Məhkəmə qərarları › İş №1(054)-3/2022

Oğuz Rayon Məhkəməsi Hökm — İş №1(054)-3/2022

29.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Oğuz rayonu İş № 1(054)-3/2022 29.03.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Mikayılzadə Əsmər Mehman qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə Təqsirləndirilən şəxs: xx.xx.1999-cu il tarixdə Oğuz rayonu Şirvanlı kəndində anadan olmuş, həmin kənddə yaşayan, subay, orta təhsilli, işsiz, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olmayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən e t d i: Təqsirləndirilən şəxs qəsdən, tamah niyyəti və özgənin əmlakını gizli yolla talama məqsədi ilə 05.12.2021-ci il tarixdə saat 01 radələrində Oğuz rayonu Qumlaq kəndi ərazisində yerləşən, həmin kəndin sakini Zərərçəkmiş şəxs işlətdiyi, onun arvadı Sevda Ədilovaya məxsus olan “Ülvi” şadlıq evinin yardımçı tikilisinin qapısını açma yolu ilə qanunsuz daxil olmaqla içəridən 1 ədəd 300,00 manat dəyərində Çin istehsalı olan “Super General” markalı “SGLED42KD” model 42 düyümlü 107 diaqonallı qara rəngli televizoru, 1 ədəd 25,00 manat dəyərində üzərində “Electric balloon pump” yazıları olan “HT-507” modelli göy rəngli şar dolduran hava nasosunu, hər birinin qiyməti 0,90 manat olmaqla cəmi 4,50 manat dəyərində 5 ədəd 250 ml həcmində “Bizon” markalı enerji içkisini, hər birinin qiyməti 1,60 manat olmaqla cəmi 6,40 manat dəyərində 4 ədəd 0,5 litr həcmində “Xırdalan” markalı pivəni, hər birinin qiyməti 1,75 manat olmaqla cəmi 14,00 manat dəyərində 8 ədəd xalis çəkisi 82 qram olan “Nestle” markalı şokoladı və kassada olan 11 manat məbləğində qəpik pulları gizli yolla talayaraq zərərçəkmiş şəxsə ümumilikdə 360,90 manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bildi, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, hazırda ifadə verməkdən imtina etdiyini bildirdi. Təqsirləndirilən şəxs ona verilən suallarla əlaqədar qeyd etdi ki, törətdiyi cinayət əməlini könüllü olaraq etiraf etmiş və əməlindən səmimi peşman olmuşdur. Oğurladığı əmlakların harada olduğunu da könüllü etiraf etmiş və həmin əmlakları polis əməkdaşlarına təqdim etmişdir. Maddi ehtiyacı olduğuna görə oğurluq etmiş, oğurladığı əmlakları olduğu kimi qaytarmaqla və pulu ödəməklə zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tam şəkildə aradan qaldırmışdır. Zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və tələbi yoxdur. Qeyd edilən halları cəza təyin edilən zaman nəzərə almağı və ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs cinayət əməli törətməsi özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi, iş materialları və məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Oğuz rayonu Qumlaq kəndində yaşayır və həmin kənddə, arvadı Sevda Ədilovanın adına qeydiyyata alınmış “Ülvi” şadlıq sarayını işlədir. həmin şadlıq sarayında olan avadanlıqlar və digər bütün əşyalar onun özünə məxsusdur. Belə ki, o, şadlıq evinin bütün əmlakını öz vəsaiti hesabına almışdır və həmin əmlaklar onun şəxsi mülkiyyətidir. 05.12.2021-ci il tarixdə səhər saatlarında şadlıq evinə gələndə şadlıq evinə bitişik yardımçı tikiliyə daxil olan zaman içərinin dağınıq halda olduğunu, həmçinin, 5 ədəd 250 ml “Bizon” adlı enerji içkisinin və 4 ədəd 0,5 litr həcmində “Xırdalan” pivəsinin boş qablarının ortalıqda olduğunu görmüşdür. İçəriyə nəzər salan zaman 1 ədəd Çin istehsalı olan “Super General” markalı “SGLED42KD” model 42 düyümlü 107 diaqonallı qara rəngli televizorun, 1 ədəd üzərində “Electric balloon pump” yazıları olan “HT-507” modelli göy rəngli şar dolduran hava nasosunun, 8 ədəd “Nestle” şokoladının və kassada olan 11 manat qəpik pulların yerində olmadığını görmüşdür. O, dərhal bu barədə Oğuz rayon Polis Şöbəsinə məlumat vermişdir. Sonrdan ona məlum olmuşdur ki, onun işlətdiyi şadlıq evindən oğurluq edən şəxs Oğuz rayonu Şirvanlı kənd sakini Təqsirləndirilən şəxs Mərdan oğludur. Oğurluq hadisəsi 04.12.2021-ci il tarixdən 05.12.2021-ci il tarixə keçən gecə baş vermiş, oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 360,90 manat dəyərində maddi ziyan dəymişdir. Oğurluq edən şəxs Təqsirləndirilən şəxs şadlıq evinin yardımçı tikilisinin binasına daxil olarkən heç yeri sındırmamış və əlavə maddi zərər vurmamış, o, qapını açmaqla içəri daxil olmuşdur. Zərərçəkmiş şəxs ifadəsində, eyni zamanda, göstərdi ki, ona məxsus olan, Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış avadanlıqlar təqsirləndirilən şəxs tərəfindən könüllü olaraq təqdim edilməklə sonradan ona qaytarılacağına və zərərin digər hissəsi də ödənildiyinə görə hesab edir ki, ona dəymiş maddi ziyan məbləği aradan qaldırılmışdır. Onun hazırda təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş “Baxış keçirilməsi və maddi sübutun götürülməsi haqqında” 05.12.2021-ci il tarixli protokol və qeyd edilən protokola əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Zərərçəkmiş şəxs Oğuz rayonu Qumlaq kəndi ərazisində yerləşən “Ülvi” şadlıq sarayının yardımçı tikilisini, həmin tikilinin taxta qapısını, Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış əşyaları və pulu qoymuş olduğu yeri əyani şəkildə göstərmişdir. İş materiallarına əlavə edilmiş “Baxış keçirilməsi və maddi sübutun götürülməsi haqqında” 06.12.2021-ci il tarixli protokol və həmin protokola əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs oğurladığı hava nasosunu “Ülvi” şadlıq sarayının yaxınlığında olan "xxxx" MMC-yə məxsus şəbəkə stansiyasının yanında qoyduğu yeri əyani şəkildə göstərmiş və hava nasosu həmin ərazidə aşkar edilmişdir. Eyni zamanda, Oğuz rayonu Qumlaq kəndində yerləşən, Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilərkən 1 ədəd Çin istehsalı olan “Super General” markalı “SGLED42KD” model 42 düyümlü 107 diaqonallı qara rəngli televizor və 8 ədəd “Nestle” şokoladı həmin evdə aşkar edilmişdir. Qeyd olunan əşyalar iş üçün maddi sübut əhəmiyyəti kəsb etdiyindən protokol tərtib edilməklə götürülmüşdür. İş materiallarına əlavə edilmiş “İfadənin yerində yoxlanılması haqqında” 19.01.2022-ci il tarixli protokol və həmin protokola əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Oğuz rayonu Qumlaq kəndinin ərazisində yerləşən “Ülvi” şadlıq sarayının yardımçı tikilisinə daxil olduğu və həmin binadan oğurluq etdiyi yerləri əyani şəkildə göstərmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının 18.01.2022-ci il tarixli 9/9406 nömrəli rəyində qeyd edilmişdir ki, ekspеrtizа tədqiqаtınа təqdim еdilmiş malların 2021-ci ilin dekabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri, təxminən, 339,00 manat (1 ədəd Çin istehsalı olan “Super General” markalı “SGLED42KD” model 42 düyümlü 107 diaqonallı qara rəngli televizor 300,00 manat dəyərində, 1 ədəd üzərində “Electric balloon pump” yazıları olan “HT-507” modelli göy rəngli şar dolduran hava nasosu 25,00 manat dəyərində, 8 ədəd xalis çəkisi 82 qram olan “Nestle” markalı şokolad hər birinin qiyməti 1,75 manat olmaqla cəmi 14,00 manat dəyərində), ekspertiza təyin edilməsi barədə qərarda göstərilən, lakin ekspеrtizа tədqiqаtınа təqdim еdilməmiş malların ümumi dəyəri isə nəzəri hesablama yolu ilə, təxminən, 10,90 manat (5 ədəd 250 ml həcmində “Bizon” markalı enerji içkisinin hər birinin qiyməti 0,90 manat olmaqla cəmi 4,50 manat dəyərində, 4 ədəd 0,5 litr həcmində “Xırdalan” markalı pivənin hər birinin qiyməti 1,60 manat olmaqla cəmi 6,40 manat dəyərində) müəyyən edilir. (Aparılmış ekspertiza tədqiqatının dəyəri 50,00 manat təşkil edir). İş materiallarına əlavə edilmiş Oğuz rayon X3 Qrupunun baş müstəntiqi Elçin İsmayılovun 16.02.2022-ci il tarixli sübutların qiymətləndirilməsi barədə qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə cinayət işinin başlanması rədd edilmişdir. 1 ədəd Çin istehsalı olan “Super General” markalı “SGLED42KD” model 42 düyümlü 107 diaqonallı qara rəngli televizor, 1 ədəd üzərində “Electric balloon pump” yazıları olan “HT-507” modelli göy rəngli şar dolduran hava nasosu, 8 ədəd xalis çəkisi 82 qram olan “Nestle” markalı şokolad maddi sübut kimi tanınaraq saxlanılması üçün Oğuz Rayon Polis X2 təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə 06.12.2021-ci il tarixli qərardan və həmin tarixli protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs Oğuz rayon Polis Şöbəsinə gətirilərək 06.12.2021-ci il tarixdə saat 16:10-da cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Oğuz rayon X3 Qrupunun baş müstəntiqi Elçin İsmayılovun 08.12.2021-ci il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs 08.12.2021-ci il tarixdə saat 15:55-də şübhəli şəxs qismində tutulmadan azad edilməklə onun barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş 24.12.2021-ci il tarixli tələbnamədən, Oğuz Rayon Məhkəməsinin 20.08.2019-cu il tarixli 1 (054) - 20 / 2019 nömrəli hökmündən və 21.01.2020-ci il tarixli 7 (054) - 1 / 2020 nömrəli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 21.01.2020-ci il tarixdə cəzasının çəkilməmiş qalan 1 il 2 ay 1 gündən ibarət hissəsi 7 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, 21.08.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, həmin hökm üzrə məhkumluğu 21.08.2021-ci il tarixdə ödənilmişdir. İş materiallarına əlavə edilmiş “Oğuz rayon Mərkəzi Xəstəxanası” X6 tərəfindən verilmiş 18.12.2021-ci il tarixli 628 nömrəli sorğuya cavab məktubundan müəyyən edilir ki, Təqsirləndirilən şəxs Oğuz rayon Mərkəzi Xəstəxanasının “Ruhi-əsəb” və “Narkoloji” kabinetlərində qeydiyyatda deyildir. İş materiallarına əlavə edilmiş Oğuz rayon İcra Hakimiyyəti başçısının Qumlaq kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 05.01.2022-ci il tarixli 10-25/03 nömrəli arayışdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə həmin Nümayəndəliyin ərazisində yaşayır, onun ailəsi valideynləri və qardaşından ibarətdir. İş materiallarına əlavə edilmiş Oğuz rayon İcra Hakimiyyəti başçısının Qumlaq kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 30.12.2021-ci il tarixli xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində yaşadığı ərazi üzrə İcra Nümayəndəliyinə yazılı və ya şifahi şikayət daxil olmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir və o həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən təqsirləndirilən şəxsin törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən ona təyin ediləcək cəzanın islah olunmasına və həyat şəraitinə təsiri imkanlarını nəzərə alır. Təqsirləndirilən şəxs cinayət nəticəsində əldə edilmiş əmlakların axtarışına və tapılmasına fəal kömək etməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə əsasən, cinayət nəticəsində zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın könüllü olaraq aradan qaldırılması Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs digər şəxsə məxsus əmlakları gizli olaraq talasa da, onun törətdiyi cinayət əməlini könüllü olaraq etiraf etdiyini və həmin əmələ görə səmimi peşmançılıq hissləri keçirdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini, özü və cəmiyyət üçün zərərli təsirlərini, bu əmələ görə məsuliyyətini başa düşmüş və öz əməlinə tənqidi yanaşmaqla artıq islah olunmağa başlamışdır. Həmin əsaslara görə məhkəmə Təqsirləndirilən şəxs səmimi peşman olmasını da cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət örətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə cinayət və cinayət-prosessual qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərinə əsasən Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətmiş olduğu cinayət əməlində cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halların olmamasını, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini könüllü etiraf etməsini, törədilmiş cinayət əməli nəticəsində vurulmuş maddi zərərin miqdarını, həmin zərərin də ödənildiyini, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsdən şikayət və tələbinin olmamasını, o cümlədən, təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın islah olunmasına təsiri imkanlarını nəzərə alaraq təqsirləndirilən şəxsə törətdiyi cinayət əməlinə görə nəzərdə tutulmuş cəzalardan az ciddi cəza növü hesab olunan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini, həmin cəzanın 2 il müddətinə müəyyən edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs 06.12.2021-ci il tarixdə saat 16:10-dan 08.12.2021-ci il tarixdə saat 15:55-dək şübhəli şəxs qismində saxlanıldığı müddət 2 gün kimi nəzərə alınaraq həmin müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. İş üzrə maddi sübut - Oğuz Rayon Polis X1 saxlanılan 1 ədəd Çin istehsalı olan “Super General” markalı “SGLED42KD” model 42 düyümlü 107 diaqonallı qara rəngli televizor, 1 ədəd üzərində “Electric balloon pump” yazıları olan “HT-507” modelli göy rəngli şar dolduran hava nasosu, 8 ədəd xalis çəkisi 82 qram olan “Nestle” markalı şokolad hökm qanuni qüvvəsini aldıqdan sonra Zərərçəkmiş şəxs qaytarılmalıdır. İş üzrə 50,00 manat ekspertiza xərci hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia tələbi və digər məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 06.12.2021-ci il tarixdə saat 16:10-dan 08.12.2021-ci il tarixdə saat 15:55-dək şübhəli şəxs qismində saxlanıldığı müddət 2 (iki) gün kimi nəzərə alınaraq həmin müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla 4 (dörd) gün müddət ona təyin edilmiş 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın çəkilməsinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı Oğuz rayonu ərazisini, eləcə də saat 21:00-dan saat 07:00-dək olan müddət ərzində daimi yaşayış yeri olan Oğuz rayonu Şirvanlı kəndində yerləşən evin ərazi hüdudlarını tərk etməmək məhdudiyyəti qoyulsun. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Hökmün icrasına nəzarəti Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə maddi sübut - Oğuz Rayon Polis X1 saxlanılan 1 ədəd Çin istehsalı olan “Super General” markalı “SGLED42KD” model 42 düyümlü 107 diaqonallı qara rəngli televizor, 1 ədəd üzərində “Electric balloon pump” yazıları olan “HT-507” modelli göy rəngli şar dolduran hava nasosu, 8 ədəd xalis çəkisi 82 qram olan “Nestle” markalı şokolad hökm qanuni qüvvəsini aldıqdan sonra Zərərçəkmiş şəxs qaytarılsın. İş üzrə 50,00 manat ekspertiza xərci hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İş üzrə mülki iddia tələbi və digər məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Hakim : Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar