Məhkəmə qərarları › İş №1(053)-9/2025

Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-9/2025

08.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-9/2025 08.01.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxx 1976-cı il tarixdə Neftçala rayonu, Novo- Vasilyevka kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Neftçala Rayon Məhkəməsinin 14 avqust 2024-cü il tarixli, 1(053)-54/2024 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 256.1-ci maddəsi ilə təqsirli bilinərək qazancının 15 (on beş) faizi məbləğində dövlət nəfinə pul tutulmaqla 11 (on bir) ay müddətinə islah işləri cəzasına məhkum olunmuş, Neftçala rayonu, Kürkənd kəndində qeydiyyatda olmaqla orada yaşayan, 25-27 sentyabr 2024-cü il tarixləri üzrə tutulmuş, 27 sentyabr 2024-cü il tarixdə barəsində “Başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında audio video yazı istifadə edilməklə baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 13,07 qram, xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana əldə edib üzərində daşıyaraq saxlamış, 25 sentyabr 2024-cü il tarixdə, saat 16:15 radələrində Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Neftçala şəhəri, H.Əliyev prospektində, “Sədərək” ucuzluq mağazasının yaxınlığında saxlanılaraq üzərində şəxsi axtarış keçirilərkən, əynindəki boz rəngli şalvarının sağ yan cibindən 01 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 13,07 qram olan xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, o, Neftçala rayonu, Kürkənd kəndində ailəsilə birlikdə yaşayır. Narkotik vasitə marixuanadan ara-sıra istifadə edir. Özü fərdi olaraq daş ustalığı edir. 22 sentyabr 2024-cü il tarixdə Kür çayının sahilindəki bəndin üstündə dayanarkən yerdə ağ rəngli kiçik büküm görmüşdür. Diqqətini cəlb etdiyindən bükülünü açıb baxanda içində az qədər qurudulmuş marixuana olduğunu görmüşdür. Həmin vaxtı ondan istifadə etməmiş, bükümü cibinə qoyub evə gəlmişdir. 25 sentyabr 2024-cü il tarixdə səhər evdən çıxanda həmin narkotik vasitəni də özü ilə götürmüşdür. O, işini görüb qurtardıqdan sonra narkotik vasitədən istifadə etməyi düşünmüşdür. Saat 16 radələrində Neftçala şəhəri H.Əliyev prospektindəki Bayraq Meydanına tərəf gedəndə polis əməkdaşları “Sədərək” ucuzluq mağazasının yaxınlığında ona yaxınlaşıb, özlərini təqdim edib, üstündə qanunsuz narkotik vasitə saxlaması barədə məlumatları olduğu üçün üzərinə baxış keçirəcəklərini bildirmişlər. Videoçəkilişlə ona üstündə narkotik vasitə varsa təqdim etməsini təklif etmişlər. O da üzərində olan narkotik vasitəni təqdim etmək istədiyini bildirmişdir. Bundan sonra əynindəki boz rəngli şalvarın sağ yan cibində saxladığı içində marixuana olan həmin sellofan bükümü polis əməkdaşına təqdim etmişdir. Orada üzərinə baxış keçirilmişdir. Şəxsi əşyalarından başqa cinayət xarakterli predmet aşkar olunmamışdır. Həmin narkotik vasitə orada qablaşdırılaraq möhürlənmişdir. Daha sonra onu Neftçala RPŞ-yə gətirmişlər. Burada da videoçəkilişlə barəsində şübhəli şəxsi tutma qərarı tərtib olumuş, ona müdafiəçi barədə hüquqları izah olunmuş, müdafiəçi siyahısı və Müdafiəçi ona təqdim edilmiş, maddi imkanı olmadığından Müdafiəçi hüquqlarını dövlət vəsaiti hesabına müdafiə etməsini xahiş etmişdir. Sonra barəsində şübhəli şəxs kimi tutma protokolu tərtib olunmuşdur. Bundan sonra üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Üzərinə baxış zamanı digər cinayət xarakterli əşya va predmet aşkar olunmamışdır. Möhürlənmiş narkotik vasitə yenidən açılaraq elektron tərəzidə çəkilmişdir. Sonra ekspertizaya göndərilməsi məqsədi ilə qablaşdırılmışdır. Hazırda əməlindən peşmandır. Üzərindən aşkar edilmiş narkotik vasitə olan marixuananı özü qəbul etmək üçün saxlamışdır. Əməlindən peşmandır. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, Neftçala RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 25 sentyabr 2024-cü il tarixdə Neftçala rayonu, Kürkənd kənd sakini Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirməsi barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı olaraq raportla polis şöbəsinin rəisinə məruzə etmişdir. Bundan sonra raport üzrə əməliyyat axtarış tədbirlərinin keçirilməsi ona həvalə olunmuşdur. Tərəfindən təxirəsalınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Bundan sonra əməliyyat tədbirində iştirak edəcək polis əməkdaşlarının tərkibi müəyyən olunmuşdur. Belə ki, əməliyyat tədbirində iştirak edəcək şəxslərin RPŞ-nin PPXB-nin polis nəfəri Şahid2 və ondan ibarət olması təsdiqlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Neftçala rayonu ərazisində ola biləcəyi ehtimal olunan yerləri əməliyyat nəzarətinə götürmüşlər. Həmin gün saat 16:15 radələrində Təqsirləndirilən şəxs Neftçala şəhəri, H.Əliyev prospekti ərazisində “Sədərək” ucuzluq mağazasının yaxınlığında piyada hərəkət etdiyini müşahidə edib video çəkiliş ilə ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra ona üzərində narkotik vasitə gəzdirməsi barədə şübhəli olduğunu izah edərək üzərində narkotik vasitə və ya qanunla qadağan edilmiş hər hansı bir predmet olub-olmadığını soruşmuşlar. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu deyərək, əynindəki boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd polietilen bükümü təqdim etmişdir. Tərəfindən həmin bükümə baxış keçirilmiş və narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olduğu müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və Elşənin üzərindən 01 ədǝd “Poco” markalı mobil telefon, bir ədəd üzərində “Vincestor” yazılmış siqaret qutusu və bir ədəd alışqan aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd polietilen bükülü kağız zərfdə qablaşdırılaraq tərəfindən götürülmüş, qalan əşyalar isə cinayət əhəmiyyəti kəsb etmədiyi üçün Elşənə geri qaytarılmışdır. Bundan sonra sənədləşmə işləri aparılması üçün Təqsirləndirilən şəxs ilə birlikdə rayon polis şöbəsinə gəlmişlər. X8 Şirəliyev təhqiqatçı tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində tutulmuş və təqdim olunmuş müdafiəçinin iştirakı ilə video çəkilişlə Elşənin üzərindən aşkar edilmiş kütləyə baxış keçirilməyə və üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Aşkar edilmiş kütlənin narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olduğu bir daha təsdiqlənmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlənin narkotik vasitə qurudulmuş marixuana (nǝşə) olduğunu, həmin kütləni Kür çayının sahilindən tapdığını və istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Aşkar edilmiş kütlə təhqiqatçı tərəfindən qablaşdırılıb DİN-nin “203” saylı möhürü ilə möhürlənib, götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən bundan başqa qanunla qadağan edilmiş heç bir əşya və predmet aşkar edilməmişdir. Bundan sonra aşkar olunanlarla bağlı protokol tərtib edilmişdir. O da digər iştirakçılar kimi protokolun doğru olmasını imzası ilə təsdiq etmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün etirafı və şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da, o cümlədən ekspert rəyləri və s. təsdiq olunur. 26 sentyabr 2024-cü il tarixli, 18/830 nömrəli məhkəmə bioloji ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, tədqiqata təqdim olunmuş, üzərində: «…Təqsirləndirilən şəxs üzərindən....» sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi – 13,07 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. 05 noyabr 2024-cü il tarixli, 774 nömrəli ekspert rəyinin nəticəvi hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və Neftçala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 256.1-ci maddəsi ilə təqsirli bilinərək qazancının 15 (on beş) faizi məbləğində dövlət nəfinə pul tutulmaqla 11 (on bir) ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Neftçala rayon İcra və probasiya şöbəsinin 08 yanvar 2024-cü il tarixli, 08 №-li sorğunun cavablandırılması məktubunda qeyd edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 256.1-ci maddəsi ilə təqsirli bilinərək Neftçala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(053)-53/2024 saylı hökmü ilə 15 (on beş) faiz məbləğində dövlət nəfinə pul tutulmaqla 11 (on bir) ay müddətinə islah işləri cəzasına məhkum edilmiş, cəzasının 3 ayı çəkilmiş, 8 ay cəzası çəkilməmiş olaraq qalmışdır. Neftçala rayonu İHB-nin Kürkənd kənd İƏDÜN-dən daxil olmuş xx.xx.2024-cü il tarixli, 303 №-li arayışdan görünür ki, Təqsirləndirilən şəxs Neftçala rayonu, Kürkənd kəndində yaşamaqla, arvadı X1 və xx.xx.2007-ci il təvəllüdlü X6, xx.xx.2012-ci il təvəllüdlü X2 və X7 adlı (əkiz) uşaqları vardır. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etdiyini və peşman olduğunu, həmçinin himayəsində 2 azyaşlı uşağının olmasını iş üzrə cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Qeyd olunur ki, Təqsirləndirilən şəxs Neftçala Rayon Məhkəməsinin 1(053)-53/2024 nömrəli iş üzrə 14 avqust 2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 256.1-ci maddəsi ilə təqsirli bilinərək qazancının 15 (on beş) faizi məbləğində dövlət nəfinə pul tutulmaqla 11 (on bir) ay müddətinə islah işləri cəzasına məhkum edilmiş və həmin cəzanı tam çəkməmişdir. Lakin təqsirləndirilən şəxsin yuxarıda göstərilən hökm üzrə cəzası azadlıqdan məhrumetmə ilə bağlı olmadığından onun hazırkı iş üzrə əməlində cəzanı ağırlaşdıran hal kimi cinayətin residivi yoxdur. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsində göstərilmişdir ki, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrumetmənin bir gününə islah işlərinin və ya hərbi xidmət üzrə məhdudlaşdırmanın dörd günü bərabər tutulur. Odur ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini Neftçala Rayon Məhkəməsinin 1(053)-53/2024 nömrəli iş üzrə 14 avqust 2024-cü il tarixli hökmündən sonrakı müddətdə törətdiyindən ona CM-nin 67.1 və 68-ci maddələrinin tələblərinə əsasən cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunmalı və o, ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Neftçala Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 13,05 qram təşkil edən, bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd kompakt disk iş materiallarında saxlanılmalı və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Neftçala Rayon Məhkəməsinin 1(053)-54/2024 nömrəli iş üzrə 14 avqust 2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş qazancının 15 (on beş) faizi məbləğində dövlət nəfinə pul tutulmaqla 11 (on bir) ay müddətinə islah işləri cəzasının çəkilməmiş 08 (səkkiz) ay hissəsi Azərbaycan Respublikası CM-nin 68.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmənin bir gününə islah işlərinin 4 (dörd) günü hesabı ilə hesablansın, alınan 02 (iki) ay hazırkı hökmlə təyin olunan 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən qismən birləşdirilsin və ona 07 (yeddi) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 25-27 sentyabr 2024-cü il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasının əvvəli 08 yanvar 2025-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «Başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbiri dəyişdirilərək «Həbs» növündə qətimkan tədbiri seçilsin və o, hazırkı hökm elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «Həbs» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunsun və ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Neftçala Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 13,05 qram təşkil edən, bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan edildiyi, həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi tarixdən 20 (iyirmi) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar