Məhkəmə qərarları › İş №1(054)-35/2025

Oğuz Rayon Məhkəməsi Hökm — İş №1(054)-35/2025

15.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Oğuz rayonu İş № 1(054)-35/2025 15.04.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx.xx.1981-ci il tarixdə Oğuz rayonu Bucaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Oğuz rayonu Bucaq kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci və 244-1.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci və 244- 1.1-ci maddələri ilə təqsirli bilinərək məhkəməyə verilmişdir, ondan ötrü ki, o, qumar oyunlarının təşkili və keçirilməsi, habelə qumar oyunlarının keçirilməsi üçün yer təşkil etmə və saxlama, eyni zamanda satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə etmə, saxlama və daşıma cinayət əməllərini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2024-cü ilin iyun ayının ortalarından həmkəndlisi X1 məxsus, Oğuz rayonu, Bucaq kəndində yerləşən adsız iaşə obyektini çayxana kimi işlətmək adı altında qeyri-rəsmi qaydada icarəyə götürüb mütəmadi olaraq qəsdən orada qumar oyunlarının keçirilməsi üçün yer təşkil etmiş, bununla bağlı daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar 06 avqust 2024-cü il tarixdə saat 19 radələrində Oğuz rayonu, Bucaq kəndində yerləşən həmin iaşə obyekti Oğuz RPŞ-nin əməkdaşları tərəfindən müşahidəyə götürülmüş və həmin vaxt orada rayonun Bucaq kənd sakinləri Şahid2 Fədakar oğlu və Şahid1 qumar oynadıqları aşkar edilərək video- çəkiliş aparılmaqla rəsmiləşdirilmişdir. Bundan başqa o qəsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, 6,06 qram narkotik vasitə olan qurudulmuş marixuananı istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib qanunsuz olaraq üzərində saxlamış, Oğuz RPŞ-nin CABnin əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 20 sentyabr 2024-cü il tarixdə Oğuz rayonu, Bucaq kəndi ərazisində saxlanılaraq Oğuz RPŞ-yə gətirilib həmin tarixdə saat 19:10 dəqiqədən saat 19:29 dəqiqəyədək olan müddət ərzində orada video-çəkilişlə və müdafiəçinin iştirakı ilə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın arxa sağ cibindən 01 (bir) ədəd kibrit qutusunda xeyli miqdarda, 6,06 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunub qanunamüvafiq qaydada rəsmiləşdirilərək, qablaşdırılıb götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, Oğuz rayonu, Bucaq kəndində X1 məxsus iaşə obyekti vardır. Həmin obyekti təxminən ilyarımdan çoxdur ki, icarəyə götürmüşdür. Həmin kafedə çay və yüngül yeməklər verir. 06 avqust 2024-cü il tarixdə, saat 19 radələrində həmkəndliləri Mahir və Babək çay içmək üçün kafeyə gəlmişlər. Bundan sonra birlikdə qumar oyunu oynamağa başlamışlar. Onlar kartı yer bir manatdan olmaqla oynamağa başlamışlar. Hər dəfə yer pulundan (sekada) obyekt sahibi kimi bir manat pul götürmüşdür. Oyun oynadıqları vaxt polis əməkdaşları kafeyə daxil olmuş, onları videoya çəkmiş, Oğuz RPŞ-yə dəvət etmişlər. Polis əməkdaşları qumar oyunu təxminən 15-20 dəqiqə oynanıldıqdan sonra hadisə yerinə gəlmişlər. Əvvəllər də həmin kafedə tanımadığı şəxslərlə qumar oynamış və seka pulunu yığmışdır. Sonuncu dəfə Babək və Mahirlə qumar oynayıb seka pulunu ev sahibi kimi yığmışdır. 15-20 dəqiqə vaxt ərzində 3 dəfə seka olmuş və 3 manat pul götürmüşdür. Həmin vaxt stolun üstündə 30 manat pul olmuşdur. Bundan başqa xx.xx.2024-cü il tarixdə yaşadığı Oğuz rayonu, Bucaq kəndi ərazisindən Muxas kəndi istiqamətində piyada hərəkətdə olduğu vaxt yolun kənarında olan bir ədəd kibrit qutusu diqqətini çəkmiş, maraqlı gəldiyi üçün həmin kibrit qutusunu götürmüş və içərisini açıb baxdıqda həmin kibrit qutusunun içərisində narkotik vasitə olan marixuana olduğunu aşkar etmişdir. Əvvəllər narkotik vasitə istifadə etdiyi üçün həmin otun marixuana olduğunu bilmişdir. Gələcəkdə istifadə etmək məqsədi ilə içərisində narkotik vasitə sayılan marixuana olan kibrit qutusunu cibinə qoymuşdur. Daha sonra kənd ərazisində polis əməkdaşları ona yaxınlaşmış, özlərini təqdim etdikdən sonra ona narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli olduğunu izah edib, onu Oğuz RPŞ-yə dəvət etmişlər. Oğuz RPŞ-yə gətirildikdən sonra vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış aparılmış və əynindəki göy rəngli cins şalvarın arxa sağ cibində olan kibrit qutusunu çıxararaq təhvil vermişdir. Bu barədə protokol tərtib edilmiş, özü, həmçinin iştirakçılar həmin protokola imza etmişlər. Əvvəllər 2-3 dəfə xatırlamadığı tarixlərdə narkotik vasitə istifadə etmişdir. Narkotik vasitə aludəçisi olmayıb, narkomaniyadan əziyyət çəkmir, özündə başqa narkotik vasitə yoxdur. O heç vaxt narkotik vasitə satmamışdır. Üzərindən aşkar olunmuş narkotik vasitəni isə yerdən tapmışdır. Həmin narkotiki üzərində gəzdirməkdə niyyəti isə öz şəxsi istifadəsi üçün olmuşdur. Onun narkotik vasitədən istifadə etməyi, narkotik vasitələri tapmağı barədə hər hansı başqa bir şəxsin məlumatı olmamışdır və onda başqa narkotik vasitə yoxdur, heç bir yerdə narkotik vasitə saxlamır. Polis şöbəsində ona heç bir təzyiq və fiziki zorakılıq edilməmişdir. Ailəli olmaqla himayəsində 2010 və 2011-ci il təvəllüdlü iki övladı vardır. Ailə vəziyyətinin, səmimi peşmançılığının cəza təyin edilən zaman nəzərə alınmasını və ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini törətməsi özünün etirafı ilə yanaşı, şahid ifadələri, iş materialları və məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Belə ki, Şahid3 məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, Oğuz RPŞ-nin CAB-ın əməliyyat müvəkkili vəzifəsində işləyir. Oğuz rayonu, Bucaq kənd sakini Təqsirləndirilən şəxs yaşadığı kənd ərazisində mərc oyunlarına ev sahibliyi etməsi barədə əməliyyat məlumatı daxil olduğundan həmin məlumatla bağlı onun tərəfindən rəhbərliyə raportla məruzə edilmiş və verilmiş əmrlə əməliyyat qrupunun yaradılması barədə qərar qəbul edilmişdir. xx.xx.2024-cü il tarixdə saat 19 radələrində Oğuz RPŞ-nin PPXB-nin polis nəfəri polis baş serjantı Şahid4 ilə birlikdə həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs həmkəndliləri Şahid2 və Şahid1la birlikdə Oğuz rayonu, Bucaq kəndi ərazisində yerləşən adsız iaşə obyektində qumar oynadıqları müəyyən olunmuşdur. Bununla bağlı həmin məkana daxil olarkən video-çəklişdən istifadə olunmuş, həmin yerə baxış zamanı protokol tərtib olunmuşdur. Həmin video-çəkiliş, hadisə yerindən götürülən pul və sair əşyalar materiala əlavə edilmişdir. Həmin şəxsləri Oğuz RPŞ-yə dəvət etmişlər. Bundan əlavə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı da daxil olmuşdur. Bununla bağlı da onun tərəfindən rəhbərliyə raportla məruzə edilmiş və verilmiş əmrlə əlaqədar əməliyyat qrupunun yaradılması barədə qərar qəbul edilmişdir. xx.xx.2024-cü il tarixdə RPŞ-nin PPXB-nin polis nəfəri polis baş serjantı Orxan Həbibullayevlə birlikdə həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Oğuz rayonu, Bucaq kənd ərazisində saxlamış, ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu izah etmiş və onu Oğuz RPŞ-yə gətirmişlər. Bundan sonra RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis mayoru Vasif Məmmədov tərəfindən Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edilərək, şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri izah edilmiş, həmçinin video-çəkilişlə Elnurun üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın arxa sağ cibindən 01 ədəd kibrit qutusu aşkar edilmişdir. Həmin qutunun içərisini açdıqda yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar bitki kütləsi aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin kütləni Oğuz rayonu, Bucaq kənd ərazisindən Muxas kəndi istiqamətində piyada gəzərkən tapdığını bildirmişdir. Bundan sonra aşkar olunmuş kütlə dəqiq çəkisinin və tərkibinin müəyyən edilməsi məqsədi ilə ekspertiza tədqiqatına göndərilməsi üçün qablaşdırılaraq götürülmüş, zərfin üzəri DİN-nin 95 saylı zərflər üçün olan möhürü ilə möhürlənmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərindən həmin kütlədən başqa hər hansı qadağan edilmiş qanunsuz əşya və yaxud digər predmet aşkar edilməmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən protokol tərtib edilmişdir. Şahid4 məhkəmə iclasında mahiyyət etibarı ilə Şahid3 ifadəsi ilə eyni məzmunlu ifadə verib onun göstərdiklərini təsdiq etmişdir. Məhkəmə iclasında Şahid2 ifadə verərək bildirdi ki, Oğuz rayonu, Bucaq kəndində X1 məxsus iaşə obyekti vardır. Həmin obyekti Təqsirləndirilən şəxs icarəyə götürərək işlətməkdədir. xx.xx.2024-cü il tarixdə saat 19 radələrində həmkəndlisi Mahirlə çay içmək üçün həmin kafeyə getmişdir. Həmin vaxt kafeni işlədən Elnur da kafedə olmuşdur. Mahirlə çay içdikdən sonra kart oynamaq qərarına gəlmiş, Mahir, Elnur və özü birlikdə mərc oyunu olan kart oynamağa başlamışlar. Kartı yer bir manatdan olmaqla oynamışlar. Hər dəfə sekada isə Elnur obyekt sahibi kimi bir manat götürmüşdür. Oyun oynadıqları vaxt polis əməkdaşları kafeyə daxil olmuş və onları videoya çəkmişlər, həmçinin onları Oğuz RPŞ-yə dəvət etmişlər. Polis əməkdaşları gəlməmişdən öncə təxminən 15-20 dəqiqə qumar oynamışlar, həmin vaxt Elnur seka pulunu obyekt sahibi kimi özü yığmışdır, yəni Elnur mərc oyununa ev sahibliyi etmiş, həmin vaxt stolun üstündə 30 manat pul olmuşdur. Məhkəmə iclasında Şahid1 Şahid2 ifadəsinə uyğun ifadə vermişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 07 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərdiklərini hadisə yerində bir daha təsdiq etmişdir. Bununla bağlı protokol tərtib edilmiş və istintaq hərəkətinin gedişi zamanı çəkilmiş fotoşəkillər iş materiallarına əlavə edilmişdir. (cinayət işi vər: 150-154) İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 11 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərdiklərini hadisə yerində bir daha təsdiq etmişdir. Bununla bağlı protokol tərtib edilmiş və istintaq hərəkətinin gedişi zamanı çəkilmiş fotoşəkillər iş materiallarına əlavə edilmişdir. (cinayət işi vər: 161-164) İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan “əməliyyat-axtarış tədbirinin keçirilməsi və vətəndaşların şöbəyə gətirilməsi barədə” 06 avqust 2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş bir ədəd CD diskdən görünür ki, həmin tarixdə Oğuz RPŞnin CAB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid3 tərəfindən Təqsirləndirilən şəxs iaşə obyektində qumar oyunları təşkil etməsi ilə bağlı mobil telefon vasitəsi ilə aparılmış video-çəkilişlə Təqsirləndirilən şəxs, Şahid1 və Şahid2 qumar oynamaları öz əksini tapmış, video çəkilişin görüntüləri 01 ədəd kompakt diskə köçürülərək tərtib edilmiş protokola əlavə olunmuşdur. (cinayət işi vər: 82-83) İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” 20 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Oğuz RPŞ-nin təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru X5 tərəfindən video-çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxs axtarış zamanı sonuncunun üzərindən, yəni əynində olan göy rəngli cins şalvarın sağ arxa cibindən bir ədəd kibrit qutusu içərisində olan narkotik vasitəyə bənzər bitki ilə birlikdə aşkar edilərək götürülmüş, şəxsi axtarış zamanı aparılmış video-çəkilişin görüntüləri 01 ədəd kompakt diskə köçürülərək tərtib edilmiş protokola əlavə olunmuşdur. (cinayət işi vər: 22-24) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 Bölməsinin iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan məhkəmə-bioloji ekspertizasının 21 sentyabr 2024-cü il tarixli, 3-16-16/2-17/775 nömrəli rəyindən və həmin tarixli aktdan görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş narkotik vasitəyə bənzər bitki...” yazısı, adlar və imzalar yazılmış 1 ədəd zərfin içərisindəki 01 (bir) ədəd kibrit qutusunda, təmiz çəkisi – 6,06 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Marixuananın 0,05 qramı nümunə olaraq götürülmüş, qalıq–6,01 qram qaytarılmışdır. Aparılmış tədqiqatın dəyəri 34,55 manatdır. (cinayət işi vər: 29-32) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan xx.xx.2024-cü il tarixli, 1977 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (cinayət işi vər: 170) Azərbaycan Respublikası TƏBİB publik hüquqi şəxs “Oğuz Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan 11 sentyabr 2024-cü il tarixli, 18-1-64/2-1079/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Oğuz MRX-nın poliklinika şöbəsinin “Narkoloji” və “Nevroloji” kabinetlərində qeydiyyatda yoxdur. (cinayət işi vər: 147) İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan tələbnaməyə Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin xx.xx.2024-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs Oğuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə təqsirli bilinməklə 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Oğuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 5-ci bəndinə əsasən cəzasının çəkilməmiş qalan 01 il 26 gün hissəsi 01 il azaldılmış, qalan 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası xx.xx.2021-ci il tarixdən indiyədək artıq bitmiş olduğundan cəzanın qalan hissəsini çəkməkdən azad olunmuşdur. Oğuz Rayon İcra Hakimiyyəti başçısının Bucaq kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan xx.xx.2024-cü il tarixli, 5-68-12/2-77/2024 saylı arayışdan, xasiyyətnamədən və iki ədəd şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Oğuz rayonu Bucaq kəndində qeydiyyatda olmaqla həmin ünvanda arvadı, xx.xx.2010 və xx.xx.2011-ci il təvəllüdlü iki övladı ilə birgə yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (cinayət işi vər: 139- 140, 144) Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci və 244-1.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Onun törətdiyi cinayət əməlləri istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə düzgün tövsif edilmişdir və o həmin maddələrlə də təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməllərinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, törətdiyi cinayət əməllərində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən ona təyin ediləcək cəzanın islah olunmasına və həyat şəraitinə təsiri imkanlarını nəzərə alır. Təqsirləndirilən şəxs həm adsız iaşə obyektini çayxana kimi işlətmək adı altında qeyrirəsmi qaydada icarəyə götürüb mütəmadi olaraq qəsdən orada qumar oyunlarının keçirilməsi ilə bağlı, həm də qanunsuz olaraq narkotik vasitə əldə edib özündə saxlasa da, polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılarkən onun əməllərini könüllü olaraq etiraf etdiyini və narkotik vasitəni əldə etdiyinə, saxladığına, üzərində gəzdirdiyinə görə səmimi peşmançılıq hissləri keçirdiyini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinin ictimai təhlükəliliyini, özü və cəmiyyət üçün zərərli təsirlərini, bu əmələ görə məsuliyyətini başa düşmüş və öz əməlinə tənqidi yanaşmaqla artıq islah olunmağa başladığını nümayiş etdirmişdir. Həmin əsaslara görə məhkəmə Təqsirləndirilən şəxs səmimi peşmançılığını, yaşayış yerindən müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs himayəsində xx.xx.2011-ci il təvəllüdlü bir övladının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməllərində cəzanı yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmamasını, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilməsinin özünün həyat tərzinə maddi və mənəvi cəhətdən mənfi təsir göstərəcəyini nəzərə alaraq, habelə təqsirləndirilən şəxslə davranışda ictimaiyyətin daha fəal iştirak etməsinin təmin edilməsi, onda cəmiyyət qarşısında məsuliyyət hissinin artmasına yardım göstərilməsi və onun islah edilməsi məqsədi ilə təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddələrdə müəyyən edilmiş az ciddi cəza növü hesab olunan kifayət edən həddə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. İş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 18:40 radələrində Oğuz RPŞ-yə gətirilmiş və şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə saat 17:45-də barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə RPŞ MSY-dən həbsdən azad edilmişdir. Beləliklə, məhkəmə bildirir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 18:40-dan xx.xx.2024-cü il tarixdə saat 17:45-dək şübhəli şəxs qismində tutulduğu 1 gün nəzərə alınaraq, bir günə iki gün hesabı ilə hesablanmaqla 2 gün müddət ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Eyni zamanda, məhkəmə Təqsirləndirilən şəxs hazırda təyin ediləcək azadlığın məhdudlaşdırılması növündə cəza əsasında tətbiq ediləcək vaxt məhdudiyyətinin hər gün axşam saat 23:00-dan səhər saat 07:00-dək olan müddət ərzində, ərazi məhdudiyyətinin Oğuz rayon ərazisi olaraq müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin cinayət işinin materiallarında olan ambulator məcburi narkoloji-tibbi yoxlamasının rəyi ilə Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyi, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacının olduğu bildirilmiş, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülmüşdür. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicəyə cəlb olunmaqla narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. Məhkəmə iş üzrə təyin edilmiş məhkəmə-bioloji ekspertizasının 18 may 2024-cü il tarixli, 3- 16-16-2-17/775 nömrəli rəyini və Təqsirləndirilən şəxs barəsində polis əməkdaşlarının tərtib etdiyi “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi haqqında” 20 sentyabr 2024cü il tarixli protokolun nəticələrini müqayisə edərək narkotik vasitənin çəkisinin məhkəməbioloji ekspertizası tərəfindən daha dəqiq müəyyən edilməsini nəzərə almaqla, Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş narkotik vasitənin xalis çəkisinin ona qarşı irəli sürülmüş ittihamda göstərilən miqdarda – 6,06 qram olmasını qəbul edir. Beləliklə, məhkəmə qərara gəlir ki, iş üzrə maddi sübut - Oğuz Rayon Polis Şöbəsində saxlanılan, ekspertiza zamanı istifadə edildikdən sonra qalıq qalan cəmi 6,01 qram çəkidə kustar üsulla hazırlanmiş qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman videoçəkiliş aparılmasına dair 1 (bir) ədəd və qumar oyunlarının keçirilməsi ilə əlaqədar videoçəkiliş aparılmasına dair 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 34,55 manat ekspertiza xərci hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia tələbi və digər məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına, CM-nin 244-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1(bir) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə onun üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılaraq faktiki azadlığı məhdudlaşdırıldığı vaxtdan – xx.xx.2024-cü il tarixdə saat 18:40-dan xx.xx.2024-cü il tarixdə saat 17:45-dək şübhəli şəxs qismində tutulduğu müddət 1 (bir) gün kimi nəzərə alınaraq həmin müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 05 (beş ) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın çəkilməsinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı Oğuz rayonu ərazisini, eləcə də saat 23:00-dan saat 07:00-dək olan müddət ərzində daimi yaşayış yeri olan Oğuz rayonu Bucaq kəndində yerləşən evin ərazi hüdudlarını tərk etməmək məhdudiyyəti qoyulsun. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı ərazidə yerləşən, spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Hökmün icrasına nəzarəti Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicəyə cəlb edilməklə narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə maddi sübut - Oğuz Rayon Polis Şöbəsində saxlanılan, ekspertiza zamanı istifadə edildikdən sonra qalıq qalan cəmi 6,01 qram çəkidə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman videoçəkiliş aparılmasına dair 1 (bir) ədəd disk və qumar oyunlarının keçirilməsi ilə əlaqədar video-çəkiliş aparılmasına dair 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 34,55 manat ekspertiza xərci hökm qanuni qüvvəsini aldıqdan sonra məhkum Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin AZ.MEM, VÖEN **********, X2, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ********************, SWİ F T Bik CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. İş üzrə mülki iddia və digər məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Hakim : Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar