Məhkəmə qərarları › İş №1(054)-14/2022

Oğuz Rayon Məhkəməsi Qərar — İş №1(054)-14/2022

27.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 1(054)-14/2022 27.09.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, birinci dərəcəli hüquqşünas X2, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi X1, Zərərçəkmiş şəxs iştirakı ilə Təqsirləndirilən şəxs: xx.xx.1999-cu il tarixdə Oğuz rayonu Şirvanlı kəndində anadan olmuş, həmin kənddə qeydiyyatda olan, subay, orta təhsilli, işsiz, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər Oğuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1 (054) - 3 / 2022 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Oğuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 7 (054) - 7 / 2022 nömrəli qərarına əsasən cəzasının çəkilməmiş qalan 1 (bir) il 10 (on) ay 1 (bir) gündən ibarət hissəsi 11 (on bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, hazırda cəzaçəkmə müəssisəsində cəza çəkən, barəsində hazırki cinayət işi üzrə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs оğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək məhkəməyə verilmişdir, ondan ötrü ki, o, xx.xx.2022-ci il tarixdə saat 22 radələrində Oğuz rayon Xalxal kənd ərazisində yerləşən, həmin kənd sakini Zərərçəkmiş şəxs məxsus olan və ictimai yer hesab olunan kafenin həyətində heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi, habelə özgənin əmlakının zədələnməsi ilə müşayət olunan qərəzli hərəkətlər edərək kafedə olan digər şəxsin gözü qarşısında əlindəki silah qismində istifadə etdiyi plastik boru ilə sonuncunun baş nahiyəsinə bir dəfə, sifət nahiyəsinə bir dəfə, sol qulaq nahiyəsinə bir dəfə, sol çiyin nahiyəsinə bir dəfə və sağ göz nahiyəsinə bir dəfə qəsdən vuraraq Zərərçəkmiş şəxs üzün sağ almacıq nahiyəsinin, sol qulaq seyvanının, başın sol təpə nahiyəsinin əzilmişcırılmış yaraları, başın sol ənsə nahiyəsinin əzilmiş yarası, sol çiynin üst səthinin və sağ gözün alt hissəsinin qançırı xəsarətləri kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, qəsdən sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmiş, həmin vaxt səs-küyə kafedə olan şəxslər gəldiyi üçün yaxınlıqda olan ağacların arxasında gizlənərək gözləmiş, Zərərçəkmiş şəxs hadisə yerindən Oğuz rayon Mərkəzi Xəstəxanasına aparıldıqdan sonra isə yenidən əlində olan plastik boru ilə sonuncuya məxsus kafenin iki ədəd şüşəsini və Zərərçəkmiş şəxs istifadəsində olan “VAZ 2106” markalı ** KV *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin bütün şüşələrini qəsdən sındırmaqla ona ümumilikdə 210 manat məbləğində maddi ziyan vurmuş, nəticədə silah qismində istifadə olunan əşyadan istifadə etməklə xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə, habelə, özgənin əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ona elan edilmiş ittihamda özünü təqsirli bilmədi və məhkəmə iclasında ifadə verərək göstərdi ki, o, Oğuz rayonu Şirvanlı kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs Xalxal kəndinin sakini kimi tanıyır, aralarında normal tanışlıq münasibətləri olmuş, hər hansı ədavət və düşmənçilik olmamışdır. 2022-ci ilin fevral ayının əvvəllərində Zərərçəkmiş şəxs onun barəsində xoşagəlməz ifadələr işlətdiyini eşitmiş və buna görə də Şahinlə söhbət etmək qərarına gəlmişdir. xx.xx.2022-ci il tarixdə saat 22 radələrində Oğuz rayonu Xal-xal kəndində yerləşən, Şahinə məxsus olan, kafe kimi fəaliyyət göstərən tikiliyə getmiş və Şahinin içəridə olduğuna əmin olduqdan sonra tikiliyə gedən generatorun elektrik naqilini ayırmışdır. Bu zaman kafeyə gedən işıqlar sönmüşdür. Bundan sonra Şahin əlindəki mobil telefonun işığı ilə, onun sonradan tanıdığı Asif adlı şəxslə generatora doğru gəlmişdir. Şahin generatorun yanına çatıb elektrik naqilini əvvəlki yerinə taxdıqdan sonra onu görmüş və kafeyə dəvət etmişdir. O, da Şahinin sözü ilə razılaşaraq tikiliyə doğru gedərkən arxadan əlindəki plastik boru ilə Şahinin baş nahiyəsinə bir dəfə zərbə endirmişdir. Həmin vaxt Şahin arxaya çevrilmək istədikdə o, yenidən əlindəki boru ilə onun baş nahiyəsinə bir dəfə də vurmuş və Şahin yerə yıxımışdır. Bundan sonra o, əlindəki boru ilə Şahinin baş, sifət və çiyin nahiyələrinə zərbələr vurmağa davam etmişdir. Daha sonra səsə kafedən adamlarnı gəldiyini görüb oradan uzaqlaşmış və sakitləşmək üçün kənarda dayanıb siqaret çəkmişdir. Bundan sonra da sakitləşmədiyi üçün Şahinə məxsus, kafe kimi fəaliyyət göstərən yarimtikiliyə yaxınlaşaraq əlindəki plastik boru ilə kafenin iki ədəd pəncərəsini və Şahinə məxsus avtomobilin şüşələrini sındırıb həmin yerdən çıxıb getmişdir. Yolda o, həmin plastik borunu atmış, lakin borunun konkret olaraq hara düşməsi yadında qalmamışdır. O, Şahini vuran zaman orada onun özündən, Şahindən və Asifdən başqa heç kim olmamış, Heydər və Vidadi adlı şəxslər həmin yerə sonradan gəlmişlər. Təqsirləndirilən şəxs ifadəsində, eyni zamanda, göstərdi ki, o, xuliqanlıq etməmiş, ictimai qaydanı pozan hər hansı hərəkətə yol verməmiş, yalnız Zərərçəkmiş şəxs onun barəsində xoşagəlməz ifadələr işlətdiyini eşitdiyinə görə onu vuraraq xəsarət yetirmiş, həmçinin kafenin və avtomobilin şüşələrini qırmışdır. Zərərçəkmiş şəxs vuraraq xəsarət yetirdiyinə və ona maddi zərər vurduğuna görə əməlindən səmimi peşman olmuşdur. O, Zərərçəkmiş şəxs üzr istəmiş və ona vurduğu maddi ziyan məbləğini könüllü olaraq tam şəkildə ödəmişdir. Zərərçəkmiş şəxslə barışıb razılıq əldə etmişdir, zərərçəkmiş şəxs də onunla barışaraq onu bağışlamışdır və hazırda ondan şikayəti, tələbi yoxdur. Qeyd etdikləri nəzərə alınmaqla barəsində olan iş üzrə icraata xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Oğuz rayonu Xalxal kəndində yaşayır və Təqsirləndirilən şəxs bir neçə ildir ki, tanıyır. Onlar arasında daim normal münasibətlər olmuş, ədavət və düşmənçilik olmamışdır. O, xx.xx.2022-ci il tarixdə axşam vaxtı özünə məxsus Oğuz rayonu Xal-xal kəndində yerləşən, kafe kimi fəaliyyət göstərən tikilidə tanışları Asif, Heydər və Vidadi ilə birlikdə yemək yeyən zaman tikilinin işıqları sönmüşdür. Tikilinin elektrik enerjisi generator ilə təmin edildiyindən o, Asiflə birlikdə həyətə çıxaraq generatorun yanına getmişdir. Həmin vaxt generatorun elektrik naqilinin aralandığını görmüş və elektrik naqilini yerinə salmışdır. Bu zaman Asif kimin isə oraya gəldiyini demiş və o gələn şəxsə tərəf baxdıqda həmin şəxsin əvvəlcədən tanıdığı Təqsirləndirilən şəxs olduğunu görmüşdür. Təqsirləndirilən şəxs onlara tərəf yaxınlaşmış, onun əlində plastik boru olmuşdur. O, Rəhmandan nə baş verdiyi soruşduqda, Rəhman onu polislərin axtardığını, onlardan qaçdığını bildirib ağlayaraq ona doğru gəlmişdir. Daha sonra o, Rəhmanı içəriyə dəvət etmiş və özü irəlidə, Rəhman isə onun ardınca, Asif isə Rəhmanın arxasında generatorun yanından ayrılıb kafeyə doğru getmişlər. Onlar generatorun yanından bir neçə metr aralandıqda Rəhman qəfildən əlindəki plastik boru ilə arxadan onun baş nahiyəsinə bir dəfə zərbə endirmişdir. Bu zaman o, arxaya çevrilmək istədikdə Rəhman yenidən əlindəki plastik boru ilə onu baş nahiyəsinə zərbə vurmuşdur. O, zərbənin təsirindən yerə yıxılmış və huşunu itirmişdir. Ayılanda Oğuz Rayon Mərkəzi Xəstəxanasında olduğunu görmüşdür. Sonradan ona məlum olmuşdur ki, onu Asif, Heydər və Vidadi xəstəxanaya çatdırmışlar, Rəhman isə onun kafenin həyətində saxladığı avtomobilinin şüşələrini və kafe kimi fəaliyyət göstərən tikilinin iki ədəd pəncərələrini də sındırmışdır. O, həmçinin ifadəsində Rəhmanla aralarındakı dava dalaşın xx.xx.2022-ci il tarixdə saat 22 radələrində Oğuz rayonu, Xal-xal kəndi ərazisində yerləşən ona məxsus kafenin həyətində baş verdiyini, həmin vaxt orada özündən və Rəhmandan başqa Heydər, Asif və Vidadi adlı dostlarının da olduğunu, Rəhmanla aralarında ədavət və ya düşmənçiliyi olmadığını, Rəhmanın hansı səbəbdən onu döyərək xəsarət yetirməsi və əmlakını qəsdən sındıraraq ona maddi ziyan vurduğunun səbəbini deyə bilmədiyini, Rəhman əlindəki plastik boru ilə baş nahiyəsinə, sifət nahiyəsinə və sol çiyin nahiyəsinə bir neçə dəfə zərbələr endirdiyini, Rəhmanın onu döyməsi nəticəsində başından, sol qulaq nahiyəsindən, sol çiyin və sağ göz nahiyəsindən xəsarətlər aldığını, Rəhmanın onu döydüyü plastik borunun rəngi ağ olduğunu, həmin vaxt Rəhman ondan başqa heç kimi döymədiyini və orada olan şəxslərdən heç kim Rəhmanı döymədiyini, baş verən dava dalaş zamanı huşunu itirdiyindən onları kimin araladığını bilmədiyini bildirmişdir. Zərərçəkmiş şəxs ifadəsində, eyni zamanda, göstərdi ki, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olaraq ondan üzr istəmiş və onun əmlakına vurduğu maddi ziyan məbləğini tam şəkildə ödəmişdir. Onun hazırda Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. O, Təqsirləndirilən şəxs bağışlamış və onunla barışmışdır. Qeyd etdikləri nəzərə alınmaqla Təqsirləndirilən şəxs barəsində olan iş üzrə icraata xitam verilməsini və onun cinayət məsuliyyətindən azad edilməsini məhkəmədən xahiş edir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərdi ki, o, Oğuz rayonu Xalxal kəndində yaşayır. Zərərçəkmiş şəxsla aralarında dostluq münasibətləri vardır, Təqsirləndirilən şəxs isə ilk dəfə xx.xx.2022-ci il tarixdə Şahinin yanına gələndə görmüşdür. Belə ki, xx.xx.2022ci il tarixdə saat 22 radələrində Oğuz rayonu Xalxal kəndində yerləşən, Şahinə məxsus olan kafe kimi fəaliyyət göstərən tikilidə tanışları Heydər, Şahin və Vidadi ilə birlikdə yemək yeyən zaman işıqların söndüyünü görmüşlər. Həmin vaxt o, Şahinlə birlikdə həyətə çıxaraq tikilini elektrik enerjisi ilə təchiz edən generatorun yanına getmişdir. Generatorun sönmə səbəbini bilmək üçün o, əlindəki mobil telefonu ilə işıq salmış və bu zaman Şahin generatorun elektrik naqilinin aralandığını görmüşdür. Şahin elektrik naqilini yerinə salan zaman o, kimin isə gəldiyini görmüş və bu barədə Şahinə məlumat vermişdir. Şahin də gələn şəxsin dostu Rəhman olduğunu demişdir. Rəhman əlində plastik boru ilə onlara yaxınlaşmışdır. Şahin Rəhmandan nə baş verdiyi soruşduqda, Rəhman onu polislərin axtardığını demiş, onlardan qaçdığı bildirərək ağlamışdır. Həmin vaxt Şahin Rəhmanı kafeyə dəvət etmişdir. Rəhman da Şahinlə razılaşmış, bundan sonra Şahin irəlidə, Rəhman onun arxasında, o özü isə ən arxada kafeyə tərəf getmişlər. Bu zaman Rəhman qəfildən əlindəki plastik boru ilə Şahinin baş nahiyəsinə bir dəfə zərbə endirmişdir, Şahin də zərbənin təsirindən yerə yıxılmışdır. Bundan sonra Rəhman yenə də Şahinin başına və üz nahiyəsinə əlindəki boru ilə zərbələr vurmağa davam etmişdir. O, Rəhmanın Şahini döydüyünü gördüyü üçün kafedə olan Heydər və Vidadini köməyə çağırmışdır. Az sonra o, Heydər və Vidadi ilə birlikdə Şahinə yaxınlaşanda Şahindən huşunu itirmiş halda yerdə uzandığını, Rəhman isə oradan qaçıb getdiyini görmüşlər. Bundan sonra onlar Şahini xəstəxanaya aparmışlar. Xəstəxanada Şahinə ilk tibbi yardım göstərildikdən sonra onlar birlikdə kafeyə qayıtdıqda Şahinə məxsus kafenin iki ədəd pəncərəsinin və avtomobilinin bütün şüşələrinin sındırıldığını görmüşlər. Həmin vaxt kafenin və avtomobilin şüşələrinin Rəhman tərəfindən sındırılması onlara məlum olmuşdur. Rəhmanla Şahin arasındakı hadisə Şahinə məxsus kafenin həyətində baş vermiş, Rəhman Şahini, təxminən, bir neçə dəqiqə ərzində döymüşdür. Onları heç kim aralamamış, səs-küyə oraya Vidadi və Heydərdən başqa heç kim gəlməmişdir. Bilavasitə hadisə baş verən vaxt orada Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs və onun özündən başqa heç kim olmamış, Heydər və Vidadi səs-küy eşidib gələn zaman Rəhman artıq qaçıb getmişdir. Rəhman Şahinin və ya digər hər hansı şəxsin ünvanına nalayiq ifadələr işlətməmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Oğuz rayonu Xalxal kəndində yaşayır. Zərərçəkmiş şəxsla aralarında dostluq münasibətləri vardır. xx.xx.2022-ci il tarixdə saat 22 radələrində Oğuz rayonu Xal-xal kəndində yerləşən Şahinə məxsus olan kafe kimi fəaliyyət göstərən tikilidə tanışları Asif, Şahin və Vidadi ilə birlikdə yemək yeyən zaman işıqların söndüyünü görmüşlər. Həmin vaxt Asif Şahinlə birlikdə həyətə çıxaraq elektrik generatorunun yanına getmişlər. Təxminən, 5 dəqiqə sonra bayırda səs-küy olduğunu və Asifin onları köməyə çağırdığını eşitmişlər. O və Vidadi dərhal səs gələn tərəfə gedərkən Şahinin huşunu itirmiş halda yerdə uzandığını görmüşlər. Bundan sonra onlar Şahini Oğuz rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Xəstəxanada Şahinə ilk tibbi yardım göstərildikdən sonra onlar birlikdə kafeyə qayıtdıqda Şahinə məxsus kafenin iki ədəd pəncərəsinin və avtomobilinin bütün şüşələrinin sındırıldığını görmüşlər. Rəhmanla Şahin arasındakı mübahisə Şahinə məxsus kafenin həyətində baş vermiş, lakin o, mübahisənin bilavasitə şahidi olmamış, bu barədə Asifdən, sonra isə Rəhmanın özündən eşitmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid3 da Şahid2 ifadəsinin məzmununa uyğun ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. İş materiallarına əlavə edilmiş “Baxış keçirilməsi barədə” xx.xx.2022-ci il tarixli protokol və həmin protokola əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, xx.xx.2022-ci il tarixdə baş vermiş hadisə zamanı Zərərçəkmiş şəxs məxsus kafe kimi işlədilən tikilinin və “VAZ 2106” markalı ** KV *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin Təqsirləndirilən şəxs vurub sındırdığı şüşələrinin sınmış vəziyyətdə fotoşəkilləri çəkilməklə bu barədə müvafiq protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş “İfadənin yerində yoxlanması haqqında” xx.xx.2022-ci və xx.xx.2022-ci il tarixli protokollar və həmin protokollara əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, ayrı-ayrı vaxtlarda Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus kafe kimi işlədilən tikilinin pəncərələrini və “VAZ 2106” markalı ** KV *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin şüşələrini vurub sındırdığı yeri əyani şəkildə göstərmiş, bu barədə müvafiq protokollar tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/3160 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən sındırılmış, Zərərçəkmiş şəxs məxsus kafe kimi işlədilən tikilinin iki ədəd 50x80 sm ölçüdə pəncərəsinin və “VAZ 2106” markalı ** KV *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin bütün şüşələrinin orta istismar müddəti və intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin fevral ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə cəmi 210 manat müəyyən edilmişdir. (Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir.) İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixli ərizəsindən müəyyən edilir ki zərərçəkmiş şəxsə dəymiş maddi ziyan məbləği tam şəkildə ödənilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 21 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində üzün sağ almacıq nahiyəsinin, sol qulaq seyvanının, başın sol təpə nahiyəsinin əzilmiş-cırılmış yaraları, başın sol ənsə nahiyəsinin əzilmiş yarası, sol çiynin üst səthinin və sağ gözün alt hissəsinin qançırı xəsarətləri aşkar edilmişdir. Həmin xəsarətlər bərk-küt alətin (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti müayinədən bir gün əvvələ qədər vaxtda törənməklə qərarda göstərilən tarixə, yəni xx.xx.2022ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarına əlavə edilmiş “Oğuz rayon Mərkəzi Xəstəxanası” X6 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 322 nömrəli sorğuya cavab məktubundan müəyyən edilir ki, Təqsirləndirilən şəxs Oğuz rayon Mərkəzi Xəstəxanasının “Ruhi-əsəb” və “Narkoloji” kabinetlərində qeydiyyatda deyildir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən, Oğuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1 (054) - 3 / 2022 nömrəli hökmündən və xx.xx.2022-ci il tarixli 7 (054) - 7 / 2022 nömrəli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə cəzasının çəkilməmiş qalan 1 (bir) il 10 (on) ay 1 (bir) gündən ibarət hissəsi 11 (on bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş və o, hazırda cəzaçəkmə müəssisəsində cəza çəkir. İş materiallarına əlavə edilmiş Oğuz rayon Polis Şöbəsinin baş müstəntiqi Elçin İsmayılovun sübutların qiymətləndirilməsi barədə xx.xx.2022-ci il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128ci maddəsindən həmin Məcəllənin 221.3-cü maddəsinə tövsif edilmişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs məxsus kafe kimi işlədilən tikilinin iki ədəd pəncərəsini və “VAZ 2106” markalı ** KV *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin bütün şüşələrini vurub sındırsa da, dəymiş maddi ziyanın miqdarı beş min manatdan az olduğundan həmin xüsusat üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.1-ci maddəsi ilə ittiham elan edilməmişdir. İş materiallarına əlavə edilmiş Oğuz rayon Polis Şöbəsinin baş müstəntiqi Elçin İsmayılovun xx.xx.2022-ci il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə”qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Oğuz rayon İcra Hakimiyyəti başçısının Qumlaq İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən verilən xx.xx.2022-ci il tarixli 10-25/171 nömrəli və 10-25/172 nömrəli arayışlardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs Oğuz rayonu Şirvanlı kəndində ailə üzvləri ilə birlikdə yaşayır, ailə tərkibi özündən, valideynlərindən və qardaşından ibarətdir. İş materiallarına əlavə edilmiş Oğuz rayon İcra Hakimiyyəti başçısının Qumlaq İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən verilən xx.xx.2022-ci il tarixli xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs cəzasının başa çatdığı xx.xx.2020-ci il tarixdən sonra onun barəsində yaşadığı yer üzrə nümayəndəliyə yazılı və ya şifahi şikayət daxil olmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs ilə zərərçəkmiş Zərərçəkmiş şəxs mübahisəsi kafe kimi istifadə edilən tikilinin içərisində deyil, yaxınlığında baş vermişdir. İş materiallarından və işin məhkəmədə müəyyən edilmiş faktiki hallarından görünür ki, hadisə baş verən zaman Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs yanında Şahid1 başqa digər şəxslər olmamış, Şahid2 və Şahid3 bilavasitə hadisədən sonra həmin yerə gəlmişlər. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə baş vermiş hadisə zamanı Zərərçəkmiş şəxs vuraraq xəsarət yetirsə də və əmlakını zədələsə də, cinayətin motivi xuliqanlıq niyyəti ilə ifadə olunmamışdır. Həmin hadisənin bilavasitə yeganə şahidi olan Şahid1 də məhkəmə iclasında verdiyi ifadəsində həmin vaxt orada Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs və onun özündən başqa heç kimin olmadığını, Şahid2 və Şahid3 səs-küy eşidib gələn zaman Təqsirləndirilən şəxs artıq qaçıb getdiyini, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs və ya digər hər hansı şəxsin ünvanına nalayiq ifadələr işlətmədiyini qeyd etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində bu Məcəllənin 221.1-ci (Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) və ya 221.2-ci (Eyni əməllər bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə; ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə) maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduğu hallar nəzərdə tutulur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Həmin Qərarda, həmçinin, qeyd edilmişdir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Məhkəmə Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə irəli sürülən ittihamla əlaqədar qeyd etməyi zəruri hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 22 radələrində Oğuz rayonu Xalxal kəndi ərazisində Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində - aralarında yaranmış anlaşılmazlıqla əlaqədar ondan qisas almaq niyyəti ilə əlindəki plastik boru ilə onun baş nahiyəsinə bir dəfə, sifət nahiyəsinə bir dəfə, sol qulaq nahiyəsinə bir dəfə, sol çiyin nahiyəsinə bir dəfə və sağ göz nahiyəsinə bir dəfə qəsdən vuraraq Zərərçəkmiş şəxs üzün sağ almacıq nahiyəsinin, sol qulaq seyvanının, başın sol təpə nahiyəsinin əzilmiş-cırılmış yaraları, başın sol ənsə nahiyəsinin əzilmiş yarası, sol çiynin üst səthinin və sağ gözün alt hissəsinin qançırı xəsarətləri kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, qəsdən sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmişdir. Həmçinin, Təqsirləndirilən şəxs əlindəki plastik boru ilə Zərərçəkmiş şəxs məxsus kafenin iki ədəd şüşəsini və Zərərçəkmiş şəxs istifadəsində olan “VAZ 2106” markalı ** KV *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin bütün şüşələrini qəsdən sındırmaqla ona ümumilikdə 210 manat məbləğində maddi ziyan vurmuşdur. İş materialları ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus kafenin və avtomobilin şüşələrini sındırmaqla ona maddi ziyan vurarkən həmin yerdə kənar şəxslər, ümumiyyətlə, Təqsirləndirilən şəxs özündən başqa heç kim olmamışdır. Təqsirləndirilən şəxs həmin hərəkətləri, nəinki digər şəxslərin gözü qarşısında törətməmiş, əksinə, səs-küyə digər şəxslərin gəldiyini görüb hadisə yerindən uzaqlaşmış və qaçıb kənarda gizlənmişdir. Təqsirləndirilən şəxs özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək, bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, bununla da xuliqanlıq etmək niyyəti olsa idi, digər şəxslər hadisə yerinə gəldikdən sonra hadisə yerindən uzaqlaşaraq qaçıb kənarda gizlənməz, öz hərəkətlərini məhz onların gözü qarşısında davam etdirərdi. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə baş vermiş mübahisə zamanı əlində olan plastik boru ilə Zərərçəkmiş şəxs vuraraq ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vuran bədən xəsarətləri yetirməsi, eyni zamanda, onun əmlakına maddi zərər yetirməsi şəxsi münasibətlər zəminində baş verməklə, ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs hərəkətləri onun silah qismində istifadə edilən əşya tətbiq etməklə qərəzli xuliqanlıq hərəkətlər etməsi, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi kimi qiymətləndirilə bilməz. Məhkəmə hazırki cinayət işi üzrə bilavasitə məhkəmə istintaqı zamanı araşdırdığı faktlara məcmu halında qiymət verərək qeyd edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı törətdiyi qanunsuz əməllərdə xuliqanlıq cinayətinin tərkibinin olması istisna edilir. Belə ki, onun hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulan xuliqanlıq cinayətinin subyektiv cəhəti olan motiv - təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək niyyəti sübuta yetirilməmişdir. Bununla yanaşı, onun, həqiqətən də, Zərərçəkmiş şəxs qəsdən vuraraq sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmiş olması sübut olunduğundan məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə həyat və sağlamlıq əleyhinə olan cinayət əməli kimi hüquqi qiymət verilməlidir. Qeyd edilən əsaslara görə məhkəmə qərara gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən, Zərərçəkmiş şəxs aldığı xəsarətlərin dərəcəsinə görə, həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 41.3-cü maddəsinə əsasən dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən və bu Məcəllənin 40.3-cü və 40.4-cü maddələrində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Dövlət ittihamçısı bəraətverici əsaslar olmadıqda təqsirləndirilən şəxs barəsində ittihamdan müdafiə tərəfinin razılığı ilə imtina edir. Xüsusi ittihamçı ittihamı müdafiə etməkdə davam edərsə, təqsirləndirilən şəxsin cinayət təqibindən imtina edilməsi barədə dövlət ittihamçısının mövqeyi cinayət işinə və ya cinayət təqibi ilə bağlı digər materiala məhkəmədə baxılmasının davam etdirilməsinə mane olmur. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1 və 43.1.2-ci maddələrinin məzmununa görə məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6 - 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. İşin məhkəmədə müəyyən edilmiş faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qəsdən vuraraq sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmiş olmasına görə özünü təqsirli bilmiş, zərərçəkmiş şəxslə barışmış və ona dəymiş maddi ziyanı tamamilə ödəmişdir. Təqsirləndirilən şəxs hazırda barəsində olan iş üzrə icraata xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini məhkəmədən xahiş edir. Məhkəmə qərara gəlir ki, Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən xitam verilməli və o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Təqsirləndirilən şəxs barəsində hazırki cinayət işi üzrə seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri xitam olunmalıdır. İş üzrə 50 (əlli) manat ekspertiza xərci qərar qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia tələbi verilməmiş, maddi sübut və digər məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3, 41, 43, 156.4, 321.2.1, 346, 347, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən Cinayət Məcəlləsinin 128-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət məsuliyyətindən Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən azad edilməklə ona qarşı olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində hazırki cinayət işi üzrə seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri xitam olunsun. İş üzrə 50 (əlli) manat ekspertiza xərci qərar qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İş üzrə mülki iddia tələbinin verilmədiyi, maddi sübut və digər məhkəmə xərclərinin olmadığı nəzərə alınsın. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində, həbsdə saxlanılan şəxs tərəfindən isə qərarın ona verildiyi andan 20 (iyirmi) gün müddətində həmin qərardan Oğuz Rayon Məhkəməsi vasitəsilə, bilavasitə və ya həbsdə saxlanılma yeri vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərar apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Hakim : Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar