Məhkəmə qərarları › İş №1(054)-11/2024

Oğuz Rayon Məhkəməsi Qərar — İş №1(054)-11/2024

23.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 1(054)-11/2024 23.05.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X10 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət verən şəxs X7 iştirakı ilə, X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirli bilinərək maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə dair X8 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətə məhkəmə hazırlıq iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: X3 Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayətlə müraciət edərək X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirli bilinərək maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. X8 xüsusi ittiham qaydasında şikayətini əsaslandıraraq bildırmışdır ki, keçən il qaynı X4 məxsus olan, Oğuz rayonu Kərimli kəndində yerləşən 1 ha torpaq sahəsində fındıq bağı əkmişdir. Bağa görə dövlət tərəfindən ona 5000 manat subsidiya ödənilib. Bu ilin fevral ayında bağa baxarkən fındıq tinglərinin oğurlandığını aşkar etmişdir. Axtarışları nəticə verməmişdir. xx.xx.2024-cüil tarixdə səhər saatlarında bağa gedərkən bağın qonşu tərəfdən 30 il qabaq qazılmış kanalın 4 metr hissəsinin doldurularaq bağa yol açıldığını aşkar etmişdir. X1 ilə əlaqə saxlamış, o, bağa gələrək kanalı özünün doldurduğunu və bağın yarısının onun olduğunu demiş, ona sənəd göstərdikdə isə heç bir sənədi və hökuməti qəbul etmədiyini bildirmişdir.Buna görə 102 xidmətinə zəng edərək həm oğurluq, həm də bağa yol açılması ilə bağlı məlumat vermişdir. Yarım saat ərzində polis əməkdaşları operativ qaydada gələrək yerində baxış keçirmiş, onun şikayət ərizəsini almış və xx.xx.2024-cü ildə saat 10:00-da polis şöbəsinə gəlməyini tapşırmışlar. Deyilən vaxtda şöbəyə getmiş, pilləkənlərin qarşısında Əli Şıxkərimovla rastlaşmışdır. Sənədləri yenidən ona göstərəndə Ə.Şıxkərimov əlindən vuraraq sənədləri yerə salmış, ona təpik-yumruqla hücum etmişdir. Bunu görəndə orada olan polis işçilərinin bəzisi onu saxlamağa çalışmışlar. Şıxkərimov isə onun şərəf və ləyaqətini alçaldıcı, habelə sənəd verən dövlət qurumlarına söyüşlər söyməyə davam etmişdir. Onu və Əlini polis şöbəsinin rəisinin yanına qaldırmışlar. Ə.Şıxkərimovun məhkəməyə çıxarılması göstərişi verilsə də, indiyədək məhkəmə olmamışdır. Baş vermiş hadisə şöbənin kameraları tərəfindən qeydə alınmışdır. Ə.Şıxkərimovun iki oğlu da polis işçisidir. Göründüyü kimi Əli Şıxkərimov onu ictimai yerdə söyərək təhqir etmiş, cinayət törətmişdir. Qeyd olunanları nəzərə alaraq X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclaslarının vaxtı və yeri barədə məlumat verilmiş, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Əli Şıxkərimov məhkəmə iclaslarında iştirak etməmiş, xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş xx.xx.2024-cü il tarixli ərizəsi ilə vacib işi olduğundan məhkəmə iclasında iştirak etməyəcəyini bildirmiş, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. 30 aprel 2024-cü il tarixli məhkəmə iclasında Rafiq Eyyubov şikayətinin məzmununa uyğun izahat vermiş, yazılı vəsatət təqdim edərək xx.xx.2024-cü il tarixdə baş vermiş hadisə ilə bağlı saat 9:00-dan 11:00-dək olan video-görüntülərin Oğuz rayon Polis şöbəsindən tələb olunmasını xahiş etmişdir. Oğuz rayon Polis şöbəsinin xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş xx.xx.2024cü il tarixli, 3-13101/2-5801/24 saylı məktubu ilə Oğuz rayon Polis şöbəsinin inzibati binasında quraşdırılmış müşahidə kameralarının video-qeydiyyatı 15 gün müddəti əhatə etdiyi üçün xx.xx.2024-cü il tarixdə qeydə alınmış görüntülərin avtomatik olaraq yaddaşdan silindiyini bildirmişdir. Oğuz rayon Polis şöbəsinin işdə olan cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2024-cü il tarixli qərarından görünür ki, X7 X5 tərəfindən döyülməsinə və nalayiq ifadələrlə söyülməsinə dair şikayəti üzrə araşdırma aparılmış, şikayətçinin adlarını qeyd etdiyi, həmin vaxt orada olmuş Pərvin Cəfər və Cavid adlı polis əməkdaşlarının izahatı alınmış, 19 saylı ekspert rəyi ilə şikayətçinin xx.xx.2024-cü il tarixdə sağlamlığa zərər vurmayan bədən xəsarətləri alması müəyyən edildiyindən material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, X2 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi olduğundan qərarın surətinin tədbir görülməsi üçün Oğuz RPŞ İTB-yə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət verən şəxs X8 əlavə təqdim ediləcək vəsatəti və sübutu olmadığını bildirdi, şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə şikayətlə tanış olaraq hesab edir ki, şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Həmin Məcəllənin 293.3.1-ci maddəsinə əsasən şikayətdə şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi) göstərilir. Həmin Məcəllənin 293.3.4-cü maddəsinə əsasən şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərilir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 03 saylı Qərarının 05-ci bəndinə əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu qeyd etmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Həmin Qərarın 10-cu bəndində qeyd olunmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 37-ci maddəsinə əsasən, xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin ərizəsi əsasında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 (böhtan), 148 (təhqir), 165.1 (müəlliflik hüquqlarını və ya əlaqəli hüquqları pozma) və 166.1-ci (ixtiraçılıq və patent hüquqlarını pozma) maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir. Cinayət nəticəsində ziyan vurulmuş, məhkəməyə xüsusi ittiham qaydasında şikayət vermiş yetkinlik yaşına çatmış və fəaliyyət qabiliyyəti olan zərər çəkmiş şəxs xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsi və ya məhkəmə baxışına təyin edilməsi haqqında məhkəmə qərarı qəbul olunduğu andan xüsusi ittihamçı, barəsində şikayət verilmiş şəxs isə - təqsirləndirilən şəxs qismində tanınırlar. Zərər çəkmiş şəxs yetkinlik yaşına çatmadıqda və ya fəaliyyət qabiliyyətli olmadıqda xüsusi ittihamçı qismində həmin şəxsin adından xüsusi ittiham qaydasında məhkəməyə şikayət vermiş onun qanuni nümayəndəsi tanınır. Həmin Qərarın 11-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələri). Qərarda daha sonra bildirilir ki, məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayətin məzmunu həmin Məcəllənin 293.3.1-293.3.7ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda, 302.1.8-ci maddəsinə əsasən şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6- 302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Beləliklə, X7 şikayətinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin qərarın mətnində qeyd edilən tələblərinə uyğun verilmədiyi nəzərə alınmaqla məhkəmə hesab edir ki, şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 293, 299, 300, 302, 381, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirli bilinərək maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə dair X8 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar