Məhkəmə qərarları › İş №1(054)-20/2023

Oğuz Rayon Məhkəməsi Hökm — İş №1(054)-20/2023

05.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Oğuz rayonu İş № 1(054)-20/2023 05.09.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə 25 avqust 1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən, tamah niyyəti və özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə tanışı Şahid1 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşməklə 03 sentyabr 2022-ci il tarixdə saat 14 radələrində Oğuz rayonu, Yemişənli kəndində yaşayan Zərərçəkmiş şəxs3 təsərrüfatında olan 1 baş, təxminən 80 kq çəkidə 1 il 8 aylıq olan, qızılı rəngli, dişi cinsli iribuynuzlu (inək) heyvanını Oğuz rayonu Tayıflı kəndi ərazisində yerləşən örüş sahəsindən qanunsuz yolla talayaraq zərərçəkmiş şəxsə 500 manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan sonra o, təkrarən eyni niyyətlə, özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə tanışı Şahid1 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşməklə 10 sentyabr 2022-ci il tarixdə saat 15:00 radələrində Oğuz rayonu, Yemişənli kəndində yaşayan Zərərçəkmiş şəxs5 təsərrüfatında olan 1 baş, təxminən 70 kq çəkidə 1 il 5 aylıq olan, ağ rəngli, dişi cinsli iribuynuzlu (inək) heyvanını Oğuz rayonu Tayıflı kəndi ərazisində yerləşən örüş sahəsindən qanunsuz yolla talayaraq zərərçəkmiş şəxsə 440 manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan sonra o, təkrarən eyni niyyətlə, özgənin əmlakını gizli yolla talama məqsədi ilə tanışı Şahid1 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşməklə 17 sentyabr 2022-ci il tarixdə saat 16 radələrində Oğuz rayonu, Yemişənli kəndində yaşayan Zərərçəkmiş şəxs2 təsərrüfatında olan 1 baş, təxminən 190 kq çəkidə 1 yaşında olan, şabalıdı rəngli, dişi cinsli iribuynuzlu (inək) heyvanını sonuncuya məxsus Oğuz rayonu Yemişənli kəndi ərazisində yerləşən xüsusi çəpərlənmiş saxlanc yerinə-bağ sahəsinə qanunsuz daxil olmaqla talayaraq zərərçəkmiş şəxsə 1000 manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan sonra o, təkrarən eyni niyyətlə, özgənin əmlakını gizli yolla talama məqsədi ilə tanışı Şahid1 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşərək 08 oktyabr 2022-ci il tarixdə saat 15 radələrində Oğuz rayonu, Kərimli kəndində yaşayan Zərərçəkmiş şəxs4 təsərrüfatında olan 1 baş təxminən 150 kq çəkidə 2 yaşda olan, boz rəngli, dişi cinsli, boğaz iribuynuzlu (inək) heyvanını sonuncuya məxsus Oğuz rayonu Kərimli kəndi ərazisində yerləşən örüş sahəsindən qanunsuz yolla talayaraq zərərçəkmiş şəxsə 900 manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan sonra o, təkrarən eyni niyyətlə, özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə tanışı Şahid1 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşməklə 29 oktyabr 2022-ci il tarixdə saat 15:00 radələrində Oğuz rayonu, Kərimli kəndində yaşayan Zərərçəkmiş şəxs1 təsərrüfatında olan 1 baş təxminən 70 kq çəkidə 8 aylıq olan, qara rəngli, dişi cinsli iribuynuzlu (dana) heyvanını sonuncuya məxsus Oğuz rayonu Kərimli kəndi ərazisində yerləşən xüsusi çəpərlənmiş saxlanc yerinə-bağ sahəsinə qanunsuz yolla daxil olaraq talayaraq zərərçəkmiş şəxsə 470 manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdi və ifadə verərək bildirdi ki, Şahid1 onun qaynıdır və özünün ehtibarnamə ilə idarə etdiyi “Azsamand” markalı, ** TY *** dövlət qeydiyyat nişanlı avtomobili vardır. 03 sentyabr 2022-ci il tarixdə qaynı Şahid1 ilə birlikdə oğurluq etmək qərarına gəlmişlər və bunun üçün iribuynuzlu heyvan axtarmağa başlamışlar. Onlar Oğuz rayonu Tayıflı kəndi ərazisini gəzərkən orada açıq örüş sahəsində səllim halda gəzən bir neçə iribuynuzlu heyvanın otladığını görmüşlər. O, Mirhüseyn ilə birlikdə həmin gün saat 14 radələrində heyvanlardan təxminən 80 kq çəkidə olan, qızılı rəngli dişi heyvanı tutmuş və həmin heyvanı idarə etdiyi “Azsamand” markalı, ** TY *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sərnişin əyləşən salon hissəsinə mindirmişlər. Belə ki, onlar əvvəldən oğurlayacaqları heyvanı avtomobilə rahat mindirmək üçün arxa oturacağı götürmüşlər. Daha sonra onlar oğurladıqları iribuynuzlu heyvanı həmin günün səhəri Bakı şəhərinə apararaq Maştağa bazarında tanımadıqları şəxsə 730 manata satmışlar. Bundan sonra onlar yenidən Oğuz rayonu, Tayıflı kəndinə qayıtmışlar və yenidən əməllərini davam etdirməyə başlamışlar. 10 sentyabr 2022-ci il tarixdə o, yenidən Mirhüseyn ilə birlikdə Oğuz rayonu, Tayıflı kəndi ərazisində oğurlamaq üçün iribuynuzlu heyvan axtarmağa başlamışdır. Həmin gün saat 15 radələrində Oğuz rayonu, Tayıflı kəndi ərazisində örüş sahəsindən səllim halda otlayan 1 baş təxminən 70 kq çəkidə iribuyynuzlu ağ rəngli dişi heyvanı tutub idarə etdiyi “Azsamand” markalı, ** TY *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sərnişin əyləşən salonuna mindirmişlər, daha sonra oğurladıqları heyvanı həmin günün səhəri Bakı şəhərinə apararaq Maştağa bazarında tanımadıqları şəxsə 570 manata satmışlar.17 sentyabr 2022-ci il tarixdə onlar eyni üsulla Oğuz rayonu, Yemişənli kəndi ərazisinə gələrək oğurlamaq üçün iribuynuzlu heyvan axtarmışlar. Həmin vaxt qeyd edilən ərazidə kənarları bağlı baş sahəsində 2 baş iribuynuzlu heyvanın otladığını görmüşlər. Onlar bağ sahəsinə daxil olaraq həmin heyvanlardan 1 baş təxminən 180 kq çəkidə, şabalıdı rəngli, dişi cinsli iribuynuzlu heyvanı həmin gün saat 16 radələrində bağ sahəsindən çıxartdaraq idarə etdiyi Azsamand markalı, ** TY *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sərnişin əyləşən salonuna mindirmişlər və həmin günün səhəri oğurladıqları heyvanı Bakı şəhərinə apararaq Maştağa bazarında tanımadıqları şəxsə 600 manata satmışlar. 08 oktyabr 2022-ci il tarixdə o, eyni üsulla Mirhüseyn ilə birlikdə Oğuz rayonu Kərimli kəndi ərazisinə gəlmiş və oğurlamaq üçün iribuynuzlu heyvan axtarmağa başlamışlar. Həmin vaxt onlar Oğuz rayonu, Kərimli kəndi ərazisində 3 baş iribuynuzlu heyvaının sahibsiz halda otladığını görmüşlər. Qeyd edilən tarixdə saat 15 radələrində həmin heyvanlarından 1 baş, təxminən 150 kq çəkidə, boz rəngli dişi cinsli heyvanı tutub idarə etdiyi Azsamand markalı, ** TY *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sərnişin əyləşən salonuna mindirmişlər və oğurladıqları iribuynuzlu heyvanı həmin günün səhəri Bakı şəhərinə apararaq Maştağa bazarında tanımadıqları şəxsə 1075 manata satmışlar. 29 oktyabr 2022-ci il tarixdə o, Mirhüseyn ilə birlikdə Oğuz rayonu Kərimli kəndi ərazisinə oğurluq etmək üçün gəlmiş və həmin kənd ərazisində kənarları bağlı olan bağ sahəsində 2 baş iribuynuzlu heyvaının sahibsiz halda otladığını görmüşlər. Onlar həmin gün saat 15 radələrində bağ sahəsinə daxil olaraq heyvanlarından 1 baş təxminən 70 kq çəkidə, qara rəngli, dişi cinsli heyvanı tutub bağ sahəsindən kənara çıxartdaraq idarə etdiyi Azsamand markalı, ** TY *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sərnişin əyləşən salonuna mindirmişlər və oğurladıqları iribuynuzlu heyvanı həmin günün səhəri Bakı şəhərinə apararaq Maştağa bazarında tanımadıqları şəxsə 600 manata satmışlar. Maddi vəziyyəti aşağı olduğu üçün oğurluq etmiş, yuxarıda sadaladığı oğurluq hadisələrindən başqa heç yerdən oğurluq etməmiş, oğurluq hadisələrini Şahid1 ilə birlikdə etmiş və əldə etdikləri gəliri Mirhüseyn ilə bölərək öz ehtiyacarı üçün xərclədiyini bildirmişdir. Oğurluq etmələrindən heç kimin məlumatı olmayıb, oğurladıqları heyvanları satdıqları şəxslərə heyvanın oğurluq olması barədə heç bir məlumat verməmişlər, oğurladıqları heyvanların sahiblərini tanımayıblaı, onlarla araıarında ədavət və düşmənçilik olmamışdır. Polisdən qorxduğu üçün polisin çağırışlarına gəlməmişdir, lakin oğurluq nəticəsində zərərçəkən şəxslərə dəymiş zərərin ödənilməsində yaxından iştirak etmişdir. İlk dəfədir ki, cinayət törədir. Zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələbi yoxdur. xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Abşeron rayonu, Xırdalan şəhəri ərazisində olarkən polis əməkdaşları ona yaxınlaşaraq oğurluq hadisələrində şübhəli olduğunu bildirib onu Oğuz RPŞ-nə gətirmiş, polis şöbəsində onu vəkilin iştirakı ilə dindirərkən etdiyi oğurluq hadisələrini etiraf etmişdir. Etdiyi əməldən peşmandır. Ailə vəziyyəti çox ağırdır. 2013-cü ildə atası anasını və gəlinini, yəni onun qardaşının arvadını öldürmüş, hazırda ömürlük həbsdədir. Bakı şəhəri Şüvəlan qəsəbəsində yerləşən evləri qardaşı tərəfindən satılmış, hazırda qeydiyyatsız Abşeron rayonu, Xırdalan şəhəri Quşçuluq massivində krayədə yaşayırlar. 2010, 2013 və 2014-cü il təvəllüdlü üç övladı var. Oğlu Sübhan ağır xəstədir, həm qan xəstəliyindən əziyyət çəkir, həm də gözlərindən cərrahiyyə əməliyyatı olunmalıdır.Kiçik qızı Gülnarəyə doğum şəhadətnaməsi almayıblar.Evə qazanc gətirən yeganə şəxsdir. Qeyd edilən halları, himayəsində azyaşlı uşaqlarının olmasını, Sübhan adlı uşağının ağır xəstəlikdən əziyyət çəkdiyini cəza təyin edilən zaman nəzərə almağı və ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini törətməsi onun özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxslərin ifadələri, iş materialları və məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Zərərçəkmiş şəxs1 məhkəmə iclasında ifadə verərək bildirdi ki, təsərrüfatında olan iki baş iribuynuzlu heyvanları hər gün yaşadığı Oğuz rayonu Kərimli kəndi ərazisində yerləşən özünə məxsus bağ sahəsinə otarmağa buraxmış və arabir heyvanlara nəzarət etmişdir. 29 oktyabr 2022-ci il tarixdə həmişəki qaydada iribuynuzlu heyvanları (inək) bağ sahəsinə otarmağa buraxmış və həmin gün saat 15 radələrində heyvanlara nəzarət edərkən onlardan bir başının yerində olmadığını görmüşdür. Heyvanların 1 başının oğurlandığını bildiyi üçün bu barədə Oğuz RPŞ-yə ərizə ilə müraciət etmişdir. Sonradan ona məlum olmuşdur ki, ona məxus bir baş iribuynuzlu (inək) heyvanı özünə məxsus bağ sahəsindən Şahid1 və onun qohumu Təqsirləndirilən şəxs tərəfindən ona məxsus bağ sahəsindən oğurlanmışdır. Ona məxsus heyvanın cinsi dişi, rəngi qara, çəkisi 70 kiloqram olmaqla 8 aylıq dana olmuş, həmin heyvan Oğuz rayonu Kərimli kəndi ərazisində yerləşən özünə məxsus bağ sahəsindən oğurlanmış, baş vermiş oğurluq hadisəsi nəticəsində ona 700 manat maddi ziyan dəymişdir. Heyvanı oğurlayan şəxsləri, yəni Şahid1 və Təqsirləndirilən şəxs əvvəllər tanımayıb, onlarla arasında ədavət və düşmənçiliyi olmayıb. Ona dəymiş maddi ziyan məbləği tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxslə barışmışdır. Hazırda ondan heç bir şikayət və tələbi yoxdur. Bu barədə ərizəni məhkəməyə təqdim etmişdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs4 məhkəmə iclasında ifadə verərək bildirdi ki, təsərrüfatında olan 3 baş iribuynuzlu heyvanları hər gün yaşadığı Oğuz rayonu, Kərimli kəndi ərazisində yerləşən özünə məxsus bağ sahəsinə otarmağa buraxmış, günorta saatlarında heyvanları su içməsi üçün bağdan çıxarıb su kəmərinin yanına səllim buraxmış və arabir heyvanlara nəzarət etmişdir. 08 oktyabr 2022-ci il tarixdə səhər saatlarında həmişəki qaydada iribuynuzlu heyvanları (inək) bağ sahəsinə otarmağa buraxmış və həmin gün günorta saatlarında heyvanları bağdan çıxarıb su kəmərinin yanına su içmək üçün səllim buraxmışdır. Həmin gün sonradan heyvanlara nəzarət edərkən onlardan bir başının yerində olmadığını görmüşdür. Həmin heyvanın naməlum istiqamətdə getdiyini zənn etdiyi üçün heyvanı kənd ərazisində axtarmışdır, lakin itmiş zənn etdiyi həmin heyvanı axtarıb tapa bilmədiyi üçün heyvanın oğurlandığını başa düşmüş və bir müddət sonra 1 baş iribuynuzlu heyvanının naməlum şəxslər tərəfindən oğurlanması barədə Oğuz RPŞyə ərizə ilə müraciət etmişdir. Sonradan ona məlum olmuşdur ki, ona məxus bir baş iribuynuzlu (inək) heyvanı Şahid1 və onun qohumu Təqsirləndirilən şəxs tərəfindən Oğuz rayonu, Tayıflı kəndi ərazisindən oğurlanmışdır. Həmin heyvanın cinsi dişi, rəngi boz, çəkisi 150 kiloqram olmaqla 2 illik inək olmuşdur. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona 1500 manat maddi ziyan dəymişdir. Heyvanı oğurlayan şəxsləri, yəni Şahid1 və Təqsirləndirilən şəxs əvvəllər tanımayıb, onlarla arasında ədavət və düşmənçilik olmamışdır. Ona dəymiş maddi ziyan məbləği tam şəkildə aradan qaldırılmışdır. Hazırda onun həmin şəxslərdən heç bir şikayəti və tələbi yoxdur. Bu barədə ərizəni məhkəməyə təqdim etmişdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs2 məhkəmə iclasında ifadə verərək bildirdi ki, təsərrüfatında 6 baş iribuynuzlu heyvanı olmuşdur, həmin heyvanlardan 2 başını hər gün yaşadığı Oğuz rayonu, Yemişənli kəndi ərazisində yerləşən, özünə məxsus bağ sahəsinə otarmağa buraxmiş və arabir heyvanlara nəzarət etmişdir. 17 sentyabr 2022-ci il tarixdə saat 16 radələrində həmişəki qaydada iribuynuzlu heyvanları-yəni inəkləri bağ sahəsinə otarmağa buraxmış və həmin gün heyvanlara nəzarət edərkən onlardan bir başının yerində olmadığını görmüşdür. Heyvanın bağdan çıxaraq naməlum istiqamətdə getdiyini zənn etdiyi üçün heyvanı kənd ərazisində axtarmışdır. Lakin itmiş zənn etdiyi həmin heyvanı axtarıb tapa bilmədiyi üçün heyvanın oğurlandığını başa düşmüş və bir müddət sonra 1 baş iribuynuzlu heyvanının naməlum şəxslər tərəfindən oğurlanması barədə Oğuz RPŞ-yə ərizə ilə müraciət etmişdir. Sonradan ona məlum olmuşdur ki, ona məxus bir baş iribuynuzlu heyvanını özünə məxsus bağ sahəsindən Şahid1 və onun qohumu Təqsirləndirilən şəxs oğurlamışlar. Həmin heyvanın cinsi dişi, rəngi şabalıdı, çəkisi 190 kiloqram olmaqla 1 illik inək olmuşdur. Heyvan Oğuz rayonu, Yemişənli kəndi ərazisində yerləşən, özünə məxsus bağ sahəsindən oğurlanmışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona 1000 manat maddi ziyan dəymişdir. Heyvanını oğurlayan şəxsləri, yəni Şahid1 və Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır, onlarla arasında ədavət və düşmənçiliyi olmamışdır. Ona dəymiş maddi ziyan məbləği həmin şəxslər tərəfindən tam şəkildə ödənilmişdir. Hazırda onun təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur. Bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs5 məhkəmə iclasına gəlməmiş, məhkəməyə göndərdiyi teleqramda ona dəymiş maddi ziyanın ödənildiyini və təqsirləndirilən şəxsdən şikayətinin olmadığını bidirmişdir. Digər Zərərçəkmiş şəxs3 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Şahid1 məhkəmə iclasında şahid qismində ifadə verərək bildirdi ki, Təqsirləndirilən şəxs yeznəsidir, onun ehtibarnamə ilə idarə etdiyi “Azsamand” markalı, ** TY *** dövlət qeydiyyat nişanlı avtomobili var. 03 sentyabr 2022-ci il tarixdə yeznəsi Təqsirləndirilən şəxsla birlikdə oğurluq etmək qərarına gəlmiş və bunun üçün iribuynuzlu heyvan axtarmağa başlamışlar. Onlar Oğuz rayonu, Tayıflı kəndi ərazisini gəzərkən orada açıq örüş sahəsində səllim halda gəzən bir neçə iribuynuzlu heyvanın otladığını görmüşlər. O, Fuadla birlikdə həmin gün saat 14 radələrində heyvanlardan təxminən 80 kq çəkidə olan, qızılı rəngli, dişi heyvanı tutmuş və həmin heyvanı Fuadın idarə etdiyi “Azsamand” markalı, ** TY *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sərnişin əyləşən salon hissəsinə mindirmişlər. Belə ki, onlar əvvəldən oğurlayacaqları heyvanı avtomobilə rahat mindirmək üçün avtomobilin arxa oturacağını götürmüşlər. Daha sonra onlar oğurladıqları iribuynuzlu heyvanı həmin günün səhəri Bakı şəhərinə apararaq Maştağa bazarında tanımadıqları şəxsə 730 manata satmışlar. Bundan sonra yenidən Oğuz rayonu, Tayıflı kəndinə qayıtmışlar və yenidən əməllərini davam etdirməyə başlamışlar. 10 sentyabr 2022-ci il tarixdə o, yenidən Fuadla birlikdə yaşadığı kənd ərazisində oğurlamaq üçün iribuynuzlu heyvan axtarmağa başlamışdır. Həmin gün saat 15 radələrində Oğuz rayonu, Tayıflı kəndi ərazisində örüş sahəsindən səllim halda otlayan 1 baş təxminən 70 kq çəkidə iribuyynuzlu ağ rəngli dişi heyvanı tutub Fuadın idarə etdiyi “Azsamand” markalı, ** TY *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sərnişin əyləşən salonuna mindirmişlər, daha sonra oğurladıqları heyvanı həmin günün səhəri Bakı şəhərinə apararaq Maştağa bazarında tanımadıqları şəxsə 570 manata satmışlar. 17 sentyabr 2022-ci il tarixdə onlar eyni üsulla Oğuz rayonu, Yemişənli kəndi ərazisinə gələrək oğurlamaq üçün iribuynuzlu heyvan axtarmışlar. Həmin vaxt qeyd edilən ərazidə kənarları bağlı bağ sahəsində 2 baş iribuynuzlu heyvanın otladığını görmüşlər. Onlar bağ sahəsinə daxil olaraq həmin heyvanlardan 1 baş təxminən 180 kq çəkidə, şabalıdı rəngli, dişi cinsli iribuynuzlu heyvanı həmin gün saat 16 radələrində bağ sahəsindən çıxararaq Fuadın idarə etdiyi Azsamand markalı, ** TY *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sərnişin əyləşən salonuna mindirmişlər və həmin günün səhəri oğurladıqları heyvanı Bakı şəhərinə apararaq Maştağa bazarında tanımadıqları şəxsə 600 manata satmışlar. 08 oktyabr 2022-ci il tarixdə o, eyni üsulla Fuadla birlikdə Oğuz rayonu Kərimli kəndi ərazisinə gəlmiş və oğurlamaq üçün iribuynuzlu heyvan axtarmağa başlamışlar. Həmin vaxt onlar Oğuz rayonu, Kərimli kəndi ərazisində 3 baş iribuynuzlu heyvaının-inəyin sahibsiz halda otladığını görmüşlər. Qeyd edilən tarixdə saat 15 radələrində həmin inəklərdən 1 baş, təxminən 150 kq çəkidə, boz rəngli dişi cinsli heyvanı tutub Fuadın idarə etdiyi Azsamand markalı, ** TY *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sərnişin əyləşən salonuna mindirmişlər və oğurladıqları iribuynuzlu heyvanını həmin günün səhəri Bakı şəhərinə apararaq Maştağa bazarında tanımadıqları şəxsə 1075 manata satmışlar. 29 oktyabr 2022-ci il tarixdə o, Fuadla birlikdə Oğuz rayonu Kərimli kəndi ərazisinə oğurluq etmək üçün gəlmiş və həmin kənd ərazisində kənarları bağlı olan bağ sahəsində 2 baş iribuynuzlu heyavının sahibsiz halda otladığını görmüşlər. Onlar həmin gün saat 15 radələrində bağ sahəsinə daxil olaraq heyvanlarından 1 baş təxminən 70 kq çəkidə, qara rəngli, dişi cinsli heyvanı tutub bağ sahəsindən kənara çıxararaq Fuadın idarə etdiyi Azsamand markalı, ** TY *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sərnişin əyləşən salonuna mindirmişlər və oğurladıqları iribuynuzlu heyvanı həmin günün səhəri Bakı şəhərinə apararaq Maştağa bazarında tanımadıqları şəxsə 600 manata satmışlar. Maddi vəziyyətləri aşağı olduğu üçün oğurluq etmişlər. Sadaladığı oğurluq hadisələrindən başqa heç yerdən oğurluq etməyiblər. Oğurluq hadisələrini Təqsirləndirilən şəxsla birlikdə etmiş və əldə etdikləri gəliri Fuadla bölərək öz ehtiyacarı üçün xərcləmişlər. Oğurluq etmələrindən heç kimin məlumatı olmamışdır. Oğurladıqları heyvanları satdıqları şəxslərə heyvanın oğurluq olması barədə heç bir məlumat verməmişlər. Zərərçəkmiş şəxslərə dəymiş ziyanı Fuadla birlikdə ödəmişlər. Məhkəmə iclasında Şahid3 ifadə verərək bildirdi ki, hazırda Oğuz rayon Polis şöbəsində Kiber cinayətlərə qarşı mübarizə qrupunda baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs əvvəllər tanımayıb, şöbədə ibtidai istintaqı aparılan cinayət işi ilə əlaqədar Təqsirləndirilən şəxs axtarışa verilmiş və yerinin müəyyən edilərək istintaq qrupuna təhvil verilməsi üçün əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir.Onun tapılaraq İstintaq qrupuna təhvil verilməsi üçün xx.xx.2023-cü il tarixdə CAB əməliyyat müvəkkili Şahid2 və İTB-nin sahə polis nəfəri Şahid4lə birlikdə Bakı şəhərinə ezam olunmuşlar. Qeyd edilən tarixdə Abşeron rayonu ərazisində Təqsirləndirilən şəxs yerini müəyyən edərək onu saxlamış və Oğuz RPŞ-nə gətirmişlər. Şöbədə Təqsirləndirilən şəxs qaynı Şahid1 ilə birlikdə Oğuz rayonu, Yemişənli, Kərimli və Tayıflı kəndləri ərazisindən etdikləri oğurluq hadisələrini etiraf etmişdir. Məhkəmə iclasında Şahid4 Şahid3 ifadəsinə uyğun ifadə vermişdir. Şahid2 ibtidai istintaqda verdiyi və məhkəmə iclasında elan edilən eyni məzmunlu ifadəsi ilə də Təqsirləndirilən şəxs təsvir olunan cinayət əməli təsdiq olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 30 dekabr 2022-ci il tarixli, 9/8208 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən iribuynuzlu heyvanların (qaramal) 2022-ci ilin sentyabr-oktyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 3310 manat müəyyən olunur. (cild 1, iş vərəqə 212- 215). Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2 iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan xx.xx.2023-cü il tarixli ərizələrindən və Zərərçəkmiş şəxs5 həmin tarixdə məhkəməyə daxil olmuş teleqramından görünür ki, zərərçəkmiş şəxslərə dəymiş maddi ziyan tam olaraq ödənilmiş, zərərçəkmiş şəxslər təqsirləndirilən şəxslə barışmış, ondan şikayət və tələbləri yoxdur. Oğuz Rayon İcra Hakimiyyəti Başçısının Padar İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan xx.xx.2023-cü il tarixli, 5-68-15/1- 41/2023 saylı məktubundan və ölüm haqqında AZ-İİ 357807 saylı şəhadətnamənin surətindən görünür ki, Zərərçəkmiş şəxs3 xx.xx.2023-cü il tarixdə ölmüşdür. Zərərçəkmiş şəxs3 iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, Şahid1 və Təqsirləndirilən şəxs tərəfindən ona dəyən ziyanlıq tam ödənildiyindən onları bağışlamış, onlarla barışmış, onlardan heç bir şikayət və tələbi yoxdur. (cild 1, iş vərəqə 182). İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan tələbnaməyə Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli cavabından görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs barədə heç bir məlumat yoxdur. (cild 1, iş vərəqə 178-179). Azərbaycan Respublikası Abşeron rayonu 4 saylı MTİİTS-nin iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan xx.xx.2023-cü il tarixli, 2800 nömrəli arayışından və həmin tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri-arvadı X1, oğlanları 2010-cu il təvəllüdlü Bayramov Sübhan və 2013-cü il təvəllüdlü Bayramov Elşən, qızı 2014-cü il təvəllüdlü Bayramova Gülnarə ilə birlikdə Abşeron rayonu Xırdalan şəhəri, Quşçuluq massivi, Nəvai küçəsində yerləşən evdə qeydiyyatsız yaşayır. Yaşayış yerindən müsbət xarakterizə olunur. (cild 2, iş vərəqə 68-70) İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan nikah haqqında AZ-İ 594675 saylı şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs və X2 xx.xx.2010-cu ildə nikah bağlamış, bu barədə Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 1011 sayla qeyd edilmiş, nikah bağlandıqdan sonra ər-arvada Bayramov soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan doğum haqqında AZ-İİ 542392 saylı və AZ-İİİ 162441 saylı şəhadətnamələrin surətindən görünür ki, xx.xx.2010-cu il təvəllüdlü Sübhan Bayramovun və xx.xx.2013-cü il təvəllüdlü Elşən Bayramovun atası Təqsirləndirilən şəxs, anası Adıyeva (Bayramova) Xədicə Elşən qızıdır. Milli Hematologiya və Transfuziologiya Mərkəzinin iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan xx.xx.2023-cü il tarixli, 1035 saylı tibbi arayışının surətindən görünür ki, xx.xx.2010-cu il təvəllüdlü X3 idiopatik aplastic anemiya xəstəliyindən əziyyət çəkir. Oğuz Rayon Məhkəməsinin iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan 1(054)-12/2023 saylı hökmündən görünür ki, Şahid1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Şahid1 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması cəzasının bir gününə iki gün hesablanmaqla cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılmış və Şahid1 üzərində qəti olaraq 02 (iki) il 11 (bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. (cild 2, iş vərəqə 37-41) Oğuz rayon İcra və Probasiya şöbəsinin iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan xx.xx.2023-cü il tarixli, 311/02 saylı məlumatından, ona əlavə edilmiş xx.xx.2023-cü il tarixli qərardan və "xxxx" ASC-nin xx.xx.2023-cü tarixli ödəniş qəbzindən görünür ki, Şahid1 1(054)-12/2023 saylı icra sənədi üzrə 50 manat ekspertiza xərcini müvafiq hesaba ödədiyindən həmin icra sənədinə xitam verilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir və o həmin maddələrlə də təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, törətdiyi cinayət əməllərində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən ona təyin ediləcək cəzanın islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri imkanlarını nəzərə alır. Təqsirləndirilən şəxs digər şəxslərə məxsus mal-qaranı gizli olaraq talasa da, onun törətdiyi cinayət əməllərini könüllü olaraq etiraf etdiyini, həmin əmələ görə səmimi peşmançılıq hissləri keçirdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini, özü və cəmiyyət üçün zərərli təsirlərini, bu əmələ görə məsuliyyətini başa düşmüş və öz əməlinə tənqidi yanaşmaqla artıq islah olunmağa başladığını nümayiş etdirmişdir. Məhkəmə qeyd edilən halları və eyni zamanda təqsirləndirilən şəxsin 2010-cu il təvəllüdlü Sübhan adlı uşağının ağır xəstə olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs himayəsində 2010, 2013 və 2014-cü il təvəllüdlü 3 azyaşlı övladının olmasını, zərərçəkmiş şəxslərlə barışmasını və cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq aradan qaldırmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4, 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində Azərbaycan Respublikasının CM-nin 61.1.-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə cinayət və cinayət-prosessual qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərinə əsasən Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən qanunvericiliyin qeyd edilən maddələrinin tələblərini, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməllərində cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halların olmamasını, onun ilk dəfə cinayət törətdiyini, cinayət əməllərini etiraf edib səmimi peşman olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, şəxsiyyətini xarakterizə edən xüsusiyyətləri, təyin ediləcək cəzanın onun islah olunmasına təsiri imkanlarını nəzərə alaraq cəzanın səmərəliliyinə, məqsədəuyğunluğuna və məhkumun islah olunmasına təsirinə nail olmaq üçün hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulan kifayət edən həddə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs axtarışda olan şəxs kimi xx.xx.2023-cü il tarixdə tutulmuş, Oğuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(054)-14/2023 saylı qərarı ilə barəsində 2 ay 18 gün “həbs” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə nəzərə alınmaqla Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) ay 18 (on səkkiz) gün nəzərə alınaraq, ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. İş üzrə 50 manat ekspertiza xərci xx.xx.2023-cü il tarixdə məhkum Şahid1 tərəfindən ödənilmişdir. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351- 353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) ay 18 (on səkkiz) gün həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması cəzasının bir gününə iki gün hesablanmaqla cəmi 5 (beş) ay 6(altı) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 6 (altı) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində olan «həbs» qətimkan tədbiri dəyişdirilərək dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin və hökm icraya yönəldilənədək barəsində « polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilsin. Cəzaçəkmə müddətinin əvvəli İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 3 ünvanında yerləşən evin ərazi hüdudlarını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, Bakı şəhəri və Abşeron rayonu Xırdalan şəhəri ərazisi hüdudlarını cəzaçəkmə müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə 50 manat ekspertiza xərcinin xx.xx.2023-cü il tarixdə məhkum Şahid1 tərəfindən ödənilməsi, mülki iddia və digər məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökmdən 20 gün müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdıqdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar