Məhkəmə qərarları › İş №1(054)-2/2024

Oğuz Rayon Məhkəməsi Hökm — İş №1(054)-2/2024

19.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Oğuz rayonu İş № 1(054)-2/2024 19.03.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx.xx.1994-cü il tarixdə Yardımlı rayonu Zəngələ kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmayan, Yardımlı rayonu Zəngələ kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində "polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinərək məhkəməyə verilmişdir, ondan ötrü ki, o, qəsdən, tamah niyyəti və özgənin əmlakını ələ keçirmək məqsədi ilə Oğuz rayonu, Xaçmazqışlaq kənd sakini Zərərçəkmiş şəxs Qəbələ “Asan xidmət” mərkəzinə 4000 manat müqabilində işə düzəldəcəyinə yalandan vəd verib inandıraraq, etibardan sui-istifadə etmə və aldatma yolu ilə xx.xx.2022-ci il tarixdə İmişli rayonu ərazisində Zərərçəkmiş şəxs məxsus 2000 (iki min) manat pulu şəxsən almış, xx.xx.2022-ci il tarixdə isə 1000 (bir min) manat pulu Zərərçəkmiş şəxs Oğuz rayonu, Kərimli kəndi ərazisində olan terminal vasitəsi ilə Təqsirləndirilən şəxs məxsus **********894993 nömrəli kart hesabina köçürmüşdür. Təqsirləndirilən şəxs ümumilikdə 3000 (üç min) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirərək qəsdən dələduzluq etmiş, həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli hesab etmiş və ifadə verərək bildirmişdir ki, Zərərçəkmiş şəxs onun tələbə yoldaşı olub, aralarında ədavət və düşmənçilik olmamışdır. O, özü əvvəllər İmişli “Asan xidmət” mərkəzində işləmişdir. 2022-ci ilin noyabr ayında Yavərlə telefon vasitəsilə əlaqə saxlayan zaman Qəbələ şəhərində yerləşən “Asan xidmət” mərkəzinə 4000 (dörd min) manat müqabilində onu işə düzəldə biləcəyini demiş, Yavər də onunla razılaşaraq bu barədə görüşüb danışmalarını istəmişdir. Yavərə qeyd etdiyi məbləğlə birlikdə sağlamlıq haqqında sənəd, diplomunun surətini və şəxsiyyət vəsiqəsinin surətini təcili ona çatdırmasını xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə saat 15 radələrində o, Yavər və onun atası İlqarla birlikdə İmişli rayonunda yerləşən kafelərin birində görüşmüş, Yavəri işə düzəltmək adı ilə 2000 (iki min) manat pulla birlikdə qeyd etdiyi sənədlərin surətini almışdır, qalan 2000 (iki min) manat pulu isə Yavərin işə düzəlmək əmri gələndən sonra alacağını bildirmişdir. Bundan sonra o, Yavərə tez-tez zəng edərək 1000 (bir min) manat pulu təcili çatdırmasını istəmişdir. xx.xx.2022-ci il tarixdə o, Yavərə zəng edib 1000 (bir min) manat pulu təcili **********894993 nömrəli kart hesabına göndərməsini xahiş etmişdir. Yavər də həmin gün saat 19:53-də 1000 (bir min) manat pulu ödəmə terminalı vasitəsi ilə ona məxsus "xxxx"a aid **********894993 nömrəli kart hesabına göndərmişdir. Həmin pulu qeyd edilən tarixdə İmişli rayonu H.Əliyev prospektində yerləşən "Kapital Bank” ASC-nin bankomatından məxaric edərək şəxsi ehtiyaclarına sərf etmişdir. Yavərdən dələduzluq niyyəti ilə ümumilikdə 3000 (üç min) manat pul almışdır.Həmin puldan ona 350 manat qaytarsa da, Yavər həmin pulu yol xərci və digər xərclərin əvəzi hesab etmişdir. Yavərdən pul alarkən yanlarında Yavərin atası İlqar ollmuşdur. İşə düzəltmək adı ilə aldığı puldan heç kimə pul verməmişdir və bu işdə ona heç kim kömək etməmişdir. Məhkəmə icraatı gedişində təqsirləndirilən şəxs ifadəsini dəqiqləşdirərək hazırda Zərərçəkmiş şəxs cəmi 3000 manat borcu olduğunu, maddi imkanı olmadığına görə pulu ödəmədiyini, özlərinə məxsus daşınmaz əmlakı çıxardıqlarını, əmlak satılan kimi pulu tam şəkildə ödəyəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs qeyd etdiyi halların cəza təyin edilən zaman nəzərə alınmasını və ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs cinayət əməli törətməsi özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin, şahidin ifadələri və məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı ifadə verərək bildirmişdir ki, Təqsirləndirilən şəxs onun tələbə yoldaşı olub, aralarında ədavət və düşmənçilik olmamışdır. 2022-ci ilin noyabr ayında Rəhmanla telefon vasitəsilə əlaqə saxlayan zaman Rəhman 4000 (dörd) manat müqabilində onu Qəbələ “Asan xidmət” mərkəzinə işə düzəldə biləcəyini demiş, o da Rəhmanla razılaşmışdır. Həmin vaxt Rəhman qeyd etdiyi məbləğlə birlikdə sağlamlıq haqqında sənəd, diplomunun surətini və şəxsiyyət vəsiqəsinin surətini ona çatdırmasını xahiş etmişdir. O xx.xx.2022-ci il tarixdə saat 15 radələrində atası İlqarla birlikdə İmişli rayonuna gedərək Rəhmanla görüşmüş, 2000 (iki min) manat məbləğində pulu və qeyd etdiyi sənədləri Rəhmana vermişdir, qalan 2000 (iki min) manat pulu isə işə götürülmə əmri gələndən sonra verəcəyinə söz vermişdir. Bundan sonra Rəhman xx.xx.2022-ci il tarixdə ona zəng edərək 1000 (min) manat pulu gün ərzində ona çatdırmasını demişdir. O da həmin gün saat 19:53-də qeyd edilən məbləği Oğuz rayonu Kərimli kəndi ərazisindən ödəmə terminalı vasitəsi ilə Rəhmana məxsus "xxxx"a aid 52391515 11894993 nömrəli plastik kart hesabına göndərmişdir. Həmin vaxtdan xeyli vaxt keçməsinə baxmayaraq işinin düzəlmədiyini görüb, aldanıldığını bilmiş, Oğuz RPŞ-yə ərizə ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs onun Qəbələ “Asan xidmət” mərkəzinə işə düzəlməsi üçün 4000 (dörd min) manat pul istəmiş, qeyd edilən məbləğdən Təqsirləndirilən şəxs 3000 (üç min) manat ödəmiş, qalan pulu işə düzəlmə əmri gələndən sonra ödəyəcəyinə söz vermişdir. Rəhmana pul verərəkən yanında atası İlqardan başqa heç kimin olmayıb. Təqsirləndirilən şəxs ona cəmi 3000 manat qaytarmalıdır. Ona kifayət qədər vaxt verilməsinə baxmayaraq pulunu geri qaytarmamışdır. Buna görə də ondan şikayətçidir. Qanuni hökm çıxarılmasını xahiş etmişdir. İş üzrə şahid qismində dindirilmiş X1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun oğlu Yavərin tələbə yoldaşı olub. 2022-ci ilin noyabr ayında oğlu Yavər Rəhmanla telefon vasitəsilə əlaqə saxlayan zaman Rəhman 4000 (dörd) manat müqabilində onu Qəbələ “Asan xidmət” mərkəzinə işə düzəldə biləcəyini demiş, Yavər də Rəhmanla razılaşmışdır. Həmin vaxt Rəhman pulla birlikdə sağlamlıq haqqında sənəd, Yavərin diplomunun surətini və şəxsiyyət vəsiqəsinin surətini ona çatdırmasını xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə o və oğlu Yavər birlikdə İmişli rayonuna gedərək Rəhmanla görüşmüş, 2000 (iki min) manat məbləğində pulu və sənədləri Rəhmana vermiş, qalan 2000 (iki min) manat pulu isə işə götürülmə əmri gələndən sonra verəcəklərinə söz vermişlər. Bundan sonra Rəhman xx.xx.2022-ci il tarixdə oğlu Yavərə zəng edərək 1000 (min) manat pulu gün ərzində ona çatdırmasını demişdir. Yavər də həmin gün qeyd edilən məbləği Oğuz rayonu Kərimli kəndi ərazisindən ödəmə terminalı vasitəsi ilə Rəhmana məxsus "xxxx"a aid **********894993 nömrəli plastik kart hesabına göndərmişdir. Azərbaycan Respublikası TƏBİB Yardımlı RMX PHŞ-in iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan 12 iyun 2023-cü il tarixli 6-204 nömrəli məktubundan görünür ki, Ağalı X2 Rayon Mərkəzi Xəstəxanasının narkoloji və ruhi-əsəb kabinetlərində qeydiyyatda yoxdur. (iş vər: 89) Yardimli rayon İHB Vərov kənd İƏD üzrə nümayəndəliyinin iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2023-cü il tarixli arayışından və xasiyyətnamədən görünür ki, Ağalı X3 rayon Zəngələ kəndində qeydiyyatda olmaqla yaşayır, ailə üzvləri anası və 3 qardaşından ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (iş vər: 75-76) İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən tələbnaməyə Azərbaycan Respublikasi DİN BƏSİİ-nin xx.xx.2023-cü il tarixli cavabından görünür ki, Bakı şəhəri, Nəsimi RPİ-də Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.4-ci maddəsi ilə başlanmış cinayət işi icraatdadır. (iş vər: 113-114) Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2024-cü il tarixli, 082-112-483 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs AZərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə istintaq davam etdirilir. Nəsimi Rayon Məhkəməsinin 1(006)-177/2024 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, məhkəmənin icraatında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi vardır və iş üzrə icraat davam etdirilir. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs həqiqətən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün, zərərçəkmiş şəxsin, şahidin ifadələri, digər istintaq sənədləri və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam təsdiq edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etirafı və yaşayış yerindən müsbət xarakterizə olunması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eyni zamanda, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alır. Həmçinin, məhkəmə hazırki iş üzrə təqsirləndirilən şəxsin səmimi etirafını və şəxsiyyətini müsbət xarakterizə edən halları, lakin zərərin ödənilmədiyini, zərərçəkmiş şəxsin hazırda təqsirləndirilən şəxsdən şikayətçi olduğunu da nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan az ciddi cəza növü hesab olunan kifayət edən həddə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Eyni zamanda, məhkəmə Təqsirləndirilən şəxs hazırda təyin edilən azadlığın məhdudlaşdırılması növündə cəza əsasında tətbiq ediləcək vaxt məhdudiyyətinin hər gün saat 22:00-dan saat 07:00-dək olan müddət ərzində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. İş üzrə maddi sübut, ekspertiza xərci, digər məhkəmə xərcləri yoxdur və mülki iddia tələbi verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2(iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı Yardımlı rayonu ərazisin i, eləcə də saat 22:00-dan saat 07:00-dək olan müddət ərzində daimi yaşayış yeri olan Yardımlı rayonu Zəngələ kəndində yerləşən evin ərazi hüdudlarını tərk etməmək məhdudiyyəti qoyulsun. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın çəkilməsinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsi tərəfindən həyata keçirilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə maddi sübut, mülki iddia tələbi, ekspertiza xərci və digər məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Hakim : Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar