Məhkəmə qərarları › İş №1(054)-23/2025

Oğuz Rayon Məhkəməsi Hökm — İş №1(054)-23/2025

18.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Oğuz rayonu İş № 1(054)-23/2025 18.03.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx.xx.1981-ci il tarixdə Oğuz rayonu Baş Daşağıl kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, Oğuz rayonu, Baş Daşağıl kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkəməyə verilmişdir, ondan ötrü ki, o qəsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, 7,68 qram narkotik vasitə olan qurudulmuş marixuananı istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib qanunsuz olaraq üzərində saxlamış, Oğuz RPŞ-nin CAB-nin əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 24 iyul 2024-cü il tarixdə Oğuz rayon ərazisində saxlanılaraq Oğuz RPŞ-yə gətirilib həmin tarixdə saat 22:41 dəqiqədən saat 23:05 dəqiqəyədək olan müddət ərzində orada video-çəkilişlə və müdafiəçinin iştirakı ilə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan mavi rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd sellofan bükümdə xeyli miqdarda, 7,68 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunub qanunamüvafiq qaydada rəsmiləşdirilərək, qablaşdırılıb götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə dəqiq xatırlamadığı axşam saatlarında Oğuz şəhərində yerləşən teleqüllənin yanından “Qlükoza” zavodu istiqamətində piyada getdiyi vaxt yerdə, yəni yolun kənarında girdə formaya malik qara rəngli bükülü görmüşdür. Həmin bükülü ona maraqlı gəldiyi üçün götürmüş və açıb baxdıqda içərisində yaşıl rəngli quru vəziyyətdə olan bitki qırıntılarının olduğunu aşkar etmişdir. Görünüşdən həmin bitki narkotik vasitəyə oxşadığından bitkini iyləmişdir. Bu vaxt həmin bitki qırıntılarının narkotik vasitə olması ona məlum olmuşdur. Bundan sonra həmin narkotik vasitəni gələcəkdə istifadə etmək üçün əynindəki şalvarın cibinə qoymuşdur. Təxminən 10-15 dəqiqə şübhələnən kiminsə olub-olmamasını bilmək üçün həmin ərazidə gözləmiş və Oğuz şəhəri istiqamətində hərəkətə başlamışdır. Bu vaxt iki nəfər mülki formada olan şəxs ona yaxınlaşmış və özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin vaxt üzərində narkotik vasitə olduğu üçün həyəcanlanmağa başlamış və polislər ondan şübhələndiyi üçün onu Oğuz RPŞ-nə dəvət etmişlər. Bundan sonra Oğuz RPŞ-nə gəlmiş, ona hüquq və vəzifələri izah edilmiş, həmçinin ona müdafiəçi təyin edilərək, şübhəli şəxs qismində tutulmuşdur. Tutulduqdan sonra təhqiqatçının xidməti otağında video-çəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilmiş, tapdığı, həmin vaxt üzərində olan narkotik vasitəni polis əməkdaşlarına tədqim etmişdir. Həmin narkotik vasitə onun yanında elektron tərəzidə çəkilmiş və çəkisinin 8,8 qram olması müəyyən edilmişdir. Həmin narkotik vasitə ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq götürülmüşdür. Üzərində narkotik vasitə gəzdirdiyini səmimi olaraq etiraf etmiş, bu hərəkətindən çox peşman olmuşdur. Əvvəllər 2-3 dəfə xatırlamadığı tarixlərdə narkotik vasitə istifadə etsə də, narkotik vasitə aludəçisi olmayıb. Narkomaniyadan əziyyət çəkməyib, özündə başqa narkotik vasitə olmayıb. Üzərində olan narkotik vasitədən heç kimin xəbəri olmayıb, heç vaxt narkotik vasitə satmayıb və yaxud bəxşiş kimi kiməsə narkotik vasitə verməyib. Şübhəli şəxs qismində tutularkən polis şöbəsində ona heç bir təzyiq və fiziki zorakılıq edilməmişdir. Narkotik vasitəni əldə etdiyinə, saxladığına, üzərində gəzdirdiyinə görə əməlindən səmimi peşman olmuşdur. Səmimi peşmançılığının cəza təyin edilən zaman nəzərə alınmasını və ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı, şahid ifadələri, iş materialları və məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Belə ki, Şahid2 Əsgərəli oğlu məhkəmə iclasında ifadə verərək bildirdi ki, Oğuz RPŞnin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Oğuz rayon sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, bununla bağlı tərəfindən rəhbərliyə raportla məruzə edilmiş və verilmiş əmrlə əlaqədar əməliyyat qrupunun yaradılması barədə qərar qəbul edilmişdir. xx.xx.2024-cü il tarixdə RPŞ-nin PPXB-nin polis nəfəri polis serjantı Şahid1 birlikdə həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Oğuz şəhərində yerləşən “Qlükoza” zavodunun yaxınlığında saxlamış, ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu izah etmiş və onu Oğuz RPŞ-nə gətirmişdir. Bundan sonra RPŞ-nin Təhqiqat Bölməsinin baş təhqiqatçısı polis mayoru Elnur Alcanov tərəfindən Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edilərək, şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri izah edilmiş, həmçinin video-çəkilişlə Babəkin üzərinə şəxsi axtarış aparılmışdır. Həmin video-çəkiliş RPŞ-nin KTQ-nun baş inspektoru vəzifəsini müvəqqəti icra edən Sənan Şahmuradov tərəfindən aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan mavi rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd büküm aşkar edilmişdir. Həmin bükümün içərisində yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar bitki kütləsi olmuşdur. Təqsirləndirilən şəxs həmin bükümü Oğuz şəhərində yerləşən “Qlükoza” zavodunun yaxınlığında yolun kənarında tapdığını bildirmişdir. Bundan sonra aşkar olunmuş kütlə dəqiq çəkisinin və tərkibinin müəyyən edilməsi məqsədi ilə ekspertiza tədqiqatına göndərilməsi üçün qablaşdırılaraq götürülmüş, zərfin üzəri DİN-nin 95 saylı zərflər üçün olan möhürü ilə möhürlənmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərindən həmin kütlədən başqa hər hansı qadağan edilmiş qanunsuz əşya və yaxud digər predmet aşkar edilməmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, həmin protokolun düzgünlüyünü imzası ilə təsdiq etmişdir. Məhkəmə iclasında Şahid1 verdiyi eyni məzmunlu ifadəsi ilə də Təqsirləndirilən şəxs təsvir olunan cinayət əməlini törətməsi tam təsdiq olunur . İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” 24 iyul 2024-cü il tarixli protokoldan və bir ədəd diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı onun əynində olan mavi rəngli cins şalvarın sağ yan cibindən narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüş, şəxsi axtarış zamanı aparılmış video çəkilişin görüntüləri 01 ədəd kompakt diskə köçürülərək tərtib edilmiş protokola əlavə olunmuşdur. (cinayət işi vər: 23-25) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan məhkəmə-bioloji ekspertizasının 25 iyul 2024-cü il tarixli, 3-16-16/2-17/661 nömrəli rəyindən və həmin tarixli aktdan görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddi sübut..”sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 ədəd qara rəngli sellofan bükümdə təmiz çəkisi – 7,68 qr. olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Marixuananın 0,02 qramı nümunə olaraq götürülmüş, qalıq–7,66 qram qaytarılmışdır. Aparılmış tədqiqatın dəyəri 35,97 manatdır. (cinayət işi vər: 31-34) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan xx.xx.2024-cü il tarixli, 1523 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (cinayət işi vər: 94) Azərbaycan Respublikası TƏBİB publik hüquqi şəxs “Oğuz Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan 14 avqust 2024-cü il tarixli, 18-1-64/2-881/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Oğuz MRX-nın poliklinika şöbəsinin “Narkoloji” və “Ruhi-əsəb” kabinetlərində qeydiyyatda yoxdur. (cinayət işi vər: 77) İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan tələbnaməyə Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin xx.xx.2024-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. (cinayət işi vər:76) Oğuz Rayon İcra Hakimiyyəti başçısının Baş Daşağıl İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan xx.xx.2024-cü il tarixli, 5-68-12/2-88/2024 saylı arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Oğuz rayonu Baş Daşağıl kəndində qeydiyyatda olmaqla həmin ünvanda anası 1948-ci il təvəllüdlü anası X2 ilə birlikdə yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (cinayət işi vər: 71-72) Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən təqsirləndirilən şəxsin törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən ona təyin ediləcək cəzanın islah olunmasına və həyat şəraitinə təsiri imkanlarını nəzərə alır. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib özündə saxlasa da, polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılarkən onun üzərində narkotik vasitənin olduğunu könüllü olaraq dərhal etiraf etdiyini və narkotik vasitəni əldə etdiyinə, saxladığına, üzərində gəzdirdiyinə görə səmimi peşmançılıq hissləri keçirdiyini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini, özü və cəmiyyət üçün zərərli təsirlərini, bu əmələ görə məsuliyyətini başa düşmüş və öz əməlinə tənqidi yanaşmaqla artıq islah olunmağa başladığını nümayiş etdirmişdir. Həmin əsaslara görə məhkəmə Təqsirləndirilən şəxs səmimi peşmançılığını, yaşayış yerindən müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmamasını, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilməsinin özünün həyat tərzinə maddi və mənəvi cəhətdən mənfi təsir göstərəcəyini nəzərə alaraq, habelə təqsirləndirilən şəxslə davranışda ictimaiyyətin daha fəal iştirak etməsinin təmin edilməsi, onda cəmiyyət qarşısında məsuliyyət hissinin artmasına yardım göstərilməsi və onun islah edilməsi məqsədi ilə təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddədə müəyyən edilmiş az ciddi cəza növü hesab olunan kifayət edən həddə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. İş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 22:31 radələrində Oğuz RPŞ-yə gətirilmiş və şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə saat 19:50-də barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə Qəbələ RPŞ MSY-dən həbsdən azad edilmişdir. Beləliklə, məhkəmə bildirir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 22:31-dən xx.xx.2024-cü il tarixdə saat 19:50-dək şübhəli şəxs qismində tutulduğu 1 gün nəzərə alınaraq, bir günə iki gün hesabı ilə hesablanmaqla 2 gün müddət ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Eyni zamanda, məhkəmə Təqsirləndirilən şəxs hazırda təyin ediləcək azadlığın məhdudlaşdırılması növündə cəza əsasında tətbiq ediləcək vaxt məhdudiyyətinin hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək olan müddət ərzində, ərazi məhdudiyyətinin Oğuz rayon ərazisi olaraq müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin cinayət işinin materiallarında olan ambulator məcburi narkoloji-tibbi yoxlamasının rəyi ilə Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə hallarının olduğu, narkomaniya xəstəliyindən əzab çəkmədiyi, məcburi müalicəyə ehtiyacının olmadığı bildirilmiş, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülmüşdür. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. Məhkəmə iş üzrə təyin edilmiş məhkəmə-bioloji ekspertizasının 25 iyul 2024-cü il tarixli, 3-16-16/2-17/661 nömrəli rəyini və Təqsirləndirilən şəxs barəsində polis əməkdaşlarının tərtib etdiyi “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi haqqında” 24 iyul 2024-cü il tarixli protokolun nəticələrini müqayisə edərək narkotik vasitənin çəkisinin məhkəmə-bioloji ekspertizası tərəfindən daha dəqiq müəyyən edilməsini nəzərə almaqla, Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş narkotik vasitənin xalis çəkisinin ona qarşı irəli sürülmüş ittihamda göstərilən miqdarda – 7,68 qram olmasını qəbul edir. Beləliklə, məhkəmə qərara gəlir ki, iş üzrə maddi sübut - Oğuz Rayon Polis Şöbəsində saxlanılan, ekspertiza zamanı istifadə edildikdən sonra qalıq qalan cəmi 7,66 qram çəkidə kustar üsulla hazırlanmiş qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman video-çəkiliş aparılmasına dair 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 35,97 manat ekspertiza xərci hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia tələbi və digər məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il 9 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılaraq faktiki azadlığı məhdudlaşdırıldığı vaxtdan – xx.xx.2024-cü il tarixdə saat 22:31-dən xx.xx.2024-cü il tarixdə saat 19:50-dək şübhəli şəxs qismində tutulduğu müddət 1 (bir) gün kimi nəzərə alınaraq həmin müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş 1 (bir) il 9 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 08 (səkkiz ) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın çəkilməsinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı Oğuz rayonu ərazisini, eləcə də saat 23:00-dan saat 06:00-dək olan müddət ərzində daimi yaşayış yeri olan Oğuz rayonu Baş Daşağıl kəndində yerləşən evin ərazi hüdudlarını tərk etməmək məhdudiyyəti qoyulsun. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı ərazidə yerləşən, spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Hökmün icrasına nəzarəti Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə maddi sübut - Oğuz Rayon Polis Şöbəsində saxlanılan, ekspertiza zamanı istifadə edildikdən sonra qalıq qalan cəmi 7,66 qram çəkidə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman video-çəkiliş aparılmasına dair 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 35,97 manat ekspertiza xərci hökm qanuni qüvvəsini aldıqdan sonra məhkum Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin AZ.MEM, VÖEN **********, X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ **********0000003944, SWİ F T Bik CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. İş üzrə mülki iddia və digər məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Hakim : Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar