Məhkəmə qərarları › İş №1(054)-4/2022

Oğuz Rayon Məhkəməsi Hökm — İş №1(054)-4/2022

10.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Oğuz rayonu İş № 1(054)-4/2022 10.05.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Müdafiəçi, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 iştirakı ilə Təqsirləndirilən şəxs: xx.xx.1997-ci il tarixdə Oğuz rayonu Şirvanlı kəndində anadan olmuş, həmin kənddə yaşayan, subay, orta təhsilli, işsiz, üçüncü dərəcəli əlil (İkinci Qarabağ müharibəsi qazisi), Azərbaycan Respublikasının vətəndaşı, məhkum olunmamış, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən e t d i: Təqsirləndirilən şəxs qəsdən, tamah niyyəti və özgənin əmlakını gizli yolla talama məqsədi ilə 20.11.2021-ci il tarixdə qohumları olan Qarayevlər ailəsinin yaşadığı Oğuz şəhəri, “Gənclik” massivində yerləşən evlərində qonaq olarkən onların 21.11.2021-ci il tarixdə evdə olmayacaqlarını öyrənmiş və onda həmin evə qanunsuz daxil olmaqla oğurluq cinayəti törətmək niyyəti yaranmış, 21.11.2021-ci il tarixdə saat 21 radələrində Qarayevlər ailəsinin evdə olmadıqlarına əmin olduqdan sonra öz cinayətkar niyyətini həyata keçirib gizli olaraq hasardan evin həyətinə keçmiş, həyətdə olan nərdivandan istifadə etməklə evin həyətinə açılan hamam otağının nəfəsliyinin torunu çıxarıb oradan qanunsuz olaraq evin içərisinə daxil olmuş, bundan sonra birinci yataq otağına keçərək həmin otaqda paltar dolabında olan, Zərərçəkmiş şəxs2 aid qara rəngli qadın çantasından sonuncuya və əri Zərərçəkmiş şəxs1 aid 30 manat pulu, Zərərçəkmiş şəxs1 məxsus, üzərində qara rəngli sadə qaşı olan 3,5 qram çəkidə 280 manat dəyərində 585 əyarlı 1 ədəd qızıl kişi üzüyünü, Zərərçəkmiş şəxs2 məxsus, ortasında “məscid” əksi olan aypara formalı qızıl klonu ilə birlikdə ümumilikdə 14 qram çəkidə 1120 manat dəyərində “kardinal” adlandırılan 585 əyarlı qızıl boyunbağı-qolbağı dəstini (1,5 qram çəkidə 120 manat dəyərində qızıl klon, 7,5 qram çəkidə 600 manat dəyərində qızıl boyunbağı və 5 qram çəkidə 400 manat dəyərində qızıl qolbağı), ortasında 7 ədəd iri, kənarlarında isə xırda ağ sadə qaşları olan ümumilikdə 13 qram çəkidə 1040 manat dəyərində 585 əyarlı qızıl sırğa-üzük dəstini (5 qram çəkidə 400 manat dəyərində qızıl üzük və 8 qram çəkidə 640 manat dəyərində bir cüt qızıl sırğa), çəkisi 2 qram olan 160 manat dəyərində bir cüt 585 əyarlı qızıl sırğanı, sarı rəngli sadə qaşlı 1,5 qram çəkidə 120 manat dəyərində bir ədəd 585 əyarlı qadın üzüyünü, digərləri sadə ağ qaşlı olmaqla müxtəlif formalarda olan hər biri 585 əyarlı bir ədəd 2,5 qram çəkidə 200 manat dəyərində, bir ədəd 1,8 qram çəkidə 144 manat dəyərində, bir ədəd 2,4 qram çəkidə 192 manat dəyərində, bir ədəd 5 qram çəkidə 400 manat dəyərində və bir ədəd 3 qram çəkidə 240 manat dəyərində qızıl qadın üzüklərini, evin digər yataq otağında güzgülü termonun qarşısından Zərərçəkmiş şəxs3 məxsus olan qara rəngli qadın çantasından isə sonuncuya məxsus 20 manat pulu, ümumilikdə 3946 manat dəyərində özgənin əmlakını qəsdən gizli olaraq talamaqla oğurluq cinayətini törətmişdir. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bildi, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və ifadə verərək göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Oğuz rayonu Şirvanlı kəndində yaşayır və daimi olaraq heç yerdə işləmir. Oğuz şəhəri “Gənclik” massivində yaşayan xalası Zərərçəkmiş şəxs3 ailə üzvləri ilə birlikdə 21.11.2021-ci il tarixdə evdə olmadıqlarını bidiyinə görə həmin gün saat 21 radələrində oğurluq etmək məqsədi ilə onlara məxsus evə hamamın pəncərəsindən daxil olmuşdur. O, evdən pul və qızıl zinət əşyalarını götürüb getmişdir. Həmin gün gecə xalası ona zəng edərək harada olduğunu soruşmuş, o da avtovağzalda olduğunu demişdir. Xalası evlərinə oğru girdiyini bildirmiş, o da xalasına gələcəyini desə də, utandığından onların evinə getməmişdir. Xalası oğlu Zərərçəkmiş şəxs1 şikayəti ilə əlaqədar Oğuz rayon Polis Şöbəsinə çağırılaraq onun əl-barmaq izləri götürülmüş, sonradan isə o, Bakı şəhərinə getmişdir. Bakı şəhərinə getdikdən sonra hər dəfə pula ehtiyacı olduqda qızıl zinət əşyalarını hissə-hissə satıb xərcləmişdir. O, həmin qızılları hər dəfə müxtəlif mağazalara satmışdır ki, onların oğurluq yolu ilə əldə edildiyini heç kim hiss etməsin. Qızıl zinət əşyalarını satdığı mağazalarda işləyən şəxsləri tanımamış, onlara satdığı qızılları oğurladığı barədə məlumat verməmiş, qızılların özünə məxsus olduğunu, pula ehtiyacı olduğuna görə satdığını demişdir. Qızılları alan şəxslər də öz qeydiyyat kitablarında qeydiyyat aparmaqla qızılları ondan satın almışlar. O, oğurladığı qızılları satmaqla cəmi 2481,50 manat pul əldə etmiş, həmin pulu şəxsi ehtiyaclarına və kredit borcunun ödənilməsinə xərcləmişdir. Sonradan əməlindən peşman olmuş və könüllü olaraq Oğuz rayon Polis Şöbəsinə gələrək törətdiyi əməli etiraf etmişdir. O, xalasıgilin evindən oğurluq edərkən tək olmuş, oğurluq etməsindən heç kimin məlumatı olmamışdır. Təqsirləndirilən şəxs ifadəsində, eyni zamanda, qeyd etdi ki, o, maddi ehtiyacı olduğu üçün oğurluq etmək qərarına gəlmişdir. Törətdiyi cinayət əməlini özü könüllü olaraq Oğuz rayon Polis Şöbəsinə gəlməklə etiraf etmiş və əməlindən səmimi peşman olmuşdur. Oğurladığı əmlakları kimlərə satdığını da demiş və həmin ünvanları polis əməkdaşlarına təqdim etmişdir. Oğurladığı əmlakların dəyərini sonradan ödəməklə zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı tam şəkildə aradan qaldırmışdır. Zərərçəkmiş şəxslər onun öz qohumları olmaqla, hazırda həmin şəxslərin ondan heç bir şikayət və tələbləri yoxdur. Atası vaxtsız vəfat etmişdir və ikinci dərəcəli əlil olan bacısı X3 da onun himayəsindədir. O özü də üçüncü dərəcəli əlildir. O, İkinci Qarabağ müharibəsi iştirakçısı və qazisi olmaqla, Azərbaycanın ərazi bütövlüyü və torpaqların işğaldan azad olunması uğrunda gedən döyüşlərdə fəal iştirak etmişdir. Döyüşlərdə fəal iştirak etməsinə görə ölkə başçısı tərəfindən “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunmuşdur. Döyüşlərdə gözlərindən ağır yaralanmış, aldığı xəsarətlərlə bağlı səhhətinin hazırki vəziyyəti ilə əlaqədar müayinə və müalicələri hazırda da mütəmadi olaraq davam edir. Qeyd edilən halları cəza təyin edilən zaman nəzərə almağı və ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs cinayət əməli törətməsi özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxslərin ifadələri, iş materialları və məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Zərərçəkmiş şəxs1 ifadə verərək göstərdi ki, o, Oğuz şəhəri “Gənclik” massivi ərazisində ailə üzvləri - anası Zərərçəkmiş şəxs3, arvadı Zərərçəkmiş şəxs2 və iki azyaşlı uşağı ilə birlikdə yaşayır. 21.11.2021-ci il tarixdə saat 18 radələrində anası Zənfirə, arvadı Aysel və iki azyaşlı uşağı ilə birlikdə Oğuz rayon Kərimli kəndinə xalasının evinə qonaq getmişlər. Onlar həmin gün saat 23:30 radələrində evə gələn zaman həyətdə olan yarımtikiliyə yığdığı pəncərə çərçivələrinin yerə aşığını görmüşdür. Həmin gün hava küləkli olduğu üçün çərçivələri küləyin aşırdığını zənn etmişdir. O, çərçivələri yerinə yığan zaman anası pilləkənə çıxaraq onu çağırmış və evə kiminsə girdiyini və onun çantasında olan 20 manat pulun yerində olmadığını bildirmişdir. Arvadı Aysel paltar şkafında öz çantasını yoxlayanda görmüşdür ki, həmin çantanın içərisində olan qızıl-zinət əşyaları və 30 manat pul da yoxdur. Bundan sonra o, Oğuz rayon Polis Şöbəsinə zəng edərək hadisə barədə məlumat vermişdir. Polis əməkdaşları gəlib hadisə yerini müayinə etmiş və məlum olmuşdur ki, kimsə pəncərə çərçivələrinin arxasında olan taxta nərdivanı götürərək hamam otağının açıq olan pəncərəsindəki toru çıxardıb evə daxil olaraq oğurluq etdikdən sonra evdən çıxarkən pəncərənin torunu yenidən öz yerinə taxmış, həmçinin, nərdivanı götürdüyü yerə geri qoymuşdur. Evlərindən oğurlanmış 30 manat pul ona və arvadı Zərərçəkmiş şəxs2, qızıllardan 1 ədəd kişi üzüyü ona, digər qızıllar isə Ayselə, anası Zərərçəkmiş şəxs3 çantasından oğurlanmış 20 manat pul isə anasının özünə məxsus olmuşdur. Evlərindən oğurluq edilməsində şübhələndikləri heç kim olmamışdır. Ancaq 20.11.2021-ci il tarixdə xalası oğlu Təqsirləndirilən şəxs onlara qonaq gəlmiş və onların evində olarkən ertəsi gün, yəni 21.11.2021-ci il tarixdə Oğuz rayonu Kərimli kəndinə qonaq gedəcəklərini bilmişdir. 21.11.2021-ci il tarixdə onların evdə olmayacaqlarından Təqsirləndirilən şəxs başqa heç kimin məlumatı olmamışdır. Həmin hadisədən bir müddət keçəndən sonra onların evindən oğurluq edən şəxsin Təqsirləndirilən şəxs olduğu məlum olmuşdur. Zərərçəkmiş şəxs1 ifadəsində, eyni zamanda, göstərdi ki, ona məxsus olan qızıl zinət əşyasının dəyəri və evdən oğurlanmış pul Təqsirləndirilən şəxs tərəfindən tam şəkldə ödənilməklə ona dəymiş maddi ziyan məbləği aradan qaldırılmışdır. Onun hazırda təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur. Qeyd etdikləri nəzərə alınmaqla təqsirləndirilən şəxsə qanun çərçivəsində güzəşt edilməsini məhkəmədən xahiş edir. İş üzrə digər zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 da hadisənin baş vermə şəraiti, yeri və vaxtı barədə Zərərçəkmiş şəxs1 ifadəsinin məzmununa uyğun ifadələr verməklə yanaşı göstərdilər ki, onlara məxsus olan qızıl zinət əşyalarının dəyəri və evdən oğurlanmış pul Təqsirləndirilən şəxs tərəfindən tam şəkldə ödənilməklə onların hər birinə dəymiş maddi ziyan məbləği aradan qaldırılmışdır. Onların hazırda təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbləri yoxdur. Qeyd etdikləri nəzərə alınmaqla təqsirləndirilən şəxsə qanun çərçivəsində güzəşt edilməsini məhkəmədən xahiş edirlər. İş üzrə şahid qismində dindirilməsi üçün dəvət edilmiş Şahid1, Şahid2, Şahid3, X10 və Şahid5 məhkəmə iclaslarına gəlməmiş, məhkəməyə göndərdikləri teleqramlarda ibtidai istintaq zamanı verdikləri ifadələrini təsdiq etdiklərini bildirmişlər. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd etmişdir ki, o, Baki şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 2A ünvanında yerləşən zərgərlik mağazasında qızıl zinət əşyalarının alışı və satışı ilə məşğul olur. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir münasibəti olmamışdır. Təqsirləndirilən şəxs 30.11.2021-ci il tarixdə mağazaya gəlib bir cüt 585 əyarlı 7,9 qram çəkisi olan qızıl sırğanı satmaq istədiyini demiş, həmin sırğanın ailəsinə məxsus olduğunu bildirmiş və sırğanı ona 420 manata satmışdır. Həmin vaxt o, akt tərtib etmiş, qeydiyyat aparmış, aktı Təqsirləndirilən şəxs özü də imzalamış, həmçinin onun telefon nömrəsini və şəxsiyyət vəsiqəsinin surətini akta əlavə etmişdir. Bir müddət sonra Təqsirləndirilən şəxs polis əməkdaşları ilə ona məxsus mağazaya gəlib ona satdığı qızıl əşyasını oğurluq yolu ilə əldə etdiyini bildirdikdə bu barədə məlumatı olmuşdur. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd etmişdir ki, o, ünvan 2 ünvanında yerləşən zərgərlik mağazasında qızıl zinət əşyalarının alışı və satışı ilə məşğul olur. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir münasibəti olmamışdır. Təqsirləndirilən şəxs 25.11.2021-ci il tarixdə mağazaya gəlib ümumi çəkisi 10,2 qram olan 585 əyarlı 4 ədəd qızıl üzüyü satmaq istədiyini demiş, həmin əşyaların ailəsinə məxsus olduğunu bildirmiş və qızıl zinət əşyalarını ona cəmi 510 manata satmışdır. Həmin vaxt o, akt tərtib etmiş, qeydiyyat aparmış, aktı Təqsirləndirilən şəxs özü də imzalamış, həmçinin onun telefon nömrəsini və şəxsiyyət vəsiqəsinin surətini akta əlavə etmişdir. Bir müddət sonra Təqsirləndirilən şəxs polis əməkdaşları ilə ona məxsus mağazaya gəlib ona satdığı qızıl əşyalarını oğurluq yolu ilə əldə etdiyini bildirdikdə bu barədə məlumatı olmuşdur. Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd etmişdir ki, o, Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Moskva” ticarət mərkəzində “Esma” adlı zərgərlik mağazasında qızıl zinət əşyalarının alışı və satışı ilə məşğul olur. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir münasibəti olmamışdır. Təqsirləndirilən şəxs 29.11.2021-ci il tarixdə mağazaya gəlib ümumi çəkisi 7,88 qram olan 585 əyarlı 2 ədəd qızıl üzüyü satmaq istədiyini demiş, həmin əşyaların ailəsinə məxsus olduğunu bildirmiş və qızıl zinət əşyalarını ona cəmi 429 manata satmışdır. Həmin vaxt o, akt tərtib etmiş, qeydiyyat aparmış, aktı Təqsirləndirilən şəxs özü də imzalamış, həmçinin onun telefon nömrəsini və şəxsiyyət vəsiqəsinin surətini akta əlavə etmişdir. Bir müddət sonra Təqsirləndirilən şəxs polis əməkdaşları ilə ona məxsus mağazaya gəlib ona satdığı qızıl əşyalarını oğurluq yolu ilə əldə etdiyini bildirdikdə bu barədə məlumatı olmuşdur. Şahid X10 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd etmişdir ki, o, Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Moskva” ticarət mərkəzində “Golden Fire” adlı zərgərlik mağazasında qızıl zinət əşyalarının alışı və satışı ilə məşğul olur. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir münasibəti olmamışdır. Təqsirləndirilən şəxs 30.11.2021-ci il tarixdə mağazaya gəlib 5 qram çəkisi olan bir ədəd 585 əyarlı qadın üçün qızıl üzüyü satmaq istədiyini demiş, həmin üzüyün ailəsinə məxsus olduğunu bildirmiş və üzüyü ona 250 manata satmışdır. Həmin vaxt o, akt tərtib etmiş, qeydiyyat aparmış, aktı Təqsirləndirilən şəxs özü də imzalamış, həmçinin onun telefon nömrəsini və şəxsiyyət vəsiqəsinin surətini akta əlavə etmişdir. Bir müddət sonra Təqsirləndirilən şəxs polis əməkdaşları ilə ona məxsus mağazaya gəlib ona satdığı qızıl əşyasını oğurluq yolu ilə əldə etdiyini bildirdikdə bu barədə məlumatı olmuşdur. Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd etmişdir ki, o, Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Moskva” ticarət mərkəzində “Ugur gold” adlı zərgərlik mağazasında qızıl zinət əşyalarının alışı və satışı ilə məşğul olur. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir münasibəti olmamışdır. Təqsirləndirilən şəxs 21.12.2021-ci il tarixdə mağazaya gəlib 5,25 qram çəkisi olan bir ədəd 585 əyarlı qızıl qolbağı satmaq istədiyini demiş, həmin qolbağın ailəsinə məxsus olduğunu bildirmiş və qolbağı ona 210 manata satmışdır. Həmin vaxt o, akt tərtib etmiş, qeydiyyat aparmış, aktı Təqsirləndirilən şəxs özü də imzalamış, həmçinin onun telefon nömrəsini və şəxsiyyət vəsiqəsinin surətini akta əlavə etmişdir. Bir müddət sonra Təqsirləndirilən şəxs polis əməkdaşları ilə ona məxsus mağazaya gəlib ona satdığı qızıl əşyasını oğurluq yolu ilə əldə etdiyini bildirdikdə bu barədə məlumatı olmuşdur. İş materiallarına əlavə edilmiş “Baxış keçirilməsi” haqqında 22.11.2021-ci il tarixli protokol və qeyd edilən protokola əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Zərərçəkmiş şəxs1 yaşadığı Oğuz şəhəri “Gənclik” massivi ərazisində yerləşən fərdi yaşayış evinin həyətinə, hamamın pəncərəsindən evin içərisinə Təqsirləndirilən şəxs daxil olduğu yeri, evdə pul və qızıl zinət əşyalarının saxlanıldığı yeri əyani şəkildə göstərmişdir. İş materiallarına əlavə edilmiş “Təqsirini boynuna almaqla könüllü gəlmə” haqqında 25.12.2021-ci il tarixli protokol və qeyd edilən protokola əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs həmin tarixdə Oğuz rayon Polis Şöbəsinə gələrək Zərərçəkmiş şəxs1 yaşadığı, Oğuz şəhəri “Gənclik” massivi ərazisində yerləşən fərdi yaşayış evinə qanunsuz daxil olmaqla həmin evdən pul və qızıl zinət əşyalarını oğurladığını etiraf etmişdir. İş materiallarına əlavə edilmiş “İfadənin yerində yoxlanılması haqqında” 26.12.2021-ci il tarixli protokol və həmin protokola əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərin yaşadığı, Oğuz şəhəri “Gənclik” massivi ərazisində yerləşən fərdi yaşayış evinə qanunsuz daxil olmaqla həmin evdən pul və qızıl zinət əşyalarını oğurladığı yerləri əyani şəkildə göstərmişdir. İş materiallarına əlavə edilmiş “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 03.01.2022-ci il və 04.01.202-ci il tarixli protokollar, həmin protokollara əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 yaşadığı, Oğuz şəhəri “Gənclik” massivi ərazisində yerləşən fərdi yaşayış evindən oğurladığı qızıl zinət əşyalarını Bakı şəhərində satdığı yerləri əyani şəkildə göstərmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 04.12.2021-ci il tarixli 011-11406-1221 nömrəli məktubundan və məktuba əlavə edilmiş foto cədvəldən görünür ki, 21.11.2021-ci il tarixdə Oğuz şəhəri “Gənclik” massivi ərazisində yaşayan Zərərçəkmiş şəxs1 evində baş vermiş oğurluq faktı ilə əlaqədar müqayisəli tədqiqatın aparılması üçün Təqsirləndirilən şəxs əlbarmaq və ovuc əksləri 02.12.2021-ci il tarixdə Kriminalistik Tədqiqatlar İdarəsinə daxil olmuş, tədqiqata təqdim edilmiş əl izləri ilə DİN-in Kriminalistik Tədqiqatlar İdarəsinin ADİS-nin məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmiş, müqayisəli tədqiqat nəticəsində əl izlərindən 1 (bir) ədədinin (ADİS-nin məlumat bankına Oğuz raon Polis Şöbəsindən daxil olan) Təqsirləndirilən şəxs sol əlinin ovucunun əksi ilə eyniliyi müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının 24.02.2022-ci il tarixli 9/444 nömrəli rəyində qeyd edilmişdir ki, 1 dəst 585 əyarlı, ortasında “məscid” əksi olan aypara formasında klon ilə birlikdə “kardinal” adlandırılan 14 qram çəkidə qızıl boyunbağı və qolbağı dəstinin (klonun çəkisi 1,5 qram, boyunbağının çəkisi 7,5 qram, qolbağının çəkisi 5 qram) qiyməti 1120 manat, 1 cüt 585 əyarlı, qaşsız sadə formalı 2 qram çəkidə qızıl sırğanın qiyməti 160 manat olmaqla həmin 2 adda qızıl-zinət əşyalarının 2021-ci ilin noyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri, təxminən, 1280 manat müəyyən edilmiş, digər 8 adda qızıl-zinət əşyalarının üzərindəki qaşların istehsal yeri, keyfiyyəti, növü, ölçüləri, təmizliyi və sair barədə məlumat olmadığından qiymətləndirilmə aparılmamışdır. (Aparılmış ekspertiza tədqiqatının dəyəri 50,00 manat təşkil edir). İş materiallarına əlavə edilmiş, zərərçəkmiş şəxslər tərəfindən ibtidai istintaq zamanı verilmiş 30.12.2021-ci il və 29.03.2022-ci il tarixli ərizələrdən, həmçinin, məhkəmə istintaqı zamanı verilmiş 10.05.2022-ci il tarixli ərizədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs oğurladığı əmlakların dəyərini və pulu sonradan zərərçəkmiş şəxslərə ödəməklə onlara dəymiş maddi ziyanı tam şəkildə aradan qaldırmışdır. Zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələbləri yoxdur. İş materiallarına əlavə edilmiş Oğuz rayon X9 Qrupunun müstəntiqi Ələkbər Əsgərovun 29.03.2022-ci il tarixli sübutların qiymətləndirilməsi barədə qərarından müəyyən edilir ki, Şahid1, Şahid2, Şahid3, X10, Şahid5 və X2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 194.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. Hadisə yerinin müayinəsi zamanı götürülmüş və 1 (bir) ədəd zərfdə qablaşdırılmış əl barmaq izləri, həmçinin, Təqsirləndirilən şəxs götürülmüş və 1 (bir) ədəd zərfdə qablaşdırılmış əl-barmaq izləri maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə 25.12.2021-ci il tarixli qərardan və həmin tarixli protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs Oğuz rayon Polis Şöbəsində 25.12.2021-ci il tarixdə saat 16:40-da cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Oğuz rayon X9 Qrupunun müstəntiqi Ələkbər Əsgərovun 27.12.2021-ci il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs 27.12.2021-ci il tarixdə saat 10:25-də şübhəli şəxs qismində tutulmadan azad edilməklə onun barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş 01.02.2022-ci il tarixli tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş “Oğuz rayon Mərkəzi Xəstəxanası” X12 tərəfindən verilmiş 27.01.2022-ci il tarixli 71 nömrəli sorğuya cavab məktubundan müəyyən edilir ki, Təqsirləndirilən şəxs Oğuz rayon Mərkəzi Xəstəxanasının “Ruhi-əsəb” və “Narkoloji” kabinetlərində qeydiyyatda deyildir. İş materiallarına əlavə edilmiş Silahlı Qüvvələrin Baş X1 Bölməsi tərəfindən verilmiş 335 nömrəli xəstəlik tarixinə dair epikrizinin və çıxarışın ümumi məzmunundan müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar hərbi əməliyyatlar zamanı 25.10.2020-ci il tarixdə sol göz almasını dəlib keçən qəlpə yaralanması nəticəsində yaranmış üçüncü dərəcə gözdən əlildir. İş materiallarına əlavə edilmiş Oğuz rayon İcra Hakimiyyəti başçısının Qumlaq kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 31.01.2022-ci il tarixli 10-25/58 nömrəli arayışdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə həmin Nümayəndəliyin ərazisində yaşayır, onun ailəsi anası və bacısından ibarətdir, bacısı X3 ikinci dərəcəli əlildir. İş materiallarına əlavə edilmiş Oğuz rayon İcra Hakimiyyəti başçısının Qumlaq kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 31.01.2022-ci il tarixli xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində yaşadığı ərazi üzrə müsbət xarakterizə olunur. Onun barəsində yaşadığı ərazi üzrə İcra Nümayəndəliyinə yazılı və ya şifahi şikayət daxil olmamışdır. Eyni zamanda, Təqsirləndirilən şəxs İkinci Qarabağ müharibəsində iştirak etmiş və döyüşlərdə yaralanmışdır, hazırda üçüncü dərəcəli əlildir. İş materiallarına əlavə edilmiş İ-2888 nömrəli vəsiqənin surətindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir və o həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən təqsirləndirilən şəxsin törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olubolmamasını, o cümlədən ona təyin ediləcək cəzanın islah olunmasına və həyat şəraitinə təsiri imkanlarını nəzərə alır. Təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna alması, cinayətin açılmasına, cinayət nəticəsində əldə edilmiş əmlakların axtarışına və tapılmasına fəal kömək etməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə əsasən, cinayət nəticəsində zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanın könüllü olaraq aradan qaldırılması Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs digər şəxslərə məxsus əmlakları gizli olaraq talasa da, onun törətdiyi cinayət əməlini könüllü olaraq etiraf etdiyini və həmin əmələ görə səmimi peşmançılıq hissləri keçirdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini, özü və cəmiyyət üçün zərərli təsirlərini, bu əmələ görə məsuliyyətini başa düşmüş və öz əməlinə tənqidi yanaşmaqla artıq islah olunmağa başlamışdır. Həmin əsaslara görə məhkəmə Təqsirləndirilən şəxs səmimi peşman olmasını da cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda, məhkəmə Təqsirləndirilən şəxs İkinci Qarabağ müharibəsi iştirakçısı və qazisi olmaqla, Azərbaycanın ərazi bütövlüyü və torpaqların işğaldan azad olunması uğrunda gedən döyüşlərdə fəal iştirak edərək rəşadət göstərməsini, həmin döyüşlərdə yaralanmasını, səhhətinin hazırki vəziyyətini, müharibə iştirakçısı və qazisi olmasına görə dövlət tərəfindən təltif olunmasını onun şəxsiyyətini səciyyələndirən və xarakterizə edən hallar kimi nəzərə alaraq Təqsirləndirilən şəxs İkinci Qarabağ müharibəsi iştirakçısı və qazisi olmasını da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət örətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə cinayət və cinayət-prosessual qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərinə əsasən Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətmiş olduğu cinayət əməlində cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halların olmamasını, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini könüllü etiraf etməsini, törədilmiş cinayət əməli nəticəsində vurulmuş maddi zərərin miqdarını, həmin zərərin də ödənildiyini, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsdən şikayət və tələbinin olmamasını, o cümlədən, təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın islah olunmasına təsiri imkanlarını nəzərə alaraq təqsirləndirilən şəxsə törətdiyi cinayət əməlinə görə nəzərdə tutulmuş cəzalardan az ciddi cəza növü hesab olunan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini, həmin cəzanın 1 (bir) il müddətinə müəyyən edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs 25.12.2021-ci il tarixdə saat 16:40-dan 27.12.2021-ci il tarixdə saat 10:25-dək şübhəli şəxs qismində saxlanıldığı müddət 2 gün kimi nəzərə alınaraq həmin müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. İş üzrə maddi sübut - hadisə yerinin müayinəsi zamanı götürülmüş və 1 (bir) ədəd zərfdə qablaşdırılmış əl barmaq izləri, həmçinin, Təqsirləndirilən şəxs götürülmüş və 1 (bir) ədəd zərfdə qablaşdırılmış əl-barmaq izləri cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 50,00 manat ekspertiza xərci hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia tələbi və digər məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 25.12.2021-ci il tarixdə saat 16:40-dan 27.12.2021-ci il tarixdə saat 10:25-dək şübhəli şəxs qismində saxlanıldığı müddət 2 (iki) gün kimi nəzərə alınaraq həmin müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla 4 (dörd) gün müddət ona təyin edilmiş 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın çəkilməsinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı Oğuz rayonu ərazisini, eləcə də saat 21:00-dan saat 07:00-dək olan müddət ərzində daimi yaşayış yeri olan Oğuz rayonu Şirvanlı kəndində yerləşən evin ərazi hüdudlarını tərk etməmək məhdudiyyəti qoyulsun. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Hökmün icrasına nəzarəti Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə maddi sübut - hadisə yerinin müayinəsi zamanı götürülmüş və 1 (bir) ədəd zərfdə qablaşdırılmış əl barmaq izləri, həmçinin, Təqsirləndirilən şəxs götürülmüş və 1 (bir) ədəd zərfdə qablaşdırılmış əl-barmaq izləri cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 50,00 manat ekspertiza xərci hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İş üzrə mülki iddia tələbi və digər məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Hakim : Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar