Məhkəmə qərarları › İş №1(054)-12/2025

Oğuz Rayon Məhkəməsi Hökm — İş №1(054)-12/2025

15.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Oğuz rayonu İş № 1(054)-12/2025 15.07.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Məmmədli Emin İlham oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1980-ci ildə Oğuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə etmə, saxlama, daşıma cinayət əməlini törətmişdir. Belə ki, o, qəsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, 17,73 qram narkotik vasitə olan qurudulmuş marixunanı istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib qanunsuz olaraq üzərində saxlamış, Oğuz RPŞ-nin CAB-nin əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 26 may 2024-cü il tarixdə Oğuz rayon ərazisində saxlanılaraq Oğuz RPŞ-yə gətirilib 26 may 2024-cü il tarixdə saat 16:13 dəqiqədən saat 16:55 dəqiqəyədək olan müddət ərzində orada videoçəkilişlə və müdafiəçinin iştirakı ilə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 01 (bir) ədəd sellofan bükümdə xeyli miqdarda, 17,73 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunub qanunamüvafiq qaydada rəsmiləşdirilərək, qablaşdırılıb götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, avtomobil təmiri ustası işləyir və arabir narkotik vasitə olan qurudulmuş marixunadan istifadə edir. 26 may 2024-cü il tarixdə səhər saatlarında yaşadığı evdən yuxarıda yerləşən çay kənarında gəzən zaman təsadüfən yerdə bir ədəd sellofan bükülü olduğunu görmüş və həmin bükülü diqqətini cəlb etdiyi üçün həmin bükülünü əli ilə yerdən götürüb açaraq içərisinə baxmışdır. Həmin vaxt bükülünün içərisində qurudulmuş marixuana deyilən maddəyə oxşar kütlə olduğunu görmüşdür. Arabir narkotikdən istifadə etdiyi üçün tapdığı maddənin marixuana olduğunu bilmiş, həmin vaxt ətrafda heç kimin olmadığını yəqin etdikdən sonra tapmış olduğu narkotikdən daha sonra özü istifadə etmək üçün bükülünü əynində olan qara rəngli gödəkçəsinin sol yan cibinə qoymuşdur. Həmin gün saat 15 radələrində Oğuz şəhəri H.Əliyev prospektində piyada hərəkətdə olduğu zaman iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını, onun narkotik vasitələrin qanunsuz istifadəsində şübhəli olduğunu bildirirərək, onu polis şöbəsinə dəvət etmişlər. Oğuz RPŞ-nə gətirdikdən sonra vəkil iştirakı ilə şübhəli şəxs qismində tutulmuş və üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarın sol yan cibindən özünə məxsus bir ədəd “winston” markalı siqaretini, iki ədəd alışqanını və əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən bir ədəd sellofan bükümü cıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Sorğu zamanı həmin narkotik vasitəyə oxşar kütlələni haradan əldə etdiyini soruşmuşlar. Bu vaxt həmin narkotik vastəninin özünə məxsus olduğunu, həmin narkotik vasitəni xx.xx.2024-cü il tarixdə Oğuz şəhəri ərazisində çay kənarında gəzən zaman yerdən tapdığını və özü istifadə etmək üçün üzərində saxladığını demişdir. Bundan sonra polis əməkdaşları tərəfindən həmin büküm elektron tərəzi vasitəsi ilə çəkilmiş və bükülünün çəkisinin 18,5 qram olması müəyyən olunmuşdur. Narkotik vastənin dəqiq çəkisi və növü müəyyən olunması üçün ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyulmuş üzərinə özü, vəkil və digər iştirakcılar imza etmişlər. Bundan başqa ona məxsus bir ədəd siqaret qutusu və iki ədəd alışqan özünə qaytarılmışdır. Üzərinə keçirilən şəxsi-axtarışla bağlı protokol tərtib edilmişdir. O, həmçinin fasilələrlə narkotik vasitədən istifadə ediyini, heç vaxt narkotik vasitə satmadığını, üzərindən aşkar olunmuş narkotik vasitəni isə yerdən tapdığını, həmin narkotiki üzərində gəzdirməkdə niyyətinin öz şəxsi istifadəsi üçün olduğunu, həmin narkotik vasitəni tapması barədə başqa heçkimin xəbəri olmadığını, özündə başqa narkotik vasitə olmadığını, polis əməkdaşlarının ona heç bir fiziki güc və yaxud zor tətbiq etmədiklərini qeyd etmişdir. Yekunda Təqsirləndirilən şəxs bildirdi ki, etdiyi əməldən peşmandır. O, “İİ tip ağırlaşmış şəkərli diabet” xəstəliyindən əziyyət çəkir. Qeyd etdikləri nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə Şahid1 polis əməkdaşıdır, o xidməti zərurətlə əlaqədar Bakı şəhərində olduğundan sonuncu məhkəmə iclasında iştirak etməmiş, teleqram göndərərək istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. İbtidai istintaq zamanı və iştirak etdiyi məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadə elan edilmişdir. Şahid1 ifadəsində göstərmişdir ki, o, Oğuz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir və polis kiçik leytenantıdır. Oğuz rayon sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olaması barədə əməliyyat məlumatı daxil olmuş, bununla bağlı tərəfindən rəhbərliyə raportla məruzə edilmiş və verilmiş əmrlə əlaqədar əməliyyat qurupunun yardılması barədə qərar qəbul edilmişdir. xx.xx.2024-cü il tarixdə saat 15 radələrində RPŞ-nin PPXB-nin polis nəfəri polis baş serjantı Şahid2lə birlikdə həyəta keçirdikləri əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Oğuz şəhəri H.Əliyev prospektində saxlamış, ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu izah etmiş və onu Oğuz RPŞ-nə gətirmişdir. Bundan sonra RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı polis mayoru Vasif Məmmədov tərəfindən Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edilərək, şübhəli şəxs qismində tutulmuş, Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, həmçinin videoçəkilişlə Ramilin üzərinə şəxsi axtarış aparılmışdır. Həmin videoçəkiliş RPŞ-nin KTQ-nun baş inspektoru vəzifəsini müvəqqəti icra edən Sənan Şahmuradov tərəfindən aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 01 (bir) ədəd sellefon büküm aşkar edilmişdir. Həmin bükümün içərisini açdıqda yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar bitki kütləsi aşkar olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs həmin bükümü Oğuz şəhərində şəhərin yuxarı hissəsində çay kənardında gəzərkən tapdığını bildirmişdir. Bundan sonra aşkar olunmuş kütlə dəqiq çəkisinin və tərkibinin müəyyən edilməsi məqsədi ilə ekspertiza tədqiqatına göndərilməsi üçün qablaşdırılaraq götürülmüş, zərfin üzəri DİN-nin 95 saylı zərflər üçün olan möhürü ilə möhürlənmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərindən həmin kütlədən başqa hər hansısa qadağan edilmiş qanunsuz əşya və yaxud digər predmet aşkar edilməmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən protokol tərtib edilmiş və həmin protokolun düzgünlüyünü imzası ilə təsdiq etmişdir. İttiham aktının siyahısında şahid kimi göstərilən Şahid2 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmalarına baxmayaraq, sonuncu məhkəmə iclaslarında iştirak etməmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən götürülmüş xx.xx.2025-ci il tarixli çıxarışdan görünür ki, Şahid2 sonuncu dəfə dövlət sərhədindən hərəkəti barədə “xx.xx.2025-ci il-çıxış Moskva (Rusiya)” məlumatı qeydə alınmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadə elan edilmişdir. Şahid2 ifadəsində göstərmişdir ki, o, Oğuz RPŞ-nin PPX bölüyünün polis nəfəri vəzifəsində işləyir və polis baş serjantıdır. Oğuz rayon sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olaması barədə əməliyyat məlumatı daxil olmuş, bununla bağlı rəhbərliyə raportla məruzə edilmiş və verilmiş əmrlə əlaqədar əməliyyat qurupunun yardılması barədə qərar qəbul edilmişdir. xx.xx.2024-cü il tarixdə saat 15 radələrində əməliyyat müvəkkili Şahid1la birlikdə həyəta keçirdikləri əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Oğuz şəhəri H.Əliyev prospektində saxlanılmış, ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu izah edilmiş və o Oğuz RPŞ-nə gətirilmişdir. Bundan sonra RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı polis mayoru Vasif Məmmədov tərəfindən Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edilərək, şübhəli şəxs qismində tutulmuş, Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, həmçinin videoçəkilişlə Ramilin üzərinə şəxsi axtarış aparılmışdır. Həmin videoçəkiliş RPŞ-nin KTQ-nun baş inspektoru vəzifəsini müvəqqəti icra edən Sənan Şahmuradov tərəfindən aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 01 (bir) ədəd sellefon büküm aşkar edilmişdir. Həmin bükümün içərisini açdıqda yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar bitki kütləsi aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin bükümü Oğuz şəhərində şəhərin yuxarı hissəsində çay kənardında gəzərkən tapdığını bildirmişdir. Bundan sonra aşkar olunmuş kütlə dəqiq çəkisinin və tərkibinin müəyyən edilməsi məqsədi ilə ekspertiza tədqiqatına göndərilməsi üçün qablaşdırılaraq götürülmüşdür. Həmçinin Təqsirləndirilən şəxs üzərindən həmin kütlədən başqa hər hansısa qadağan edilmiş qanunsuz əşya və yaxud digər predmet aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:27-də şübhəli şəxs qismində tutulmuşdur; “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs ilk öncə əynindəki qara rəngli cins şalvarın sol yan cibindən “Vinston” markalı siqaret və iki ədəd alışqan, qara rəngli isti qış gödəkcəsinin sol yan cibindən bir ədəd sellofan büküm çıxardıb stolun üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisi açılıb baxıldıqda içərisindən spesifik iyə malik yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsi aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümün içərisindəki kütlənin narkotik vasitə nəşə olduğunu, özünə məxsus olduğunu, xx.xx.2024-cü il tarixdə yaşadığı evdən yuxarı hissədə çay kənarında gəzən zaman yerdən tapdığını və istifadə etmək üçün götürüb üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş narkotik vasitəyə oxşar kütlələr Təqsirləndirilən şəxs iştirakı ilə elektron tərəzidə çəkilmişdir. Sellofan torbanın içərisindəki bitki kütləsinin çəkisi 18,5 qram olmuşdur. Daha sonra aşkar olunaraq götürülmüş kütlə dəqiq çəkisinin və tərkibinin müəyyən edilməsi məqsədi ilə ekspertiza tədqiqatına göndərilməsi üçün qablaşdırılaraq götürülmüş, zərfin üzəri 95 saylı zərflər üçün olan möhürlə möhürlənmiş və imzalar çəkilmişdir.;(i.v.-18, 24) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X10 Bölməsinin xx.xx.2024-cü il tarixli, 3-16-16-2-17/482 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşlarına təqdim etdiyi və ekspertiza tədqiqatına təqdim olunmuş, üzərində “ Təqsirləndirilən Təqsirləndirilən şəxs götürülmüş...” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 17,73 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 35,97 (otuz beş manat doxsan yeddi qəpik) manatdır; (i.v.- 37) “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsinə dair” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həbsdən azad edilmiş və onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və xx.xx.2024-cü il tarixdə saat 16:04də Oğuz RPŞ-dən sərbəst buraxılmışdır;(i.v-68) “Maddi sübut kimi tanımaq” barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarışa dair 01 ədəd kompakt disk maddi sübut kimi tanınmış və işin materiallarına əlavə edilmişdir. Həmçinin, təqsirləndirilən şəxsin üzərində aşkar edilib götürülmüş, təmiz çəkisi-17,73 qramdan qalıq qalan 17,71 qram marixuana iş üzrə maddi sübut kimi tanınmışdır və Oğuz RPŞ-də maddi sübutların saxlanma otağına təhvil verilmişdir;(i.v-72) “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Oğuz RPŞ-nin İB-nin müstəntiqi X9 müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs ifadəsini yerində yoxlamışdır. Bu zaman Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir;(i.v.- 110) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Oğuz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 4 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, onun barəsində həmin Məcəllənin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunan cəza 2 il sınaq müddəti müəyyən edilməklə şərti hesab olunmuşdur. Oğuz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Oğuz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 1 (054) - 20 / 2016 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ona 4 il azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək 2 il şərti sınaq müddəti tətbiq edilmişdir. Oğuz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə tətbiq edilən sınaq müddəti 2 ildən 1 il 6 aya endirilmişdir. Ona təyin edilmiş cəza müddəti bitdiyindən xx.xx.2018-ci il tarixdə Oğuz RİŞ-dən qeydiyyatdan çıxarılmışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına Oğuz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı əsasında xitam verilmişdir ; Oğuz Rayon İcra Hakimiyyəti başçısının Oğuz şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 5-68-12/2-30/2024 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən ünvan 2 ünvanında arvadı X3, xx.xx.2009-cu il təvəllüdlü qızı- X6 və xx.xx.2013-cü il təvəllüdlü oğlu-X5 ilə birlikdə yaşayır; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri X2 məcburi narkoloji-tibbi yoxlama haqqında xx.xx.2024-cü il tarixli, 1250 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür; Oğuz rayon X8 Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 18-1-64/2- 565/2024 nömrəli sorğuya cavab məktubundan müəyyən edilir ki, Təqsirləndirilən şəxs Oğuz rayon X1 şöbəsinin “Narkoloji” və “Ruhi əsəb” kabinetlərində qeydiyyatda deyildir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir (onların hissələridir); 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir; 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir; 21-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyənləşdirilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının xeyli, külli və xüsusilə külli miqdarları müvafiq qanunlarla müəyyən olunur. Narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının müvafiq qanunlarla müəyyən edilmiş xeyli miqdarından aşağı olan miqdarı şəxsin inzibati məsuliyyətə cəlb edilməsinə əsas verən az miqdardır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli Qərarının: 2-ci bəndinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin araşdırılmasında mühüm əhəmiyyət kəsb edən bir sıra cinayət-hüquqi kateqoriyalara dair izahların “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 959-İİQ nömrəli Qanununun 1-ci maddəsində təsbit edildiyi nəzərə alınaraq, həmin izahlar, eləcə də baxılan ittihamın qanuni həlli üçün əhəmiyyətli olan Qanunun digər müddəaları rəhbər tutulmalı, düzgün təfsir olunaraq tətbiq edilməlidir; 4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya 4 onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə müəyyən olunmuşdur; 5-ci bəndinə əsasən narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir; 6-cı bəndinə əsasən istər narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi, belə vasitələrin (maddələrin, prekursorların) göndərən şəxsin özünün bilavasitə iştirakı olmadan yerinin dəyişdirilməsi üzrə hərəkətlər isə, məsələn, poçtla, baqajla, predmetin narkotik vasitələr və ya psixotrop maddələr, onların prekursoru olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə təyinat yerinə aparılması onların göndərilməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları”nın “Narkotik vasitələr” adlı İ siyahısının 109.1-ci qrafasına əsasən təmiz halda 5 qram qurudulmuş marixuana xeyli miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 17,73 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: - himayəsində azyaşlı uşaqlarının olması; - törətdiyi əməli etiraf edib peşman olmasını; -yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan Oğuz Rayon İcra Hakimiyyəti başçısının Oğuz şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamə). İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, həbsdə saxlanıldığı 2 (iki) gün (26-28 may 2024-cü il, 24 saatdan artıq saxlanılması nəzərə alınmaqla), həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (CM - 69.3), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, o, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalı, iş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərinə və təqdim edilmiş əşyaya keçirilmiş şəxsi axtarışa dair 01 ədəd kompakt disk iş materiallarında saxlanılmalı, Oğuz RPŞnin maddi sübutlar saxlanılan otağında saxlanılan narkotik vasitə olan qurudulmuş marixuana ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 17,71 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilməli (CPM - 132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM - 198.1). Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə mülki iddia və digər məhkəmə xərcləri yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il 9 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılaraq faktiki azadlığı məhdudlaşdırıldığı vaxtdan- xx.xx.2024-cü il tarixdə saat 16:27-dən şübhəli şəxs qismində tutulmadan azad olunduğu vaxtadək – xx.xx.2024-cü il tarixdə saat 16:04-dək olan müddət 2 (iki) gün kimi nəzərə alınaraq həmin müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş 1 (bir) il 9 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 8 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın çəkilməsinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı Oğuz rayonu ərazisini, eləcə də saat 23:00-dan saat 07:00-dək olan müddət ərzində daimi yaşayış yeri olan ünvan 1 ünvanında yerləşən evin ərazi hüdudlarını tərk etməmək məhdudiyyəti qoyulsun. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı ərazidə yerləşən, spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Hökmün icrasına nəzarəti Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə maddi sübut - Oğuz Rayon Polis Şöbəsində saxlanılan, tədqiqat və ekspertiza zamanı istifadə edildikdən sonra qalıq qalan cəmi 17,71 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman videoçəkiliş aparılmasına dair 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 35,97 manat ekspertiza xərci hökm qanuni qüvvəsini aldıqdan sonra məhkum Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin AZ.MEM, VÖEN **********, X4, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ********************, SWİ F T Bik CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. İş üzrə mülki iddia və digər məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Hakim : Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar