Məhkəmə qərarları › İş №1(054)-21/2025

Oğuz Rayon Məhkəməsi Hökm — İş №1(054)-21/2025

21.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Oğuz rayonu İş № 1(054)-21/2025 21.07.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Məmmədli Emin İlham oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas X2, Zərərçəkmiş şəxs X1, onun nümayəndəsi və vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs, onun müdafiəçiləri Müdafiəçi3 və Müdafiəçi1 iştirakı ilə xx.xx.1973-cü il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək məhkəməyə verilmişdir, ona görə ki, o, tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaqla ələ keçirmək məqsədi ilə 2024-cü ilin fevral ayından həmin ilin iyun ayınadək olan müddət ərzində dostu X1 özünə məxsus **-DR-*** dövlət qeydiyyat nömrəli “Nissan Sunny” markalı avtomobilini ünvan 2 ünvanında yerləşən evinin qarşısında, eləcə də, Oğuz rayonu ərazisində istintaqa məlum olmayan ünvanlarda park etməsindən istifadə edərək, istintaqa məlum olmayan ayrı-ayrı vaxtlarda Vahid Məmmədovun ona olan inamından özünün cinayət əməlini törətmək üçün istifadə edib, həmin avtomobilin açarını müxtəlif bəhanələrlə və ya gizli yolla sonuncudan götürərək avtomobilə daxil olmaqla orada olan Vahid Məmmədova məxsus pul kisəsindən hər dəfə 300, 400, 500, 1100 və sair məbləğlərdə olmaqla ümumilikdə cəmi 20.000,0 (iyirmi min) manat məbləğində pulları vahid niyyətlə gizli yolla talayaraq, zərərçəkmiş şəxs Vahid Məmmədova xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bununla da Təqsirləndirilən şəxs CM-in 177.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsi ilə bağlı ittiham irəli sürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilmədi və ifadəsində bildirdi ki, o, Vahid Məmmədovun avtomobilindən pul oğurlamamışdır. O, arabir Vahidin avtomobilinə daxil olsa da, bu orada telefon, siqaret və s. bu kimi özünə məxsus əşyaların həmin avtomobildə yaddan çıxıb qalması ilə əlaqədar olmuşdur. Məhkəməyə Vahid Məmmədov tərəfindən təqdim edilmiş videogörüntülər Vahid tərəfindən düzgün şərh edilmir. Belə ki, həmin gün o Vahiddən telefon adapterinin harada olduğunu soruşmuş, Vahid isə avtomobilində olduğunu bildirmişdir. O da adapteri Vahidin avtomobilindən götürmüşdür. O, öz avtomobilində toyuq təmizlədiyi üçün avtomobilinin qapılarını və yük yerini açıq qoymuşdur. İstintaq zamanı ona təzyiqlər edildiyindən etirafedici ifadə vermişdir. Elə bu səbəbdən də Vahidə əvvəlcə 20,000 manat, sonra isə kredit götürərək 15,000 manat vermişdir. Vahid polisə təqdim edilmiş 20,000 manatın ona verilmədiyini dediyi üçün o yenidən Vahidə 20,000 manat vermək məcburiyyətində qalmışdır. Qeyd etdikləri nəzərə alınmaqla ona bəraət verilməsini xahiş edir. Zərərçəkmiş şəxs X4 məhkəmə iclasında ifadəsində göstərdi ki, 2024-cü ilin fevral ayından iyul ayınadək olan müddət ərzində tanışı X8 məxsus etibarnamə ilə idarə etdiyi “Nissan sunny minik” markalı **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobilində olan pul kisəsindən 20000 (iyirmi min) manat oğurlanmışdır. Hadisənin törədilməsi ilə bağlı konkret olaraq dostu Təqsirləndirilən şəxs şübhələnir. Belə ki, 2023-cü ilin may ayında İlqar adlı dostu onu Şəki rayonu Göynik kəndində yerləşən fərdi yaşayış evinə qonaq çağırmışdır. İlqarla Rusiya Federasiyasında yaşadığı zaman tanış olmuş, İlqar Rusiya Federasiyasında güllələnmiş və sağalmasında İlqara maddi dəstək göstərmişdir. Həmin gün axşamüstü İlqarın evinə getdikdə Natiqlə tanış olub, dostlaşmışdır. Söhbət əsnasında Natiq ilə İlqara Şəki və yaxud Oğuz rayonu ərazilərində ev almaq və Azərbaycan Respublikasına yerləşmək istədiyini demişdir. Həmin vaxt Natiq ev tapmaqda ona köməklik göstərəcəyini bildirmişdir. Bundan sonra Natiqlə Şəki və Oğuz rayon ərazisində bir çox evə baxmış, ancaq həmin evləri bəyənmədiyi üçün almamışdır. Nəhayət Oğuz rayonu M.Hüseyn küçəsi 122-də yerləşən fərdi yaşayış evini bəyənib, 72000 (yetmiş iki min) manata almışdır. Həmin evi isə öz zövqünə uyğun təmir etdirmişdir. Natiqdə tez-tez həmin evə gəlibgetməyə başlamışdır. Natiqlə yaxın dost olduqdan sonra mütəmadi olaraq pul kisəsindən pullar yoxa çıxmışdır. Belə ki, dəfələrlə 500-400-1000-1100 və sair məbləğlərdə pulu yoxa çıxmışdır. Həmin vaxt Natiqdən şübhələnsə də Natiqə nəsə deməyi ayıb bilmişdir. Çünki Natiqlə dostluq münasibətləri artıq sıxlaşmışdır. Bir dəfə xatırlamadığı tarixdə Natiq avtomobili yarım saatlığına ondan götürmüş və geri qaytardıqda pul kisəsindən pulun azaldığını aşkar etmişdir. Həmçinin dəfələrlə Natiqlə birlikdə Oğuz rayon ərazisində harasa getdikdə, avtomobildən düşüb sonra qayıtdıqda, həmin gün axşam pulunun azaldığını hiss etmişdir. Natiq tez-tez evinə gəlmiş, həmin vaxtı hamamda olarkən avtomobilinə girməsindən şübhələnmişdir. Ona görə də evin hər tərəfinə kamera çəkdirmişdir. Hətta Natiq bir dəfə kameranı söndürmüş, daha sonra yandırmışdır. Bu hərəktədən sonra Natiqin konkret olaraq oğurluq etməsinə şübhələri artmışdır. Natiq xatırlamadığı tarixdə evinə qonaq gəlib-getdikdən sonra kamrealara baxdıqda, o, hamamda olarkən Natiqin açarı stolun üstündən götürüb onun avtomobilinə girib-çıxdığını görmüşdür. Kamerada konkret olaraq Natiqin pul oğurlaması düşməmişdir. Ancaq ondan gizlin Natiqin avtomobilə girməsini başa düşə bilmir. Ona görə də şikayət etmək qərarına gəlmişdir. Həmçinin hadisə nəticəsində ona 53000 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs ona 20000 qaytarmış, qalan pulun qaytarılması barədə notariusda müqavilə bağlamışlar. Onun böyük həcimli pul kisəsi olmuşdur. O, həmin pulları həmişə pul kisəsində saxlamış, pul kisəsi böyük olduğundan heç vaxt üstündə gəzdirməmiş və yaxud evə qoymamış, pul kisəsi həmişə avtomobildə qalmışdır. Axşamlar avtomobili həyətində saxladığı üçün pulu avtomobildən götürməyə ehtiyac duymamışdır. Pul kisəsində isə həmişə ən çoxu 25-30 min manat pul olmuşdur. Zərərçəkmiş şəxs X4 əlavə olaraq bildirdi ki, Təqsirləndirilən şəxs şikayətçidir. Ona ağır cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs X4 nümayəndəsi və vəkili Müdafiəçi2 ifadə verərək göstərdi ki, təqsirləndirilən şəxs ümumilikdə 53000 manatı zərər çəkmiş şəxsdən oğurlamışdır. Təqsirləndirilən şəxsyevin oğurluq etdiyi anın görüntüləri məhkəməyə təqdim edilmişdir. Təqsirləndirilən şəxsin oğurluq etməməsi ilə bağlı verdiyi ifadə həqiqəti əks etdirmir. Belə ki, Təqsirləndirilən şəxs və Vahid Məmmədov mediasiyada barışıq sazişi bağlamışlar. Təqsirləndirilən şəxs oğurluq etmədiyini dediyi halda hansı səbəbdən 35000 manat ödəməyi öhdəsinə götürməsi sual doğurur. Qeyd etdikləri nəzərə alınmaqla təqsirləndirilən şəxsə yuxarı həddə cəza təyin edilməsini xahiş edir. İbtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş X5 üzrlü səbəbdən məhkəmə iclasına gəlmədiyindən onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. X5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əri Vahid Məmədovun yaxın dostudur. Natiqlə heç bir düşmənçiliyi və ədavəti yoxdur. Natiq bir neçə dəfə onların yaşadığı Oğuz şəhəri M.Hüseyn küçəsində yerləşən 122 nömrəli fərdi yaşayış evinə qonaq gəlmişdir. Natiq qonaq gəldiyi vaxt o həmişə digər otağa keçmiş və kişilərin yanında oturmamışdır. O, həmçinin Vahidin heç vaxt pul kisəsini evə və yaxud başqa yerə qoymasını görmədiyini, həmin pul kisəsini həmişə avtomobildə saxladığını, Natiqin pul oğurlamasını görmədiyini, ancaq Natiqin avtomobilə gizlin getməsinin kameraya düşdüyünü, Natiqin pul oğurlamasını Vahiddən eşitdiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi onun özünün ibtidai istintaqın ilkin mərhələsi zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadəsi, iş materialları və məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2024-cü il tarixli baxış keçirilmə və götürmə haqqında protokol və fotoşəkillərdən müəyyən edilir ki, oğurluq hadisəsi törədilən nəqliyyat vasitəsinə baxış keçirilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən cinayət törətməsinə şübhə yarandıqda şəxsin tutulması haqqında protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 16:40-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Oğuz RPİ-nin İB-nin müstəntiqi, polis kapitanı Mehdi Hüseyinzadə tərəfindən Azərbaycan Respublikasının CMnin 177.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.1973-cü il tarixdə Şəki şəhərində doğulmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Şəki RMX PHŞ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli, 18-1-71/2-1212/2024 nömrəli məktubdan müəyyən edilir ki, ünvan 1 ünvanında qeydiyyatda olan xx.xx.1973-cü il təvəllüdlü Təqsirləndirilən şəxs Şəki RMX-nın poliklinika şöbəsinin “Narkoloji” və “Psixiatrik” kabinetlərində qeydiyyatda yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən cinayət işi üzrə Şəki şəhər “Damarçın” məhəllə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanında olmaqla, ailə tərkibi anası-1951-ci il təvəllüdlü X3, arvadı-1980-ci il təvəllüdlü X10, oğlu-2005-ci il təvəllüdlü X11, qızı- 2008-ci il təvəllüdlü X9 və oğlu-2016-cı il təvəllüdlü X6 ibarətdir və yaşadığı yerdə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarına əlavə edilmiş, zərər çəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş və məhkəmə iclasında cinayət prosesi iştirakçılarının iştirakı ilə baxış keçirilmiş videogörüntüdən görünür ki, Vahid Məmmədov özünə məxsus avtomobil onun evinin həyətində saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs gələrək öz avtomobilini Vahid Məmmədovun avtomobilinin arxasında saxlayaraq qapılarını və yük yerininin qapısını açıq qoyaraq evə daxil olur. Sonra Təqsirləndirilən şəxs qayıdaraq Vahid Məmmədovun avtomobilinin qapılarının kilidini özündəki açarla açaraq avtomobilə daxil olur və qısa müddətdə avtomobildən ayrılır. Təqsirləndirilən şəxs yenidən evə daxil olur, biraz sonra qayıdaraq Vahid Məmmədovun avtomobilinin salonuna daxil olur və çıxır, sonra isə öz avtomobilinin qapılarını və yük yerini bağlayaraq evə qayıdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsini qismən etiraf etməsədə, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin (mülki iddiaçı) və şahidin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspert rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəyə münasibət bildirərək qeyd edir ki, onun ifadəsi özünü müdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən azad olunmaq niyyəti ilə verilmişdir. Təqsirləndirilən şəxs ifadəsinin həmin hissəsi onun özünün ibtidai istintaqda verdiyi etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, iş materialları və məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla tam təkzib edildiyindən məhkəmə onun hazırki məhkəmə istintaqı zamanı verdiyi ifadəyə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə məqsədi ilə verildiyi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxs və şahidin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ilə bağlı ibtidai istintaqın ilkin mərhələsi zamanı verdiyi etirafedici ifadəsi həmin cinayətin törədilməsi şəraiti, yeri, vaxtı və üsulu barədə zərərçəkmiş şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadə, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş protokollar və protokollara əlavə edilmiş fotoşəkillər, zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş videogörüntüdən və məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla uyğun gəldiyindən və üst-üstə düşdüyündən məhkəmə onun ibtidai istintaqın ilkin mərhələsi zamanı verdiyi etirafedici ifadəsini sübut kimi qəbul edir. Məhkəmə istintaqında araşdırılan sübutlarla Təqsirləndirilən şəxs tamah niyyəti ilə zərərçəkmiş şəxs Vahid Məmmədova 2000 (iyirmi min) manat (xeyli miqdar) məbləğində maddi ziyan vurmaqla xeyli miqdarda oğurluq etməsi öz təsdiqini tapır. Beləliklə, məhkəmə istintaqında tədqiq edilən sübutlara məcmu halında hüquqi qiymət verərək məhkəmə hesab edir ki,Təqsirləndirilən şəxs cinayət əməlini törətməkdə təqsirli olması özünün ibtidai istintaqın ilkin mərhələsi zamanı etdiyi etirafı ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi və digər məhkəmə-istintaq materialları ilə tам təsdiq edildiyindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.4 -cü maddəsi ilə düzgün tövsif edilmiş, ona görə də o, həmin maddə ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr CM-in 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Həmin Qərarda həmçinin götərilir ki, eyni mənbədən götürülən, vahid qəsdlə əhatə olunan, bir cinayət hərəkətlərinin məcmusunu təşkil edən, bir sıra oxşar cinayət hərəkətlərindən ibarət, davam edən talama cinayətini, təkrar törədilmiş talamadan fərqləndirmək lazımdır. Şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər CM-in 16.2-ci maddəsinə müvafiq olaraq, CM-in 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud CM-in 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3-cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayətlərin “təkrarlığı” əlaməti ilə tövsif edilməlidir. Həmin Qərarın 11-ci bəndində göstərilmişdir ki, CM-in 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn,şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar CM-in 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-in 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair” 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, CM-lə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. CM-in: 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 177.2.4 maddəsinə əsasən eyni əməllər xeyli miqdarda ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır; 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi mülkiyyətin xüsusi mülkiyyət, dövlət mülkiyyəti və bələdiyyə mülkiyyəti kimi üç növünü nəzərdə tutmaqla toxunulmaz və dövlət tərəfindən müdafiə olunduğunu təsbit edir. Mülki qanunvericilikdə mülkiyyətin bütün formalarının bərabərliyi və mülkiyyət hüququnun bütün subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə edildiyi, həmçinin cinayət qanununda bütün mülkiyyət formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. Beləliklə, sadalananları nəzərə alaraq məhkəmə hesab edir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla Təqsirləndirilən şəxs ifadəsində onun tərəfindən oğurluq edilməməsinə dair göstərdiyi dəlillər tam təkzib olunur. CPM-in: 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir; 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə, məhkəmə istintaqında araşdırılan sübutları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi və öz daxili inamına əsasən, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətləndirərək Təqsirləndirilən şəxs xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talaması ilə bağlı verilmiş ittihamın öz təsdiqini tapması nəticəsinə gəlir və təqsirləndirilən şəxsin ifadəsini məsuliyyətdən boyun qaçırmaq məqsədilə verilən ifadə kimi qiymətləndirir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 177.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin X7 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını; himayəsində 2016-cı il təvəllüdlü X13 adlı azyaşlı uşağının olmasını; qeydiyyat və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan Şəki şəhər “Damarçın” məhəllə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamə). İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən halların olmasını, onun yaşayış yerindən müsbət xarakterizə olunmasını, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilməsinin özünün həyat tərzinə, ailəsinin vəziyyətinə maddi, fiziki və mənəvi cəhətdən mənfi təsir göstərəcəyini nəzərə alaraq, habelə təqsirləndirilən şəxslə davranışda ictimaiyyətin daha fəal iştirak etməsinin təmin edilməsi, onda cəmiyyət qarşısında məsuliyyət hissinin artmasına yardım göstərilməsi və onun islah edilməsi məqsədi ilə təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddədə müəyyən edilmiş az ciddi cəza növü hesab olunan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı 1 (bir) gün (19 iyul 2025-ci il), həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (CM - 69.3), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. İş üzrə maddi sübut yoxdur. İş üzrə mülki iddia tələbi verilməmişdir. İş üzrə ekspertiza xərci yoxdur. İş üzrə digər məhkəmə xərcləri yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (il) il 9 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılaraq faktiki azadlığı məhdudlaşdırıldığı və şübhəli şəxs qismində tutulmadan azad olunduğu vaxt xx.xx.2024cü il tarixi 1 (bir) gün kimi nəzərə alınaraq həmin müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş 2 (il) il 9 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın çəkilməsinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı Şəki rayonu ərazisini, eləcə də saat 23:00-dan saat 07:00-dək olan müddət ərzində daimi yaşayış yeri olan ünvan 5 ünvanında yerləşən evin ərazi hüdudlarını tərk etməmək məhdudiyyəti qoyulsun. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı ərazidə yerləşən, spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Hökmün icrasına nəzarəti Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə mülki iddia, ekspertiza xərci və digər məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Hakim : Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar