Məhkəmə qərarları › İş №1(054)-18/2023

Oğuz Rayon Məhkəməsi Hökm — İş №1(054)-18/2023

22.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Oğuz rayonu İş № 1(054)-18/2023 22.08.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx.xx.1967-ci il tarixdə Oğuz şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Oğuz şəhərində yerləşən meşə sahəsində 2023-cü ilin may ayının əvvəllərində xeyli miqdarda, yəni 09 ədəd narkotik təribli çətənə bitkilərini qanunsuz olaraq əkmiş, həmin çətənə bitkilərinin yetişməsi üçün xüsusi qaydada aqrotexniki qulluq göstərərək davamli olaraq onlari suvarmaqla gübrə vermiş, ətrafını digər alaqlardan təmizləyərək yetişdirmiş, kultivasiya etmiş, 23 may 2023-cü il tarixdə saat 11:45 radələrində Oğuz RPS-nin əməkdaşlari tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində X2 şəhərində “Kənd başi” adlanan ərazidə şübhəli şəxs qismində saxlanılaraq onun əkibbecərdiyi və xüsusi olaraq qulluq göstərdiyi xeyli miqdarda, yəni ümumi çəkisi 2,94 qram olan, hər birinin uzunluğu 0,13 m, 0,15 m, 0,19 m, 0,23 m, 0,28 m, 0,29 m, 0,30 m, 0,31 m və 0,33 m olan 09 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan edilmiş ittihamda özünü təqsirli bildi, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdi və ifadə verərək bildirdi ki, arabir narkotik vasitələrdən istifadə etdiyi üçün öz istfadəsi üçün narkotik vasitə əkib becərməyi qərara almışdır. Bunun üçün 2023-cü ilin may ayının əvvəllərində Oğuz şəhəri ərazisində yerləşən əkin sahəsində yabanı halda bitmiş çətənə bitkisinin 09 ədəd şitilini gətirib Oğuz şəhəri ərazisində yerləşən meşə sahəsində əkmişdir. Bundan sonra əkmiş olduğu şitilləri davamlı olaraq suvarmaqla onlara gübrə vermiş və ətrafını alaq otlarından təmizləmişdir. xx.xx.2023-cü il tarixdə saat 11:45-də Oğuz şəhəri "Kənd başı” adlanan ərazidə olarkən polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş, narkotik vasitələrin əkibbecərilməsində şübhəli bilindiyini deyərək onu Oğuz RPS-yə gətirmişlər. Daha sonra vəkilin və polis əməkdaşlarının iştirakı ilə üzərinə baxış keçirilmiş, üzərindən saxlanılması və gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və predmet aşkar olunmamışdır. Həmin vaxt o, öz istifadəsi üçün Oğuz şəhəri ərazisində yerləşən meşə sahəsində 9 ədəd narkotik vasitə əkib becərdiyini və həmin yeri polis əməkdaşılarına göstərə biləcəyini demişdir. Daha sonra vəkilin, hal şahidlərinin, aqronomun və polis əməkdaşlarının iştirakı ilə onun çətənə bitkilərini əkdiyi və becərdiyi Oğuz şəhərində yerləşən meşə sahəsinə baxış keçirilmiş və bu zaman öz istifadəsi üçün əkib-becərərək qulluq göstərdiyi 9 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar olunmuşdur. Aşkar olunmuş çətənə bitkiləri polis əməkdaşları tərəfindən olçülmüş və onların hər birinin uzunluğu 0,13 m, 0,15 m, 0,19 m,0,23 m,0,28 m,0,29 m, 0,30 m, 0,31 m. və 0,33 m. olmuşdur. Həmin narkotik tərkibli çətənə bitkiləri polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüş, protokol tərtib olunmuş və həmin protokolun düzgünlüyünə o da imza etmişdir.Narkotik tərkibli çətənə kollarını narkotik vasitə istifadəçisi olduğu üçün öz istifadəsindən ötrü əkmiş, narkotik tərkibli çətənə kollarını əkəndə və qulluq edəndə heç kimin köməyindən istifadə etməmiş, bu barədə heç kimin məlumatı olmamış, narkotik tərkibli çətənə kollarından heç kimə satmamışdır. Çətənə kollarina yalnız su və gübrə ilə qulluq etmiş, diblərini bel ilə yumşaltmışdır. Narkotik vasitəni əkib-becərdiyinə görə əməlindən səmimi peşman olmuşdur. Əməlini könüllü etiraf etmişdir. Ailəsində ondan başqa işləyən şəxs yoxdur. Ailə vəziyyətinin və qeyd etdiyi halların cəza təyin edilən zaman nəzərə alınmasını və ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, iş materialları və məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Şahid Oğuz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 məhkəmə iclasında ifadə verərək bildirdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamiş, onunla heç bir münasibəti olmamışdır. xx.xx.2023-cü il tarixdə Əsgər İsmayilovun narkotik tərkibli çətənə bitkilərini qanunsuz olaraq əkib-becərməsi və kultivasiya etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Odur ki, həmin tarixdə saat 11:45-də Oğuz RPŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ilə birgə Oğuz şəhərində "Kənd başı”adlanan yerdə olarkən Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz saxlanılmasında şübhəli bilindiyi üçün o və digər əməkdaş tərəfindən saxlanilaraq Oğuz RPŞ-yə gətirilmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulmuş və vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilən zamanı onun üzərindən qanunla gəzdirilməsi və daşınması qadağan olunmuş heç bir əşya və ya predmet aşkar olunmamışdır. Söhbət zamanı Təqsirləndirilən şəxs öz istifadəsi üçün Oğuz şəhərində yerləşən meşə sahəsinə 9 ədəd narkotik tərkibli çətənə bitkisi əkdiyini və onlara aqrotexniki qulluq göstərdiyini deyərək həmin yeri göstərə biləcəyini demişdir. Daha sonra hal şahidlərinin, aqronomun və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs göstərdiyi, Oğuz şəhərində yerləşən meşə sahəsinə baxış keçirməyə başlanılmışdır. Baxış zamanı meşə sahəsindən 9 ədəd xüsusi qulluq edilmiş narkotik tərkibli çətənə kolları aşkar olunmuşdur. Məhkəmə iclasında şаhid qismində dindirilmiş Oğuz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2, Şahid1 ifadəsinin məzmununa uyğun ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. Şahid4 məhkəmə iclasında ifadə verərək bildirdi ki, 23 may 2023-cü il tarixdə günorta saatlarında Oğuz şəhəri, H.Əliyev küçəsi ilə piyada getdiyi vaxt bir nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb özünü təqdim edərək polis əməkdaşı olduğunu demiş və meşə sahəsinə baxış keçirilməsində hal şahidi kimi iştirak etməsini ondan xahiş etmişdir. O da könüllü razılıq verərək polis əməkdaşı ilə birlikdə Oğuz şəhəri ərazisində yerləşən meşə sahəsinə getmiş, ünvana çatanda digər hal şahidinin, adi ona sonradan məlum olan Təqsirləndirilən şəxs, aqronomun, vəkilin və digər polis əməkdaşlarının da orada olduğunu görmüşdür. Daha sonra polis əməkdaşlarının, hal şahidlərinin, aqronomun və vəkilin iştirakı ilə meşə sahəsinə baxış kecirilmiş və baxış zamanı oradan 9 ədəd xüsusi qulluq edilmiş narkotik tərkibli çətənə kolları aşkar olunmuşdur. Baxışda iştirak edən aqronom Rəşad Rüstəmov həmin kolların narkotik tərkibli çətənə bitkiləri olduğunu və xüsusi qaydada qulluq göstərilərək beçərildiyini bildirmişdir. Həmçinin baxışda iştirak edən Təqsirləndirilən şəxs həmin kolların narkotik tərkibli çətənə bitkiləri olduğunu, 2023-cü ilin may ayının əvvəllərində Oğuz şəhəri ərazisində yerləşən əkin sahəsindən yabanı şəkildə bitən 9 ədəd narkotik tərkibli çətənə bitkisinin şitillərini gətirərək orada əkdiyini, onlara aqrotexniki qulluq göstərdiyini bildirmişdir. Daha sonra həmin kollar ölçülmüş, onların 1 ədədinin uzunluğu 0,13 m, 1 ədədinin uzunluğu 0,15 m, 1 ədədinin uzunluğu 0,19 metr, 1 ədədinin uzunluğu 0,23 metr, 1 ədədinin uzunluğu 0,28 metr, 1 ədədinin uzunluğu 0,29 metr, 1 ədədinin uzunluğu 0,30 metr, 1 ədədinin uzunluğu 0,31 metr və 1 ədədinin uzunluğu 0,33 metr olmuşdur. Bundan sonra həmin 9 ədəd çətənə kolu dəqiq çəkisinin və tərkibinin müəyyən edilməsi üçün qablaşdırılaraq götürülmüşdür. Həmçinin hadisə yerindən 3 ayrı-ayri yerdən torpaq nümunələri qablaşdırılaraq götürülmüş, hadisə yerində protokol tərtib olunmuş və protokolun doğruluğu o özü də daxil olmaqla iştirakçılar tərəfindən imza edilməklə təsdiq edilmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan olunmaqla tədqiq edilmiş Şahid3 da Şahid4 ifadəsinə uyğun ifadə verərək onun göstərdiyi xüsusatları öz ifadəsində təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasğında tədqiq edilmiş baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan və fotoşəkillərdən görünür ki, Oğuz RPŞ-nin TQ-nun baş təhqiqatçısı Səid Abbasi tərəfindən həmin tarixdə Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə kollarını əkdiyi meşə sahəsinə baxış keçirilmiş, baxış zamanı meşə sahəsindən ümumilikdə 09 (doqquz) ədəd narkotik tərkibli çətənə bitkisi və maddi sübut əhəmiyyəti kəsb etdiyindən 3 (üç) ayrı-ayrı yerdən torpaq nümunələri götürülərək protokol tərtib edilib fotoşəkillər çəkilməklə istintaq materiallarına əlavə edilmişdir. (cinayət işi vər:33- 43) İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli rəydən görünür ki, aqronom X1 Əsgər Məclum oğlunun şübhəli bilindiyi faktla əlaqədar aşkarlanmış 9 ədəd narkotik tipli bitkilərə aqrotexniki qaydada qulluq göstərildiyini təsdiq etmişdir (cinayət işi vər: 42) İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə bioloji ekspertizasının 24 may 2023-cü il tarixli, 17/420 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs xüsusi qaydada qulluq göstərərək əkibbecərdiyi və Oğuz RPŞ-nin əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüş 9 ədəd çətənə kollarına oxşar bitkilər” sözləri, adlar və imzalar olan zərfin içərisində uzunluqları 13 sm-dən 33 sm-dək, ümumi çəkiləri 2,94 qram olan 09 (doqquz) ədəd bitki nümunələri əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə(kannabis) bitkiləridir. Həmin çətənə bitkilərinin 0,18 qramı tədqiqata sərf edilmiş (hər bitkidən 0,02 qram), 2,76 qram qalıq qalmişdir. Aqronom-mütəxəssis Rəşad Rüstəmovun xx.xx.2023-cü il tarixli rəyinə əsasən çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq edilmişdir. Çətənə bitkilərinin ümumi çəkisi 2,94 qram olmaqla tədqiqata hər bitkidən 0,02 qram olmaqla cəmi 0,18 qram sərf edilmiş, qalıq 2,76 qramdır.(cinayət işi vər:49- 51) İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş “İfadənin yerində yoxlanılması barədə” xx.xx.2023-cü il tarixli protokoldan və fotoşəkillərdən görünür ki, X2 şəhəri ərazisində yerləşən əkin sahəsində narkotik tərkibli çətənə kollarını çıxardığı və meşə sahəsinə əkdiyi yeri göstərərək ifadəsində göstərdiyi xüsusatları təsdiq etmiş, protokol tərtib edilib fotoşəkillər çəkilməklə istintaq materiallarına əlavə edilmişdir. (cinayət işi vər:103-106) İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə bioloji ekspertizasinin xx.xx.2023-cü il tarixli 17/466 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış ağ kağızda “Təqsirləndirilən şəxs qanunsuz olaraq əkibbecərdiyi narkotik tərkibli çətənə bitkilərinin olduğu yerdən götürülmüştorpaq nümunələri” sözləri yazılmış 1 ədəd sellofan torbanın içərisindəki 03 (üç) ədəd sellofan torbada olan torpaq nümunələrində narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissəcikləri aşkar edilməmişdir. -Təqdim olunmuş torpaq nümunələrinin strukturu və münbitliyi həmin torpaqlarda narkotik tərkibli çətənə bitkisinin yetişməsini mümkün edir. -Tədqiqata təqdim olunmuş, 09 ədəd çətənə bitkisinin köklərində olan torpaq hissəcikləri ilə 01 ədəd sellofan torbanın içərisindəki 03 ədəd sellofan torbada olan torpaq nümunələri qrup əlamətinə (rənginə) görə eynidirlər. -Təqdim olunmuş, 09 ədəd çətənə bitkisinin köklərində olan torpaq hissəcikləri cüzi miqdarda olduğundan onların cinsi əlamətlərini müəyyən etmək mümkün olmamışdır. (cinayət işi vər:109-112) İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən tələbnaməyə Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin xx.xx.2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs Oğuz Rayon Xalq Məhkəməsinin xx.xx.1990-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasi CM-in 213.1, 208.1-ci 38; 42-1 maddələri ilə təqsirli bilinib 02 il azadliqdan məhrum etmə cəzasına məhkum edilmiş, hökmün icrası təxirə salınmışdır. Oğuz Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsi ilə təqsirli bilinib 06 ay azadlıqdan məhrum etmə cəzasina məhkum edilmiş, xx.xx.2011-cı il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (cinayət işi vər:100-101) İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən məhkəmə-narkoloji ekspertizasının 20 iyun 2023-cü il tarixli 1069 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyaci yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür.(cinayət işi vər: 114) Azərbaycan Respublikası TƏBİB Oğuz RMX-nin PHŞ-in iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 13 iyun 2023-cü il tarixli PHS-6-64/2-388/2023 nömrəli məktubundan görünür ki, 1967-ci il təvəllüdlü X2 RMX-nin PHŞ-in Narkoloji və Ruhi-Əsəb kabinetlərində qeydiyyatda yoxdur. (cinayət işi vər: 89) Oğuz rayon iHB Oğuz şəhər İƏD üzrə nümayəndəliyinin iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2023-cü il tarixli, 5-68-12/2-440/2023 saylı və 5-68- 12/2-441/2023 saylı arayışlarından və həmin tarixli xasiyyətnaməsindən görünür ki, X2 rayonu, M.F.Axundov küçəsi ev 42 ünvanında yaşayır, ailə tərkibi arvadı, oğlu və 3 nəvəsindən ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (cinayət işi vər: 83-85) Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs həqiqətən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən təqsirləndirilən şəxsin törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən ona təyin ediləcək cəzanın islah olunmasına və həyat şəraitinə təsiri imkanlarını nəzərə alır. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitləri əkib-becərsə də, öz istifadəsi üçün Oğuz şəhərində yerləşən meşə sahəsinə 9 ədəd narkotik tərkibli çətənə bitkilərini əkdiyini və ona aqrotexniki qulluq göstərdiyini deyərək həmin yeri göstərə biləcəyini könüllü olaraq dərhal etiraf etdiyini, narkotik vasitəni əkib-becərdiyinə və qulluq etdiyinə görə səmimi peşmançılıq hissləri keçirdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini, özü və cəmiyyət üçün zərərli təsirlərini, bu əmələ görə məsuliyyətini başa düşmüş və öz əməlinə tənqidi yanaşmaqla artıq islah olunmağa başladığını nümayiş etdirmişdir. Həmçinin Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunmuşdur. Həmin əsaslara görə məhkəmə Təqsirləndirilən şəxs səmimi peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmamasını, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilməsinin özünün həyat tərzinə, ailəsinin vəziyyətinə maddi və mənəvi cəhətdən mənfi təsir göstərəcəyini nəzərə alaraq, habelə təqsirləndirilən şəxslə davranışda ictimaiyyətin daha fəal iştirak etməsinin təmin edilməsi, onda cəmiyyət qarşısında məsuliyyət hissinin artmasına yardım göstərilməsi və onun islah edilməsi məqsədi ilə təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddədə müəyyən edilmiş az ciddi cəza növü hesab olunan kifayət edən həddə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. İş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 11:55-dən şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə saat 11:20-də barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə Oğuz RPŞ MSY-dən həbsdən azad edilmişdir. Beləliklə, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün nəzərə alınaraq, bir günə iki gün hesabı ilə hesablanmaqla 4 gün müddət ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin cinayət işinin materiallarında olan ambulator məcburi narkoloji-tibbi yoxlamasının rəyi ilə Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə hallarının olduğu, narkomaniya xəstəliyindən əzab çəkmədiyi, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacının olmadığı, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmasının məsləhət görüldüyü bildirilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. Məhkəmə iş üzrə təyin edilmiş məhkəmə-bioloji ekspertizasının 24 may 2023-cü il tarixli 17/420 nömrəli rəyini nəzərə alaraq, iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs əkibbecərdiyi yerdən aşkar edilərək götürülmüş narkotik vasitənin-09 (doqquz) ədəd bitki nümunəsinin (şitil) xalis çəkisinin ona qarşı irəli sürülmüş ittihamda göstərilən miqdarda-- 2,94 qram olduğunu, tədqiqat və ekspertiza zamanı istifadə edildikdən sonra qalıq qalan, Oğuz Rayon Polis Şöbəsində saxlanılan, cəmi 2,76 qram çəkidə olduğunu qəbul etməklə həmin narkotik tərkibli çətənə (kannabis) bitkisinin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli olduğunu bildirir. İş üzrə 69,10 manat ekspertiza xərci hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia tələbi və digər məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il 2(iki) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılaraq faktiki azadlığı məhdudlaşdırıldığı vaxtdan - xx.xx.2023-cü il tarixdə saat 11:55-dən şübhəli şəxs qismində tutulmadan azad olunduğu vaxtadək – xx.xx.2023-cü il - tarixdə saat 11:20- dək olan müddət 2 (iki) gün kimi nəzərə alınaraq həmin müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş 2 (iki) il 2 (iki) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 1 (bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın çəkilməsinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı Oğuz rayonu ərazisini, eləcə də saat 22:00-dan saat 07:00-dək olan müddət ərzində daimi yaşayış yeri olan ünvan 4 ünvanında yerləşən evin ərazi hüdudlarını tərk etməmək məhdudiyyəti qoyulsun. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı ərazidə yerləşən, spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Hökmün icrasına nəzarəti Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə maddi sübut - Oğuz Rayon Polis Şöbəsində saxlanılan, tədqiqat və ekspertiza zamanı istifadə edildikdən sonra qalıq qalan cəmi 2,76 qram çəkidə narkotik tərkibli çətənə(kannabis) bitkisi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə 69,10 manat ekspertiza xərci hökm qanuni qüvvəsini aldıqdan sonra məhkum Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin AZ.MEM, VÖİN **********, X3, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ********************, SWİ F T Bik CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. İş üzrə mülki iddia və digər məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Hakim : Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar