Azərbaycan Respublikası adından HÖKM Oğuz rayonu İş № 1(054)-30/2024 28.12.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx.xx.1967-ci il tarixdə Oğuz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam-orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkəməyə verilmişdir, ondan ötrü ki, o qəsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, 12,79 qram narkotik vasitə olan qurudulmuş marixunanı istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib qanunsuz olaraq üzərində saxlamış, Oğuz RPŞ-nin CAB-nin əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 17 may 2024-cü il tarixdə Oğuz rayon ərazisində saxlanılaraq Oğuz RPŞ-yə gətirilib 17 may 2024-cü il tarixdə saat 22:34 dəqiqədən saat 23:12 dəqiqəyədək olan müddət ərzində orada videoçəkilişlə və müdafiəçinin iştirakı ilə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan hərbi gödəkçənin sol yan cibindən 01 (bir) ədəd sellofan bükümdə xeyli miqdarda, 12,79 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunub qanunamüvafiq qaydada rəsmiləşdirilərək, qablaşdırılıb götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, rəsmi olaraq heç bir yerdə işləmir. Milliyyətçə udindir, Oğuz rayonunda anadan olmuş, orta məktəbi də burada Azərbaycan dilində bitirmişdir və Azərbaycan dilini yaxşı bilir. O, narkotik vasitə olan marixuanadan hərdənbir istifadə etmişdir. xx.xx.2024-cü il tarixdə günorta saatlarında Oğuz şəhərinin yuxarı hissəsində, çay kənarında zibillik ərazinin yanından keçən zaman təsadüfən yerdə sellofan bükülü olduğunu aşkar etmiş və maraqlı gəldiyi üçün həmin bükümü açaraq içərisinə baxdıqda içərisində marixuana deyilən maddəyə oxşar kütlə olduğunu görmüşdür. Əvvələr arabir narkotikdən istifadə etdiyi üçün tapdığı marixuananı tanımışdır. Tapmış olduğu narkotikdən özü istifadə etmək üçün əynində olan hərbi gödəkcənin sol yan cibinə qoymuşdur. Həmin tarixdə axşam saat 22 radələrində şəhərin yaşadığı evin yerləşdiyi S.Vurğun küçəsində olarkən mülki geyimdə olan polis əməkdaşları yaxınlaşıb özlərini təqdim etmişlər və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu polis şöbəsinə dəvət etmişlər. Oğuz RPŞ-yə gətirildikdən sonra vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş və üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan hərbi gödəkçənin sol yan cibindən taparaq əldə etdiyi sellofan bükümü çıxarıb onlara təqdim etmişdir. Sorğu zamanı həmin narkotik vasitəyə oxşar kütləni haradan əldə etdiyini soruşmuşlar. O həmin narkotik vasitəni yerdən tapdığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən həmin büküm elektron tərəzi vasitəsi ilə çəkilmiş və 14,3 qram olması müəyyən olunmuşdur. Narkotik vastənin dəqiq çəkisi və növünün müəyyən olunması üçün ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyulmuş, üzərinə o, vəkil və digər iştirakçılar imza etmişlər. Həmçinin bununla bağlı protokol tərtib edilmiş, protokol təhqiqatçı tərəfindən ona ucadan oxunmuş və doğru olduğunu öz imzası ilə təsdiq etmişdir. O heç vaxt narkotik vasitə satmamışdır. Üzərindən aşkar olunmuş narkotik vasitəni isə yerdən tapmışdır. Həmin narkotiki üzərində gəzdirməkdə niyyəti isə öz şəxsi istifadəsi üçün olmuşdur. Onun narkotik vasitədən istifadə etməyi, narkotik vasitələri tapmağı barədə hər hansı başqa bir şəxsin məlumatı olmamışdır və onda başqa narkotik vasitə yoxdur. Heç bir yerdə narkotik vasitə saxlamır. Polis şöbəsində ona heç bir təzyiq və fiziki zorakılıq edilməmişdir.Narkotik vasitəni əldə etdiyinə, saxladığına, üzərində gəzdirdiyinə görə əməlindən səmimi peşman olmuşdur. Ailə vəziyyətinin, səmimi peşmançılığının cəza təyin edilən zaman nəzərə alınmasını və ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı, şahid ifadəsi, iş materialları və məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Belə ki, Şahid1 məhkəmə iclasında ifadə verərək bildirdi ki, Oğuz RPŞ-nin CAB-ın axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. 17 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə Oğuz rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Oğuz rayon polis şöbəsinin PPX bölüyünün manqa komandiri vəzifəsində işləyən Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs şəxsiyyəti barədə məlumatları yoxlayaraq onun xx.xx.1967-ci ildə Oğuz şəhərində anadan olmasını, hal-hazırda ünvan 2 ünvanında yaşamasını müəyyən etmişlər. Bununla əlaqədar raportla polis şöbəsinin rəhbərliyinə müraciət edilmiş və əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün müvafiq qərar qəbul olunmuşdur. Qərara uyğun olaraq Oğuz RPŞ-nin PPX Bölüyünün manqa komandiri Şahid2la birlikdə Təqsirləndirilən şəxs barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə başlamışlar. Onu 17 may 2024-cü il tarixdə axşam saat 22 radələrində yaşadığı evin yerləşdiyi Oğuz şəhəri, S.Vurğun küçəsində saxlamışlar. Ona özlərini təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün saxlanıldığı barədə məlumat verib Oğuz RPŞ-yə gətirmişlər. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, müdafiəçi ilə təmin edilib ona hüquq və vəzifələri izah olunmuş və video-çəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməsində Təqsirləndirilən şəxs, onun müdafiəçisi Müdafiəçi, o və Şahid2 iştirak etmişlər. Video-çəkiliş isə Oğuz RPŞ-nin KTQ-nun kriminalisti vəzifəsini müvəqqəti icra edən Sənan Şahmuradov tərəfindən aparılmışdır. Şəxsi axtarış keçirilməmişdən əvvəl o və digər iştirakçılar özlərini təqdim etmişlər. Təhqiqatçı Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etmiş, ondan saxlanılarkən paltarında, əşyalarında, bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və sənədləri təhvil verməsini təklif etmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan hərbi gödəkcənin sol yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükülünü, həmin gödəkcənin sol döş cibindən “Prima” markalı bir qutu siqareti, şalvarın sağ yan cibindən 1 ədəd “TG” markalı mobil telefonu, yenidən gödəkcənin sağ cibindən isə papağı çıxararaq masanın üzərinə qoymuş və təqdim etdiyi şəffaf rəngli bükülünün içərisindəki kütlənin narkotik tərkibli qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitəni Oğuz şəhərinin yuxarı hissəsindən, çay kənarında olan zibillik ərazidən tapdığını və özü istifadə etmək üçün üzərində gəzdirdiyini bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilmiş, lakin üzərindən başqa narkotik vasitə və ya digər qanunsuz əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd sellofan bükülüdə olan kütlə elektron tərəzidə çəkilərkən onun çəkisinin 14,3 qram olması müəyyən edilmiş, dəqiq tərkibinin və çəkisinin müəyyən edilməsindən ötrü ekspertiza tədqiqatına göndərilməsi üçün təhqiqatçı tərəfindən qablaşdırılıb DİN-in 95 nömrəli zərflər üçün möhürü ilə möhürlənmiş və götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “TG” markalı mobil telefon da təhqiqatçı tərəfindən qablaşdırılıb götürülmüşdür. Bundan sonra isə şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib olunmuş və həmin protokolun düzgünlüyü bütün iştirakçılar tərəfindən imzalanaraq təsdiq edilmişdir. Təqsirləndirilən şəxs ilə qohumluğu, həmçinin ədavəti və ya düşmənçiliyi yoxdur. Təqsirləndirilən şəxs tutularkən, polis şöbəsinə gətirilərkən, polis şöbəsində olarkən o və digər polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki güç, zor və təzyiq tətbiq edilməmişdir. Şahid2 ibtidai araşdırma dövründə verdiyi və məhkəmə iclasında elan edilmiş eyni məzmunlu ifadəsi ilə də Təqsirləndirilən şəxs təsvir olunan cinayət əməlini törətməsi tam təsdiq olunur . İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” 17 may 2024-cü il tarixli protokoldan və bir ədəd diskdən görünür ki, Oğuz RPŞ-nin təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru Vasif Məmmədov tərəfindən video çəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxs axtarış zamanı sonuncunun üzərindən, yəni əynində olan hərbi gödəkcənin sol yan cibindən narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüş, şəxsi axtarış zamanı aparılmış video çəkilişin görüntüləri 01 ədəd kompakt diskə köçürülərək tərtib edilmiş protokola əlavə olunmuşdur. (cinayət işi vər: 24-30) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X9 Bölməsinin iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan məhkəmə-bioloji ekspertizasının 18 may 2024-cü il tarixli, 3-16-16/2-17/458 nömrəli rəyindən və həmin tarixli aktdan görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində olan... narkotik..”sözləri, adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfi açdıqda içərisindəki 01 ədəd sellofan bükümdə, təmiz çəkisi – 12,79 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Marixuananın 0,02 qramı nümunə olaraq götürülmüş, qalıq–12,77 qram qaytarılmışdır. Aparılmış tədqiqatın dəyəri 35,97 manatdır. (cinayət işi vər: 35-38) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan xx.xx.2024-cü il tarixli, 1273 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoidlərdən istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (cinayət işi vər: 100) Azərbaycan Respublikası TƏBİB publik hüquqi şəxs “Oğuz Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan 10 iyun 2024-cü il tarixli, 18-1-64/2-567/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Oğuz MRX-nın poliklinika şöbəsinin “Narkoloji” və “Ruhi-Əsəb” kabinetlərində qeydiyyatda yoxdur. (cinayət işi vər: 84) İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan tələbnaməyə Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin xx.xx.2024-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. (cinayət işi vər:88) Oğuz Rayon İcra Hakimiyyəti başçısının Oğuz şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan xx.xx.2024-cü il tarixli, 5-68-12/2-297/2024 saylı arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanda yaşayır, ailə tərkibi arvadı X8, oğlanları X6 və X2 ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (cinayət işi vər: 82-83) Azərbaycan Respublikası TƏBİB publik hüquqi şəxs “Oğuz Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan 19 avqust 2024-cü il tarixli, 18-1-64/2-Q-543-31- 339/2024 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs 2021-ci il tarixdə Oğuz MRX-nin “Yoluxucu xəstəliklər” şöbəsində “B18.2 Xroniki virus mənşəli C hepatiti, K74.0 Qaraciyər fibrozu, K.75.8 Qaraciyərin digər dəqiqləşdirilməmiş iltihabi xəstəlikləri” diaqnozu ilə qeydiyyatdadır və daimi olaraq müalicə alır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Oğuz rayon Bölməsinin iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan 06 sentyabr 2024-cü il tarixli, 3-43-48/3-90/2024 saylı arayışından görünür ki, 1967-ci il təvəllüdlü X1 1998-ci il təvəllüdlü X6 Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli sərəncamına və “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Qanuna əsasən xx.xx.2020-ci il tarixdə qismən səfərbərliyə cəlb edilmiş və xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək müvafiq hərbi hissədə xidmət keçmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2020-ci il tarixli 246 nömrəli əmrinə əsasən ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası medalının iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan İ-63668 saylı və İ-21939 saylı vəsiqələrinin surətindən görünür ki, X7 “Vətən müharibəsi iştirakçısı” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir. (cinayət işi vər: 84) Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən təqsirləndirilən şəxsin törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən ona təyin ediləcək cəzanın islah olunmasına və həyat şəraitinə təsiri imkanlarını nəzərə alır. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib özündə saxlasa da, polis əməkdaşları tərəfindən üzərində şəxsi axtarış aparılarkən onun üzərində aşkar edilmiş narkotik vasitənin özünə aid olduğunu könüllü olaraq dərhal etiraf etdiyini və narkotik vasitəni əldə etdiyinə, saxladığına, üzərində gəzdirdiyinə görə səmimi peşmançılıq hissləri keçirdiyini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini, özü, ailəsi və cəmiyyət üçün zərərli təsirlərini, bu əmələ görə məsuliyyətini başa düşmüş və öz əməlinə tənqidi yanaşmaqla artıq islah olunmağa başladığını nümayiş etdirmişdir. Həmin əsaslara görə məhkəmə Təqsirləndirilən şəxs səmimi peşmançılığını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, özünün xroniki virus mənşəli C hepatiti, qaraciyər fibrozu və s. diaqnozla qeydiyyatda olmasını, habelə oğlu X4 44 günlük Vətən Müharibəsində iştirak etməklə “Vətən müharibəsi iştirakçısı” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmamasını, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilməsinin özünün həyat tərzinə, ailəsinin vəziyyətinə maddi və mənəvi cəhətdən mənfi təsir göstərəcəyini nəzərə alaraq, habelə təqsirləndirilən şəxslə davranışda ictimaiyyətin daha fəal iştirak etməsinin təmin edilməsi, onda cəmiyyət qarşısında məsuliyyət hissinin artmasına yardım göstərilməsi və onun islah edilməsi məqsədi ilə təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddədə müəyyən edilmiş az ciddi cəza növü hesab olunan kifayət edən həddə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. İş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 22:11 radələrində Oğuz RPŞ-yə gətirilmiş və şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə saat 20:11-də barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə Oğuz RPŞ MSY-dən həbsdən azad edilmişdir. Beləliklə, məhkəmə bildirir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 22:11-dən xx.xx.2024-cü il tarixdə saat 20:11-dək şübhəli şəxs qismində tutulduğu 2 gün nəzərə alınaraq, bir günə iki gün hesabı ilə hesablanmaqla 4 gün müddət ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Eyni zamanda, məhkəmə Təqsirləndirilən şəxs hazırda təyin ediləcək azadlığın məhdudlaşdırılması növündə cəza əsasında tətbiq ediləcək vaxt məhdudiyyətinin hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək olan müddət ərzində, ərazi məhdudiyyətinin Oğuz rayon ərazisi olaraq müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin cinayət işinin materiallarında olan ambulator məcburi narkoloji-tibbi yoxlamasının rəyi ilə Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyi, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı olduğu bildirilmiş, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülmüşdür. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicəyə cəlb olunmaqla narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. Məhkəmə iş üzrə təyin edilmiş məhkəmə-bioloji ekspertizasının 18 may 2024-cü il tarixli, 3-16-16/2-17/458 nömrəli rəyini və Təqsirləndirilən şəxs barəsində polis əməkdaşlarının tərtib etdiyi “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” xx.xx.2024-cü il tarixli protokolun nəticələrini müqayisə edərək narkotik vasitənin çəkisinin məhkəmə-bioloji ekspertizası tərəfindən daha dəqiq müəyyən edilməsini nəzərə almaqla, Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş narkotik vasitənin xalis çəkisinin ona qarşı irəli sürülmüş ittihamda göstərilən miqdarda – 12,79 qram olmasını qəbul edir. Beləliklə, məhkəmə qərara gəlir ki, iş üzrə maddi sübut - Oğuz Rayon Polis Şöbəsində saxlanılan, ekspertiza zamanı istifadə edildikdən sonra qalıq qalan cəmi 12,77 qram çəkidə kustar üsulla hazırlanmiş qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman video-çəkiliş aparılmasına dair 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 35,97 manat ekspertiza xərci hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia tələbi və digər məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il 8 (səkkiz ) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılaraq faktiki azadlığı məhdudlaşdırıldığı vaxtdan – xx.xx.2024-cü il tarixdə saat 21:11-dən xx.xx.2024-cü il tarixdə saat 20:11-dək şübhəli şəxs qismində tutulduğu müddət 2 (iki) gün kimi nəzərə alınaraq həmin müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş 1 (bir) il 8 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 07 (yeddi ) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın çəkilməsinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı Oğuz rayonu ərazisini, eləcə də saat 23:00-dan saat 06:00-dək olan müddət ərzində daimi yaşayış yeri olan Oğuz şəhəri, S.Vurğun küçəsi, döngə 8, ev 13 ünvanında yerləşən evin ərazi hüdudlarını tərk etməmək məhdudiyyəti qoyulsun. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı ərazidə yerləşən, spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Hökmün icrasına nəzarəti Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicəyə cəlb edilməklə narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə maddi sübut - Oğuz Rayon Polis Şöbəsində saxlanılan, ekspertiza zamanı istifadə edildikdən sonra qalıq qalan cəmi 12,77 qram çəkidə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman video-çəkiliş aparılmasına dair 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 35,97 manat ekspertiza xərci hökm qanuni qüvvəsini aldıqdan sonra məhkum Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin AZ.MEM, VÖEN **********, X5, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ********************, SWİ F T Bik CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. İş üzrə mülki iddia və digər məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Hakim : Səadət Zeynalova
Məhkəmə qərarları › İş №1(054)-30/2024
Oğuz Rayon Məhkəməsi Hökm — İş №1(054)-30/2024
28.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver