Məhkəmə qərarları › İş №1(054)-16/2023

Oğuz Rayon Məhkəməsi Hökm — İş №1(054)-16/2023

05.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Oğuz rayonu İş № 1(054)-16/2023 05.09.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ X4 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxx 1992-ci il tarixdə Oğuz şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 13 may 2023-cü il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi, şəxsi istehlak miqdarından artıq miqdarda – ümumilikdə 19,083 qram çəkidə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - tiryək əldə etməklə üzərində saxlayıb daşımış, 15 may 2023-cü il tarixdə saat 19 radələrində Oğuz RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Oğuz şəhərində yerləşən “Veteranlar” parkında şübhəli şəxs qismində saxlanılıb Oğuz RPŞ-yə gətirilərək üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli gödəkcənin sağ yan içəri cibindən 19,083 qram çəkidə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- tiryək Oğuz RPŞ-nin əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, narkotik vasitələrdən fasilələrlə istifadə edir. xx.xx.2023-cü il tarixdə günorta saatlarında Oğuz şəhərinin aşağı hissəsində yerləşən zibillik sahənin yaxınlığında gəzərkən yerdə olan şəffaf rəngli sellofan bükümə gözü sataşmış, maraqlı olduğu üçün sellofan bükümü açıb baxdıqda içərisində narkotik vasitə olduğunu görmüşdür. Daha sonra həmin bükümün içərisindəki narkotik vasitə olan tiryəki özü istifadə etmək üçün cibinə qoymuşdur. xx.xx.2023-cü il tarixdə saat 19 radələrində Oğuz şəhərində yerləşən “Veteranlar” parkının arxa hissəsində olarkən polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitə gəzdirməkdə şübhəli olduğu üçün onu polis şöbəsinə dəvət etmişlər. O, Oğuz rayon PŞ-nə gətirildikdən sonra vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri izah edilmişdir. Daha sonra isə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış başlamamışdan əvvəl ona üzərində olan əşyaları könüllü təqdim etmək təklif edilmiş, o da əynindəki qara rəngli şalvarın sağ yan cibindən ümumi məbləği 6,90 (altı manat doxsan qəpik) manat olan pul əskinazlarını, qara rəngli gödəkcəsinin sol yan cibindən 1 ədəd LD markalı siqaret və alışqanı, həmin gödəkcənin sağ yan içəri cibindən isə Oğuz şəhərin aşağı hissəsində yerləşən zibilliyin yaxınlığından tapdığı və öz istifadəsi üçün üzərində saxladığı tiryək olan bükümü çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra üzərində şəxsi axtarış aparılmış, lakin üzərindən gəzdirilməsi və daşınması qadağan olunmuş hər hansısa əşya və predmet aşkar edilməmişdir. Polis əməkdaşları həmin bükümün içərisində nə olduğunu soruşduqda, o, bükümün özünə məxsus olduğunu, bükümün içərisində narkotik vasitə olan tiryək olduğunu, həmin tiryəki Oğuz şəhərin aşağı hissəsində yerləşən zibilliyin yaxınlığından tapdığını və öz istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra üzərindən aşkar edilmiş tiryək polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüşdür. Narkotik vasitəni tapması barədə heç kəsə məlumat verməmiş, heç kimə narkotik vasitə satmamış, üzərindən aşkar olunmuş narkotik vasitə olan tiryəki yalnız öz istifadəsi üçün üzərində gəzdirmişdir. Törətdiyi cinayət əməlini könüllü etiraf edir. Narkotik vasitəni əldə etdiyinə, saxladığına, üzərində gəzdirdiyinə görə əməlindən səmimi peşmandır. Qeyd etdiyi halları cəza təyin edilən zaman nəzərə almağı və ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməli törətməsi özünün etirafı ilə yanaşı, şahid ifadələri, iş materialları və məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Oğuz RPŞ-nin PPXT-nın polis nəfəri Şahid2 məhkəmə iclasında şahid kimi ifadə verərək bildirdi ki, Oğuz rayon Polis şöbəsi PPXT-də polis nəfəri işləyir. Təqsirləndirilən şəxs əvvəllər tanımayıb, onunla heç bir münasibəti olmamışdır. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirməsi və narkotik vasitələrdən istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin tarixdə saat 19 radələrində Oğuz RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis baş leytenant Şahid1 ilə birgə Oğuz şəhəri ərazisində yerləşən “Veteranlar” parkının yaxınlığında Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz saxlanılmasında şübhəli bilindiyi üçün saxlayaraq Oğuz RPŞ-yə gətirmişlər. Oğuz rayon PŞ-də Təqsirləndirilən şəxs vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri izah edilmiş və üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış başlamamışdan əvvəl ona üzərində olan əşyaları könüllü təqdim etməyi təklif edilmiş, o da qara rəngli şalvarın sağ yan cibindən bir ədəd 5 manatlıq, bir ədəd 1 manatlıq, iki ədəd 20 qəpiklik və bir ədəd 50 qəpiklik olmaqla ümumilikdə 6 manat 90 qəpik pul əskinaslarını, əynindəki qara rəngli gödəkcənin sol yan cibindən 1 ədəd “LD” siqareti və alışqanı, həmin gödəkçənin sağ yan içəri cibindən sellofan bükümü çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra üzərində şəxsi axtarış aparılmış, lakin gəzdirilməsi və daşınması qadağan olunmuş hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Polis əməkdaşları həmin bükümün içərisində nə olduğunu soruşduqda, o, bükümün içərisində narkotik vasitə olan tiryək olduğunu, həmin narkotik vasitəni Oğuz şəhərinin aşağı hissəsindəki zibillik ərazidən yerdən tapdığını və öz istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş büküm tərkibinin və dəqiq çəkisinin müəyyən edilməsi məqsədilə ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, protokol tərtib olunmuş, protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Şаhid-Oğuz RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis baş leytenant Şahid1 xidməti tapşırıqla əlaqədar Bakı şəhərində olduğuna görə məhkəmə iclasına gəlməmiş, onun ibtidai istintaqda verdiyi, Şahid2 ifadəsinə uyğun ifadəsi məhkəmə zalında elan edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması barədə 16 iyun 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan tiryəki tapdığı yeri göstərərək ifadəsində göstərdiyi xüsusatları təsdiq etmiş, fotoşəkillər çəkilməklə tərtib edilmiş protokola əlavə edilmişdir. (cinayət işi vər: 77-79) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X2 Bölməsinin iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş materialların məhkəmə ekspertizasının 16 may 2023-cü il tarixli 17/398 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş maddi sübut” sözləri, adlar və imzalar yazılmış zərfin içərisində 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 19,083 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. Həmin tiryəkin 0,100 qramı tədqiqata sərf edilmiş, 18,983 qram qalıq qalmışdır. (cinayət işi vər:35- 37) Gəncə şəhəri Narkoloji Dispanserinin iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən məhkəmə-narkoloji ekspertizasının 20 iyun 2023-cü il tarixli 1070 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan tiryəkdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəsətəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. (cinayət işi vər: 85) TƏBİB Oğuz RMX PHŞ-in iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 13 iyun 2023-cü il tarixli PHŞ-6-64/2-389/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Oğuz RMX poliklinika şöbəsinin Narkoloji və Ruhi-Əsəb kabinetlərində qeydiyyatda yoxdur.. (cinayət işi vər: 76) İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən tələbnaməyə Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin xx.xx.2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur.. (cinayət işi vər: 84) Oğuz rayon İHB Oğuz şəhər İƏD üzrə nümayəndəliyinin iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2023-cü il tarixli, 5-68-12/2-438/2023 saylı və 5-68- 12/2-439/2023 saylı arayışlarından, həmin tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yaşayır, ailə tərkibi atası, anası və 4 qardaşından ibarətdir, yaşayış yerindən müsbət xarakterizə olunur. (cinayət işi vər: 71-74) Beləliklə, məhkəmə istintaqında tədqiq edilən sübutlara məcmu halında hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şərh olunan cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafı ilə yanaşı şahid ifadələri, ekspertiza rəyi və digər məhkəmə-istintaq materialları ilə tam təsdiq edildiyindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş, ona görə də o, həmin maddə ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən təqsirləndirilən şəxsin törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən ona təyin ediləcək cəzanın islah olunmasına və həyat şəraitinə təsiri imkanlarını nəzərə alır. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib özündə saxlasa da, polis əməkdaşları tərəfindən üzərində şəxsi axtarış aparılarkən onun üzərində aşkar edilmiş narkotik vasitənin özünə aid olduğunu könüllü olaraq dərhal etiraf etdiyini və narkotik vasitəni əldə etdiyinə, saxladığına, üzərində gəzdirdiyinə görə səmimi peşmançılıq hissləri keçirdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini, özü və cəmiyyət üçün zərərli təsirlərini, bu əmələ görə məsuliyyətini başa düşmüş və öz əməlinə tənqidi yanaşmaqla artıq islah olunmağa başladığını nümayiş etdirmişdir. Həmin əsaslara görə məhkəmə Təqsirləndirilən şəxs səmimi peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmamasını, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilməsinin özünün həyat tərzinə, ailəsinin vəziyyətinə maddi və mənəvi cəhətdən mənfi təsir göstərəcəyini nəzərə alaraq, habelə təqsirləndirilən şəxslə davranışda ictimaiyyətin daha fəal iştirak etməsinin təmin edilməsi, onda cəmiyyət qarşısında məsuliyyət hissinin artmasına yardım göstərilməsi və onun islah edilməsi məqsədi ilə üzərində aşkar edilmiş narkotik vasitənin miqdarını da nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında müəyyən edilmiş, az ciddi cəza növü hesab olunan kifayət edən həddə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. İş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023- cü il tarixdə saat 19:45-də şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə saat 18:00-da barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə Oğuz RPŞ MSY-dən həbsdən azad edilmişdir. Beləliklə, məhkəmə bildirir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün nəzərə alınaraq, bir günə iki gün hesabı ilə hesablanmaqla 4 gün müddət ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Eyni zamanda, məhkəmə Təqsirləndirilən şəxs hazırda təyin edilən azadlığın məhdudlaşdırılması növündə cəza əsasında tətbiq ediləcək vaxt məhdudiyyətinin hər gün saat 22:00-dan saat 07:00-dək olan müddət ərzində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitə olan tiryəkdən epizodik istifadə halları olmuş, narkomaniya xəsətəliyindən əzab çəkmədiyi, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacının olmadığı müəyyən edilmiş, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülmüşdür. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. Məhkəmə iş üzrə təyin edilmiş materialların məhkəmə ekspertizasının 16 may 2023-cü il tarixli 17/398 nömrəli rəyini və Təqsirləndirilən şəxs barəsində polis əməkdaşlarının tərtib etdiyi “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” xx.xx.2023-cü il tarixli protokolun nəticələrini müqayisə edərək narkotik vasitənin çəkisinin ekspert tərəfindən daha dəqiq müəyyən edilməsini nəzərə almaqla, Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş narkotik vasitənin xalis çəkisinin ona qarşı irəli sürülmüş ittihamda göstərilən miqdarda - 19,083 qram olmasını qəbul edir. İş üzrə maddi sübut - Oğuz Rayon Polis Şöbəsində saxlanılan, tədqiqat və ekspertiza zamanı istifadə edildikdən sonra qalıq qalan cəmi 18,983 qram çəkidə narkotik vasitə olan tiryək hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman videoçəkiliş aparılmasına dair 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 69,10 manat ekspertiza xərci hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia tələbi və digər məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il 6(altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılaraq faktiki azadlığı məhdudlaşdırıldığı vaxtdan – xx.xx.2023- cü il tarixdə saat 19:45-dən şübhəli şəxs qismində tutulmadan azad olunduğu vaxtadək – xx.xx.2023-cü il - tarixdə saat 18:00- dək olan müddət 2(iki) gün kimi nəzərə alınaraq həmin müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla 4 (dörd) gün müddət ona təyin edilmiş 2 (iki) il 6(altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 5(beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın çəkilməsinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı Oğuz rayonu ərazisini, eləcə də saat 22:00-dan saat 07:00-dək olan müddət ərzində daimi yaşayış yeri olan Oğuz şəhəri, Q.Ağakişiyev küçəsi ev 6 ünvanında yerləşən evin ərazi hüdudlarını tərk etməmək məhdudiyyəti qoyulsun. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı ərazidə yerləşən, spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Hökmün icrasına nəzarəti Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə maddi sübut - Oğuz Rayon Polis Şöbəsində saxlanılan, tədqiqat və ekspertiza zamanı istifadə edildikdən sonra qalıq qalan cəmi 18,983 qram çəkidə narkotik vasitə olan tiryək hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman videoçəkiliş aparılmasına dair 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 69,10 manat ekspertiza xərci hökm qanuni qüvvəsini aldıqdan sonra məhkum Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin AZ.MEM, VÖEN **********, X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ********************, SWİ F T Bik CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. İş üzrə mülki iddia tələbi və digər məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Hakim : Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar