Məhkəmə qərarları › İş №1(053)-77/2024

Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-77/2024

11.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-77/2024 11.12.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə 04 avqust 1972-ci il tarixdə Neftçala rayonu, Xəzər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, İİİ qrup əlil, məhkumluğu olmayan, Neftçala rayonu, Xəzər kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, 12 – 14 iyul 2024-cü il tarixləri üzrə şübhəli şəxs qismində tutulmuş, 14 iyul 2024-cü il tarixdə barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında audio video yazı istifadə edilməklə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana əldə edib üzərində daşıyaraq saxlamış, 12 iyul 2024-cü il tarixdə, saat 22:45 radələrində Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Neftçala rayonu, Xəzər kəndindəki yaşadığı evin yaxınlığındakı küçədə saxlanılaraq polis şöbəsinə gətirilib, üzərində şəxsi axtarış keçirilərkən, əynindəki idman şalvarının sağ yan cibindən sellofan bükülüdə satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxladığı, təmiz çəkisi 47,43 qram olan xeyli miqdarda narkotik vasitə-qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, özü heç bir yerdə işləmir və fərdi əməklə məşğul olaraq dolanır. Əvvəllər üç dəfə məhkumluq həyatı yaşamışdır. 12 iyul 2024-cü il tarixdə, səhər təxminən saat 10 radələrində Salyan şəhərinə getmiş, qayıdanda Salyan şəhərindəki binalardan birinın arxasında sellofan bükülü gözünə sataşmışdır. O, həmin sellofanı götürüb açıb içinə baxanda içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu görmüşdür. Bilmişdir ki, bu narkotik vasitə olan “nəşə”dir. Çünki bir xeyli müddətdir ki, mütəmadi olaraq narkotik vasitə qəbul edir. Həmin sellofanı yenidən bükərək bağlayıb cibinə qoymuş, fikirləşmişdir ki, lazım olan vaxt həmin tapdığı narkotik vasitə olan qurudulmuş marixuanadan çəkərək qəbul edər. Sonra da yaşadığı Neftçala rayonu, Xəzər kəndindəki evinə gəlmişdir. Həmin gün axşam saat təxminən 22:45 radələrində Neftçala rayonu, Xəzər kəndi ərazisində yaşadığı küçə ilə piyada tək gedərkən həmin tapdığı narkotik vasitə olan qurudulmuş marixuana da bükülü vəziyyətdə əynindəki idman şalvarının sağ yan cibində qalmışdır. Kəndin arxasına keçib siqaret doldurarkən polis işçiləri ona yaxınlaşaraq onu saxlayıb Neftçala RPŞ-nǝ gətirmişlər. Orada vəkilin və polis əməkdaşlarının iştirakı ilə video çəkilişlə üstünə baxış keçirilərkən həmin narkotik vasitə olan qurudulmuş marixuana onun əynindəki qara rəngli idman şalvarının sağ cibindən çıxmışdır. Həmin narkotik vasitə olan qurudulmuş marixuana ag zərfə qoyularaq qablaşdırılmış, “203” saylı möhürlə möhürlənib və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Narkotik vasitəni taparkən ətrafda heç kimi görməmiş və orada həmin vaxt tək olmuşdur. O, həmin tapdığı narkotik vasitə olan qurudulmuş marixuanadan heç kimə satmamış, verməmiş və bağışlamamışdır. O, narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olmur. Yalnız arada bir narkotik vasitə olan qurudulmuş marixuana qəbul edir, yəni, “nəşə” çəkir. Əməlindən peşmandır. Şahid qismində dindirilmiş polis əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, Neftçala RPŞ-nın Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili olmaqla polis baş leytenantıdır. Neftçala RPS-nin əməliyyat aparatına daxil olmuş əməliyyat məlumatları əsasında 12 iyul 2024-cü il tarixdə, gecə saat 22:45-də Neftçala rayonu, Xəzər kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qəbulunda və istifadəsində şübhəli bilinərək Neftçala rayonu, Xəzər kəndi ərazisində, yaşağı küçədəki evinin yaxınlığında saxlanılıb Neftçala RPŞ-yə gətirilməsində onunla birlikdə Neftçala RPŞ-nın əməkdaşı Şahid2 iştirak etmişdir.Təhqiqat Bölməsinin təhqiqatçısı, polis mayoru Taryel Əmirovun rəhbərliyi altında Neftçala RPŞ-nın növbətçi hissəsində olan polis əməkdaşlarının və müdafiəçi vəkil Müdafiəçi iştirakı ilə video çəkilişlə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs ǝynindəki idman şalvarının sağ yan cibində saxladığı bir ədəd qara rəngli polietilen sellofan bükümün içərisindən narkotik vasitə qurudulumuş marixuana aşkar olunaraq götürülmüşdür. Götürülmüş həmin narkotik vasitə olan qurudulmuş marixuana ağ zərfə qoyulub qablaşdırılaraq Azərbaycan Respublikası DİN-nə aid Neftçala RPŞ-nın “203” saylı möhürü ilə möhürlənmişdir. Həmin 1 (bir) ədəd ağ zərfi orada olan müdafiəçi vəkil Müdafiəçi və şübhəli şəxs Təqsirləndirilən şəxs imzalarla təsdiq etmişlər. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitənin qurudulmuş marixuana olduğunu və öz şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi olaraq etiraf etmiş, ona hər hansı fiziki zor və ya təzyiq olunmamışdır. Şahid2 məhkəmə baxışı iclasına gəlməmiş, lakin teleqram göndərərək xx.xx.2024cü il tarixdə, saat 15:15-də xidməti zərurətlə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini, ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etdiyini və işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. İşin ibtidai istintaqı zamanı Şahid2 ifadəsində göstərmişdir ki, “Neftçala RPŞ-in X1 sahə polis nəfəri olmaqla polis baş serjantıyam. Neftçala RPŞ-nin əməliyyat aparatına daxil olmuş əməliyyat məlumatları əsasında 12 iyul 2024-cü il tarixdə, gecə saat 22:45-də Neftçala rayonu, Xəzər kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qəbulunda və istifadəsində şübhəli bilinərək Neftçala rayonu, Xəzər kəndi ərazisində, yaşağı küçədəki evinin yaxınlığında saxlanılıb Neftçala RPŞ-nǝ gətirilməsində mənimlə birlikdə Neftçala RPŞ-nin əməkdaşı Şahid1 iştirak edib. Təhqiqat Bölməsinin təhqiqatçısı, polis mayoru Taryel Əmirovun rəhbərliyi altında Neftçala RPŞ-nin növbətçi hissəsində olan polis əməkdaşlarının və müdafiəçi vəkil Müdafiəçi iştirakı ilə video çəkilişlə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparıldı. Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki idman şalvarının sağ yan cibində saxladığı bir ədəd qara rəngli polietilen sellofan bükümün içərisindən narkotik vasitə qurudulumuş marixuana aşkar olunaraq götürüldü. Götürülmüş həmin narkotik vasitə olan qurudulmuş marixuana ağ zərfə qoyulub qablaşdırılaraq Azərbaycan Respublikası DİN-nə aid Neftçala RPŞ-in "203" saylı möhürü ilə möhürləndi. Həmin 1 (bir) ədəd ağ zərfi orada olan müdafiəçi vəkil Müdafiəçi və şübhəli şəxs Təqsirləndirilən şəxs imzalarla təsdiq etdilər. Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi olaraq etiraf etmiş, ona hər hansı fiziki zor və ya təzyiq olunmamışdır”. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün səmimi etirafı və şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. 13 iyul 2024-cü il tarixli, 3-16-16/2-18/660 nömrəli materialların Məhkəmə bioloji ekspertiza rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “Tədqiqata təqdim edilmiş, üzərində: “...Təqsirləndirilən şəxs üzərindən..” sözləri və imzalar olan kağız paketdə 01 ədəd polietilen bükümdə təmiz çəkisi -47,43 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. 27 avqust 2024-cü il tarixli, 671 saylı ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “Müayinə zamanı Təqsirləndirilən şəxs Kannabinoidlərin qəbulundan yaranan Asılılıq Sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin Tibbi-Sosial ekspert komissisyasının sonuncu müayinəyə dair verdiyi arayışa əsasən İİİ qrup əlil olması səbəbindən narkomaniyadan məcburi müalicəyə əks göstəriş vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. “Neftçala RMX” X3 verilmiş xx.xx.2024-cü il tarixli, 18-1-63/2- 338/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Neftçala RMX” PHŞ-nin Poliklinika şöbəsində əsəb-ruhi, nevroloji və narkoloji dispanser qeydiyyatlarında yoxdur. Azərbaycan Respublikası DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən və Neftçala Rayon Məhkəməsinin hökmündən görünür ki, təqsirləndirilən şəxs Nəbiyev X2 Rayon Məhkəməsinin 1(53)-20/2017 nömrəli iş üzrə 13 mart 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Hazırda məhkumluğu yoxdur. Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi haqqında çıxarışdan görünür ki, xx.xx.1972-ci il təvəllüdlü Təqsirləndirilən şəxs üçüncü dərəcəli (Gözdən) əlildir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs öz cinayətini səmimi etiraf etdiyini iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs ərazi Narkoloji kabinetində qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış və Neftçala Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 47,33 qram təşkil edən, bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılmalı və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 12 – 14 iyul 2024-cü il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasının əvvəli 11 dekabr 2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri dəyişdirilərək «Həbs» növündə qətimkan tədbiri seçilsin və o, hazırkı hökm elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «Həbs» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Neftçala Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 47,33 qram təşkil edən, bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan edildiyi, həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi tarixdən 20 (iyirmi) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar