Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-9/2023 24.05.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçiləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakı ilə xx xxxxxx 1986-cı ildə Neftçala rayonu, Bankə qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan və həmin ünvanda yaşayan, Neftçala Rayon Məhkəməsinin 4(053)-53/2022 nömrəli iş üzrə 30 sentyabr 2022-ci il tarixli qərarı ilə barəsində əvvəli 29 sentyabr 2022-ci il tarixindən hesablanmaqla 03 ay həddində «həbs» növündə qətimkan tədbiri seçilmiş və həmin vaxtdan etibarən həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi ilə qanunsuz olaraq 0,464 qram çəkidə Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddə olan metamfetamini əldə edib üzərində daşıyaraq saxlamış, 29 sentyabr 2022-ci il tarixdə saat 11 radələrində Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Neftçala rayonu, Bankə qəsəbəsi ərazisində saxlanılaraq polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılarkən əynindəki şalvarın sağ üst yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxladığı bir ədəd sellofan torbacığın içərisində 5 ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,087 qram, 0,070 qram, 0,104 qram, 0,102 qram, 0,101 qram, ümumi təmiz çəkisi 0,464 qram olan kustar üsulla hazırlanmış, Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs işin məhkəmə baxışı zamanı özünü yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə qismən təqsirli bilmişdir. O, iş üzrə ibtidai istintaq dövründə bildirmişdir ki, ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. Narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edib. 25 sentyabr 2022-ci il tarixdə şəxsi işləri ilə əlaqədar Bakı şəhərinə getmiş, orada üzdən tanıdığı Samir adlı şəxslə təsadüfən görüşüb söhbət etmiş və sonuncudan 40 manat müqabilində şəxsi istifadəsi üçün 6 bükümdə metamfetamin almışdır. Bu bükümlərdən birini elə həmin gün istifadə edib. Qalan 5 bükümü isə əynindəki şalvarının üst yan cibinə qoymuşdur. Daha sonra Neftçala rayonuna qayıdıb. 29 sentyabr 2022-ci ildə saat 11 radələrində Bankə qəsəbəsində yaşadığı evin yaxınlığındakı küçədə piyada gedən vaxt həmin 5 ədəd bükümdə olan metamfetamin də üzərində olmuşdur. Bu vaxt mülki geyimdə olan şəxslər ona yaxınlaşmış və Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər. Eyni zamanda üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması barədə məlumatları olduğu üçün onu Neftçala RPŞ-nə aparacaqlarını bildirib avtomobilə əyləşdirmişlər. Bundan sonra onu Neftçala RPŞ-nə aparmışlar. Orada təhqiqatçı tərəfindən tutma qərarı qəbul edilmiş, ona hüquq və vəzifələri izah edilmiş və müdafiəçisi qismində vəkil Müdafiəçi1 təqdim olunmuşdur. Bundan sonra müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılacağı bildirilərək üstündə narkotik vasitə və ya cinayət xarakterli hər hansı bir əşya varsa təqdim etməsi təklif olunmuşdur. O, da üzərində olan 5 büküm narkotik vasitə metamfetamini təqdim etmişdir. Bükümlər qablaşdırılaraq zərfə qoyulmuş və möhürlənmişdir. Daha sonra protokol tərtib olunmuş və həmin protokola o, da imza etmişdir. Təqsirləndirilən şəxs işin məhkəmə baxışı dövründə yuxarıda göstərilənlərdən fərqli məzmunlu ifadə verərək, həqiqətən də Bakı şəhərində üzdən tanıdığı Samir adlı şəxsdən şəxsi istifadəsi üçün 6 bükümdə psixotrop maddə metamfetamin aldığını, həmin bükümlərdən birini istifadə etdiyini, qalan 5 bükümü isə sonradan istifadə etməsi üçün şalvarının cibinə qoyduğunu bildirmişdir. Hadisə günü saat 00.30 radələrində yaşadığı evdə olub. Bu zaman ona narkotik vasitələrin satışı və istifadəsi ilə məşğul olan adam kimi tanıdığı Aydın (əsl adı Müntəzimdir) adlı şəxs zəng edərək çölə çağırmışdır. O, da elə ev paltarında, yəni şortikdə çölə çıxmış, həmin şəxslə evin qapısının qarşısında görüşmüş, Aydın isə ona sözü olduğunu bildirərək maşına dəvət etmişdir. O, əynini dəyişmək üçün evə qayıtmış və şalvarını geyinib yenidən çölə çıxaraq Aydının avtomobilinə əyləşmişdir. Elə bu zaman, yəni maşında olduğu vaxt polis əməkdaşları onu söyüş söyə-söyə tutub Neftçala Rayon Polis Şöbəsinə aparılmışlar. Polis şöbəsində cibindən həqiqətən də ittiham aktının nəticəvi hissəsində göstərilən 5 bükümdə psixotrop maddə metamfetamin aşkar olunub. Polis şöbəsində ona bildirmişlər ki, baş verənləri CM-nin 234.1-ci maddəsi ilə rəsmiləşdirəcəklər. Buna etiraz etməmişdir. Lakin sonradan ona qarşı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə deyil 234.2-ci maddəsi ilə ittiham irəli sürüldüyünü bilib. Təqsirləndirilən şəxs heç kəsə narkotik vasitə satmadığını, hədiyyə etmədiyini, ümumiyyətlə narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirir. Göstərilənlərə əsasən özünü Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilmir. Eyni zamanda narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etdiyini və üzərindən ittiham aktının nəticəvi hissəsində təsvir olunmuş psixotrop maddənin aşkar olunduğunu etiraf edərək, əməlinin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə tövsif olunmasını məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, Neftçala Rayon Polis Şöbəsinin Narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Neftçala rayonu, Bankə qəsəbə sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə qəbul etməsi, üzərində saxlaması və alğı-satqısı ilə məşğul olması barədə Neftçala Rayon Polis Şöbəsinin əməliyyat aparatına məlumat daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı yoxlandıqdan sonra Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinin keçirilməsi məqsədilə şöbə rəhbərliyinə raportla məruzə etmiş və icazə alındıqdan sonra əməliyyat tədbiri keçirilməsi barədə qərar qəbul edilərək təsdiqlənmişdir. 29 sentyabr 2022-ci il tarixdə saat 11 radələrində daxil olan əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs Neftçala rayonu, Bankə qəsəbəsi ərazisində saxlanmışdır. Həmin zaman ətrafda kənar şəxslərin çox olması, sənədləşmə işlərinin aparılmasına münasib yerin olmaması səbəbindən Təqsirləndirilən şəxs polis şöbəsinə gətirmişlər. Şöbə rəhbərliyinə raportla məruzə edildikdən sonra Təqsirləndirilən şəxs Təhqiqat qrupuna təhvil verilmişdir. Təhqiqatçı tərəfindən tutma qərarı qəbul edildikdən sonra Təqsirləndirilən şəxs tutulmuş, hüquq və vəzifələri izah edilmiş və ona müdafiəçi təyin edilmişdir. Neftçala Rayon Polis Şöbəsinin növbətçi hissəsində polis əməkdaşları və Müdafiəçi1 iştirakı ilə Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməzdən əvvəl üzərində narkotik vasitə və ya hər hansı başqa cinayət xarakterli predmet varsa təqdim etməsi təklif olunmuşdur. Bu vaxt Təqsirləndirilən şəxs üzərində psixotrop maddə olduğunu və təqdim etmək istədiyini bildirmişdir. Daha sonra o, əynində olan şalvarın sağ üst yan cibindən sellofan torbacığı çıxarıb içərisində beş ədəd bükümü təqdim etmiş və təqdim etdiklərinin psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər açılıb baxıldıqda içində psixotrop maddə olan metamfetaminə bənzər maddə aşkar olunmuşdur. Həmin bükümlər yenidən eyni qayda ilə bağlanıb zərfə qoyularaq ekspertizaya göndərilməsi məqsədilə möhürlənmişdir. Orada təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, protokol iştirakçılara ucadan oxunmuş, digər iştirakçılar kimi o, da həmin protokola imza etmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Fizuli oğlu Şahid1 məhkəməyə bildirdiklərinə uyğun məzmunlu ifadələr vermişlər. Məhkəmə təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərkən ilk növbədə onun ifadələrinə münasibət bildirməyi zəruri sayır. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, təqsirləndirilən şəxsin iş üzrə ibtidai istintaq dövründə bildirdikləri onun işin məhkəmə baxışı dövründə bildirdiklərindən fərqlidir. Belə ki, təqsirləndirilən şəxs iş üzrə ibtidai istintaq dövründə polis əməkdaşları tərəfindən 29 sentyabr 2022-ci il tarixində saat 11 radələrində saxlanıldığını bildirdiyinə baxmayaraq, işin məhkəmə baxışı zamanı bildirmişdir ki, 29 sentyabr 2022-ci il tarixində saat 00.30 radələrində evinin qarşısında saxlanılıb. Təqsirləndirilən şəxsin işin məhkəmə baxışı zamanı bildirdikləri belə onun 5 bükümdə psixotrop maddəni satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxladığını təsdiq edir. Bununla bağlı aşağıdakılar qeyd olunur. Təqsirləndirilən şəxsin elə özü bildirir ki, narkotik vasitələrin, habelə psixotrop maddələrin satışı və istifadəsi ilə məşğul olan adam kimi tanıdığı Aydın (əsl adı Müntəzimdir) adlı şəxs ona gecə saat birin yarısında zəng edərək çölə çağırmış, o, həmin şəxsin çağırışı ilə ev paltarında, yəni şortikdə çölə çıxmış (işin faktik hallarından görünür ki, təqsirləndirilən şəxsdən aşkar olunmuş metamfetamin şortikinin deyil, şalvarının cibində olub), Aydın onu avtomobilə dəvət etmiş, o, isə evə qayıdaraq cibində 5 bükümdə psixotrop maddə olan şalvarını əyninə geyinib yenidən çölə çıxmış və Aydının avtomobilinə əyləşmişdir. Təqsirləndirilən şəxs işin məhkəmə baxışı zamanı verilmiş suallara cavab olaraq bildirmişdir ki, iki gündə bir dəfə bir bükümdə metamfetamin qəbul edir. Belə olan təqdirdə təqsirləndirilən şəxsdən 10 gün ərzində istifadə etməli olduğu 5 bükümdə metamfetamini hansı səbəbdən şalvarının cibində daşıdığı, habelə hansı məqsədlə narkotik və psixotrop maddə istifadəçisi olan Aydın (Müntəzim) adlı şəxslə gecə saat birin yarısında görüşməyə həmin psixotrop maddə cibində olmaqla getdiyi soruşulmuş (məsələn, əgər təqsirləndirilən şəxs metamfetamini həqiqətən də yalnız şəxsi istifadəsi üçün əldə etmişdirsə, onu haradasa gizlədib, hər dəfə bir büküm götürməklə istifadə edə bilərdi), lakin o, bu suala ağlabatan cavab verə bilməmişdir. Qeyd olunmalıdır ki, təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə məsuliyyətdən yayınmaq məqsədilə işin məhkəmə baxışı dövründə başqa vasitələrdən də istifadə edib. Məsələn, o, işin məhkəmə baxışı zamanı bildirmişdir ki, polis əməkdaşları onun barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanacağını vəd etmişlər. Həmin maddə ilə razılaşdığına görə polis əməkdaşlarının təklif etdiyi bir sıra sənədlərə imza etmişdir. Lakin sonradan məlum olmuşdur ki, polis əməkdaşları tərəfindən aldadılmış, yəni ona CM-nin 234.1-ci maddəsi ilə deyil, 234.2-ci maddəsi ilə ittiham elan olunmuşdur. İş materialları ilə tanış olanda isə görmüşdür ki, cinayət işində olan: «cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında» qərarda, «məhkəmə fiziki-kimyəvi ekspertizası təyin edilməsi haqqında qəbul edilmiş qərarla şübhəli şəxsi tanış etmək haqqında» protokolda, «təqsirləndirilən şəxsin hüquq və vəzifələrinə dair» bildirişdə, «təqsirləndirilən şəxsə ittihamın elan edilməsi, hüquq və vəzifələrin izah edilməsi, təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərarın surətinin, hüquq və vəzifələrinə dair yazılı bildirişin verilməsi haqqında» protokolda, «ibtidai istintaqın qurtarması barədə təqsirləndirilən şəxsə və onun müdafiəçisinə məlumat vermək haqqında» protokolda və «təqsirləndirilən şəxsə cinayət işinin materiallarını təqdim etmə və cinayət işinin materialları ilə tanış etmə haqqında» protokolda olan imzaları saxtalaşdırılıb. Təqsirləndirilən şəxsin məsələ ilə bağlı bildirdiklərini araşdırmaq məqsədilə Neftçala Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli qərarı ilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. Bununla bağlı 16 mart 2023-cü ildə verilmiş 4/371 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «1. Ekspertizaya təqdim olunmuş, cinayət işinin 12-ci vərəqində olan xx.xx.2022-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında qərarda; 33-cü vərəqində olan xx.xx.2022-ci il tarixli məhkəmə fiziki-kimyəvi ekspertizası təyin edilməsi haqqında qəbul edilmiş qərarla şübhəli şəxsi tanış etmək haqqında protokolda; 52-53-cü vərəqələrində olan xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxsin hüquq və vəzifələrinə dair bildirişdə; 54-cü vərəqində olan xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxsə ittiham elan edilməsi, hüquq və vəzifələrin izah edilməsi, təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərarın surətinin, hüquq və vəzifələrə dair yazılı bildirişin verilməsi haqqında protokolda, 110-cu vərəqində olan xx.xx.2022-ci il tarixli ibtidai istintaqın qurtarması barədə təqsirləndirilən şəxsə və onun müdafiəçisinə məlumat vermək haqqında protokolda; 113-cü vərəqində olan xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxsə cinayət işinin materiallarının təqdim etmə və cinayət işinin materialları ilə tanış etmə haqqında protokolda Təqsirləndirilən şəxs adından olan imzalar – Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur». Məhkəmə 16 mart 2023-cü ildə verilmiş 4/371 nömrəli ekspert rəyini sübut növü kimi mötəbər sayır. Beləliklə, işin məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, təqsirləndirilən şəxsin bildirdiyi bütün sənədlərdəki imzalar kənar şəxs tərəfindən deyil, məhz onun özü tərəfindən icra edilib, onun məhkəməyə bildirdikləri isə həqiqətə uyğun deyil. 30 sentyabr 2022-ci il tarixli 18/1082 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, Tədqiqata təqdim olunmuş, üzərində: «Təqsirləndirilən şəxs üzərindən ….» sözləri yazılmış və imzalar olan kağız paketdə 1 ədəd sellofan torbacığın içərisində: 5 ədəd «gümüşü» rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri-0,087 qram, 0,070 qram, 0,104 qram, 0,102 qram, 0,101 qram, ümumi çəkisi-0,464 qram olan maddələr kustar üsulla hazırlanmış xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli psixotrop maddə metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı»na daxildir (İ siyahı)». 05 noyabr 2022-ci il tarixli 6626 nömrəli ekspert rəyinin nəticəvi hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostumlyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs işin məhkəmə baxışı zamanı bildirmişdir ki, heç kəsə narkotik vasitə satmayıb, hədiyyə etməyib, ümumiyyətlə narkotik vasitələrin satışı ilə məşğul olmayıb. Məhkəmə bununla bağlı qeyd edir ki, narkotik vasitələrin və psixotrop maddələrin satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi, saxlanması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Yəni müvafiq məqsədin mövcud olması, hətta real satış olmasa belə, əməlin Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinə tövsif olunması üçün kifayət edir. İş üzrə toplanmış sübutların məcmusu isə təqsirləndirilən şəxsin psixotrop maddəni satış məqsədi ilə əldə edib üzərində saxladığını təsdiq edir. Təqsirləndirilən şəxsin istər ibtidai istintaq orqanına, istərsə də məhkəməyə bildirdikləri işin faktik hallarını təhrif etməklə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs öz cinayət əməlini qismən də olsa etiraf etdiyini, ilk dəfə olaraq az ağır cinayət törətdiyini, himayəsində bir nəfər azyaşlı uşağının olmasını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıra biləcək hər hansı hal müəyyən olunmur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə hesab edir ki, mövcud vəziyyətdə daha yüngül cəza təyin olunması ilə cəzanın Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi ilə müəyyən edilmiş məqsədinə çatmaq mümkün deyil. Məhkəmə həmçinin hesab edir ki, üzrə maddi sübut kimi tanınmış və Neftçala Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 0,314 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk iş materiallarında saxlanılmalı, keçirilmiş ekspertiza tədqiqatlarının ümumi dəyəri olan 176 (yüz yetmiş altı) manat 74 (yetmiş dörd) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasının əvvəli 29 sentyabr 2022-ci il tarixindən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunsun. İş üzrə maddi sübut kimi tanınmış və Neftçala Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 0,314 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış, 01 (bir) ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının ümumi dəyəri olan 176 (yüz yetmiş altı) manat 74 (yetmiş dörd) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №1(053)-9/2023
Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-9/2023
24.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver