Azərbaycan Respublikası adından HÖKM Oğuz rayonu İş № 1(054)-19/2025 08.08.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X4, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Müdafiəçi iştirakı ilə xx.xx.2004-cü ildə Oğuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, Oğuz rayon Ərmənət kəndində qeydiyyatda olmaqla yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai araşdırma orqanın mövqeyinə əsasən Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurma cinayət əməlini törətmişdir. Beləki o, Oğuz rayonu, Qumlaq kəndində qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs, istintaqa məlum olmayan tanıdığı bir şəxsin telefonunda Jalə adlı qızın fotoşəkillərinin olmasını bildirməsi ilə əlaqədar həmin fotoşəkilləri ona göndərməsini istəməsi, lakin Xalidin buna əməl etməməsini və bununla əlaqədar əvvəllər aralarında mübahisə yaranan zaman polis əməkdaşlarına məlumat verməsini bəhanə edərək xx.xx.2024-cü il tarixdə saat 18 radələrində Oğuz şəhərindən Qumlaq kəndinə gedən avtobusda təsadüfən rastlaşan zaman Qumlaq kəndində avtobusdan düşərək aralarında olan məsələni aydınlaşdırmaq üçün Zərərçəkmiş şəxs Qumlaq kənd qəbiristanlığının yanına çağırmaqla Jalə adlı qızın şəkillərini ona göndərmədiyini, bu barədə onunla söhbət etmək istəyərkən polisə məlumat verdiyini bəhanə edib heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə yanında olan tanışları Şahid2 və Şahid1 gözü qarşısında qəflətən yumruqla Zərərçəkmiş şəxs sifət nahiyəsinə bir dəfə zərbə vuraraq alt çənənin hər iki şaxəsinin sınığı xəsarəti ilə müşaiyət edilən Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun uzaq qohumudur, aralarında ədavət və ya düşmənçilik yoxdur. 2024-cü ilin yanvar ayının ortalarında halhazırda xatırlamadığı tanışları ilə birlikdə Oğuz rayonunda “Arena” çay evində oturub çay içərkən Xalid də ora gəlmiş və onlarla birlikdə əyləşmişdir. Həmin vaxt söhbət Jalə adlı qızdan düşmüş və Xalid bildirmişdir ki, onun dostunda Jalə adlı qızın şəkilləri var. Onun Bakı şəhərində yaşayan Ülvi adlı dostu Oğuz rayonuna gələndə həmin Jalə adlı qızı görüb xoşu gəldiyindən və onun barəsində ciddi fikirləri olduğuna görə bir neçə gün sonra Xalidlə Oğuz rayonunda görüşüb bu barədə söhbət etmişlər. O, Xalidə həmin qızın şəkilləri kimdədirsə onun mobil telefonuna “atmasını” bildirmiş və bununla həmin qızın kim olmasını araşdırmaq istəmişdir. Xalid də, həmin qızın şəkillərini ona atacağını bildirmiş, lakin dediyi sözü tutmamışdır. Bununla bağlı 4-5 gün sonra Xalidin nömrəsinə zəng edib onu yenidən görüşə çağırmışdır. Həmin vaxt onun yanında İbrahimxəlil də olmuşdur. Onlar Xalidlə görüşmüş və o, Xalidə “X12”nun yanına gedərək söhbət etməyi təklif etmişdir. Lakin Xalid qorxaraq bu barədə polis əməkdaşlarına məlumat vermiş və tanımadığı həmin polis əməkdaşları onlara yaxınlaşıb nə baş verdiyini soruşmuşdur. O, da polis əməkdaşlarına heç bir problem olmadığını, sadəcə aralarında anlaşılmazlıq olduğunu və ona aydınlıq gətirmək üçün Xalidlə söhbət etmək istədiyini bildirmiş, sonra Xalid onlardan ayrılaraq çıxıb getmişdir. Bundan sonra Xalidlə rastlaşmamış, nə də ki, ona zəng etməmişdir. 05 mart 2024-cü il tarixdə Oğuz şəhərində, avtovağzalın yaxınlığında olan kafedə bir neçə bakal pivə içmişdir. Sonradan isə dosdu Şahid2 onun yanına gəlmişdir. O, yaşadığı Ərmənət kəndinə getmək üçün dostu Cavidlə birlikdə Qumlaq kəndinə gedən avtobusa əyləşmişdir. Həmin vaxt dostu İbrahimxəlil də avtobusa minmişdir. Oğuz şəhərinin çıxacağında Xalid də, təsadüfən həmin avtobusa minmişdir. Onlar Qumlaq kəndində düşəndə o, Xalidi çağırmışdır ki, söhbət edərək əvvəldən aralarında yarımçıq qalan söhbəti tamamlasınlar. Onlar söhbət etmək üçün Qumlaq kəndində, qəbristanlığın yaxınlığına, fındıq bağları tərəfə getmişlər. Xalidə əvvəlcə qız barəsində, sonra isə onları polisə tutdurmaq barədə iradını bildirmiş və əsəbləşib yumruqla onun sifət nahiyəsinə bir dəfə vurmuşdur. Xalid zərbədən sonra yerə yıxılmış, bu zaman o qorxmuşdur. Cavid və İbrahimxəlil dərhal Xalidi yerdən qaldırmışlar. Onlar Xalidin üzünü yumuş və Cavid demişdir ki, Xalidi yaşadığı evə qoyub gələcəkdir. O, isə İbrahimxəlillə yaşadığı kəndə getmişdir. Səhəri gün Xalid ona zəng edərək Oğuz rayonuna görüşə çağırmışdır. Həmin vaxt Xalidin üzünün şişdiyinin şahidi olmuş, ondan üzr istəmiş və xəstəxanaya aparmışdır. Lakin polisə məlumat veriləcəyi üçün Xalid müayinədən imtina etmişdir. Lakin sonradan Xalidi atası xəstəxanaya aparmış, həmin vaxt onun çənəsinin sınması məlum olmuşdur. Xalid əvvəlcə onu başqa şəxsin vurmasını bildirsə də, sonradan atası hər şeyi öyrənmiş və polisə şikayət etmişdir. İlk dəfə cinayət məsuliyyətinə cəlb olunduğunu, əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs ölkə xaricində olduğundan məhkəmə iclaslarına gəlməmiş, onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. İbtidai istintaq zamanı və iştirak etdiyi əvvəlki məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2024-cü ilin əvvələrində Oğuz şəhərində olarkən Oğuz rayonu, Ərmənət kəndində yaşayan İzzət adlı şəxs ona yaxınlaşıb bildirmişdir ki, şəhər ərazisində mağazda satıcı işləyən qıza hədiyyə olaraq qızıl boyunbağı vermək istəyir və mağazaya onunla birlikdə getməsini xahiş etmişdir. O, İzzətlə razılaşmış və onlar birlikdə mağazya daxil olmuşlar. İzzət sepi tanımadığı həmin qıza vermək istəmiş, lakin qız bunu qəbul etməmişdir və bir neçə dəqiqə sonra onlar mağazanı tərk etmişlər. Ertəsi gün Oğuz şəhərində olarkən Ərmənət kəndindən olan tanışı Tərxan adlı şəxs ona yaxınlaşıb bildirmişdir ki, “sən bir gün əvvəl bir qıza yaxınlaşaraq ona qızıl boyunbağı vermək istəmisən”. Həmin vaxt Tərxanın yanında İbrahimxəlil adlı şəxs də olmuşdur. O, Tərxana belə bir hərəkət ertmədiyini bildirmişdir. Həmin hadisədən 4-5 gün sonra onun istifadəsində olan mobil telefona Tərxan zəng edib onunla görüşmək istədiyini demişdir və onunla görüşüb eyni söhbəti edən zaman o, Tərxana öz iradını bildirmişdir. Tərxan ona demişdir ki, həmin qızdan gedib üzr istəməlidir. O isə Tərxana cavab olaraq bildirmişdir ki, “mən heç bir hərəkət etmədiyim halda nə üçün üzr istəməliyəm?”. Əlavə olaraq həmin qıza İzzət adlı şəxsin boyunbağı verdiyini bildirmiş və onunla görüşmələrini təklif etmişdir. Bundan sonra həmin şəxslər onunla təkrar olaraq mübahisə etmək məqsədi ilə təklif etmişlər ki, onlarla birlikdə Oğuz şəhərinin kənarında yerləşən “X7” yaxınlığına getsin. O, həmin vaxt qorxaraq yaxınlıqda olan polis əməkdaşlarına bu barədə bildirmişdir. Polis əməkdaşları onların arasında yarana biləcək dava-dalaşın qarşısını almışlar. Həmin gündən təxminən 10 gün sonra, yəni 05 mart 2024-cü il tarixdə təsadüfən Tərxanla Oğuz şəhərindən Qumlaq kəndinə gedən avtobusda rastlaşmışlar. Tərxanın yanında İbrahimxəlil və Cavid adlı şəxslər olmuşdur. Saat 18 radələrində Qumlaq kəndinə çatmışlar. Avtobusdan düşdükdən sonra Tərxan, İbrahimxəlil və Cavid Ərmənət kəndinə gedən avtobusa minmişlər. Lakin bir neçə dəqiqə sonra Tərxandan ona zəng gəlmişdir. Ona cavab verdikdə Qumlaq kəndində, qəbiristanlığın yanında olduğunu bildirmiş və onu həmin yerə çağırmışdır. O, həmin yerə gedib Tərxanla görüşmüş, Cavid və İbrahimxəlil də orada olmuşlar. Söhbət zamanı Tərxan ona, yol kənarında yerləşən bağa tərəf keçməyi təklif etmiş və o da onunla razılaşaraq bağa tərəf keçmişdir. Bu zaman Tərxan onun polislərə “suka” işlədiyini bildirmiş və ona qarşı naliq söyüşlər söymüşdür. O, Tərxana öz etirazını bildirdikdə bu zaman Tərxan bağın içərisində qoz ağaçının yanında yumuruqla onun sifət nahiyəsindən vurmuşdur. O, zərbənin təsirindən yerə yıxılmış, həmin vaxt İbrahimxəlil onun üzərinə gəlmiş, lakin Cavid onu saxlamışdır. Sonra Tərxan və İbrahimxəlil oradan uzaqlaşmış, Cavid isə orada dayanaraq ona kömək etmişdir, onu Qumlaq kəndinin mərkəzinə qədər aparmışdır. Oradan evə özü gedəcəyini bildirmiş və Cavid də ondan aralanıb getmişdir. Səhəri gün yenidən Oğuz şəhərində Tərxanla görüşmüş, Tərxan onun üzünün şişdiyini görüb xəstəxanaya getməyi təklif etmiş, lakin orada onu vurmağını bildirməməyini istəmişdir. Bu səbəbdən də o, xəstəxanaya getməmişdir. Lakin sonradan atası xəstəxanaya aparanda məlum olmuşdur ki, çənəsi sınıb. Tərxanın onu hədələməsi səbəbindən atasına əvvəlcə onu başqa şəxsin vurmasını bildirsə də, sonradan hər şeyi olduğu kimi atasına danışmışdır. Zərərçəkmiş şəxs həmçinin ifadəsində göstərmişdir ki, qorxduğu üçün atasına ilk əvvəl Qəbələ rayon sakini Firqət adlı şəxsin adını çəkmişdir, əslində isə onu Tərxan bir dəfə yumruqla vurmuş və onun zərbəsinin təsirindən xəsarət almışdır. İbrahimxəlil isə onun üzərinə gələrkən onun qarşısını Xalxal kənd sakini Cavid adlı şəxs kəsmişdir. Mübahisənin səbəbi onun dediyi kimi olmuşdur, Tərxan ifadəsində düzgün göstərməmişdir. O, dostu İzzətin qıza sep vermək istəməsi səbəbindən Tərxanın onun üzərinə gəldiyini İzzətə deməmişdir, lakin Tərxana bu barədə məlumat vermişdir və məsələni gedib İzzətlə aydınlaşdırmalı olduğunu ona bildirmişdir. Zərərçəkmiş şəxs son olaraq notarial qaydada təsdiq edilmiş ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam ödənildiyini, onun heç bir şikayət və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Oğuz rayonu, Qumlaq kənd sakini Zərərçəkmiş şəxs uşaqlıqdan tanıyır. Onunla münasibəti yaxşıdır, aralarında ədavət və ya düşmənçilik yoxdur. Təqsirləndirilən şəxs isə onun həmkəndlisidir. Onunla da münasibəti yaxşıdır, aralarında ədavət və ya düşmənçilik yoxdur. Onun Oğuz şəhərində, avtovağzalın yaxınlığında yerləşən “Dost” marketdə satıcı işləyən bir qızdan xoşu gəlmişdir. Həmin qızın adı hal-hazırda yadında qalmamışdır. Həmin qıza sadə sep alıb onunla tanış olmaq qərarına gəlmiş, 2024-cü ilin əvvəllərində, dəqiq tarixini xatırlamadığı vaxtda Oğuz şəhərində Xalidlə birlikdə olarkən həmin mağazaya daxil olmuşlar. O, həmin vaxt “sepi” qıza təqdim etmiş, lakin qız “sepi” qəbul etməmişdir, onlar da mağazadan çıxmışlar. Bundan sonra o, bir daha həmin qızı narahat etməmişdir. Tərxanla Xalid arasında olan mübahisəni, Tərxanın Xalidi vurmasını həmin hadisədən xeyli sonra bilmişdir. Lakin onlar arasında nə üçün mübahisə olmasını o, hal-hazırda da bilmir və bu barədə heç bir məlumatı yoxdur. Xalid heç vaxt ona həmin hadisənin onun xoşu gəldiyi qıza “sep” vermək istədiyi üçün olduğunu deməmişdir, Tərxan da bununla bağlı ona heçnə bildirməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 hərbi xidmətdə olduğundan məhkəmə iclasında iştirak etməmiş və onun ifadəsi elan olunmuşdur. İbtidai istintaq zamanı şahid qismində şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Oğuz rayon Qumlaq kənd sakini Zərərçəkmiş şəxs uşaqlıqdan tanıyır. Onunla münasibəti yaxşıdır, aralarında ədavət və ya düşmənçilik yoxdur. O, həmçinin Oğuz rayon Ərmənət kənd sakini Təqsirləndirilən şəxs da tanıyır. Onunla da münasibəti yaxşıdır, aralarında ədavət və ya düşmənçilik yoxdur. 05 mart 2024-cü il tarixdə Oğuz şəhərində, avtovağzalın yaxınlığında olan kafedə Təqsirləndirilən şəxs ilə birlikdə pivə içmişlər. Həmin vaxt Xalxal avtobusu artıq getdiyi üçün Tərxanla birlikdə Qumlaq kəndinə gedən avtobusa minmişdir ki, oradan maşın tapıb yaşadığı Oğuz rayon Xalxal kəndinə getsin. Onlar avtobusa minəndə Xalxal Qışlaq kəndində yaşayan İbrahimxəlil də təsadüfən həmin avtobusa minmişdir. Oğuz şəhərinin “çıxacağı”nda isə Xalid də həmin avtobusa minmişdir. Onlar Qumlaq kəndində avtobusdan düşmüşlər. O, Tərxan və İbrahimxəlil oradan Ərmənət kəndinə gedən avtobusa minmişlər. Avtobus təzə hərəkətə başlayanda Tərxan və İbrahimxəlil öz aralarında nəsə danışıb avtobusdan düşmək qərarına gəlmişlər. O da həmin şəxslərə birlikdə Qumlaq kənd qəbiristanlığının yanında avtobusdan düşmüşdür. Tərxan öz telefonu ilə Xalidə zəng edib qəbiristanlığın yanına çağırmışdır. Bir qədər sonra Xalid ora gəlmiş və onlar bağa keçib söhbət etmişlər. O və İbrahimxəlil bir qədər aralıda dayanmışlar. Sonra mübahisə yarandığını görüb o və İbrahimxəlil də onlara yaxınlaşmışdır. Həmin vaxt hansısa qızdan söhbət getmiş, Tərxan Xalidə onu polisə satdığını irad bildirmişdir. Həmin vaxt anidən Tərxan yumruqla Xalidin sifətinə zərbə vurmuş və Xalid yerə yıxılmış, həmin vaxt Xalidin ağzından qan da gəlmişdir. Tərxan bunu görüb mübahisəni yekunlaşdırmış, o isə Xalidə kömək etmiş, bağdan axan su ilə onun əl-üzünü yumuş və onu Qumlaq kəndinə tərəf aparmışdır. Tərxan və İbrahimxəlil isə piyada Xalxal kəndi istiqamətində getməyə başlamışlar. Qumlaq kəndinin mərkəzinə çatanda Xalid artıq özü evə gedəcəyini demiş, o da orada Xaliddən ayrılmış və yaşadığı Oğuz rayon Xalxal kəndinə getmişdir. Şahid2 həmçinin ifadəsində göstərmişdir ki, Tərxanla Xalid arasında əvvəlcədən mübahisə olması barədə məlumatı olmamışdır. Həmin mübahisənin nə üçün yaranmasını da hal-hazırda da bilmir. xx.xx.2024-cü il tarixdə Tərxanla Xalid söhbət edən zaman onlar hansısa qız barəsində danışmışlar, lakin söhbətin dəqiqliyini o bilməmişdir. Tərxan Xalidi vurmamışdan əvvəl isə ona, sən məni polisə də satmaq istəyirdin demiş və bu sözü dedikdən sonra anidən onu yumruqla vurmuşdur və dava-dalaş da bununla başa çatmışdır. Tərxan Xalidi yumruqla vurduqdan sonra o yerə yıxılmış. Həmin vaxt həm o, həm də İbrahimxəlil ona yaxınlaşaraq onu yerdən qaldırıb əl-üzünü yumuşlar. O da, İbrahimxəlil də Tərxanın Xalidi vuracağını gözləməmişlər. İbrahimxəlilin həmin vaxt Xalidə tərəf ona kömək üçün getmişdir. O da ilk əvvəl yanlış anlayıb onun qabağını kəsmək istəmişdir, lakin İbrahimxəlil Xalidə kömək etmək üçün yaxınlaşdığını demiş və onlar birlikdə onu ayağa qaldırıb əl-üzünü yumuşlar. Tərxan və Xalid arasında söhbət təxminən 2-3 dəqiqə ərzində baş vermiş, həmin vaxt orada başqa kənar şəxs olmamış və bu hadisəni kənardan heç kim görməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 hərbi xidmətdə olduğundan məhkəmə iclasında iştirak etməmiş və onun ifadəsi elan olunmuşdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Oğuz rayonu, Qumlaq kənd sakini Zərərçəkmiş şəxs tanıyır, onunla arasında ədavət və ya düşmənçilik yoxdur. O, həmçinin Oğuz rayonu, Ərmənət kənd sakini Təqsirləndirilən şəxs da tanıyır, onlar dosdur, Tərxanla münasibəti yaxşıdır, aralarında ədavət və ya düşmənçilik yoxdur. X16 şəhərində yerləşən marketlərin birində satıcı işləyən, onun tanımadığı bir qız haqqında xoş olmayan sözlər danışmış və həmin qızın şəkillərinin hansısa dostunun telefonunda olduğunu bildirmişdir. Tərxanın da başqa bir dostu həmin qızla ciddi maraqlandığı üçün Tərxan Xaliddən dediklərini sübut etməsini istəmiş, Xalid bunu edəcəyini desədə sözünü tutmamışdı. 2024-cü ilin fevral ayında, dəqiq xatırlamadığı tarixdə Tərxanla bir yerdə olarkən bu barədə Tərxan onunla söhbət etmiş və qərara gəlmişdir ki, Xalidi çağırıb onunla söhbət etsin. Belə olub Tərxan Xalidə zəng etmiş və onlar Xalidlə Oğuz şəhərində, avtovağzalın yaxınlığında görüşmüşlər. Söhbət zamanı Tərxan Xaliddən nə üçün həmin qız haqqında yalan danışdığını soruşmuş, Xalid isə dediyi sözlərin düz olduğunu bildirmiş, lakin bununla bağlı sübut təqdim edə bilməmişdir. Həmin vaxt Tərxan Xalidi “X7” yanına dəvət etmişdir ki, söhbəti orada davam etdirsinlər. Həmin vaxt Xalid qorxaraq yaxınlıqda olan tanımadığı polis əməkdaşına məlumat vermişdir. Həmin polis əməkdaşı yaxınlaşaraq onlarla söhbət etmiş və Xalid oradan uzaqlaşaraq getmişdir. 05 mart 2024-cü il tarixdə yaşadığı Xalxalqışlaq kəndinə getmək üçün Oğuz şəhər avtovağzalından rayonun Qumlaq kəndinə gedən avtobusa minmişdir. Çünki həmin vaxt artıq onların kəndinə gedən avtobus getmişdi, o da qərara gəlmişdir ki, Qumlaq kəndinə gedən avtobusa minib oradan da öz yaşadığı kəndə getsin. O, avtobusa minəndə Tərxan və digər həmkəndlisi Cavidin də həmin avtobusda olduğunu görmüşdür. Onlar birlikdə arxada əyləşmişlər. Oğuz şəhərinin çıxacağında isə Xalid də təsadüfən həmin avtobusa minmişdir. Onlar Qumlaq kəndində avtobusdan düşmüşlər. O, Tərxan və Cavid oradan Ərmənət kəndinə gedən avtobusa minmişlər. Avtobus təzə hərəkətə başlayanda Tərxan ona demişdir ki, Cavidlə söhbət etmək istəyir və avtobusdan düşməyi təklif etmişdir. Belə olub Tərxanla birlikdə Qumlaq kənd qəbiristanlığının yanında avtobusdan düşmüşdür. Həmin vaxt Cavid də onlarla birlikdə avtobusdan düşmüşdür. Tərxan öz telefonu ilə Xalidə zəng edib qəbiristanlığın yanına çağırmış, bir qədər sonra Xalid tək ora gəlmişdir. Onlar bağa keçib söhbət etmişlər, o və Cavid isə bir qədər aralıda dayanmışlar. Sonra mübahisə yarandığını görüb onlara yaxınlaşmışlar. Həmin vaxt qızdan söhbət getmiş və Tərxan Xalidə onu polisə satdığını irad bildirmişdir. Söhbət zamanı anidən Tərxan yumruqla Xalidin sifətinə zərbə vurmuş və Xalid yerə yıxılmışdır. Həmin vaxt Xalidin ağzından qan da gəlmişdir. Tərxan bunu görüb mübahisəni yekunlaşdırmışdır. O, Xalidin yerdən qalxmadığını görüb ona yaxınlaşanda Cavid onu saxlayıb artıq heç nə etmək lazım olmadığını demişdir. O isə Cavidə bildirmişdir ki, Xalidə kömək etmək məqsədi ilə yaxınlaşır. Lakin Cavid buna imkan verməyərək ona özünün kömək edəcəyini bildirmiş və Tərxanla birlikdə oradan getmələrini istəmişdir. Belə olub o, Tərxanla birlikdə Xalxal kəndi istiqamətində getməyə başlamışdır. Cavid isə Xalidə kömək etmiş, onun əl-üzünü yumuş və birlikdə Qumlaq kəndinin mərkəzinə tərəf getməyə başlamışlar. Sonradan ona məlum olmuşdur ki, Xalidin atası şikayət edib ki, Xalidi o və Təxan döymüşlər. Lakin o, Xalidə heç nə etməmişdir və onu vurmamışdır, Xalidi Tərxan bir dəfə yumruqla vurmuşdur.Şahid1 həmçinin ifadəsində göstərmişdir ki, Tərxan və Xalid arasında söhbət təxminən 2-3 dəqiqə ərzində baş vermiş, sonra Tərxan bir dəfə yumruqla Xalidin sifətinə zərbə vurmuşdur. Tərxanın Cavidi vuracağını o da gözləməmişdir və bununla da hadisə başa çatmışdır. Həmin vaxt orada başqa kənar şəxs olmamış və bu hadisəni kənardan heç kim görməmişdir. İş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Oğuz RPŞ-nin PPXB-nin polis nəfəri Şahid4 xidməti zərurətlə əlaqədar məhkəmə iclasında iştirak etməmiş, onun ifadəsi elan olunmuşdur. İbtidai istintaq zamanı Şahid4 ifadəsində göstərmişdir ki, Oğuz rayonu, Qumlaq kənd sakini Zərərçəkmiş şəxs və Oğuz rayonu, Ərmənət kənd sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış və həmin şəxslərlə heç bir münasibəti olmamışdır. 2024-cü ilin fevral ayında, dəqiq tarixi xatırlamadığı vaxt Oğuz şəhər ərazisində xidmətdə olarkən avtovağzalın yaxınlığında Zərərçəkmiş şəxs yaxınlaşıb onu tanıdığını, Xəyalın oğlu olduğunu bildirərək tanışlıq vermişdir. O da həmin vaxt bilmişdir ki, Xalid, onun da tanıdığı Qumlaq kənd sakini Xəyal Salamovun oğludur. Xalid ona, üç nəfərin onu söhbətə çağırdığını, tək olduğu üçün qorxduğunu bildirmişdir. Məsələnin nədən ibarət olduğunu soruşduqda Xalid ona bildirmişdir ki, “qız söhbətidir”. O, həmin şəxslərin harada olduğunu soruşmuş və Xalid həmin şəxsləri ona göstərmişdir. Xalidlə birlikdə həmin şəxslərə yəni adlarını sonradan bildiyi Tərxan və İbrahimxəlil adlı şəxslərə yaxınlaşmışlar. O, həmin şəxslərdən nə məsələ olduğunu soruşmuşdur. Həmin vaxt Tərxan dostunun bir qız istədiyini, Xalidin isə həmin qızın pozğun olmasını dediyini, sadəcə olaraq Xaliddən dediklərini sübut etməsini istədiyini bildirmişdir. Həmin vaxt Xalid demişdir ki, “sübut edə bilər, qızın şəkilləri dostunun telefonundadır” lakin o şəkilləri Tərxana “göndərməyib”. O, əvvəlcə Xalidə izah etmişdir ki, kimsə haqqında bu cür danışmaq olmaz. Həmçinin Tərxana da bildirmişdir ki, “Xalid düz eləmiyib o sözü deyib” və onlara izah etmişdir ki, bu anlaşılmazlığa son qoysunlar. Onlar da razılaşmış və birbirilərindən sağollaşıb ayrılmışlar. Bundan xeyli müddət sonra, yəni 2024-cü ilin mart ayının əvvəllərində Oğuz RPŞ-də olarkən öyrənmişdir ki, sonradan X14 kəndində yenidən bu söhbəti etmiş və Xalidi yumruqla vurub xəsarət yetirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Zərərçəkmiş şəxs “ifadəsinin düzgünlüyünün və dəqiqliyinin müəyyən edilməsi barədə” protokoldan görünür ki, istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiklərini hadisə yerində əyani formada bir daha təsdiq edir. (i.v. 45-49) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 PHŞ-nin xx.xx.2024-cü il tarixli, 27 nömrəli canlı şəxsin ekspertizası rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində alt çənənin hər iki şaxəsinin sınığı və sol çənə şaxəsinin ostiosintez əməəliyyatından sonrakı vəziyyəti kimi xəsarəti vardır. Qeyd olunan xəsarətlər küt alətin (əşyanın) təsirindən müayinə olunanın göstərdiyi tarixdə və şəraitdə, yəni 05 mart 2024-cü ildə törənə bilər. Həmin xəsarətlər dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmanın əlamətlərinə aiddir. (i.v. 19-21) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi üzrə Oğuz RİHB-nın Xalxal İƏD üzrə nümayəndəliyi tərəfindən 13 may 2024cü il tarixli, 3-13-101/2-4057/2024 saylı məktubla daxil olmuş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Oğuz rayonu, Ərmənət kəndində qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi atası - 1974-cü il təvəllüdlü X5, anası - 1982-ci il təvəllüdlü X2, qardaşları – 2002-ci il təvəllüdlü X6 və 2007-ci il təvəllüdlü X1 ibarətdir, yaşadığı yerdə özünü müsbət cəhətdən göstərə bilməmiş və kənd camaatı arasında hörmət və etimad qazana bilməmiş, adının bəzi hallarda mübahisə və qalmaqallarda hallandığı qeyd edilmişdir. (i.v. 54-57) xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; xx.xx.2024-cü il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. (i.v. 98) xx.xx.2024-cü il tarixli “axtarışda olan şəxsin tutulması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutularaq Oğuz RPŞ-nin İB-nə təhvil verilmişdir.(i.v.108) xx.xx.2024-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs yenidən ittiham elan edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir; (i.v. 113, 123) Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli notarial qaydada verdiyi ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş zərər ödənilmiş və Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspert rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli, 1 nömrəli Qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. CM-in 127.2.3-cü maddəsinə əsasən ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 127.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: təqsirləndirilən şəxsin əvvəllər məhkum olunmamasını; əməlindən peşman olmasını; zərərçəkmiş şəxslə barışıq əldə edərək, zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını; İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, həmçinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri də nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, zərəçəkmiş şəxslə barışmasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə Təqsirləndirilən şəxs məhz azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 127.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılaraq faktiki azadlığı məhdudlaşdırıldığı müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut, məhkəmə xərcləri və mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılaraq faktiki azadlığı məhdudlaşdırıldığı vaxtdan-xx.xx.2024-cü il tarixdə saat 09:15-dən şübhəli şəxs qismində tutulmadan azad olunduğu vaxtadək – xx.xx.2024-cü il tarixdə saat 11:05-dək olan müddət 1 (bir) gün kimi nəzərə alınaraq həmin müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş 2(iki) 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın çəkilməsinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı Oğuz rayonu ərazisini, eləcə də saat 23:00-dan saat 07:00-dək olan müddət ərzində daimi yaşayış yeri olan Oğuz rayonu Ərmənət kəndində yerləşən evin ərazi hüdudlarını tərk etməmək məhdudiyyəti qoyulsun. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı ərazidə yerləşən, spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Hökmün icrasına nəzarəti Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə mülki iddia tələbinin və digər məhkəmə xərclərinin, müsadirə olunması təklif olunan əmlak, alət və vasitənin olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Hakim : Emin Məmmədli
Məhkəmə qərarları › İş №1(054)-19/2025
Oğuz Rayon Məhkəməsi Hökm — İş №1(054)-19/2025
08.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver