Məhkəmə qərarları › İş №1(054)-27/2024

Oğuz Rayon Məhkəməsi Hökm — İş №1(054)-27/2024

30.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Oğuz rayonu İş № 1(054)-27/2024 30.08.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx.xx.1996-cı il tarixdə Oğuz rayonunun Xaçmaz kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti (taksi) ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkəməyə verilmişdir, ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda-19,51 qram narkotik vasitə olan qurudulmuş marixuananı istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib qanunsuz olaraq üzərində saxlamış, Oğuz RPŞ-nin CAB-nin əməkdaşları tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 13 may 2024-cü il tarixdə Oğuz rayon ərazisində saxlanılaraq Oğuz RPŞ-nə gətirilib 13 may 2024-cü il tarixdə saat 01:50 dəqiqədən saat 02:15 dəqiqəyədək olan müddət ərzində orada videoçəkilişlə və müdafiəçinin iştirakı ilə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin döş cibindən 01 (bir) ədəd sellofan bükümdə xeyli miqdarda -19,51 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunub qanunamüvafiq qaydada rəsmiləşdirilərək, qablaşdırılıb götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdi və ifadə verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə Oğuz şəhərində yerləşən “Qlikoza” zavodunun yaxınlığında piyada gedərkən təsadüfən yerdə sellofan torbada bükülü olduğunu görmüş və maraqlı gəldiyi üçün həmin torbanı açaraq baxdıqda içərisində marixuana deyilən maddəyə oxşar kütlə olduğunu görmüşdür. Tapmış olduğu narkotik vasitəni özü istifadə etməsi üçün əynində olan qara rəngli gödəkcənin sol içəri döş cibinə qoymuşdur. Həmin tarixdə geçə saat 01 radələrində polis əməkdaşları ona yaxınlaşmış və özlərini təqdim edərək ona özünü şübhəli apardığını bildirmiş və polis şöbəsinə dəvət etmişlər. O, Oğuz RPŞ-nə gətirildikdən sonra vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş və üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sol içəri döş cibindən taparaq əldə etdiyi sellofan bükümü çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Sorğu zamanı həmin narkotik vasitəyə oxşar kütlələri haradan əldə etdiyi soruşulmuş və o həmin narkotik vastəni yerdən tapdığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən həmin büküm dəqiq çəkisinin və növünün müəyyən olunması məqsədilə ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyulmuş, üzərinə o, vəkil və digər iştirakçılar imza etmişlər. Həmçinin bununla bağlı protokol tərtib edilmiş, protokol təhqiqatçı tərəfindən ona ucadan oxunmuş və doğru olduğunu öz imzası ilə təsdiq etmişdir. Əvvəllər narkotik vasitədən fasilələrlə istifadə etmişdir. Lakin heç vaxt narkotik vasitə satmamışdır. Üzərindən aşkar olunmuş narkotik vasitəni isə yerdən tapmışdır. Həmin narkotiki üzərində gəzdirməkdə niyyəti isə öz şəxsi istifadəsi üçün olmuşdur. Narkotik vasitədən istifadə etməyi, narkotik vasitə tapmağı barədə heç bir şəxsin məlumatı olmamışdır. Onda başqa narkotik vasitə yoxdur, heç bir yerdə narkotik vasitə saxlamır. Şübhəli şəxs qismində tutularkən polis şöbəsində ona heç bir təzyiq və fiziki zorakılıq edilməmişdir. Narkotik vasitəni əldə etdiyinə, saxladığına, üzərində gəzdirdiyinə görə əməlindən səmimi peşman olmuşdur. Gənc olduğunun və səmimi peşmançılığının cəza təyin edilən zaman nəzərə alınmasını və ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı, şahid ifadəsi, iş materialları və məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Şahid Oğuz RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid2 məhkəmə iclasında ifadə verərək bildirdi ki, 12 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə Oğuz rayon Polis Şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Oğuz rayon Polis Şöbəsinin CAB-ın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ilə birlikdə Təqsirləndirilən şəxs şəxsiyyəti barədə məlumatları yoxlamışlar və onun xx.xx.1996-cı ildə ünvan 2 ünvanında yaşaması müəyyən edilmişdir. Bununla əlaqədar raportla polis şöbəsinin rəhbərliyinə müraciət edilmiş və əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün müvafiq qərar qəbul olunmuşdur. Bundan sonra Oğuz RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 ilə birlikdə Təqsirləndirilən şəxs barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə başlanılmış və onu 13 may 2024-cü il tarixdə gecə saat 01 radələrində Oğuz şəhəri, Cavanşir küçəsində yerləşən “Qızıl tac” şadlıq sarayının yaxınlığında saxlamışlar. Özlərini təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması barədə məlumat verib onu Oğuz RPŞ-yə aparmışlar. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, müdafiəçi ilə təmin edilmiş, ona hüquq və vəzifələri izah edilmiş və video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməsində Təqsirləndirilən şəxs, onun müdafiəçisi Müdafiəçi, o və Şahid1 iştirak etmişdir. Video-çəkiliş isə Oğuz RPŞ-nin KTQ-nun kriminalist köməkçisi Vasif Həziyev tərəfindən aparılmışdır. X2 Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etmiş, izah etdikdən sonra ondan saxlanılarkən paltarında, əşyalarında, bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin təhvil verilməsini təklif etmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol döş cibindən bir ədəd şəffaf bükülünü, gödəkcənin yan ciblərindən iki ədəd mobil telefon, bir ədəd pul kisəsi və bir qutu siqareti çıxarıb masanın üzərinə qoymuşdur və təqdim etdiyi şəffaf rəngli bükülünün içərisindəki kütlənin narkotik tərkibli qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitəni Oğuz şəhərində yerləşən “Qlükoza” zavodunun yaxınlığından tapdığını və özü istifadə etmək üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilmiş, lakin üzərindən başqa narkotik vasitə və ya digər qanunsuz əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd sellofan bükülüdə olan kütlənin dəqiq tərkibinin və çəkisinin müəyyən edilməsindən ötrü ekspertiza tədqiqatına göndərilməsi üçün təhqiqatçı tərəfindən qablaşdırılıb DİN-in 95 nömrəli zərflər üçün möhürü ilə möhürlənmiş və götürülmüşdür. Bundan sonra isə şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib olunmuş və həmin protokolun düzgünlüyü bütün iştirakçılar tərəfindən imzalanaraq təsdiq edilmişdir. Təqsirləndirilən şəxs ilə qohumluğu, həmçinin ədavəti və ya düşmənçiliyi yoxdur. Təqsirləndirilən şəxs tutularkən, polis şöbəsinə gətirilərkən, polis şöbəsində olarkən özü və digər polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki güç, zor və təzyiq tətbiq edilməmişdir. Digər şahid, Oğuz RPŞ-nin CAB-ın əməliyyat müvəkkili vəzifəsində işləyən, üzürlü səbəbdən məhkəmə iclasında iştirak etməmiş Şahid1 ibtidai araşdırma dövründə verdiyi və məhkəmə iclasında elan edilmiş eyni məzmunlu ifadəsi ilə də Təqsirləndirilən şəxs təsvir olunan cinayət əməlini törətməsi tam təsdiq olunur . İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” 13 may 2024-cü il tarixli protokoldan və bir ədəd diskdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan gödəkcənin sol döş cibindən narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüş və qablaşdırılmış, şəxsi axtarış aparılarkən video-çəkilişdən istifadə olunmaqla əldə edilmiş video görüntülər DVD diskə köçürülmüş və tərtib olunmuş protokola əlavə edilmişdir. (cinayət işi vər: 24-30) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan məhkəmə-bioloji ekspertizasının 13 may 2024-cü il tarixli, 3-16-16-2-17/441 nömrəli rəyindən və aktdan görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş, içərisində qurudulmuş marixuanaya oxşar kütlə olan 1 ədəd ağ sellofan torbaya bükülmüş” yazısı, adlar və imzalar yazılmış 1(bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi – 19,51 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Marixuananın 0,10 qramı tədqiqata sərf edilmiş, qalıq–19,41 qram qalmışdır. Aparılmış tədqiqatın dəyəri 34,55 manatdır. (cinayət işi vər: 36-39) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan xx.xx.2024-cü il tarixli, 1287 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (cinayət işi vər: 109) Azərbaycan Respublikası TƏBİB publik hüquqi şəxs “Oğuz Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan 10 iyun 2024-cü il tarixli, 18-1-64/2-570/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Oğuz MRX-nın poliklinika şöbəsinin “Narkoloji” kabinetində qeydiyyatda yoxdur, “Ruhi əsəb” kabinetində isə 2014-cü il tarixdən “F70 yüngül dərəcəli əqli gerilik” diaqnozu ilə qeydiyyatdadır. (cinayət işi vər: 79) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-psixatrik ekspertiza Mərkəzi”PHŞ tərəfindən verilmiş, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan xx.xx.2024-cü il tarixli, 544 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs yüngül dərəcəli əqli gerilik (yüngül debillik səviyyəsində), davranış pozuntuları ilə XBT 10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F70.1 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik əlamətləri az ifadəli olması səbəbindən o qeyd olunan cinayət hadisəsini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və ona rəhbərlik etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və ona rəhbərlik etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyacı yoxdur. (cinayət işi vər: 110-111) İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan tələbnaməyə Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin xx.xx.2024-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur.(cinayət işi vər:91) Oğuz Rayon İcra Hakimiyyəti başçısının Xaçmaz İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan xx.xx.2024-cü il tarixli, 5-68-12/2-Ə-264/2024 saylı məktubdan, ona əlavə edilmiş xx.xx.2024-cü il tarixli, N-5-68-12/2-Ə-265/2024 saylı arayışdan və həmin tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Oğuz rayonu Xaçmaz kəndində qeydiyyatda olmaqla Oğuz şəhərində yaşayır, ailə tərkibi 1974-cü il təvəllüdlü atası, 1973-cü il təvəllüdlü anası və 2000-ci il təvəllüdlü qardaşından ibarətdir, nümayəndəlik ərazisində yaşadığı dövrdə onunla bağlı nümayəndəliyə şifahi və ya yazılı şikayət daxil olmamışdır. (cinayət işi vər: 80-83) Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən təqsirləndirilən şəxsin törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən ona təyin ediləcək cəzanın islah olunmasına və həyat şəraitinə təsiri imkanlarını nəzərə alır. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib özündə saxlasa da, polis əməkdaşları tərəfindən üzərində şəxsi axtarış aparılarkən onun üzərində aşkar edilmiş narkotik vasitənin özünə aid olduğunu könüllü olaraq dərhal etiraf etdiyini və narkotik vasitəni əldə etdiyinə, saxladığına, üzərində gəzdirdiyinə görə səmimi peşmançılıq hissləri keçirdiyini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini, özü və cəmiyyət üçün zərərli təsirlərini, bu əmələ görə məsuliyyətini başa düşmüş və öz əməlinə tənqidi yanaşmaqla artıq islah olunmağa başladığını nümayiş etdirmişdir. Həmin əsaslara görə məhkəmə Təqsirləndirilən şəxs səmimi peşmançılığını və yaşayış yerindən müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmamasını, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilməsinin özünün həyat tərzinə, ailəsinin vəziyyətinə maddi və mənəvi cəhətdən mənfi təsir göstərəcəyini nəzərə alaraq, habelə təqsirləndirilən şəxslə davranışda ictimaiyyətin daha fəal iştirak etməsinin təmin edilməsi, onda cəmiyyət qarşısında məsuliyyət hissinin artmasına yardım göstərilməsi və onun islah edilməsi məqsədi ilə təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddədə müəyyən edilmiş az ciddi cəza növü hesab olunan kifayət edən həddə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. İş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 01 radələrində Oğuz RPŞ-yə gətirilmiş, 01:30-dan şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə saat 15:55-də barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə Oğuz RPŞ MSY-dən həbsdən azad edilmişdir. Beləliklə, məhkəmə bildirir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024- cü il tarixdə saat 01:30-dan xx.xx.2024-cü il tarixdə saat 15:55-dək şübhəli şəxs qismində tutulduğu 2 gün nəzərə alınaraq, bir günə iki gün hesabı ilə hesablanmaqla 4 gün müddət ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Eyni zamanda, məhkəmə Təqsirləndirilən şəxs hazırda təyin ediləcək azadlığın məhdudlaşdırılması növündə cəza əsasında tətbiq ediləcək vaxt məhdudiyyətinin hər gün saat 23:00-dan saat 06:00-dək olan müddət ərzində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin cinayət işinin materiallarında olan ambulator məcburi narkoloji-tibbi yoxlamasının rəyi ilə Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyi, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı olduğu və narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülmüşdür. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicəyə cəlb edilməli və narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. Məhkəmə iş üzrə təyin edilmiş məhkəmə-bioloji ekspertizasının 13 may 2024-cü il tarixli, 3-16-16-2-17/441 nömrəli rəyini və Təqsirləndirilən şəxs barəsində polis əməkdaşlarının tərtib etdiyi “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” xx.xx.2024-cü il tarixli protokolun nəticələrini müqayisə edərək narkotik vasitənin çəkisinin məhkəmə-bioloji ekspertizası tərəfindən daha dəqiq müəyyən edilməsini nəzərə almaqla, Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş narkotik vasitənin xalis çəkisinin ona qarşı irəli sürülmüş ittihamda göstərilən miqdarda – 19,41 qram olmasını qəbul edir. Beləliklə, məhkəmə qərara gəlir ki, iş üzrə maddi sübut - Oğuz Rayon Polis Şöbəsində saxlanılan, ekspertiza zamanı istifadə edildikdən sonra qalıq qalan cəmi 19,41 qram çəkidə kustar üsulla hazırlanmiş qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman video-çəkiliş aparılmasına dair 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 34,55 manat ekspertiza xərci hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia tələbi və digər məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılaraq faktiki azadlığı məhdudlaşdırıldığı vaxtdan – xx.xx.2024- cü il tarixdə saat 01:30-dan xx.xx.2024-cü il tarixdə saat 15:55-dək şübhəli şəxs qismində tutulduğu müddət 2 (iki) gün kimi nəzərə alınaraq həmin müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın çəkilməsinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı Oğuz rayonu ərazisini, eləcə də saat 23:00-dan saat 06:00-dək olan müddət ərzində daimi yaşayış yeri olan ünvan 3 ünvanında yerləşən evin ərazi hüdudlarını tərk etməmək məhdudiyyəti qoyulsun. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı ərazidə yerləşən, spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Hökmün icrasına nəzarəti Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə maddi sübut - Oğuz Rayon Polis Şöbəsində saxlanılan, ekspertiza zamanı istifadə edildikdən sonra qalıq qalan cəmi 19,41 qram çəkidə kustar üsulla hazırlanmış qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman video-çəkiliş aparılmasına dair 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 34,55 manat ekspertiza xərci hökm qanuni qüvvəsini aldıqdan sonra məhkum Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin AZ.MEM, VÖEN **********, X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ********************, SWİ F T Bik CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. İş üzrə mülki iddia və digər məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Hakim : Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar