Məhkəmə qərarları › İş №1(053)-8/2024

Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-8/2024

10.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-8/2024 10.01.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxx 1970-ci il tarixdə Neftçala şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Neftçala şəhəri, məhəllə 3 ünvanında qeydiyyatda olan və orada yaşayan 05 – 07 oktyabr 2023-cü il tarixləri üzrə şübhəli şəxs qismində tutulmuş, 07 oktyabr 2023-cü il tarixdə barəsində «Polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 30,29 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib, üzərində daşıyaraq saxlamış, 05 oktyabr 2023-cü il tarixdə, saat 15:50 radələrində Neftçala rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Neftçala şəhəri, məhəllə 3-də, yaşadığı evin yaxınlığında, küçədə saxlanılaraq polis şöbəsinə gətirilib, üzərində şəxsi axtarış aparılarkən, əynindəki gödəkçənin sol içəri yan cibindən 1 ədəd polietilen torbada, təmiz çəkisi-30,29 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, elan edilən ittihamın mahiyyət və mənası ona aydındır, özünü iş üzrə tam təqsirli bilir, Neftçala şəhəri, məhəllə 3-də ailəsi ilə birlikdə yaşayır. Müxtəlif işlərdə fəhləlik etməklə dolanır. O, narkotik vasitələrdən arabir olanda istifadə edir. O, 2023-cü ilin oktyabr ayınının əvvəlində, Neftçala-Həsənabad avtomobil yolunun kənarında xırdabuynuzlu heyvanlarını otaranda yulğun kollarının arasında olan polietilen torba diqqətini cəlb etmişdir. Həmin polietilen torbanı götürüb baxdıqda içərisində narkotik vasitə olan qurudulmuş marixuananı görmüşdür. Daha sonra həmin polietilen torbada olan qurudulmuş marixuananı şəxsi istifadəsi üçün cibinə qoyub gətirib evində gizlətmişdir. Bir dəfə həmin polietilen torbada olan qurudulmuş marixuanadan bir qədər götürüb istifadə etmişdir. 05 oktyabr 2023-cü il tarixdə, saat təxminən 15:50 radələrində evinin yaxınlığında, küçədə durmuş və həmin polietilen torbada olan qurudulmuş marixuana ǝynindəki gödəkçəsinin sol içəri yan cibində olmuşdur. Bu vaxt mülki geyimdə olan şəxslər ona yaxınlaşmışlar və özlərini təqdim edib polis əməkdaşları olduqlarını ona bildirmişlər. Ona üstündə qanunsuz olaraq narkotik vasitə saxlamağı barədə məlumatları olduqları üçün onu Neftçala RPŞ-nə aparacaqlarını bildirmişlər və onu avtomobilə əyləşdirmişlər. Bundan sonra onu Neftçala RPŞ-nə aparmışlar. Neftçala RPŞ-də təhqiqatçı tərəfindən tutma qərarı qəbul edilmiş və ona hüququ və vəzifələri izah edilmişdir. Ona müdafiəçi təqdim edildikdən sonra Müdafiəçi iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış keçiriləcəyini bildirib, üzərində narkotik vasitə və sair cinayət xarakterli nə isə varsa təqdim etməyi təklif edilmişdir. O, bu vaxt üzərində narkotik vasitə olduğunu və təqdim etmək istədiyini bildirmişdir. Daha sonra o, əynində olan gödəkçəsinin sol içəri yan cibində polietilen torbada olan narkotik vasitə olan qurudulmuş marixuananı təqdim etmişdir. Həmin narkotik vasitə qablaşdırılmış, zərfə qoyularaq möhürlənmişdir. Daha sonra orada protokol tərtib olunmuşdur. İştirakçılar kimi o da protokola imza etmişdir. Narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmamış, kiməsə narkotik vasitə satmamış, verməmişdir. Tapdığı narkotik vasitəni istifadə etmək üçün saxlamışdır. Əməlindən peşmandır. Şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Neftçala rayon polis şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis leytenantıdır. Neftçala şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə qəbul etməsi və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatı yoxlanıldıqdan sonra Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinin keçirilməsi məqsədilə şöbə rəhbərliyinə raportla məruzə etmiş və icazə alındıqdan sonra əməliyyat tədbiri keçirilməsi barədə qərar qəbul edilǝrǝk təsdiqlənmişdir. 05 oktyabr 2023-cü il tarixdə, saat təxminən 15:50 radələrində daxil olan əməliyyat məlumatı əsasında Məcidov X1 şəhəri, məhəllə 3-də, evinin yaxınlığında, küçədə tərəflərindən saxlanılmışdır. Həmin zaman ətrafda kənar şəxslərin çox olmasını, sənədləşmə işlərinin aparılmasına münasib yer olmadığına görə Təqsirləndirilən şəxs tərəflərindən polis şöbəsinə gətirilmişdir. Şöbə rəhbərliyinə raportla məruzə edildikdən sonra Təqsirləndirilən şəxs təhqiqat qrupuna təhvil verilmişdir. Təhqiqatçı tərəfindən tutma qərarı qəbul edildikdən sonra Təqsirləndirilən şəxs tutulmuş, hüquq və vəzifələri izah edilmiş və müdafiəçi təyin edilmişdir. RPŞ-nin növbətçi hissəsində polis əməkdaşları və Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməzdən əvvəl üzərində narkotik vasitə və ya hər hansı başqa cinayət xarakterli predmet varsa təqdim etmək təklif edilmişdir. Bu vaxt Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu və təqdim etmək istədiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sol içəri yan cibindən bir ədəd polietilen torbanı təqdim edib, içərisində narkotik vasitə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi polietilen torba açılıb-baxıldıqda içində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Həmin polietilen torba yenidən eyni qayda ilə bağlanaraq zərfə qoyularaq ekspertizaya göndərilməsi məqsədilə möhürlənmişdir. Orada təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, protokol iştirakçılara ucadan oxunmuş, digər iştirakçılar kimi o da həmin protokola imza etmişdir. Şahid qismində dindirilmiş Şahid2 Şahid1 bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün səmimi etirafı və şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. Belə ki, Məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 18/976 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, tədqiqata təqdim edilmiş, üzərində: «…Təqsirləndirilən şəxs üzərindən..» sözləri və imzalar olan kağız paketdəki 01 ədəd polietilen torbada təmiz çəkisi – 30,29 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. xx.xx.2023-cü il tarixli,1071 nömrəli Məhkəmə-narkoloji ekspert rəyinin nəticəvi hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN BƏSİİ-dən daxil olmuş tələbnamə və Neftçala Rayon Məhkəməsinin hökmünün surətindən görünür ki, təqsirləndirilən şəxs Məcidov X1 Rayon Məhkəməsinin 11 iyun 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 306.1ci maddəsi ilə təqsirli bilinib 1 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilmişdir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs öz cinayətini səmimi etiraf etdiyini və peşman olduğunu iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunmalı və o, ərazi Narkoloji xəstəxanasında profilaktiki qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış və Neftçala rayon polis şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 30,19 qram təşkil edən, bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 05 – 07 oktyabr 2023-cü il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “Polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunsun və ərazi Narkoloji xəstəxanasında profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Neftçala rayon polis şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 30,19 qram təşkil edən, bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar