Azərbaycan Respublikası adından HÖKM Oğuz rayonu İş № 1(054)-33/2025 15.07.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun nümayəndəsi və vəkili X1 iştirakı ilə xx.xx.1993-cü il tarixdə Oğuz rayonu Bayan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Yol İstismar İdarəsində fəhlə işləyən, əvvəllər məhkum olunmayan, İİ Qarabağ müharibəsi iştirakçısı, Oğuz rayonu Bayan kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “başqa yerə getməmə haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai araşdırma orqanın mövqeyinə əsasən Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Belə ki, o, xx.xx.2024-cü il tarixdə saat 16 radələrində Oğuz şəhəri H.Əliyev prospektində yerləşən “Oğuz saray” şadlıq evinin qarşısında, yəni küçədə nalayiq ifadələr işlətməsi səbəbindən Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı ümumi davranış, əxlaq və mənəviyyat normalarına hörmətsizlik ifadə edib, oradakı vətəndaşlаrın gözləri qarşısında söyüşlər söyməklə sonuncunu təhqir etmiş, ictimai qaydanı kobud surətdə pozаn, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə, öz şəxsiyyətini digər şəxslərin şəxsiyyətlərinin fövqünə qoyub, cəmiyyətə aşkar hörmətsizlik və laqeyidlik nümayiş etdirərək heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs üzərinə hücum edib, zor tətbiq etməklə sonuncunun sifət nahiyəsinə yumruqla qəsdən bir neçə dəfə zərbə vuraraq Zərərçəkmiş şəxs üst dodağın sol tərəfinin sıyrıqdan sonrakı izi kimi müşaiyət olunan xəsarətləri yetirməklə 15 dəqiqə ərzində ətrafda olan şəxslərin narahatlığına səbəb olan, vətəndaşlar üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bununla da, Təqsirləndirilən şəxs CM-in 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair ittiham irəli sürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs şəxsən tanımır, Elnurla hər hansı bir düşmənçiliyi və ədavəti yoxdur. Elnuru ilk dəfə toy şənliyində görmüş və adı sonradan ona məlum olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 13 radələrində tanışı Nicat adlı şəxsin Oğuz rayonu ərazisində yerləşən “Oğuz Saray” şadlıq sarayında təşkil etdiyi toy yığıncağına getmişdir. Həmin yığıncaqda yeyib-içdikdən sonra sərxoş olmuşdur. Ona görə də ola bilər ki, hadisəni tam ətraflı izahatında göstərə bilməsin. Çünki nə səbəbə Elnurla dalaşdığını tam olaraq deyə bilmir. Sadəcə olaraq xəyal kimi Elnura şadlıq evinin qarşısında bir neçə dəfə yumruqla vurduğunu xatırlayır. Başqa heç nə xatırlamır. Həmin vaxtı çox sərxoş olmuşdur. Hadisə xx.xx.2024-cü il tarixdə saat 15:50 radələrində Oğuz şəhəri H.Əliyev prospektində yerləşən “Oğuz Saray” adlı şadlıq evinin qarşısında baş vermiş, həmin dava-dalaş təxminən 10-15 dəqiqə davam etmiş, həmin vaxt ətrafda toy şənliyinə gəlmiş şəxslər, eyni zamanda səs-küyə, baş vermiş dava-dalaşa toplaşmış şəxslərin hadisəyə şahid olduqlarını, Elnuru döyərkən əlində silah qsimində hər hansı bir əşya və yaxud digər alət olmadığını, Elnuru yumruqladığını və Elnurla əlbəyaxa olduqlarını xatırladığını, heç bir xəsarəti olmadığını, Şahid1 itələməsini xatırlamadığını, heç bir şikayət və tələbi olmadığını qeyd etmişdir. İlk dəfə cinayət məsuliyyətinə cəlb olunduğunu, əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs üzürlü səbəbdən məhkəmə iclasına gəlməmiş, teleqram göndərərək təqsirləndirilən şəxslə barışdığını, ondan heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs ifadəsi məhkəmə iclasında elan edilmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaqda ifadə verərək bildirmişdir ki, Təqsirləndirilən şəxs şəxsən tanımır, Fəridi ilk dəfə aralarında dava-dalaş olan günü görmüş, Fəridlə hər hansı bir düşmənçiliyi və ədavəti yoxdur. xx.xx.2024-cü il tarixdə saat 13 radələrəində əmisi oğlu Nicatın Oğuz şəhəri, H.Əliyev prospektində yerləşən “Oğuz saray” şadlıq evində təşkil etdiyi toy şənliyinə gəlmişdir. Həmin toy şənliyində spirtli içkilərdən içib sərxoş olmuşdur. Ona görə də hadisəni tam yox, qismən xatırlayır. Belə ki, təxminən saat 15:50 radələrində hava almaq üçün şadlıq sarayının qarşısına düşmüşdür. Həmin vaxt sonradan adı ona məlum olan Təqsirləndirilən şəxs də şadlıq sarayının qarşısında olmuşdur. Həmin vaxt Fəridin nə isə nalayiq ifadələr işlətdiyini eşitmiş və bu səbəbdən aralarında yaranan mübahisə zamanı Fərid ilk öncə üstünə hücum etmiş və sifət nahiyəsinə bir neçə dəfə yumruqla vuraraq onu döymüşdür. Bundan sonra yaranmış səs-küyə ətrafda toplaşmış şəxslər onu Fəridin əlindən alıb kənara aparmışlar. Fərid yenidən qaçaraq üstünə gəlmiş və Fəridlə əlibəyəxa olmuşdur. Fərid sifət nahiyəsinə yenidən bir neçə dəfə yumruqla vurmuşdur. Fəridə müqavimət göstərmək üçün bir dəfə yumruq atmış, ancaq həmin yumruğun Fəridə dəyib-dəymədiyini bilmir. Hətta həmin vaxt Fərid onu sakitləşdirmək istəyən Aqili itələyərək yenidən üstünə hücum etmişdir. Bundan sonra ətrafda olan şəxslər onları aralaşdırmış və polis əməkdaşları gələrək onları Oğuz RPŞ-nə dəvət etmişlər. Həmçinin həmin vaxt ətrafda küçədən keçən şəxslər, səs-küyə toplaşmış toy şənliyinə gəlmiş qonaqlar, yolda dayanan taksi sürücüləri olmuş, ancaq sərxoş olduğu üçün, həmin şəxsləri tanımamışdır. Həmin şəxslərin adlarını çəkə bilmir. Onun sifət nahiyəsində şişkinlik, həmçinin ağız nahiyəsində xəsarət olmuşdur. Fərid onu döyərkən əlində onun həyat və sağlamlığına təhlükə törədə biləcək silah qismində hər hansı bir əşya və yaxud digər alət olmadığını, dava-dalaş zamanı Fəridə ozünü müdafiə etmək üçün bir dəfə yumruq atdığını və sinəsindən vuraraq itələdiyini xatırlayır. Həmin yumruq isə Fəridə yavaşca dəydiyindən Fərid xəsarət almamış, Fəridlə aralarında olan dava-dalaş və mübahisənin təxminən 15 dəqiqə davam etmişdir. xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını, aralarında barışıq əldə olunduğunu bildirmişdir. Şahid3 üzürlü səbəbdən sonuncu məhkəmə iclasına gəlməmiş, onun ifadəsi elan edilmişdir. İbtidai istintaqda Şahid3 ifadəsində göstərmişdir ki, Oğuz şəhəri, H.Əliyev prospektində yerləşən “Oğuz Saray” şadlıq sarayı vardır. Həmin saray 2 aydır fəaliyyətə başlamışdır. xx.xx.2024-cü il tarixdə Oğuz rayon sakini Nicat adlı şəxsin toy şənliyi olmuşdur. Həmin toyun gedişatında saat 15:50 radələrində sarayın qarşısında, yəni küçədə sonradan adı ona məlum olan Fərid adlı şəxs Elnur adlı şəxsi döymüşdür. O, şəxsən həmin dava-dalaşa şahid olmamışdır. Həmin vaxt yuxarıda sarayın içərisində olmuşdur. Ancaq həmin vaxt nə isə qarışıqlıq olduğunu başa düşmüş, çünki gələn qonaqların çölə çıxdığını görmüşdür. Həmçinin qarışmamaq üçün həmin hadisəyə baxmaq üçün belə getməmişdir. Şahid1 üzürlü səbəbdən sonuncu məhkəmə iclasına gəlməmiş, onun ifadəsi elan edilmişdir. İbtidai istintaqda şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 13-də Nicatın Oğuz rayonu ərazisində yerləşən “Oğuz Saray” şadlıq sarayında təşkil etdiyi toy yığıncağına getmişdir. Həmin yığıncaqda yeyib-içdikdən sonra yüngül dərəcəli sərxoş olmuşdur. Təxminən 150-200 qram araq içmişdir. Təxminən saat 15:50 radələrində şadlıq sarayının qarşısında səs-küy eşitmiş və baxmaq üçün çıxdıqda sonradan adı ona məlum olan Fərid adlı şəxsin Elnurla dava-dalaş etdiyini görmüşdür. Dərhal həmin şəxsləri aralamaq istəmiş və bu səbəblə dava-dalaşa müdaxilə etmişdir. Belə ki, ilk öncə Elnura tərəf qaçıb elnura irad bildirmiş və üstünə davanı saxlaması barədə qışqırmışdır. Həmin vaxt Elnurda Fəriddə sərxoş olmuşlar. Fərid bu vaxt arxadan gələrək onu vurub itələmiş, həmin vaxt yerə yıxılmışdır. Bundan sonra Fəridlə Elnur bir-birilərini döyməyə başlamış və polis əməkdaşları onlara yaxınlaşıb, onları Oğuz RPŞ-nə dəvət etmişlər. Həmçinin həmin dava-dalaş təxminən 10-15 dəqiqə davam etmiş, hadisə nəticəsində heç bir xəsarət almamış, sadəcə yerə yıxılmış, həmçinin Fərid onu döymək niyəti ilə yox sadəcə kənara çəkmək məqsədi ilə itələmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 13 radələrində Oğuz şəhəri H.Əliyev prospektində yerləşən “Oğuz Saray” şadlıq sarayında toy məclisi təşkil etmişdir. Elnur da Fərid də həmin məclisə dəvətli olmuşdur. Toy şənliyinin gedişatında təxminən saat 15:50 radələrində nə isə qarışıqlıq düşdüyünü hiss etmişdir. Çünki qonaqlardan bir çoxu çölə çıxmağa başlamışdır. Təxminən 15 dəqiqə sonra dava-dalaş olduğunu eşitmişdir. Ancaq bəy stolunda oturduğu üçün dava-dalaşa baxmaq üçün getməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 13 radələrində oğlu Nicata Oğuz şəhəri H.Əliyev prospektində yerləşən “Oğuz Saray” şadlıq sarayında toy məclisi təşkil etmişdir. Elnurda Fəriddə həmin məclisə dəvətli olmuşdur. Toy şənliyinin gedişatında təxminən saat 15:50 radələrində nə isə qarışıqlıq düşdüyünü hiss etmişdir. Çünki qonaqlardan bir çoxu çölə çıxmağa başlamışdır. Təxminən 15 dəqiqə sonra dava-dalaş olduğunu eşitmiş və şadlıq sarayının qarşısına düşmüşdür. Həmin vaxt Elnurla Fərid arasında dava-dalaş olmuş, Fərid Elnuru döymüş və Elnur sifət nahiyəsindən xəsarət almışdır. Digər Şahid2 üzrlü səbəbdən məhkəmə iclasında iştirak etmədiyindən onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. İbtidai istintaqda şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 13 radələrində qonaq kimi qardaşı oğlu Nicatın Oğuz rayonu H.Əliyev prospektində yerləşən “Oğuz Saray” şadlıq evində təşkil etdiyi toy şənliyinə gəlmişdir. Həmin vaxt saat 15:50 radələrində küçədə bir neçə şəxsin bir-birinə əl qol atdığını görmüşdür. Polislər isə yaranmış dava-dalaşa müdaxilə etmişlər. Bundan sonra polis əməkdaşları onu da Oğuz RPŞ-yə dəvət etmişlər. Daha sonra ona Elnurla Fərid arasında dava-dalaş olması məlum olmuşdur. O, isə küçəyə çıxdıqda artıq həmin davadalaşı polislərin sakitləşdirdiyini görmüşdür. O, sadəcə yüngül söz-söhbətin olmasını görmüşdür. Həmin vaxt toya gələn qonaqlardan biri olmuş və istirahət hüququ pozulmuşdur. O, həmçinin həmin vaxt ətrafda toy şənliyinə gəlmiş şəxslərin, eyni zamanda səs-küyə, baş vermiş dava-dalaşa toplaşmış şəxslərin olduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3-Təcrübi və Tədris Birliyinin canlı şəxsin ekspertizası ilə bağlı xx.xx.2024-cü il tarixli, 112 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində üst dodağın sol tərəfinin sıyrıqdan sonrakı izi kimi xəsarəti vardır. Qeyd olunan xəsarət küt alətin (əşyaların) təsirindən müayinə olunan yuxarıda göstərdiyi tarixdə və şəraitdə, yəni xx.xx.2024-cü ildə törənə bilər. Həmin xəsarət sağlamlığa zərər vurmayan bədən xəsarətinə aiddir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; “Cinayət törətməsinə şübhə yarandıqda şəxsin tutulması barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 11:03-də şübhəli şəxs qismində tutulmuşdur. “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və xx.xx.2024-cü il tarixdə Oğuz RPŞdən sərbəst buraxılmışdır; İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixli ərizəsindən və xx.xx.2025-ci il tarixli teleqramdan görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspert rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli, 1 nömrəli Qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. CM-in 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər – min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 221.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: təqsirləndirilən şəxsin əvvəllər məhkum olunmamasını; əməlindən peşman olmasını; zərərçəkmiş şəxslə barışıq əldə edərək, zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını. Təqsirləndirilən şəxs– İİ Qarabağ müharibəsi iştirakçısıdır, “Hərbi xidmətə görə”, “Kəlbəcərin azad olunmasına görə”, Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur, iş yerindən müsbət xarakterizə olunur. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, həmçinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri də nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə Təqsirləndirilən şəxs məhz cərimə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə cəza təyin edilməlidir. CM-in 69.4-cü maddəsinə əsasən həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı iki gün (xx.xx.2024-cü il) müddət nəzərə alınaraq ona təyin edilmiş cərimə cəzası yüngülləşdirilməli, həmçinin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut, məhkəmə xərcləri və mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinib 1000 (bir min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutularaq saxlanıldığı xx.xx.2024-cü il tarixi bir gün müddət nəzərə alınmaqla ona təyin edilmiş 1000 (bir min) manat cərimə cəzası yüngülləşdirilsin, onun üzərində qəti olaraq 800 (səkkiz yüz) manat məbləğində cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmə haqqında iltizam”” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Hökmün icrası yaşadığı yer üzrə Probasiya şöbəsinə həvalə edilsin. İşdə maddi sübut, mülki iddia və məhkəmə xərcinin olmaması nəzərə alınsın. Hökmdən 20 gün müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdıqdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Emin Məmmədli
Məhkəmə qərarları › İş №1(054)-33/2025
Oğuz Rayon Məhkəməsi Hökm — İş №1(054)-33/2025
15.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver