin tərkib əlamətləri olduğundan, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nın 128 və 127.2.3-cü maddələrinə tövsif edilməsi, iş üzrə zərərçəkmiş şəxslər Şahid2 və Şahid5 qəsdən sağlamlığına yüngül zərər vurması xüsusatına görə Təqsirləndirilən şəxs və Şahid1 zərərçəkmiş şəxslərlə barışıq əldə etdiklərindən və dəymiş ziyanı tam olaraq ödədiklərindən Azərbaycan Respublikası CPM-in 40.3-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməklə iş üzrə icraata hissəvi xitam verilməsi qərara alınmış və həmin qərar üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.2.3-cü maddəsi ilə yeni məzmunda ittiham elan edilmiş, Şahid2 və Şahid5 zərərçəkmiş şəxs qismində qalmasına əsaslar olmadığından, onların zərərçəkmiş şəxs kimi tanınması statusuna xitam verilmiş, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 315 və 221.2.2-ci maddələrinin tərkib əlamətləri olmadığından, qeyd olunan xüsusat üzrə barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. Həmçinin qərarın təsviri hissəsində göstərilən və ittihamı təsdiq edən zərərçəkmiş şəxsin ifadəsi və digər istintaq hərəkəti protokolları, məhkəmə-tibbi ekspertizasının rəyi və istintaq zamanı toplanmış digər sənədlər onların həqiqiliyinə, yaranma mənbələrinə və aldə edilmə hallarına şübhələr olmadığından, həmin cinayət işi üzrə mötəbər sübutlar kimi qiymətləndirilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ilə əlaqədar istintaqla müəyyən edilməli hallar üzrə toplanmış mümkün sübutların həcmi cinayət işi üzrə mötəbər və yekun nəticəyə gəlməyə imkan verdiyindən həmin sübutlar kifayət etmiş hesab edilmişdir. 12 oktyabr 2024-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə yeni məzmunda ittiham elan olunmuşdur. Məlumatların elektron sorğulanması zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs Vətən Müharibəsi iştirakçısı kimi pensiya təyin olunmuşdur. Azərbaycan Respublikası DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartoçkasında heç bir məlumat yoxdur. Əvvəllər məhkum olunmamışdır. Məhkəmə ittiham və müdafiə tərəfini, zərərçəkmiş şəxsi və şahidləri dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslandıraraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 127.2.3-cü maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası çərçivəsində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətdiyini, müharibə iştirakçısı olduğunu, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam olaraq ödənildiyini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığını və təqsirləndirilən şəxsin özündə də üzvi (kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu aşkar olunduğunu, şəxsiyyət pozuntusu depressiv daxilolmalar və özünə xəsarət hərəkətləri diaqnozu ilə əsəb-ruhi qeydiyyatında olduğunu iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsinin sanksiyası çərçivəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Eyni zamanda Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” növündə qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam növündə” qətimkan tədbiri seçilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam növündə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 07 – 09 iyun 2024-cü il tarixləri üzrə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün və 14 iyun - 27 noyabr 2024-cü il tarixləri üzrə həbsdə və ev dustaqlığında olduğu 05 (beş) ay 13 (on üç) gün, cəmi 05 (beş) ay 15 (on beş) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 04 (dörd) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” növündə qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam növündə” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam növündə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən 20 (iyirmi) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar