Azərbaycan Respublikası adından HÖKM Oğuz rayonu İş № 1(054)-18/2024 27.09.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx.xx.1997-ci il tarixdə Oğuz rayonunun Qumlaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta ixtisas təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Oğuz rayonu, Qumlaq kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkəməyə verilmişdir, ondan ötrü ki, o, istintaqa məlum olmayan tarixdə və istintaqa məlum olmayan mənbədən qəsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda hesab edilən 13,38 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı əldə etməklə üzərində saxlayıb daşımış, daxil olmuş əməliyyat məlumatı əsasında 12 aprel 2024-cü il tarixdə Oğuz RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Oğuz rayonu Qumlaq kəndi ərazisində saxlanılaraq Oğuz RPŞ-yə gətirilib üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 (bir) ədəd sellofan bükümdə satış məqsədi olmadan qanunsuz olaraq üzərində saxlayıb daşıdığı xeyli miqdarda, yəni 13,38 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdi və ifadə verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə Oğuz rayonu Qumlaq kəndi ərazisində göbələk yığmaq üçün gedərkən təsadüfən su kəməri yolunda yerdə sellofan torbada bükülü olduğunu görmüş və maraqlı gəldiyi üçün həmin torbanı açaraq baxdıqda içərisində marixuana deyilən maddəyə oxşar kütlə olduğunu görmüşdür. Əvvəllər ara bir narkotikdən istifadə etdiyi üçün tapdığının marixuana olduğunu bilmişdir. Tapmış olduğu narkotikdən özü istifadə etmək üçün onu əynində olan şalvarın sağ yan cibinə qoymuşdur. Həmin tarixdə saat 19-20 radələrində polis əməkdaşları ona yaxınlaşmış və özlərini təqdim edərək özünü şübhəli apardığını bildirmişlər və onu polis şöbəsinə dəvət etmişlər. Oğuz RPŞ-yə gətirildikdən sonra vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş və üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindən taparaq əldə etdiyi sellofan bükümü çıxarıb təqdim etmişdir. Sorğu zamanı həmin narkotik vasitəyə oxşar kütləni haradan əldə etdiyini soruşmuşlar. O həmin narkotik vasitəni yerdən tapdığını və istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən həmin büküm elektron tərəzi vasitəsi ilə çəkilmiş və zərfə qoyulmuşdur. Zərfin üzərinə isə o, vəkil və digər iştirakçılar imza etmişlər. Protokol tərtib edilmiş, təhqiqatçı tərəfindən ucadan oxunmuş, o da protokolun doğru tərtib edildiyini imzası ilə təsdiq etmişdir. Fasilələrlə narkotik vasitədən istifadə etmişdir.Heç vaxt narkotik vasitə satmamışdır. Üzərindən aşkar olunmuş narkotik vasitəni isə yerdən tapmışdır. Həmin narkotiki üzərində gəzdirməkdə niyyəti isə öz şəxsi istifadəsi üçün olmuşdur. Narkotik vasitədən istifadə etməyi, narkotik vasitə tapmağı barədə heç bir şəxsin məlumatı olmamışdır. Onda başqa narkotik vasitə yoxdur, heç bir yerdə narkotik vasitə saxlamır. Şübhəli şəxs qismində tutularkən polis şöbəsində ona heç bir təzyiq və fiziki zorakılıq edilməmişdir. Narkotik vasitəni əldə etdiyinə, saxladığına, üzərində gəzdirdiyinə görə əməlindən səmimi peşman olmuşdur. Səmimi peşmançılığının cəza təyin edilən zaman nəzərə alınmasını və ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı, şahid ifadəsi, iş materialları və məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Şahid, Oğuz RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid3 məhkəmə iclasında ifadə verərək bildirdi ki, 2023-cü ilin aprel ayından DİO-da, 2024-ci ilin fevral ayından isə Oğuz RPŞ-nin cinayət axtarışı bölməsinin əməliyyat müvəkkili vəzifəsində çalışır. Şöbəyə xx.xx.1997-ci il təvəllüdlü, Oğuz rayonunun Qumlaq kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla əlaqədar Oğuz rayon polis şöbəsinin rəhbərliyinə raportla müraciət edilmiş və verilmiş əmrlə əlaqədar əməliyyat qrupunun yaradılması barədə qərar qəbul olunmuşdur. 12 aprel 2024-ci il tarixdə saat 19:50 radələrində əməliyyat müvəkkilləri Şahid2 və Şahid1lə birlikdə həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs rayonun Qumlaq kəndi ərazisində saxlayaraq ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu izah etmişlər və onu Oğuz rayon polis şöbəsinə gətirmişlər. Bundan sonra təhqiqat bölməsinin təhqiqatçısı Vasif Məmmədov tərəfindən Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edilərək şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri izah edilmiş və video-çəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmasında Təqsirləndirilən şəxs özü, onun müdafiəçisi, o, Şahid2 və Şahid1 iştirak etmiş, video-çəkiliş isə Oğuz RPŞ-nin KTQ-nun baş inspektoru vəzifəsini müvəqqəti icra edən Sənan Şahmuradov tərəfindən aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan əşyaları könüllü təqdim etməsi təklif edilmiş və o etiraz etmədən üzərində olan əşyaları çıxarıb masanın üzərinə qoymağa başlamışdır. O əvvəlcə əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd sellofan büküm, daha sonra həmin şalvarın sol yan cibindən bir ədəd “Xiomi” markalı mobil telefon və bir ədəd göy rəngli alışqanı çıxardıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən çıxardıb masanın üzərinə qoyduğu bükülünü açdıqda içərisində yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar bitki kütləsi aşkar olunmuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin sellofan bükümün içərisindəki bitki kütlələri narkotik vasitə olan “nəşədir”, onun özünə məxsusdur, həmin şəffaf rəngdə olan sellofan bükümdə olan bitki kütləsini xx.xx.2024-cü il tarixdə yaşadığı Qumlaq kəndinin “Su yolu” adlanan yerindən tapmışdır və istifadə etmək üçün götürüb üzərində saxlamışdır. Bundan sonra həmin kütlə elektron tərəzidə çəkilmiş və onun çəkisinin 15 qram olması müəyyən edilmişdir. Daha sonra aşkar olunmuş kütlə dəqiq çəkisinin və tərkibinin müəyyən edilməsi məqsədilə ekspertiza tədqiqatına göndərilməsi üçün bir ədəd zərfdə qablaşdırılaraq götürülmüş, zərfin üzəri DİN 95 saylı zərflər üçün olan möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilmiş, axtarış zamanı qanunla saxlanması və ya gəzdirilməsi qadağan edilmiş əşya, predmet aşkar edilməmişdir. Bundan sonra şəxsi axtarış keçirilməsi ilə bağlı təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, o və digər iştirakçılar protokolla tanış olub onun düzgün tərtib edildiyini imzaları ilə təsdiq etmişlər. Təqsirləndirilən şəxs ilə qohumluğu, həmçinin ədavəti və ya düşmənçiliyi yoxdur. Təqsirləndirilən şəxs tutularkən, polis şöbəsinə gətirilərkən, polis şöbəsində olarkən özü və digər polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki güç, zor və təzyiq tətbiq edilməmişdir. Şahid1 məhkəmə iclasında verdiyi, digər şahid, Oğuz RPŞ-nin CAB-ın əməliyyat müvəkkili vəzifəsində işləmiş, hazırda İsmayıllı RPŞ-də işləyən, üzürlü səbəbdən məhkəmə iclasında iştirak etməmiş Şahid2 ibtidai araşdırma dövründə verdiyi və məhkəmə iclasında elan edilmiş eyni məzmunlu ifadəsi ilə də Təqsirləndirilən şəxs təsvir olunan cinayət əməlini törətməsi tam təsdiq olunur . İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” 12 aprel 2024-cü il tarixli protokoldan və bir ədəd diskdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüş və qablaşdırılmış, şəxsi axtarış aparılarkən video-çəkilişdən istifadə olunmaqla əldə edilmiş video görüntülər DVD diskə köçürülmüş və tərtib olunmuş protokola əlavə edilmişdir. (cinayət işi vər: 23-29) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 Bölməsinin iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan məhkəmə-bioloji ekspertizasının 13 aprel 2024-cü il tarixli, 3-16-16-2-17/363 nömrəli rəyindən və aktdan görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş maddu sübut..”sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi – 13,38 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuanadır. Marixuananın 0,05 qramı tədqiqata sərf edilmiş, qalıq–13,33 qram qaytarılmışdır. Aparılmış tədqiqatın dəyəri 35,97 manatdır. (cinayət işi vər: 34-37) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan xx.xx.2024-cü il tarixli, 757 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. (cinayət işi vər: 107) Azərbaycan Respublikası TƏBİB publik hüquqi şəxs “Oğuz Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan 10 iyun 2024-cü il tarixli, 18-1-64/2-576/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Oğuz MRX-nın poliklinika şöbəsinin “Narkoloji” və “Ruhi əsəb” kabinetlərində qeydiyyatda yoxdur. (cinayət işi vər: 95) İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan tələbnaməyə Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin xx.xx.2024-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs haqqında Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. (cinayət işi vər:77) Oğuz Rayon İcra Hakimiyyəti başçısının Qumlaq İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan xx.xx.2024-cü il tarixli, 5-68- 12/2-201/2024 saylı və 5-68-12/2-202/2024 arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Oğuz rayonu Qumlaq kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır, ailə tərkibi 1971-ci il təvəllüdlü atası, 1978-ci il təvəllüdlü anası, 1999-cu və 2001-ci il təvəllüdlü iki bacısından ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur,onun barəsinddə heç bir şifahi və yazılı şikayət daxil olmamışdır . (cinayət işi vər: 96-98) Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən təqsirləndirilən şəxsin törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən ona təyin ediləcək cəzanın islah olunmasına və həyat şəraitinə təsiri imkanlarını nəzərə alır. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib özündə saxlasa da, polis əməkdaşları tərəfindən üzərində şəxsi axtarış aparılarkən onun üzərində aşkar edilmiş narkotik vasitənin özünə aid olduğunu könüllü olaraq dərhal etiraf etdiyini və narkotik vasitəni əldə etdiyinə, saxladığına, üzərində gəzdirdiyinə görə səmimi peşmançılıq hissləri keçirdiyini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini, özü, ailəsi və cəmiyyət üçün zərərli təsirlərini, bu əmələ görə məsuliyyətini başa düşmüş və öz əməlinə tənqidi yanaşmaqla artıq islah olunmağa başladığını nümayiş etdirmişdir. Həmin əsaslara görə məhkəmə Təqsirləndirilən şəxs səmimi peşmançılığını, yaşayış yerindən müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmamasını, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilməsinin özünün həyat tərzinə, ailəsinin vəziyyətinə maddi və mənəvi cəhətdən mənfi təsir göstərəcəyini nəzərə alaraq, habelə təqsirləndirilən şəxslə davranışda ictimaiyyətin daha fəal iştirak etməsinin təmin edilməsi, onda cəmiyyət qarşısında məsuliyyət hissinin artmasına yardım göstərilməsi və onun islah edilməsi məqsədi ilə təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddədə müəyyən edilmiş az ciddi cəza növü hesab olunan kifayət edən həddə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. İş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 19:50 radələrində Oğuz RPŞ-yə gətirilmiş, saat 20:10-də şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024cü il tarixdə saat 18:50-də barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə Oğuz RPŞ MSY-dən həbsdən azad edilmişdir. Beləliklə, məhkəmə bildirir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 19:50-dən xx.xx.2024-cü il tarixdə saat 18:50dək şübhəli şəxs qismində tutulduğu 1 gün nəzərə alınaraq, bir günə iki gün hesabı ilə hesablanmaqla 2 gün müddət ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Eyni zamanda, məhkəmə Təqsirləndirilən şəxs hazırda təyin ediləcək azadlığın məhdudlaşdırılması növündə cəza əsasında tətbiq ediləcək vaxt məhdudiyyətinin hər gün saat 23:00-dan saat 07:00-dək olan müddət ərzində, ərazi məhdudiyyətinin Oğuz rayon ərazisi olaraq müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin cinayət işinin materiallarında olan ambulator məcburi narkoloji-tibbi yoxlamasının rəyi ilə Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə halları olduğu, onun narkomaniya xəstəliyindən əzab çəkmədiyi, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacının olmadığı bildirilmiş, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülmüşdür. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. Məhkəmə iş üzrə təyin edilmiş məhkəmə-bioloji ekspertizasının 13 aprel 2024-cü il tarixli, 3-16- 16-2-17/363 nömrəli rəyini və Təqsirləndirilən şəxs barəsində polis əməkdaşlarının tərtib etdiyi “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” xx.xx.2024-cü il tarixli protokolun nəticələrini müqayisə edərək narkotik vasitənin çəkisinin məhkəmə-bioloji ekspertizası tərəfindən daha dəqiq müəyyən edilməsini nəzərə almaqla, Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş narkotik vasitənin xalis çəkisinin ona qarşı irəli sürülmüş ittihamda göstərilən miqdarda – 13,38 qram olmasını qəbul edir. Beləliklə, məhkəmə qərara gəlir ki, iş üzrə maddi sübut - Oğuz Rayon Polis Şöbəsində saxlanılan, ekspertiza zamanı istifadə edildikdən sonra qalıq qalan cəmi 13,33 qram çəkidə kustar üsulla hazırlanmiş qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman video-çəkiliş aparılmasına dair 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 35,97 manat ekspertiza xərci hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia tələbi və digər məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılaraq faktiki azadlığı məhdudlaşdırıldığı vaxtdan – xx.xx.2024-cü il tarixdə saat 19:50-dən xx.xx.2024-cü il tarixdə saat 18:50-dək şübhəli şəxs qismində tutulduğu müddət 1 (bir) gün kimi nəzərə alınaraq həmin müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 11 ( on bir ) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın çəkilməsinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı Oğuz rayonu ərazisini, eləcə də saat 23:00-dan saat 07:00-dək olan müddət ərzində daimi yaşayış yeri olan Oğuz rayonu Qumlaq kəndində yerləşən evin ərazi hüdudlarını tərk etməmək məhdudiyyəti qoyulsun. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı ərazidə yerləşən, spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Hökmün icrasına nəzarəti Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə maddi sübut - Oğuz Rayon Polis Şöbəsində saxlanılan, ekspertiza zamanı istifadə edildikdən sonra qalıq qalan cəmi 13,33 qram çəkidə kustar üsulla hazırlanmış qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman video-çəkiliş aparılmasına dair 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 35,97 manat ekspertiza xərci hökm qanuni qüvvəsini aldıqdan sonra məhkum Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin AZ.MEM, VÖEN **********, X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ********************, SWİ F T Bik CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. İş üzrə mülki iddia və digər məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Hakim : Səadət Zeynalova
Məhkəmə qərarları › İş №1(054)-18/2024
Oğuz Rayon Məhkəməsi Hökm — İş №1(054)-18/2024
27.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver