Məhkəmə qərarları › İş №1(054)-114/2025

Oğuz Rayon Məhkəməsi Qərar — İş №1(054)-114/2025

06.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 1(054)-114/2025 06.03.2026 OĞUZ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin hüquqi varisi X8 təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi1 iştirakı ilə, xx.xx.1963-cü il tarixdə Oğuz rayonu Xaçmaz kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Oğuz rayonu Xaçmaz kəndində qeydiyyatda olmaqla yaşamış, xx.xx.2025-ci il tarixdə vəfat etmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair cinayət işinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq ağackəsmə cinayət əməlini törətmişdir. Belə ki, o, gəlir əldə etmək məqsədi ilə aidiyyəti dövlət orqanlarının müvafiq icazəsi olmadan qanunsuz olaraq, 2024-cü ilin mart ayının sonlarında Oğuz rayonu Xaçmazqışlaq kəndinin “Vahramlı” fermasına gedən yolun sol tərəfindən vətəndaşlara məxsus torpaq sahəsi ilə həmsərhəd Oğuz rayonu Xaçmaz bələdiyyəsinin mülkiyyətinə aid ərazidə yerləşən kol və ağac cinsləri ilə örtülmüş sahədən qovaq növünə aid köküstə yaş vəziyyətdə olan ağacları kəsmək üçün cinayətdən xəbərsiz olan Oğuz rayon sakinləri X1 və Şahid7 həmin ağacların özünə məxsus torpaq sahəsinə aid olduğunu və onun mülkiyyətində olduğunu yalandan bildirərək, Habil İsmayılov və Şahid7 tərəfindən istintaqa məlum olmayan motorlu mişarla köküstə yaş vəziyyətdə olmaqla 10 ( on ) ədəd ağacın qanunsuz olaraq kəsilməsinə nail olduqdan sonra, həmin ağacları günəmuzd fəhləlik fəaliyyəti ilə məşğul olan Oğuz rayon sakini cinayətdən xəbərsiz X2 yığdırmaqla, cinayətdən xəbərsiz olan X4 məxsus “Kamaz yük” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə daşınmasını həyata keçirib, həmin ağacların bir hissəsini Qəbələ rayonu, Mıxlıqovaq kənd sakini Şahid3, digər hissəsini Qəbələ rayonu, Bum qəsəbəsi sakini X5 pul müqabilində satmaqla Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Şəki şəhər 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə ümumilikdə 26.400,00 (iyirmi altı min dörd yüz) manat olmaqla külli miqdarda maddi ziyan vurmuşdur. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsi ilə ittiham verilmişdir. İstintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, onun Oğuz rayonu, Xaçmaz Qışlaq kəndində yerləşən “Vahramlı” adlı ferması vardır. Həmin fermanın yolunun üstündə çoxlu qovaq ağacları vardır. 2024cü ilin fevral ayında xatırlamadığı gündə Valeh ona yaxınlaşaraq pul qazanmaq lazım olduğunu, İlqar adlı Qəbələ rayon sakini olan tanışı olduğunu, həmin şəxsin pulu ilə ağac alıb-satdığını bildirərək fermanın yaxınlığındakı ağacları kəsərək İlqara satmağı təklif etmişdir. Həmin vaxtlar maddi ehtiyacları olduğundan şirnikmiş və Valehlə əlbir olaraq Oğuz rayonu Xaçmazqışlaq kəndində yerləşən “Vahramlı” adlı fermanın yaxınlığında olan qovaq ağaclarını kəsmək qərarı almışdır. Həmin vaxt Valehə ekalogiyanın qanunsuz hərəkətlərindən xəbəri olacağını desə də, Valeh ona “narahat olma bu ərazilərə baxan ekologiyanın rəisi Akif mənim qardaşımdır” demişdir. Eyni zamanda o, özünün də 15 saylı Regional meşə idarəsində mühəndis vəzifəsində işlədiyini, heç kimin ona problem yaratmayacağını, nə problem olsa özünün həll edəcəyini bildirmişdir. Valeh onun kəsdiyi ağacları görməzdən gələcəklərini demişdir. Həmçinin Valeh ağacı səhər tezdən saatlarından kəsəcəklərini, meşə yolu ilə daşıyacağlarını bildirmişdir. Həmin vaxt Akifin onu görməzdən gələcəyini fikirləşmişdir. X14 RPŞ-nin əməkdaşlarının avtomobilləri saxlayacağını dedikdə, Valeh ona “narahat olma avtomobillər Qəbələ rayon ərazisinə çıxanadək meşə yolu ilə gedəcək, Qəbələ polisləri tanış olduğundan orda narahatçılıq yaranmayacaq” sözlərini demişdir. Bundan sonra həmin ərəfələrdə Valehin köməkliyi ilə hissə-hissə olmaqla 17 ağac kəsmişdir. Həmin ağacları Valehlə şərikli kəsmiş və pullarını bölüşmüşlər. Həmin ağacları günəmuzd fəhləliklə məşğul olan Şahid2, Habil İsmayılov və Şahid7 kəsdirmişdir. Belə ki, həmin 17 ədəd ağacdan 5 ini Eldəniz, 12 ədədini Habil kökündən kəsib aşırmış, qol-budaqların doğranmasında Seyranda köməklik göstərmişdir. Həmin şəxslər ağacları kəsməzdən əvvəl ondan bu işin qanuni olub olmamasını soruşmuş, həmi şəxslərə ağacların xüsusi mülkiyyətində olduğunu demişdir. O, həmçinin kəsdirdiyi ağacları fəhlə X2 yığdırmaqla, X4 məxsus “Kamaz” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə danışmasını həyata keçirdiyini, bütün fəhlələrə həmin ağacları xüsusi mülkiyyətindən kəsdiyini deməsini qeyd etmişdir. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə öldüyündən, oğlu X11 xx.xx.2025-ci il tarixdə Oğuz rayon X9 Bölməsinə ünvanladığı ərizəyə əsasən atasının hüquqi varisi qismində tanınmasını xahiş etmişdir. O, müstəntiqin xx.xx.2025-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxsin hüquqi varisi kimi tanınmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin hüquqi varisi X11 atası Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə öldüyünü və zərər çəkmiş şəxsə dəymiş ziyanlığın ödənildiyini bildirərək, mərhum atası barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. İş materiallarından müəyyən edilir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin “Həcm-Qiymət Cədvəli”-də hadisə nəticəsində həmin idarəyə 43.400,00 (qırx üç min dörd yüz) manat miqdarında maddi ziyan dəyməsi göstərilmişdir. İş materiallarından müəyyən edilir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reystri X15 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-42/2-5140/2024 nömrəli məktubunda göstərilmişdir ki, işin araşdırılması məqsədi ilə DƏDKR X15 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssisləri Oğuz rayonu Xaçmaz Qışlaq kəndi ərazisində yerləşən sahəyə baxış keçirmiş və GPS aləti vasitəsi ilə ölçü işləri aparılmışdır. Kameral qaydada Mərkəzin elektron məlumat bazasına əsasən araşdırma zamanı məlum olmuşdur ki, məktubda göstərilən ağaclar kəsilmiş 0,66 hektar torpaq sahəsi Oğuz rayonu Xaçmaz Qışlaq kənd ərazi vahidinin sərhədləri daxilində kateqoriyası kənd təsərüfatı təyinatlı, uqodiyası kolluq olan, Oğuz rayonu Xaçmaz bələdiyyəsinin mülkiyyətinə aidə ərazidə yerləşir. İş materiallarından müəyyən edilir ki, məhkəmə-əmtəəşünaslıq ekspertizsının 13 avqust 2024-cü il tarixli, 9/5603 nömrəli rəyinin nəticə hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 421 nömrəli qərarına əsasən ekspertiza tədqiqatına təqdim edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş akt və ona əlavə edilmiş həcm-qiymət cədvəlinə əsasən göstərilən ağacların qanunsuz olaraq kəsilməsi nəticəsində tikinti və abadlaşdırma istisna olmaqla təbiətə dəymiş ziyanının ümumi məbləği 43400,00 manat müəyyən edilir. İş materiallarından müəyyən edilir ki, məhkəmə-psixatrik ekspertizsının 19 may 2025-ci il tarixli, 2286 nömrəli rəyinin nəticə hissəsində göstərilmişdir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs müəyyən edilən şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, o, öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törətməmişdən əvvəl öz əməlini faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs müəyyən edilən şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, o, öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs cinayət əməlini törədən vaxt öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hərəkəti Azərbaycan Respublikası CM-nin 21-22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törətdikdən sonra və hazırda öz hərəkətlərinin faktiki xarakterini dərk etmək və onları idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs psixi vəziyyətinə görə barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs psixi vəziyyəti nəzərə alınaraq yaşadığı ərazi üzrə və qeydiyyatda olduğu polikilinikada həkim-psixiatr nəzarətində olması tövsiyyə edilir. İş materiallarından müəyyən edilir ki, 01 oktyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 259.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuş, həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarından müəyyən edilir ki, istintaq zamanı Təqsirləndirilən şəxs tərəfindən ağacların zədələnməsi nəticəsində məhv olması səbəbindən 43400,00 manat ziyandan 21700,00 manat könüllü şəkildə Azərbaycan Respublikası Baş Prokurorluğun depozit hesabına köçürülmüş, həmin vəsaitin dövlət büdcəsinə köçürülməsi qərara alınmışdır. İş materiallarından müəyyən edilir ki, xx.xx.2025-ci il tarixli 702 nömrəli X3 xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasının CM-nin 259.2.4-cü maddəsi ilə Təqsirləndirilən şəxs Abşeron rayonu Masazır qəsəbəsində dəqiqləşdirilməmiş kəskin miokard infarktı səbəbindən vəfat etməsi göstərilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli 1(054)-61/2025 nömrəli hökmün surətindən görünür ki, Şahid2 Xaçmaz bələdiyyəsinin mülkiyyətində olan sözügedən ərazidən 7 ədəd qovaq növündən olan yaş köküstə ağacları kəsərək, dövlətə 17000 (on yeddi min) manat məbləğində ziyan vurmuşdur. Belə ki, Şahid2 istintaq zamanı Oğuz RPŞ-də verdiyi ifadə də həmin ağacları Təqsirləndirilən şəxs göstərişi ilə kəsdiyini, həmin ərazinin Təqsirləndirilən şəxs məxsus olduğunu zənn etdiyini göstərməsi Oğuz Rayon Məhkəməsinin hökmü ilə təkzib olunur. İş materiallarında olan arayışdan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. İş üzrə mülki iddia, müsadirə olunması təklif olunan əmlak, alət və vasitə yoxdur və ekspertiza xərci 50 (əlli) manat təşkil edir. İş üzrə 264000,00 (iyirmi altı min dörd yüz) manat maddi ziyandan 21700,00 (iyirmi bir min yeddi yüz) manat ödənmiş, 4700,00 (dörd min yeddi yüz) manat ödənilməmişdir. Təqsirləndirilən şəxsin hüquqi varisi X8 ərizəsindən görünür ki, o, təqsirləndirilən şəxsin barəsində olan cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Məhkəmə məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 və təqsirləndirilən şəxsin hüquqi varisi X8 ərizəsini nəzərə alınaraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən şəxs cinayət əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq və ya prokuror bəraətverici əsaslar olmadıqda təqsirləndirilən (şübhəli) şəxsin, habelə ölmüş təqsirləndirilən (şübhəli) şəxsin və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş, lakin təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda müdafiəçinin, barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin razılığı olmadan cinayət təqibinə xitam verilməsi barədə qərar çıxara bilməz. Belə halda cinayət təqibi üzrə icraat bu Məcəllə ilə müəyyən edilmiş qaydada davam etdirilir və hökmün, məhkəmənin digər qərarının çıxarılması ilə başa çatdırılır. Həmin Məcəllənin 43.3-1-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət təqibinə cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddələrində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda müdafiəçisinin razılığı ilə yol verilir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmə hazırlıq iclası keçirilənə qədər ölməsini və ölmüş təqsirləndirilən şəxsin hüquqi varisinin cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etdiyini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. Məhkəmə, CPM-in 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Belə ki, həmin maddənin tələblərinə uyğun olaraq müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Cinayət işi üzrə ekspertizanın keçirilməsi ilə əlaqədar 50 (əlli) manat məbləğində məhkəmə məsrəfi vardır. Təqsirləndirilən şəxs öldüyü üçün həmin məhkəmə məsrəfi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5, 43, 373 və 384.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 259.2.4-cü maddəsi ilə cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddəsinə əsasən xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilsin. Cinayət işi üzrə 50 (əlli) manat ekspertiza xərci dövlət büdcəsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) hesabına köçürülsün. İş üzrə mülki iddia və digər məhkəmə xərclərinin olmaması nəzərə alınsın Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərarda apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar