Məhkəmə qərarları › İş №1(054)-2/2022

Oğuz Rayon Məhkəməsi Hökm — İş №1(054)-2/2022

29.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Oğuz rayonu İş № 1(054)-2/2022 29.03.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Mikayılzadə Əsmər Mehman qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs: xx.xx.1989-cu il tarixdə Oğuz rayonu Kərimli kəndində anadan olmuş, həmin kənddə qeydiyyatda olan və yaşayan, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işsiz, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər Oğuz Rayon Məhkəməsinin 08.06.2021-ci il tarixli 1 (054) - 17 / 2021 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib qəti cəza olaraq 2 il 5 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli Qərarına əsasən cəzası 1 il azaldılmış, hazırda cəza çəkən, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən e t d i: Təqsirləndirilən şəxs 15.12.2021-ci il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi, şəxsi istehlak miqdarından artıq miqdarda - 219,14 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı aşkar edərək satış məqsədi olmadan əldə edib özündə saxlamış, 15.12.2021-ci il tarixdə saat 12:45 radələrində Oğuz şəhərində şübhəli şəxs qismində saxlanılıb Oğuz rayon Polis Şöbəsinə gətirilərək onun üzərində şəxsi axtarış aparılarkən əynində olan qara rəngli gödəkcənin sağ içəri hissəsində bir ədəd sellofan bükülüdə ümumi təmiz çəkisi 219,14 qram təşkil edən, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bildi, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və ifadə verərək göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Oğuz rayonu Kərimli kəndində yaşayır və daimi olaraq heç yerdə işləmir. O, mütəmadi olmasa da, son 1-2 il ərzində müxtəlif vaxtlarda narkotik vasitələrdən istifadə etmişdir. 15.12.2021-ci il tarixdə səhər saatlarında Oğuz şəhərinə gəlmək üçün yaşadığı kəndin ərazisindəki avtobus dayanacağında olan zaman dayanacağın arxa tərəfində yerdə bir ədəd göy rəngli sellofan kisə olmasını görmüşdür. Kisədə nə olduğunu bilmək üçün açıb baxanda içərisindən narkotik vasitəyə oxşar bitki kütləsi olduğunu müəyyən etmişdir. Əvvəllər narkotik vasitələrdən istifadə etdiyindən həmin bükülüdəki maddənin narkotik vasitə olan marixuana olduğunu bilmiş və özü istifadə etmək üçün götürərək gödəkcəsinin içəri hissəsinə qoymuşdur. Həmin gün saat 13 radələrində Oğuz şəhərində olarkən polis əməkdaşları tərəfindən saxlanılaraq Polis Şöbəsinə gətirilmişdir. Polis Şöbəsində onun özünün seçdiyi vəkil dəvət olunduqdan sonra polis əməkdaşları tərəfindən onun üzərində şəxsi axtarış aparılarkən o, əynində olan qara rəngli gödəkcənin sağ içəri hissəsində gizlətdiyi göy rəngli sellofan kisədə olan narkotik vasitəni təqdim etmişdir. O həmin narkotik vasitənin özünə məxsus olmasını, özü istifadə etmək üçün saxladığını və üzərində gəzdirdiyini etiraf etmişdir. Onun üzərindən aşkar edilmiş narkotik vasitə elektron tərəzidə sonra qablaşdırılaraq götürülmüş və bu barədə protokol tərtib edilmişdir. O özü də həmin protokola imza etmişdir. Təqsirləndirilən şəxs ifadəsində, eyni zamanda, göstərdi ki, törətdiyi cinayət əməlini könüllü etiraf edir. Narkotik vasitəni əldə etdiyinə, saxladığına, üzərində gəzdirdiyinə görə əməlindən səmimi peşman olmuşdur. Himayəsində azyaşlı uşaqları vardır. Ailəsində ondan başqa əmək qabiliyyətli şəxs yoxdur. Qeyd etdiyi halları cəza təyin edilən zaman nəzərə almağı və ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs cinayət əməli törətməsi özünün etirafı ilə yanaşı şahidlərin ifadələri, iş materialları və məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Şahid Oğuz rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadə verərək göstərdi ki, 15.12.2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində nakotik vasitə gəzdirməsi və özünün də narkotik vasitələrdən istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Qeyd olunan məlumat əsasında Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz saxlanılmasında şübhəli bilindiyi üçün həmin tarixdə saat 12:45 radələrində Oğuz şəhəri ərazisində polis əməkdaşları tərəfindən saxlanılaraq Oğuz rayon Polis Şöbəsinə gətirilmişdir. X5 İsmayılov şübhəli şəxs qismində tutuluraq özünün seçdiyi vəkilin iştirakı ilə onun üzərində şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sağ içəri hissəsində bir ədəd göy rəngli sellofan kisəni təqdim etmişdir. Kisəyə baxış keçirilən zaman içərisində spesifik iyli, narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlənin olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs həmin narkotik vasitəni hardan əldə etməsini soruşduqda o, həmin narkotik vasitəni Oğuz rayonu Kərimli kəndi ərazisində avtobus dayanacağının arxa hissəsindən tapdığını, özü istifadə etmək məqsədilə götürərək saxladığını və üzərində gəzdirdiyini bildirmişdir. Aşkar edilmiş bitki kütləsi elektron tərəzidə çəkilərək ümumi çəkisinin 221,40 qram olması müəyyən edilmiş, daha sonra həmin kütlə zərfə qoyulmaqla qablaşdırılaraq götürülmüş və zərf möhürlənmişdir. Qeyd olunan hərəkətlər barədə protokol tərtib olunmuş və Təqsirləndirilən şəxs özü və vəkili də protokola imza etmişlər. Məhkəmə iclasında şаhid qismində dindirilmiş Oğuz rayon Polis Şöbəsinin əməkdaşları Şahid2 və Şahid3 da Şahid1 ilə eyni məzmunlu ifadələr verərək onun göstərdiyi xüsusatları təsdiq etdilər. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş “Şəxsi axtarış və götürmə barədə” 15.12.2021-ci il tarixli protokoldan və qeyd olunan protokola əlavə edilmiş video görüntülər olan diskdən müəyyən edilir ki, həmin tarixdə saat 12:59-dan başlayaraq Oğuz rayon Polis Şöbəsinin inzibati binasında Oğuz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən vəkilin iştirakı ilə və video çəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən onun əynində olan qara rəngli gödəkcənin sağ içəri hissəsində bir ədəd göy rəngli sellofan kisə aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş sellofan kisə açıldıqda içərisində spesifik iyə malik, narkotik maddə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu və onun özünə aid olduğunu, həmin narkotik vasitəni 15.12.2021-ci il tarixdə səhər saatlarında yaşadığı kəndin ərazisində avtobus dayanacağının arxasından tapdığını bildirmişdir. Narkotik vasitəyə bənzər kütlə Təqsirləndirilən şəxs iştirakı ilə elektron tərəzidə çəkilib çəkisinin 221,40 qram olduğu müəyyən edilmişdir. Bundan sonra həmin kütlə zərfə qoyularaq möhürlənmişdir. Qeyd olunan hərəkətlər barədə protokol tərtib edilmiş, Təqsirləndirilən şəxs özü və vəkili də protokola imza etmişlər. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 15.12.2021-ci il tarixli 17/858 nömrəli rəyi və həmin tarixli aktla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqata təqdim edilmiş 01 (bir) ədəd sellofan torbada, təmiz çəkisi 219,14 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqat obyektinin 0,05 qramdan ibarət hissəsi tədqiqata istifadə olunduqdan sonra çəkisi 219,09 qram olan maddə qalığı bağlamaya qoyularaq möhürlənmiş və geri qaytarılmışdır (Aparılmış ekspertiza tədqiqatının dəyəri 34,55 manat təşkil edir). İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş “İfadənin yerində yoxlanması haqqında” 19.12.2021-ci il tarixli protokol və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs onun üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananı tapdığı yeri əyani şəkildə göstərmişdir. İş materiallarına əlavə edilmiş Oğuz rayon X3 Qrupunun müstəntiqi Ələkbər Əsgərovun sübutların qiymətləndirilməsi barədə 17.02.2022-ci il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə cinayət işinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatı zamanı istifadə edildikdən sonra qalıq qalan cəmi 219,09 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana maddi sübut kimi tanınaraq saxlanılması üçün Oğuz rayon Polis Şöbəsinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman video çəkiliş aparılmasına dair bir ədəd disk də maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 07.02.2022-ci il tarixli 159 nömrəli rəyi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş “Oğuz rayon Mərkəzi Xəstəxanası” X7 tərəfindən verilmiş 21.01.2022-ci il tarixli 32 nömrəli arayışdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs 02.07.2021-ci il tarixdən Oğuz rayon Mərkəzi Xəstəxanasının “Narkoloji” kabinetində “F 12.2-Kannabinoidlərin qəbulu nəticəsində psixi və davranış pozuntuları” diaqnozu ilə qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə 15.12.2021-ci il tarixli protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs 15.12.2021-ci il tarixdə saat 12:45-də Oğuz rayon Polis Şöbəsinə gətirilərək cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Oğuz rayon X3 Qrupunun müstəntiqi Ələkbər Əsgərovun 17.12.2021-ci il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs 17.12.2021-ci il tarixdə saat 11:05-də şübhəli şəxs qismində tutulmadan azad edilməklə onun barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş 24.12.2021-ci il tarixli tələbnamədən, Oğuz Rayon Məhkəməsinin 08.06.2021-ci il tarixli 1 (054) - 17 / 2021 nömrəli hökmündən və 20.12.2021-ci il tarixli 7 (054) - 34 / 2021 nömrəli qərarından, Oğuz Rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş 16.02.2022-ci il və 29.03.2022-ci il tarixli sorğuya cavab məktublarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib qəti cəza olaraq 2 il 5 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin hökm üzrə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəza “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli Qərarının 5-ci bəndinə əsasən 1 il azaldılmış, qeyd olunan hökm üzrə onun üzərində hazırda 9 ay 6 gün müddətində azadlığın məhdudlaşdırılması cəzası çəkilməmiş qalmışdır. İş materiallarına əlavə edilmiş Oğuz rayon İcra Hakimiyyəti başçısının Kərimli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 28.12.2021-ci il tarixli 372 nömrəli arayışdan, nikah haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqələrinin surətlərindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs evli olmaqla ailə üzvləri ilə birlikdə həmin Nümayəndəliyin ərazisində yaşayır, onun himayəsində 06.12.2010-cu il tarixdə anadan olmuş X1 və 02.03.2012ci il tarixdə anadan olmuş X2 adlı iki azyaşlı uşağı vardır. İş materiallarına əlavə edilmiş Oğuz rayon İcra Hakimiyyəti başçısının Kərimli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 28.12.2021-ci il tarixli 373 nömrəli xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində yaşadığı ərazi üzrə İcra Nümayəndəliyinə yazılı və ya şifahi şikayət daxil olmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən təqsirləndirilən şəxsin törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən ona təyin ediləcək cəzanın islah olunmasına və həyat şəraitinə təsiri imkanlarını nəzərə alır. Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayət əməlində cəzanı ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət örətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən halın olmasını, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən ona təyin ediləcək cəzanın islah olunmasına təsiri imkanlarını, həmçinin, təqsirləndirilən şəxsin əvvəlki hökm üzrə də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət törətdiyinə görə məhkum edildiyini, əvvəlki hökm üzrə ona təyin edilən cəza tədbirindən nəticə çıxarmayaraq cəza çəkdiyi dövrdə yenidən eyni növlü cinayəti törətdiyini onun şəxsiyyətini səciyyələndirən hal kimi nəzərə alaraq Təqsirləndirilən şəxs hazırda ittiham edildiyi maddədə müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, həmin cəzanın 1 il 9 ay müddətində müəyyən edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs barəsində Oğuz Rayon Məhkəməsinin 08.06.2021-ci il tarixli 1 (054) - 17 / 2021 nömrəli hökmü ilə təyin edilmiş və hazırda çəkilməmiş qalan 9 ay 6 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir günü kimi hesablanmaqla, həmin cəza 4 ay 18 gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq hazırki hökm üzrə təyin edilmiş cəzaya Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilməklə birləşdirilməlidir. Məhkəmə işin faktiki hallarına görə hazırki iş üzrə hökmlərin məcmusu üzrə cəza təyin edərkən yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə deyil, qismən birləşdirməklə Təqsirləndirilən şəxs 2 il azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanunauyğun hesab edir. Təqsirləndirilən şəxs 15.12.2021-ci il tarixdə saat 12:45-dən 17.12.2021-ci il tarixdə saat 11:05-dək şübhəli şəxs qismində saxlanıldığı müddət 2 gün kimi nəzərə alınaraq həmin müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs bаrəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından həbs edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı həbsə alındığı andan - 29.03.2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1-ci maddələrinə əsasən ona narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Təqsirləndirilən şəxs 02.07.2021-ci il tarixdən narkoloji kabinetdə qeydiyyatda olduğu nəzərə alınmalıdır. Məhkəmə iş üzrə təyin edilmiş məhkəmə-bioloji ekspertizasının 15.12.2021-ci il tarixli 17/858 nömrəli rəyinin və Təqsirləndirilən şəxs barəsində polis əməkdaşlarının tərtib etdiyi “Şəxsi axtarış və götürmə barədə” 15.12.2021 ci il tarixli protokolun nəticələrini müqayisə edərək narkotik vasitənin çəkisinin məhkəmə-bioloji ekspertizası tərəfindən daha dəqiq müəyyən edilməsini nəzərə almaqla Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş narkotik vasitənin xalis çəkisinin ona qarşı irəli sürülmüş ittihamda göstərilən miqdarda - 219,14 qram olmasını qəbul edir. İş üzrə maddi sübut - Oğuz Rayon Polis Şöbəsində saxlanılan, tədqiqat və ekspertiza zamanı istifadə edildikdən sonra qalıq qalan cəmi 219,09 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman video çəkiliş aparılmasına dair 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 34,55 manat ekspertiza xərci hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia tələbi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Oğuz Rayon Məhkəməsinin 08.06.2021-ci il tarixli 1 (054) - 17 / 2021 nömrəli hökmü ilə təyin edilmiş və hazırda çəkilməmiş qalan 9 (doqquz) ay 6 (altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir günü kimi hesablanmaqla, həmin cəza 4 (dörd) ay 18 (on səkkiz) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq hazırki hökm üzrə təyin edilmiş 1 (bir) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilməklə qismən birləşdirilərək ona 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 15.12.2021-ci il tarixdə saat 12:45-dən 17.12.2021-ci il tarixdə saat 11:05-dək şübhəli şəxs qismində saxlanıldığı müddət 2 (iki) gün kimi nəzərə alınaraq həmin müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanmaqla 2 (iki) gün müddət hazırki hökm üzrə ona təyin edilmiş 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs bаrəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı həbsə alındığı andan - 29.03.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyatda olduğu nəzərə alınsın. İş üzrə maddi sübut - Oğuz Rayon Polis Şöbəsində saxlanılan, tədqiqat və ekspertiza zamanı istifadə edildikdən sonra qalıq qalan cəmi 219,09 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman video çəkiliş aparılmasına dair 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə cəmi 34,55 manat ekspertiza xərci hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İş üzrə mülki iddia tələbinin olmaması nəzərə alınsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində, həbsdə saxlanılan şəxs tərəfindən isə hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində həmin hökmdən Oğuz Rayon Məhkəməsi vasitəsilə, bilavasitə və ya həbsdə saxlanılma yeri vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Hakim : Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar