Məhkəmə qərarları › İş №1(054)-38/2025

Oğuz Rayon Məhkəməsi Hökm — İş №1(054)-38/2025

29.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Oğuz rayonu İş № 1(054)-38/2025 29.07.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Məmmədli Emin İlham oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxs –mülki iddiaçı Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs - mülki cavabdeh Təqsirləndirilən şəxs, onun müdafiəçisi Müdafiəçi iştirakı ilə xx.xx.1979-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək məhkəməyə verilmişdir, ona görə ki, o, tamah niyyəti ilə keçmiş əri Şahid2 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında xx.xx.2024-cü il tarixdə gecə saat 02:15 radələrində qonaq olduqları ünvan 3 ünvanından, həmin evin sahibi Zərərçəkmiş şəxs məxsus 240 (iki yüz qırx) manat dəyərində qutusu ilə birlikdə bir ədəd «Honor X8a» markalı mobil telefonu, 5 manat dəyərində həmin telefonun bir ədəd qoruyucu üzlüyünü, 100 manat dəyərində bir ədəd «Samsung A10» markalı mobil telefonu və 8 manat dəyərində bir ədəd şortiki gizli yolla talayıb zərərçəkmiş şəxsə ümumilikdə 353 (üç yüz əlli üç) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs CM-in 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsi ilə bağlı ittiham irəli sürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs, eyni zamanda mülki cavabdeh Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Şahid2 ilə 2023-cü ilin dekabr ayında ailə qurub nikah bağlamışlar. Lakin 2024-cü ilin iyun ayında Bakı şəhərində 1 saylı Asan Xidmətdə nikahlarına xitam vermişlər. Bundan sonra ayrı yaşasalar da, bir-biriləri ilə mütəmadi olaraq əlaqə saxlamışlar. X11 gələrkən hava limanında Oğuz rayonunda yaşayan Zərərçəkmiş şəxs ilə tanış olmuşdur və onlar ara-sıra telefonla danışmışlar. Bakı isti olduğu üçün onlar Oğuz rayonuna istirahətə getmək qərarına gəlmişlər. Anası Ruziyəyə zəng edərək onlara gəlmək istədiyini bildirmiş, o da buna razı olmuşdur. O, anası ilə birlikdə 2024-cü ilin iyul ayının 10-dan 15-dək Oğuza gəlib Ruziyə xanımın evində qalmışdır. Yaşadıqları Mehdiabad qəsəbəsinə qayıtdıqdan sonra keçmiş əri Ruslanla danışan zaman ona birlikdə Oğuza gedib istirahət etməyi təklif etmiş, Ruslan da razılaşmışdır. O, anasının telefonunu götürərək onun adından Ruziyə xanıma mesaj yazmış, onlara qızının əri ilə qonaq gəlmək istədiyini bildirmişdir. Ruziyə xanım da etiraz etməmişdir. O, anası ilə həmin evdə qonaq qalanda ərinin türk vətəndaşı olduğunu demişdi. Ona görə də Ruslana bildirmişdir ki, özünü türk kimi təqdim etsin. Onlar 18 iyul 2024-cü il tarixdə Bakı şəhər avtovağzalından bilet alaraq avtobusla Oğuza gəlmişlər. Oğuzun avtovağzalından taksiyə minib oradan da Zərərçəkmiş şəxs evinə gəlmişlər. Ruslan özünü Ruziyə xanıma türk vətəndaşı kimi təqdim etmiş, adının isə Taner Qaya olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs öz yataq otaqlarını onlara vermiş, özü isə yaşlı əri ilə birlikdə digər otağa keçmişdir. Onlar xx.xx.2024-cü il tarixə kimi orada qalmışlar. xx.xx.2024-cü il tarixdə axşam Zərərçəkmiş şəxs Türkiyədə ərdə olan qızı və onun əri ilə danışanda Ruslanı da onlarla danışdırmışdır. Bu danışıqdan sonra Zərərçəkmiş şəxs qızı Ruslanın türk olmadığından şübhələnib bu barədə anasına demişdir. Zərərçəkmiş şəxs Ruslandan azərbaycanlı yoxsa türk olduğunu soruşmuş, Ruslan da azərbaycanlı olduğunu boynuna almışdır. Axşam yatmaq üçün otaqlarına keçmişlər. Həmin vaxt öz telefonu yaxşı işləmədiyi üçün Zərərçəkmiş şəxs telefonunu istəmişdir ki, “Tiktoka” baxsın. Zərərçəkmiş şəxs Honor markalı telefonunu ona verəndə Samsung markalı telefonunu da vermişdir. Bundan sonra Ruslanla birlikdə qaldıqları otağa gəlmişdir. Onlar gecə həmin telefonları da götürüb Bakıya getmək qərarına gəlmişlər. O, otaqdakı şkafdan Honor markalı telefonun qutusuna götürmüşdür. Onlar telefonların içərisinə baxmışlar ki, onun içərisində nömrə olsa çıxarsınlar, lakin telefonların heç birinin içərisində nömrə olmamışdır. Ruslan instagram sosial şəbəkəsindən taksi nömrəsi tapıb ona zəng etmiş və həmin taksi ilə saat 02:15-də Oğuzdan çıxmışlar. Taksiyə də Ruslan 100 manat pul vermiş, ödənişi də kart vasitəsilə etmişdir. Onlar Zərərçəkmiş şəxs evindən çıxanda Ruslan oradan 1 ədəd şortik də götürmüşdür. Həmin şortiki Ruslan özü ilə şortik gətirmədiyi üçün Ruziyə xanım özü Ruslana geyinməyə vermişdi, lakin sonradan demişdir ki, Ruslanın xoşu gəlirsə şortiki gedəndə özü ilə apara bilər. Ruslan da şortiki oğurluq məqsədi ilə yox, Zərərçəkmiş şəxs ona verdiyi üçün götürmüşdür. Onlar səhər tezdən onun anası ilə birlikdə kirayədə yaşadığı Abşeron rayon Mehdiabad qəsəbəsində yerləşən evlərinə çatmışlar. Ruslan da həmin gün orada qalmaq qərarına gəlmişdir. xx.xx.2024-cü il tarixdə təxminən saat 16 radələrində evə Oğuz rayon polis şöbəsinin əməkdaşları gəlmişlər. Həmin vaxt onlara Zərərçəkmiş şəxs evindən oğurluq etdiklərini etiraf etmiş, oğurladıqları bir ədəd Honor markalı mobil telefonu, onun qutusunu və bir ədəd Samsung markalı mobil telefonu polis əməkdaşlarına təqdim etmişlər. Bundan sonra onları Oğuz rayon polis şöbəsinə gətirmişlər. Polis əməkdaşları Mehdiabad qəsəbəsindəki evlərində onları saxlıyanda Ruziyə xanımın evindən götürdüyü şortik Ruslanın əynində olmuş və o, Oğuz rayon polis şöbəsinə həmin şortiklə gəlmişdir. Ruslan izahatı alınarkən özü bu barədə polis əməkdaşlarına məlumat vermiş, sonradan əynini dəyişərək həmin şortiki də polis əməkdaşlarına təqdim etmişdir və bu hadisədən başqa Ruslan Mövsümlü ilə birlikdə və ya ayrılıqda başqa heç bir oğurluq etməmişdir. O, əməmlindən səmimi peşman olmuşdur. Hazırda zərər çəkmiş şəxsə dəymiş maddi ziyanlığı tam şəkildə ödəmişdir. O mülki iddia tələbini isə qəbul etmir. Ona cəza təyin edilərkən qeyd etdiklərinin nəzərə alınmasını xahiş edir. Zərərçəkmiş şəxs–mülki iddiaçı Zərərçəkmiş şəxs məhkəmə iclasında ifadəsində göstərdi ki, o, ünvan 4 ünvanında əri Şahid1 Adil oğlu ilə birlikdə yaşayır, onun 80 yaşı var və eşitmə problemi var. Onların 4 övladı var, hər biri ailəlidir və ayrı yaşayırlar. O, əri Şahid1la birlikdə 2024-cü ilin fevral ayında Türkiyə Respublikasından qayıdarkən Məryəm adlı qadınla tanış olmuşdur, həmin şəxs onun telefon nömrəsini götürmüşdür və ara-sıra ona zəng etmişdir. 2024-cü ilin iyul ayının 9-da Məryəm ona zəng edərək Bakı şəhərində çox isti olduğunu, ona görə də Oğuza gəlmək istədiyini bildirmişdir. Məryəmə evində şəraitin yaxşı olmadığını, evin 2 otaqdan ibarət olduğunu, hamam otağının həyətdə yerləşdiyini bildirmişdir. Lakin Məryəm demişdir ki, qızı ilə birlikdə gəlir, heç bir problem olmayacaq. 2024-cü ilin iyul ayının 10-da Məryəm qızı Xanım ilə onlara gəlmişdir. Həmin qızı birinci dəfə həmin vaxt görüb tanımışdır. Onlar iyul ayının 15-nə qədər onlarda qalıb getmişlər. Onlar gedəndən 2 gün sonra Məryəm mənə “WhatsApp” vasitəsi ilə SMS yazaraq qızının kürəkəni ilə birlikdə Oğuza gəldiklərini və onları qəbul etməyini xahiş etmiş, 17 iyul 2024cü il tarixdə Xanım tanımadığı bir nəfər şəxslə yenidən onlara gəlmişdir. Xanım həmin şəxsi ona əri kimi təqdim etmişdir. O özü də adının Taner Qaya olduğunu və Türk vətəndaşaı olduğunu bildirmişdir. Həmin şəxslər onun evində ayrıca otaqda qalmışlar. Belə ki, onun evi bir yataq otağı, bir qonaq otağı və bir mətbəx otağından ibarətdir. O, qonaqları yataq otağında yerləşdirmişdir, özü isə əri ilə qonaq otağında divanda yer açıb orada yatmışdır. 21 iyul 2024-cü il tarixdə Türkiyə Respublikasında yaşayan qızı ilə telefonla danışarkən onun türk olan əri evində qonaq olan özünü türk kimi təqdim edən Taner adlı şəxslə danışmışdır. Telefon danışığından sonra qızı ona mesaj yazaraq həmin şəxsin türk olmadığını bildirmiş, ona ehtiyyatlı olmağını tapşırmışdır. O da bu barədə Xanıma və əri kimi təqdim etdiyi şəxsə demişdir. Həmin gecə də, onlar evdən ona məxsus 1 ədəd Honor markalı və 1 ədəd Samsung markalı mobil telefonları oğurlayıb getmişlər. Bundan sonra o, xx.xx.2024-cü il tarixdə Oğuz rayon polis şöbəsinə zəng edib məlumat vermişdir və polis əməkdaşları yaşadığı evə gəlmiş, onlara şikayət ərizəsi yazaraq təqdim etmiş və yaşadığı evə baxış keçirilmişdir. Həmin gün axşam Oğuz rayon polis şöbəsindən onun evindən oğurluq edən Xanımı və özünü onun əri Taner kimi təqdim edən əslində isə adı Ruslan olan şəxsi saxlayıb Oğuz RPŞ-yə gətirdikləri barədə məlumat verilmiş və o da Oğuz rayon polis şöbəsinə dəvət olunmuşdur. Orada ona məlum olmuşdur ki, həmin şəxslər onun evindən Ruslana geyinməsi üçün verdiyi şortiki də gedərkən özləri ilə aparmışlar. Xanım və Ruslan özü də oğurluq etmələrini etiraf etmişlər. Polis şöbəsində onun iştirakı ilə Xanım və Ruslan adlı şəxslərin oğurladıqları kişi şortikinə, 2 ədəd mobil telefona və telefonun qutusuna baxış keçirib protokol tərtib etmişlər. Eyni zamanda qeyd edir ki, Honor markalı mobil telefonu 2 ay bundan əvvəl 600 manata almış, onun qoruyucu üzlüyünü ona qohumu hədiyyə etmişdir. Onların qiymətinin hal-hazırda nə qədər olduğunu bilmir. Samsung markalı mobil telefonu 4-5 il bundan əvvəl almışdır və neçəyə aldığını xatırlamır. O, hal-hazırda qiymətinin nə qədər təşkil etməsini deyə bilmir. Bundan əlavə, Təqsirləndirilən şəxs və Şahid2 ifadələrində evindən götürdükləri 1 ədəd kişi şortikini özünün Şahid2 verməsi və xoşu gəlirsə gedəndə özü ilə apara biləcəyi barədə dedikləri yalandır. Ruslan gələndə evdə geyinməyə paltarı olmadığından evdə olan kişi şortikini geyinməsi üçün Ruslana vermiş, həmin şortiki Ruslana bağışlamamış və özü ilə apara biləcəyini bildirməmişdir. Həmin şortik əvvəllər oğlu İntiqam Qədirova məxsus olmuş, lakin İntiqam onlardan ayrılıb Bakıda yaşamış və şortik də köhnə olduğu üçün evdə saxlamışdır. Həmin şortikin qiymətinin nə qədər olması barədə heç nə deyə bilməyəcəkdir. Zərərçəkmiş şəxs əlavə olaraq bildirdi ki, ondan oğurlanmış əşyalar Şahid2 tərəfindən ona qaytarılmış və dəymiş ziyan ödənilmişdir. Lakin Təqsirləndirilən şəxs ona qarşı törətdiyi əməl nəticəsində ona maddi və mənəvi ziyan dəymişdir. Bu əməldən o sarsılmış və iztirab keçirmişdir. Onunla barışmamış və ondan şikayətçidir. O, eyni zamanda mülki iddia tələbini müdafiə edir və təqsirləndirilən şəxsədən ona dəymiş mənəvi ziyanlığın əvəzi olan 2000 manatı da tələb edir. Eyni zamanda ona ağır cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə 2023-cü ilin dekabr ayında ailə qurub nikah bağlamışlar. Lakin 2024-cü ilin iyun ayında Bakı şəhərində 1 saylı Asan Xidmətdə nikahlarına xitam vermişlər. Bundan sonra ayrı yaşasalar da, bir-biriləri ilə mütəmadi olaraq əlaqə saxlamışlar. 18 iyul 2024-cü il tarixdə Xanım Oğuz rayonunda tanışlarının evinə gedib orada istirahət etməyi təklif etmişdir. O, bu təkliflə razılaşmış və onlar Bakı şəhər avtovağzalından bilet alaraq avtobusla Oğuza gəlib avtobusdan düşmüşlər. Oğuzun avtovağzalından taksiyə minib oradan da sonradan tanıdığı Zərərçəkmiş şəxs evinə gəlmişlər. Xanım onaə demişdir ki, ev yiyəsi onun Azərbaycanlı olduğunu bilsə evdə qalmağa qoymaz, çünki əvvəl onlarda qonaq olanda ərinin türk olduğunu demişdir. Belə olub özünü türk vətəndaşı kimi təqdim etmiş, adının isə Taner Qaya olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs öz yataq otaqlarını onlara vermişdir. Özü isə yaşlı əri ilə birlikdə digər otağa keçmişdir. Onlar xx.xx.2024-cü il tarixə kimi orada qalmışlar. xx.xx.2024-cü il tarixdə axşam Zərərçəkmiş şəxs Türkiyədə ərdə olan qızı və onun əri ilə danışanda onu da həmin şəxslərlə danışdırmışdır. Bu danışıqdan sonra Zərərçəkmiş şəxs qızı onun türk olmadığından şübhələnib bu barədə anasına demişdir. Zərərçəkmiş şəxs ondan azərbaycanlı yoxsa türk olduğunu soruşmuş, o da azərbaycanlı olduğunu boynuna almışdır. Axşam yatmaq üçün otaqlarına keçmişlər. Həmin vaxt Xanım öz telefonu yaxşı işləmədiyi üçün Zərərçəkmiş şəxs telefonu istəmişdir ki, “Tiktoka” baxsın. Zərərçəkmiş şəxs “Honor” markalı telefonunu Xanıma verəndə Samsung markalı telefonunu da Xanıma vermişdir. Bundan sonra Xanım birlikdə qaldıqları otağa gəlmişdir. Onlar gecə həmin telefonları da götürüb Bakıya getmək qərarına gəlmişlər. Xanım otaqda olan şkafdan “Honor” markalı telefonun qutusunu da götürmüşdür. Onlar telefonların içərisinə baxmışlar ki, onun içərisində nömrə olsa çıxartsınlar. Lakin telefonların heç birinin içərisində nömrə olmamışdır. O, instagram sosial şəbəkəsindən taksi nömrəsi tapıb ona zəng etmiş və həmin taksi ilə saat 02:15-də Oğuzdan çıxmışlar. Taksiyə də 100 manat pul vermiş, ödənişi də kart vasitəsilə etmişdir. X12 evindən çıxanda oradan 1 ədəd şortik də götürmüşlər. Həmin şortiki Zərərçəkmiş şəxs ona özü ilə şortik gətirmədiyi üçün geyinməyə vermiş, lakin sonradan ona demişdir ki, xoşu gəlirsə şortiki özü ilə apara bilər. O da şortiki oğurluq məqsədi ilə yox, Zərərçəkmiş şəxs ona verdiyi üçün götürmüşdür. Onlar səhər tezdən Xanımın anası ilə birlikdə kirayədə yaşadığı Abşeron rayon Mehdiabad qəsəbəsində yerləşən evlərinə getmişlər. O da həmin gün orada qalmaq qərarına gəlmişdir. xx.xx.2024-cü il tarixdə təxminən saat 16 radələrində evə Oğuz rayon polis şöbəsinin əməkdaşları gəlmişlər. Həmin vaxt onlara Zərərçəkmiş şəxs evindən oğurluq etdiklərini etiraf etmiş, oğurladıqları bir ədəd “Honor” markalı mobil telefonu, onun qutusunu və bir ədəd Samsung markalı mobil telefonu polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra onları Oğuz rayon polis şöbəsinə gətirmişlər. Polis əməkdaşları Mehdiabad qəsəbəsində Xanımın kirayədə yaşadığı evdə onları saxlıyanda Zərərçəkmiş şəxs verdiyi şortik onun əynində olmuş və Oğuz rayon polis şöbəsinə həmin şortiklə gəlmişdir. İzahatı alınarkən özü bu barədə polis əməkdaşlarına məlumat vermiş, sonradan əynini dəyişərək həmin şortiki də polis əməkdaşlarına təqdim etmişdir və bu hadisədən başqa Təqsirləndirilən şəxs ilə birlikdə və ya ayrılıqda başqa heç bir oğurluq etməmişdir. Zərərçəkmiş şəxs dəymiş maddi ziyan onun tərəfindən tam olaraq ödənilmişdir. İbtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 üzrlü səbəbdən məhkəmə iclasına gəlmədiyindən onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Şahid1 ifadəsində göstərmişdir ki, o, ünvan 4 ünvanında arvadı Zərərçəkmiş şəxs ilə birlikdə yaşayır. Onların 4 övladı var, hər biri ailəlidir və ayrı yaşayırlar. O, arvadı Ruziyə ilə birlikdə 2024-cü ilin fevral ayında Türkiyə Respublikasından qayıdarkən Məryəm adlı qadınla tanış olmuşlar, həmin şəxs Ruziyənin telefon nömrəsini götürmüşdür və ara-sıra ona zəng etmişdir. 2024cü ilin iyul ayının 9-da Məryəm Ruziyəyə zəng edərək Bakı şəhərində çox isti olduğunu, ona görə də Oğuza gəlmək istədiyini bildirmişdir. Ruziyə Məryəmə evində şəraitin yaxşı olmadığını, evin 2 otaqdan ibarət olduğunu, hamam otağının həyətdə yerləşdiyini bildirmişdir. Lakin Məryəm demişdir ki, qızı ilə birlikdə gəlir, heç bir problem olmayacaq. 2024-cü ilin iyul ayının 10-da Məryəm qızı Xanım ilə onlara gəlmişdir. Həmin qızı birinci dəfə həmin vaxt görüb tanımışdır. Onlar iyul ayının 15-nə qədər onlarda qalıb getmişlər. Onlar gedəndən 2 gün sonra Məryəm arvadı Ruziyəyə “WHATSAPP” vasitəsi ilə SMS yazaraq qızının kürəkəni ilə birlikdə Oğuza gəldiklərini və onları qəbul etməyini xahiş etmiş, 17 iyul 2024-cü il tarixdə Xanım tanımadığı bir nəfər şəxslə yenidən onlara gəlmişdir. Xanım həmin şəxsi ona əri kimi təqdim etmişdir. O özü də adının Taner Qaya olduğunu və Türk vətəndaşaı olduğunu bildirmişdir. Həmin şəxslər onun evində ayrıca otaqda qalmışlar. Belə ki, onun evi bir yataq otağı, bir qonaq otağı və bir mətbəx otağından ibarətdir. O, qonaqları yataq otağında yerləşdirmişdir, özü isə əri ilə qonaq otağında divanda yer açıb orada yatmışdır. 21 iyul 2024-cü il tarixdə Türkiyə Respublikasında yaşayan qızı ilə telefonla danışarkən onun türk olan əri evində qonaq olan özünü türk kimi təqdim edən Taner adlı şəxslə danışmışdır. Telefon danışığından sonra qızı ona mesaj yazaraq həmin şəxsin türk olmadığını bildirmiş, ona ehtiyyatlı olmağını tapşırmışdır. O da bu barədə Xanıma və əri kimi təqdim etdiyi şəxsə demişdir. Həmin gecə də, onlar evdən Ruziyəyə məxsus 1 ədəd Honor markalı və 1 ədəd Samsung markalı mobil telefonları oğurlayıb getmişlər. Bundan sonra Ruziyə xx.xx.2024-cü il tarixdə Oğuz rayon polis şöbəsinə zəng edib məlumat vermişdir və polis əməkdaşları yaşadığı evə gəlmiş, onlara şikayət ərizəsi yazaraq təqdim etmiş və yaşadığı evə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi onun özünün ibtidai istintaqın ilkin mərhələsi zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadəsi, iş materialları və məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2024-cü il tarixli baxış keçirilməsi haqqında protokol və fotoşəkillərdən müəyyən edilir ki, oğurluq hadisəsi törədilən fərdi yaşayış evinə baxış keçirilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2024-cü il tarixli baxış keçirilməsi haqqında protokol və fotoşəkillərdən müəyyən edilir ki, Şahid2 Oğuz RPŞ-yə gətirilərkən əynində olan və könüllü olaraq təqdim etdiyi şortikə baxış keçirilmiş və 1 ədəd zərfdə qablaşdırılaraq götürülmüş və fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2024-cü il tarixli baxış keçirilməsi haqqında protokol və fotoşəkillərdən müəyyən edilir ki, Şahid2 və Təqsirləndirilən şəxs saxlanılarkən Oğuz RPŞ-nin əməkdaşları tərəfindən götürülüb təqdim edilən 1 ədəd qutusi ilə birlikdə “Honor X8A” markalı mobil telefona və 1 ədəd “Samsung Galaxy A10” markalı telefona baxış keçirilmiş, qablaşdırılaraq götürülmüş və fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən cinayət törətməsinə şübhə yarandıqda şəxsin tutulması haqqında qərar və protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 19:10-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən “Şübhəli şəxsin ifadəsinin yerində yoxlanması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Şahid2lə birlikdə Zərərçəkmiş şəxs evində qonaq olduqları müddətdə qaldıqları otağı, mobil telefon qutusunu götürdüyü yeri göstərərək, ifadəsində göstərdiyi xüsusatları yerində əyani olaraq təsdiq etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Oğuz RPŞ-nin İB-nin müstəntiqi, polis mayoru Ələkbər Əsgərov tərəfindən Azərbaycan Respublikasının CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2024-cü il tarixli qərardan və iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.1979-cu il tarixdə Bakı şəhərində doğulmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən “Respublika Psixiatriya Xəstəxanası” X14 daxil olmuş xx.xx.2024-cü il tarixli, 10754 nömrəli məktubdan müəyyən edilir ki, xx.xx.1979-cu il təvəllüdlü, ünvan 5 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə 5 saylı Şəhər Polisklinikasının göndərişi əsasında yuxarıda adı göstərilən xəstəxanaya qəbul olunub. Hal-hazırda müalicəsi davam edir. O, ilk dəfə xx.xx.2017-xx.xx.2017-ci il müddətində də stasionar müalicə alıb. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən “2 nömrəli X2”ndan daxil olmuş xx.xx.2024-cü il tarixli, 1/3781 nömrəli məktubdan müəyyən edilir ki, xx.xx.1979-cu il təvəllüdlü Təqsirləndirilən şəxs ilk dəfə 3 saylı Şəhər Poliklinikasının göndərişinə əsasən xx.xx.2013-cü il tarixdən xx.xx.2013-cü il tarixinədək Bakı şəhəri 2 nömrəli X1 stosionar müalicədə olmuşdur. Təkrarən, Təqsirləndirilən şəxs X15 Stansiyasının göndərişinə əsasən xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixinədək Bakı şəhəri 2 nömrəli X1 stosionar müalicədə olmuşdur. O, təkrarən, X15 Stansiyasının göndərişinə əsasən xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixinədək Bakı şəhəri 2 nömrəli X1 stosionar müalicədə olmuşdur. Sonuncu dəfə o, Təxirə Salınmaz vərəqəyə əsasən xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixinədək Bakı şəhəri 2 nömrəli X1 stosionar müalicədə olmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli, 9/6344 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, tədqiqata təqdim edilmiş, 04 adda malların orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2024-cü ilin iyul ayına olan orta bazar qiyməti nəzəri qaydada, təxminən, 353,0 manat müəyyən olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə psixiatrik ekspertiza mərkəzi” publik hüquqi şəxsi tərəfindən keçirilmiş ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 2835 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, Təqsirləndirilən şəxs öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Onun barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Oğuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(054)-25/2025 nömrəli hökmü ilə Şahid2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Eyni zamanda həmin hökmlə iş üzrə 50 manat ekspertiza xərcinin məhkum Şahid2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməsi, iş üzrə maddi sübutlar-1 ədəd “Honor X8a” markalı mobil telefonun, 1 ədəd “Samsung Galaxy A10” markalı mobil telefonun, 1 ədəd qoruyucu üzlüyün, 1 ədəd kişi şortikinin saxlanması üçün Zərərçəkmiş şəxs təhvil verilməsi qərara alınmışdır. Məhkəmə istintaqında araşdırılan sübutlarla Təqsirləndirilən şəxs Şahid2 ilə qabaqcadan əlbir olaraq tamah niyyəti ilə Zərərçəkmiş şəxs 353 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etməsi öz təsdiqini tapır. Cinayət işinin materiallarına əlavə edilmiş mülki iddia ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ona dəymiş mənəvi ziyana görə 2000 manat pul kompensasiyası tələb edir. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə mülki iddiaçı kimi tanınmışdır. xx.xx.2025-ci il tarixli qərardan müəyyən edilir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs AR CM-nin 177.2.1-ci maddəsi ilə elan edilmiş ittihamın məzmunu dəyişdirilərək ona həmin maddə ilə yenidən ittiham elan edilmiş və təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli “cinayət işinin ayrılması və icraaata qəbul edilməsi haqqında” qərardan müəyyən edilir ki, ********* nömrəli cinayət işinin materiallarından ********* nömrəli cinayət işi ayrılmış və ayrıca icraata götürülmüşdür. Beləliklə, məhkəmə istintaqında tədqiq edilən sübutlara məcmu halında hüquqi qiymət verərək məhkəmə hesab edir ki,X6 cinayət əməlini törətməkdə təqsirli olması özünün etdiyi etirafı ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi və digər məhkəmə-istintaq materialları ilə tаm təsdiq edildiyindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə düzgün tövsif edilmiş, ona görə də o, həmin maddə ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr CM-in 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Həmin Qərarda həmçinin götərilir ki, eyni mənbədən götürülən, vahid qəsdlə əhatə olunan, bir cinayət hərəkətlərinin məcmusunu təşkil edən, bir sıra oxşar cinayət hərəkətlərindən ibarət, davam edən talama cinayətini, təkrar törədilmiş talamadan fərqləndirmək lazımdır. Şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər CM-in 16.2-ci maddəsinə müvafiq olaraq, CM-in 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud CM-in 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3-cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayətlərin “təkrarlığı” əlaməti ilə tövsif edilməlidir. Həmin Qərarın 11-ci bəndində göstərilmişdir ki, CM-in 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn,şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar CM-in 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-in 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair” 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, CM-lə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. CM-in: 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 177.2.1 maddəsinə əsasən eyni əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır; 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi mülkiyyətin xüsusi mülkiyyət, dövlət mülkiyyəti və bələdiyyə mülkiyyəti kimi üç növünü nəzərdə tutmaqla toxunulmaz və dövlət tərəfindən müdafiə olunduğunu təsbit edir. Mülki qanunvericilikdə mülkiyyətin bütün formalarının bərabərliyi və mülkiyyət hüququnun bütün subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə edildiyi, həmçinin cinayət qanununda bütün mülkiyyət formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. Beləliklə, sadalananları nəzərə alaraq məhkəmə hesab edir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla Təqsirləndirilən şəxs oğurluq etməsi tam təsdiqini tapır. CPM-in: 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir; 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə, məhkəmə istintaqında araşdırılan sübutları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi və öz daxili inamına əsasən, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətləndirərək Təqsirləndirilən şəxs xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talaması ilə bağlı verilmiş ittihamın öz təsdiqini tapması nəticəsinə gəlir və təqsirləndirilən şəxsin ifadəsini məsuliyyətdən boyun qaçırmaq məqsədilə verilən ifadə kimi qiymətləndirir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 177.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını; zərər çəkmiş şəxsə dəymiş maddi ziyanlığın ödənilməsini. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən halların olmasını, onun yaşayış yerindən müsbət xarakterizə olunmasını, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilməsinin özünün həyat tərzinə, ailəsinin vəziyyətinə maddi, fiziki və mənəvi cəhətdən mənfi təsir göstərəcəyini nəzərə alaraq, habelə təqsirləndirilən şəxslə davranışda ictimaiyyətin daha fəal iştirak etməsinin təmin edilməsi, onda cəmiyyət qarşısında məsuliyyət hissinin artmasına yardım göstərilməsi və onun islah edilməsi məqsədi ilə təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddədə müəyyən edilmiş az ciddi cəza növü hesab olunan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı 2 (iki) gün (xx.xx.2024-xx.xx.2024-ci il), həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (CM - 69.3), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. İş üzrə mülki iddialara dair məhkəmə qeyd edir ki, CPM-in: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur; 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır; 181.2, 181.2.1-ci maddələrinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə baddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini edə bilər; 187.1-ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır; 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. 354.1-ci maddəsinin məzmununa görə məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi, iddianın rədd edilməsi və ya iddianın baxılmamış saxlanılması barədə qərarlardan biri əks etdirilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Zərərçəkmiş şəxs - mülki iddiaçı Zərərçəkmiş şəxs baş vermiş oğurluq hadisəsi nəticəsində ona mənəvi ziyan dəydiyini, bununla bağlı təqsirləndirilən şəxs - mülki cavabdeh X4 2000 manat mənəvi ziyan məbləği tələb etdiyini bildirsə də, həmin məbləği hansı əsasla tələb etməsini, ona dəymiş mənəvi ziyanın nədə ifadə olunduğunu, ona hansı qaydada mənəvi zərər dəydiyini mötəbər sübutlarla izah edə bilmədi və həmin faktları təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Qeyd olunan xüsusatlar məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamışdır. Belə ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X3rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Göründüyü kimi, «İnsan Hüquqlarının və X5 haqqında» Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin əsaslara görə məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs - mülki iddiaçı Zərərçəkmiş şəxs mülki iddia tələbinin 2000 manat mənəvi ziyan məbləğinin ödənilməsinə dair hissəsi də əsassız olduğundan təmin edilməməlidir. İş üzrə 50 manat ekspertiza xərci 1(054)-25/2025 nömrəli iş üzrə məhkum Şahid2 tutulması və maddi sübutlar-1 ədəd “Honor X8a” markalı mobil telefonun, 1 ədəd “Samsung Galaxy A10” markalı mobil telefonun, 1 ədəd qoruyucu üzlüyün, 1 ədəd kişi şortikinin saxlanması üçün Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə digər məhkəmə xərcləri yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (il) il 3 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılaraq faktiki azadlığı məhdudlaşdırıldığı və şübhəli şəxs qismində tutulmadan azad olunduğu vaxt xx.xx.2024cü il tarixdə saat 19:10-dan xx.xx.2024-cü il tarixinə saat 12:15-dək olan müddət 2 gün kimi nəzərə alınaraq həmin müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş 2 (il) il 3(üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 2 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın çəkilməsinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı Abşeron rayonu ərazisini, eləcə də saat 23:00-dan saat 07:00-dək olan müddət ərzində daimi yaşayış yeri olan ünvan 2 ünvanında yerləşən evin ərazi hüdudlarını tərk etməmək məhdudiyyəti qoyulsun. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı ərazidə yerləşən, spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Hökmün icrasına nəzarəti Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs - mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı mənəvi ziyana görə 2000 manat pul kompensasiyası tələbinə dair mülki iddia tələbi təmin edilməsin. İş üzrə 50 manat ekspertiza xərci xx.xx.2025-ci il tarixli 1(054)-25/2025 nömrəli iş üzrə məhkum Şahid2 tutulması nəzərə alınsın. İş üzrə maddi sübutlar-1 ədəd “Honor X8a” markalı mobil telefonun, 1 ədəd “Samsung Galaxy A10” markalı mobil telefonun, 1 ədəd qoruyucu üzlüyün, 1 ədəd kişi şortikinin saxlanması üçün Zərərçəkmiş şəxs təhvil verilməsi və digər məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Hakim : Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar