Məhkəmə qərarları › İş №1(054)-25/2023

Oğuz Rayon Məhkəməsi Hökm — İş №1(054)-25/2023

05.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Oğuz rayonu İş № 1(054)-25/2023 05.12.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxx 1998-ci il tarixdə Oğuz rayonu, Zərrab kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, işsiz,orta təhsilli, əvvəllər məhkum olunmamış, Oğuz rayonu Zərrab kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 (bir) ədəd qızılı-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,509 qram psixotrop maddə olan metamfetamini xx.xx.2023-cü il tarixdə Oğuz rayonu Kərimli kəndində yerləşən avtobus dayanacağinin yaxinliğindan yerdən tapmaqla əldə edib özündə saxlayaraq daşımış, 08 avqust 2023-cü il tarixdə saat 23:35 radələrində isə Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Oğuz rayonu, Bayan kəndi ərazisində saxlanılaraq Oğuz Rayon Polis Şöbəsinə gətirilmiş, onun üzərində şəxsi axtarış aparılan zaman 01 (bir) ədəd qızılı-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,509 qram psixotrop maddə olan metamfetamin əynindəki qara rəngli şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bildi, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdi və ifadə verərək bildirdi ki, narkotik vasitələrdən fasilələrlə istifadə edir. 06 avqust 2023-cü il tarixdə Oğuz rayonu Kərimli kəndi ərazisində yerləşən avtobus dayanacağinin qarşısında olan zaman yol kənarında yerdə olan bükümə gözü sataşmış və maraqli olduğu üçün sellofan bükümü götürüb əynində olan qara rəngli şalvarın cibinə qoymuşdur. Yol gedən zaman bükümü açıb baxdıqda onun içərisində toz şəklində ağ rəngli kütlə görmüş, həmin kütlənin “patı” kimi tanınan psixotrop maddə metamfetamin olmasını bilmişdir. Belə ki, əvvəllər Bakı şəhərində olan zaman psixotrop maddə olan metamfetamindən istifadə etdiyindən həmin maddəni tanımışdır. Götürdüyü maddədən istifadə etməmişdir. 08 avqust 2023-cü il tarixdə, təxminən saat 23:30 radələrində Oğuz rayonu Bayan kəndində olarkən polis əməkdaşları ona yaxınlaşmış, narkotik vasitə gəzdirməkdə şübhəli olduğu üçün onu polis şöbəsinə dəvət etmişlər. Oğuz rayon Polis Şöbəsinə gətirildikdən sonra vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri izah edilmişdir. Daha sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış başlamamışdan əvvəl ona üzərində olan əşyaları könüllü təqdim etməsi təklif edilmiş, o da əynindəki qara rəngli şalvarının sağ yan cibində saxladığı, Oğuz rayonu Kərimli kəndi ərazisində avtobus dayanacağının ətrafından tapdığı və öz istifadəsi üçün üzərində saxladığı psixotrop maddə olan metamfetamini çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra üzərində şəxsi axtarış aparilmiş, lakin üzərindən gəzdirilməsi və daşınması qadağan olunmuş hər hansı əşya və predmet aşkar edilməmişdir. Polis əməkdaşları həmin bükümün içərisində nə olduğunu soruşduqda, o, bükümün özünə məxsus olduğunu, bükümün içərisində psixotrop maddə olan metamfetamin olduğunu, həmin metamfetamini Oğuz rayonu, Kərimli kəndi ərazisində yerləşən avtobus dayanacağinin ətrafından yerdən tapdığını və öz istifadəsi üçün üzərində gəzdirdiyini demişdir. Bundan sonra üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetamin polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüşdür.Üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetamini tapması barədə heç kəsə məlumat verməmişdir. Heç kimə narkotik vasitə və ya psixotrop maddə olan metamfetamin satmamış, üzərindən aşkar olunmuş psixotrop maddə olan metamfetamini yalniz öz istifadəsi üçün üzərində gəzdirmişdir. Törətdiyi cinayət əməlini könüllü etiraf etmişdir. Narkotik vasitəni əldə etdiyinə, saxladığına, üzərində gəzdirdiyinə görə əməlindən səmimi peşman olmuşdur. Qeyd etdiyi halların cəza təyin edilən zaman nəzərə alınmasını və ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, iş materialları və məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Şahid Oğuz RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 məhkəmə iclasında ifadə verərək bildirdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir münasibəti olmamışdır. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirməsi və narkotik vasitələrdən istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə saat 23 radələrində Oğuz RPŞ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ilə birgə Oğuz rayonu Kərimli kəndində Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz saxlanılmasında şübhəli bilindiyi üçün saxlayaraq Oğuz RPŞ-yə gətirmişlər. Oğuz rayon PŞ-nə gətirildikdən sonra Təqsirləndirilən şəxs vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri izah edilmiş və üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış başlamamışdan əvvəl ona üzərində olan əşyaları könüllü təqdim etmək təklif edilmiş, o da əynindəki qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd bükümü çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra üzərində şəxsi axtarış aparılmış, lakin üzərindən gəzdirilməsi və daşınması qadağan olunmuş hər hansı əşya və predmet aşkar edilməmişdir. Polis əməkdaşları həmin bükümün içərisində nə olduğunu soruşduqda, o, bükümün içərisində psixotrop maddə olan metamfetamin olduğunu, həmin psixotrop maddə olan metamfetamini Oğuz rayonu Kərimli kəndi ərazisində yerləşən avtobus dayanacağının ətrafından yerdən tapdığını və öz istifadəsi üçün üzərində gəzdirdiyini demişdir. Bundan sonra Təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş büküm tərkibinin və dəqiq çəksinin müəyyən edilməsi məqsədilə ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, protokol tərtib olunmuşdur. Protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Şahid Oğuz RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid2 məhkəmə iclasında ifadə verərək bildirdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir münasibəti olmamışdır. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirməsi və narkotik vasitələrdən istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə saat 23 radələrində Oğuz RPŞ-nin əməliyyat müvəkkili Şahid1 ilə birgə Oğuz rayonu Kərimli kəndində Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz saxlanılmasında şübhəli bilindiyi üçün saxlayaraq Oğuz RPŞ-yə gətirmişlər. Oğuz rayon PŞ-də Təqsirləndirilən şəxs vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri izah edilmiş və üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış başlamamışdan əvvəl ona üzərində olan əşyaları könüllü təqdim etmək təklif edilmiş, o da əynindəki qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd bükümü çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra üzərində şəxsi axtarış aparılmış, lakin üzərindən gəzdirilməsi və daşınması qadağan olunmuş hər hansı əşya və predmet aşkar edilməmişdir. Polis əməkdaşları həmin bükümün içərisində nəyin olmasini soruşduqda, o, bükümün içərisində psixotrop maddə olan metamfetamin olduğunu, həmin metamfetamini Oğuz rayonu Kərimli kəndi ərazisində yerləşən avtobus dayanacağının ətrafından yerdən tapdığını və öz istifadəsi üçün üzərində gəzdirdiyini demişdir. Bundan sonra Təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş büküm tərkibinin və dəqiq çəksinin müəyyən edilməsi məqsədilə ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, protokol tərtib olunmuşdur. Protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Şahid Oğuz RPŞ-nin əməkdaşı polis serjantı Şahid3 məhkəmə iclasında ifadə verərək bildirdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir münasibəti olmamışdır. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz saxlanılmasında şübhəli bilindiyi üçün saxlanılaraq Oğuz RPŞ-yə gətirilmişdir. O, Oğuz RPŞ-nin KTQ-nun kriminalist köməkçisi olaraq Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən video-çəkiliş etmişdir. Şəxsi axtarış başlamamışdan əvvəl ona üzərində olan əşyaları könüllü təqdim etmək təklif edilmiş, o da əynindəki qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd bükümü çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra üzərində şəxsi axtarış aparılmış, lakin gəzdirilməsi və daşınması qadağan olunmuş hər hansı əşya və predmet aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş büküm tərkibinin və dəqiq çəksinin müəyyən edilməsi məqsədilə ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, protokol tərtib olunmuşdur. Protokola təqsirləndirilən şəxs, onun müdafiəçisi, şöbənin əməkdaşları Şahid2 və Şahid1lə birgə o da imza etmişdir İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” 08 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüş və qablaşdırılmış, şəxsi axtarış aparılarkən video-çəkilişdən istifadə olunmaqla əldə edilmiş video görüntülər DVD diskə köçürülmüş və tərtib olunmuş protokola əlavə edilmişdir. (cinayət işi vər: 24-30) İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 09 avqust 2023-cü il tarixli 17/595 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddi sübut” sözləri, adlar və imzalar yazılmış zərfin içərisində 01 (bir) ədəd qızılı-ağ rəngli kağız bükümdə, təmiz çəkisi 0,509 qram olan maddə kustar üsulla hazirlanmiş psixotrop maddə metamfetamindir.Həmin metamfetaminin 0,05 qramı tədqiqata sərf edilmiş, 0,459 qram qalıq qalmışdır. (cinayət işi vər: 36-39) İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş “İfadənin yerində yoxlanması haqqında” 12 oktyabr 2023-cü il tarixli protokol və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə olan metamfetamini tapdığı yeri göstərərək ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. (cinayət işi vər: 90-92) İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş 12 oktyabr 2023-cü il tarixli 1681nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəsətəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alinmasi məsləhət görülür. (cinayət işi vər: 93) Azərbaycan Respublikası TƏBİB “Oğuz Rayon Mərkəzi Xəstəxanası” X8 tərəfindən verilmiş, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş 15 avqust 2023-cü il tarixli PHS/6-64/2-599/2023 saylı məktubdan görünür ki, Oğuz rayon Zərrab kənd sakini, 1998-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Oğuz RMX-nin Poliklinika şöbəsinin Narkoloji və Ruhi-Əsəb kabinetlərində qeydiyyatda yoxdur (cinayət işi vər: 68) İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən tələbnaməyə Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin xx.xx.2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs Oğuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsinə əsasən cinayət məsuliyyətindən azad edilmiş, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.1-ci maddəsinə əsasən barəsində cinayət təqibinə xitam verilmişdir. (cinayət işi vər:69-70) Oğuz rayon İHB Yaqublu kənd İƏD üzrə nümayəndəliyinin iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2023-cü il tarixli, 5-68-12/2-232/2023, 5-68-12/2-233/2023 saylı arayışlarından və həmin tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Oğuz rayonu Zərrab kəndində yaşayır, ailə tərkibi atası 1970-ci il təvəllüdlü X4 və anası 1973-cü il təvəllüdlü X1 ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (cinayət işi vər:72-75) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən çıxarılmış , iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli ********** və ********** nömrəli arayışlardan görünür ki, Təqsirləndirilən şəxs anası xx.xx.1973-cü il təvəllüdlü X3 İ qrup əlildir və əlilliyə görə müavinət alır. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən təqsirləndirilən şəxsin törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən ona təyin ediləcək cəzanın islah olunmasına və həyat şəraitinə təsiri imkanlarını nəzərə alır. Təqsirləndirilən şəxs, qanunsuz olaraq narkotik vasitə əldə edib özündə saxlasa da, polis əməkdaşları tərəfindən üzərində şəxsi axtarış aparılarkən onun üzərində aşkar edilmiş narkotik vasitənin özünə aid olduğunu könüllü olaraq dərhal etiraf etdiyini və narkotik vasitəni əldə etdiyinə, saxladığına, üzərində gəzdirdiyinə görə səmimi peşmançılıq hissləri keçirdiyini, habelə anasının İ qrup əlil olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini, özü və cəmiyyət üçün zərərli təsirlərini, bu əmələ görə məsuliyyətini başa düşmüş və öz əməlinə tənqidi yanaşmaqla artıq islah olunmağa başladığını nümayiş etdirmişdir. Həmin əsaslara görə məhkəmə Təqsirləndirilən şəxs səmimi peşmançılığını və anasının İ qrup əlil olmasını, habelə yaşayış yerindən müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmamasını, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilməsinin özünün həyat tərzinə, ailəsinin vəziyyətinə maddi və mənəvi cəhətdən mənfi təsir göstərəcəyini nəzərə alaraq, habelə təqsirləndirilən şəxslə davranışda ictimaiyyətin daha fəal iştirak etməsinin təmin edilməsi, onda cəmiyyət qarşısında məsuliyyət hissinin artmasına yardım göstərilməsi və onun islah edilməsi məqsədi ilə təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddədə müəyyən edilmiş az ciddi cəza növü hesab olunan kifayət edən həddə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. İş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 08 avqust 2023- cü il tarixdə saat 23:40-dan şübhəli şəxs qismində tutulmuş, 10 avqust 2023-cü il tarixdə saat 12:30da barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə Oğuz RPŞ MSY-dən həbsdən azad edilmişdir. Beləliklə, məhkəmə bildirir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün nəzərə alınaraq, bir günə iki gün hesabı ilə hesablanmaqla 4 gün müddət ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin cinayət işinin materiallarında olan ambulator məcburi narkoloji-tibbi yoxlamasının rəyi ilə Təqsirləndirilən şəxs narkotik vasitələrdən epizodik istifadə etmə halları olduğu, narkomaniya xəstəliyindən əzab çəkmədiyi, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacının olmadığı müəyyən edilmiş, narkoloji kabinetdə profilaktik qeydiyyata alınması məsləhət görülmüşdür. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. Məhkəmə iş üzrə təyin edilmiş məhkəmə-bioloji ekspertizasının 09 avqust 2023-cü il tarixli 17/595 nömrəli rəyini və Təqsirləndirilən şəxs barəsində polis əməkdaşlarının tərtib etdiyi “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” 08 avqust 2023-cü il tarixli protokolun nəticələrini müqayisə edərək narkotik vasitənin çəkisinin məhkəmə-bioloji ekspertizası tərəfindən daha dəqiq müəyyən edilməsini nəzərə almaqla, Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş narkotik vasitənin xalis çəkisinin ona qarşı irəli sürülmüş ittihamda göstərilən miqdarda - 0,509 qram olmasını qəbul edir. Beləliklə, məhkəmə qərara gəlir ki, iş üzrə maddi sübut - Oğuz Rayon Polis Şöbəsində saxlanılan, ekspertiza zamanı istifadə edildikdən sonra qalıq qalan cəmi 0,459 qram çəkidə kustar üsulla hazirlanmiş psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman video-çəkiliş aparılmasına dair 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 69,10 manat ekspertiza xərci hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia tələbi və digər məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılaraq faktiki azadlığı məhdudlaşdırıldığı vaxtdan - 08 avqust 2023-cü il tarixdə saat 23:40-dan şübhəli şəxs qismində tutulmadan azad olunduğu vaxtadək - 10 avqust 2023-cü il tarixdə saat 12:30dək olan müddət 2 (iki) gün kimi nəzərə alınaraq həmin müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın çəkilməsinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı Oğuz rayonu ərazisini, eləcə də saat 22:00-dan saat 07:00-dək olan müddət ərzində daimi yaşayış yeri olan Oğuz rayonu Zərrab kəndində yerləşən evin ərazi hüdudlarını tərk etməmək məhdudiyyəti qoyulsun. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı ərazidə yerləşən, spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Hökmün icrasına nəzarəti Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə maddi sübut - Oğuz Rayon Polis Şöbəsində saxlanılan, ekspertiza zamanı istifadə edildikdən sonra qalıq qalan cəmi 0,459 qram çəkidə kustar üsulla hazirlanmiş psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman video-çəkiliş aparılmasına dair 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 69,10 manat ekspertiza xərci hökm qanuni qüvvəsini aldıqdan sonra məhkum Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin AZ.MEM, VÖEN **********, X2, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ********************, SWİ F T Bik CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. İş üzrə mülki iddia və digər məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Hakim : Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar