Məhkəmə qərarları › İş №1(054)-25/2025

Oğuz Rayon Məhkəməsi Hökm — İş №1(054)-25/2025

14.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Oğuz rayonu İş № 1(054)-25/2025 14.01.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx.xx.1998-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinməklə məhkəməyə verilmişdir, ona görə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs, tamah niyyəti ilə keçmiş arvadı Şahid2 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında xx.xx.2024-cü il tarixdə gecə saat 02:15 radələrində qonaq olduqları ünvan 2 ünvanından, həmin evin sahibi Zərərçəkmiş şəxs məxsus 240 (iki yüz qırx) manat dəyərində qutusu ilə birlikdə bir ədəd «Honor X8a» markalı mobil telefonu, 5 manat dəyərində həmin telefonun bir ədəd qoruyucu üzlüyünü, 100 manat dəyərində bir ədəd «Samsung A10» markalı mobil telefonu və 8 manat dəyərində bir ədəd şortiki gizli yolla talayıb zərərçəkmiş şəxsə ümumilikdə 353 (üç yüz əlli üç) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdi və ifadə verərək bildirdi ki, Şahid2 ilə 2023-cü ilin dekabr ayında ailə qurub nikah bağlamışlar. 2024-cü ilin iyun ayında Bakı şəhərində 1 saylı Asan Xidmətdə nikahlarına xitam vermişlər. Bundan sonra ayrı yaşasalar da, bir-biriləri ilə mütəmadi olaraq əlaqə saxlamışlar. 18 iyul 2024-cü il tarixdə Xanım Oğuz rayonunda tanışlarının evinə gedib orada istirahət etməyi təklif etmişdir. O bu təkliflə razılaşmış və onlar Bakı şəhər avtovağzalından bilet alaraq avtobusla Oğuza gəlib avtobusdan düşmüşlər. Oğuzun avtovağzalından taksiyə minib oradan da sonradan tanıdığı Zərərçəkmiş şəxs evinə gəlmişlər. Xanım ona demişdir ki, ev yiyəsi onun azərbaycanlı olduğunu bilsə evdə qalmağa qoymaz, çünki əvvəl onlarda qonaq olanda ərinin türk olduğunu demişdir. Belə olub özünü türk vətəndaşı kimi təqdim etmiş, adının isə Taner Qaya olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs öz yataq otaqlarını onlara vermişdir. Özü isə yaşlı əri ilə birlikdə digər otağa keçmişdir. Onlar xx.xx.2024-cü il tarixə kimi orada qalmışlar. xx.xx.2024-cü il tarixdə axşam Zərərçəkmiş şəxs Türkiyədə ərdə olan qızı və onun əri ilə danışanda onu da həmin şəxslərlə danışdırmışdır. Bu danışıqdan sonra Zərərçəkmiş şəxs qızı onun türk olmadığından şübhələnib bu barədə anasına demişdir. Zərərçəkmiş şəxs ondan azərbaycanlı, yoxsa türk olduğunu soruşmuş, o da azərbaycanlı olduğunu boynuna almışdır. Axşam yatmaq üçün otaqlarına keçmişlər. Həmin vaxt Xanım öz telefonu yaxşı işləmədiyi üçün Zərərçəkmiş şəxs telefonu istəmişdir ki, “Tiktok”a baxsın. Zərərçəkmiş şəxs “Honor” markalı telefonunu Xanıma verəndə Samsung markalı telefonunu da Xanıma vermişdir. Bundan sonra Xanımla birlikdə qaldıqları otağa gəlmişdir. Onlar gecə həmin telefonları da götürüb Bakıya getmək qərarına gəlmişlər. Xanım otaqda olan şkafdan “Honor” markalı telefonun qutusunu da götürmüşdür. Onlar telefonların içərisinə baxmışlar ki, onun içərisində nömrə olsa çıxartsınlar. Lakin telefonların heç birinin içərisində nömrə olmamışdır. O, instagram sosial şəbəkəsindən taksi nömrəsi tapıb ona zəng etmiş və həmin taksi ilə saat 02:15-də Oğuzdan çıxmışlar. Taksiyə 100 manat pul vermiş, ödənişi də kart vasitəsilə etmişdir. X2 evindən çıxanda oradan 1 ədəd şortik də götürmüşlər. Həmin şortiki Zərərçəkmiş şəxs ona özü ilə şortik gətirmədiyi üçün geyinməyə vermiş, lakin sonradan ona demişdir ki, xoşu gəlirsə şortiki özü ilə apara bilər. O da şortiki oğurluq məqsədi ilə yox, Zərərçəkmiş şəxs ona verdiyi üçün götürmüşdür. Onlar səhər tezdən Xanımın anası ilə birlikdə kirayədə yaşadığı Abşeron rayon Mehdiabad qəsəbəsində yerləşən evlərinə getmişlər. O da həmin gün orada qalmaq qərarına gəlmişdir. xx.xx.2024-cü il tarixdə təxminən saat 16 radələrində evə Oğuz rayon polis şöbəsinin əməkdaşları gəlmişlər. Həmin vaxt onlara Zərərçəkmiş şəxs evindən oğurluq etdiklərini etiraf etmiş, oğurladıqları bir ədəd “Honor” markalı mobil telefonu, onun qutusunu və bir ədəd Samsung markalı mobil telefonu polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra onları Oğuz rayon polis şöbəsinə gətirmişlər. Polis əməkdaşları Mehdiabad qəsəbəsində Xanımın kirayədə yaşadığı evdə onları saxlayanda Zərərçəkmiş şəxs verdiyi şortik onun əynində olmuş və Oğuz rayon polis şöbəsinə həmin şortiklə gəlmişdir. İzahatı alınarkən özü bu barədə polis əməkdaşlarına məlumat vermiş, sonradan əynini dəyişərək həmin şortiki də polis əməkdaşlarına təqdim etmişdir. Bu hadisədən başqa Şahid2 ilə birlikdə və ya ayrılıqda başqa heç bir oğurluq etməmişdir.İbtidai istintaq zamanı zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tam şəkildə aradan qaldırmışdır, yəni dəymiş ziyan onun tərəfindən zərərçəkmiş şəxsə ödənilmişdir. Zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi yoxdur. Qeyd edilən halları cəza təyin edilən zaman nəzərə almağı və ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi onun özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, digər iş materialları və məhkəmə baxışı iclasında tədqiq edilmiş sübutlarla da təsdiq edilir. Zərərçəkmiş şəxs məhkəmə iclasında ifadə verərək bildirdi ki, ünvan 3 ünvanında əri Şahid1 Adil oğlu ilə birlikdə yaşayır. Onun 80 yaşı var, eşitmə problemlidir. Onların 4 övladı var, hər biri ailəlidir və ayrı yaşayırlar. O, əri Şahid1la birlikdə 2024-cü ilin fevral ayında Türkiyə Respublikasından qayıdarkən Məryəm adlı qadınla tanış olmuşdur. Həmin şəxs onun telefon nömrəsini götürmüş və ara-sıra ona zəng etmişdir. 2024-cü ilin iyul ayının 9-da Məryəm ona zəng edərək Bakı şəhərində çox isti olduğunu, ona görə də Oğuza gəlmək istədiyini bildirmişdir. Məryəmə evində şəraitin yaxşı olmadığını, evin 2 otaqdan ibarət olduğunu, hamam otağının həyətdə yerləşdiyini bildirmişdir. Məryəm demişdir ki, qızı ilə birlikdə gəlir, heç bir problem olmayacaq. 2024-cü ilin iyul ayının 10-da Məryəm qızı Xanımla onlara gəlmişdir. Həmin qızı birinci dəfə həmin vaxt görüb-tanımışdır. Onlar iyul ayının 15-nə qədər onlarda qalmışlar. Onlar gedəndən 2 gün sonra Məryəm ona “WHATSAPP” vasitəsi ilə SMS yazaraq qızının kürəkəni ilə birlikdə Oğuza gəldiklərini bildirmiş və onları qəbul etməyini xahiş etmişdir. 17 iyul 2024-cü il tarixdə Xanım tanımadığı bir nəfər şəxslə yenidən onlara gəlmişdir. Xanım həmin şəxsi ona əri kimi təqdim etmişdir. Həmin şəxs özü də adının Taner Qaya olduğunu və türk vətəndaşaı olduğunu bildirmişdir. Həmin şəxslər onun evində ayrıca otaqda qalmışlar. Belə ki, onun evi bir yataq otağı, bir qonaq otağı və bir mətbəx otağından ibarət olduğundan o, qonaqları yataq otağında yerləşdirmişdir, özü isə əri ilə qonaq otağında divanda yer açıb orada yatmışdır. 21 iyul 2024-cü il tarixdə Türkiyə Respublikasında yaşayan qızı ilə telefonla danışarkən onun türk olan əri evində qonaq olan, özünü türk kimi təqdim edən Taner adlı şəxslə danışmışdır. Telefon danışığından sonra qızı ona mesaj yazaraq həmin şəxsin türk olmadığını bildirmiş, ona ehtiyatlı olmağını tapşırmışdır. O da bu barədə Xanıma və əri kimi təqdim etdiyi şəxsə demişdir. Həmin gecə də, onlar evdən ona məxsus 1 ədəd Honor markalı və 1 ədəd Samsung markalı mobil telefonları oğurlayıb getmişlər. O xx.xx.2024-cü il tarixdə Oğuz rayon polis şöbəsinə zəng edib bu barədə məlumat vermişdir. Polis əməkdaşları yaşadığı evə gəlmiş, onlara şikayət ərizəsi yazaraq təqdim etmişdir.Polis tərəfindən yaşadığı evə baxış keçirilmişdir. Həmin gün axşam Oğuz rayon polis şöbəsindən onun evindən oğurluq edən Xanımı və özünü onun əri Taner kimi təqdim edən, əslində isə adı Ruslan olan şəxsi saxlayıb Oğuz RPŞ-yə gətirdikləri barədə məlumat verilmiş, o özü Oğuz rayon polis şöbəsinə dəvət olunmuşdur. Orada ona məlum olmuşdur ki, həmin şəxslər onun evindən Ruslana geyinməsi üçün verdiyi şortiki də gedərkən özləri ilə aparmışlar. Xanım və Ruslan özü də oğurluq etmələrini etiraf etmişlər. Polis şöbəsində onun iştirakı ilə Xanım və Ruslan adlı şəxslərin oğurladıqları kişi şortikinə, 2 ədəd mobil telefona və telefonun qutusuna baxış keçirib protokol tərtib etmişlər. Honor markalı mobil telefonu hadisədən 2 ay əvvəl 600 manata almış, telefonun qoruyucu üzlüyünü ona qohumu hədiyyə etmişdir. Üzlüyün qiymətini nə qədər olmasını bilməmişdir. Samsung markalı mobil telefonu isə 4-5 il bundan əvvəl almış, qiyməti yadında qalmamış, oğurlanan vaxt da qiymətinin nə qədər təşkil etməsini bilməmişdir. Şahid2 və Təqsirləndirilən şəxs ifadələrində evindən götürdükləri 1 ədəd kişi şortikini özünün Təqsirləndirilən şəxs verməsi və xoşu gəlirsə gedəndə özü ilə apara biləcəyi barədə dedikləri düz olmamışdır. Belə ki, Ruslan gələndə evdə geyinməyə paltarı olmadığından evdə olan kişi şortikini geyinməsi üçün Ruslana versə də həmin şortiki Ruslana bağışlamamış və özü ilə apara biləcəyini deməmişdir. Həmin şortik əvvəllər oğlu İntiqam Qədirova məxsus olmuş, lakin İntiqam onlardan ayrılıb Bakıda yaşadığından şortik də köhnə olduğu üçün evdə saxlamışdır. Həmin şortikin qiymətini də bilməmişdir. Hazırda ona dəymiş maddi ziyan məbləği tam şəkildə aradan qaldırılmış, onun təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur. Bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Qeyd etdikləri nəzərə alınmaqla Təqsirləndirilən şəxs barəsində həbslə əlaqədar olmayan yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş, hal-hazırda Azərbaycan Respublikası “Respublika Psixatriya Xəstəxanası” PHŞ-də stasionar müalicə alması ilə əlaqədar barəsində istintaq hərəkətlərinin həyata keçirilməsi qeyri-mümkün olduğundan 02 oktyabr 2024-cü il tarixdə cinayət işinin materiallarından Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsi ilə ayrıca ********* nömrəli cinayət işi icraata ayrılmış, Şahid2 iş materiallarında olan və məhkəmə iclasında elan edilmiş ifadəsinə görə o, Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2023-cü ilin dekabr ayında ailə qurub nikah bağlamışlar. 2024-cü ilin iyun ayında Bakı şəhərində 1 saylı Asan Xidmətdə nikahlarına xitam vermişlər. Bundan sonra ayrı yaşasalar da, bir-biriləri ilə mütəmadi olaraq əlaqə saxlamışlar. X3 gələrkən hava limanında Oğuz rayonunda yaşayan Zərərçəkmiş şəxs ilə tanış olmuşdur və onlar ara-sıra telefonla danışmışlar. Bakı isti olduğu üçün onlar Oğuz rayonuna istirahətə getmək qərarına gəlmişlər. Anası Ruziyəyə zəng edərək onlara gəlmək istədiyini bildirmiş, o da buna razı olmuşdur. O, anası ilə birlikdə 2024-cü ilin iyul ayının 10-dan 15-dək Oğuza gəlib Ruziyə xanımın evində qalmışdır. Yaşadıqları Mehdiabad qəsəbəsinə qayıtdıqdan sonra keçmiş əri Ruslanla danışan zaman ona birlikdə Oğuza gedib istirahət etməyi təklif etmiş, Ruslan da razılaşmışdır. O, anasının telefonunu götürərək onun adından Ruziyə xanıma mesaj yazmış, onlara qızının əri ilə qonaq gəlmək istədiyini bildirmişdir. Ruziyə xanım da etiraz etməmişdir. O, anası ilə həmin evdə qonaq qalanda ərinin türk vətəndaşı olduğunu demişdi. Ona görə də Ruslana bildirmişdir ki, özünü türk kimi təqdim etsin. Onlar 18 iyul 2024-cü il tarixdə Bakı şəhər avtovağzalından bilet alaraq avtobusla Oğuza gəlmişlər. Oğuzun avtovağzalından taksiyə minib oradan da Zərərçəkmiş şəxs evinə gəlmişlər. Ruslan özünü Ruziyə xanıma türk vətəndaşı kimi təqdim etmiş, adının isə Taner Qaya olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs öz yataq otaqlarını onlara vermiş, özü isə yaşlı əri ilə birlikdə digər otağa keçmişdir. Onlar xx.xx.2024-cü il tarixə kimi orada qalmışlar. xx.xx.2024-cü il tarixdə axşam Zərərçəkmiş şəxs Türkiyədə ərdə olan qızı və onun əri ilə danışanda Ruslanı da onlarla danışdırmışdır. Bu danışıqdan sonra Zərərçəkmiş şəxs qızı Ruslanın türk olmadığından şübhələnib bu barədə anasına demişdir. Zərərçəkmiş şəxs Ruslandan azərbaycanlı, yoxsa türk olduğumu soruşmuş, Ruslan da azərbaycanlı olduğunu boynuna almışdır. Axşam yatmaq üçün otaqlarına keçmişlər. Həmin vaxt öz telefonu yaxşı işləmədiyi üçün Zərərçəkmiş şəxs telefonunu istəmişdir ki, “Tiktok”a baxsın. Zərərçəkmiş şəxs Honor markalı telefonunu ona verəndə Samsung markalı telefonunu da vermişdir. Bundan sonra Ruslanla birlikdə qaldıqları otağa gəlmişdir. Onlar gecə həmin telefonları da götürüb Bakıya getmək qərarına gəlmişlər. O, otaqdakı şkafdan Honor markalı telefonun qutusunu da götürmüşdür. Onlar telefonların içərisinə baxmışlar ki, onun içərisində nömrə olsa çıxarsınlar, lakin telefonların heç birinin içərisində nömrə olmamışdır. Ruslan instagram sosial şəbəkəsindən taksi nömrəsi tapıb zəng etmiş və həmin taksi ilə saat 02:15-də Oğuzdan çıxmışlar. Taksiyə Ruslan 100 manat pul vermiş, ödənişi də kart vasitəsilə etmişdir. Onlar Zərərçəkmiş şəxs evindən çıxanda Ruslan oradan 1 ədəd şortik də götürmüşdür. Həmin şortiki Ruslan özü ilə şortik gətirmədiyi üçün Ruziyə xanım özü Ruslana geyinməyə vermişdi, lakin sonradan demişdir ki, Ruslanın xoşu gəlirsə şortiki gedəndə özü ilə apara bilər. Ruslan da şortiki oğurluq məqsədi ilə yox, Zərərçəkmiş şəxs ona verdiyi üçün götürmüşdür. Onlar səhər tezdən onun anası ilə birlikdə kirayədə yaşadığı Abşeron rayon Mehdiabad qəsəbəsində yerləşən evlərinə çatmışlar. Ruslan da həmin gün orada qalmaq qərarına gəlmişdir. xx.xx.2024-cü il tarixdə təxminən saat 16 radələrində evə Oğuz rayon polis şöbəsinin əməkdaşları gəlmişlər. Həmin vaxt onlara Zərərçəkmiş şəxs evindən oğurluq etdiklərini etiraf etmiş, oğurladıqları bir ədəd Honor markalı mobil telefonu, onun qutusunu və bir ədəd Samsung markalı mobil telefonu polis əməkdaşlarına təqdim etmişlər. Bundan sonra onları Oğuz rayon polis şöbəsinə gətirmişlər. Polis əməkdaşları Mehdiabad qəsəbəsindəki evlərində onları saxlayanda Ruziyə xanımın evindən götürdüyü şortik Ruslanın əynində olmuş və o, Oğuz rayon polis şöbəsinə həmin şortiklə gəlmişdir. Ruslan izahatı alınarkən özü bu barədə polis əməkdaşlarına məlumat vermiş, sonradan əynini dəyişərək həmin şortiki də polis əməkdaşlarına təqdim etmişdir Bu hadisədən başqa Ruslanla birlikdə və ya ayrılıqda başqa heç bir oğurluq etməmişdir. Şahid1 məhkəmə iclasında elan edilmiş, arvadı-zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsinə oxşar məzmunlu ifadəsi ilə də Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi təsdiq olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan məhkəməəmtəəşünaslıq ekspertizasının 17 sentyabr 2024-cü il tarixli, 9/6344 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş əşyaların, yəni 1 ədəd “Honor X8a” markalı mobil telefonun dəyəri 240 manat, 1 ədəd “Samsung Galaxy A10” markalı mobil telefonun dəyəri 100 manat, 1 ədəd qoruyucu üzlüyün dəyəri 5 manat, 1 ədəd kişi şortikinin dəyəri 8 manat olmaqla həmin əşyaların 2024-cü ilin iyul ayına olan orta bazar qiymətinin nəzəri hesablama yolu ilə təxminən 353 manat müəyyən olunur. İş üzrə ekspertiza xərci 50 manatdır. ( iş vərəqə 171-174). İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən, Oğuz rayon İcra Hakimiyyəti başçısının Qumlaq kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 10/25-427 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə nümayəndəliyin ərazisində daimi pasport qeydiyyatındadır, ailə üzvləri evdar qadın olan anası və fərdi əmək fəaliyyəti ilə məşğul olan qardaşından ibarətdir. ( iş vərəqə 158). İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən, Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti başçısının Binə qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi Hövsan Südçülük sovxozunda (175-ci küçə) qeydiyyatsız yaşamaqla ailə üzvləri 1976-cı il təvəllüdlü anası və 1999-cu il təvəllüdlü bacısından ibarətdir, barəsində yaşadığı ərazi üzrə icra nümayəndəliyinə hər hansı xoşagəlməz hallar barədə məlumat daxil olmamışdır. ( iş vərəqə 139-140). İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən tələbnaməyə Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli cavabından görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs barədə heç bir məlumat yoxdur. ( iş vərəqə 135). Zərərçəkmiş şəxs iş materiallarına əlavə edilmiş, məhkəmə iclasında tədqiq edilən xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, zərərçəkmiş şəxsə dəymiş maddi ziyan tam olaraq ödənilmiş, zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxs şikayəti yoxdur. ( iş vərəqə 177). Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir və o həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, törətdiyi cinayət əməllərində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olubolmamasını, o cümlədən ona təyin ediləcək cəzanın islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri imkanlarını nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini könüllü olaraq etiraf etdiyini, həmin əmələ görə səmimi peşmançılıq hissləri keçirdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini, özü və cəmiyyət üçün zərərli təsirlərini, bu əmələ görə məsuliyyətini başa düşmüş və öz əməlinə tənqidi yanaşmaqla artıq islah olunmağa başladığını nümayiş etdirmişdir. Həmin əsaslara görə məhkəmə Təqsirləndirilən şəxs səmimi peşman olmasını da cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasını və cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq aradan qaldırmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində Azərbaycan Respublikasının CM-nin 61.1.-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə cinayət və cinayət-prosessual qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərinə əsasən Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən qanunvericiliyin qeyd edilən maddələrinin tələblərini, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməlində cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halların olmamasını, onun ilk dəfə cinayət törətdiyini, cinayət əməllərini etiraf edib səmimi peşman olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, şəxsiyyətini xarakterizə edən xüsusiyyətləri, kənar şəxslərin ona təsirini, təyin ediləcək cəzanın onun islah olunmasına təsiri imkanlarını nəzərə alaraq cəzanın səmərəliliyinə, məqsədəuyğunluğuna və məhkumun islah olunmasına təsirinə nail olmaq üçün hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulan kifayət edən həddə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 17:40dan xx.xx.2024-cü il tarixdə saat 10:50-dək iki gün müddətində şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə nəzərə alınmaqla Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 17:40dan xx.xx.2024-cü il tarixdə saat 10:50-dək şübhəli şəxs qismində tutulduğu 2 gün nəzərə alınaraq, ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. İş üzrə maddi sübutlar-1 ədəd “Honor X8a” markalı mobil telefonun, 1 ədəd “Samsung Galaxy A10” markalı mobil telefonun, 1 ədəd qoruyucu üzlüyün və 1 ədəd kişi şortikinin saxlanması üçün Zərərçəkmiş şəxs təhvil verilməsi və onun mülki iddiasının olmadığı nəzərə alınmalıdır. İş üzrə 50 (əlli) manat ekspertiza xərci hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 17:40-dan xx.xx.2024-cü il tarixdə saat 10:50-dək şübhəli şəxs qismində tutulduğu 2 gün həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması cəzasının bir gününə iki gün hesablanmaqla cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərində yaşadığı ünvanı axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, Bakı şəhəri ərazisi hüdudlarını cəzaçəkmə müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam ” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə 50 manat ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin AZ.MEM, VÖİN **********, X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ **********0000003944, SWİ F T Bik CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. İş üzrə maddi sübutlar-1 ədəd “Honor X8a” markalı mobil telefonun, 1 ədəd “Samsung Galaxy A10” markalı mobil telefonun, 1 ədəd qoruyucu üzlüyün, 1 ədəd kişi şortikinin saxlanması üçün Zərərçəkmiş şəxs təhvil verilməsi, onun mülki iddiasının və digər məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökmdən 20 gün müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdıqdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar