Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 1(054)-110/2025 13.02.2026 OĞUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Rəşad Ayıl oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1993-cı ildə Oğuz rayonu Bayan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanda yaşayan, əvvəllər məhkum olunmamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, o, xx.xx.2025-cü il tarixdə saat 20-21 radələrində Oğuz rayonu D.Qorqud küçəsində aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı iş yoldaşı Zərərçəkmiş şəxs sol sifət və sol ayaq nahiyələrindən bir neçə dəfə yumruq, təpiklə zərbə vurmaqla, sonuncuya üzün sol tərəfinin dərialtı hematoması, yumuşaq toxumasına qansızma, sol aşıq baldır oynağının əzilməsi və qansızması ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxış iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, məhkəməyədək icraat zamanı zamanı verdiyi ifadəsini təsdiq edir, həmin zaman çox içkili olduğu üçün etdiyi hərəkətləri xatırlamır. Belə ki, toydan çıxdıqdan sonra axşam saatlarında bu hadisənin baş verdiyini, pivə içmək üçün kafeyə getdiklərini və orada zərərçəkmiş şəxsi vurmasını demişdir. Toy məclisində zərərçəkmiş şəxsi vurmadığını, kafeyə gedərək onunla görüşməsini və mübahisənin orada baş verməsini bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs törətdiyi özünü təqsirli bilməsini, öz əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə vurduğu ziyanı ödəməsini və onunla barışmasını bildirmişdir. Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının tətbiq olunmasını xahiş edərək buna dair yazılı ərizəni məhkəməyə təqdim etmişdir. Cinayət işi üzrə Zərərçəkmiş şəxs məhkəmə iclasında ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə əvvəllər aralarında heç bir mübahisə olmamışdır. xx.xx.2025-ci il tarixdə iş yoldaşı Təbrizin toy məclisində olmuşlar və toy keçirilən zaman onunla arasında heç bir mübahisə yaşanmamışdır. Təqsirləndirilən şəxs həmin gün çox içdiyi üçün sərxoş olmuşdur. Toydan sonra iş yoldaşı Səbuhi ilə kafeyə çay içməyə getmişdir. Bundan bir az sonra Elşən həmin kafeyə gəlməsini və qəfildən onu vurmasını, bir müddət sonra özünü pis hiss etdiyi üçün təcili-tibbi yardıma müraciət etmələrini demişdir. Baş vermiş mübahisə ilə bağlı polisə şikayət etmədiyini, çox güman ki, təcili-tibbi yardım tərəfindən polisə məlumat verilməsini bildirmişdir. Mübahisədən sonra Təqsirləndirilən şəxs zəng edərək ondan üzr istəməsini və onunla barışmasını, odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında notarial qaydada təsdiq olunmuş yazılı ərizəni təqdim edərək bildirmişdir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə aralarında barışıq əldə olunmuşdur, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə iş yoldaşı Təbrizin toy məclisində olmuşdur, lakin həmin gün işdə olduğu üçün sözügedən məclisdə az müddətdə iştirak etmişdir. Toydan sonra Zərərçəkmiş şəxs ona zəng edərək onu çay içməyə dəvət etmişdir. Onlar kafedə çay içən zaman Təqsirləndirilən şəxs ora gəlmiş və söhbət etmələri üçün Zərərçəkmiş şəxs çölə çağırmışdır. Bir az keçdikdən sonra Zərərçəkmiş şəxs kafeyə geri qayıdan zaman onun üzündə ləkə olmasını görmüşdür, ondan nə baş verməsini soruşduqda o, ona yıxıldığını demişdir. Bir müddət sonra evə getdiklərini və həmin zaman Zərərçəkmiş şəxs ona ayağının ağrımasını və bundan sonra təcili-tibbi yardıma zəng etmələrini və tibbi yardım göstərilməsi üçün xəstəxanaya getmələrini demişdir. Məhkəmə iclasında Şahid verilmiş suallara cavab olaraq bildirmişdir ki, Elşən Həsrətovun Zərərçəkmiş şəxs vurmasını görməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 publik hüquqi şəxsin Qəbələ rayon şöbəsinin xx.xx.2025-ci il tarixli, 120 nömrəli rəyindən görünür ki, 1984-cü il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində üzün sol tərəfinin dərialtı hematoması, yumuşaq toxumasına qansızma, sol aşıq baldır oynağının əzilməsi və qansızması kimi xəsarəti vardır. Həmin xəsarətlər küt alətin (əşyaların) təsirindən müayinə olunanın yuxarıda göstərdiyi tarixdə və şəraitdə yəni 30 noyabr 2025-ci il tarixdə törənə bilər. Qeyd olunan xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmanın əlamətlərinə aiddir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Oğuz rayon İcra Hakimiyyəti Bayan İƏD-si üzrə İcra nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnaməyə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxs Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə müsbət xarakterizə olunur. “Elektron məhkəmə” İnformasiya Sistemi ilə sorğu edilmiş məlumata əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxs Təqsirləndirilən şəxs ailə üzvləri arvadı X2, xx.xx.2018-ci il təvəllüdlü X4, xx.xx.2019-cu il təvəllüdlü X5 və xx.xx.2022-ci il təvəllüdlü X1 ibarətdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında təqdim etdiyi notariat qaydasında təsdiq olunmuş ərizəsindən görünür ki, o Təqsirləndirilən şəxs ilə barışmış, ondan heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən yekun protokolda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspert rəyi, təhqiqat hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144- 146). Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi xx.xx.2026-cı il tarixli ərizəsində qeyd olunmuşdur ki, o, özünü CM-in 128-ci maddəsi ilə təqsirli bilir, himayəsində üç azyaşlı uşağı vardır və barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının tətbiq olunmasını xahiş edir. Məhkəmə tərəfləri dinləyib və iş materiallarını nəzərdən keçirib, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin ərizəsini nəzərə alıb hesab edir ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarı Təqsirləndirilən şəxs barəsində tətbiq edilməli və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 40.1-ci maddəsinə görə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir; Azərbaycan Respublikası Milli Məclisin “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verməklə və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarmaqla (bu Qərarın 6-cı və 7-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla) müvafiq olaraq amnistiya tətbiq edir. Qərarın 1.16-ci maddəsinə əsasən öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslərə müvafiq olaraq amnistya tətbiq edilir. Eyni zamanda, Qərarın 1.16-cı bəndində öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı olan şəxslər də nəzərdə tutulmuşdur. 6-cı və 7-ci bəndlərində amnistiyanın tətbiqinə məhdudiyyətlər nəzərdə tutulmuşdur ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli həmin məhdudiyyətlərin tətbiq dairəsinə düşmür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.1-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əməllər (hərəkət və ya hərəkətsizliklər) xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərə bölünür. Həmin məcəllənin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayətdir və yuxarıda qeyd edilən amnistiya qərarının 5.1-ci bəndi bu cinayətləri törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verilməsini təsbit edir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində üç yetkinlik yaşına çatmayan övladının olmasını (Qərarın 1.16-ci bəndi), habelə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini (Qərarın 5.1-ci bəndi) nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Milli Məclisin “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.16 və 5.1-ci bəndlərinin tətbiq edilməsini məqsədə müvafiq hesab etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin, bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinin tələbinə görə amnistiya aktına əsasən, şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Məhkəmə cinayət işi üzrə yuxarıda qeyd olunan hallarını və sadalanan qanunvericilik normalarını əsas götürərək hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsi ilə bağlı müdafiə tərəfinin razılığı olduğundan, “Konstitusiya və Suverenlik ili münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.16-cı və 5.1-ci bəndləri tətbiq edilməklə, o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi Azərbaycan Respublikasının Milli Məclisinin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarın 5.1-ci bəndinin təsiri altına düşdüyündən o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. İş üzrə mülki iddia, maddi sübut və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 39, 43, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.16-cı və 5.1-ci bəndləri tətbiq edilməklə o, cinayət məsuliyyətindən azad edilsin və barəsində olan sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin. İş üzrə məhkkəmə xərci, mülki iddia, maddi sübut və müsadirə edilməli əmlak yoxdur. Qərardan elan edildiyi gündən 20 gün müddətində işə baxan Oğuz Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Rəşad Əliyev
Məhkəmə qərarları › İş №1(054)-110/2025
Oğuz Rayon Məhkəməsi Qərar — İş №1(054)-110/2025
13.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver