Məhkəmə qərarları › İş №1(054)-16/2024

Oğuz Rayon Məhkəməsi Hökm — İş №1(054)-16/2024

15.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Oğuz rayonu İş № 1(054)-16/2024 15.11.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X33 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, xüsusi ittihamçı X7, onun nümayəndəsi və vəkili Müdafiəçi1, təqsirləndirilən şəxs X21, onun müdafiəçisi Müdafiəçi2 iştirakı ilə xx.xx.1995-ci ildə Oğuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, Şuşa rayon Polis şöbəsi PPX-nin komandiri işləyən, Xocalı rayonunda qeydiyyatda olmaqla Oğuz rayon “Azərbaycan-60” qəsəbəsində yaşayan X21 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair X7 xüsusi ittiham qaydasında şikayəti üzrə işə Oğuz Rayon Məhkəməsinin binasında qapalı məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X11 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək bildirmişdir ki, X32 ilə 2024-cü ilin mart ayının 29-da nişanlanmışdır.24 aprel 2024-cü il tarixdə qız toyu, 28 aprel 2024-cü il tarixdə Oğuz rayonunda oğlan toyu olmuşdur. El adətinə uyğun olaraq X32 ilə qarşılıqlı istəkləri ilə cinsi əlaqədə olmuşlar. Həmin vaxt xalaları X27 və X9 da həmin mənzildə olmuşlar. Oğlan evindən isə X22, X28 və X8 həmin mənzildə olmuşlar. 29 aprel 2024-cü il tarixdə Sabir Əliyev, onun atası Şahid Əliyev və ögey anası Mətanət Quliyeva ona, xalaları X17, X4, X12 və X18 onun bakirə olmadığını deyib, Şəkiyə-öz ata evinə qayıtmağını demişlər. Onlara bakirə olduğunu, ilk dəfə Sabirlə cinsi əlaqədə olduğunu dəfələrlə desə də, Sabir və onun ailə üzləri ona inanmamışlar. Bundan sonra onlara həkimə, ekspertə getməyi təklif etmiş, lakin ona qulaq asmamış və çıxıb ata evinə getməyini demişlər. 29 aprel 2024-cü il tarixdə günorta vaxtı 3 günlük deyilən qonaqlıq olduqdan sonra yenə onu təhqir edib təzyiq etmişlər. Sabir ona demişdir ki, “bizim evdə 5 gün qaldıqdan sonra evinizə getməsən saçını qırxacağam, lazım olarsa hətta başını kəsərək, həyətə atacağam”. 29 aprel 2024-cü il tarixdə Sabirin ögey anası Mətanət axşam saatlarında onu Şəkiyə-evinə aparacağını, məqsədinin isə onun tibbi ekspertdən keçib, bakirəliyinin ilk dəfə 28 aprel 2024-cü il tarixdə pozulmasını sübut etmək olduğunu demişdir. 29 aprel 2024-cü il tarixdə öz ata evinə gələrək, Sabirin ögey anası Mətanətin onu ekspertə aparmağını gözləmişdir. Bundan bir neçə gün sonra qohumları və qəsəbələrinin sakinləri ona və ata-anasına bildirmişlər ki, Sabir Əliyev və ailə üzvləri onun barəsində böhtan və təhqir dolu ifadələr işlədir, şayiələr yayırlar. O da Oğuz rayon polis şöbəsinə ərizə ilə müraciət edərək, ünvanına böhtan və təhqir dolu ifadələr işlədən şəxslərin məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Oğuz rayon polis şöbəsində araşdırma gedərkən barəsində məhkəmə-tibbi müayinə barədə qərar qəbul edilərək, Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X20 PHŞ-yə göndərilmişdir. Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X20 PHŞ-nin 07 iyun 2024-cü il tarixli, 128 saylı rəyi ilə bakirə olduğu təsdiq edilmişdir. Bundan əlavə Oğuz rayon polis şöbəsində Sabir Əliyev verdiyi izahatla ona böhtan atmasını, yəni onun bakirə olmadığını xalaları X17 və X4, Sabirin qohumları X12, X18 və X2 dediyini etiraf etmişdir. X21 bu əməli nəticəsində xeyli əsəb və stress keçirməklə yanaşı utanc hissi yaşamışdır. X21 Oğuz RPŞ-nin TB-nin təhqiqatçısı X13 21 iyun 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarının 2-ci vərəqinin 2-ci abzasında qeyd edilən öz izahatı və Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və X20 PHŞ-nin həmin qərarın 2-ci vərəqinin 3-cü abzasında qeyd edilən 07 iyun 2024-cü il tarixli, 128 saylı rəyi ilə sübut olunur ki, X32 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Ona görə də hüquqlarını müdafiə etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Xüsusi ittihamçı göstərilənləri nəzərə alaraq, X21 Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittihamçı X11 şikayətinin məzmununu təsdiq etdi, əlavə olaraq bildirdi ki, heç bir qız istəməz ki, bir günün gəlini olsun. O bakirəliyini, namusunu qorumuşdur. Birinci dəfə Sabirlə cinsi əlaqədə olmuşdur. Hər qadının bioloji quruluşu eyni deyil. Sabir ona demişdir ki, sən qız deyilsən. Sən 2 il nişanlı olmusan. Həmin gün Sabir içkili olub. İçkili adam həmin vaxt o məsələləri necə dəqiq bilə bilər? Ali təhsilli, namaz qılan adamdır. Bakirə olmaya-olmaya dəli deyil ki, ekspertə getsin. Sabirin analığı onu necə çox istəyirdi ki, onun barəsində nalayiq sözlər işlədirdi? Mətanətin bu barədə onun anasına göndərdiyi səs yazıları var. Onlara demişdir ki, həkimə aparın, aparmamışlar. Sabir və ailəsi ilə aralarında barışıq və ya razılıq olmayıb. Ekspert rəyində razı olmadığı bəzi nüanslar var, yoxlanışa kişi və qadın həkimlər girmişdi, çox həyəcanlı olduğundan bir nüansı düzgün anlamayıb. Lakin bu, yekun nəticəyə təsir etmir, ümumi nəticə ilə razıdır. Bakıda ekspertə gedəndə Sabirə zəng edib, onu birlikdə ekspertə getməyə dəvət edib, lakin Sabir bəhanə gətirib gəlməkdən imtina etdi. Axıra qədər gedəcək. Sabirin cəzalanmasını istəyir. Məhkəməyə kimi Sabir peşman olmayıb, üzr istəməyib. Məhkəmədə də üzr istəməsi görüntü xatirinə yalandan olan hərəkətdir. Yalandan bakirə olmadığını deyib, namusunu ləkələyib, onun haqqına girib, onu alçaldıb. Buna görə onu bağışlaması mümkün deyil. Onların ona dediyi sözləri hələ də unuda bilmir. Sabir cəzalanmalıdır. Sabir onu ləkələyib, ekspert rəyi gələndən sonra da Sabir onun bakirəliyinə inanmayıb. Ona ən ağır cəza verilməsini istəyir. Qeyd etdiyi əsaslara uyğun olaraq, X21 Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsinə uyğun qaydada cinayət məsuliyyətinə cəlb olunaraq ağır cəzalandırılmasını xahiş etdi. Məhkəmə iclasında xüsusi ittihamçı X7 vəkili Müdafiəçi1 xüsusi ittihamçının ifadəsini təsdiq etdi və əlavə olaraq bildirdi ki, tərəflər arasında narazılıqla bağlı polisdə iş aparılıb, əslində bu, Sabirin təqsirli olmasının sübutu üçün kifayətdir. Müfafiq ekspert rəyi də var. Vüsalə psixoloji problem yaşayır. Sabir bəy otağından çıxdıqdan sonra orada olan adamların, Vüsalənin xalaları və s.-cəmi 5 nəfərin yanında sözünü deyib. bu zaman araşdırılan cinayət əməli baş verib və bitib. Hər insanda anatomiya eyni deyil, Sabir isə həkimə getməyi gözləməyib. Çox böyük səbrsizlik edib. Çıxıb bir neçə nəfərin yanında deyib ki, Vüsalə bakirə deyil, buna görə onu hədələyib və s. Vüsalə ilk dəfə Sabirlə əlaqədə olub. Vüsalə hər gün psixoloji travma yaşayır. Bilməmək böhtan atmaq üçün əsas deyil. Səs yazısından da bilinir ki, Vüsaləni həkimə aparmaq fikirləri olmayıb. Sabir Vüsalənin bakirə olmadığını azı 5 nəfərin yanında deyib. Qarşı tərəfin barışıq təklifi yaxşıdır, lakin tərəflər özü qərar verməlidir. O, nümayəndə və vəkil kimi Vüsalənin iradəsi ziddinə gedə bilmir. Barışsalar çox yaxşı olar, ancaq son söz Vüsalənindir. Şikayəti müdafiə edirlər. Vüsalə və Sabirin ifadələri əsasdır. Polisdə verdiyi ifadəsində Sabir qeyd edir ki, Vüsalənin bakirə olmamasını 4-5 nəfərin yanında deyib. Məlumatın yayılması Ali Məhkəmənin şərhində açıq-aydın izah edilir, göstərilir ki, məlumat 2 nəfər şəxsin yanında deyildiyi və ya başqa şəxslərin qavraya biləcəyi hərəkətlərin edildiyi təqdirdə məlumatın kütləvi şəkildə yayılmasıdır. Bu məsələ “3 günlük” məclisində həll edilməli deyildi. Sabir ailə başçısı kimi heç kimə demədən özü qərar verib Vüsalə ilə birgə həkim-ekspertə müraciət edə bilərdi. Sabir Əliyevin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməklə barəsində məhkəmənin ittihamedici hökmünün çıxarılmasını və maddənin sanksiyasında nəzərdə tutulmuş ağır cəzanın verilməsini xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs X32 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli hesab etmədi, ifadə verərək bildirdi ki, bu məsələ barədə təkcə analığı Mətanətin yanında demişdir. Vüsalənin xalası Aygün əvvəlki iclasda deyirdi ki, Sabir belə sözlər deməyib. Amma indi şikayətçi tərəf başqa cür danışır. Vüsalə həmin vaxt onu hədələyirdi. Vüsaləyə həmin anda sual vermişdi ki, niyə belə oldu? O da dedi ki, bilmirəm. Həmin gün otağa təkrar girmiş, lakin yenə nəticə olmamışdır. Vüsaləyə heç bir şiddət və təyziq edilməyib. Vüsalə onu Bakıya-ekspertin yanına dəvət edəndə xidməti fəaliyyətlə bağlı üzrlü səbəblə əlaqədar çıxa bilməmişdir. Ekspert rəyinə münasibəti normal olsa da vəziyyət onun üçün qəbuledilməzdir. Vüsalə Hüseynova barəsində hər hansı məlumatı yaymayıb, valideynləri tərəfindən isə şikayətçinin valideynlərinə bu barədə heç kimə məlumat verməmək dəfələrlə təklif olunub. Əgər bilmədən Vüsalənin xətrinə dəyibsə, ondan üzr istəyir. O özü də əziyyət çəkir. Şuşada iş yerindən ona mənzil verməli idilər. Onun evlənəcəyi ilə bağlı məlumatları vardı. Hazırda bu barədə soruşsalar da çətin vəziyyətdə qalıb, nə deyəcəyini bilmir. Qərar Vüsalənindir, başqa heç nə demək istəmir. Şikayətin heç bir əsası olmadığından rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxsin vəkili Müdafiəçi2 onun ifadəsini təsdiq etdi və bildirdi ki, şikayətdə Ali Məhkəmənin Plenum qərarına riayət edilməyib. Qarşı tərəf fikrini belə əsaslandırır ki, Sabir polis şöbəsində verdiyi izahatlarda məlumatı yayıb. Məlumatın yayılmasının konkret 4 halı var. Bu işdə heç bir hal təsdiqini tapmır. Sabirin ailəsi toy məclisi qurub, xərc çəkib. Sabir ailə qurmaq məqsədi ilə evlənib. Ünsiyyətdə olublar, alınmayıb. Valideynlərin məsləhəti ilə Vüsalə onların evində qalıb ki, həkimə getsinlər. Qərara gəliblər ki, bu barədə heç kimə bildirilməsin. Sonra Vüsalənin valideynləri onu evlərinə aparıblar. İyun ayının 7-si ekspertizadan cavab gəlib. Sabirin rəylə bağlı heç bir narazılığı yoxdur. Əksinə Vüsalə özü polisə şikayət edib. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan göründüyü kimi iş tam şəkildə araşdırılmışdır. Vüsalə özü etiraf edir ki, birinci dəfə Sabirlə cinsi əlaqədə olub, rəydə göstərilir ki, bakirəlik pozulmayıb. Ancaq Sabir ailəsi kimi onu qəbul etmir. Polisdə verilmiş izahat məlumatın yayılması demək deyil. Bir də qeyd edilir ki, kənd camaatı arasında məlumat yayılıb. Konkretlik yoxdur, şəxsin adı çəkilmir-bu ehtimallardır. Bakirəlik pozulmayıb demiş olsa belə bu məlumatın yayılması deyil, çünki bu, belədir. Deyilənlər doğru deyil. Orada Vüsalənin 2 yengəsi olub, onlara bu barədə deyilməsi məlumatın yayılmasıdırmı? Vüsalə ilə Sabir 2 dəfə əlaqədə olublar, hər ikisində eyni nəticə olub. Bioloji olaraq bu hal mümkündür. Sabir bunun bioloji problem olduğunu hardan bilə bilər? Sabir bu həqiqəti deyib-yalan demir ki? Həkimə getmək barədə Sabirin valideynləri təklif edib. Burada yalan məlumat və xəbərin yayılması yoxdur. Bu məsələ barışıqla həll olunmalı məsələdir. Buna görə də tərəflərə barışıq təklif edir. Vüsalə şikayət ərizəsini geri götürsün, yekun məhkəmə qərarında Vüsalənin xeyrinə olan hallar qeyd edilsin. Sabir tərəfindən məlumatın yayılması kimi bir hal olmasa da Vüsalə xanıma jest olaraq Sabirin və onun valideyinlərinin adından onların üzr istədiklərini qeyd etmək istəyir. Sabir məlumatı yaymayıb. Şikayət ərizəsində qeyd edilir ki, Vüsaləyə şiddət göstərilib, ancaq ona heç bir şiddət göstərilməyib. Vüsalənin valideynləri tərəfindən əlavə söz-söhbət olmasın deyə Vüsalə yaxın qohumları Azərə sağ-salamat təhvil verilib. Sabirin burada heç bir təqsiri yoxdur. O heç kimə heç nə deməyib. Vüsaləyə qarşı heç bir qərəz olmayıb. Onsuz da Vüsalənin əlində sənəd var ki, o təmizdir. Şikayətin rədd edilməsini xahiş etdi. X5 məhkəmə iclasında bildirdi ki, Vüsalə bacısı qızıdır. O özü oğlan evi ilə nişana gələndə tanış olmuşdur. Nişandan təqribən 1 ay sonra toy oldu. Toy günü Vüsalə ondan xahiş elədi ki, onunla yengə kimi oğlan evinə getsin. Hələ qız evində Sabirin analığı “güzgü tutmaq üstündə” Vüsaləyə demişdi ki, sən hələ evə get, gör sənin başına nə oyun açacam- bunu bacısı eşidib. Sonra toya getmişlər. Toyda Sabir çox çaxır içirdi, Vüsaləyə demişdi ki, o çox içir, ona demək lazımdı az içsin, Vüsalə də dedi ki, utanıram. Toy qurtardıqdan sonra evə gəlib bacısı Gülnarə ilə otağı səhmana salmışlar, çıxmaq istəyəndə Sabirin analığı Mətanət gəlib dedi ki, Sabir hələ otağa girməsin-atası gəlsin. Onlar çörək yeyəndə bacısı Sabirə dedi ki, çox içirsən. O da dedi narahat olma. Sabir otağa girib çıxandan sonra analığı Mətanətə dedi ki, belə problem var, yəni Vüsalə bakirə deyil. Mətanət də onlara dedi. Mətanətə dedilər ki, aparaq həkimə, Mətanət dedi ki, yox, Sabir bir dəfə də otağa girsin. Mətanət Sabiri çağırıb yenidən Vüsalənin yanına-otağa girməsini tapşırdı. Sabir ikinci dəfə otağa girib-çıxandan sonra rəngi tutqun və hirsli idi. Sabirin nənəsi də orada idi, ona dedi ki, narahatçılıq yoxdu-düzələr. Sabir onları evlərinə aparanda ona maşında dedi ki, hər şey düzələcək. Sabir də ona dedi ki, xala narahat olma. Sabir otaqdan çıxanda o, Gülnarə, Mətanət və Sabirin nənəsi orada olmuşlar. Sabirin əmisi arvadı da qıraqda idi. Sabir otaqdan çıxandan sonra orada olan 5 nəfərə qızın bakirə olmaması məlum oldu. Mətanət Sabirin əmisi arvadı ilə qıraqda danışırdı. Mətanətə Sabir demişdi, onlara isə Mətanət demişdi. O üçgünlük qonaqlıqda olmayıb. Sonradan-təqribən 10 gün sonra Mətanət Vüsalə barəsində telefonla lazımsız sözlər deyib. Bununla bağlı üzrxahlıq etməyiblər. Mətanət onları telefonda təhqir edib. Həmin gün, yəni toydan sonra saat 02:00 radələrində Sabir onu və bacısını Anarın maşını ilə evə apardı-yolda onlara heç nə demədi. Vüsalənin bakirə olmamasını ona və bacısına Mətanət deyib. X6 məhkəmə iclasında ifadə verərək bildirdi ki,Vüsalə qardaşının qızıdır. Sabiri və ailəsini toyda tanıyıb. Toy gecəsi Vüsalənin xalaları vəziyyətin bu cür olduğunu gəlib xəbər verdilər. Səhəri gün Sabirgilə getdilər ki, bilsinlər nə məsələdir? Sabirin atası Şahid dedi ki, problem yoxdu. Saat 14:00-da “üçgünlük” qonaqlığa gələrsiniz. Qayıdıb bir də günorta Sabirgilə getmişlər. Vüsaləni görəndə onun üzü-gözü ağlamaqdan şişmişdi. Vüsalə dedi ki, “Sabir məni təhqir edib, vurub”. Mətanəti çağırıb ona deyib ki, belə olmaz, o da dedi mənlik deyil, Şahiddən soruş. Şahid onlara dedi ki, “mən həkimə inanmıram, Sabir özü həm ginekoloqdur, həm də ekspert. Həkimə getsək də biz belə qızı qəbul etmərik”. Şahid onlara deyirdi ki, bakirə olmayan qızı aparıb bakirəliyini bərpa edib gətirmisiniz. Sabir də deyirdi “3 dəfə doğmuş qızı mənə sırımısınız”. Sabir dedi ki, “camaat bilməsin deyə 10 gün saxlayacam, sonra gəlin aparın, yoxsa başını kəsəcəm. Mən onun atası Hüseynə görə səsimi çıxarmıram.” Vüsaləni evə aparmışlar, sonra Bakıya həkimə aparmışlar, ekspert rəy vermişdir. Sabir otağa gəlmirdi, hərəkətlərindən belə başa düşülürdü ki, elə bil Vüsalədən iyrənir. Deyirdi Vüsalə 3 uşaq doğmuş gəlindir, bakirə deyil. Sabir Vüsaləyə şər atır. Sabirlə “üç günlük” günü təqribən saat 3-də görüşüblər. Sabir dedi ki, daha bu evə gəlməyəcəyəm. Məhkəmə iclasında şahid X9 ifadə verərək bildirdi ki, Vüsalə bacısı qızıdır. Sabiri nişan günü görmüşdür. Nişan və toyun arası çox çəkməmişdir. Toy Sabirə görə tezləşdirilmişdi, guya ona Şuşada ev verilməli idi. Bacısına da toyun tez olmasına görə narazılığını bildirmişdi. Qız toyu oldu, ardınca oğlan toyu oldu. O, yengə gedəsi deyildi, bacısı gedəcəkdi. Bacısı həmin vaxt həyəcanlı idi, birinci dəfə idi yengə gedirdi, ona görə o da onunla getmişdi. Bacısı hətta orada dərman da içmişdi. Mətanət (Sabirin analığı) onda dedi ki, bu niyə belə edir? Dedi onun başına gör nə oyun açacağam. Toy gecəsi hər şeyi hazır eləmişlər. Sonra Sabir otağa girmişdir. Sabir otaqdan çıxanda başı ilə dedi ki, alınmır. Ona demişdir ki, sən nə danışırsan? Sonra Sabirin nənəsi dedi ki, belə şeylər olur, narahat olmayın gedin, onlar da qızı əmanət eləyib getmşlər. Səhəri gün xəbər bilməyə gedəndə Mətanət dedi ki, nəyə gəlmisiniz? Gedin, 3 günlüyə gələrsiniz. Qayıdıb yenidən 3 günlüyə getmişlər, gedəndə paltar aparmışlar. Mətanət paltarları ondan alıb üstünə tullamışdır. Onlar çölə çıxmışlar, qızı da onlara göstərməmişlər. O özü yoldaşı ilə bacısıgildə qalmışdı. Yenidən Sabirgilə qayıtmışlar, onları yaxınlaşmağa qoymurdular. Sonradan Sabirin atası zəng elədi ki, “gəlin qızı Bakıya həkimə aparın, mən də gələcəm”. Sabir “qız deyil” deyəndə orada o, bacısı, qızın bibisi, Sabirin nənəsi və analığı Mətanət var idi. Səhəri gün Sabir Vüsalənin ünvanına “bu qız deyil, kalafadı, neçə kişinin altından çıxıb, fahişənin biridir” deyib. Sabir bu sözləri onun, bacısı Aygünün, Vüsalənin anası Aynurun yanında deyib. Polisdə verdiyi ifadəsini təsdiq edir. Sabirin bu sözləri dediyini özü eşidib. Sabir otaqdan çıxanda rəngi qapqara idi. Məhkəmə iclasında şahid X25 ifadə verərək bildirdi ki, Vüsalə əmisinin nəvəsidir. Sabiri də uzaqdan-uzağa tanıyıb. Qohum olduqlarını eşidib. Sonra toyda da iştirak etmişlər. Sabirin atası Şahid ona zəng eləmişdir ki, gəlin Vüsaləni aparın. Hər iki tərəfin valideynləri orada idi. O, Sabirin nə dediyini eşitməyib. Sabirin atası deyib ki, “bir qol yoxdursa onu ora tikməyin nə mənası var? Dedi qız deyil, dedik həkimə aparaq, o da dedi bizə lazım deyil. Onunla yoldaşına etibar etdi, dedi Vüsaləni siz aparın. Şahid onu çağırdı ki, gəl qızı apar, sənə təhvil verirəm. Şahid bunu ona görə edirdi ki, birdən qızın ailəsi ona şiddət göstərildiyini deyib onları təqsirləndirər. Qohum kimi və yaxud Vüsalənin atası-anası “birinin üstünə beşini qoyub danışar” deyə ehtimal etdiklərinə görə onu çağrıb ki, gəl qızı apar. Məhkəmə iclasında şahid X14 ifadə verərək bildirdi ki, Sabirgil onun qızına şər atıb, qoy cəzasını alsın. Sabirlə ailə qurmaq Vüsalənin öz seçimi olmuşdur. Sabir əvvəldən söz vermişdi ki, Vüsaləni həmişə qoruyacaq. Ona inanırdı, qızını etibar edirdi, onun xətrini çox istəyirdi. Hadisədən sonra çox gözləyib ki, Sabir zəng eləyib üzr istəyəcək. Qızını çox təhqir etmilər. Sabirə tərtəmiz qızını vermişdi, onlar isə ona və qızına elə sözlər dedilər ki, unutmaq mümkün deyil. Dedilər sənin qızın “gəzmiş” qızdı. Sabir dedi gəlin qızı aparın, yoxsa onun başını kəsəcəyəm. Onlara demişdir ki, hara istəsəniz ekspertə aparaq. Sabirin atası Şahid dedi apararıq. Sonradan dedilər bizə belə qız lazım deyil. Özləri həkimə apardılar. Orada Sabir lazım oldu, Vüsalə çağırdı, ancaq o gəlmədi. Ona görə də məcbur olub polisə müraciət etmişlər. 3 günlük qonaqlıq günü otağa keçib Sabirin üzündən öpmüşdür, o isə ona dedi ki, “qızını bir həftə saxlayacam, sonra gəl apar”. Sonra Vüsalə olan otağa keçəndə onun halının pis olduğunu görmüşdür. Gələn qonaqları yola salmış, sonra gələcəyini demişdir. Sabir ona demişdir ki, “sənin qızın neçə “qarın” doğub. Həmin vaxt baldızı da orada idi. Otaqda Sabir tərəfdən başqa qadınlar da var idi. Qardaşı da bunları barışdırmağa çox çalışdı, lakin Sabir ona çox kobud cavab verib dedi ki, bu, “qız” deyil. Toy gecəsi məlumatı birinci bacıları bilib. Evə qayıdandan sonra ona dedilər. Onlar ora gedəndə Sabirin atası Şahid demişdir ki, hər şey qaydasındadır, gedin, sonra “3 günlüyə” gələrsiniz. Sonradan onlara dedilər ki, atasının və qardaşının “papağı yerə girməsin deyə” bir həftə saxlayacayıq. Əvəzində onlara qızı həkimə aparmağı təklif etmişlər. Məhkəmə iclasında şahid X8 ifadə verərək bildirdi ki, 12 ildir Sabirin atası Şahidlə evlidir, hələ bir dəfə də olsun ailədə söz-söhbət olmayıb. Sabiri də öz doğma övladı hesab edib. Vüsaləni Sabir özü bəyənib evləniblər. Toy gecəsi Sabir gəlinin otağından çıxıb ona deyib ki, vəziyyət belədir. O da Vüsalənin xalası Aygünə demişdir. Sabiri yenidən otağa göndərmişlər, lakin yenə nəticə olmamışdır. Əri Şahid demişdir ki, bu barədə heç kimə heç nə deməyin, “3 günlüyü” sakitcə yola verək, sonrasına baxarıq. Sabir sözünü ona demiş, o da Aygünə demişdir. O da Vüsalənin anasına zəng eləyib deyib. Vüsaləni çox istəyib, yenə də istəyir. Əri Şahid demişdir ki, həkimə aparaq, qız tərəf dedi ki, aparaq evdə çimsin. Şahid də dedi ki, bizdə hamam yoxdur? Sonra dedilər sənəd götürəcəyik, taksi çağırmışıq. Şahid də dedi ki, “belədirsə dayanın, Azəri çağırım, şər-xatadan uzaq olaq”. Ona görə də Vüsaləni Azərə etibar edib veriblər. Həkimə aparmağa onlar özləri razı olmadı. Toy axşamı orada onunla birgə baldızı Təranə və Vüsalənin xalaları olub. Vüsalənin anasının onda səs yazıları var. Ondakı səs yazılarına qulaq asandan sonra Vüsaləgildə olan səs yazılarına qulaq asmaq olar. Oğuz rayon Polis şöbəsinin Şəki rayon Vərəzət qəsəbə sakini X7 xx.xx.2024-cü il tarixdə şöbəyə yazmış olduğu ərizəsi əsasında toplanmış HK-1/304 saylı rədd materialı üzrə iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında təqdiq edilən cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Vüsalə Hüseynovanın nişanlısı X32 tərəfindən şərəf və ləyaqətinin alçaldılması, təhqir olunması barədə ərizəsi üzrə araşdırma aparılmış, xx.xx.2024-cü il tarixdə X36 Hüseynova cinsi əlaqədə olan zaman Vüsalə Hüseynovanın qızlıq pərdəsinin tamlığının pozulmadığı müəyyən edilmiş, 28-xx.xx.2024-cü il tarixlərdə Vüsalə Hüseynovaya qarşı heç bir fiziki və psixoloji zor tətbiq edilməsi öz təsdiqini tapmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərardan şikayət etmək hüququ ərizəçiyə izah edilmişdir. Sabir Əliyevin nənəsi X10 rədd materialında olan izahatından görünür ki, adətə uyğun olaraq Sabirin otaqdan çıxmasını gözləyən nənə, yengələr Aygün və Gülnarə, Təranə və Mətanət otağa keçmiş, yataqda ifrazatın olmadığını görmüşlər. X1 və X15 eyni məzmunlu izahatı da rədd materialına əlavə edilmişdir. X16 və X3 rədd materialına əlavə edilmiş izahatlarından görünür ki, onlar, habelə Mülayim Rüstəmova, Təranə Əliyeva və Mətanət Quliyeva bəylə gəlin otaqlarına keçdikdən sonra onları gözləmişlər. Sabir Əliyev otaqdan çıxdıqdan sonra Mətanət Quliyevaya nəsə deyərək həyətdən çıxmış, sonra qadınlar evə keçərkən Mətanət onlara Vüsalənin bakirə (qız) olmadığını bildirmişdir. Mətanətin dəvətindən sonra Sabir yenidən otağa keçmiş, 20 dəqiqə keçməmiş çıxaraq Mətanətə nəsə demiş, “mən özümə əminəm” deyərək evdən çıxıb getmişdir. X21 rədd materialında olan izahatından görünür ki, toydan sonra Vüsalə ilə öz istəyi ilə cinsi əlaqədə olarkən onun bakirə olmadığını bilmiş, təkrar cinsi əlaqədə olarkən buna əmin olmuş, bu barədə Vüsalənin xalaları Aygün və Gülnarəyə, öz qohumları Təranə, Mətanət və Mülayimə məlumat vermişdir. İzahatında ekspert rəyi ilə tanış olduğunu bildirən X42 ilə cinsi əlaqədə olarkən onun bakirə olmasını hiss etmədiyini demişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X20 PHŞ-nin rədd materialında olan canlı şəxsin xx.xx.2024-cü il tarixli, 182 saylı ekspert rəyindən görünür ki, Vüsalə Hüseynovanın bədən səthi üzərində hər hansı xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. Rəydə həmçinin bildirirlir ki, Vüsalə Hüseynovanın qızlıq pərdəsinin tamlığı pozulmamışdır, anatomik quruluğu tamlığı pozulmadan onunla cinsi əlaqəyə girməyə imkan verir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında təqdiq edilən tələbnaməyə Azərbaycan Respublikası DİN BƏSİİ-nin xx.xx.2024-cü il tarixli cavabından görünür ki, əməliyyat-sorğu kartotekasında təqsirləndirilən şəxs X32 barəsində heç bir məlumat yoxdur. Məhkəmə proses iştirakçılarını dinləyib, işdəki sübutları araşdırıb, onlara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, X32 Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və barəsində ittiham hökmü çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının CM-nin 147.1-ci maddəsi ilə nəzərdə tutulan böhtan cinayəti o vaxt yaranır ki, yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatlar kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsinə əsasən, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz . İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 12-ci maddəsində qeyd olunmuşdur ki, heç kim şərəf və nüfuzuna özbaşına qəsdə məruz qala bilməz. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 saylı qərarının 5-ci bəndində göstərilir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Həmin Qərarın 11-ci bəndində göstərilir: məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri). Məhkəmə araşdırması ilə müəyyən edildiyi kimi xüsusi ittihamçı Vüsalə Hüseynova və təqsirləndirilən şəxs Sabir Əliyev xx.xx.2024-cü il tarixdə el adəti ilə keçirilmiş toylarında iştirak etmiş, toydan sonra qarşılıqlı razılıqla cinsi əlaqədə olmuşlar. Cinsi əlaqədə olarkən el adətinə uyğun olaraq gözlənilən nəticə alınmadığından X42 Hüseynovanın bakirə olmadığını həm analığı Mətanət Quliyeva deməklə, həm də digər qohumlarına və Vüsalənin iki xalasına hərəkətləri ilə bildirməklə (rədd materialında olan izahatında Sabir Əliyev bunu 5 nəfər qadına özünün məlumat verdiyini bildirmişdir.) Vüsalə Hüseynova barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş ictimai-təhlükəli əməli törədərək yalan olduğunu bilə-bilə Vüsalə Hüseynovanın şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları azı iki nəfərə bildirmişdir. Halbuki polis şöbəsində araşdırma zamanı təyin edilmiş ekspertiza ilə Vüsalə Hüseynovanın qızlıq pərdəsinin tamlığının pozulmadığı müəyyən edilmiş, buna baxmayaraq Sabir Əliyev baş vermiş hadisədən xeyli sonra da şöbədə verdiyi izahatla ekspert rəyi ilə tanış olduğunu, lakin Vüsalə ilə cinsi əlaqədə olduğu zaman onun bakirə olmasını hiss etmədiyini söyləmişdir. Azərbaycan Respublikası Cinayət Məcələsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cəza cinayətin hüquqi nəticəsi olub dövlət tərəfindən cinayət törətmiş şəxsə göstərilən reaksiyadır. Cinayət Məcəlləsinin cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəza məsələsini həll edərkən CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs X29 cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə özünü təqsirli hesab etməsə də məhkəmə iclasında xüsusi ittihamçı Vüsalə Hüseynovadan üzr istəməsini nəzərə alaraq onun barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan ən ağır cəzanın tətbiq edilməsini cəzanın məqsədinə uyğun hesab etmir. Məhkəmə habelə cəza təyin edərkən X21 polis əməkdaşı olmaqla onun rəsmi iş yerinin olduğunu nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs X21 ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət əməli törətdiyini Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs X21 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cəzanın məqsədinə nail olmaq üçün X29 onun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan kifayət edən müddətə islah işləri cəzası təyin edilməlidir. İş üzrə maddi sübut, mülki iddia tələbi, ekspertiza və digər məhkəmə xərcləri yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: X32 Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə təqsirli bilinərək, hər ay qazancından dövlət nəfinə iyirmi faiz məbləğdə pul tutulmaqla bir il müddətə islah işləri cəzasına məhkum edilsin. Cəzasını iş yerində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı onun qazancından dövlət nəfinə hər ay 20 (iyirmi) faiz tutulmanın başlandığı gündən hesablansın. Hökmün icrasına nəzarət təqsirləndirilən şəxs X21 yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut, və mülki iddia tələbi, ekspertiza və digər məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökmdən 20 gün müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti vermək olar. Hökm apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdıqdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar