Məhkəmə qərarları › İş №1(054)-30/2025

Oğuz Rayon Məhkəməsi Hökm — İş №1(054)-30/2025

29.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Oğuz rayonu İş № 1(054)-30/2025 29.07.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun nümayəndəsi və vəkili Müdafiəçi iştirakı ilə xx.xx.2001-ci il tarixdə Oğuz rayonu Muxas kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, sürücü işləyən, məhkumluğu olmayan, Oğuz rayonu Muxas kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “başqa yerə getməmə haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai araşdırma orqanın mövqeyinə əsasən Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək, şəxslər üzərində zor tətbiq edilməsi hədəsi ilə müşaiyət olunan qərəzli hərəkətlər etmişdir. Beləki o, xx.xx.2024-cü il tarixdə saat 16:30 radələrində Oğuz şəhəri A.Əliyev küçəsində yerləşən “Nizami” şadlıq sarayının içərisinin birinci mərtəbəsində giriş hissədə tanışı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı ümumi davranış, əxlaq və mənəviyyat normalarına hörmətsizlik ifadə edib, oradakı vətəndaşlаrın gözləri qarşısında söyüşlər söyməklə sonuncunu təhqir etmiş, ictimai qaydanı kobud surətdə pozаn, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə, öz şəxsiyyətini digər şəxslərin şəxsiyyətlərinin fövqünə qoyub, cəmiyyətə aşkar hörmətsizlik və laqeyidlik nümayiş etdirərək heç bir əsaslı səbəb olmadan onu sakitləşdirmək istəyən Zərərçəkmiş şəxs qardaşı Şahid1 nalayiq ifadələrlə təhqir etmiş və yaxasından vuraraq itələmiş, bundan sonra hərəkətlərinə davam etdirərək, Zərərçəkmiş şəxs həmin binanın birinci mərtəbəsində yerləşən ayaqyoluna aparmış, üzərinə hücum edib, zor tətbiq etməklə sonuncunun bədəninin müxtəlif nahiyələrinə yumruq və təpiklə qəsdən bir neçə dəfə zərbə vuraraq Zərərçəkmiş şəxs üst dodağın sol tərəfinin əzilmiş-cırılmış yarası, burunun, sol saidin arxa yuxarı 1/3-nin, sağ dirsək oynağının arxa səthinin sıyrıqları ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmanın əlamətlərinə aid edilən xəsarətlər yetirməklə 20 dəqiqə ərzində ətrafda olan şəxslərin narahatlığına səbəb olan, vətəndaşlar üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bununla da, Təqsirləndirilən şəxs CM-in 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair ittiham irəli sürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs tanıyır, belə ki, Səxavətlə həmkəndlidir. Səxavətlə hər hansı bir düşmənçiliyi və ədavəti yoxdur. xx.xx.2024-cü il tarixdə saat 12:30 radələrində həmkəndlisi Şahid3 Oğuz şəhər ərazisində yerləşən “Nizami” şadlıq sarayında təşkil etdiyi toy şənliyinə getmişdir. Həmin toy şənliyində yeyibiçdikdən sonra sərxoş olmuşdur. Bundan sonra saat 16:30 radələrində şadlıq sarayının 1ci mərtəbəsinə düşmüşdür. Bu vaxt Səxavətdə orada olmuşdur. Səxavətlə zarafatlaşmağa başlamış və zarafat əsnasında sözləri çəpləşmişdir. Həmin vaxt Səxavətlə arasında ilk növbədə sözlü mübahisə başlamış, bu vaxt Səxavətin qardaşı Sahil yanlarına gəlmiş və onu sakitləşdirmək istəmişdir. Bu vaxt Sahili yaxasından vuraraq itələmiş və həm Səxavətlə, həm də Sahillə yenidən mübahisə etməyə başlamışdır. Daha sonra yaranmış səs-küyə gələn tanışı Amil ilk öncə onları sakitləşdirməyə çalışmışdır. Ancaq sərxoş olduğundan hay-küy yaratmağa davam etmişdir. Bu vaxt Amil Sahili qucaqlayaraq yanlarından uzaqlaşdırmışdır. Sahil getdikdən sonra Səxavətlə yenidən arasında mübahisə qızışmış və Səxavətlə birlikdə mübahisə edərək şadlıq sarayın ayaq yolusuna tərəf getmişlər. Ayaqyolunda Səxavətlə əlibəyəxa olmuşdur. Səxavəti hansı formada vurduğunu xatırlamır. Ancaq Səxavətin “qolum çıxdı” deyə qışqırması yadında qalmışdır. Həmin vaxt əlibəyəxa olarkən Səxavət yerə yıxılmışdır. Ola bilsin ki, xəsarəti həmin vaxtı almışdır. Ancaq xəyal kimi Səxavəti yumruq və təpiklə bir neçə dəfə vurduğunu xatırlayır. Hadisə xx.xx.2024-cü il tarixdə saat 16:30 radələrində Oğuz şəhər ərazisində yerləşən “Nizami” şadlıq sarayının 1-ci mərtəbəsində baş vermişdir, həmin vaxt yüksək dərəcədə sərxoş olduğu üçün ətrafda kimlərin olmasını xatırlamır, ancaq yaranmış səs-küyə çoxlu şəxslərin toplaşdığını, sərxoş olduğu üçün Səxavəti konkret döymə səbəbini bilmədiyini, ancaq Səxavətlə bir-birilərini nalayiq formada təhqir etdiklərini xatırlayır. Səxavəti döyərkən əlində Səxavətin həyat və sağlamlığına təhlükə törədə biləcək silah qismində hər hansı bir əşya və yaxud digər alət olmamış, Səxavət sərxoş olsa da həmin vaxt Səxavət özünü qorumaq və yaxud hər hansı bir başqa məqsədlə ona qarşılıq verməmişdir. Əvvəllər Səxavətlə arasında hər hansı dava-dalaş, söz-söhbət, düşmənçilik və yaxud digər başqa neqativ münasibətlər olmamış, Səxavətlə arasında baş verən mübahisə və dava-dalaşın təxminən 20 dəqiqə davam etmişdir. İlk dəfə cinayət məsuliyyətinə cəlb olunduğunu, əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs oğlu üzürlü səbəbdən məhkəmə iclasına gəlməmiş, məhkəməyə göndərdiyi teleqramda ilkin ifadəsini təsdiqlədiyini bildirmişdir. Onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. İbtidai istintaq zamanı və iştirak etdiyi əvvəlki məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Emil adlı şəxsi tanıyır, belə ki, Emillə həmkəndlidir, onunla hər hansı bir düşmənçiliyi və ədvəti yoxdur. xx.xx.2024-cü il tarixdə saat 12:30-da xalası oğlu Şahid3 Oğuz şəhəri ərazisində yerləşən “Nizami” şadlıq sarayında təşkil etdiyi toy məclisinə getmişdir. Həmin toy məclisində “yeyib-içib” sərxoş olmuşdur. Həmin toyda həddindən artıq içkili olduğu üçün heç nə xatırlamır. Ona görə də heç nə deyə bilmir. Ancaq səhəri gün “ayıldıqda” sifət (burun, yanaq, dodaq) və sağ qol nahiyələrində xəsarətləri olduğunu görmüşdür. Həmin xəsarətləri hansı şəraitdə aldığını xatırlamır. Həmçinin onu kiminsə döyüb-döyməməsi yadında deyil. Sadəcə olaraq səhəri gün ayılanda xəsarətlər aldığını aşkar etmişdir. O, ümumiyyətlə çox spirtli içki içən kimi yaddaşı “itir”. O, sadəcə xəyal kimi Emil ilə nə isə əlbəyaxa olduğunu xatırlayır. Hadisənin səhəri gün qardaşı ona Emil tərəfindən döyülməsi barədə məlumat vermişdir. Son olaraq ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam ödənildiyini, onun heç bir şikayət və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 12:30-da xalası oğlu Şahid3 Oğuz Şəhərində yerləşən “Nizami” şadlıq sarayında təşkil etdiyi toy məclisinə getmişdir. Həmin toy məclisində spirtli içkilərdən qəbul etmişdir. Həmin vaxt saat 16:30 radələrində şadlıq sarayının birinci mərtəbəsinə düşdükdə qardaşı Səxavətin həmkəndlisi Emillə söhbətləşərək mübahisə etdiyini görmüşdür. Bu vaxt Emil ona “işimiz var çıx get burdan, biz söhbətləşirik” sözlərini demişdir. Qardaşının içkili olduğunu gördüyü üçün Emilə “əgər qardaşım nəsə səhf edibsə səndən üzr istəyə bilərəm.” sözlərini demiş, onları aralaşdırmaq istəyərkən, Emil üstünə yerimiş və yaxasından vuraraq onu itələmişdir. Həmin vaxt xəsarət almamışdır. Emil onu döymək niyyəti ilə itələməmiş, sadəcə qardaşı ilə arasında olan söz-söhbətə qarışmamağı üçün onu itələmişdir. Emilin qardaşına nə isə edəcəyindən qorxduğu üçün mübahisəyə müdaxilə etmək istəmişdir. Bu vaxt Amil və tanımadığı toya gəlmiş şəxslər onu sakitləşdirmişlər. Tanımdağı şəxslər onu kənara çəkmişlər. Həmin vaxt isə Emillə Səxavət əlbəyəxa olmuşdur. Emillə Səxavət mübahisə edə-edə şadlıq sarayının ayaqyolusuna tərəf getmişlər. Bundan sonra siqaret çəkmiş və onu kənarda tutmaq istəyən şəxslərin əlindən çıxıb ayaqyoluna tərəf gəldikdə qardaşının qanlar içində yerdə uzandığını, Amilin isə Emili sakitləşdirdiyini görmüşdür. O, həmçinin Emilin qardaşının sifətinə yumruq və təpiklə vurduğu üçün qanlar içində olduğunu güman etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Səxavət və Emil adlı şəxsləri tanıyır, belə ki, həmin şəxslərlə həmkəndlidir. Həmin şəxslərlə hər hansı bir düşmənçiliyi və ədavəti yoxdur. xx.xx.2024-cü il tarixdə saat 12:30-da həmkəndlisi Şahid3 Oğuz şəhərində yerləşən Nizami şadlıq sarayında təşkil etdiyi toy məclisinə qonaq qismində getmişdir. Həmin toy məclisində yeyib-içib, yüngül dərəcəli sərxoş olmuş, bundan sonra saat 16:30 radələrində həmin şadlıq sarayının ikinci mərtəbəsinin giriş hissəsində olduğu vaxt qışqırıq və hay-küy səsləri eşitmişdir. Həmin vaxt toyda istirahət hüququnu pozaraq yaranmış səs-küylə əlaqədar şadlıq sarayının ikinci mərtəbəsindən birinci mərtəbəsinə düşdükdə, Səxavətlə Emilin mübahisə etdiyini, həmçinin Emilin qışqıraraq nalayiq ifadələr işlətdiyini görmüşdür. İlk öncə həmin şəxslərin mübahisəsinə qarışmayaraq kənardan izləmiş, daha sonra Səxavətin qardaşı Sahilində söz-söhbətə nə isə müdaxilə etdiyini görüb, ortalıqda sakitçilik yaratmaq məqsədi ilə həmin şəxslərə yaxınlaşmışdır. Bundan sonra Emili və Sahili qucaqlayaraq dava-dalaşı sakitləşdirməyə çalışmış, hətta Sahili kənara götürüb aparmışdır. Sahili kənara apardığı vaxt Emil yenidən Səxavəti söyməyə başlamış və onlar birlikdə şadlıq sarayının ayaqyoluna tərəf getmişlər. Bundan sonra Sahili şadlıq sarayının həyətinə, yəni küçəyə çıxarmış və Emillə Səxavəti sakitləşdirmək üçün yenidən içəri qayıdaraq ayaqyoluna tərəf keçmişdir. Bu vaxt Səxavətin qanlar içində yerə uzandığını, Emilin Səxavətə bir dəfə təpiklə vurduğunu görmüş və həmin şəxsləri aralaşdırmışdır. O, həmçinin Emilin Səxavətə bir dəfə təpiklə vurduğunu və ayaqyoluna tərəf gedərkən isə sonuncu ilə əlibəyəxa olduğunu görmüş, həmin şəxslər arasında olan söz-söhbət və dava-dalaş təxminən 20 dəqiqə davam etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Emil və Səxavət adlı şəxsləri şəxsən tanımır, həmin şəxslərlə hər hansı bir düşmənçiliyi və ədavəti yoxdur. Onun Oğuz şəhəri A.Əliyev küçəsində yerləşən “Nizami” şadlıq sarayı vardır. Həmin şadlıq sarayında müxtəlif vaxtlarda toy şənlikləri keçirilir. xx.xx.2024-cü il tarixdə həmin şadlıq sarayında Oğuz rayonu Muxas kənd sakini Şahid3 toy şənliyi olmuşdur. Həmin toy şənliyində saat 16:30 radələrində dava-dalaş olmuşdur. Belə ki, həmin gün şadlıq sarayının qarşısında olan mağazada olduğu vaxt nə isə hay-küy səsləri eşitmiş və toya gəlmiş qonaqların şadlıq sarayının birinci mərtəbəsində toplaşdığını görmüşdür. Ancaq konkret olaraq dava-dalaşı görməmişdir. Sadəcə ətrafda olan şəxslərin tolaşdığını görmüş və kənardan baxıb həmin şəxslərə yaxınlaşmamışdır. Həmin şəxslərin toplaşması təxminən 20 dəqiqə davam etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Emil və Səxavət adlı şəxsləri tanıyır, belə ki, Emil həmkəndlisi, Səxavət isə xalası oğludur. Həmin şəxslərlə hər hansı bir düşmənçiliyi və ədavəti yoxdur. xx.xx.2024-cü il tarixdə Oğuz şəhəri A.Əliyev küçəsində yerləşən “Nizami” şadlıq sarayında toy məclisi təşkil etmiş və hər iki şəxs həmin məclisə dəvətli olmuşdur. Toy şənliyinin gedişatında saat 16:30 radələrində həmin şadlıq sarayının birinci mərtəbəsində Səxavətlə Emil arasında dava-dalaş olmuşdur. Ancaq həmin dava-dalaş barədə axşam evə getdikdən sonra qohumlardan eşitmişdir. Bəy stolunda oturduğu üçün həmin dava-dalaş zamanı şadlıq sarayının birinci mərtəbəsinə düşməmiş, ancaq toyun gedişatında nə isə qarşıqlıq olduğunu hiss etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Səxavət və Emil adlı şəxsləri şəxsən tanımır, sadəcə olaraq həmin şəxslərin Oğuz rayonu Muxas kənd sakinləri olduğunu bilir. Həmin şəxslərlə hər hansı bir düşmənçiliyi və ədavəti yoxdur. O, Oğuz şəhəri A.Əliyev küçəsində yerləşən “Nizami” şadlıq sarayında masadar (ofsiyant) işləyir. xx.xx.2024-cü il tarixdə həmin şadlıq evində Oğuz rayonu Muxas kənd sakini Şahid3 toy şənliyi olmuşdur. Həmin toy şənliyinin gedişatında təxminən saat 16:30 radələrində şadlıq sarayının içərisində ikinci mərtəbədə olduğu üçün dava-dalaşı tam görməmişdir. Sadəcə olaraq nə isə qarışıqlıq olduğunu hiss etmiş və işini ataraq birinci mərtəbəyə düşdükdə toya gəlmiş qonaqların toplaşdığını görmüşdür. Belə ki, sonradan adları ona məlum olan Emil və Səxavət arasında davadalaş olmuş və ətrafa toplaşmış şəxslər həmin şəxsləri aralamışlar. O, həmçinin həmin vaxt hay-küy səsləri eşitmiş, ancaq konkret olaraq dava-dalaşı gğrməmişdir. Şahid5 üzürlü səbəbdən sonuncu məhkəmə iclasına gəlməmiş, məhkəməyə göndərdiyi teleqramda ilkin ifadəsini təsdiqlədiyini bildirmişdir. Onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. İbtidai istintaqda Şahid5 ifadəsində göstərmişdir ki, Səxavət və Emil adlı şəxsləri tanıyır, belə ki, həmin şəxslərlə həmkəndlidir. Həmin şəxslərlə hər hansı bir düşmənçiliyi və ədavəti yoxdur. xx.xx.2024-cü il tarixdə saat 12:30-da xalası oğlu Şahid3 Oğuz şəhərində yerləşən “Nizami” şadlıq sarayında təşkil etdiyi toy məclisinə getmişdir. Həmin gün saat 16:30 radələrində toy məclisinin yekunlaşmasına az qalmış, hamının şadlıq sarayının birinci mərtəbəsinə tərəf qaçdığını görmüş, həmçinin səs-küy gəldiyini eşitmişdir. Ona da maraqlı gəldiyi üçün aşağı, yəni şadlıq sarayının birinci mərtəbəsinə düşdükdə, ətrafda olan tanımadığı toy məclisinə gələn şəxslərin Emillə Səxavəti ayırdığını, həmçinin Səxavətin qan içində yerdə uzanıqlı vəziyyətdə olduğunu görmüşdür. Bundan sonra Emil və Səxavətə fikir verməyərək çıxıb getmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3-Təcrübi və Tədris Birliyinin canlı şəxsin ekspertizası ilə bağlı xx.xx.2024-cü il tarixli, 91 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində üst dodağın sol tərəfinin əzilmiş-cırılmış yarası, burunun, sol saidin arxa yuxarı 1/3-nin, sağ dirsək oynağının arxa səthinin sıyrıqları kimi xəsarəti vardır. Qeyd olunan xəsarət küt alətin (əşyaların) təsirindən müayinə olunan yuxarıda göstərdiyi tarixdə və şəraitdə, yəni xx.xx.2024-cü ildə törənə bilər. Həmin xəsarət sağlamlığa zərər vurmayan bədən xəsarətinə aiddir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; Oğuz rayon X2 Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 18-1-64/2- 1176/2024 nömrəli sorğuya cavab məktubundan müəyyən edilir ki, Təqsirləndirilən şəxs Oğuz rayon X1 şöbəsinin “Narkoloji” və “Ruhi əsəb” kabinetlərində qeydiyyatda deyildir. Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən, xx.xx.2025-ci il tarixli notarial qaydada verdiyi ərizəsindən və xx.xx.2025-ci il tarixli teleqramdan görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş zərər ödənilmiş və Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspert rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli, 1 nömrəli Qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. CM-in 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər – min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 221.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: təqsirləndirilən şəxsin əvvəllər məhkum olunmamasını; əməlindən peşman olmasını; zərərçəkmiş şəxslə barışıq əldə edərək, zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını; -yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan Oğuz Rayon İcra Hakimiyyəti başçısının Muxas İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamə). İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, həmçinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri də nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, zərəçəkmiş şəxslə barışmasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə Təqsirləndirilən şəxs məhz cərimə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut, məhkəmə xərcləri və mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinib 2000 (iki min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmə haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Hökmün icrası yaşadığı yer üzrə Probasiya şöbəsinə həvalə edilsin. İşdə maddi sübut, mülki iddia və məhkəmə xərcinin olmaması nəzərə alınsın. Hökmdən 20 gün müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdıqdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar