Məhkəmə qərarları › İş №1(054)-24/2024

Oğuz Rayon Məhkəməsi Qərar — İş №1(054)-24/2024

12.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 1(054)-24/2024 12.08.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X1 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxx 1980-ci ildə Oğuz rayon Tayıflı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, "xxxx" MMC-də fəhlə işləyən, məhkum olunmamış, Oğuz rayonu Tayıflı kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 09 iyul 2024-cü il tarixdə saat 22 radələrində Oğuz rayon Tayıflı kəndində yaşadıqları evdə ailə-məişət münasibətləri zəminində yaranmış mübahisə zamanı əli ilə həyat yoldası Zərərçəkmiş şəxs sağ qolundan tutub sifət və boyun nahiyələrinə zərbə vurmaqla Zərərçəkmiş şəxs üzün sol tərəfi və boyunun sol orta-asağı hissəsini əhatə edən dərialtı hematoması, sağ bazunun içəri orta 1/3-nin, döş qəfəsinin sol yuxari körpücükaltı hissəsinin qançırı ilə müşayiət olunan sağlamlığının qısa müddətə pozulmasına səbəb olan xəsarət yetirib, qəsdən sağlamlığına yüngül zərər vurmaqla Azərbaycan Respublikası CMnin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmisdir. Məhkəmənin icraatında olan məhkəməyədək sadələşdirilmiş icraat materiallarına əsasən Təqsirləndirilən şəxs polis şöbəsində araşdırma zamanı izahat verərək bildirmişdir ki, Zərərçəkmiş şəxs həyat yoldaşıdır, 3 uşağı var. 09 iyul 2024-cü il tarixdə saat 22 radələrində yaşadıqları evdə ailəsi ilə birlikdə yemək yeyən zaman su gətirmələrini istəmiş, ona su verilmədiyi üçün arvadı Tamara ilə aralarinda mübahisə düşmüş, mübahisə zamanı Tamara ona cavab qaytardığı üçün onun sağ qolundan tutub sifət və boyun nahiyələrinə əli ilə vuraraq döymüş, həmin vaxt anası Rəxşəndə də evdə olmuş və onları sakitləşdirmişdir. Sözügedən materiala əsasən Zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, Təqsirləndirilən şəxs onun əri olmaqla birgə nikahdan 3 uşağı var. 09 iyul 2024-cü il tarixdə həmisə olduğu kimi saat 22 radələrində axşam yeməyini yeyən zaman Təqsirləndirilən şəxs onunla mübahisə edib, əli ilə sağ qolundan tutub, sifət və boyun nahiyələrinə vuraraq onu döymüş, qaynanası Rəxşəndə onları aralamışdır. Mübahisələri təxminən 10 dəqiqə davam etmişdir. Qafqazın hirsinin soyumadığını görüb bu barədə DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. Həmçinin sözügedən materiala əsasən şahid qismində izahatı alınmış Şahid övladı Təqsirləndirilən şəxs xəstə olduğunu, xx.xx.2024-cü il tarixdə axşam saatlarında Qafqazın evdə axşam yeməyi yeyərkən Tamara ilə mübahisə etdiyini, masada olan qabları kənara atdığını və Tamaranın üzündən vurduğunu bildirmişdir. Məhkəmə hazırlıq iclasında cinayət qanununda nəzərdə tutulmuş əməli törətmiş şəxs- Təqsirləndirilən şəxs polis şöbəsində araşdırma zamanı verdiyi izahatı təsdiq etdi, zərərçəkmiş şəxs kimi tanınmış arvadı Zərərçəkmiş şəxs ilə barışdığını bildirdi, bu barədə ərizə təqdim etdi və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə hazırlıq iclasında Zərərçəkmiş şəxs polis şöbəsində araşdırma zamanı verdiyi izahatı təsdiq etdi, ərizə təqdim edərək əri Təqsirləndirilən şəxs ilə barışdığını, cinayət qanununda nəzərdə tutulmuş əməli törətmiş şəxs tərəfindən ona dəymiş maddi-mənəvi ziyanın ödənildiyini, ondan heç bir şikayət və tələbinin olmadığını bildirdi, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyi publik hüquqi şəxs üzrə Qəbələ rayon şöbəsinin sadələşdirilmiş icraat materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən məhkəmə-tibbi ekspertizasının 67 saylı, 10 iyul 2024-cü il tarixli rəyindən görünür ki, 1988-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər- üzün sol tərəfi və boyunun sol orta- asağı hissəsini əhatə edən dərialtı hematoması, sağ bazunun icəri orta 1/3-nin, döş qəfəsinin sol yuxarı körpüçükaltı hissəsinin qançırı kimi xəsarətlər küt alətin (əşyaların) təsirindən müayinə olunanın göstərdiyi tarixdə və şəraitdə, yəni 09 iyul 2024-cü ildə törənə bilər. Həmin xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmanın əlamətlərinə aiddir. (iş vər: 09-10). Sadələşdirilmiş icraat materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən cinayət işi üzrə yoxlamalara dair tələbnaməyə Azərbaycan Respublikası DİN BƏSİİ-nin xx.xx.2024-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyatsorğu kartotekasında heç bir məlumat yoxdur. (iş vər: 48). Oğuz rayon İHB Qumlaq İƏD üzrə nümayəndəliyinin sadələşdirilmiş icraat materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2024-cü il tarixli 5-68-12/2- 243/2024 saylı arayışından, həmin tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ailəli olub, himayəsində 2008, 2010 və 2013-cü il təvəllüdlü 3 qızı vardır, yaşayış yerindən müsbət xarakterizə olunur. (iş vər: 46-47) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 128-ci maddəsində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmaqla zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs CM-nin 73-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməsi üçün kifayət qədər əsaslar vardır. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən belə halda məhkəmə şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarmağa haqlıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-cü, Cinayət Prosessual Məcəlləsinin 43.3 və 321-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin. Qərardan 20 gün müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərar apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdıqdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar