Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 1(054)-100/2025 13.02.2026 OĞUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Rəşad Ayıl oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1990-ci ildə Oğuz rayonu Xaçmaz kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Oğuz rayonu Xaçmaz kəndində qeydiyyatda olan və yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri xeyli miqdarda əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 5,37 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana əldə etməklə üzərində saxlayaraq daşımış, daxil olmuş əməliyyat məlumatı əsasında Oğuz RPŞ-nin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 17 sentyabr 2025-ci il tarixdə saat 21 radələrində Oğuz rayonunun Xaçmaz kəndi ərazisində saxlanılaraq üzərinə baxış keçirilən zaman əynində olan gödəkcənin sol yan cibindən 01 ədəd kibrit qutusunda xeyli miqdarda, yəni təmiz çəkisi 5,39 qram təşkil edən tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək qanunamüvafiq qaydada rəsmiləşdirilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə özünü təqsirli bilərək ifadəsində narkotik vasitədən arabir istifadə etdiyini, xx.xx.2025-ci il tarixdə axşam saatlarında yaşadığı Oğuz rayon Xaçmaz kəndində küçə ilə gedən vaxt yolun kənarında kolların içərisində kibrit qutusu görmüşdür. Həmin qutunu yerdən götürüb içərisinə baxmış ve içərisində "nəşə" olduğunu aşkar etmişdir. Əvvəllər ara-sıra "nəşədən" istifadə etdiyi üçün onu tanımış və gələcəkdə istifadə etmək üçün özü ilə götürmüşdür. Daha sonra həmin yol ilə gedərkən üç nəfər mülki geyimli şəxs videoçəkiliş aparmaqla ona yaxınlaşaraq polis əməkdaşı olduqlarını bildirmişlər və üzərində olan kibrit qutusunda həmin narkotik vasitəni onlara təqdim etmişdir. Təqsirləndirilən şəxs özünü təqsirli bilərək əməlindən peşman olmasını, himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını nəzərə alınmaqla barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının tətbiq olunmasını xahiş edərək buna dair yazılı ərizəni məhkəməyə təqdim etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri, əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üzərinin yoxlanılması, həmçinin şəxsi axtarışın keçirilməsi və təqdim olunmuş əşyanın götürülməsi zamanı qeydə alınmış video görüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Oğuz Rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 17 sentyabr 2025-ci il tarixdə X3, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, üzərində narkotik vasitə daşıması barədə daxil olmuş əməliyyat məlumatı əsasında raportla Oğuz rayon polis şöbəsinin rəhbərliyinə müraciət etmişdir. Bundan sonra həmin şəxsin şəxsiyyəti yoxlanılmış, əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş, həmçinin əməliyyat-axtarış qrupunun yaradılması barədə əmr verilmişdir və Oğuz RPŞ-nin digər əməkdaşları ilə birlikdə video çəkiliş aparmaqla təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə başlanılmışdır. Həmin gün saat 20:47 radələrində Təqsirləndirilən şəxs Oğuz rayon Xaçmaz kəndində yaşadığı ev yerləşən küçə ilə piyada hərəkətdə olarkən saxlanılmışdır. Özlərini Təqsirləndirilən şəxs təqdim edərək narkotik vasitə istifadə etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğu üçün saxlanılması barədə məlumat vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya, narkotik vasitə, psixotrop maddə olub-olmaması soruşulmuş və üzərində olan əşyaları təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs, ilk öncə əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən 1 ədəd "Magna" markalı siqaret qutusu və 1 ədəd salfet kağızı, əynində olan şalvarın sağ yan cibindən 1 ədəd alışqan, "Samsung" markalı və "Nokia" markalı 2 ədəp telefon, daha sonra əynindəki gödəkcənin sol yan cibindən bir ədəd kibrit qutusu təqdim etmişdir. Həmin kibrit qutusunun içərisinə baxdıqda yaşıl rəngli, spesifik iyə malik qurudulmuş marixuanaya bənzər kütlə olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlənin nə olduğu soruşulduqda narkotik vasitə olduğunu, tapdığını, arabir özü istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Daha sonra tərəfindən onun üzəri yoxlanılmış ve üzərindən qanunla sərbəst dövriyyəsi qadağan edilmiş başqa hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Sonra isə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd kibrit qutusunda olan qurudulmuş marixuanaya bənzər kütlə 1 ədəd zərfə qoyularaq qablaşıdırılmış, zərf iştirakçılar tərəfindən imzalanıb möhürlənərək bağlanmışdır. Daha sonra aşkar edilmiş predmetlərlə həmin şəxs polis şöbəsinə gətirilmişdir. Oğuz rayon polis şöbəsində keçirilmiş əməliyyat tədbiri ilə əlaqədar protokol tərtib olunmuş və video çəkiliş diskə köçürülərək protokola əlavə olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Oğuz RPŞ-nin KTQ-nun inspektoru, krimnalisti Şahid2 ondan öncə ifadə vermiş digər Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verərək göstərmişdir ki, əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs üzərindən bir ədəd kibrit qutusu aşkar olunmuş və həmin qutunun içərisində narkotik vasitəyə oxşar maddənin olması aşkar olunmuşdur. Məhkəmə iclasında elan edilərək tədqiq olunmuş iş üzrə şahid Oğuz RPŞ İTB-nin sahə polis nəfəri Şahid3 ibtidai istintaq dövründə verdiyi ifadəsindən görünür ki, o, məhkəmə iclasında şahid qismində dindirilmiş Oğuz Rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid1 ilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona qeyd edilən maddə ilə ittiham elan olunmuş və həmin tarixdə barəsində "polisin nəzarəti altına vermə" növündə qətimkan tədbiri seçilmiş və həmin tarixdə Oğuz RPŞ-nin MSY-dən azad edilmişdir. xx.xx.2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin gedişatının rəsmiləşdirilməsi, saxlanılan şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında” protokoldan və həmin tədbir keçirilərkən qeydə alınmış video görüntülərdən görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, şəxs axtarış zamanı sonuncunun üzərindən kibrit qutusunun içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüş, şəxsi axtarış zamanı aparılmış video çəkilişin görüntüləri 01 ədəd diskə köçürülərək tərtib edilmiş protokola əlavə olunmuşdur. xx.xx.2025-ci il tarixli "təqdim olunan əşyaya və video görüntüyə baxış keçirilməsi və götürülməsi haqqında" protokoldan görünür ki, 17 sentyabr 2025-ci il tarixdə saat 20:43dən etibarən video çəkilişdən istifadə olunmaqla təqdim edilən narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləyə, həmçinin bir ədəd yaddaş kartında olan görüntülərə baxış keçirilmiş, içərisində qurudulmuş marixuanaya bənzər kütlə olan kibrit qutusu elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 7,6 qram olduğu müəyyən edilmişdir. Həmin içərisində quudulmuş marixuanaya bənzər kütlə olan kibrit qutusu daha sonra yenidən qablaşdırılaraq götürülmüş və aparılmış video çəkilişin görüntüləri bir ədəd diskə köçürülməklə protokola əlavə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 Bölməsinin məhkəmə-bioloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 17/715 nömrəli rəyinə əsasən tədqiqata təqdim olunmuş üzərində "Oğuz rayon Xaçmaz kənd sakini Təqsirləndirilən şəxs üzərindən götürülmüş qurudulmuş marixuanaya bənzər kütlə.” yazısı, adlar və imzalar yazılmış zərfin içərisindəki 01(bir) ədəd kibrit qutusunda, təmiz çəkisi – 5,39 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Marixuananın 0,02 qramı tədqiqata sərf edilmiş, 5,37 qram qalıq qalmışdır. Ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 71.86 (yetmiş bir manat səksən altı) manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 1742 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Oğuz RPŞ-nin İB-nin müstəntiqi Ə.Əsgərovun xx.xx.2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 5.37 qram narkotik vasitə olan qurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanılması üçün Oğuz RPŞ-nin maddi sübutların saxlanması anbarına təhvil verilmişdir. İş üzrə həmçinin əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üzərinin yoxlanılması, şəxsi axtarışın keçirilməsi və təqdim olunmuş əşyanın götürülməsi zamanı qeydə alınmış video görüntüləri özündə əks etdirən 02 ədəd disk maddi maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Oğuz Rayon Mərkəzi Xəstəxanası PHŞ-dən daxil olmuş xx.xx.2025-ci il tarixli, 18-1- 64/2-1039/2025 nömrəli məktuba əsasən, Təqsirləndirilən şəxs Oğuz RMX-nın poliklinika şöbəsinin "Ruhi əsəb" və "Narkoloji" kabinetlərində qeydiyyatda yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnaməyə əsasən Təqsirləndirilən şəxs məhkumluğu olmamış və barəsində Azərbaycan Respublikası DİN-İ BƏSİİ Əməliyyatsorğu kartotekasında heç bir məlumat yoxdur. Oğuz RİHB-nın Oğuz rayonu, Xaçmaz İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2025-ci il tarixli, 5-68-14/2-197/2025 saylı məktubla daxil olmuş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Oğuz rayonu, Xaçmaz kəndində qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi xx.xx.1996-cü il təvəllüdlü arvadı X2 və xx.xx.2018-ci təvəllüdlü oğlu X4 ibarətdir, yaşadığı yerdə müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş Oğuz rayonu, Xaçmaz İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş AZ-İV 066510 nömrəli doğum haqqında şəahdətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs X5 ilə birgə nikahından xx.xx.2018-ci il təvəllüdlü X7 adlı bir yetkinlik yaşına çatmayan uşağı vardır. İş materiallarında olan Təqsirləndirilən şəxs tərəfindən yazılıb məhkəməyə təqdim edilmiş xx.xx.2026-cı il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə özünü tam təqsirli bilərək barəsində amnistiya aktının tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan heroini əldə etmə, saxlama və daşıma cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, şahidlərin ifadələri, ekspert rəyləri, əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üzərinin yoxlanılması, həmçinin şəxsi axtarışın keçirilməsi və təqdim olunmuş əşyanın götürülməsi zamanı qeydə alınmış video görüntülər və digər iş materialları ilə sübuta yetirilmişdir və onun əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 40.1-ci maddəsinə görə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir; “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının: 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verməklə və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarmaqla (bu Qərarın 6-cı və 7-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla) müvafiq olaraq amnistiya tətbiq edir. Qərarın 1.16-ci maddəsinə əsasən öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslərə müvafiq olaraq amnistya tətbiq edilir. 6-cı və 7-ci bəndlərində amnistiyanın tətbiqinə məhdudiyyətlər nəzərdə tutulmuşdur ki, Təqsirləndirilən şəxs əməli həmin məhdudiyyətlərin tətbiq dairəsinə düşmür. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan övladının olmasını (Qərarın 1.16-cı bəndi) nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Milli Məclisin “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.16 və 5.1-ci bəndinin tətbiq edilməsini məqsədə müvafiq hesab etmişdir. Həmin qərarının 29-cu bəndinə əsasən Məhkəmələr tərəfindən amnistiyanın tətbiqi məsələlərinə baxılarkən məhkəmə iclasında müvafiq prokurorun və müdafiə tərəfinin iştirakı ilə bağlı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara riayət edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin, bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə cinayət işi üzrə yuxarıda qeyd olunan hallarını və sadalanan qanunvericilik normalarını əsas götürərək hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsi ilə bağlı müdafiə tərəfinin razılığı olduğundan, “Konstitusiya və Suverenlik ili münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.16 və 5.1-ci bəndi tətbiq edilməklə, o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində cinayət təqibinə xitam verilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 1742 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Oğuz RPŞ-nin saxlancına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5,37 qram təşkil edən qurudulmuş marixuana məhv edilməli, Təqsirləndirilən şəxs barəsində həyata keçirilmiş şübhəli şəxsin üstünün yoxlanılması və üzərinə baxış keçirilməsi, götürmə hərəkətlərinin videogörüntülərini özündə əks etdirən 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 71,86 (yetmiş bir manat səksən altı qəpik) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə xüsusi müsadirəyə məruz qalmalı əmlak və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.12, 43.3, 321.2.1, 344-347, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: “Konstitusiya və Suverenlik ili münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.16 və 5.1ci bəndləri tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və cinayət təqibi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar: Oğuz rayon Polis Şöbəsinin saxlancına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5,37 qram təşkil edən qurudulmuş marixuana məhv edilsin; 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci, 71,86 (yetmiş bir manat səksən altı qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Qərardan elan edildiyi gündən 20 gün müddətində işə baxan Oğuz rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Əliyev
Məhkəmə qərarları › İş №1(054)-100/2025
Oğuz Rayon Məhkəməsi Qərar — İş №1(054)-100/2025
13.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver