Məhkəmə qərarları › İş №1(054)-13/2022

Oğuz Rayon Məhkəməsi Hökm — İş №1(054)-13/2022

30.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Oğuz rayonu İş № 1(054)-13/2022 30.08.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X3, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxslərin müdafiəçiləri Müdafiəçi1 və Müdafiəçi2, Zərərçəkmiş hüquqi şəxs Oğuz rayonu Kərimli Bələdiyyəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə Təqsirləndirilən şəxs: xx.xx.1959-cu il tarixdə Oğuz rayonu Kərimli kəndində anadan olmuş, həmin kənddə yaşayan, evli, orta təhsilli, Oğuz rayonu Kərimli kənd məscidi dini icmasının sədri, məhkumluğu olmayan, Azərbaycan Respublikasının vətəndaşı, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs : xx.xx.1980-ci il tarixdə Oğuz rayonu Kərimli kəndində anadan olmuş, həmin kənddə yaşayan, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikasının vətəndaşı, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə təqsirli bilinərək məhkəməyə verilmişdir, ondan ötrü ki, o, qardaşı oğlu Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında xx.xx.2021-ci il tarixdə saat 15 radələrində meşə fonduna daxil olmayan, Oğuz rayonu Kərimli Bələdiyyəsinin mülkiyyətində olan, həmin kəndin ərazisində yerləşən qəbiristanlıqdakı “Çərşənbə baba” adlanan ziyarətgahdan bir ədəd 64 sm diametrində köküstə yaş vələs ağacını aidiyyəti dövlət orqanlarının müvafiq icazəsi olmadığı halda qanunsuz olaraq kəsməklə təbiətə 1600 (bir min altı yüz) manat məbləğində - xeyli miqdarda maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə təqsirli bilinərək məhkəməyə verilmişdir, ondan ötrü ki, o, əmisi Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında xx.xx.2021-ci il tarixdə saat 15 radələrində meşə fonduna daxil olmayan, Oğuz rayonu Kərimli Bələdiyyəsinin mülkiyyətində olan, həmin kəndin ərazisində yerləşən qəbiristanlıqdakı “Çərşənbə baba” adlanan ziyarətgahdan bir ədəd 64 sm diametrində köküstə yaş vələs ağacını aidiyyəti dövlət orqanlarının müvafiq icazəsi olmadığı halda qanunsuz olaraq kəsməklə təbiətə 1600 (bir min altı yüz) manat məbləğində - xeyli miqdarda maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittihamda özünü qismən təqsirli bildi və ifadə verərək göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Oğuz rayonu Kərimli kəndində yaşayır və xx.xx.2007-ci il tarixdən Oğuz rayonu Kərimli kənd məscidi dini icmasının sədri vəzifəsində işləyir. Oğuz rayonu Kərimli kənd qəbiristanlığında yerləşən “Çərşənbə baba” adlanan ziyarətgaha Oğuz rayonu Kərimli kənd məscidi dini icması tərəfindən nəzarət edilir. Ziyarətgah qəbiristanlığın ərazisində olduğundan həmin qəbiristanlığın ərazisinə də o özü nəzarət edir. Lakin qeyd edilən qəbiristanlıq Oğuz rayonu Kərimli Bələdiyyəsinin balansındadır. xx.xx.2021-ci il tarixdə qəbiristanlığın ərazisində bir ədəd vələs cinsindən olan ağacı 7-8 metr hündürlükdən küləyin qırıb aşırdığını görmüşdür. Qırılan ağacın gəlibgedən şəxslərə mane olmaması üçün qardaşı oğlu Təqsirləndirilən şəxs2 ağacı kökündən kəsib kənara daşımasını xahiş etmişdir. Təqsirləndirilən şəxs2 da onun tapşırığına əsasən ağacın qırılan gövdəsini və köküstə qalan hissəsini doğrayıb kənara toplamışdır. 2022-ci ilin fevral ayının sonlarında həmkəndlisi Şahid1 həmin ağacın kəsilməsi ilə bağlı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə şikayət etmiş, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları əraziyə gələrək kəsilmiş ağacla bağlı akt tərtib etmişlər, o da həmin akta imza etmişdir. Qəbiristanlığın ərazisindən kəsilmiş ağacın diametri 64 sm olmuş, həmin ağacı onun sifarişi əsasında qardaşı oğlu Təqsirləndirilən şəxs2 kəsmişdir. Kəsilmiş ağac hissələrə doğranaraq ziyarətgahın yarımtikilisində yandırılaraq istifadə edilmişdir. Ağacın kəsilməsində və ya doğranmasında o özü iştirak etməmişdir. Ağac kəsilərkən heç bir dövlət orqanından icazə alınmamış, bu barədə heç bir orqana məlumat verilməmiş, ağacı 6 külək aşırdığına görə qəbiristanlığa maneəsiz gedişgəlişi və təhlükəsizliyi təmin etmək üçün həmin ağacın kəsilməsi üçün Təqsirləndirilən şəxs2 ağacın kəsilməsi ilə bağlı göstəriş vermişdir. Buna görə bələdiyyədən və ya digər müvafiq orqanadan razılıq almaq lazım olduğunu düşünməmişdir. Təqsirləndirilən şəxs1 ifadəsində, eyni zamanda, göstərdi ki, o, törətdiyi cinayət əməlini könüllü etiraf edib həmin əməlin ictimai təhlükəliliyini, özü və cəmiyyət üçün zərərli təsirlərini, bu əmələ görə məsuliyyətini dərk edərək əməlindən səmimi peşman olmuşdur. Ağacın kəsməsi nəticəsində təbiətə dəymiş maddi ziyan məbləğini könüllü olaraq tam şəkildə ödəmişlər. Ailəsində ondan başqa əmək qabiliyyətli olan şəxs yoxdur. Digər ailə üzvlərinə də onun özü tərəfindən diqqət və qayğı göstərilir. Qeyd etdiklərini cəza təyin edilən zaman nəzərə almağı və ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamda özünü qismən təqsirli bildi və ifadə verərək göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Oğuz rayonu Kərimli kəndində yaşayır. Təqsirləndirilən şəxs1 onun həmkəndlisi olmaqla yanaşı, həm də əmisidir. Əmisi Təqsirləndirilən şəxs1 Oğuz rayonu Kərimli kənd məscidinin dini icmasının sədridir. Oğuz rayonu Kərimli kənd qəbiristanlığında yerləşən “Çərşənbə baba” ziyarətgahına da Kərimli kənd məscidi dini icması nəzarət edir. xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 onu çağırıb qəbiristanlığın ərazisində vələs ağacını külək qırıb aşırdığını, ağacın qəbiristanlığa gəlib-gedən insanlara mane olduğunu deyərək həmin ağacı kökündən kəsməsini tapşırmışdır. O da Təqsirləndirilən şəxs1 sözünə etiraz etməyərək həmin gün saat 15 radələrində özünə məxsus motorlu mişarı götürüb qəbiristanlığa gəlmiş və vələs cinsindən ağacı kök hissəsindən kəsərək aşırmışdır. Daha sonra kəsdiyi ağacı hissələrə doğrayaraq bir tərəfə yığmış və bu barədə Təqsirləndirilən şəxs1 məlumat vermişdir. O, həmin ağacdan başqa heç bir yerdən ağac kəsməmiş, həmin ağacı tək kəsmiş, ağacı kəsərkən və daşıyarkən heç kəsin köməyindən istifadə etməmiş və həmin vaxt yanında heç kim olmamışdır. Ağacı doğradığı motorlu mişarı sonradan tanımadığı şəxsə satmışdır. Qəbiristanlığa əmisi Təqsirləndirilən şəxs1 sədri olduğu Kərimli kənd məscidi dini icması nəzarəti etdiyindən Təqsirləndirilən şəxs1 həmin ağacı kəsmək üçün göstəriş verməyə ixtiyarı olduğunu düşünmüşdür. Təqsirləndirilən şəxs2 ifadəsində, eyni zamanda, göstərdi ki, o, ilk dəfədir ki, cinayət törədir. Törətdiyi cinayət əməlini könüllü etiraf edib həmin əməlin ictimai təhlükəliliyini, özü və cəmiyyət üçün zərərli təsirlərini, bu əmələ görə məsuliyyətini dərk edərək əməlindən səmimi peşman olmuşdur. Ağacın kəsməsi nəticəsində təbiətə dəymiş maddi ziyan məbləğini könüllü olaraq tam şəkildə ödəmişlər. Onun himayəsində iki azyaşlı uşağı vardır və ailəsində ondan başqa əmək qabiliyyətli olan şəxs yoxdur. Digər ailə üzvlərinə də onun özü tərəfindən diqqət və qayğı göstərilir. Qeyd etdiklərini cəza təyin edilən zaman nəzərə almağı və ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməli törətmələri onların özlərinin etirafları ilə yanaşı zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidlərin ifadələri, ekspertiza rəyi, iş materialları və məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Belə ki, zərərçəkmiş hüquqi şəxs Oğuz rayonu Kərimli Bələdiyyəsinin nümayəndəsi bələdiyyənin sədri Nümayəndə məhkəmə iclasında ifadə verərək göstərdi ki, xx.xx.2021-ci il tarixdən Oğuz rayonu Kərimli Bələdiyyəsinin sədri vəzifəsində işləyir. Oğuz rayonu Kərimli kənd qəbiristanlığı, həmin qəbiristanlığın ərazisindəki əmlaklar, o cümlədən, ağaclar bələdiyyənin mülkiyyətindədir. Kərimli kənd qəbiristanlığında yerləşən “Çərşənbə baba” ziyarətgahının ərazisindən bir ədəd vələs cinsindən olan köküstə yaş ağacın kəsilməsi barədə onun xx.xx.2022-ci il tarixdə məlumatı olmuşdur. Belə ki, həmin tarixdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin əməkdaşları ona zəng edərək Kərimli qəbiristanlığı ərazisində ağac kəsilməsi ilə əlaqədar həmin əraziyə baxış keçiriləcəyini bildirərək onun da baxışda iştirak etməli olduğunu bildirmişlər. O da həmin gün qeyd edilən əraziyə getmiş və əraziyə baxış keçirilən zaman qəbiristanlığın ərazisindən bir ədəd 64 sm diametrində köküstə yaş vələs cinsindən olan ağacın Təqsirləndirilən şəxs2 tərəfindən kəsilərək odun halında doğranıb kənara yığıldığının şahidi olmuşdur. Təqsirləndirilən şəxs2la söhbət zamanı o, qeyd edilən ağacı əmisi Təqsirləndirilən şəxs1 göstərişi ilə kəsdiyini bildirmiş, Təqsirləndirilən şəxs1 da ağacın kəsilməsini Təqsirləndirilən şəxs2 tapşırdığını etiraf etmişdir. Daha sonra ekologiya və təbii sərvətlər idarəsinin əməkdaşları tərəfindən kəsilmiş ağacla bağlı akt tərtib edilmiş, o da həmin akta imza etmişdir. Bir ədəd 64 sm diametrdə vələs cinsindən olan ağacın kəsilməsinə görə bələdiyyəyə 1600 (bir min altı yüz) manat miqdarında maddi ziyan dəymişdir. Ağacın külək nəticəsində qırılması, kəsilməsinə ehtiyac olması ilə bağlı Oğuz rayon X2 Kərimov və ya Təqsirləndirilən şəxs2 tərəfindən heç bir yazılı və ya şifahi müraciət daxil olmamışdır. Zərərçəkmiş hüquqi şəxs Oğuz rayonu Kərimli Bələdiyyəsinin nümayəndəsi - bələdiyyənin sədri Nümayəndə ifadəsində, eyni zamanda, göstərdi ki, Oğuz rayonu Kərimli Bələdiyyəsinə dəymiş 1600 (bir min altı yüz) manat maddi ziyan məbləği təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən tam şəkildə ödənilmişdir. Oğuz rayonu Kərimli Bələdiyyəsinin təqsirləndirilən şəxslərdən heç bir şikayəti və tələbi yoxdur. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərdi ki, onun mərhum atası və qardaşları Oğuz rayonu Kərimli kənd qəbiristanlığında yerləşən “Çərşənbə baba” ziyarətgahında dəfn edilmişlər. Bu səbəbdən o, vaxtaşırı həmin ziyarətgaha gedərək mərhum atasının və qardaşlarının məzarlarını ziyarət edir. xx.xx.2022-ci il tarixdə yenə də ziyarətgaha getmiş və orada bir ədəd köküstə yaş vələs cinsindən olan ağacın kökündən kəsilərək doğranıb yaxınlığa yığıldığını görmüşdür. Ağac kəsilməsinin qanunazidd olduğunu bildiyi üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qaynar xəttinə zəng edərək qanunsuz ağac kəsilməsi ilə bağlı məlumat vermişdir. Onun müraciəti ilə bağlı xx.xx.2022-ci il tarixdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin əməkdaşı Şahid2 qeyd olunan əraziyə gələrək onun, Oğuz rayonu Kərimli Bələdiyyəsinin sədri Nümayəndə, Oğuz rayonu Kərimli kənd məscidi dini icmasının sədri Təqsirləndirilən şəxs1 və Oğuz rayonu Kərimli kənd sakini Təqsirləndirilən şəxs2 iştirakı ilə əraziyə baxış keçirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs2 həmin ağacı xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 göstərişi ilə kəsdiyini bildirmişdir. Bununla bağlı Şahid2 tərəfindən müvafiq akt tərtib edilmiş, onlar da akta imza etmişlər. İş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərdi ki, o, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin ətraf mühitin mühafizəsinə nəzarət və ekoloji monitorinqi sektorunda aparıcı məsləhətçi-müfəttiş vəzifəsində işləyir. Oğuz rayonu Kərimli kəndi ərazisində olan qəbiristanlıqda yerləşən “Çərşənbə baba” adlanan ziyarətgahın ərazisindən qanunsuz ağac kəsilməsi ilə bağlı Oğuz rayonu Kərimli kənd sakini Şahid1 tərəfindən 6 saylı regional ekologiya və təbii sərvətlər idarəsinə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında idarə rəhbərinin sərəncamına əsasən xx.xx.2022-ci il tarixdə Şahid1, Kərimli bələdiyyəsinin sədri Nümayəndə və Kərimli kənd məscidi dini icmasının sədri Təqsirləndirilən şəxs1 iştirakı ilə baxış keçirilmiş, baxış zamanı qeyd edilən ziyarətgahın ərazisindən, həqiqətən də, bir ədəd vələs cinsindən olan 64 sm diametrdə yaş köküstə ağacın Təqsirləndirilən şəxs1 göstərişi əsasında Təqsirləndirilən şəxs2 tərəfindən qanunsuz kəsildiyi müəyyən edilmişdir. Bununla bağlı onun tərəfindən müvafiq akt tərtib edilmiş, tərtib edilən akt həcm qiymət cədvəli ilə birlikdə hüquqi qiymət verilməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə göndərilmişdir. Qeyd edilən ərazidən bir ədəd vələs cinsindən olan 64 sm diametrdə yaş köküstə ağacın kəsilməsinə görə təbiətə 1600 (bir min altı yüz) manat miqdarında maddi ziyan dəydiyi müəyyən edilmişdir. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun yerli sosial müdafiə və sosial inkişaf proqramlarını müəyyən edən 4-cü madəsinin məzmununa görə yerli sosial müdafiə və sosial inkişaf proqramlarında mütəmadi olaraq mövcud qəbiristanlıqların qorunması, saxlanılması, idarə olunması, abadlaşdırılması, köçürülməsi, yeni qəbiristanlıq sahələrinin ayrılması, yas mərasimlərinin keçirilməsi üçün nəzərdə tutulmuş tikililərin təmiri və yenilərinin inşası, mərasim və dəfn xidmətlərinin, o cümlədən bələdiyyənin ərazisində yaşayan əhalinin aztəminatlı təbəqəsindən olan mərhumların dəfn və yas mərasimlərinin təşkilinə yardım göstərilməsi nəzərdə tutulmalıdır. Qəbiristanlıqların salınması və idarə olunması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalara uyğun olaraq həyata keçirilir. Həmin qaydaların tələblərini pozan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Nаzirlər Kаbinеtinin xx.xx.2018-ci il tаriхli 522 nömrəli Qərаrının 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində mövcud olan, habelə bu Qaydalar qüvvəyə mindikdən sonra yaradılan qəbiristanlıqların və onların ətrafındakı sanitariya mühafizə zonasının əraziləri qəbiristanlığın yerləşdiyi ərazi vahidi üzrə bələdiyyənin müraciətinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrinə daxil edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 4-cü maddəsinin 4-cü hissəsinə əsasən torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Həmin Məcəllənin 93-cü maddəsinin 3-cü hissəsinin məzmununa görə torpaq sahəsi üzərində olan tikililər, qurğular, çoxillik əkmələr, sututarlar və digər obyektlər torpaq sahəsində yerləşən daşınmaz əmlaklar hesab edilir. İş materiallarına əlavə edilmiş Oğuz rayonu Kərimli Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 07 nömrəli məktubundan müəyyən edilir ki, Oğuz rayonu Kərimli kəndinin ərazisində yerləşən qəbiristanlıqdakı “Çərşənbə baba” adlanan ziyarətgahdan bir ədəd köküstə yaş vələs ağacının kəsilməsinə icazə verilməsi ilə bağlı bələdiyyəyə şifahi və ya yazılı müraciət daxil olmamışdır. İş materiallarına əlavə edilmiş “İfadənin yerində yoxlanılması” haqqında xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli protokollar və onlara əlavə edilmiş fotoşəkillərdən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 Oğuz rayonu Kərimli Bələdiyyəsinin mülkiyyətində olan, həmin kəndin qəbiristanlığındakı “Çərşənbə baba” adlanan ziyarətgahın ərazisindən bir ədəd vələs ağacını kəsib doğrayaraq yığdığı yeri, Təqsirləndirilən şəxs1 isə kəsilməsi üçün Təqsirləndirilən şəxs2 göstəriş verdiyi ağacın olduğu yeri əyani şəkildə göstərmişlər. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli 66649 nömrəli aktdan, akta əlavə edilmiş hesablama cədvəlindən görünür ki, Oğuz rayonu Kərimli Bələdiyyəsinin mülkiyyətində olan, həmin kəndin ərazisində yerləşən qəbiristanlıqdakı “Çərşənbə baba” adlanan ziyarətgahdan bir ədəd 64 sm diametrində köküstə yaş vələs ağacının kəsilməsinə görə təbiətə dəymiş maddi ziyаnın miqdarı 1600 (bir min altı yüz) manat müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş məhkəməəmtəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/2625 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, ekspеrtizа tədqiqаtınа təqdim еdilmiş xx.xx.2022-ci il tarixli 66649 nömrəli akta və ona əlavə edilmiş hesablama cədvəlinə əsasən bir ədəd 64 sm diametrində köküstə yaş vələs ağacının kəsilməsinə görə təbiətə dəymiş maddi ziyаnın miqdarı 1600 (bir min altı yüz) manat təşkil еdir. Dəymiş ziyаn Azərbaycan Respublikası Nаzirlər Kаbinеtinin xx.xx.2016-cı il tаriхli 421 nömrəli Qərаrına əsаsən müəyyən edilmişdir. (Aparılmış ekspertiza tədqiqatının dəyəri 50,00 manat təşkil edir). İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən və Oğuz rayonu Kərimli Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 23 nömrəli arayışından müəyyən edilir ki, təbiətə dəymiş 1600 (bir min altı yüz) manat maddi ziyan məbləği təqsirləndirilən şəxslər tərəfindən Oğuz rayonu Kərimli Bələdiyyəsinin cari hesabına ödənilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli qərarlardan və həmin tarixli iltizamlardan müəyyən edilir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində müvafiq olaraq həmin tarixlərdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirləri seçilmişdir. İş materiallarına əlavə edilmiş Oğuz rayon Mərkəzi Xəstəxanası” X8 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 282 və 281 nömrəli sorğuya cavab məktublarından müəyyən edilir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Oğuz rayon X1 Şöbəsinin “Narkoloji” və “Ruhi əsəb” kabinetlərində qeydiyyata alınmamışlar. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 məhkumluğu yoxdur. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Oğuz rayonu Kərimli kənd məscidi dini icması təsisçilərinin ümumi yığıncağının xx.xx.2007-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə Oğuz rayonu Kərimli kənd məscidi dini icmasının sədri seçilmişdir. İş materiallarına əlavə edilmiş Oğuz rayon İcra Hakimiyyəti başçısının Kərimli İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən verilən xx.xx.2022-ci il tarixli 68 nömrəli arayışdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 Oğuz rayonu Kərimli kəndində ailə üzvləri ilə birlikdə yaşayır. İş materiallarına əlavə edilmiş Oğuz rayon İcra Hakimiyyəti başçısının Kərimli İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən verilən xx.xx.2022-ci il tarixli 70 nömrəli arayışdan, nikah və doğum haqqında şəhadətnamələrin surətlərindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 himayəsində xx.xx.2010-cu il tarixdə anadan olmuş X4 və xx.xx.2012-ci il tarixdə anadan olmuş Kərimli Səbinə dağlar qızı adlı iki azyaşlı uşağı vardır. İş materiallarına əlavə edilmiş Oğuz rayon İcra Hakimiyyəti başçısının Kərimli İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən verilən xx.xx.2022-ci il tarixli xasiyyətnamələrdən müəyyən edilir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində yaşadıqları ərazi üzrə İcra Nümayəndəliyinə hər hansı yazılı və ya şifahi şikayət daxil olmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs1 Oğuz rayonu Kərimli Bələdiyyəsinin mülkiyyətində olan ərazidən bir ədəd 64 sm diametrində köküstə yaş vələs ağacının aidiyyəti dövlət orqanlarının müvafiq icazəsi olmadığı halda qanunsuz olaraq kəsilməsi ilə bağlı Təqsirləndirilən şəxs2 göstəriş vermiş, sonuncu isə həmin göstəriş əsasında bir ədəd 64 sm diametrində köküstə yaş vələs ağacını aidiyyəti dövlət orqanlarının müvafiq icazəsi olmadığı halda qanunsuz olaraq kəsmiş, nəticədə təbiətə 1600 (bir min altı yüz) manat miqdarında - xeyli miqdarda maddi ziyan dəymişdir. Bununla da təqsirləndirilən şəxslər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsində nəzərdə tutulan qanunsuz ağac kəsmə ilə bağlı cinayət əməlini törətmişlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsində bu Məcəllənin 259.1-ci (meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda) və ya 259.2ci (eyni əməllər təkrar törədildikdə; qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə; külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsində nəzərdə tutulmuş əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi nəzərdə tutulur. Məhkəmə Təqsirləndirilən şəxs1 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə irəli sürülən ittihamla əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs1 qanunsuz olaraq ağac kəsilməsi ilə bağlı göstəriş vermiş olsa da, onun həmin əməli digər Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs olaraq törətməsi halları müəyyən edilməmiş, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunsuz ağac kəsmə ilə bağlı cinayət əməlini qabaqcadan əlbir olan bir qrup şəxs olaraq, yəni vahid bir niyyətə yönələn əməlin başa çatdırılması üçün əvvəlcədən planlaşdırılmış şəkildə, hər biri öz üzərinə düşən funksiyanı (ağacı kəsmək, doğramaq, daşımaq, realizə etmək və sair) yerinə yetirməklə törətdikləri sübuta yetirilməmişdir. Məhkəmə istintaqında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 bir ədəd ağacı Təqsirləndirilən şəxs1 xahişi (və ya göstərişi) ilə özü tək kəsmişdir. Təqsirləndirilən şəxs1 ağacın kəsilməsində, doğranmasında və ya realizə edilməsində iştirak etməmiş, onun həmin işlərin yerinə yetirilməsi ilə bilavasitə hər hansı əlaqəsi, birgəliyi olmamışdır. Təqsirləndirilən şəxs1 ağac kəsmək üçün Təqsirləndirilən şəxs2 göstəriş verməsi onun həmin şəxslə əlbir olan bir qrup halında cinayət törətməsini iddia etmək üçün əsas deyildir və yalnız bu əsasla şəxsin əməlinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməsi, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə tövsif edilməsi qanunamüvafiq hesab edilə bilməz. İttiham tərəfinin təqdim etdiyi sübutlar da Təqsirləndirilən şəxs1 digər təqsirləndirilən şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs olaraq cinayət törətməsini təsdiq etməyə kifayət deyildir. İş materiallarından da göründüyü kimi, Təqsirləndirilən şəxs2 qanunsuz olaraq ağacı kəsən zaman Təqsirləndirilən şəxs1 ağacın kəsilməsində, doğranmasında və ya realizə edilməsində iştirak etməmiş, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin tam və ya bir hissəsini bilavasitə icra etməmiş, həmin vaxt onun, ümumiyyətlə, orada olduğu sübuta yetirilməmişdir. Məhkəmə bilavasitə məhkəmə istintaqı zamanı araşdırdığı faktları məcmu halında və birbiri ilə əlaqəli şəkildə qiymətləndirərək Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsinin tərkibinin olması faktını sübuta yetirilməmiş hesab edir. Bununla yanaşı, işin məhkəmədə müəyyən edilmiş hallarından görünür ki, Təqsirləndirilən şəxs1 ağacın kəsilməsi ilə bağlı Təqsirləndirilən şəxs2 göstəriş verməklə (ağacın yerini göstərməklə və həmin ağacın kəsilməli olduğunu bildirməklə) cinayətin törədilməsini təşkil etmişdir. Belə olan halda, onun əməli cinayət hadisəsinin baş verməsində təşkilatçılıq kimi qiymətləndirilərək Cinayət Məcəlləsinin 32.3-ci maddəsinə istinad edilməklə tövsif olunmalıdır. Bu baxımdan Təqsirləndirilən şəxs1 xüsusi mühafizə olunan təbiət ərazisində olan ağacı kəsmək üçün müvafiq orqanın icazəsi olmadan bununla bağlı digər şəxsə göstəriş verməklə qanunsuz ağac kəsmə cinayət əməlinin törədilməsində təşkilatçı qismində iştirak etməsi faktı tamamilə sübuta yetirilmiş hesab edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.3-cü maddəsinə əsasən cinayətin törədilməsini təşkil etmiş və ya həmin cinayətin törədilməsinə rəhbərlik etmiş, eləcə də mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) yaratmış və ya bunlara rəhbərlik etmiş şəxs cinayətin təşkilatçısı sayılır. Məhkəmə hazırki cinayət işi üzrə bilavasitə məhkəmə istintaqı zamanı araşdırdığı faktlara məcmu halında qiymət verərək qeyd edir ki, Təqsirləndirilən şəxs1 qanunsuz olaraq ağac kəsmə ilə bağlı cinayət əməlini digər təqsirləndirilən şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə olaraq törətməsi, bununla da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsində nəzərdə tutulan cinayətin subyekti olması sübuta yetirilmədiyindən, lakin onun, həqiqətən də, qanunsuz ağac kəsmə cinayət əməlinin törədilməsində təşkilatçı qismində iştirak etməsi sübut olunduğundan Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsindən həmin Məcəllənin 32.3,259.1-ci maddəsinə tövsif edilməlidir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.3,259.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddə ilə də cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə irəli sürülən ittihamla bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında qanunsuz ağac kəsməsi, bununla da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi sübuta yetirilmədiyinə və onun əməli Cinayət Məcəlləsinin 32.3,259.1-ci maddəsinə tövsif edildiyinə görə Təqsirləndirilən şəxs2 da Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs olaraq, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsində nəzərdə tutulan qanunsuz ağac kəsmə cinayəti əməlini törətməsi halı istisna edilir. Qeyd olunan əsaslara görə və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsindən həmin Məcəllənin 259.1-ci maddəsinə tövsif edilməlidir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddə ilə də cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onların törətmiş olduqları cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, ailə vəziyyətini, həmçinin, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs2 himayəsində ik azyaşlı uşağının olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən həmin təqsirləndirilən şəxsin, cinayət hadisəsi nəticəsində dəymiş maddi ziyanın tam şəkildə ödənilməsi, zərərçəkmiş hüquqi şəxsin təqsirləndirilən şəxslərdən heç bir şikayət və tələbinin olmaması isə Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən hər iki təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunsuz olaraq köküstə yaş ağacları kəsməklə təbiətə maddi ziyan vursalar da, onların törətdikləri cinayət əməlini könüllü etiraf edib bu əmələ görə səmimi peşmançılıq hissləri keçirdiklərini nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməlinin ictimai təhlükəliliyini, özləri və cəmiyyət üçün zərərli təsirlərini, bu əmələ görə məsuliyyətlərini başa düşmüşlər və artıq islah olunmağa başladıqlarını nümayiş etdirmişlər. Həmin əsaslara görə məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 səmimi peşman olmalarını da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onların cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməlində cəzanı ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxslərə məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini, təqsirləndirilən şəxslərin törətdikləri cinayət əməlində cəzanı yüngülləşdirən halların olmasını, onların yaşayış yerindən müsbət xarakterizə olunmalarını, təqsirləndirilən şəxslərə azadlıqdan məhrum etmə cəzası təyin edilməsinin onların özlərinin həyat tərzinə, ailələrinin vəziyyətinə maddi, fiziki və mənəvi cəhətdən mənfi təsir göstərəcəyini nəzərə alaraq, habelə təqsirləndirilən şəxslərlə davranışda ictimaiyyətin daha fəal iştirak etməsinin təmin edilməsi, onlarda cəmiyyət qarşısında məsuliyyət hissinin artmasına yardım göstərilməsi və onlarıun islah edilməsi məqsədi ilə təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsində müəyyən edilmiş az ciddi cəza növü hesab olunan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini, törədilmiş cinayət əməlində hər bir təqsirləndirilən şəxsin iştirak dərəcəsini və funksiyasının nədən ibarət olmasını, cinayət əməli nəticəsində dəymiş maddi zərərin miqdarını və işin digər faktiki hallarını nəzərə alaraq həmin cəzanın Təqsirləndirilən şəxs1 münasibətdə 1 (bir) il, Təqsirləndirilən şəxs2 münasibətdə isə 1 (bir) il 6 (altı) ay müddətində müəyyən edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirləri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. İş üzrə 50 (əlli) manat ekspertiza xərci hökm qanuni qüvvəsini aldıqdan sonra təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə digər məhkəmə xərcləri yoxdur. İş üzrə maddi sübut yoxdur. İş üzrə mülki iddia tələbi verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsindən həmin Məcəllənin 32.3,259.1-ci maddəsinə tövsif edilsin və o, Cinayət Məcəlləsinin 32.3,259.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzanın çəkilməsinin başlanğıcı Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə cəza müddəti ərzində yaşadığı Oğuz rayon ərazisini, eləcə də saat 21:00-dan saat 07:00-dək olan müddət ərzində daimi yaşayış yeri olan Oğuz rayonu Kərimli kəndində yerləşən evin ərazi hüdudlarını tərk etməmək məhdudiyyəti qoyulsun. Təqsirləndirilən şəxs1 üzərinə cəza müddəti ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəzasını yaşayış yeri üzrə çəksin. Hökmün icrasına nəzarəti Təqsirləndirilən şəxs1 qeydiyyatda olduğu yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsindən həmin Məcəllənin 259.1-ci maddəsinə tövsif edilsin və o, Cinayət Məcəlləsinin 259.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzanın çəkilməsinin başlanğıcı Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə cəza müddəti ərzində yaşadığı Oğuz rayon ərazisini, eləcə də saat 21:00-dan saat 07:00-dək olan müddət ərzində daimi yaşayış yeri olan Oğuz rayonu Kərimli kəndində yerləşən evin ərazi hüdudlarını tərk etməmək məhdudiyyəti qoyulsun. Təqsirləndirilən şəxs2 üzərinə cəza müddəti ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 üzərinə cəza müddəti ərzində yaşadığı ərazidə spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. Təqsirləndirilən şəxs2 cəzasını yaşayış yeri üzrə çəksin. Hökmün icrasına nəzarəti Təqsirləndirilən şəxs2 qeydiyyatda olduğu yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə 50 (əlli) manat ekspertiza xərci hökm qanuni qüvvəsini aldıqdan sonra təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İş üzrə mülki iddia tələbinin verilmədiyi, maddi sübut və digər məhkəmə xərclərinin olmadığı nəzərə alınsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Hakim : Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar