Məhkəmə qərarları › İş №1(054)-17/2025

Oğuz Rayon Məhkəməsi Hökm — İş №1(054)-17/2025

04.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Oğuz rayonu İş № 1(054)-17/2025 04.03.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxxxx 1966-cı il tarixdə ünvan 1ində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1ində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 2024-cü ilin aprel ayında Oğuz rayonu, Xaçmaz kəndi ətrafında yerləşən meşə zolağında əkdiyi 11(on bir) ədəd toxumdan bitən tərkibində narkotik maddələr olan ümumilikdə 11 (on bir) ədəd, yəni xeyli miqdarda çətənə bitkilərinə qulluq etməklə onları yetişdirib, həmin bitkiləri kultivasiya etmiş və Oğuz RPŞ-nin CAB-nin əməkdaşları tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Abdullayev X12 rayonu, Xaçmaz kəndi ətrafında yerləşən meşə zolağında saxlanılaraq orada Təqsirləndirilən şəxs iştirakı ilə 30 may 2024-cü il tarixdə saat 14:50 dəqiqədən saat 15:40 dəqiqəyədək olan müddət ərzində video-çəkilişlə keçirilmiş baxış zamanı həmin meşə zolağında torpaq səthində yetişdirilmiş, uzunluqları 18 sm-dən 26 sm-dək olan, ümumilikdə 11(on bir) ədəd yaş vəziyyətdə ümumi təmiz çəkiləri -18,05 qram təşkil edən əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar olunub qanunamüvafiq qaydada rəsmiləşdirilərək, qablaşdırılıb götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan edilmiş ittihamda özünü təqsirli bildi, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdi və ifadə verərək bildirdi ki, bir müddətdir narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. 2024-cü ilin aprel ayının əvvəllərində, dəqiq vaxtını xatırlamadığı tarixdə yaşadığı ünvan 1i ətrafında olan meşə zolağının kənarında gəzdiyi zaman təsadüfən yerdə gördüyü qara rəngli sellofan torba diqqətini çəkdiyi üçün həmin sellofanı götürüb içərisinə baxmış və torbanın içərisində 11 ədəd çətənə bitkisinin toxumları olduğunu görmüşdür. Özü narkotik vasitə istifadəçisi olduğundan həmin çətənə bitkisinin toxumlarını əkib-becərmək qərarına gəlmişdir. Elə həmin tarixdə tapmış olduğu 11 ədəd çətənə bitkisi toxumlarını yaşadığı ünvan 1i ətrafında olan meşə zolağının kənarında yerləşən ərazidə torpaq səthində əkmişdir. Həmin ərazi kənddən uzaq olduğu üçün oraya heç kimin gəlməyəcəyini və əkdiyi çətənə toxumlarını yetişdikdən sonra görməyəcəyini fikirləşmişdir. Həmin əkdiyi bitkilərə aqrotexniki qaydada qulluq edərək şəxsi istifadəsindən ötrü yetişmələri üçün bütün prosedurları görmüşdür. Həmin bitkilərə mütəmadi olaraq gübrə və su verməklə tez böyümələri üçün aqrotexniki qaydada qulluq etmişdir. Qeyd etdiyi ərazidə çətənə kolları əkdiyini heç kim bilməmişdir. 30 may 2024-cü il tarixdə saat təxminən 14 radələrində yaşadığı ünvan 1ində yerləşən meşəlik ərazidə əkdiyi çətənə kollarına qulluq etdiyi zaman oraya mülki geyimdə və polis formasında olan şəxslərin yaxınlaşdıqlarını görmüşdür. Həmin şəxslər ona xidməti vəsiqələrini göstərib Oğuz RPŞ-nin polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları olduğu ərazidə narkotik tərkibli bitkiləri əkibbecərməkdə şübhəli olduğunu bildirib onun iştirakı ilə həmin yerə baxış keçirilməsi zərurəti yarandığını bildirmişlər və bu barədə qəbul olunmuş qərarla onu tanış etmişlər. Həmin vaxt özünü Oğuz RPŞ-nin təhqiqatçısı kimi təqdim edən polis formasında olan şəxs ona olduğu ərazidə hər hansı qanunsuz əşya və ya predmet olub-olmadığını soruşduğu zaman orada 11 ədəd “nəşə” adlanan narkotik tərkibli bitki əkdiyini bildirmişdir. Polis əməkdaşları və mütəxəssis qismində dəvət edilmiş şəxsin iştirakı ilə video-çəkiliş vasitəsi ilə narkotik tərkibli bitkiləri əkdiyi əraziyə baxış keçirilmişdir. Həmin bitkilər onun tərəfindən polis əməkdaşlarına təqdim edilərkən ondan həmin bitkiləri nə vaxt, hansı məqsədlə əkdiyi soruşulmuş, o da həmin narkotik tərkibli bitkiləri təxminən 2 ay bundan əvvəl özünün istifadəsi üçün əkdiyini etiraf etmişdir. Həmin bitkilər kökündən çıxarıldıqdan sonra təhqiqatçı tərəfindən müvafiq qaydada qablaşdırılmışdır. Bundan başqa baxış zamanı həmin ərazidən ona məxsus olan və çətənə kollarını əkdikdən sonra onlara aqrotexniki qaydada qulluq edərkən istifadə etdiyi bir ədəd 20 litrlik göy rəngli su bidonu, bir ədəd ağ rəngli su qabı, bir ədəd ağ rəngli sellofan torbada olan peyin məhsulu, bir ədəd ağ rəngli sellofan torbada olan gübrə məhsulu, bir ədəd yer belləməkdə istifadə etdiyi bel və 5 metr uzunluğunda rezin su borusu da polis əməkdaşları tərəfindən götürülərək qablaşdırılmışdır. Daha sonra polis əməkdaşları tərəfindən həmin ərazinin ətrafına baxış davam etdirilsə də də, oradan hər hansı başqa qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Baxış keçirilməsi haqqında təhqiqatçı tərəfindən tərtib olunmuş protokolu imzalamışdır. Bundan sonra polis əməkdaşları tərəfindən Oğuz RPŞyə dəvət olunmuş, polis şöbəsinə gətirilib xidməti otağa aparıldıqdan sonra şübhəli şəxs qismində tutulmuş, ona orada hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına müdafiəçi təyin edilərək müdafiəçinin iştirakı ilə video-görüntü aparılmaqla üzərinə şəxsiaxtarış keçirilməzdən öncə ona üzərində olduğu halda qanunla qadağan olunmuş hər hansı predmet və ya əşyanın təqdim edilməsi təklif edilmişdir. Əvvəlcə əynində olan boz rəngli köynəyinin döş cibindən 1 ədəd “Keno” markalı siqaret qutusu və 1 ədəd alışqanını, daha sonra əynində olan göy rəngli şalvarının arxa cibindən bir ədəd cib dəsmalını çıxarıb xidməti otaqda olan stolun üzərinə qoymuş və təhqiqatçıya üzərində qanunla qadağan olunmuş hər hansı əşya olmadığını bildirmişdir. Bundan sonra üzərinə və əynində olan paltarlara şəxsi axtarış keçirilmiş və qanunla qadağan olunmuş hər hansı bir əşya və ya maddə aşkar olunmamışdır. Üzərindən aşkar edilən əşyalar əhəmiyyət kəsb etmədiyi üçün özünə qaytarılmışdır. Daha sonra üzərinə keçirilən şəxsi axtarış barədə protokol tərtib olunmuş və protokol onun tərəfindən imzalanmışdır. O heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır, lakin bir müddət narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etmişdir. Narkotik vasitəni əkib-becərdiyinə görə səmimi peşman olmuş və əməlini könüllü etiraf etmişdir. Ailəsində ondan başqa işləyən şəxs yoxdur. Həyat yoldaşı uzun müddətdir ki, hipertoniya xəstəliyindən əziyyət çəkir. X14 tələbədir. Ailə vəziyyətinin və qeyd etdiyi digər halların cəza təyin edilən zaman nəzərə alınmasını və ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, iş materialları və məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Şahid2 məhkəmə iclasında ifadə verərək bildirdi ki, Oğuz RPŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləmiş, hal-hazırda RPŞ-nin məsul növbətçisi vəzifəsində işləyir, polis leytenantıdır. Oğuz rayon sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə şöbəyə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı əməliyyat müvəkkili Şahid1 tərəfindən rəhbərliyə raportla məruzə edilmiş və verilmiş əmrlə əlaqədar əməliyyat qrupunun yaradılması barədə qərar qəbul edilmişdir. xx.xx.2024-cü il tarixdə saat 14 radələrində əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 və digər şəxslərlə birlikdə ünvan 1ində meşəlik ərazidə əkdiyi narkotik tərkibli bitkilərə qulluq edən həmin kənd sakini Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər, ona narkotik tərkibli bitkiləri əkməkdə şübhəli olduğunu izah edib onu sənədlərlə tanış etmişlər. X11 əraziyə baxış keçirmişdir. Həmin vaxt 11 ədəd narkotik tərkibli bitki qablaşdırılaraq götürülmüşdür. Həmçinin bir ədəd 20 litrlik su bidonu, bir ədəd su qabı, 5 metrlik rezin su borusu, 1 ədəd peyin məhsulu, 1 ədəd gübrə məhsulu, bel aşkar edilərək götürülmüşdür. Təhqiqatçı tərəfindən protokol tərtib olunmuş və iştirakçılar tərəfindən həmin protokol imzalanmışdır. Bundan sonra təhqiqatçı tərəfindən müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə RPŞ-nin inzibati binasının otaqlarının birində şəxsi axtarış aparılmış, ancaq onun üzərində hər hansı bir qanunuz vasitə və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs əməlini özü könüllü etiraf etmiş, ona qarşı heç bir zorakılıq və şiddət tətbiq edilməmişdir. Məhkəmə iclasında şаhid qismində dindirilmiş, Oğuz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili işləyən X1 İsa Mayıl oğlunun ifadəsinin məzmununa uyğun ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş baxış keçirilməsi və götürmə haqqında xx.xx.2024-cü il tarixli protokoldan və video-görüntünün əks olunduğu diskdən görünür ki, Oğuz RPŞ-nin TQ-nun təhqiqatçısı Vasif Məmmədov tərəfindən videoçəkilişlə həmin tarixdə Təqsirləndirilən şəxs yaşadığı Oğuz rayonu, Xaçmaz kəndi ətrafında yerləşən meşə zolağına baxış keçirilmiş, baxış zamanı həmin ərazidə torpaq səthində yetişdirilmiş, uzunluqları 18 sm-dən 26 sm-dək olan, 11 ədəd yaş vəziyyətdə ümumi təmiz çəkisi -18,05 qram təşkil edən, əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar olunub qanunamüvafiq qaydada rəsmiləşdirilərək, qablaşdırılıb götürülmüşdür. (cinayət işi vər:24-25) İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli rəydən görünür ki, aqronom X2 Nemət Niyazı oğlunun şübhəli bilindiyi faktla əlaqədar aşkarlanmış 11 ədəd narkotik tipli bitkilərə aqrotexniki qaydada qulluq göstərildiyini təsdiq etmişdir (cinayət işi vər: 30) İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə bioloji ekspertizasının 31 may 2024-cü il tarixli, 3-16-16-2-17/508 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərinə yapışdırılmış vərəqdə “…Təqsirləndirilən şəxs tərəfindən əkilib-becərilmiş … bitkilər 11 ədəd …” yazısı, adlar və imzalar olan 1 ədəd sintetik kisənin içərisindəki 11 ədəd, uzunluqları 18 sm-dən 26 sm-dək, yaş vəziyyətdə ümumi təmiz çəkiləri 18,05 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronom-mütəxəssis Rəşad Rüstəmovun xx.xx.2024-cü il tarixli rəyinə əsasən çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq edilmişdir. Həmin çətənə bitkilərinin 0,22 qramı tədqiqata sərf edilmiş (hər bitkidən 0,02 qram), 17,83 qram qalıq qalmişdir. Ekspertiza tədqiqatının dəyəri 35,97 manatdır. (cinayət işi vər:34-38) İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən tələbnaməyə Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin xx.xx.2024-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur.(cinayət işi vər:80) İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən məhkəmə-narkoloji ekspertizasının 11 iyul 2024-cü il tarixli 1188 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyaci yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür.(cinayət işi vər:93) Azərbaycan Respublikası TƏBİB PHŞ Oğuz RMX-nin PHŞ-in iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 10 iyun 2024-cü il tarixli 18-1-64/2-578/2024 nömrəli məktubundan görünür ki, 1966-cı il təvəllüdlü Təqsirləndirilən şəxs Oğuz RMX-nin Poliklinika şöbəsinin Narkoloji və Ruhi-Əsəb kabinetlərində qeydiyyatda yoxdur. (cinayət işi vər: 92) Oğuz rayon İHB Xaçmaz kənd İƏD üzrə nümayəndəliyinin iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2024-cü il tarixli, 5-68-12/2-A-263/2024 saylı arayışından və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Oğuz rayonu, Xaçmaz kəndində yaşayır, ailə üzvləri 1978-ci nil təvəllüdlü arvadı Sərvanə, 2001 və 2004-cü il təvəllüdlü Nurman və Peyman adlı iki oğlundan ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (cinayət işi vər: 74-75) Azərbaycan Respublikası TƏBİB PHŞ Oğuz RMX-nin PHŞ-in Xaçmaz kənd “Ailə Sağlamlıq Mərkəzi”nin iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 17 yanvar 2025-ci il tarixli, 40 nömrəli arayışından və Oğuz RMX poliklinika şöbəsinin ambulator kitabçasındn çıxarışdan görünür ki, Oğuz rayon Xaçmaz kənd sakini, xx.xx.1978-ci il təvəllüdlü X4 1997-ci ildən hipertoniya 3-cü dərəcə xəstəliyindən əziyyət çəkir. xx.xx.2024-cü il tarixdə Mərkəzə müraciət etmişdir. Ona hipertoniya xəstəliyi-2-ci dərəcə diaqnozu qoyulmuşdur. xx.xx.2025-ci il tarixdə ona yenidən müvafiq müalicələr təyin edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs həqiqətən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən təqsirləndirilən şəxsin törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən ona təyin ediləcək cəzanın islah olunmasına və həyat şəraitinə təsiri imkanlarını nəzərə alır. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əkib-becərsə də, öz istifadəsi üçün Oğuz rayon Xaçmaz kəndində yerləşən meşə sahəsində 11 ədəd narkotik tərkibli çətənə bitkilərini əkdiyini və ona aqrotexniki qulluq göstərdiyini deyərək əməlini könüllü olaraq dərhal etiraf etdiyini, narkotik vasitəni əkib-becərdiyinə və qulluq etdiyinə görə səmimi peşmançılıq hissləri keçirdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini, özü və cəmiyyət üçün zərərli təsirlərini, bu əmələ görə məsuliyyətini başa düşmüş və öz əməlinə tənqidi yanaşmaqla artıq islah olunmağa başladığını nümayiş etdirmişdir. Həmçinin Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunmuşdur. Həmin əsaslara görə məhkəmə Təqsirləndirilən şəxs səmimi peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, eləcə də 1978-ci il təvəllüdlü arvadının 2-ci dərəcəli hipertoniya xəstəliyindən əziyyət çəkməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmamasını, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilməsinin özünün həyat tərzinə, ailəsinin vəziyyətinə maddi və mənəvi cəhətdən mənfi təsir göstərəcəyini nəzərə alaraq, habelə təqsirləndirilən şəxslə davranışda ictimaiyyətin daha fəal iştirak etməsinin təmin edilməsi, onda cəmiyyət qarşısında məsuliyyət hissinin artmasına yardım göstərilməsi və onun islah edilməsi məqsədi ilə təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddədə müəyyən edilmiş az ciddi cəza növü hesab olunan kifayət edən həddə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. İş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 17:55-dən şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə saat 15:00-da barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə Oğuz RPŞ MSY-dən həbsdən azad edilmişdir. Beləliklə, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün nəzərə alınaraq, bir günə iki gün hesabı ilə hesablanmaqla 4 gün müddət ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin cinayət işinin materiallarında olan ambulator məcburi narkoloji-tibbi yoxlamasının rəyi ilə Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə hallarının olduğu, narkomaniya xəstəliyindən əzab çəkmədiyi, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacının olmadığı, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmasının məsləhət görüldüyü bildirilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. Məhkəmə iş üzrə təyin edilmiş məhkəmə-bioloji ekspertizasının 31 may 2024-cü il tarixli 3-16-16-2-17/508 nömrəli rəyini nəzərə alaraq, iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs əkib-becərdiyi yerdən aşkar edilərək götürülmüş narkotik vasitənin-11 (on bir) ədəd bitki nümunəsinin yaş vəziyyətdə ümumi təmiz çəkisinin ona qarşı irəli sürülmüş ittihamda göstərilən miqdarda-- 18,05 qram olduğunu, tədqiqat və ekspertiza zamanı 0,22 qram istifadə edildikdən sonra qalıq qalan, Oğuz Rayon Polis Şöbəsində saxlanılan, cəmi 17,83 qram çəkidə olduğunu qəbul etməklə həmin narkotik tərkibli çətənə (kannabis) bitkilərinin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli olduğunu bildirir. İş üzrə 35,97 manat ekspertiza xərci hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia tələbi və digər məhkəmə xərcləri yoxdur. İşdə olan bir ədəd disk iş materiallarında saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il 3 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılaraq faktiki azadlığı məhdudlaşdırıldığı vaxtdan - xx.xx.2024-cü il tarixdə saat 17:55-dən şübhəli şəxs qismində tutulmadan azad olunduğu vaxtadək – xx.xx.2024-cü il - tarixdə saat 15:00-dək olan müddət 2 (iki) gün kimi nəzərə alınaraq həmin müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş 2 (iki) il 3 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 2 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın çəkilməsinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı Oğuz rayonu ərazisini, eləcə də saat 23:00-dan saat 06:00-dək olan müddət ərzində daimi yaşayış yeri olan ünvan 1i ünvanında yerləşən evin ərazi hüdudlarını tərk etməmək məhdudiyyəti qoyulsun. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı ərazidə yerləşən, spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Hökmün icrasına nəzarəti Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə maddi sübut - Oğuz Rayon Polis Şöbəsində saxlanılan, tədqiqat və ekspertiza zamanı istifadə edildikdən sonra qalıq qalan cəmi 17,83 qram çəkidə yaş vəziyyətdə olan narkotik tərkibli çətənə (kannabis) bitkisi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İşdə olan bir ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə 35,97 manat ekspertiza xərci hökm qanuni qüvvəsini aldıqdan sonra məhkum Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin AZ.MEM, VÖİN **********, X5, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ********************, SWİ F T Bik CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. İş üzrə mülki iddia və digər məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Hakim : Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar