Məhkəmə qərarları › İş №1(054)-29/2025

Oğuz Rayon Məhkəməsi Hökm — İş №1(054)-29/2025

08.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Oğuz rayonu İş № 1(054)-29/2025 08.04.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx.xx.1995-ci il tarixdə Oğuz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, Oğuz şəhəri, H.Əliyev prospekti, ev 15, mənzil 1-də qeydiyyatda olmaqla, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi, Ə.Qasımov küçəsində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkəməyə verilmişdir, ondan ötrü ki, o istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan tarixdə satış məqsədi olmadan qanunsuz olaraq 5,80 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana əldə etməklə idarə etdiyi “HYUNDAİ ELANTRA MİNİK” markalı, **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda saxlayıb daşımış, xx.xx.2024-cü il tarixdə Oğuz rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Oğuz şəhəri ərazisində saxlanılaraq Oğuz rayon polis şöbəsinə gətirilib idarə etdiyi “HYUNDAİ ELANTRA MİNİK” markalı, **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirilərkən avtomobilin salonunda, ön hissəsində oturacaqlar arasında olan saxlanc yerindən satış məqsədi olmadan qanunsuz olaraq saxlayıb daşıdığı xeyli miqdarda, yəni 5,80 qram çəkidə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yaşayır, heç bir yerdə işləmir. Bəzi vaxtlarda narkotik vasitə olan marixuanadan istifadə edir və bunun üçün tanımadığı şəxsdən narkotik vasitə olan qurudulmuş marixuana alır. xx.xx.2024-cü il tarixdə saat 19 radələrində icarəyə götürdüyü “ HYUNDAİ ELANTRA MİNİK ” markalı **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Oğuz rayonu, Bayan kəndi ərazisində hərəkətdə olmuş, həmin vaxtı yol patrul xidməti əməkdaşları onu saxlamış və özlərini təqdim edərək ondan sənədləri təqdim etməyini xahiş etmişlər. Daha sonra onu rayon polis şöbəsinə dəvət etmiş, onun özü idarə etdiyi avtomobillə rayon polis şöbəsinə gəlmişdir. Rayon polis şöbəsinin həyətində onun iştirakı ilə avtomobilə baxış keçirilmiş və avtomobilin “qoltuqaltı” adlanan hissəsində qoyduğu siqaret qabının içərisində olan qurudulmuş marixuananı aşkar etmişlər. Həmin marixuananı bir neçə gün əvvəl Bakı şəhəri, Maştağa qəsəbəsində xatırlamadığı ərazidə yerdən tapmış və özünün istifadə etməyi üçün saxlamışdır. Narkotik vasitə olan qurudulmuş marixuanadan ara-sıra istifadə emişdir. Heç vaxt narkotik vasitə satmamış, tapdığı həmin narkotik vasitəni üzərində gəzdirməkdə məqsədi öz şəxsi istifadəsi üçün olmuşdur. Narkotik vasitədən istifadə etməyi barədə heç kimin məlumatı olmamışdır, onda avtomobildə aşkar olunan narkotikdən başqa heç bir narkotik vasitə olmamışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadəsini qismən təsdiq edərək bildirdi ki, Oğuz şəhərində qeydiyyatda olmaqla faktiki Bakı şəhərində yaşayır. Heç bir yerdə işləmir. xx.xx.2024-cü il tarixdə övladı, rəfiqəsi və onun uşaqları ilə, yəni 3 uşaqla icarəyə götürdüyü “HYUNDAİ ELANTRA MİNİK” markalı **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Oğuz rayonuna istirahətə gəlmişdir. Dayısı oğlu Orxan da onlarla birlikdə gəlmişdir. Oğuza gəlməmişdən əvvəl Orxana zəng edərək onları aparmağını istəmişdir. Maşında dayısı oğlu ona demişdir ki, bir tüstü sən də al. Sonradan bilmişdir ki, dayısı oğlu polisə “işverənlik” edir. Orxan özü 9 il həbsxana həyatı yaşayıb. Oğuzda qardaşı Sərxanla görüşmüşlər. Əvvəllər onunla danışmayıb. Orxan ona demişdir ki, qardaşınla barış. Qapıda qardaşı ilə görüşüb otelə getmək istəyəndə qardaşı ona demişdir ki, dostunun Bayan kəndində evi var, orada qalsınlar. Orxan onları həmin evə aparmışdır. Səhəri günü icrarəyə götürdüyü avtomobillə rayonu gəzmək üçün çıxmışlar. “Bayanın kruqu” deyilən yerdə YPX əməkdaşları onu saxlamışlar. Əməliyyatçıları da çağırmış və onları polis şöbəsinə aparmışlar. Orada avtomaşından qoltuqaltı hissədən narkotiki aşkar edib çıxarmışlar. Onun üzərində narkotik olmayıb. Narkotiki Orxan maşına qoyub, həmin vaxt bundan məlumatı olmayıb, elə bilib ki, Orxan onu götürüb. Orxan Bakıdan çıxmazdan əvvəl Biləcəridə dostu ilə görüşmüşdür. Narkotiki ondan götürdüyü, yaxud əvvəldən üstündə olduğu barədə heç nə deyə bilmir. Sonra başa düşüb ki, Orxanın məqsədi onu tutdurmaq olub. Yolda maşını Orxan sürüb.Yolda ona deyib ki, sən də bir qurtum al. Şamaxıda ayaqyolunda istifadə ediblər. İlk dəfə istifadə edib. Orxanın üstündə iki-üç dənə olub, maşına qoyub. Elə bilib ki, Orxan qoyduğunu götürüb. Orxan sonradan gəlib götürməyə, həmin vaxt onlar yatmış olublar. Rəfiqəsi narkotikdən istifadə etməyib. Onları əvvəlcə YPX əməkdaşları saxlayıb, sonra əməliyyatçılar gəliblər. Onların üstünə qışqırıblar, bundan qorxublar. Şöbədə bulib ki, maşından narkotik çıxıb. Maşına baxış keçirəndə video-çəkiliş olmayıb. Ona şöbədə nəyə “imza at” deyiblərsə, onu da imzalayıb, çünki yanlarında uşaqlar vardı. Narkotiki maşından bardaçokdan götürüb verib, özünün olduğunu bildirib. Orxan guya ona dəstək olmaq üçün şöbəyə gəlib. Şöbədə onlara fiziki təyziq olmayıb. Ona deyirdilər ki, “qadınsız, qorxmayın, buraxacağıq.” Dayısı oğlu Orxan işi həll etmək üçün ondan 3000 manat, rəfiqəsindən 2000 manat istəsə də bundan imtina edib. Onları günorta saat 12 radələrində saxlayıblar, axşama qədər şöbədə olub, yanında vəkil də olmayıb. Orxan o saxlanandan 10 dəqiqə sonra gəlib. Ona şöbədə şəkillər göstərib deyiblər ki, “bura düşənləri bu hala salırıq”. Qardaşı ilə bir ildi ki,danışmırdılar. Orxan ona deyib ki, yaxşı deyil, barışın. Onun tutulduğunu qardaşı zəng vurub Orxana deyib. Bu işlərin qardaşı Sərxanla heç bir əlaqəsi yoxdur. Orxanın narkotiki maşına qoyduğunu bilib, amma sonra götürmədiyindən xəbəri olmayıb. Onu oyuna salıblar, halbuki onlara həmişə köməklik edib, ciblərinə xərclik qoyub. Dediyi kimi narkotik ona aid olmayıb, dayısı oğlunun olub, deməyib, özü boynuna götürüb. 2-2 saat yarım ərzində baxış keçirilib, ona zorakılıq göstərməyiblər. Polisdə ona danışmağa imkan verməyiblər. Bakıdan gələndə yolda da istifadə etdiyi üçün etiraf edib. Maşını icarəyə özü götürmüşdü, amma yolda maşını Orxan sürürdü. Narkotiki maşına qoyanda Orxana irad bildirməyib. Bayana gecə gediblər. Səhər YPX saxlayanda maşını özü idarə edib.Yolda çox az istifadə edib, bundan sonra maşın sürməyib. O narkotikdən istifadə edəndə rəfiqəsi Lamiyə yanında olmayıb. Siqaret çəkən olsa da narkotikin qoyulduğu “Kent” siqaret qutusu ona məxsus olmayıb. Narkotik vasitə ona məxsus olmayıb, onun maşında qalmağından da xəbəri olmayıb. Bu işlərdə Orxan təqsirkardır, amma indi ölkədə deyil. Özünü yalnız Orxana münasibətdə, yəni onun narkotiki maşına qoymasına imkan verdiyinə görə təqsirli bilir. Himayəsində azyaşlı övladı var. Ona bəraət verilməsi barədə hökm çıxarılmasını məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi qismən özünün etirafı ilə yanaşı, şahid ifadələri, iş materialları və məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Belə ki, Şahid1 məhkəmə iclasında ifadə verərək bildirdi ki, şöbəyə xx.xx.1995-ci il təvəllüdlü, Oğuz şəhəri, H.Əliyev prospekti ev 15, mənzil 1-də qeydiyyatda olan, hal-hazırda Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs Oqtay qızının narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduğundan Oğuz rayon polis şöbəsinin rəhbərliyinə raportla müraciət edilmiş və verilmiş əmrlə əlaqədar əməliyyat qrupunun yaradılması barədə qərar qəbul olunmuşdur. 16 avqust 2024-ci il tarixdə, saat 19 radələrində CAB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid2, Oğuz RPŞ-nin DYPB-nin YPX-nin inspektorları, polis baş serjantı Şahid4 və polis serjantı Feyzullayev Şahid3 ilə birlikdə həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs idarə etdiyi “HYUNDAİ ELANTRA MİNİK” markalı, **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Oğuz rayonu, Bayan kəndi ərazisində yerləşən dairənin yaxınlığında hərəkətdə olan zaman saxlamış, ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu izah etmiş və onu Oğuz rayon polis şöbəsinə gətirmişlər. Təhqiqat bölməsinin təhqiqatçısı Vasif Məmmədov tərəfindən videoçəkiliş aparılmaqla ilk olaraq Təqsirləndirilən şəxs idarə etdiyi “HYUNDAİ ELANTRA MİNİK” markalı, **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı avtomobilin salonunda, ön hissəsində oturacaqlar arasında olan saxlanc yerindən (qoltuq altı adlanan yerdən) 02 ədəd ətir şüşəsi, 01 ədəd qulaqçıq qutusu və 01 (bir) ədəd “Kent” markalı siqaret qutusunun icərisində olan ağ rəngli sellofan bükümdə olan narkotik vasitəyə bənzər bitki aşkar edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edilərək şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri izah edilmiş və video-çəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmasında Təqsirləndirilən şəxs, müdafiəçisi, onun özü, Şahid2 iştirak etmişlər. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan əşyaları könüllü təqdim etməsi təklif edilmiş, o etiraz etmədən üzərində olan əşyaları, yəni idarə etdiyi “HYUNDAİ ELANTRA MİNİK” markalı, **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobilə məxsus açarı və özünə məxsus “İphone” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən götürülmüş kütlə dəqiq çəkisinin və tərkibinin müəyyən edilməsi məqsədilə ekspertiza tədqiqatına göndərilməsi üçün bir ədəd zərfdə qablaşdırılaraq götürülmüş, zərfin üzəri DİN 95 saylı zərflər üçün olan möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilmiş, axtarış zamanı qanunla saxlanması və ya gəzdirilməsi qadağan edilmiş hər hansı bir əşya, predmet aşkar edilməmişdir. Bundan sonra şəxsi axtarış keçirilməsi ilə bağlı təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, onun özü və digər iştirakçılar protokolla tanış olub onun düzgün tərtib edildiyini imzaları ilə təsdiq etmişlər. Rəşidəni əməliyyat nəticəsində tanıyıb. Narkotik vasitəni daşımaqda şübhəli olduğuna görə onu YPX əməkdaşları ilə birlikdə saxlayıblar. Bir büküm marixuana olub, soruşanda deyib ki, yerdən tapıb. Maşında rəfiqəsi və uşaqlar olub. Rəfiqəsinin bu işlərdən xəbəri olmayıb. Maşını özü sürüb. Bayan ərazisində saxlanılıb, şöbənin həyətində maşına baxış keçirilib. Həmin vaxt müdafiəçi olmayıb. Rəşidə deyib ki, “Oğuza istirahətə gəlmişik, narkotikdən də vaxtaşırı istifadə edirəm”. Şöbədə etiraf edib, maşında qoltuqaltından narkotiki çıxarıb verib. Rəşidə ilə bağlı məlumat artıq o Bakıdan çıxanda daxil olmuşdu. Ailə olaraq istifadəçi kimi tanınırlar. Qardaşı Sərxan da istifadə edir. Sərxana uşaqları aparmaq üçün zəng edib. Tutulandan 10 dəqiqə sonra Sərxan bir nəfərlə gəlmişdi. Orxanı tanımır. Məhkəmə iclasında şahidlər Şahid2, Feyzullayev Şahid3 və Şahid4 verdiyi mahiyyət etibarı ilə oxşar məzmunlu ifadəsi ilə də Təqsirləndirilən şəxs təsvir olunan cinayət əməlini törətməsi tam təsdiq olunur . İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan “Baxış keçirilməsi haqqında” 16 avqust 2024-cü il tarixli protokoldan və bir ədəd diskdən görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “HYUNDAİ ELANTRA MİNİK” markalı, **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirilən zaman avtomobilin salonunda (qoltuq altı deyilən yerdə) 01 (bir) ədəd “Kent” markalı siqaret qutusunun içərisində ağ rəngli sellofan bükümdə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, baxış keçirilərkən video-çəkilişdən istifadə olunmaqla əldə edilmiş video-görüntülər DVD diskə köçürülmüş və tərtib olunmuş protokola əlavə edilmişdir. (cinayət işi vər: 23-25) İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” 16 avqust 2024-cü il tarixli protokoldan və bir ədəd diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı onun üzərində hər hansısa bir markotik vasitə və ya qanunla qadağan edilmiş əşya aşkar edilməmiş, lakin Təqsirləndirilən şəxs üzərində olan 01 ədəd avtomobil açarı və 01 ədəd “İphone” markalı mobil telefonu təqdim etmiş, şəxsi axtarış aparılarkən video çəkilişdən istifadə olunmaqla əldə edilmiş video görüntülər DVD diskə köçürülmüş və tərtib olunmuş protokola əlavə edilmişdir. (cinayət işi vər: 26-27) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X7 Bölməsinin iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan məhkəmə-bioloji ekspertizasının 17 avqust 2024-cü il tarixli, 3-16-16/2-17/712 nömrəli rəyindən və həmin tarixli aktdan görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “xx.xx.2024-cü il, vət Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitəyə oxşar kütlə” yazısı, adlar və imzalar yazılmış 01 ədəd zərfin içərisindəki 01 ədəd sellofan içərisində olan kağız bükümdə, təmiz çəkisi – 5,80 qr. olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Marixuananın 0,05 qramı nümunə olaraq götürülmüş, qalıq–5,75 qram qaytarılmışdır. Aparılmış tədqiqatın dəyəri 34,55 manatdır. (cinayət işi vər: 35-38) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan xx.xx.2024-cü il tarixli, 1568 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. (cinayət işi vər: 100) Azərbaycan Respublikası TƏBİB publik hüquqi şəxs “Oğuz Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan 09 oktyabr 2024-cü il tarixli, 18-1-64/2-1224/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Oğuz MRX-nın poliklinika şöbəsinin “Narkoloji” və “Nevroloji” kabinetlərində qeydiyyatda yoxdur. (cinayət işi vər: 113) İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan tələbnaməyə Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin xx.xx.2024-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. (cinayət işi vər:99) Oğuz Rayon İcra Hakimiyyəti başçısının Oğuz şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan xx.xx.2024-cü il tarixli, 5-68-12/2-112/2024 saylı məktubdan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs uzun müddətdir ki, Oğuz şəhəri ərazisində yaşamadığından onun barəsində ailə tərkibi barədə arayış və xasiyyətnamənin verilməsi mümkün olmamışdır. (cinayət işi vər: 112) İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan şəsiyyəti təsdiq edən sənədlər üzrə axtarışa dair elektron çıxarışdan görünür ki, xx.xx.1995-ci ildə Oğuz şəhərində anadan olmuş, Oğuz şəhərində qeydiyyatda olan Təqsirləndirilən şəxs keçmiş soyadı Hacızadə olmuşdur. (cinayət işi vər: 8) İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan nikah haqqında AZ-İİ 399246 saylı şəhadətnamənin surətindən görünür ki, X4 və X3 xx.xx.2020-ci il tarixdə nikah bağlamış, bu barədə 1 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 812 nömrə ilə qeyd olunmuş, nikah bağlandıqdan sonra ər-arvada Həsənov soyadı verilmişdir. Bakı şəhəri Binəqədi RİH Başçısının Biləcəri qəsəbə İƏD üzrə nümayəndəliyinin iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan xx.xx.2025-ci il tarixli, 453 saylı arayışından görünür ki, X4 həqiqətən Biləcəri qəsəbəsi Ə.Qasımov küçəsində inşa edilmiş özbaşına tikili evdə qeydiyyatsız yaşayır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən və Bakı şəhəri Bİnəqədi rayonu 314 saylı tam orta məktəb tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 247 saylı arayışdan görünür ki, X2 xx.xx.2015-ci ildə Azərbaycan Respublikasında anadan olmuş, 4-cü sinif şagirdidir. (cinayət işi vər: 103- 104) Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən təqsirləndirilən şəxsin törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən ona təyin ediləcək cəzanın islah olunmasına və həyat şəraitinə təsiri imkanlarını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 2015-ci il təvəllüdlü qızının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclaslarında verdiyi ifadəsində səsləndirdiyi fikirləri özünü müdafiə kimi qiymətləndirir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmamasını, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilməsinin özünün və ailəsinin həyat tərzinə maddi və mənəvi cəhətdən mənfi təsir göstərəcəyini nəzərə alaraq, habelə təqsirləndirilən şəxslə davranışda ictimaiyyətin daha fəal iştirak etməsinin təmin edilməsi, onda cəmiyyət qarşısında məsuliyyət hissinin artmasına yardım göstərilməsi və onun islah edilməsi məqsədi ilə təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddədə müəyyən edilmiş az ciddi cəza növü hesab olunan kifayət edən həddə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. İş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 20:00 radələrində Oğuz RPŞ-yə gətirilmiş və şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə saat 12:15-də barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə həbsdən azad edilmişdir. Beləliklə, məhkəmə bildirir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 20:00-dan xx.xx.2024-cü il tarixdə saat 12:15-dək şübhəli şəxs qismində tutulduğu 2 gün nəzərə alınaraq, bir günə iki gün hesabı ilə hesablanmaqla 4 gün müddət ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Eyni zamanda, məhkəmə Təqsirləndirilən şəxs hazırda təyin ediləcək azadlığın məhdudlaşdırılması növündə cəza əsasında tətbiq ediləcək vaxt məhdudiyyətinin hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək olan müddət ərzində, ərazi məhdudiyyətinin Bakı şəhəri ərazisi olaraq müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin cinayət işinin materiallarında olan ambulator məcburi narkoloji-tibbi yoxlamasının rəyi ilə Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə hallarının olduğu, narkomaniya xəstəliyindən əzab çəkmədiyi, məcburi müalicəyə ehtiyacının olmadığı bildirilmiş, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülmüşdür. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. Məhkəmə iş üzrə təyin edilmiş məhkəmə-bioloji ekspertizasının 17 avqust 2024-cü il tarixli, 3-16-16/2-17/712 nömrəli rəyini və Təqsirləndirilən şəxs barəsində polis əməkdaşlarının tərtib etdiyi “Baxış keçirilməsi haqqında” 16 avqust 2024-cü il tarixli protokolun nəticələrini müqayisə edərək narkotik vasitənin çəkisinin məhkəmə-bioloji ekspertizası tərəfindən daha dəqiq müəyyən edilməsini nəzərə almaqla, Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş narkotik vasitənin xalis çəkisinin ona qarşı irəli sürülmüş ittihamda göstərilən miqdarda – 5,80 qram olmasını qəbul edir. Beləliklə, məhkəmə qərara gəlir ki, iş üzrə maddi sübut - Oğuz Rayon Polis Şöbəsində saxlanılan, ekspertiza zamanı istifadə edildikdən sonra qalıq qalan cəmi 5,75 qram çəkidə kustar üsulla hazırlanmiş qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs idarə etdiyi avtonəqliyyat vasitəsinə baxış keçirılən zaman və üzərində şəxsi axtarış aparılan zaman video-çəkiliş aparılmasına dair 2 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 34,55 manat ekspertiza xərci hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia tələbi və digər məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılaraq faktiki azadlığı məhdudlaşdırıldığı vaxtdan – xx.xx.2024-cü il tarixdə saat 20:00-dan xx.xx.2024-cü il tarixdə saat 12:15-dək şübhəli şəxs qismində tutulduğu müddət 2 (iki) gün kimi nəzərə alınaraq həmin müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 05 (beş ) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın çəkilməsinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı Bakı şəhəri ərazisini, eləcə də saat 23:00-dan saat 06:00-dək olan müddət ərzində daimi yaşayış yeri olan Bakı şəhəri, Binəqədi rayonu Biləcəri qəsəbəsi Ə.Qasımov küçəsində yerləşən evin ərazi hüdudlarını tərk etməmək məhdudiyyəti qoyulsun. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı ərazidə yerləşən, spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Hökmün icrasına nəzarəti Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə maddi sübut - Oğuz Rayon Polis Şöbəsində saxlanılan, ekspertiza zamanı istifadə edildikdən sonra qalıq qalan cəmi 5,75 qram çəkidə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs idarə etdiyi avtonəqliyyat vasitəsinə baxış keçirılən zaman və üzərində şəxsi axtarış aparılan zaman video-çəkiliş aparılmasına dair 2 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 34,55 manat ekspertiza xərci hökm qanuni qüvvəsini aldıqdan sonra məhkum Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin AZ.MEM, VÖEN **********, X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ********************, SWİ F T Bik CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. İş üzrə mülki iddia və digər məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Hakim : Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar