Məhkəmə qərarları › İş №1(054)-2/2025

Oğuz Rayon Məhkəməsi Qərar — İş №1(054)-2/2025

04.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 1(054)-2/2025 04.02.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxx 1988-ci il tarixdə Oğuz rayonu Muxas kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkum olunmamış, Oğuz rayonu Muxas kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə təqsirli bilinərək məhkəməyə verilmişdir, ondan ötrü ki, o, 2023-cü ilin noyabr ayının 16-da saat 12 radələrində meşə fonduna daxil olan 15 saylı Regional X2 Muxas kənd inzibati ərazisində yerləşən meşə ərazidən 1 ədəd fıstıq cinsindən 40 sm diametrdə, 1 ədəd fıstıq cinsindən 56 sm diametrdə, 1 ədəd ağcaqayın cinsindən 36 sm diametrdə, 1 ədəd ağcaqayın cinsindən 36 sm diametrdə, 1 ədəd ağcaqayın cinsindən 40 sm diametrdə, 1 ədəd ağcaqayın cinsindən 40 sm diametrdə, 1 ədəd ağcaqayın cinsindən 40 sm diametrdə, 1 ədəd ağcaqayın cinsindən 56 sm diametrdə, 1 ədəd vələs cinsindən 40 sm diametrdə, 1 ədəd vələs cinsindən 40 sm diametrdə, 1 ədəd vələs cinsindən 40 sm diametrdə, 1 ədəd vələs cinsindən 40 sm diametrdə, 1 ədəd vələs cinsindən 44 sm diametrdə, 1 ədəd vələs cinsindən 44 sm diametrdə olmaqla ümumilikdə 14 ədəd köküstə yaş ağacları aidiyyəti dövlət orqanlarının müvafiq icazəsi olmadan markası istintaqa məlum olmayan motorlu mişarla qanunsuz olaraq torpağa bitişik kök boğazından kəsməklə 15 saylı Regional X3 ümumilikdə 1157,39 manat məbləğində maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilmiş və ifadə verərək göstərmişdir ki, yaşadığı Oğuz rayonu Muxas kəndinin ətrafında meşə ərazisi vardır. Özü heç bir yerdə işləmədiyinə görə meşə ərazisindən ağac kəsərək satmaq qərarına gəlmişdir. Bu məqsədlə xx.xx.2023-cü il tarixdə təxminən saat 12 radələrində yanacaqla işləyən “motopila” götürərək həmin əraziyə getmiş, yanmış ərazidən yerə yıxılmış ağacları doğramış və həmin gün saat 19 radələrində Şəki rayonundan İlkin adlı şəxsdən icarəyə götürdüyü “UAZ” markalı maşına yükləyib gətirən zaman meşə gözətçisi onu saxlamışdır. Meşə gözətçisi ağac kəsdiyi üçün ona iradını bildirəndə, ona yanmış ərazidə olan yerə yıxılmış 2 ədəd ağacı doğradığını, ağacları satmaq məqsədi ilə doğradığını və əməlindən peşman olduğunu bildirmişdir. Belə ki, əvvəl meşəyə gedib ağacları doğramış, sonra təxminən saat 19 radələrində maşınla gətirməyə getmişdir. “Motopila” hazırda evdədir, işlək vəziyyətdə deyil. Doğradığı ağacları gətirməyə Emil adlı şəxslə getmişdir. Emil ağac kəsəndə orada olmayıb. Ərazi dağlıq olduğundan Emil odunları dağdan tökməyə və “UAZ”a yükləməyə kömək edib. Ona 20-30 manat fəhlə pulu verməli idi. “UAZ”-a 14 ədəd “girdın”(kötük) yığmışdır. Odunun ölçüsü təxminən 1,5 kubmetr olardı.1 kubmetr odunun qiyməti 80 manatdır. Həmin ərazi yanmış ərazidir, yarı-yaş ağaclar var idi. Cəmi iki ədəd ağac kəsmişdir. Digər ağacları kimin kəsdiyini bilmir. Əvvəllər də meşə ərazisindən ağac kəsib, ancaq icazə bileti olub. Bu dəfə icazə bileti olmayıb. Meşə ərazisindən 14 ədəd deyil, yanmış ərazidən yerə yıxılmış cəmi 2 ədəd ağac kəsmişdir və buna görə də cəza çəkməyə hazırdır. Qeyd etdiyi halların nəzərə alınmasını xahiş etmişdir Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin və mülki iddiaçının nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti 15 saylı Regional X2 baş mütəxəssisi-hüquqşünası vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə 15 saylı Regional X2 əməkdaşları tərəfindən meşə ərazisinə baxış keçirilərkən Oğuz rayonu Muxas kənd sakini Təqsirləndirilən şəxs tərəfindən 14 ədəd köküstə ağacın qanunsuz olaraq kəsildiyi aşkar edilmişdir. Onun qanunsuz əməli nəticəsində X3 1157 manat 39 qəpik maddi ziyan dəymişdir. Bu barədə rəsmi sənədlər toplanmış və qanuni qərar qəbul edilməsi üçün Oğuz Rayon Polis Şöbəsinə müraciət edilmişdir. Təqsirləndirilən şəxs tərəfindən 1 ədəd fıstıq cinsindən 40 sm diametrdə, 1 ədəd fıstıq cinsindən 56 sm diametrdə, 2 ədəd ağcaqayın cinsindən 36 sm diametrində, 3 ədəd ağcaqayın cinsindən 40 sm diametrində, 1 ədəd ağcaqayın cinsindən 56 sm diametrində, 4 ədəd vələs cinsindən 40 sm diametrində, 2 ədəd vələs cinsindən 44 sm diametrində olmaqla ümumilikdə 14 ədəd köküstə yaş ağaclar kəsilmişdir. Hümbət Muxas kəndi ərazisində “UAZ” markalı avtomobilin yük yerində doğranmış ağacları daşıyarkən əməkdaşlar tərəfindən saxlanılıb. Maddi ziyanlığı mühəndislər Nazirlər Kabinetinin 30 saylı qərarına əsasən hesablayıblar. 1157 manat 39 qəpik maddi ziyanlıq 14 ədəd ağacın ziyanlığıdır. 2 ədəd ağacın materialları Mərkəzin saxlanc yerindədir. Digər kəsilmiş ağacların hara aparıldığı məlum deyil. xx.xx.2024-cü il tarixli mülki iddiaya əsasən dəymiş ziyanın təqsirləndirilən şəxsdən tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, Meşələrin İnkişafı Xidməti 15 saylı Regional X2 04 saylı meşə dolayının meşə gözətçisi vəzifəsində işləyir. Muxas kəndi ərazisində yerləşən meşə ərazisinə meşə gözətçisi kimi müvəqqəti təhkim edilmişdir. xx.xx.2023-cü il tarixdə ərazidə olarkən axşam saatlarında “UAZ” markalı avtomobilin meşə yolu ilə dağa qalxdığını görmüşdür. Bununla bağlı Meşələrin İnkişafı Xidməti 15 saylı Regional X2 Daşağıl meşəbəyliyinin “meşəbəyi” vəzifəsində işləyən Şahid2 məlumat vermişdir. Eyni zamanda 102 xidmətinə zəng edərək əraziyə polis göndərilməsini xahiş etmişdir. Polis əraziyə gələnə qədər “UAZ” markalı avtomaşın dağdan aşağı düşmüşdür. Avtomaşını saxlatdırmış, yük yerinə odun yığıldığını və sürücünün Hümbət olduğunu görmüşdür. Ondan odunları haradan kəsdiyini və bunun üçün müvafiq icazəsinin olub-olmadığını soruşmuşdur. O cavabında heç kimdən icazə almadığını bildirərək özünə haqq qazandırmağa çalışmışdır. Sonra akt tərtib edərək doğranmış ağacları X2 Oğuz şəhərində yerləşən nümayəndəliyinin həyətinə gətirmişlər. “UAZ” markalı avtomaşının dağa qalxıb ordan aşağı düşməsi təxminən 1 saat çəkmişdir. Dağ yoluna “şlaqbaun” qoymuşdu. Hümbət qıfılı qırıb keçmişdi. Ağacların hamısını Hümbətin kəsdiyini deyə bilməz, ancaq kəsilmiş ağaclar həmin ərazidən aşkar edilib və ağacların cinsləri də eynidir. Ehtimal olunur ki, ağacların hamısını (13-14 ədəd) Hümbət kəsib. Onu ağac gətirəndə bir dəfə görüb. Əraziyə baxış keçirəndə iştirak edib. Maşında aşkar edilən ağaclar müxtəlif cinsli idi. Onun ağac kəsdiyini şəxsən görməmişdir. Aşkar edilən ağaclar “işlik” material idi. Avtomaşını saxlayanda akt tərtib etmişlər. Maşında 14 ədəd “girdın” var idi. Ağaclar kəsilən əraziyə sabahı gün sahə rəisi Balabəylə gedib baxmışlar. Ağaclar kəsilən ərazi “Samağar” dərəsi adlanır, ağaclar hamısı eyni vaxtda kəsilib. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, Meşələrin İnkişafı Xidməti 15 saylı Regional X2 Daşağıl meşəbəyliyində “meşəbəyi” vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə axşam saatlarında Muxas kəndi ərazisində yerləşən meşə ərazisinə meşə gözətçisi kimi müvəqqəti təhkim edilmiş Şahid1 zəng edərək ərazidə “UAZ” markalı avtomobilin meşə yolu ilə dağa qalxdığını bildirmişdir. Dərhal əraziyə yollanmışdır. “UAZ” markalı avtomaşın dağdan aşağı düşən zaman onu saxlamışlar. Maşının yük yerinə odun yığıldığını və sürücünün əvvəldən tanıdıqları Hümbət olduğunu görmüşdür. Ondan odunları haradan kəsdiyini və bunun üçün müvafiq icazəsinin olub-olmadığını soruşmuşlar. O cavabında heç kimdən icazə almadığını bildirərək özünə haqq qazandırmağa çalışmışdır. Sonra akt tərtib edərək doğranmış ağacları X2 Oğuz şəhərində yerləşən nümayəndəliyinin həyətinə gətirmişlər. Qaranlıq olduğuna görə ağaclar kəsilən yerə sabahı gün getmişlər. Ağaclar kəsilən əraziyə Elmidar və Vüqarla birlikdə getmişlər. Ağacların hamısını Hümbətin kəsdiyini deyə bilmir, şəxsən onu ağac kəsəndə görməyib. Ərazidən 14 ədəd ağac kəsilib. Onu ağac gətirəndə bir dəfə görüb. Kəsilmiş ağaclar həmin ərazidən aşkar edilib və ağacların cinsləri də eynidir. Ehtimal olunur ki, ağacları Hümbət kəsib. Həmin əraziyə maşının təkər izi ilə getmişlər. Əraziyə gedəndə Hümbətə də xəbər vermişlər, lakin o demişdir ki, “xəstəm var, gedə bilmirəm”. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X1 ifadəsində göstərdiklərinə əsasən Hümbət bir gün qabaq ona demişdir ki, “sabah meşədən odun doğramağa mənə kömək edərsən”. Sabahı gün saat 10:00-da “Samağar dağı” adlanan əraziyə yollanmışlar. Ağacın biri aşmışdı, həmin ağacı və bir də başqa bir ağacı doğramışlar-cəmi 14 ədəd “girdın” olmuşdur. Həmin “girdınları” dağdan aşağı tullamış, sonra evə çörək yeməyə getmişlər. Təxminən 19 radələrində “UAZ”- la ağacları gətirməyə getmişlər. O, fəhlə kimi getmişdir, Hümbət ona 15-20 manat pul verəcəkdi.O bir ağacın kəsildiyini görmüşdür, digər ağac yerə yıxılmışdı. Kəsilən ağacın diametri təxminən 40-45 sm. olardı. 1 “reys” təqribən 150 manatlıq material gətirmişlər. Doğranmış ağacları gətirəndə onları meşə işçiləri və polislər saxlamışlar. “Qazel” markalı yük avtomobili çağırmışlar. “Girdınlar”ı həmin maşına yükləmişlər, sonra meşə idarəsinin saxlanc yerinə aparmışlar. “Qazel” markalı yük avtomobilinin kimə məxsus olduğunu bilmir. Əvvəl Hümbəti, sonra onu zəng edib polis şöbəsinə çağırmışlar. Polis şöbəsində hadisə necə olubsa olduğu kimi izahat vermişdir. Sənədləri imzalamış, təxminən 48 saat sonra onu buraxmışlar. O, fəhlə kimi getmişdir. “Girdınların” diametri təxminən 25-30; 40-45 sm, uzunluğu isə 80 sm. idi. Sonradan meşəyə getməmişdir. 2 ədəd ağac kəsilib, biri yerə aşmış vəziyyətdə olub. Yaxın ərazidə başqa kəsilmiş ağaclar yox idi. Əvvəllər Hümbətlə meşəyə getməmişdir.O, polis şöbəsinə gedəndə üzərində mobil telefon var idi. Binaya daxil olanda növbətçi hissəyə təhvil vermişdir. Polis şöbəsində saxlanıldığı müddətdə ona heç bir təzyiq və təsir olunmayıb. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X5 ifadə verərək bildirmişdir ki, Hümbəti əvvəldən tanıyır, uzaq qohumudur, qonşu kənddəndir. O özü 06 saylı meşə dolayını Şahid1 təhvil götürəndə meşədə müəyyən ərazilər var ki, oranı “damğalayıb” götürməliydi. Meşə ərazisini gəzərkən ona demişlər ki, bu dərəni Hümbət qırıb. Onun məlumatı bu qədər olub. Təhvil-təslim vaxtı izlə ağac kəsilən yerə getmişlər, orada ağacların qalıqlarının bir hissəsi var idi. Ona ağacların kimin qırması maraqlı deyildi, ona əsas ağacları “damğalamaq” lazım idi. Ağacların fotoşəkillərini çəkməyib. Həmin ərazidə 10-dan çox ağac kəsilmişdi, kəsilmiş ağaclar bir-birinə yaxın məsafədəydilər. Vüqarla yerlərini dəyişmişlər. Ona da həmin ərazini müvəqqəti nəzarət eləmək üçün tapşırıblar. Dövlət ittihamçısının vəsatətinə əsasən Şahid2 məhkəmə iclasında təkrar ifadə verərək bildirmişdir ki, maşına baxış keçiriləndə iştirak edib, təqribən 18 ədəd kötük var idi. Ağacların növü fərqliydi, gecə vaxtı ayrıd edə bilməmişdir. İşlərin çoxluğuna görə əraziyə bir neçə gün sonra baxış keçirmişlər. Həmin gündən sonra oradan başqa şəxs ağac kəsməyib. Gözətçi olduğuna görə kəsə bilməzdi.. Kötüklər dağdan aşağı tökülmüşdü, izlə gedib baxmışlar. Maşın izi də bir yerdən idi. Ağaclar kəsilən yerə qalxmılar, 14 ədəd ağac kəsilmişdi. Həmin vaxt kəsilmiş ağacların fotoşəkilləri çəkilib, belə hallarda həmişə çəkilir. İki növ ağac olub, ağcaqayın və fısdıq. “UAZ” markalı maşına 2 kubmetr material yığmaq olar. Dövlət ittihamçısının vəsatətinə əsasən Şahid1 məhkəmə iclasında təkrar ifadə verərək bildirmişdir ki, avtomobilə baxış keçiriləndə iştirak edib, 12-14 ədəd arası kötük var idi. Həmin kötüklər 4-5 ağacın kötüyü ola bilər. Bu ağacın uzunluğundan asılıdır. Yerində baxış keçiriləndə iştirak etməyib. Məhkəmə iş materiallarını nəzərdən keçirib, məhkəmə icraatı zamanı müəyyən edilənlərə əsasən xx.xx.2024-cü il tarixli, 1(054)-09/2024 saylı qərarla iş üzrə məhkəmə-bioloji ekspertizası təyin etmiş, ekspertizasının aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilməklə ekspert rəyi alınanadək cinayət işinin məhkəmə baxış iclası təxirə salınmışdır. Cinayət işi xx.xx.2024-cü il tarixli, 7/1835 saylı ekspert rəyi əlavə edilməklə məhkəməyə daxil olmuşdur. Ekspert rəyi ilə müəyyən edilmişdir ki, təqdim edilmiş akta əsasən 15 saylı RMTM-nin anbarında aşkar edilmiş 16 ədəd girdinin neçə ağacın kəsilməsindən hazırlandığını ağacların kəsildiyi ərazini kol-kos basması və kəsilmiş ağacların kök-boğazının qabıq hissələrinin tökülməsi səbəbindən müəyyən etmək mümkün olmamışdır. Ekspertiza tədqiqatı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli məlumatı və 15 saylı Regional X2 mütəxəssisi tərəfindən tərtib edilmiş 000913 nömrəli akt əsasında aparılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də zərərçəkmiş hüquqi şəxsin və mülki iddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında Dövlət ittihamçısı bildirdi ki, Azərbaycan Respublikasının xx.xx.2024cü il tarixli, 72-VİİQD nömrəli Qanunu ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin “Qeyd” hissəsinin 1-ci və 2-ci bəndlərində edilmiş dəyişikliyə əsasən bu Məcəllənin 259.1-ci və 260.1-ci maddələrində “xeyli miqdar” dedikdə beş min manatdan yuxarı, lakin iyirmi min manatdan artıq olmayan məbləğ başa düşülür. CM-nin 10.3-cü maddəsinə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Göründüyü kimi, qüvvədə olan cinayət qanunvericiliyinə əsasən Təqsirləndirilən şəxs müxtəlif növ ağacları kəsməklə 1157,39 manat məbləğində ziyan vuraraq törətdiyi əməldə hazırki vəziyyətdə cinayət tərkibi yoxdur. Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Qeyd edilənlərə əsasən Təqsirləndirilən şəxs CMnin 259.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ona elan edilmiş ittihamın müdafiəsindən imtina etdiyini bildirdi və cinayət işinin icraatına xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Təqsirləndirilən şəxs məhkəmə iclasında ərizə təqdim edərək cinayət işinin icraatına xitam verilməsinə etirazının olmadığını bildirdi. Təqsirləndirilən şəxsin vəkili Müdafiəçi cinayət işinin icraatına xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə proses iştirakçılarının fikirlrini dinləyib, işin faktiki hallarını nəzərə alaraq aşağıdakıları bildirir. Hazırki cinayət işi üzrə ittiham aktına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə təqsirli bilinərək məhkəməyə verilmişdir, ondan ötrü ki, o, 2023-cü ilin noyabr ayının 16-da saat 12 radələrində meşə fonduna daxil olan 15 saylı Regional X2 Muxas kənd inzibati ərazisində yerləşən meşə ərazidən 1 ədəd fıstıq cinsindən 40 sm diametrdə, 1 ədəd fıstıq cinsindən 56 sm diametrdə, 1 ədəd ağcaqayın cinsindən 36 sm diametrdə, 1 ədəd ağcaqayın cinsindən 36 sm diametrdə, 1 ədəd ağcaqayın cinsindən 40 sm diametrdə, 1 ədəd ağcaqayın cinsindən 40 sm diametrdə, 1 ədəd ağcaqayın cinsindən 40 sm diametrdə, 1 ədəd ağcaqayın cinsindən 56 sm diametrdə, 1 ədəd vələs cinsindən 40 sm diametrdə, 1 ədəd vələs cinsindən 40 sm diametrdə, 1 ədəd vələs cinsindən 40 sm diametrdə, 1 ədəd vələs cinsindən 40 sm diametrdə, 1 ədəd vələs cinsindən 44 sm diametrdə, 1 ədəd vələs cinsindən 44 sm diametrdə olmaqla ümumilikdə 14 ədəd köküstə yaş ağacları aidiyyəti dövlət orqanlarının müvafiq icazəsi olmadan markası istintaqa məlum olmayan motorlu mişarla qanunsuz olaraq torpağa bitişik kök boğazından kəsməklə 15 saylı Regional X3 ümumilikdə 1157,39 manat məbləğində maddi ziyan vurmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsinə görə ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda cinayət nəticəsində vurulmuş ziyanın iki misli miqdarında cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının xx.xx.2024-cü il tarixli, 72-VİİQD nömrəli Qanunu ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin “Qeyd” hissəsinin 1-ci və 2-ci bəndlərində edilmiş dəyişikliyə əsasən bu Məcəllənin 259.1-ci və 260.1-ci maddələrində “xeyli miqdar” dedikdə beş min manatdan yuxarı, lakin iyirmi min manatdan artıq olmayan məbləğ başa düşülür. Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə görə cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Qeyd olunan Məcəllənin 321-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı məhkəmə tərəfindən həll edilən bütün məsələlər üzrə qərar çıxarılır. Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi və ya onun dayandırılması barədə çıxarılan qərarlar ayrıca sənədlər şəklində tərtib edilir və məhkəmənin bütün tərkibi tərəfindən (cinayət işinə təkbaşına baxıldığı halda hakim tərəfindən) imzalanır. Məhkəmə yuxarıda şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, hazırda qüvvədə olan qanunvericiliyə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməli, onun barəsində seçilmiş “başqa yerə getməmək haqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Təqsirləndirilən şəxs əməlində inzibati xəta əlamətlərinin olub-olmadığının müəyyən edilməsi üçün məhkəmənin yekun qərarının surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. İş üzrə məhkəmə icraatı zamanı verilmiş 1157,39 manat mülki iddia tələbinə münasibətdə məhkəmə aşağıdakıları bildirir: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 354-cü maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi, iddianın rədd edilməsi, yaxud iddianın baxılmamış saxlanmasına dair qərarlardan biri əks etdirilir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti 15 saylı Regional X2 mülki iddiasına münasibətdə məhkəmə qeyd edir ki, cinayət işi üzrə cinayət təqibinə xitam verildiyindən qanunvericiliyin tələbinə uyğun olaraq mülki iddia baxılmamış saxlanmaqla hazırki halda Təqsirləndirilən şəxs əməlinin inzibati məsuliyyətə səbəb olması məsələsinə hüquqi qiymət verildikdən sonra sübutlar əlavə edilərək məhkəməyə mülki qaydada iddia ərizəsi ilə müraciət etmək hüququ mülki iddiaçıya izah edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.11, 43.1.2, 356-358, 384-cü maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 259.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs əməlində inzibati xəta əlamətlərinin olub-olmadığının müəyyən edilməsi üçün məhkəmənin yekun qərarının surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti 15 saylı Regional X2 mülki iddiası baxılmamış saxlanmaqla Təqsirləndirilən şəxs əməlinin inzibati məsuliyyətə səbəb olması məsələsinə hüquqi qiymət verildikdən sonra sübutlar əlavə edilərək mülki qaydada məhkəməyə müraciət etmək hüququ mülki iddiaçıya izah edilsin. Qərardan 20 gün müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərar apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdıqdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar