Azərbaycan Respublikası adından HÖKM Oğuz rayonu İş № 1(054)-28/2025 08.04.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx.xx.1985-ci il tarixdə Oğuz rayonu, Bayan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmuş, Oğuz şəhəri, H.Əliyev prospekti, ev 15, mənzil 1də qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkəməyə verilmişdir, ondan ötrü ki, o istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan tarixdə satış məqsədi olmadan qanunsuz olaraq 9,93 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana əldə etməklə üzərində saxlayıb daşımış, xx.xx.2024-cü il tarixdə Oğuz rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Oğuz şəhəri ərazisində saxlanılaraq Oğuz rayon polis şöbəsinə gətirilib üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarın sol qabaq cibindən satış məqsədi olmadan qanunsuz olaraq üzərində saxlayıb daşıdığı xeyli miqdarda, yəni 9,93 qram olan bitki mənşəli kütlə-tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, Oğuz şəhərində yaşayır. Narkotik vasitə olan qurudulmuş marixuanadan hərdən istifadə edir. Belə ki, 02 avqust 2024-cü il tarixdə yaşadığı Oğuz şəhərində, şəhərin “Bayraq Meydanı” adlanan hissəsində gəzən zaman yerdə olan qara rəngli sellofan bükümə gözü sataşmış, həmin büküm maraqlı olduğu üçün sellofan torbanı açıb baxdıqda torbanın içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu görmüşdür. O əvvəllər də narkotik vasitədən istifadə etdiyi üçün həmin bükümün içərisindəkini-narkotik vasitə olan qurudulmuş marixuananı tanımış və özü sonradan istifadə etmək üçün götürərək cibinə qoymuşdur. Həmin tarixdə, yəni 02 avqust 2024-cü il tarixdə, saat 19:25 radələrində şəhər ərazisində gəzən zaman polis əməkdaşları ona yaxınlaşıb üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirmişlər və onu polis şöbəsinə dəvət etmişlər. Oğuz rayon PŞ-yə gətirildikdən sonra o, vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş və üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərinə geyindiyi göy rəngli cins şalvarın qabaq sol cibində olan bükümü cıxardaraq onlara təqdim etmişdir. Sorğu zamanı həmin narkotik vasitənin özünə məxsus olduğunu, Oğuz şəhərində “Bayraq Meydanı” adlanan yerdə tapdığını bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən həmin büküm dəqiq tərkibinin və çəkisinin müəyyən edilməsi məqsədilə ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılmış və zərfin üzərini onun özü, vəkil və digər iştirakçılar imzalamışlar. Bununla bağlı protokol tərtib edilmiş, protokol təhqiqatçı tərəfindən oxunmuş, doğru olduğuna görə heç bir etiraz etməmiş və protokolu imzalamışlar. O heç vaxt narkotik vasitə satmamış, tapdığı həmin narkotik vasitəni üzərində gəzdirməkdə məqsədi öz şəxsi istifadəsi üçün olmuşdur. Narkotik vasitədən istifadə etməyi və xx.xx.2024-cü il tarixdə narkotik vasitə tapmağı barədə heç bir şəxsin məlumatı olmamışdır. Üzərindən aşkar olunandan başqa onda heç bir narkotik vasitənin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ifadə verərək bildirdi ki, ibtidai istintaqdakı ifadəsini təsdiq etmir, yəni özünü təqsirli bilmir. Bununla ikinci dəfədir ki, əsassız yerə tutulur. Çayxanada oturarkən onu polisdən zəng edib çağırıblar ki, sənin barəndə məlumat daxil olub. Narkotiki polisdə onun özünə veriblər. Etiraz edəndə ona deyiblər ki, əgər götürməsə üzərinə daha çox narkotik yükləyəcəklər. Ona görə razılaşıb, ifadəni onlar deyən məzmunda təsdiq edib. Əvvəlki məhkumluğu da belə olub, onda da narkotiki üzərinə qoyublar. İşin məhkəməyə verilməsini gözlədiyindən heç yerə şikayət etməyib. Onu polisə digər iki nəfər əməliyyatçı ilə Xalid adlı əməliyyatçı aparıb. Ona zəng edib çağırıblar, o da yerini deyib, gəlib maşınla aparıblar. Əgər onun üzərində narkotik olsaydı, əvvəlcədən biləbilə narkotiki özündə saxlamazdı. Onu Gəncəyə ekspertizaya aparıblar. Sənədi Qorxmaz gətirib qoyub qabağına, imzalamasını bildirib. Həmin sənəd onun külli miqdarda narkotik qəbul etməyi ilə bağlı olub. Həmin vaxt deyib ki, dörd xəstəxanada qeydiyyatdadır, onlar gəlib yoxlasınlar görək qanında narkotik var, ya yox. Ağciyər xəstəliyindən, spid xəstəliyindən və digər xəstəliklərdən əziyyət çəkir. Xəstələnməmişdən əvvəl-7-8 il əvvəl narkotikdən istifadə edib. Sonuncu dəfə narkotikdən 4 il qabaq istifadə edib. Ekspert rəyinə də etirz etməyib, məhkəməni gözləyib. Polis şöbəsində ona fiziki təyziq göstərilməyib. Xalidi əvvəldən rayon adamı kimi tanıyıb. Xalid ona zəng edib polisə çağrıldığını deyib. Xalid zəng edəndə bilib ki, polisdir. Ona deyib ki, yola çıx, səninlə sözüm var. Həmin vaxt üzərində narkotik olsa atardı. Camaat deyirdi ki, Xalid yeni gəlib, əməliyyatçıdır. Şöbədə Qorxmaz ona demişdi ki, yuxarıdan sənəd gəlib, siyahıda sənin də adın var. Boynuna al, sonra sənə kömək edəcəyik. Qorxmazı şöbədə görüb, ondan xahiş edib ki, evə alınası ərzaqlar var. Qorxmaz alıb-aparıb. Onu şöbəyə Xalid aparıb, özünü ona polis kimi təqdim edib. Ailəlidir, himayəsində azyaşlı övladı var. Xəstədir, narkoloji kabinetdə qeydiyyatdadır. Əvvəllər narkotikdən istifadə etdiyini qəbul edir, xəstələnəndən sonra bu işlə məşğul olmayıb. Ona bəraət verilməsi barədə vəkilin fikri ilə razıdır. Xəstəliyini nəzərə alaraq yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi şahid ifadələri, iş materialları və məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Belə ki, Şahid1 məhkəmə iclasında ifadə verərək bildirdi ki, şöbəyə xx.xx.1985-ci il təvəllüdlü, ünvan 1-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduğundqan Oğuz rayon polis şöbəsinin rəhbərliyinə raportla müraciət edilmiş və verilmiş əmrlə əlaqədar əməliyyat qrupunun yaradılması barədə qərar qəbul olunmuşdur. 02 avqust 2024-ci il tarixdə, saat 19:25 radələrində CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ilə birlikdə həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Oğuz şəhəri ərazisində, yəni Bayraq Meydanından şəhər istiqamətinə gedən ərazidə saxlamış, ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu izah etmiş və onu Oğuz rayon polis şöbəsinə gətirmişlər. Bundan sonra təhqiqat bölməsinin təhqiqatçısı Vasif Məmmədov tərəfindən Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edilərək şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri izah edilmiş və video-çəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmasında Təqsirləndirilən şəxs, müdafiəçisi, onun özü, Şahid2 iştirak etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan əşyaları könüllü təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs etiraz etmədən üzərində olan əşyaları çıxarıb stolun üzərinə qoymağa başlamışdır. Təqsirləndirilən şəxs ilk öncə əynindəki göy rəngli cins şalvarın sol qabaq cibindən qara rəngli sellofan bükümdə olan narkotik vasitəyə bənzər bitki, 4 ədəd ev açarı, şalvarın sağ qabaq cibindən 1 AZN pul, sağ arxa cibindən Samsung markalı mobil telefon və əynində olan göy rəngli qısaqol köynəyinin cibindən Palma markalı siqaret və 1 ədəd alışqanı çıxardaraq masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs əynindəki şalvarın sol qabaq cibindən çıxardıb masanın üzərinə qoyduğu sellofan bükülünün içərisini açdıqda içərisində yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar bitki kütləsi aşkar olunmuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin sellofan bükümün içərisindəki bitki kütlələri narkotik vasitə olan “nəşədir”, onun özünə məxsusdur, həmin bükümü, yəni sellofan torbadakı bitki kütləsini xx.xx.2024-cü il tarixdə yaşadığı Oğuz şəhəri ərazisində yerləşən Bayraq Meydanının yaxınlığında gəzən zaman tapmış və öz istifadəsi üçün üzərində saxlamışdır. Bundan sonra həmin kütlə elektron tərəzidə çəkilmiş və onun çəkisinin 10,8 qram olması müəyyən edilmişdir. Daha sonra aşkar olunmuş kütlə dəqiq çəkisinin və tərkibinin müəyyən edilməsi məqsədilə ekspertiza tədqiqatına göndərilməsi üçün bir ədəd zərfdə qablaşdırılaraq götürülmüş, zərfin üzəri DİN 95 saylı zərflər üçün olan möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Sərxanla qonşu binada yaşayır. Onu Qüdrətlə birlikdə saxlayıb polis şöbəsinə gətiriblər. Xalid adlı şəxsi tanımır. Şöbədə Xalid adlı polis əməkdaşı yoxdur. Ola bilər ki, kimsə Sərxana özünü Xalid kimi təqdim etsin.Bu, bir ehtimaldır. Sərxan tutulanda evdə heç kim olmadığını, uşağa görə bazarlıq etməli olduğunu dediyindən öz vəsaiti ilə Sərxanın evinə bazarlıq edib. Sərxanın evdə xəstə qardaşı da var. Bazarlığı hansı maşınla apardıqları yadında deyil. Məhkəmə iclasında Şahid2 verdiyi mahiyyət etibarı ilə oxşar məzmunlu ifadəsi ilə də Təqsirləndirilən şəxs təsvir olunan cinayət əməlini törətməsi tam təsdiq olunur . İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” 02 avqust 2024-cü il tarixli protokoldan və bir ədəd diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı onun əynində olan göy rəngli cins şalvarının sol qabaq cibindən 01 (bir) ədəd qara rəngli sellofan bükümdə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, şəxsi axtarış aparılarkən video-çəkilişdən istifadə olunmaqla əldə edilmiş video görüntülər DVD diskə köçürülmüş və tərtib olunmuş protokola əlavə edilmişdir. (cinayət işi vər: 24-25) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 Bölməsinin iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan məhkəmə-bioloji ekspertizasının 03 avqust 2024-cü il tarixli, 3-16-16/2-17/679 nömrəli rəyindən və həmin tarixli aktdan görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “ vət Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitəyə bənzər bitki” yazısı, adlar və imzalar yazılmış 01 ədəd zərfin içərisindəki 01 ədəd sellofan bükümdə, təmiz çəkisi – 9,93 qr. olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Marixuananın 0,05 qramı nümunə olaraq götürülmüş, qalıq–9,88 qram qaytarılmışdır. Aparılmış tədqiqatın dəyəri 34,55 manatdır. (cinayət işi vər: 31-34) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan xx.xx.2024-cü il tarixli, 1307 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir.Narkotik vasitə olan kannabinoidlərdən istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (cinayət işi vər: 87) Azərbaycan Respublikası TƏBİB publik hüquqi şəxs “Oğuz Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan 09 oktyabr 2024-cü il tarixli, 18-1-64/2-1223/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Oğuz MRX-nın poliklinika şöbəsinin “Nevroloji” kabinetində qeydiyyatda yoxdur. Narkoloji kabinetdə “F12.2 kannabinoidlərin qəbulu nəticəsində psixi və davranış pozğunluğu” diaqnozu ilə xx.xx.2021-ci il tarixdən profilaktik qeydiyyata götürülmüşdür. (cinayət işi vər: 96) İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan tələbnaməyə Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin xx.xx.2024-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs Oğuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikaı CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinməklə 1 il 5 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixli amnistiya qərarının 5-ci bəndinə əsasən Oğuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 1 il 5 ay 8 gün hissəsi 1 il azaldılmış, xx.xx.2022-ci ildə cəzasının sonu ilə qeydiyyatdan çıxarılmışdır. (cinayət işi vər:68-69) Oğuz Rayon İcra Hakimiyyəti başçısının Oğuz şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan xx.xx.2024-cü il tarixli, 5-68-12/2-113/2024 saylı məktubdan, ona əlavə edilmiş 5-68-12/2-603/2024 saylı arayışdan, xasiyyətnamədən, nikah haqqında şəhadətnamənin və AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs evli olmaqla himayəsində xx.xx.2022-ci il təvəllüdlü Uğur adlı övladı vardır.Yaşayış yerindən müsbət xarakterizə olunur. (cinayət işi vər: 89-95) Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən təqsirləndirilən şəxsin törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən ona təyin ediləcək cəzanın islah olunmasına və həyat şəraitinə təsiri imkanlarını nəzərə alır. Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunduğunu məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs himayəsində 2022-ci il təvəllüdlü övladının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclaslarında verdiyi ifadəsində səsləndirdiyi fikirləri özünü müdafiə kimi qiymətləndirir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmamasını, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilməsinin özünün və ailəsinin həyat tərzinə maddi və mənəvi cəhətdən mənfi təsir göstərəcəyini nəzərə alaraq, habelə təqsirləndirilən şəxslə davranışda ictimaiyyətin daha fəal iştirak etməsinin təmin edilməsi, onda cəmiyyət qarşısında məsuliyyət hissinin artmasına yardım göstərilməsi və onun islah edilməsi məqsədi ilə təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddədə müəyyən edilmiş az ciddi cəza növü hesab olunan kifayət edən həddə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. İş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 19:42 radələrində Oğuz RPŞ-yə gətirilmiş və şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə saat 11:25-də barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə Qəbələ RPŞ MSY-dən həbsdən azad edilmişdir. Beləliklə, məhkəmə bildirir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 19:42-dən xx.xx.2024-cü il tarixdə saat 11:25-dək şübhəli şəxs qismində tutulduğu 2 gün nəzərə alınaraq, bir günə iki gün hesabı ilə hesablanmaqla 4 gün müddət ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Eyni zamanda, məhkəmə Təqsirləndirilən şəxs hazırda təyin ediləcək azadlığın məhdudlaşdırılması növündə cəza əsasında tətbiq ediləcək vaxt məhdudiyyətinin hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək olan müddət ərzində, ərazi məhdudiyyətinin Oğuz rayonu ərazisi olaraq müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin cinayət işinin materiallarında olan ambulator məcburi narkoloji-tibbi yoxlamasının rəyi ilə Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etdiyi, narkotik vasitə olan kannabinoidlərdən istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyi, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacının olduğu müəyyən edilmiş, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülmüşdür. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicəyə cəlb olunmalı və narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. Məhkəmə iş üzrə təyin edilmiş məhkəmə-bioloji ekspertizasının 03 avqust 2024-cü il tarixli, 3-16-16/2-17/679 nömrəli rəyini və Təqsirləndirilən şəxs barəsində polis əməkdaşlarının tərtib etdiyi “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” 02 avqust 2024-cü il tarixli protokolun nəticələrini müqayisə edərək narkotik vasitənin çəkisinin məhkəmə-bioloji ekspertizası tərəfindən daha dəqiq müəyyən edilməsini nəzərə almaqla, Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş narkotik vasitənin xalis çəkisinin ona qarşı irəli sürülmüş ittihamda göstərilən miqdarda – 9,88 qram olmasını qəbul edir. Beləliklə, məhkəmə qərara gəlir ki, iş üzrə maddi sübut - Oğuz Rayon Polis Şöbəsində saxlanılan, ekspertiza zamanı istifadə edildikdən sonra qalıq qalan cəmi 9,88 qram çəkidə kustar üsulla hazırlanmiş qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman videoçəkiliş aparılmasına dair 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 34,55 manat ekspertiza xərci hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia tələbi və digər məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il 3 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılaraq faktiki azadlığı məhdudlaşdırıldığı vaxtdan – xx.xx.2024-cü il tarixdə saat 19:42-dən xx.xx.2024-cü il tarixdə saat 11:25-dək şübhəli şəxs qismində tutulduğu müddət 2 (iki) gün kimi nəzərə alınaraq həmin müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş 2 (iki) il 3 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 02 (iki ) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın çəkilməsinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı Oğuz rayonu ərazisini, eləcə də saat 23:00-dan saat 06:00-dək olan müddət ərzində daimi yaşayış yeri olan ünvan 2 ünvanında yerləşən evin ərazi hüdudlarını tərk etməmək məhdudiyyəti qoyulsun. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı ərazidə yerləşən, spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Hökmün icrasına nəzarəti Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicəyə cəlb edilsin. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə maddi sübut - Oğuz Rayon Polis Şöbəsində saxlanılan, ekspertiza zamanı istifadə edildikdən sonra qalıq qalan cəmi 9,88 qram çəkidə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman videoçəkiliş aparılmasına dair 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 34,55 manat ekspertiza xərci hökm qanuni qüvvəsini aldıqdan sonra məhkum Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin AZ.MEM, VÖEN **********, X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ********************, SWİ F T Bik CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. İş üzrə mülki iddia və digər məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Hakim : Səadət Zeynalova
Məhkəmə qərarları › İş №1(054)-28/2025
Oğuz Rayon Məhkəməsi Hökm — İş №1(054)-28/2025
08.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver