Məhkəmə qərarları › İş №1(053)-80/2024

Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-80/2024

25.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-80/2024 25.12.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxx 1991-ci ildə Neftçala şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında audio video yazı istifadə etməklə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 13 avqust 2024-cü il tarixdə, saat 10 radələrində Şahid2 xüsusi mülkiyyətində olan Neftçala şəhəri, X3 küçəsi, ev 1-A, mənzil 8 ünvanında yerləşən fərdi yaşayış evinə sonuncunun qızı Zərərçəkmiş şəxs otaqda yatan zaman yatdığı otağa hər hansı bir icazəsi, razılığı və qanunla müəyyən edilmiş əsaslar olmadan iradəsinin ziddinə pəncərədən daxil olmaqla mənzil toxunulmazlığını pozmuşdur. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilməyərək mərhum atasının evinin Neftçala şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşdiyini, həmin evdə qardaşı Hüseynin yaşadığını bildirmişdir. Qeyd edir ki, o, təxminən 2 ilə yaxındır ki, M.Ə.Rəsulzadə küçəsində ayrıca ailələrinə məxsus evdə tək yaşayır. Özü 2012-ci il tarixdə X2 qəbul olmuş və xx.xx.2024-cü il tarixə kimi də Neftçala RPŞ-nin PPXB-də polis nəfəri kimi işləmişdir. Lakin xx.xx.2024-cü il tarixdə ailə vəziyyəti ilə bağlı olaraq raportla rəisə müraciət edib işdən çıxmışdır. Şahid1 və qızı Zərərçəkmiş şəxs tanıyır. Onlar onun ata qonşularıdır. Onlarla aralarında heç bir ədavət, düşmənçilik və qohumluq əlaqəsi yoxdur. Onların yaşadığı evlər korpus evləri olduğu və materiallarının çox hissəsi taxtadan olduğu üçün yanğın baş verəndə bütün evləri bürüyür. xx.xx.2024-cü il tarixdə, saat 10 radələrində Zərərçəkmiş şəxs yaşadığı evin arxasındakı küçədən keçən zaman evdən tüstü çıxdığını görmüşdür. Düşünmüşdür ki, evdə yanğın olar, digər evlərə də sıçrayar. Ona görə ilk öncə evin qabaq həyət qapısından içəri daxil olmaq istəmişdir. Bu zaman qapı bağlı olmuşdur. Sonra Rövşəni səsləmiş, lakin qapı bağlı olduğu üçün evdə heç kimin olmadığını düşünmüşdür. Sonra evin arxa tərəfindən hasardan həyətə daxil olmuş, orada yerləşən pəncərə açıq olmuş, lakin pəncərdə setka olmuşdur. O, həmin setkanı çıxarıb, ayaqqabılarını da çıxararaq evə daxil olmuşdur ki, gedib tüstü çıxan yerdən yanğını söndürsün. Bu zaman Röyalənin otağa daxil olduğunu görmüşdür. Röyalǝyǝ demişdir ki, “evdən tüstü gəlirdi, ona görə evə girdim ki, yanğını söndürüm”. Röyalə isə ona demişdir ki, “qazın üstündə qazan var idi, mən gedib onu artıq oradan götürdüm”. Elə bu zaman da qızın atası Rövşən evə daxil olmuşdur. O, Rövşənə də nəyə görə evə girdiyini izah etməyə çalışsa da, Rövşən onu başa düşməmişdir. O isə oradan qapıdan çıxıb getmişdir. Evə pəncərədən girən zaman ayaqqabılarını ev çirklənməsin deyə çıxardığı üçün ayaqqabıları orada qalmışdır. Onun Şahid1 evinə girməkdə məqsədi nə oğurluq, nə başqa bir pis niyyətlə olmamışdır. Sadəcə niyyəti evdən tüstü gəldiyi üçün yanğının qarşısını almaq və köməklik etmək olmuşdur. Həmçinin də o, evdə kiminsə olduğunu bilməmişdir. Lakin Şahid1 və qızı onu səhv başa düşmüşlər. Röyalə ilə aralarında heç bir münasibət və əlaqə olmamışdır. Sadəcə olaraq bir qonşu kimi rastlaşdıqda salamlaşmışlar. Həmçinin Zərərçəkmiş şəxs ilə də heç bir telefon əlaqəsi olmamışdır. Zərərçəkmiş şəxs ifadəsində göstərilənlər və Şahid1 göstərdikləri yalandır. Nəyə görə o məzmunda izahat verməsini də bilmir. O, həmin evə evdən tüstü çıxdığı üçün yanğın baş verdiyini düşündüyündən daxil olmuşdur. Heç heç bir dava-dalaş da olmamışdır. Qeyd etdiklərinin nəzərə alınmasını xahiş edir. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Səmədova X1 şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 12, mənzil 6 ünvanında atası, anası və iki bacısı ilə birlikdə yaşadığını bildirmişdir. Qeyd edir ki, Şahid1 onun atasıdır. Təqsirləndirilən şəxs qardaşıgil onlarla qonşuluqda yaşayır. Onların Təqsirləndirilən şəxsla heç bir ədavət və düşmənçilikləri, eləcədə qohumluq əlaqələri yoxdur. Təxminən 5-6 il bundan əvvəl Cabbarın onu izlədiyini və istədiyini hiss etmişdir. Lakin heç bir münasibətləri və əlaqələri də olmamışdır. xx.xx.2024-cü il tarixdə, saat 10 radələrində yaşadıqları evdə otağında çarpayıda əynində ev paltarları olmaqla yatan zaman, qəfildən pəncərədən Təqsirləndirilən şəxs mülki geyimdə evə daxil olduğunu görmüşdür. O, tez ayağa qalxıb Cabbara burada nə gəzirsən demiş, sonra telefonunu götürüb, anasına zəng vurmaq istəyəndə Cabbar üzərinə gəlmiş, qolundan tutub telefonu əlindən almağa çalışmışdır. Bu zaman isə o qışqırmışdır ki, “burax məni”. Cabbar isə qapıdan çıxmağa çalışan zaman dərhal atası otağa daxil olmuşdur. O da atasının yanından qapıdan çölə çıxmışdır. Atası ona demişdir ki, “anana zəng elǝ”. Sonra təkrar otağa daxil olan zaman görmüşdür ki, atası Cabbarı çarpayıya yıxıb, bu zaman isə atası yumruqla Cabbarın sifət nahiyəsindən vurmuşdur. Həmin andaca atası ondan soruşmuşdur ki, “sən zəng vurdun?”. O isə bildirmişdir ki, “kimə zəng vurum”. Atası təkrar bildirmişdir ki, “anana zəng vur”. O da otaqdan çıxıb dəhlizdə anasına zəng vurub bu barədə məlumat vermişdir. Sonra isə görmüşdür ki, Cabbar artıq evdən çıxıb, qaçmışdır. Lakin Cabbarın ayaqqabıları otaqda qalmışdır. Onlar da otaqda süpürləşdikləri üçün otaq bir qədər dağınıq vəziyyətdə olmuşdur. Çarpayının orta hissəsi isə sınmışdır. Otaqda və evdə hər hansı bir əşyanın əksikliyini müəyyən etməmişlər. Sonradan atası bildirmişdir ki, Cabbar evdən qaçıb gedən zaman həyətdə cibindən atasının şəkər aparatını salmışdır. Qeyd etmişdir ki, həmin zaman evdə atası və o olmuşdur. Otağının pəncərəsi yay fəsli olduğu üçün açıq olmuş, lakin pəncərədə tor çərçivə olmuşdur. Pəncərələr isə plastik materialdandır. Həmçinin Təqsirləndirilən şəxs yaşadığı evə daxil olsa da, ona qarşı hər hansı fiziki zor göstərməmiş, hədələməmiş, döyməmiş və eləcə də təhqir etməmişdir. Təqsirləndirilən şəxsla aralarında hər hansı bir telefon əlaqəsi, yazışma, danışıq və mesajlaşma olmamışdır. Belə ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs onun yaşadığı mənzilə onun icazəsi, razılığı və hər hansı bir çağırış və dəvəti olmadan, iradəsinin ziddinə daxil olmuşdur. Ümumiyyətlə də hadisə zamanı və ondan əvvəl onun Cabbarla heç bir telefon əlaqəsi olmamışdır. Təqsirləndirilən şəxs ifadəsində göstərilənlər yalandır, hadisə zamanı xx.xx.2024-cü il tarixdə onların yaşadıqları evdə yanğın olmamış və heç bir tüstü də çıxmamışdır. Təqsirləndirilən şəxs ilə barışmayıb. Təqsirləndirilən şəxsə qanunla nəzərdə tutulmuş cəza təyin olunmasını məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, ünvan 4 ünvanında arvadı və üç qızı ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs atasıdır. Təqsirləndirilən şəxs qardaşıgil onlarla qonşuluqda yaşayır. Cabbar polis şöbəsində polis nəfəri kimi işləmişdir. Onların Təqsirləndirilən şəxsla heç bir ədavət və düşmənçilikləri, eləcə də qohumluq əlaqələri yoxdur. xx.xx.2024-cü il tarixdə, saat 10 radələrində yaşadıqları evə daxil olmuş, qızının otağının pəncərəsindən qaraltı və kölgə kimi görmüş, düşünmüşdür ki, qızı yuxudan durmuşdur. Həmin zaman evdə sadəcə qızı olmuş, arvadı ilə o biri qızı evdə olmamışdır. O, evin qapısın açıb, həyətə evə daxil olanda qızının qışqırıq səslərin eşitməyə başlamışdır. Demişdir ki, “burax məni”, sonra isə “ata evə adam girib” deyə qışqırmağa başlamışdır. Evə daxil olduqda düz dəhlizin sonunda, evin qapısı ilə üzbəüz otaq qızının otağıdır. O, otaqdan qəfil olaraq Cabbarın çıxıb qaçmağa çalışdığını görmüşdür. Bu zaman elə yumruqla Cabbarın sifət nahiyyəsindən vurmuşdur. Cabbar da onun ayağından tutmuşdur. Sonra isə o bir neçə dəfə hər iki yumruğu ilə onun baş və bədəninin müxtəlif nahiyələrinə vurmuşdur ki, zərərsizləşdirib, saxlasın. Sonra isə o, ayrılıb otağın pəncərəsindən çıxmaq istəyəndə, Cabbarı arxadan kürək nahiyəsindən tutub qaldıraraq çarpayıya atmışdır. Bu zaman çarpayı da sınmışdır. Sonra isə Cabbarın üstünə çıxmışdır ki, durub gedə bilməsin. Qızı isə bu vaxt telefonla ona yaxınlaşıb kimə zəng edəcəyini soruşmuşdur. Çünki qorxudan özünü itirmişdir. Sonra isə Cabbar onun altından sıyrılıb, çıxaraq qapıya tərəf qaçıb getmişdir. Sonra onlar rayon prokurorluğuna müraciət etmişlər. Qeyd edir ki, Cabbar evdən çıxıb qaçan zaman küçədə Cabbarın cibindən onun qara rəngli öz qabında olan şəkər ölçmə aparatı düşmüşdür. Həmin davadalaş zamanı Cabbar ona müqavimət göstərməyə çalışsa da hər hansı bir fiziki zor və ya xəsarət yetirməmişdir. Eləcə də evdən hər hansı bir əşyanın oğurlanmasını da aşkar etməmişlər. Həmin süpürləşmə zamanı Cabbarın ayaqqabıları ayağından çıxıb, orada qalmışdır. Bundan başqa onun Təqsirləndirilən şəxsla heç bir əlaqəsi yoxdur, ümumiyyətlə bu vaxta kimi də Cabbarla heç bir telefon əlaqəsi olmamış, yaşadıqları evə də dəvət etməmişdir. Təqsirləndirilən şəxs ifadəsində göstərilənlər yalandır, Hadisə zamanı xx.xx.2024-cü il tarixdə onların yaşadıqları evdə yanğın olmamış və heç bir tüstü də çıxmamışdır. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi onun adınadır. Zərərçəkmiş şəxs onun qızıdır. Təqsirləndirilən şəxs qardaşıgil onlarla qonşuluqda yaşayır. Onların Təqsirləndirilən şəxsla heç bir ədavət və düşmənçilikləri, eləcədə qohumluq əlaqələri yoxdur. xx.xx.2024-cü il tarixdə, saat 10 radələrində o, bazarda olan zaman qızı Röyalə telefonla ona zəng vurub bildirmişdir ki, evə adam girmişdir. O da dərhal evə gəlmişdir. Evdə əri Rövşən və qızı Röyalə ona demişlər ki, qonşuları Cabbar onların evinə daxil olmuş, əri ilə süpürləşdikdən sonra isə evdən qaçıb getmişdir. O da bu barədə Azərbaycan Respublikası DİN-nin 102 xidməti zəng mərkəzinə məlumat vermişdir. Müraciəti üzrə rayon polis şöbəsinə gedib, izahat vermişlər. Təqsirləndirilən şəxs yaşadıqları evə daxil olsa da, heç bir oğurluq etməmiş, qızına və ailə üzvlərinə qarşı hər hansı fiziki zor göstərməmiş, hədələməmiş, döyməmiş və eləcə də təhqir etməmişdir. Bundan başqa onun Təqsirləndirilən şəxsla heç bir əlaqəsi yoxdur, ümumiyyətlə bu vaxta kimi də Cabbarla heç bir telefon əlaqəsi olmamış, yaşadıqları evə də dəvət etməmişdir. Hadisə zamanı xx.xx.2024-cü il tarixdə onların yaşadıqları evdə yanğın olmamış və heç bir tüstü də çıxa bilməzdi. Belə ki, yay aylarında onlar evdə olan mətbəxdən deyil, istisnasız olaraq, ancaq həyətdəki mətbəxdən istifadə edirlər. Təqsirləndirilən şəxs dedikləri yalandır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi faktı, onun özünün etirafı olmasa belə, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla da tam təsdiq olunur. Canlı şəxsin ekspertizası ilə bağlı 23 avqust 2024-cü il tarixli, 171 nömrəli rəyinin nəticəvi hissəsində 1997-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ilə bağlı qeyd olunur ki, “Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthi üzərində hər hansı bir xəsarət aşkar edilmədi”. Canlı şəxsin ekspertizası ilə bağlı 23 avqust 2024-cü il tarixli, 172 nömrəli rəyinin nəticəvi hissəsində 1967-ci il təvəllüdlü Şahid1 ilə bağlı qeyd olunur ki, “Şahid1 məhkəmətibbi müayinəsi zamanı bədən səthi üzərində hər hansı bir xəsarət aşkar edilmədi”. Canlı şəxsin ekspertizası ilə bağlı 23 avqust 2024-cü il tarixli, 173 nömrəli rəyinin nəticəvi hissəsində 1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs ilə bağlı qeyd olunur ki, “Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthi üzərində hər hansı bir xəsarət aşkar edilmədi”. Neftçala rayon DYMH-dən daxil olmuş xx.xx.2024-cü il tarixli, 3-18-240/2-225/24 saylı məktubdan görünür ki, xx.xx.2024-cü il tarixdə Neftçala rayon DYMH-nin rabitə məntəqəsinə ünvan 4 ünvanında baş vermiş yanğın hadisəsi ilə bağlı heç bir məlumat daxil olmamış və həmin tarixdə göstərilən ünvana yanğın hadisəsinə heç bir çıxış olmamışdır. xx.xx.2024-cü il tarixli, 313100/2-9714/2024 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2012-ci il tarixli, 16465/h nömrəli əmrə əsasən Neftçala rayon Mühafizə Bölməsinin polis nəfəri vəzifəsinə təyin edilmiş, Daxili İşlər Nazirliyinin xx.xx.2015-ci il tarixli, 710s/h-001-15 nömrəli əmrinə əsasən Cəlilabad rayon polis şöbəsinin Post-patrul xidməti bölüyünün polis nəfəri vəzifəsinə təyin edilmiş, Neftçala rayon polis şöbəsinin xx.xx.2019-cu il tarixli, 0-41ş/h-176-19 nömrəli əmrinə əsasən Neftçala rayon polis şöbəsinin Post-patrul xidməti taqımının polis nəfəri vəzifəsinə təyin edilmiş, Neftçala rayon polis şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-13- 100(s/h)-69/2024 nömrəli əmrinə əsasən xidmətdən xaric edilmişdir. xx.xx.2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, bir cüt ayaqqabı qara rəngli, dəri materiallı, üzərinə deşikli kişi ayaqqabısıdır. Ayaqqabı istifadə olunmuşdur, ona görə də, köhnəlmiş, üzərində ölçüsü silinmişdir. Baxış zamanı Zərərçəkmiş şəxs həmin ayaqqabının Təqsirləndirilən şəxs məxsus olmasını, xx.xx.2024cü il tarixdə evə daxil olan zaman orada qalmasını bildirmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Neftçala şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 1A, mənzil 8 Şahid2 tam xüsusi mülkiyyətindədir. Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 6 nömrəli reyestr kitabının 59 nömrəli vərəqində ********** nömrəsi ilə xx.xx.2013-cü ildə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartoçkasında heç bir məlumat yoxdur. Əvvəllər məhkum olunmamışdır. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Məhkəmə bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq evə daxil olmasına səbəb kimi göstərdiyi evdən tüstü çıxması halı şahid ifadələri və digər sənədlərlə təkzib olunur. Məhkəmə təqsirləndirilən şəxsin qeyd olunan halla bağlı bildirdiklərini özünü müdafiə xarakterli ifadə kimi qəbul edir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. İş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.1-ci maddəsinin sanksiyası daxilində islah işləri növündə cəza təyin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.1-ci maddəsi ilə təqsirli bilinərək qazancından dövlət nəfinə 15 (on beş) faiz pul tutulmaqla 09 (doqquz) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəzasını iş yeri üzrə çəksin. Cəzasının əvvəli Təqsirləndirilən şəxs qazancından tutmaların aparılmasına başlandığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Neftçala rayon prokurorluğunda saxlanca verilmiş 01 (bir) cüt ayaqqabı hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs qaytarılsın. İş materiallarına əlavə edilmiş 02 (iki) ədəd CD-Disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən 20 (iyirmi) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar