Məhkəmə qərarları › İş №1(054)-25/2022

Oğuz Rayon Məhkəməsi Hökm — İş №1(054)-25/2022

06.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Oğuz rayonu İş № 1(054)-25/2022 06.12.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, birinci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs: xx.xx.1991-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işsiz, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər Qəbələ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1 (025) - 25 / 2021 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib qəti cəza olaraq 2 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasının 4 ay 4 gündən ibarət hissəsi çəkilməmiş qalmış, xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, barəsində xx.xx.2022ci il tarixdə “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək məhkəməyə verilmişdir, ondan ötrü ki, o, tamah niyyəti və özgənin əmlakını gizli yolla talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs məxsus olan, Oğuz şəhəri Cavanşir küçəsində yerləşən “Oğuz Mart” adlı marketdən 145 manat dəyərində 18 illik “Chivas Regal” adlı 1 litr həcmində 1 ədəd viskini, 120 manat dəyərində 18 illik “Chivas Regal” adlı 0,7 litr həcmində 1 ədəd viskini, 38 manat dəyərində “X7” adlı 1 litr həcmində 1 ədəd arağı və hər birinin dəyəri 19,70 manat olan 6 ədəd 1 kiloqramlıq “Westgold” kərə yağlarını qəsdən, gizli yolla talayaraq zərərçəkmiş şəxsə ümumilikdə 421,20 manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti və özgənin əmlakını gizli yolla talama məqsədi ilə 17 .08.2022-ci il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs məxsus olan, Oğuz şəhəri H.Əliyev küçəsində yerləşən “Dost market” adlı mağazadan 120 manat dəyərində 18 illik “Chivas Regal” adlı 0,7 litr həcmində 1 ədəd viskini, hər birinin dəyəri 19,70 manat olan 5 ədəd 1 kiloqramlıq “Westgold” kərə yağlarını və hər birinin dəyəri 8,10 manat olan 6 ədəd 400 qramlıq “Westgold” kərə yağlarını qəsdən, gizli yolla talayaraq zərərçəkmiş şəxsə ümumilikdə 267,10 manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti və özgənin əmlakını gizli yolla talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 17 radələrində Zərərçəkmiş şəxs məxsus olan, Oğuz şəhəri Cavanşir küçəsində yerləşən “Oğuz Mart” adlı marketdən 145 manat dəyərində 18 illik “Chivas Regal” adlı 1 litr həcmində 1 ədəd viskini, 120 manat dəyərində 18 illik “Chivas Regal” adlı 0,7 litr həcmində 1 ədəd viskini, 38 manat dəyərində “X7” adlı 1 litr həcmində 1 ədəd arağı və hər birinin dəyəri 19,70 manat olan 5 ədəd 1 kiloqramlıq “Westgold” kərə yağlarını qəsdən, gizli yolla talayaraq zərərçəkmiş şəxsə ümumilikdə 401,50 manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti və özgənin əmlakını gizli yolla talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 17 radələrində Zərərçəkmiş şəxs məxsus olan, Oğuz şəhəri Cavanşir küçəsində yerləşən “Oğuz Mart” adlı marketdən hər birinin dəyəri 19,70 manat olan 6 ədəd 1 kiloqramlıq “Westgold” kərə yağlarını qəsdən, gizli yolla talayaraq zərərçəkmiş şəxsə ümumilikdə 118,20 manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bildi, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və ifadə verərək göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Qəbələ şəhərində yaşayır. Əvvəllər oğurluq cinayəti törətdiyinə görə 2021-ci ilin may ayında azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Maddi imkansızlıq üzündən oğurluq etmək qərarına gəlmiş və bu məqsədlə xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə Oğuz şəhəri ərazisində yerləşən “Oğuz Mart” və “Dost market” adlı marketlərə ayrı-ayrı vaxtlarda müştəri kimi daxil olaraq vitrinlərə yığılmış qiymətli içkiləri və kərə yağlarını götürərək özü ilə gətirdiyi sellofan kisələrə yığıb mağazadan çıxmışdır. Oğurladığı malları Qəbələ şəhərində tanımadığı şəxsə sataraq ümumilikdə 1000 manat gəlir əldə etmiş və əldə etdiyi gəliri öz ehtiyacları üçün xərcləmişdir.xx.xx.2022-ci il tarixdə Oğuz şəhərində olarkən polis əməkdaşları onu oğurluqda şübhəli bilindiyi üçün polis şöbəsinə dəvət etmişlər və o, polis şöbəsinə gəldikdən sonra etdiyi oğurluq hadisələrini etiraf etmişdir. Bundan sonra o, vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd etmişdir ki, o, oğurluq etmək məqsədi ilə xx.xx.2022-ci il tarixdə Oğuz şəhərinə gələrək həmin gün saat 19 radələrində Oğuz şəhəri Cavanşir küçəsində yerləşən “Oğuz Mart” adlı marketə müştəri kimi daxil olmuşdur. Bundan sonra o, mağazada olan vitrinlərə yığılmış “Chivas Regal” adlı 1 litr həcmində 1 ədəd viskini, “Chivas Regal” adlı 0,7 litr həcmində 1 ədəd viskini, “X7” adlı 1 litr həcmində 1 ədəd arağı və 1 kiloqramlıq 6 ədəd “Westgold” kərə yağlarını götürərək özü ilə gətirdiyi sellofan kisəyə yığıb mağazadan çıxmışdır. Daha sonra həmin gün saat 20 radələrində Oğuz şəhəri H.Əliyev küçəsində yerləşən “Dost market” adlı mağazaya eyni üsulla daxil olaraq orada vitrinlərə yığılmış “Chivas Regal” adlı 0,7 litr həcmində 1 ədəd viskini, 1 kiloqramlıq 5 ədəd “Westgold” kərə yağlarını və 400 qramlıq 6 ədəd “Westgold” kərə yağlarını götürərək özü ilə gətirdiyi sellofon kisələrə qoyub mağazadan çıxmışdır. Ertəsi gün, yəni xx.xx.2022-ci il tarixdə saat 17 radələrində yenidən “Oğuz Mart” adlı marketə müştəri kimi gələrək orada vitrinlərə yığılmış “Chivas Regal” adlı 1 litr həcmində 1 ədəd viskini, “Chivas Regal” adlı 0,7 litr həcmində 1 ədəd viskini, “X7” adlı 1 litr həcmində 1 ədəd arağı və 1 kiloqramlıq 5 ədəd “Westgold” kərə yağlarını götürərək özü ilə gətirdiyi sellofon kisələrə yığıb mağazadan çıxmışdır. Daha sonra xx.xx.2022-ci il tarixdə saat 17 radələrində yenidən “Oğuz Mart” adlı marketə eyni qaydada müştəri kimi daxil olub orada vitrinlərə yığılmış 1 kiloqramlıq 6 ədəd “Westgold” kərə yağlarını götürüb özü ilə gətirdiyi sellofon kisələrə yığıb oradan çıxmışdır. Oğurladığı malları Qəbələ şəhərində tanımadığı şəxsə sataraq ümumilikdə 1000 manat gəlir əldə etmiş və əldə etdiyi gəliri öz ehtiyacları üçün xərcləmişdir.xx.xx.2022-ci il tarixdə Oğuz şəhərində olarkən polis əməkdaşları onu oğurluqda şübhəli bilindiyi üçün polis şöbəsinə dəvət etmişlər və o, polis şöbəsinə gəldikdən sonra etdiyi oğurluq hadisələrini etiraf etmişdir. Bundan sonra o, vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs ifadəsində, eyni zamanda, qeyd etdi ki, o, maddi imkanları zəif olduğu üçün oğurluq etmişdir. Törətdiyi cinayət əməlini etiraf etmiş və əməlindən səmimi peşman olmuşdur. Maddi imkanı olmadığından zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı da indiyədək ödəyə bilməmişdir. Himayəsində bir azyaşlı uşağı vardır və ailəsində ondan başqa əmək qabiliyyəti olan şəxs yoxdur. Qeyd etdiyi halları cəza təyin edilən zaman nəzərə almağı və ona qanun çərçivəsində güzəşt edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs cinayət əməli törətməsi onun özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, iş materialları və məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Zərərçəkmiş şəxs sonuncu məhkəmə iclasına gəlməmiş, iştirak etdiyi məhkəmə baxış iclasında ifadə verərək göstərmişdir ki, o, Oğuz şəhəri Cavanşir küçəsində yerləşən “Oğuz Mart” adlı və Oğuz şəhəri H.Əliyev küçəsində yerləşən “Dost market” adlı marketlərdə satış müdiri vəzifəsində işləyir. İşlədiyi müddətdə mağazalarda bir neçə dəfə oğurluq hadisələri olmuşdur. Belə ki, Qəbələ rayon sakini, adı ona sonradan məlum olan Təqsirləndirilən şəxs xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə həmin marketlərdən vitrinlərə yığılmış, dəyəri yüksək olan spirtli içkiləri və kərə yağlarını oğurlayaraq ona ümumilikdə 1208 manat miqdarında maddi ziyan vurmuşdur. O, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Marketlərdən həmin tarixlərdə oğurluq edən şəxsin kimliyi sonradan müşahidə kamerası vasitəsilə müəyyən edilmişdir. O, xx.xx.2022-ci il tarixdə saat 20 radələrində “Dost market” adlı mağazadan, xx.xx.2022-ci il tarixdə saat 17 radələrində “Oğuz Mart” adlı mağazadan Təqsirləndirilən şəxs tərəfindən edilən oğurluq hadisələrinin video görüntülərini əldə edərək istintaqa təqdim etsə də, xx.xx.2022-ci il tarixdə saat 17 radələrində “Oğuz Mart” adlı marketdən həmin şəxs tərəfindən edilən oğurluq hadisəsinin video görüntüsünü, müşahidə kamerasında yaranmış nasazlıq səbəbindən əldə edərək istintaqa təqdim edə bilməmişdir. Zərərçəkmiş şəxs ifadəsində, eyni zamanda, göstərdi ki, ona dəymiş cəmi 1208 manat maddi ziyan indiyədək də ödənilməmişdir. O, təqsirləndirilən şəxsi bağışlamamış, onunla barışmamış və hazırda da təqsirləndirilən şəxsdən şikayətçidir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində qeyd etmişdir ki, o, hazırda Qəbələ rayon İcra və Probasiya şöbəsinin rəisi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs 2 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi barədə Qəbələ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü icra edilməsi üçün xx.xx.2021-ci il tarixdə Qəbələ rayon İcra və Probasiya şöbəsinə daxil olmuşdur. Həmin hökm əsasında Zamanlı X1 şöbəsinə dəvət edilmiş və o, xx.xx.2021-ci il tarixdə məhkum kimi qeydiyyata alınmışdır. Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Probasiya şöbəsinə yaşayış yeri haqqında müvafiq arayış təqdim edib yaşayış yerinin Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə küçəsində olmasını əsas gətirərək yaşayış yerinin dəyişdirilməsi barədə təqdimat verilməsini xahiş etmişdir. Bundan sonra Qəbələ rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli qərarı ilə məhkumun yaşayış yeri qeyd edilən ünvana dəyişdirilmiş və hökmün icrası üçün Bakı şəhər Probasiya İdarəsinə göndərilmişdir. Təqsirləndirilən şəxs Bakı şəhər Probasiya İdarəsinə müraciət edib yaşayış yerinin Qəbələ şəhəri olduğunu əsas gətirərək yaşayış yerinin dəyişdirilməsi barədə təkrarən təqdimat verilməsini xahiş etmişdir. Binəqədi rayon Məhkəməsinin qərarına əsasən məhkum Təqsirləndirilən şəxs yaşayış yeri Qəbələ şəhərinə dəyişdirilmişdir. xx.xx.2021-ci il tarixdə məhkumun yaşayış yerinə baxış keçirilən zaman onun faktiki yaşadığı ünvanın ünvan 3də ona elektron qolbaq tətbiq edilmişdir. xx.xx.2021-ci il tarixli aministya qərarını 5-ci bəndinə əsasən Təqsirləndirilən şəxs cəzasını 1 il müddətinə azaldılması barədə xx.xx.2022-ci il tarixdə Probasiya şöbəsi tərəfindən təqdimat verilmiş və Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən məhkumun cəzası 1 il azaldılmışdır. Məhkum Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Qəbələ Rayon Məhkəməsinin qərarına əsasən Azərbaycan Respulikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib 1 ay müddətinə inzibati həbs edilmişdir. Həmin müddətdə Təqsirləndirilən şəxs Qəbələ rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerində olarkən onun izahatı alınmış, bu zaman onun üzərində olan elektron nəzarət vasitəsinin işləmədiyi müəyyən edilmişdir. Belə ki, həmin vaxt Təqsirləndirilən şəxs təhkim olunmuş mobil qurğunun enerjisi olmadığından, həmçinin, evindən aralı olduğu üçün enerjisi bitdiyindən elektron qolbağın işləmədiyi müəyyən edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs izahatı alınaraq akt tərtib olunmuş və inzibati həbs müddəti bitəndən sonra dərhal Qəbələ rayon İcra və Probasiya şöbəsinə yaxınlaşması tələb edilmişdir. Həmin vaxtdan 1 ay sonra, yəni Təqsirləndirilən şəxs inzibati həbs müddəti bitdikdən sonra da ona xəbərdarlıq olunmasına baxmayaraq o, Probasiya şöbəsinə gəlməmişdir. Bundan sonra onun yaşadığı evə təkrarən və dəfələrlə baxış keçirilmiş, ona məxsus olan (051) ***- **-** mobil nömrəsinə zəng edilmiş, lakin onun yerini müəyyən etmək mümkün olmadığı üçün xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilərək Qəbələ rayon Polis Şöbəsinə göndərilmişdir. Eyni zamanda Qəbələ rayon Prokurorluğuna məhkumun tutulması barədə məhkəməyə təqdimat verilməsi ilə bağlı vəsatət verilmişdir. Sonradan Təqsirləndirilən şəxs oğurluq cinayət əməlini törətdiyi üçün xx.xx.2022-ci il tarixdə Oğuz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulduğu məlum olmuş və Təqsirləndirilən şəxs təhkim olunmuş elektron nəzarət vasitəsi xx.xx.2022-ci il tarixdə Oğuz rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerində onun ayağından açılaraq bu barədə akt tərtib olunmuşdur. Daha sonra onun evinə gedərək qohumunun iştirakı ilə evə baxış keçirilmiş, ev elektron vasitələri və mobil qurğular aşkar edilərək götürülmüşdür. Bundan sonra həmin mobil qurğular Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin Elektron Monotorinq Mərkəzinə təhvil verimişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində qeyd etmişdir ki, o, Oğuz rayon Polis Şöbəsinin cinayət axtarış bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir münasibəti olmamışdır. xx.xx.2022-ci il tarixdə xidmətdə olarkən Oğuz şəhəri Cavanşir küçəsində yerləşən “Oğuz Mart” adlı marketdən və Oğuz şəhəri H.Əliyev küçəsində yerləşən “Dost market” adlı marketdən xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə oğurluq olması, həmin oğurluq hadisələrində Qəbələ rayon sakini Təqsirləndirilən şəxs şübhəli olması barədə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında xx.xx.2022-ci il tarixdə saat 17 radələrində Oğuz rayon Polis Şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili Şahid3la birlikdə Oğuz şəhəri Cavanşir küçəsində Təqsirləndirilən şəxs oğurluq hadisələrində şübhəli bilindiyi üçün onlar tərəfindən saxlanılmış və polis şöbəsinin növbətçi hissəsinə təhvil verilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş “Baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokol və qeyd edilən protokola əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Zərərçəkmiş şəxs Oğuz şəhəri Cavanşir küçəsində yerləşən “Oğuz Mart” adlı və Oğuz şəhəri H.Əliyev küçəsində yerləşən “Dost market” adlı marketlərdə spirtli içkilərin və “Westgold” kərə yağlarının yığıldığı yeri əyani şəkildə göstərmişdir. İş materiallarına əlavə edilmiş “İfadənin yerində yoxlanılması haqqında” xx.xx.2022-ci il tarixli protokol və həmin protokola əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Oğuz şəhəri Cavanşir küçəsində yerləşən “Oğuz Mart” adlı və Oğuz şəhəri H.Əliyev küçəsində yerləşən “Dost market” adlı marketlərdən spirtli içkiləri və “Westgold” kərə yağlarını oğurladığı yeri əyani şəkildə göstərmişdir. İş materiallarına əlavə edilmiş “Baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokol və həmin protokola əlavə edilmiş diskdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs marketdən oğurluq etdiyi zaman müşahidə kameraları vasitəsilə qeydə alınmış video görüntülərinə istintaq zamanı baxış keçirilmiş və video görüntülərin köçürüldüyü bir ədəd disk cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/6253 nömrəli rəyində qeyd edilmişdir ki, ekspertiza təyini haqqında qərarda göstərilən ekspertiza məmulatlarının 2022-ci ilin avqust ayı üçün orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə, təxminən, 1208 manat manat miqdarında müəyyən edilir. (Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir). İş materiallarına əlavə edilmiş Oğuz rayon X2 Qrupunun baş müstəntiqi Elçin İsmayılovun sübutların qiymətləndirilməsi barədə xx.xx.2022-ci il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə elan olunmuş ittihamın məzmunu dəyişdirilərək və əlavələr edilərək ona yenidən həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarına əlavə edilmiş şübhəli şəxsin tutulması barədə xx.xx.2022-ci il tarixli qərardan və həmin tarixli protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 17:00-da Oğuz rayon Polis Şöbəsinə gətirilərək cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Oğuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4 (054) - 10 / 2022 nömrəli qərarından müəyyən edilir ki, məhkəmənin həmin qərarı ilə Təqsirləndirilən şəxs barəsində 3 ay müddətində “həbs” qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli onun tutulduğu andan - xx.xx.2022-ci il tarixdə saat 17:00-dan hesablanmışdır. İş materiallarına əlavə edilmiş Qəbələ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1 (025) - 25 / 2021 nömrəli hökmündən, Qəbələ Rayon Məhkəməsinin amnistiya aktının tətbiq edilməsi barədə xx.xx.2022-ci il tarixli 7 (025) - 26 / 2022 nömrəli qərarından, Qəbələ Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli 6287 / 10 nömrəli sorğuya cavab məktubundan, xx.xx.2021-ci il tarixli təqdimatdan, xx.xx.2022-ci il tarixli aktdan və xx.xx.2022-ci il tarixli tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib qəti cəza olaraq 2 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 5-ci bəndinə əsasən xx.xx.2022-ci il tarixdə cəzası 1 il azaldılmış, hazırda cəzasının 4 ay 4 gündən ibarət hissəsi çəkilməmiş qalmışdır. İş materiallarına əlavə edilmiş “Qəbələ rayon Mərkəzi Xəstəxanası” X8 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 378 nömrəli sorğuya cavab məktubundan müəyyən edilir ki, Təqsirləndirilən şəxs Qəbələ rayon Mərkəzi Xəstəxanasının psixiatrik və narkoloji kabinetlərində qeydiyyatda deyildir. İş materiallarına əlavə edilmiş Qəbələ rayon İcra Hakimiyyəti başçısının Qəbələ şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 204 nömrəli arayışdan və elektron informasiya məlumat sistemi üzrə çıxarışdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə həmin Nümayəndəliyin ərazisində yaşayır, onun ailəsi atası, arvadı və xx.xx.2019-cu il tarixdə anadan olmuş X3 adlı azyaşlı uşağından ibarətdir. İş materiallarına əlavə edilmiş Qəbələ rayon İcra Hakimiyyəti başçısının Qəbələ şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 205 nömrəli xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində yaşadığı ərazi üzrə müsbət xarakterizə olunur. Onun barəsində yaşadığı ərazi üzrə İcra Nümayəndəliyinə hüquqpozma xarakterli hər hansı məlumat daxil olmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən təqsirləndirilən şəxsin törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən ona təyin ediləcək cəzanın islah olunmasına və həyat şəraitinə təsiri imkanlarını nəzərə alır. Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayət əməlində cəzanı ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən halın olmasını, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən ona təyin ediləcək cəzanın islah olunmasına təsiri imkanlarını, həmçinin, təqsirləndirilən şəxsin əvvəlki hökm üzrə də oğurluq cinayəti törətdiyinə görə məhkum edildiyini, əvvəlki hökm üzrə ona təyin edilən cəza tədbirindən nəticə çıxarmayaraq cəza çəkdiyi dövrdə yenidən eyni növlü cinayəti törətdiyini onun şəxsiyyətini səciyyələndirən hal kimi nəzərə alaraq Təqsirləndirilən şəxs hazırda ittiham edildiyi maddədə müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, həmin cəzanın 2 il müddətində müəyyən edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs barəsində Qəbələ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1 (025) - 25 / 2021 nömrəli hökmü ilə təyin edilmiş və hazırda çəkilməmiş qalan 4 ay 4 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir günü kimi hesablanmaqla, həmin cəza 2 ay 2 gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq hazırki hökm üzrə təyin edilmiş cəzaya Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilməklə birləşdirilməlidir. Məhkəmə işin faktiki hallarına görə hazırki iş üzrə hökmlərin məcmusu üzrə cəza təyin edərkən yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə deyil, qismən birləşdirməklə Təqsirləndirilən şəxs qəti olaraq 2 il 1 ay azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanunauyğun hesab edir. Təqsirləndirilən şəxs bаrəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı həbsə alındığı andan - xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs marketdən oğurluq etdiyi zaman müşahidə kameraları vasitəsilə qeydə alınmış video görüntülərinə dair bir ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 50 manat ekspertiza xərci hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia tələbi verilməmişdir və digər məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Qəbələ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1 (025) - 25 / 2021 nömrəli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının hazırda çəkilməmiş qalan 4 ay 4 gündən ibarət hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir günü kimi hesablanmaqla, həmin cəza 2 ay 2 gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq hazırki hökm üzrə təyin edilmiş 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilməklə qismən birləşdirilərək ona qəti olaraq 2 il 1 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs bаrəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı həbsə alındığı andan - xx.xx.2022-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs marketdən oğurluq etdiyi zaman müşahidə kameraları vasitəsilə qeydə alınmış video görüntülərinə dair bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 50 manat ekspertiza xərci hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İş üzrə mülki iddia tələbinin verilmədiyi, digər məhkəmə xərclərinin olmadığı nəzərə alınsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində, həbsdə saxlanılan şəxs tərəfindən isə hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində həmin hökmdən Oğuz Rayon Məhkəməsi vasitəsilə, bilavasitə və ya həbsdə saxlanılma yeri müdiriyyəti vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Hakim : Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar