Azərbaycan Respublikası adından HÖKM Oğuz rayonu İş № 1(054)-24/2025 08.08.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Müdafiəçi iştirakı ilə xx.xx.1995-ci ildə Oğuz rayonunda anadan olmuş, Rusiya Federasiyası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Rusiya Federasiyası, İvanov Vilayəti, Kineşma şəhəri, Vasilya Panfilova küçəsi, ev 16 ünvanında qeydiyyatda olmaqla, ünvan 1də “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai araşdırma orqanın mövqeyinə əsasən Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 02 radələrində ictimai yer hesab edilən Oğuz şəhərində mərkəzi bazarın qarşısında Tərtər rayon Köçəri kəndində yaşayan Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə heç bir əsaslı səbəb olmadan mübahisə edib, orada olan digər şəxslərin gözü qarşısında Zərərçəkmiş şəxs1 qəsdən yumruqla bir neçə dəfə vuraraq sonuncuya qapalı kəllə beyin travması, beyin silkələnməsi, burun sümüklərinin yerini dəyişən sınığı, sol əng sümüyünün və sol göz yuvasının aşağı divarının sınığı, hər iki göz ətrafının dərialtı hematoması, alının sağ qaşüstü nahiyyəsinin əzilmiş-cırılmış yarası xəsarəti ilə müşayiət edilən Zərərçəkmiş şəxs1 həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən xuliqanlıq niyyəti ilə sağlamlığına az ağır zərər vurmuş, eyni zamanda o, həmin vaxt orada olan Zərərçəkmiş şəxs2 onları sakitləşdirmək istəyərkən o, Zərərçəkmiş şəxs2 qəsdən xuliqanlıq niyyəti ilə yumruqla bir neçə dəfə vuraraq sonuncuya sağ üst göz qapağının, sağ bel nahiyəsinin qançırları, sağ gözün buynuz qişasına qansızma, başın sol təpə nahiyəsinin, sağ dirsək oynağının arxa səthinin sıyrıqları ilə müşaiyət edilən sağlamlığa zərər vurmayan xəsarət yetirməklə qəsdən zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə müşaiyət olunan qərəzli hərəkətlərlə döymüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası CM-in 127.2.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 2000-ci ildən ailəvi olaraq Rusiya Federasiyasının İvanov vilayətinin Kineşman şəhəri Vasiliya Panfilova küçəsi ev 16 ünvanında yaşamışdır. Ailədə iki uşaq, bir bacı və bir qardaş olmuşlar, hazırda bacısı ailə həyatı qurmuşdur. Rusiya Federasiyasında yaşayarkən sərbəst güləş üzrə idman növü ilə məşğul olmuş və hazırda idman ustasıdır. Valideyinləri Azərbaycan Respublikası vətəndaşılarıdır. ünvan 2 ünvanında yerləşən ev atasına məxsusdur. 2020-ci il tarixdə Rusiya Federasiyasından Azərbaycana Respublikasına Oğuz rayonuna gəlmişdir və həmin müddətdən bəri valideyinləri ilə birlikdə yaşayır. xx.xx.2023-cü il tarixdə təxminən gecə saat 02 radələrində qonaqlıq məclisindən yaşadığı evə geri dönərkən “Nizami” şadlıq sarayının qarşısından keçmiş bu zaman yaşlı bir qadınla yanında olan uşağın ona tərəf qaçaraq gəldiklərini görmüşdür. Həmin şəxslər ona yaxınlaşaraq qolundan tutmuş və bildirmişlər ki, onlara köməklik göstərsin. Həmin vaxt onlardan nə baş verdiyini soruşmuş, həmin qadın da, cavab olaraq bildirmişdir ki, “sərxoş vəziyyətdə bir neçə şəxs onların qaldığı otağın qapısını döyüb və onlar da qorxduqları üçün qaldıqları evdən qaçmışlar”. O, bundan sonra onlara bildirmişdir ki, “narahat olmasınlar” və onlara Oğuz rayon sakini olduğunu deyib yaşadıqları ünvana geri qaytarmağa çalışmışdır. Həmin vaxt qadın ağlamış və geri dönmək istəməmişdir. Onlara bildirmişdir ki, “siz burada gözləyin və mən baxım görüm ki, həmin şəxslər kimlərdir”. Bu məqəsdlə küçə ilə bir qədər getmiş və yolun sağ tərəfində “Oğuz market”dən bir qədər uzaqda dörd nəfər şəxsin yüksək səslə nalayiq söyüşlər söyərək mübahisə etdiklərini görmüşdür. Onlara yaxınlaşıb soruşmuşdur ki, “siz kimsiniz və burada nə edirsiniz?”. Həmin şəxslər ona cavab olaraq Tərtər rayonundan gəldiklərini və birlikdə yeyibiçdiklərini demişlər. Onlara buranın Oğuz rayonu olduğunu, yaşadıqları Tərtər rayonu olmadığını və insanların gecə satlarında yatmış olduqlarını xatırlatmışdır. Həmçinin onlara bildirmişdir ki, “sizə görə yaşlı qadın və yanında olan uşaq öz yaşadığı evdən bayıra çıxaraq çöldə qalıb”. Həmin şəxslər isə bunun cavabı olaraq bildirmişlər ki, onlar Oğuz rayonunda alver edirlər, buranın pulunu çatdırıblar, polis şöbəsində tanıdıqları şəxslər vardır və bundan sonra Oğuz rayonun ümumi əhalisinin ünvanına nalaiq söyüşlər söyməyə başlamışlar. O isə həmin şəxsləri sakitləşdirməyə çalışmışdır. Bu zaman onlardan biri, yəni sonradan adını bildiyi Nicat onun yaxasında tutmuş, həmin vaxt onu özündən itələmək istəmiş, bu zaman Nicat, onun köynəyinin yaxasını cırmış və nalayiq ifadələrini davam etdirmişdir. Belə olub Nicatı yumruqla bir neçə dəfə vurmuş və o yerə yıxılmışdır. Həmin vaxt onun yanında olan adını sonradan Şəmil olduğunu bildiyi şəxsin “ayə onu bıçaqla vur” kimi cümlə işlətdiyini eşitmişdir. Belə olub Nicatdan ayrıldıqdan sonra həmin şəxsin dalınca getmiş, o qaçıb uzaqlaşmaq istəyərkən yerə yıxılmışdır. Onun boynunun arxasından tutub silkələyəndə həmin şəxs ona bir səhvdi etmişik, üzr istəyirəm demişdir. Ona, dostunu da götürüb çıxıb getməsini bildirmiş və bundan sonra oradan uzaqlaşıb yaşadığı evə getmişdir. Təqsirləndirilən şəxs həmçinin ifadəsində göstərmişdir ki, baş vermiş mübahisə zamanı özü heç bir xəsarət almamışdır, sadəcə Nicat yaxasından tutduğu üçün əynində olan köynəyinin yaxası cırılmışdır. Onlar arasında yaranmış mübahisəyə Nicatın sərxoş vəziyyətdə olması, nalayiq ifadələr işlətməsi, küçədə səs-küy salması ilə bağlı onu nizam-intizama dəvət etsə də buna əməl etməyərək hərəkətlərini davam etdirməsi olmuşdur. Baş vermiş hadisə anının video görüntülərinə baxmışdır, video görüntüdə yumruqla onun bir neçə dəfə Nicatı vurmağı əks olunmuşdur. Onu ayıran şəxsləri isə əvvəlcədən tanımamışdır. Sonradan bilmişdir ki, onlardan biri Coşqun adlı şəxsdir və Coşqun da ondan əvvəl Nicata səs-küy salması ilə bağlı iradlarını bildirmişdir. Hadisə zamanı Nicat və Şəmil adlı şəxsləri ondan başqa heç kim vurmamışdır, orada olan digər şəxslər yalnız onları ayırmağa çalışmışlar. Onun Nicat və Şəmil adlı şəxs ilə arasında heç bir düşmənçiliyi ədavəti olmamışdır, onları hadisə baş verən gün görmüş və tanımışdır. Həmin şəxslərə dava niyyəti ilə yaxınlaşmamış, sadəcə orada vəziyyət elə yaranmış və aralarında mübahisə baş vermişdir, həmin vaxt onun hüquq mühafizə orqanına məlumat vermək ağlına gəlməmişdir. İlk dəfə cinayət məsuliyyətinə cəlb olunduğunu, əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslərlə barışdığını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə dostu Zərərçəkmiş şəxs2 ilə birlikdə Tərtər rayonunun Köçərli kəndindən tərəvəz məhsulları olan göy-göyərti alaraq Oğuz rayonunun mərkəzi bazarında satmaq üçün gəlmişlər. Onlar gəlib Oğuz şəhərinə çatanda təxminən saat 22:15 radələri olmuşdur. Ac olduqları üçün bazarın yanında yerləşən İsmayıl adlı şəxsin işlətdiyi kafeyə getmişlər. İsmayılı əvvəlcədən tanıdığı üçün İsmayıl da onlarla əyləşmişdir. Yemək yeyən zaman İsmayılla o spirtli içki qəbul etmişlər. Onlar kafedə olarkən ora yaşlı bir qadınla uşaq gəlmiş və ikinci mərtəbədə olan otağa qalxmışlar. Həmin kafedə gecələmək üçün İsmayıla 30 manat pul vermişlər. Sonradan fikrindən daşınaraq maşında qalmaq istəmiş, lakin İsmayıl pulu qaytarmamışdır. Onların arasında sözlə mübahisə olmuş və belə olub İsmayıl onları kafede qoyub getmişdir. Həmin vaxt Şəmil onların qalacaqları otaqda olmuşdur. O, otağa gedib Şəmili çağırmışdır. Bundan sonra həmin kafenin yaxınlığında olan Arif adlı şəxsin evinə gedib qapısını döymüşdür ki, gətirdiyi göy-göyərtinin bir hissəsini onun həyətinə boşaltsın ki, üst-üstə qalıb xarab olmasın. Lakin Arif adlı şəxs qapını açmamışdır. Həmin vaxt onların yanında UAZ markalı avtomobillə, sonradan sürücüsünün adının Coşqun olduğunu bildiyi şəxs dayanmışdır. Həmin şəxs, yəni Coşqun da içkili olmuş və onların arasında mübahisə yaranmışdır. Coşqun onu maşına mindirərək meşəyə söhbət etməyə aparmaq istəmiş, Şəmil isə mübahisəni sakitləşdirməyə çalışmışdır. Həmin vaxt onlara sonradan adını bildiyi Ramil adlı şəxs yaxınlaşmışdır. Onunla aralarında olan söhbət yadında deyil, lakin Ramil onu yumruqla vurmuşdur. Ramilin onu yumruqla neçə dəfə vurduğu yadında qalmamışdır, lakin bir neçə dəfə yumruqla başına və sifət nahiyəsinə zərbələr vurmuşdur. Bundan sonra isə Ramil dostu Şəmilin üzərinə getmiş, Şəmil isə qaçıb oradan uzaqlaşmışdır. Bundan sonra Ramil və digər şəxslər onun yanına gəlmiş, onun əhvalı ilə maraqlanıb getmişlər. Həmin şəxslər gedəndən sonra Şəmil onun yanına gəlmişdir. Şəmildən xahiş etmişdir ki, onun telefonu ilə 102 xidmətini yığsın. Şəmil də telefonunu götürüb 102 xidmətinə zəng edərək telefonu ona vermiş və o telefonla danışıb baş verən hadisə barədə məlumat vermişdir, sonradan isə Oğuz rayon polis şöbəsinə şikayət ərizəsi yazmışdır. Zərərçəkmiş şəxs1 həmçinin ifadəsində göstərmişdir ki, Şahid5 tanımır. Onlar İsmayılın kafesində olan zaman ora yaşlı bir qadın və bir uşaq gecə qalmaq üçün gəlmişdir. Həmin vaxt spirtli içki qəbul etdiyi üçün nalayiq sözlər işlətmiş ola bilər, lakin bu həmin şəxsin ünvanına olmamışdır. Həmçinin onların qapısını döyməmiş, həmin otağın yanında dostu Şəmil qalan otağın qapısını döymüşdür. Şahid5 və nəvəsinin kafedən çıxıb getmələrini görməmişdir. Bəlkə də o sərxoş olduğu üçün səs-küy saldığından həmin qadın və yanında olan uşaq qorxub qaçmışdır, lakin onlara qarşı heç bir hərəkət etməmişdir. Hadisə vaxtı onu yalnız Ramil vurmuş, orada olan digər şəxslər ona qarşı heçnə etməmiş, əksinə Ramil onu vuranda orada olan şəxslər Ramili ondan aralamışlar. Hazırda Təqsirləndirilən şəxsla barışmışdır, ondan heç bir şikayət və tələbi yoxdur. Bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun həmkəndlisidir. Zərərçəkmiş şəxs1la birlikdə yaşadıqları kənddən göy-göyərti gətirərək səyyar satışı ilə məşğul olurlar. xx.xx.2023-cü il tarixdə Tərtər rayonunun Köçərli kəndindən göy-göyərti alaraq Oğuz rayonuna gəlmişlər ki, səhər onu Oğuz şəhər bazarında satsınlar. Onlar Oğuz şəhərinə axşam saat 22:15 radələrində çatmışlar. Nicat uzun illərdir Oğuza göy-gətirib satsa da, o, Oğuza birinci dəfə gəlmişdir. Onlar Oğuza çatdıqdan sonra bazarın yanında yerləşən əvvəlcədən tanımadığı İsmayıl adlı şəxsin kafesinə getmişlər ki, orada həm yemək yesinlər, həm də gecəni orada qalsınlar. Həmin kafenin sahibi İsmayılla Nicat bir-birini tanıdığından İsmayıl da yemək yeyəndə onlarla oturmuşdur. Nicatla İsmayıl yemək zamanı spirtli içki qəbul etmişlər. Nicat orada qalmaq üçün İsmayıla 30 manat pul vermişdir. O isə yeməyini yedikdən sonra qalacaqları otağa qalxmışdır. Nicatla İsmayıl isə yeyib-içməyə davam etmişlər. Sonradan Nicat gəlib qapını döymüşdür. İsmayıl da onun yanında olmuşdur. Onların hər ikisi kefli olmuşdur. O Nicata demişdir ki, “səhər açılmağa 2-3 saat qalıb, pul niyə verirsən gedib maşında yataq”. İsmayıl da pulu çıxardıb Nicatın üstünə tullamış və onların arasında sözlə mübahisə olmuşdur, İsmayıl da çıxıb getmişdir. Bundan sonra Nicat ona demişdir ki, gedək göy-göyərtini yaxınlıqda qalan Arif dayının evinə boşaldaq ki, xarab olmasın. Onlar kafedən çıxıb həmin evə yaxınlaşmışlar. Nicat içkili olduğu üçün qapını bərkdən döyüb ev yiyəsini uca səslə çağırdığı üçün səs-küy yaranmışdır. Bu zaman yanlarında UAZ markalı maşın dayanaraq içərisindən adının sonradan Coşqun olduğunuı bildiyi bir nəfər cavan oğlan düşmüş və Nicatdan niyə səs-küy saldığını soruşmuşdur. O, həmin oğlana yaxınlaşaraq dosdunun içkili olduğunu bildirmiş, onun əvəzindən üzür istəmişdir. Bu zaman həmin oğlanın yanına 2 nəfər də yaxınlaşmışdır. Həmin şəxslərdən biri, adının sonradan Ramil olduğunu bildiyi şəxs Coşqunun Nicatla mübahisə etdiyini görüb Nicata yumruqla zərbələr vurmağa başlamış və Nicat yerə yıxılmışıdr. Ora gələn tanımadığı şəxslər onu ayırmışlar. Lakin Ramil adlı şəxs Nicatdan aralanıb onun üzərinə gəlmiş, o qaçmaq istəsə də ayağı taxtalara ilişib yıxılmış və Ramil ona çatıb iki dəfə başından və gözündən yumruqla vurmuşdur. Ramildən vurmamasını xahiş edib öz adından da, Nicatın adından da ondan üzr istəmişdir. Bundan sonra Ramil ona dostunu da götür buradan çıx get demiş və onu buraxıb getmişdir. O isə qorxduğu üçün qaçıb oradan uzaqlaşmışdır. Bir müddət sonra yenidən Nicatın yanına qayıtmış, həmin vaxt hamı çıxıb getmişdir. Nicat öz telefonundan 102 xidmətini yığıb ona verməyi xahiş etmişdir. O da Nicatın telefonundan 102 xidmətinə zəng edib telefonu Nicata vermiş və Nicat hadisə barədə məlumat vermişdir. Sonradan isə Oğuz rayon polis şöbəsinə dəvət olunmuşlar və orada şikayət ərizəsi yazmışlar. Zərərçəkmiş şəxs2 həmçinin ifadəsində göstərmişdir ki, İsmayılın kafesində olan zaman Şamama adlı qadını və nəvəsini orada görməmişdir. O, yeməyini yedikdən sonra qalacaqları otağa getmişdir, ola bilsin ki, həmin şəxslər də kafeyə həmin vaxt gəlmişlər. Onların kafedən çıxıb getmələrini görməmişdir, bəlkə də Nicatla İsmayıl sərxoş olub səs-küy saldıqları üçün onlar qorxub getmişlər, lakin o bunu bilməmişdir. Coşqun adlı şəxslə Nicatın arasında mübahisə yaranmasına səbəb Nicatın içkili olduğu üçün Arif adlı şəxsin qapısını döyəndə səsküy yaranması olmuşdur. O, Coşquna yaxınlaşıb Nicatın içkili olduğunu üzürlü hesab etməsini xahiş etmişdir. X6 maşına minməsini tələb etmişdir ki, gedib meşədə onunla söhbət etsin. Belə olub mübahisə böyümüş və bundan sonra ora Ramil gələrək əvvəlcə Nicatı, sonra isə onu yumruqlayaraq döyüb xəsarət yetirmişdir. Əvvəlki izahat və ifadələrində onu yalnız Təqsirləndirilən şəxs deyil başqa şəxslərin də vurduğunu qeyd etsə də onu yalnız Ramil vurmuşdur, orada olan digər şəxslər ona qarşı heçnə etməmişlər, əksinə Ramil onu vuranda orada olan şəxslər Ramili ondan aralamışlar, əvvəl verdiyi izahat və ifadələrində fikrini düzgün çatdıra bilməmişdir. Hazırda Təqsirləndirilən şəxsla barışmışdır, ondan heç bir şikayət və tələbi yoxdur. Bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, hazırda Oğuz rayonunda yerləşən Mərkəzi-Bazarın yaxınlığında kafe işlədir. Nicat adlı şəxsi uzun illərdir ki, tanıyır. Belə ki, Nicat Tərtər rayonundan Oğuz rayonuna göy-göyərti gətirib satmaqla məşğul olur. O da bazar ərazisində kafe işlətdiyindən Nicat çay və yemək üçün onun işlətdiyi kafeyə gəlir. Onunla Nicatın arasında mehriban münasibətlər olmuşdur. xx.xx.2023-cü il tarixdə axşam saat 22 radələrində kafedə olarkən onun mobil telefonuna Nicat zəng etmiş və telefonda bildirmişdir ki, kafeni gec bağlasın. Belə ki, Nicat yolda olduğunu və Oğuz rayonuna gəldikdə onun işlətdiyi kafedə yemək yeyəcəyini və yanında tanışının da olduğunu bildirmişdir. Bundan təxminən yarım saat sonra Nicat bir nəfər şəxslə birlikdə kafeyə daxil olmuş və onlar yemək sifariş etmişlər. Nicat spirtli içki içmiş və spirtli içki Nicata pis təsir etmişdir. Niçat çox sərxoş olduğundan hərəkətlərinə nəzarət edə bilməmişdir. Nicat gecə kafedə olan qonaq otaqlarından birində qalmalarına icazə verməyini xahiş etmişdir və o, iki nəfərə görə onlardan 20 manat, yeyib içməklə birlikdə ümumilikdə 30 manat pul almışdır. Onlar bir müddət sonra onu da öz masalarına dəvət etdikləri üçün gedib onlarla əyləşmişdir. Nicat kafedə yeyib-içməyə davam etsə də yanında olan, adının sonradan Şəmil olduğunu bildiyi şəxs yeməyini yedikdən sonra öz qalacaqları otağa “qalxmışdır”. Nicat artıq masada tək olarkən kafeyə Şəki rayonundan olan Şamama adlı bir nəfər yaşlı qadın və onun azyaşlı nəvəsi gəlmişlər. Həmin şəxslər bir neçə gün qabaq onun kafesinə gəlib qab yuyan işi və qala biləcəyi yer axtarmışdır. Onun işçiyə ehtiyacı olmadığından onu Oğuz şəhərinin yuxarı hissəsində yerləşən Vidadi adlı şəxsin kafesinə işləməyə göndərmişdir və özünün işlədiyi kafedə qonaq otaqları olduğundan orada qala biləcəklərini demişdir. Onlar da işdən çıxıb gecələmək üçün onun işlətdiyi kafeyə gəlmişlər. Həmin Şamama adlı qadın təxminən 60-65 yaşalarında, yanındakı oğlan uşağı isə 12-14 yaşlarında olmuşdur. Onlar Nicatdan 5-6 metr aralıda masada əyləşərək özlərinə çay “qoymuşlar”. Həmin vaxt Nicat ilə həmin qadın arasında sözlə mübahisə etmələrinin şahidi olmuşdur. Belə ki, Nicat aşırı dərəcədə sərxoş vəziyyətdə yaşlı qadının yanında nalayiq sözlər işlətmişdir və həmin qadın isə onu sakit olmağa dəvət etmişdir. Nicat sonradan tam sərxoş vəziyyətdə olmuş, özü ona otağa getməyə köməklik etmişdir. Həmin vaxt o dəhlizdə səs-küy salmış, qonaq otaqlarının qapısını döymüşdür. Bundan sonra onu öz otağına salmış, həmin vaxt Şamama adlı qadın otaqdan çıxaraq qorxduğunu, bu axşam orada qalmayacağını bildirmiş və nəvəsi ilə birlikdə getmişdir. Sonra isə Nicat Şəmillə birlikdə dəhlizə çıxıb ona demişdir ki, “qalacaqları pulu ona qaytarsın, öz maşınlarında qalmaq qərarına gəliblər”. O da yeməyin pulunu çıxıb, qalan 15 manatı Nicata qaytarmış və onları kafedən çıxardaraq obyekti bağlayıb getmişdir. Səhəri gün işlədiyi kafeyə gəldikdə Şamama adlı qadının bazarın yaxınlığındakı yanacaq doldurma məntəqəsinin qarşısında görmüşdür. Ondan gecə harada olduğunu soruşmuş, o da polis şöbəsində qaldığını bildirmişdir. Bazarın qarşısında isə Nicatın göyərti satdığı VAZ-21011 markalı avtomobilini görmüş, Nicat özü orada olmamış, avtomobilin yanında Şəmil olmuşdur. Şəmil özü ona yaxınlaşaraq axşam tanımadığı şəxslərlə aralarında mübahisə olduğunu, həmin şəxslərdən birinin onları döydüyünü, Nicatın isə xəstəxanada olduğunu demişdir. Lakin onların nə səbəbdən mübahisə etmələrini və mübahisənin harada baş verdiyini görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, əvvəllər restoranlarda qabyuyan işləmişdir. Oğuz şəhərində, bazarın aşağı hissəsində yerləşən İsmayıl adlı şəxsin işlətdiyi kafedə qabyuyana ehtiyac olduğunu eşidib işləmək üçün həmin şəxsə müraciət etmişdir. Oğuz şəhərinə 25 oktyabr 2023-cü il tarixdə azyaşlı nəvəsi X3 ilə birlikdə gəlmişdir. Lakin İsmayıl ona işçiyə ehtiyacı olmadığını bildirmiş və onu Oğuz şəhərinin yuxarı hissəsində olan Vidadi adlı şəxsin restoranına göndərmişdir. Orada qabyuyan işinə düzəlmiş, qalmağa ev tapana kimi İsmayıl öz yeməkxanasında onlara otaq vermişdir ki, orada qalsınlar. O işə başladığının ikinci günü, yəni 27 oktyabr 2023-cü il tarixdə axşam saatlarında Vidadi adlı şəxsin restoranında işini qutarıb nəvəsi Ehtibarla birlikdə axşam qalmaq üçün İsmayıl adlı şəxsin kafesinə getmişdir. Həmin vaxt İsmayıl tanımadığı bir nəfərlə oturub “yeyib-içirmiş”. İsmayılın yanında olan adamın sərxoş olduğunu və nalayiq ifadələr işlətdiyini görüb nəvəsi ilə birlikdə ikinci mərtəbədə qaldıqları otağa gedib otağın qapısını içəridən bağlamışdır. Bir müddət keçəndən sonra səsindən tanımışdır ki, İsmayılın yanında olan adam qapını döyür. O, “qapını açın” deyə qışqırıb, qapını döyə-döyə onların ünvanına nalayiq ifadələr işlətmişdir. Qorxduğu üçün qapını açmamışdır. Bir qədər sonra kimsə gəlib onu sakitləşdirməyə çalışmış, qapıdan uzaqlaşdırmışdır. O, həmin şəxsin uzaqlaşdığını eşidib tez nəvəsi ilə birlikdə kafedən çıxıb yol ilə getməyə başlamışdır. Həmin vaxt yolda tanımadığı üç nəfər cavan oğlan görmüş, ağlaya-ağlaya onlardan kömək istəmiş, baş verənləri demiş, onlara bu gecəlik qalmağa yer tapmalarını xahiş etmişdir. Həmin vaxt onları narahat edən şəxsin küçədən hələdə qışqırıq və söyüş səsləri eşidilirmiş. Həmin 3 nəfər oğlan onlara qalmaq üçün yer tapa bilməyəcəklərini, amma baş verənlərlə bağlı narahat olmamasını, özlərinin həmin şəxsə yaxınlaşıb sakitləşdirəcəklərini demişlər və İsmayılın yeməkxanası tərəfə getmişlər. O isə nəvəsi ilə birlikdə tanımadıqları qapıları döymüşlər ki, onlara kimsə kömək edib qalmağa yer versin. Lakin heç kim qapını açmamışdır. Bir az keçəndən sonra onlara polis əməkdaşları yaxınlaşmışlar. O baş verənlər barədə polislərə məlumat vermişdir. Bundan sonra polis əməkdaşları onları Oğuz rayon polis şöbəsinə gətirmişlər və onlar gecəni qalmaq üçün polis əməkdaşlarının istirahət otağında yer təşkil etmişlər. Səhər isə o nəvəsi ilə birlikdə yaşadığı Şəki rayonuna getmişdir. Şahid5 onu da qeyd etmişdir ki, bu hadisə barədə deyəcəkləri bundan ibarətdir, həmin şəxsin kim olduğunu bilmir, onu tanımır, “üzü” də yadında deyil, həmin şəxslə heç bir münasibəti və ədavəti olmamışdır. Onun küçədə görüb kömək istədiyi 3 nəfər cavan oğlanın da İsmayılın yeməkxanasında olan şəxsin yanına getdikdən sonra nə baş verməsi barədə də heç bir məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, 2009-cu ildən "xxxx" ASC-nin X8 X4 şəbəkisində qəza xidmətinin sürücüsü işləyir. O, idarənin avtomobili ilə elektrik şəbəkəsində qəzalar baş verdikdə idarənin işçilərini həmin qəzanı aradan qaldırılması üçün aparır. 28 oktyabr 2023-cü il tarixdə, gecə saat 02 radələrində evinə getmək üçün Oğuz şəhər bazarının qarşısından keçmişdir. Oradan keçəndə iki nəfər tanımadığı şəxsin həmin yerdə yaşayan Arif adlı şəxsin qapısını təpiklədiklərini, ucadan nalayiq ifadələr işlətdiklərinin şahidi olmuşdur. Avtomobili saxlayaraq nə baş verdiyini, niyə camaatın qapısını bu formada döydüklərini, nə üçün küçədə söyüş söydüklərini soruşmuşdur. Lakin həmin şəxs onunla kobud danışmış, ona aidiyyəti olmadığını bildirmişdir. Diqqət etdikdə həmin şəxsin sərxoş olduğunu görmüşdür. Həmin vaxt ora Ramil adlı şəxs də yaxınlaşmışlar. Ramilin həmin şəxsi vurduğunu görməmişdir. Onun Nicat və Şəmil adlı şəxslərlə mübahisəsi olmamış, onlara demişdir ki, avtomobilləri yoxdursa onları gedəcəkləri yerə apara bilər. O, ibtidai istintaqda verdiyi ifadəsini tam oxumadığını, hazırda verdiyi ifadəsi ilə eyni cür ifadə verdiyini bildirdi. Coşqun Abdullayevin ibtidai istintaqda verdiyi ifadə ilə məhkəmə iclasında verdiyi ifadələr arasında ziddiyyət olduğundan onun ibtidai istintaqda verdiyi ifadə məhkəmə zalında elan olunmuşdur. Belə ki, Coşqun Abdullayev ibtidai istintaqda verdiyi ifadəsində bildirmişdir ki, 2009-cu il tarixdən "xxxx" ASC-nin X8 X4 şəbəkisində işləyir. Hal hazırda vəzifəsi qəza xidmətinin sürücüsüdür. O, idarənin ** AA *** dövlət qeydiyyat nişanlı avtomobilini idarə edir və həmin avtomobillə elektrik şəbəkəsində qəzalar baş verdikdə idarənin işçilərini həmin qəzanı aradan qaldırılması üçün aparır. 28 oktyabr 2023-cü il tarixdə, gecə saat 02 radələrində özünə pivə almaq üçün Oğuz şəhər bazarının qarşısına getmişdir ki, orada açıq mağaza olub-olmamasına baxsın. Oradan keçəndə iki nəfər tanımadığı şəxsin həmin yerdə yaşayan Arif adlı şəxsin qapısını təpiklədiklərini, ucadan nalayiq ifadələr işlətdiklərinin şahidi olmuşdur. Avtomobili saxlayaraq nə baş verdiyini, niyə camaatın qapısını o formada döydüklərini, nə üçün küçədə söyüş söydüklərini soruşmuşdur. Lakin həmin şəxs onunla kobud danışmış, ona aidiyyəti olmadığını bildirmişdir. Onu “Oğuz mart” adlı mağazanın qarşısına, işıqlı yerə tərəf çağırmışdır ki, görək onları tanıya bilirmi. Lakin onları tanımamış və bilmişdir ki, onlar rayon adamı deyillər. Onlardan biri, yəni sonradan adının Nicat olmasını bildiyi şəxsin sərxoş olduğunu görmüş, səsküy salan, söyüş söyən də məhz o olmuşdur. Onu nizam-intizama dəvət etmiş, lakin məhəl qoymamışdır. Həmin vaxt ora əvvəlcədən tanımadığı Ramin adlı şəxs, onun ardınca isə tanımadığı başqa iki nəfər rayon sakinləri yaxınlaşmışlar. Ramin yaxınlaşan kimi bildirmişdir ki, yaranmış səs-küydən qoca qadın və uşaq qorxub yolda ağlayır. Lakin Nicat adlı şəxs buna da məhəl qoymamışdır və bundan sonra anidən Ramillə o yaxalaşmışlar və Ramil onu yumruqla vurmağa başlamışdır. Bu zaman o, həmçinin sonradan ora gələn şəxslər Ramili ayırmışlar. Lakin Ramil ondan ayrılıb digər şəxsin, sonradan adının Şəmil olmasını bildiyi şəxsin dalınca qaçmışdır. Bu zaman Şəmil yerə yıxılmış, Ramil yerdə onun boynunun dalından tutsa da həmin şəxs Ramildən üzr istədiyi üçün Ramil onu buraxmışdır. Bundan sonra Ramil və digərləri çıxıb getmişlər. Ramil isə orada dayanıb avtomobilində şüşədə olan su ilə Nicatın əlüzünü yumasına kömək etmişdir. Lakin Nicat özünə gələndən sonra telefon vasitəsi ilə şikayət etdiyini və onun avtomobili barədə məlumat verdiyini görmüş və o da avtomobilinə əyləşərək oradan getmişdir. Səhəri gün isə polis şöbəsinə dəvət olunmuş və orada izahat verərək hadisə barədə məlumat vermişdir. Lakin həmin vaxt Ramilin adını bilmədiyi üçün Nicat və Şəmil adlı Tərtər rayon sakinlərini məhz onun döydüyü barədə məlumat verə bilməmişdir. Coşqun Abdullayev həmçinin ifadəsində Nicatın ifadəsini düzgün vermədiyini, həmin vaxt Nicatın çox sərxoş olduğunu, Nicatı avtomobilə mindirib heç bir yerə aparmaq istəmədiyini, Nicat küçədə səs-küy saldığından və camaatın qapısını gecə vaxtı döydüyündən onu nizam-intizama dəvət etdiyini, ola bilsin ki, qaranlıqda onu tanımadığı üçün rayon adamıdırsa tanıyar deyə “Oğuz mart” ərzaq mağazasının qarşısına çağırmağını onu cəzalandırmaq üçün harasa aparmaq istəməsi kimi zənn etdiyini göstərmişdir. Bundan əlavə o ifadəsində qeyd etmişdir ki, həmin gün dostu ilə nahar vaxtı spirtli içki qəbul etmişdir. Bundan sonra isə gecə saatlarında ürəyi pivə istəmişdir. Ona görə də pivə almaq üçün bazarın yanına gəlmişdir. Lakin həmin vaxt sərxoş olmamışdır və tam ayılmışdır. Həmin hadisə zamanı onu heç kim vurmamış, o özü də heç kimi vurmamışdır. Baş vermiş hadisənin görüntüləri ona təqdim edilərkən, oradan da görünür ki, iki nəfər dalaşır, onlardan biri-digərini yumruqlayaraq yerə yıxır, sonra isə başqa istiqamətə tərəf gedir, başqa şəxslər isə onları ayırmağa çalışır. O da həmin şəxslərin arasındadır və dalaşan şəxsləri ayırmağa çalışır. Yumruqla vuran şəxs Ramil, döyülən isə Tərtər rayon sakini Nicat adlı şəxsdir. Ramil Nicatı vurduqdan sonra, onun dostu Şəmilin üzərinə gedir, lakin həmin hadisə bir qədər aralıda olduğundan kameraya düşməmişdir. Təqsirləndirilən şəxsla digər şəxslər arasında olan mübahisə təxminən 2-3 dəqiqə ərzində baş verib başa çatmışdır. Belə ki, Ramil də onun kimi əvvəlcə Nicatı nizam intizama dəvət etməyə çalışmış, lakin o nalayiq ifadələr işlətdiyi üçün anidən aralarında mübahisə düşmüş və Ramil onu yumruqla bir neçə dəfə vurmuşdur. Sonra isə digər şəxsin üzərinə getmiş, həmin şəxs isə Ramildən üzr istədiyi üçün Ramil ona heç nə etməmişdir, həmçinin onlar da buna imkan verməmişlər. Bundan sonra Ramil ona dostunu da götür burdan get demiş və özü oradan uzaqlaşıb getmişdir. İş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 hazırda ölkə xaricində olduğundan məhkəmə iclasında iştirak etməmiş onun ifadəsi elan olunmuşdur. Şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 27 oktyabr 2023-cü il tarixdə tanışı Kənan və digərləri ilə birlikdə Oğuz rayon ərazisində “MC” adlanan kafedə birlikdə yemək yeyərək bir qədər spirtli içki qəbul etmişlər. Kənan ilə birlikdə oradan çıxaraq gecə xatırlamadığı saatda yaşadığı evə doğru getmişdir. Yaşadığı evə küçə ilə gedərkən küçədə bir nəfər qadının yüksək səslə qışqıraraq ona köməklik göstərilməsini istəmiş o, həmin qadına yaxınlaşaraq nə baş verdiyini soruşmuşdur. Qadın ona kömək edin demiş və qaçaraq oradan uzaqlaşmışdır. O, həmin vaxt sərxoş olduğundan bəzi halları tam olaraq xatırlamır. Onu səhəri gün polis şöbəsinə dəvət etmişlər və polis şöbəsində həmin gün obyektin video kamerasına düşmüş video-görüntüləri təqdim etmiş və həmin görüntülərə baxdıqda özünü görmüşdür. O, polis əməkdaşlarına bir daha bildirmişdir ki, həmin gün aşırı dərəcədə sərxoş olduğundan tam olaraq nə baş verdiyini xatırlamır. Şahid2 həmçinin ifadəsində göstərmişdir ki, o heç kimi vurmamış və döyməmişdir, Oğuz rayon sakini Ramil adlı şəxsi tanımır. Tərtər rayon sakinləri Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə arasında heç bir ədavəti və ya düşmənçiliyi, onların döyülməsindən xəbəri olmamışdır. İş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 hazırda vəfat etdiyindən məhkəmə iclasında onun ifadəsi elan olunmuşdur. İbtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 27 oktyabr 2023-cü il tarixdə axşam saatlarında Oğuz şəhər, H.Əliyev prospektində yerləşən “MC klub” adlanan kafedə oturaraq 8-9 bakal pivə içmişdir. O, gecə saatlarında evə gedərkən Oğuz şəhər Bazarının qarşısında küçədə mübahisə olduğunu görmüş və onlara yaxınlaşaraq “ayırmağa” çalışmışdır. Onları ayırdıqdan sonra isə yaşadığı evə getmişdir. 28 oktyabr 2023-cü il tarixdə günorta saatlarında yaşadığı evə polis əməkdaşları gəlib onu polis şöbəsinə dəvət etmiş və orada onun izahatı alınmışdır. Həmin vaxt da o, bildiklərini izahatında olduğu kimi qeyd etmişdir. Belə ki, o, mübahisə və dava-dalaşın şahidi olmuşdur, lakin mübahisə edən şəxsləri tanımamışdır, onların nə üstündə mübahisə etdiklərini də bilməmişdir. Ona təqdim edilmiş hadisənin görüntülərindən də görünmüşdür ki, iki nəfər dalaşır, onlardan biri-digərini yumruqlayaraq yerə yıxır, sonra isə başqa istiqamətə tərəf gedir, başqa şəxslər isə onları ayırmağa çalışır. O da həmin şəxslərin arasındadır və dalaşan şəxsləri ayırmağa çalışır. Lakin orada olan heç kimi tanımır və onların kim olduqlarını bilmir. Hadisə zamanı onu heç kim vurmamış, o özü də heç kimi vurmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarına əlavə edilmiş, 26 sentyabr 2024-cü il tarixli üzləşdirmə aparmaq haqqında protokollardan görünür ki, istintaq hərəkətləri keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ifadələrində göstərdikləri xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı deyərək təsdiq etmişlər. (i.v. 213-215, 216-218) İş materiallarına əlavə edilmiş 28 oktyabr 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Oğuz RPŞ-nin TB-nin sabiq təhqiqatçısı, polis mayoru Xəyal Şərifov tərəfindən Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 döyülmələri ilə bağlı hadisə yerində adsız mağazada olan video müşahidə kamerasının görüntülərinə baxış keçirilmiş, həmin görüntüləri olduğu kimi götürülməsi mümkün olmadığından monitordan telefon vasitəsi ilə çəkilməklə DVD diskə köçürülmüş və tərtib edilmiş protokola əlavə olunmuşdur. (i.v. 10-11) İş materiallarına əlavə edilmiş 27 sentyabr 2024-cü il tarixdə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs iştirakı ilə cinayət işinin istintaq materiallarında olan hadisə zamanı qeydə alınmış video-görüntülərin telefon vasitəsi ilə çəkilməklə 1 ədəd DVD diskə köçürülmüş görüntülərinə baxış keçirələrkən müəyyən olunmuşdur ki, video görüntünün əvvəlində iki nəfər şəxs bir-birinin yaxasından tutmuş vəziyyətdədir, daha sonra onlardan biri digərinə yumruqla zərbələr vurmağa başlayır və onu yerə yıxır. Daha sonra görüntüyə başqa 4 nəfər şəxs daxil olur və onları ayırır. Ayrıldıqdan sonra yumruq zərbələri vuran şəxs başqa istiqamətə gedir və bir neçə saniyə sonra geri, döydüyü şəxsin yanına qayıdır və bununla da mübahisə başa çatır. Təqsirləndirilən şəxs bildirmişdir ki, DVD diskdə olan video görüntüdə yumruqla zərbələr vuran şəxs o, qarşı tərəfdə olan isə Zərərçəkmiş şəxs1dur. (i.v. 220) İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 PHŞ-nin Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 78 nömrəli canlı şəxsin ekspertizası rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində sağ üst göz qapağının, sağ bel nahiyəsinin qançırları, sağ gözün buynuz qişasına qansızma, başın sol təpə nahiyəsinin, sağ dirsək oynağının arxa səthinin sıyrıqları kimi xəsarəti vardır. Qeyd olunan xəsarətlər küt alətin (əşyaların) təsirindən 28 oktyabr 2023-cü ildə törənə bilər. Həmin xəsarətlər sağlamlığa zərər vurmayan bədən xəsarətlərinə aiddir. (i.v. 23-24) İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 PHŞ-nin Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 79 nömrəli canlı şəxsin ekspertizası rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində qapalı kəllə beyin travması, beyil silkələnməsi, burun sümüklərinin yerini dəyişən sınığı, aol almacıq, sol əng sümüyünün və sol orbitanın (göz yuvasının) aşağı divarının sınığı, hər iki gös ətrafının hematoması, alının sağ qaşüdtü nahiyəsinin əzilmiş-cırılmış yarası kimi xəsarətləri vardır. Qeyd olunan xəsarətlər küt alətin (əşyaların) təsirindən 28 oktyabr 2023-cü ildə törənməsinə uyğun gəlir. Bədən xəsarətlərinin ağırlıq dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmanın əlamətlərinə aiddir. (i.v. 25-27) İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmişdir.(i.v.58) İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli CM-nin 127.1-ci maddəsindən CM-nin 127.2.3-cü maddəsinə tövsif edilmişdir.(i.v. 76) İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 127.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. (i.v. 86) İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (i.v. 108) İş materiallarına əlavə edilmiş xx.xx.2024 və xx.xx.2024-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir.(i.v. 122; 161) İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs tutularaq Oğuz RPŞ-nin İB-nə təhvil verilmişdir.(i.v. 177) İş materiallarına əlavə edilmiş Oğuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(054)- 30/2024 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir.(i.v. 187) İş materiallarına əlavə edilmiş Oğuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(054)- 31/2024 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmişdir.(i.v. 222) İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən Oğuz RPŞ-yə təqdim edilən xx.xx.2024-cü il tarixli notarial, Oğuz Rayon Məhkəməsinə təqdim edilən xx.xx.2025-ci il tarixli notarial və xx.xx.2025-ci il tarixli ərizələrindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir iddia və tələbləri yoxdur, onunla barışmışlar, onlara dəymiş ziyan ödənilmişdir, ondan şikayətçi deyillər. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs – xx.xx.1995-ci ildə Oğuz rayonunda anadan olmuşdur, azərbaycanlıdır, Rusiya Federasiyasının vətəndaşıdır, subaydır, orta təhsillidir, işləmir, məhkumluğu yoxdur, Rusiya Federasiyası, İvanov vilayəti, Kineşma şəhəri, Vasilya Panfilova küçəsi, ev 16 ünvanında qeydiyyatda olmaqla, ünvan 5 15 794878 və 55 ******* nömrəli pasportlar) Azərbaycan Respublikası ərazisində narkoloji, psixiatriya dispanserlərində qeydiyyatda olmamışdır, idman sahəsində təltifləri vardır, yaşayış yerindən müsbət xarakterizə olunur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspert rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli, 1 nömrəli Qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. CM-in 127.2.3-cü maddəsinə əsasən ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 127.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: təqsirləndirilən şəxsin əvvəllər məhkum olunmamasını; əməlindən peşman olmasını; zərərçəkmiş şəxslərlə barışıq əldə edərək, zərər çəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını; İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, həmçinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri də nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, zərəçəkmiş şəxslə barışmasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 127.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs saxlanılaraq faktiki azadlığı məhdudlaşdırıldığı müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmalıdır. Məhkəmə CM-in 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət; 158.2.2. ev dustaqlığında saxlanıldığı müddət; 158.2.3. məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət. Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməli, məhkəmə iclas zalında dərhal “həbsə” alınmalı və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut, məhkəmə xərcləri və mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1(bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs saxlanılaraq faktiki azadlığı məhdudlaşdırıldığı vaxtdan -xx.xx.2024cü il tarixdə saat 05:30-dən barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək tutulmadan azad olunduğu vaxtadək – xx.xx.2024-cü il - tarixdə saat 10:50-dək olan müddət 3(üç) gün kimi nəzərə alınaraq həmin müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 1(bir) il müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılaraq üzərində qəti olaraq 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilsin və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal “həbs” edilsin. İş üzrə mülki iddia tələbinin və digər məhkəmə xərclərinin, müsadirə olunması təklif olunan əmlak, alət və vasitənin olmadığı nəzərə alınsın. Hökmdən elan edildiyi (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim : Emin Məmmədli
Məhkəmə qərarları › İş №1(054)-24/2025
Oğuz Rayon Məhkəməsi Hökm — İş №1(054)-24/2025
08.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver