Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 1(054)-20/2025 01.07.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.2000-ci il tarixdə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmayan,ünvan 1 ünvanında qeydiyyatda olmaqla, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti Şəki Penitensiar müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx.xx.2024-cü il tarixdə taksi kimi idarə etdiyi avtomobilə müştəri qismində minmiş Zərərçəkmiş şəxs Bakı şəhərində hava limanına apararkən sonuncunun keçmiş ərindən uşaqlarını almaq üçün məhkəmədə iddia qaldırması məqsədi ilə vəkil axtardığını bilib yalandan ona tanıdığı vəkil olduğunu bildirmiş və özünün istifadəsində olan 070 *** ** ** saylı nömrəni ona vermişdir. Zərərçəkmiş şəxs sonradan həmin nömrə ilə əlaqə saxlayarkən özünü vəkil kimi təqdim edib yalandan adının İlkin olmasını deyərək sonuncunu aldadıb uşaqlarının məhkəmə vasitəsi ilə keçmiş ərindən alınaraq ona verilməsi məsələsini həll edəcəyini yalandan vəd verməklə bu işin müqabilində 1500 manat pul istəmiş, Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə saat 12:56 dəqiqədə Oğuz şəhər, H.Əliyev küçəsində yerləşən “Kamran market”də olan “PashaPay” ödəmə terminalı vasitəsi ilə adına olan 4169 7385 1736 9223 saylı Kapital Banka aid kart hesabına 300 manat, xx.xx.2024-cü il tarixdə isə ünvan 2 ünvanında yerləşən “Adiloğlu Market”də olan “eManat” ödəmə terminalı vasitəsi ilə yenə eyni kart hesabına 600 manat pulu köçürtdürüb vahid niyyətlə Zərərçəkmiş şəxs ümumilikdə 900 manat pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib dələduzluq etmişdir. Bununla da, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi qənaətinə gəlinmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ifadə verərək bildirdi ki, ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilir. Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, MİDA yaşayış komleksi, bina 4, giriş 131, 3-cü mərtəbə, 4-cü mənzildə arvadı Fəriqə Quliyeva və iki azyaşlı uşağı ilə birlikdə kirayədə yaşayıb və fərdi əmək fəaliyyəti ilə, axşamlar isə icarəyə götürdüyü Toyota markalı, ** LY *** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Kirayə qaldığı mənzilə hər ay 280 manat pul ödəyib, taksi kimi istifadə etdiyi avtomobilə isə gündəlik 30 manat olmaqla hər ay 900 manat pul ödəmişdir. Son zamanlar iş zəif olduğu üçün evin və avtomobilin kirayə pullarını ödəməkdə çətinlik çəkmişdir. Zərərçəkmiş şəxs əvvəllər tanımamış, onunla arasında ədavət və ya düşmənçilik olmayıb. 28 iyul 2024-cü il tarixdə axşam saat 22-23 radələrində Bakı şəhəri Beynəlxalq avtovağzalda dayanıb müştəri gözləyərkən Oğuz rayonundan gələn avtobusdan adını və soyadını sonradan öyrəndiyi Zərərçəkmiş şəxs və bir nəfər türk vətəndaşı olan qohumu düşüb ona yaxınlaşmış və onları hava limanına aparmasını xahiş etmişlər. O, Fəridə və qohumunu 15 manata hava limanına aparmağa razılaşmışdır. Hava limanına gedərkən Zərərçəkmiş şəxs əvvəllər evli olub-boşandığını, hal-hazırda isə türk vətəndaşı ilə evli olduğunu və Türkiyəyə getdiyini, onun keçmiş ərindən uşaqlarını ala bilmək üçün vəkil axtardığını öyrənmiş və pula ehtiyacı olduğundan, həmin şəxslərin də Türkiyəyə getməsi ilə əlaqədar sonradan onu tapa bilməyəcəklərini düşündüyündən onlara tanıdığı yaxşı vəkil olduğunu bildirmiş və onlara özünün 070 *** ** ** nömrəsini vermişdir. Zərərçəkmiş şəxs sabahı gün onun nömrəsinə +**********44 nömrəsindən “Whatsap” proqramı vasitəsi ilə yazmışdır. O, Fəridəyə adını İlkin kimi təqdim etmiş və uşaqlarının məhkəmə yolu ilə ərindən götürüb onun himayəsinə verilməsinə kömək edə biləcəyini yalandan vəd etmiş, bu işin müqabilində isə ondan 1500 manat pul istəmişdir. Fəridə də onunla razılaşmışdır. O, ilk öncə məhkəməyə 30 manat pul keçirilməli olduğunu, digər sənədləşmə işlərinə isə 600 manat pul lazım olduğunu bildirmiş, ilk öncə həmin pulu göndərməsini, qalan pulu isə məsələ həllini tapandan sonra verilməli olduğunu bildirmişdir. Əvvəlcə öz adına olan 4098 5844 5826 6481 nömrəli “Leo Bank”a məxsus kart nömrəsini vermiş, lakin həmin kart qırıldığı üçün sonradan öz adına olan 4169 7385 1736 9223 nömrəli “Kapital Bank”a kart nömrəsini vermişdir. Fəridə 29 iyun 2024-cü il tarixdə həmin karta 300 manat pul köçürərək qəbzin fotoşəklini ona göndərmişdir. O, həmin pulun 150 manatını maşının icarəsinə köçürmə etmiş, qalan hissəsini isə kart vasitəsilə avtomobilə yanacaq alarkən və digər alış-veriş etdiyi zamanı xərcləmişdir. Bundan sonra Fəridə xx.xx.2024-cü il tarixdə yenə də həmin kart hesabına 600 manat pul köçürüb qəbzin fotoşəklini ona göndərmişdir. Həmin pulu elə həmin gün də Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində, “Araz Market”də olan “UNİ bank”ın bankomatından çıxardıb nəğdləşdirmiş və borclarına xərcləmişdir. Zərərçəkmiş şəxs pulu göndərəndən sonra ondan işin nə yerdə olduğunu soruşmuş, o isə Fəridəyə müxtəlif bəhanələr gətirərək məsələni uzatmağa çalışmışdır. Sonradan məhkəmə ilə bağlı Saatlı rayonuna Fəridənin uşaqları ilə görüşməyə getməli olmuş, Fəridəyə onun işi ilə bağlı özündən 200 manat xərclədiyini, Saatlıya getməyə maddi imkanı olmadığını deyib bu adnan da Fəridədən 200 manat istəmişdir. Lakin Fəridə ona qalan pulu iş tam həll olunduqdan sonra verəcəyini bildirmiş və ondan məhkəməyə etdiyi müraciətlə bağlı sənədlərin şəkillərini ona göndərməsini israr etmişdir. O, sənədlərin məhkəmədə olduğunu bəhanə edərək iyul ayının 10-nu göndərəciyini bildirmiş, 09 iyul 2024-cü il tarixdə isə mobil nömrəni bağlamışdır. Sonradan ona məlum olmuşdur ki, Fəridə Oğuz rayon polis şöbəsinə onun barəsində şikayət edib. Polis əməkdaşları qardaşı Hüseyn Quliyevin nömrəsini tapıb onunla əlaqə saxlamış, bu barədə qardaşı ona məlumat vermiş və polis əməkdaşının nömrəsini tapıb özü onlarla əlaqə saxlamış, həmin vaxt polis əməkdaşları onu Oğuz Rayon Polis Şöbəsinə dəvət etmişlər. O özü Oğuz rayon polis şöbəsinə gələrək törətdiyi əməli etiraf etmişdir. Təqsirləndirilən şəxs həmçinin ifadəsində göstərmişdir ki, tutduğu əməldən səmimi peşmandır, Zərərçəkmiş şəxs aldadıb aldığı 900 manat puldan 150 manatını ona qaytarmışdır, qalan 750 manatı hazırda qardaşı Fəridənin istifadəsində olan plastik bank kartına köçürmə etmişdir. O, Fəridədən başqa heç kimi aldadıb pulunu ələ keçirməmişdir. İlk dəfədir ki, ehtiyacı olduğundan bu hərəkətə yol vermişdir. Özünü təqsirli hesab edir. Hazırda zərərçəkmiş şəxslə barışmış, ona dəymiş maddi və mənəvi ziyanı ödəmişdir. Zərərçəkmiş şəxs ondan şikayət və tələbi yoxdur. Qanunvericiliyə uyğun olaraq barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etdi. (Eyni məzmunlu ərizə işə əlavə edilmişdir.) Təqsirləndirilən şəxs yuxarıda təsvir olunan cinayət əməli işin məhkəmə iclasında tədqiq edilən halları ilə aşağıdakı qaydada sübuta yetir. İş üzrə zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, əvvəllər Saatlı rayon sakini X1 ilə ailəli olub ayrılmışdır. Onların birgə nikahdan 09 iyul 2010cu il tarixdə oğlu Ümid İbrahimov, 14 iyul 2012-ci il tarixdə isə Firuzə İbrahimli adlı uşaqları anadan olmuşdur. 20 dekabr 2021-ci il tarixdə Saatlı Rayon Məhkəməsi tərəfindən onunla Namiq İbrahimov arasında Saatlı rayon İcra Hakimiyyəti başçısının Şirinbəy kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində bağlanmış 25 saylı nikah qeydi pozulmuş, birgə nikahlarından anadan olmuş uşaqlar isə ataları Namiq İbrahimova verilmişdir. O, boşanandan sonra valideyinlərinin yanına qayıdaraq ünvan 3 ünvanında yaşamışdır. xx.xx.2023-cü il tarixdə Türkiyə Respublikasında oranın vətəndaşı Şahin Erdal ilə ailə qurub həmin vaxtdan Türkiyə Respublikasının İzmir şəhərinin Bergama ilçəsində yaşamağa başlamışdır. O, 2024-cü ilin iyun ayında Azərbaycan Respublikasına uşaqlarını özü ilə aparmaq məqsədi ilə gəlmişdir. Lakin keçmiş əri Namiq İbrahimov uşaqları ona verməmiş, onları ancaq məhkəmə yolu ilə ala biləcəyini demişdir. Türkiyə Respublikasının vətəndaşlığını almaq ərəfəsində olduğu üçün ora giriş-çıxış etməli olmuş, ona görə də 28 iyun 2024-cü il tarixdə Türkiyə Respublikasına getmək üçün taksi ilə Bakı şəhərində yerləşən hava limanına getmişdir. Həmin vaxt onun yanında ərinin qardaşının gəlini Gülay Şahin olmuşdur. Taksi sürücüsündən tanıdığı vəkil olub-olmadığını soruşmuş və taksi sürücüsü ona 070 *** ** ** nömrəsini verərək vəkil olduğunu bildirmişdir. Həmin gün Türkiyə Respublikasına giriş edib geri qayıtmışdır. Sabahı gün öz istifadəsində olan +**********44 saylı mobil nömrədən “Whatsap” proqramı vasitəsi ilə adının Rəşad olduğunu bildirən taksi sürücüsünün ona verdiyi nömrəyə zəng etmişdir. Həmin şəxs ona adını İlkin kimi təqdim edərək həqiqətən də vəkil olduğunu bildirmişdir. Həmin şəxsə keçmiş ərinin uşaqlarını ona vermədiyini bildirmiş, məhkəmə vasitəsi ilə uşaqlarını götürməyə köməklik göstərməsini xahiş etmişdir. Özünü vəkil kimi təqdim edən şəxs bu işi 900 manata həll edə biləcəyini demiş, o da bununla razılaşmışdır. O, həmin şəxslə yalnız telefon vasitəsilə danışmış, onunla heç vaxt görüşməmişdir. Özünü vəkil kimi, adını isə İlkin kimi təqdim edən şəxs ona 4098 5844 5826 6481 nömrəli bank kartının nömrəsini verərək əvvəlcə 900 manat pulu həmin karta göndərməsini istəsə də sonradan fikrini dəyişərək ona 4169 7385 1736 9223 saylı bank kartının nömrəsini vermiş və pulu həmin karta köçürməyini istəmişdir. O, xx.xx.2024-cü il tarixdə saat 12:56 dəqiqədə Oğuz şəhər, H.Əliyev küçəsində yerləşən “Kamran market”də olan “PashaPay” ödəmə terminalı vasitəsi ilə özünü İlkin kimi təqdim edən şəxsin verdiyi sonuncu hesab nömrəsinə 300 manat, xx.xx.2024-cü il tarixdə isə ünvan 2 ünvanında yerləşən “Adiloğlu Market”də olan “eManat” ödəmə terminalı vasitəsi ilə yenə eyni hesab nömrəsinə 600 manat pul köçürmüşdür. Pulu köçürərkən tək olmuş, yanımda heç kim olmamışdır. Pulu isə Türkiyədən əri “Western Union” vasitəsilə onun adına köçürmüş, həmin pulu Oğuz şəhər Poçtundan götürmüşdür. Sonradan keçmiş əri ilə uşaqların ona verilməsi ilə bağlı razılığa gəlmişdir. Bu barədə özünü vəkil kimi, adını isə İlkin kimi təqdim edən şəxsə zəng vurub vəkilə ehtiyacı olmamasını demiş və 900 manat pulu geri qaytarmasını istəmişdir. Həmin gündən də özünü İlkin kimi təqdim edən şəxs telefonu söndürmüş və onunla əlaqə saxlaya bilməmişdir. Belə olan halda o,xx.xx.2024-cü il tarixdə Oğuz rayon polis şöbəsinə şikayət etmişdir. Polis şöbəsinə şikayət edəndən sonra ona məlum olmuşdur ki, ona özünü vəkil, adını isə İlkin kimi təqdim edən şəxs, o hava limanına gedərkən istifadə etdiyi taksinin sürücüsü Rəşad olub. O, həmin şəxsi əvvəllər tanımamışdır, onu birinci dəfə taksi kimi idarə etdiyi avtomobillə gedərkən görmüşdür, həmin şəxslə aralarında heç bir ədavət və ya düşmənçilik olmayıb. İş üzrə Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı Türkiyə Respublikasında olduğundan məhkəmə iclaslarında iştirak etməmiş, onunla “Whatsap” şəbəkəsi vasitəsi ilə videogörüntülü əlaqə saxlanıldı və o, maddi imkansızlıq səbəbindən məhkəmə proseslərində iştirak edə bilmədiyini bildirdi, ona dəymiş 900 manat maddi ziyanlıqdan 150 manat pulu Rəşadın ona əvvəldən qaytardığını, qalan 750 manat pulu isə hazırki məhkəmə prosesindən bir neçə dəqiqə əvvəl Təqsirləndirilən şəxs qardaşının onunla əlaqə saxlayaraq onun plastik kart hesabına köçürdüyünü bildirdi. Zərərçəkmiş şəxs ona dəymiş maddi ziyan tam ödənildiyindən Təqsirləndirilən şəxslə barışdığını, ondan şikayət və tələbinin olmadığını bildirdi. O, eyni məzmunlu ərizəsini elektron poçt vasitəsi ilə məhkəməyə ünvanladığını da qeyd etdi. Məhkəmə iclasında tədqiq edilən iş materiallarına əlavə edilmiş sənədlərlə də Təqsirləndirilən şəxs sözügedən əməli törətməsi təsdiq edilmişdir. -xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs Oğuz RPİ-nin İB-nin müstəntiqi, polis mayoru, Ələkbər Əsgərov tərəfindən Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (iş vər. 118) -xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir.(iş vər. 137) - Təqsirləndirilən şəxs məhkəmə iclaslarından üzürsüz olaraq yayındığına görə Oğuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(054)-20/2025 nömrəli qərarı ilə axtarış elan edilmiş və onun barəsində seçilmiş “başqa yerə getməmə haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilmişdir. -Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Oğuz RPŞ-nin əməkdaşları tərəfindən tutularaq saxlanılması üçün Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Şəki Penitensiar Müəssisəsinə təhvil verilmişdir. - Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş cinayət işi üzrə yoxlamalara dair tələbnaməyə Azərbaycan Respublikası DİN BƏSİİ-nin xx.xx.2024-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyatsorğu kartotekasında heç bir məlumat yoxdur.(iş vər:142). - Cinayət işinin materiallarına əlavə edilmiş Tərtər rayon Mənzil İstehsalat Təmir İstismar Sahəsindən verilmiş xx.xx.2024-cü il tarixli, 5-78-43/2-27/2024 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1-də qeydiyyatda olsa da həmin ünvanda yaşamır, orada yaşadığı müddətdə onun barəsində sahəyə heç bir şikayət daxil olmamışdır. (iş.vər 149-150) - Cinayət işinin materiallarına əlavə edilmiş Oğuz rayon İHB-nın Oğuz şəhər İƏD üzrə nümayəndəliyindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 5-68-12-537/2024 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Zərərçəkmiş şəxs ünvan 5 ünvanında qeydiyyatda olsa da hal-hazırda Oğuz şəhəri ərazisində yaşamır və müsbət xarakterizə olunur. (iş.vər. 153-154) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Lakin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar mövcud olduğundan o, cinayət məsuliyyətində azad olunmalıdır. Belə ki, zərərçəkmiş şəxs ərizə verərək Təqsirləndirilən şəxs ilə barışdıqlarını, ona dəyən maddi və mənəvi ziyanın tam şəkildə ödənildiyini, ondan şikayət və tələbinin olmadığını bildirmiş, Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmiş, habelə təqsirləndirilən şəxs eyni məzmunlu ərizə təqdim edərək onun barəsində olan işin icraatına xitam verilməsini xahiş etmişdir. Qeyd olunanlarla bağlı məhkəmə cinayət-prosessual qanunvericiliyin aşağıdakı tələblərini nəzərə çatdırır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-in 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-in 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Qeyd olunan Məcəllənin 321-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı məhkəmə tərəfindən həll edilən bütün məsələlər üzrə qərar çıxarılır. Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi və ya onun dayandırılması barədə çıxarılan qərarlar ayrıca sənədlər şəklində tərtib edilir və məhkəmənin bütün tərkibi tərəfindən (cinayət işinə təkbaşına baxıldığı halda hakim tərəfindən) imzalanır. Məhkəmə, iş üzrə təqsirləndirilən şəxsin və zərər çəkmiş şəxsin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olan cinayət törətməsini, zərər çəkmiş şəxslə barışmasını, zərər çəkmiş şəxsə dəymiş ziyanın tamamilə ödənilməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməklə cinayət işinin icraatına bəraətverici əsas olmadan xitam verilməli və Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs”qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalında həbsdən azad edilməlidir. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən “Xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır.” Cinayət işi üzrə xüsusi müsadirə üçün əsaslar müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.1, Cinayət-Prosessual Məcəlləsinin 40.1, 356-358, 384-cü maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs”qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Qərardan 20 gün müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərar apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdıqdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Emin Məmmədli
Məhkəmə qərarları › İş №1(054)-20/2025
Oğuz Rayon Məhkəməsi Qərar — İş №1(054)-20/2025
01.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver